Neyrosirkulyator distoniya

    Neyrosirkulyator distoniyia (NSD) – funksional xəstəliklərə aid olub, özünü  ürək-damar, respirator və vegetativ pozuntular: asteniya, stress və fiziki işlərə dözümsüzlük şəklində büruzə verir. Bu xəstəliyi başqa cür vegetativ-damar distoniyası (VDD) də adlandırırlar. Xəstəlik dalğavari  gedişlə, kəskinləşmə və remissiya dövrləri  ilə xarakterizə olunur. NSD zamanı  durğunluq ürək çatışmazliğı  və həyat  üçün təhlükə yaradan aritmiyalar inkişaf etmədiyi  üçün, bu xəstəlik əlverişli proqnoza malikdir.

NSD-nin yayılma tezliyi barədə məlumatlar ziddiyyətlidir. Tibbi təcrübədə ürək-damar sistemindən şikayət bildirən şəxslərin 1/3-də müayinə zamanı  NSD  aşkar edilir. Gənc qadınlar daha çox bu xəstəliyə tutulurlar.

 

Etiologiya və patogenez

Xəstəliyin yaranmasına səbəb olan amillər arasında irsi-konstitusional xüsusiyyətlər, fərdi xüsusiyyətlər, hormonal dəyişikliklər (disovarial pozuntular, abort, hamiləlik, menopauza), həyat  tərzi  və s.  mühüm yer tutur. Xəstəliyə səbəb olan amillər: psixogen (psixo-emosional stress, əlverişsiz sosial-iqtisadi şərait); fiziki və kimyəvi təsirlər (insolyasiya, isti  iqlim, vibrasiya); xroniki  intoksikasiyalar, o cümlədən alkoqol və tütündən istifadə; yuxarı  tənəffüs yollarının və burun-udlağın  infeksiyaları; hipodinamiya; zehni  və fiziki  yorğunluq hesab edilir.

Bu amillərin qarşılıqlı əlaqəsi neyrohumoral-metabolik tənzimləmənin pozulmasına gətirib çıxarır. Prosesin daxilində aparıcı  bənd, çox güman ki, inteqrativ bir rol oynayan hipotalamik strukturların zədələnməsidir. Tənzimləmənin pozulması  simpatoadrenal və xolinergik sistemlərin disfunksiyası  və periferik reseptorların həssaslığının dəyişilməsi şəklində özünü göstərir ki, bu zaman katexolaminlərin adi  sintezinə hiperaktiv cavab qeyd olunur. Histamin-serotonin və kallikreinkinin sistemlərinin funksiyalarının, su-elektrolit mübadiləsinin pozulması  baş verir. Mikrosirkulyasiya prosesləri tormozlanır ki, bu da toxuma hipoksiyasına gətirib çıxarır.

Ürəyin neyrohormonal tənzimlənməsinin pozulması  qıcıqlara yanlış reaksiyalara gətirib çıxarır ki, bu da özünü  qeyri-adekvat taxikardiya, damarların tonusunun dəyişməsi (arterial təzyiqin labilliyi), ürəyin dəqiqəlik həcminin artması (qan dövranının  hiperkinetik tipi), periferik damarların spazmı  şəklində göstərir.

 

Təsnifat

V.İ. Makolkinin və S.A. Abbakumovun işçi  təsnifatı  movcuddur:

  • Etioloji formaları:

–           essensial (irsi-konstitusional);

–           psixogen (nevrotik);

–           infeksion-toksiki;

–           fiziki gərginlik ilə əlaqəli;

–           fiziki və peşəkar amillərlə əlaqəli.

 

  • Klinik sindromlar:

–           kardialgik;

–           taxikardial;

–           hipertonik;

–           hipotonik;

–           periferik damar çatışmazlıqları;

–           vegetativ krizlər;

–           respirator;

–           astenik;

–           miokardiodistrofiya.

 

  • Ağırlıq dərəcəsi:

–           yüngül;

–           orta;

–           ağır.

 

Simptomlar

Xəstəliyin təzahürü polimorfdur, simptomların çoxsaylı  variantları  mövcuddur. Bir sıra hallarda onların təzahürü  digər ürək-damar xəstəliklərinin əlamətlərinə bənzəyir ki, bu da NSD-nin diaqnostikasını çətinləşdirir.

  1. Ürək nahiyəsində ağrılar (sızıldayıcı, deşici) qeyd edilir. Onların müddəti dəyişkəndir: anidən (batıcı) tutmuş saatlarla və günlərlə davam edən monoton ağrılara qədər. Ağrılar daha çox ürək zirvəsi  nahiyəsində, az hallarda isə sol körpücükaltı  nahiyədən bir qədər aşağı  və ya parasternal nahiyədə lokalizasiya olunur. Ağrıların yerdəyişməsi  qeyd olunur. Ağrının yaranması yorğunluq, narahatlıq, havanın dəyişməsi, alkoqol qəbulu ilə bağlıdır. Qadınlarda ağrının yaranması  bəzən premenstrual dövrdə baş verir. Bəzən ağrılar taxikardiya və arterial təzyiqin artması  ilə müşayiət edilən vegetativ paroksizmlər (krizlər) zamanı  baş verə bilər ki, adətən bu zaman  narahatlıq hissi və əhvali-ruhiyyənin enməsi qeyd olunur. Tutmaşəkilli  intensiv ağrılar qorxu və daxili  narahatlıq hissi, tərləmə,  hava çatışmazlığı  kimi simptomlarla təzahür edən vegetativ pozuntularla müşayiət olunur. Yaxşı  effekt verdiyinə görə xəstələr həvəslə valerian (pişikotu) və ya yemişan tinkturası  qəbul edirlər. Nitroqliserinin qəbulu  ağrını  kəsmir.
  2. Bəzi xəstələr tezləşmiş səthi tənəffüs, nataman nəfəsalma, dərindən nəfəsalma (“ah çəkmək”) istəyi kimi şikayətlər bildirirlər. Bəzən boğazda “qəhər” hissi və ya sıxılma təsəvvürü yaranır.

Xəstənin boğuq havalı  otaqda qalması  çətinləşir, pəncərələri  açmaq tələbatı  yaranır. Bu hadisələr narahatlıq hissi, başgicəllənmə, boğulma qorxusu  ilə müşayiət olunur. Belə bir sindrom  tənəffüs və ya ürək çatışmazlığının bir təzahürü  olaraq qəbul edilə bilər.

  1. Xəstələr gərginlik və həyəcan zamanı meydana çıxan, baş və boyun damarlarının pulsasiyası ilə müşayiət olunan ürəkdöyünmənin və ürəyin işinin güclənməsi kimi hisslər keçirirlər. Bəzən bu hadisə gecə vaxtına təsadüf edir ki, bu da xəstənin oyanmasına səbəb olur. Taxikardiya həyəcan, fiziki  gərginlik, alkoqol qəbulu nəticəsində yaranır.
  2. Astenik sindrom iş qabiliyyətinin azalması, zəiflik hissi, yorğunluğun artması şəklində təzahür edir.
  3. Periferik damar pozuntuları baş ağrıları, başgicəllənmə, ətraflarda soyuqluq hissiyyatı, gözlərin önündə sayrışan nöqtələrin görünməsi ilə özünü  göstərir.
  4. Xəstələr qan təzyiqində dəyişikliklərin olması barədə şikayət bildirə bilərlər (adətən, bu azalma və ya artım 160-170 / 90-95 mm.c.süt.-dan çox olmur). Bundan əlavə, yüksək qan təzyiqi dövrləri qısa müddət davam edir.
  5. Bəzi xəstələrdə bədən temperaturunun 37,2-37,5° C -yə qədər artması, sağ və sol qoltuqaltı nahiyələrdə temperatur fərqləri, ətrafların dərisində hərarətin azalması (“buzlu əllər”) qeyd edilir.
  6. Huşitirmə. Bu sindrom yeniyetməlik dövrü üçün xarakterikdir. Bu hal həm qızlar, həm də oğlanlarda eyni dərəcədə rast gəlinir. Adətən huşitirmə, insanın bədəninin fəzada mövqeyini kəskin şəkildə dəyişdikdən sonra, məsələn, oturmuş və ya uzanmış vəziyyətdən ayağa qalxdıqda baş verir. Bu vəziyyətə ortostatik hipotenziya deyilir. Bu hal onunla izah edilir ki, insan fəzada vəziyyətini dəyişərkən damarlar vasitəsilə qan axını, xüsusilə də ayaqlarda yavaş sürətlə paylanır. Buna görə qan təzyiqi kəskin şəkildə azalır və xəstə qısa müddət ərzində huşunu itirir. Bundan əlavə, belə bir hal güclü emosiyalar zamanı, məsələn, insan qorxduqda müşahidə olunur.
  7. Vegetativ krizlər (böhranlar) – axşam və ya gecə baş verən orqanizmin paroksizmal hallarıdır. Simpatoadrenal təzahürlər baş ağrısı, ürək nahiyəsində narahatlıq, əllərin və ya bütün bədənin titrəməsi, qorxu, həyəcanla xarakterizə olunur; bol sidik ifrazı, yorğunluq və üzülmə hissləri ilə bitir. Vaqoinsulyar təzahürlərə aclıq, qarın ağrısı, qaz ifrazının artması, diareya, ürək yığılmalarının azalması aid olunur. Bu cür hallar adətən, gecə vaxtları  meydana çıxır, 20-30  dəqiqədən 2-3  saata qədər davam edir və bir çox hallarda çoxlu sidik və ya duru nəcis ifrazı  ilə başa çatır. Bu hallar adətən öz-özünə keçir və ya dərman qəbulu vasitəsi ilə (sedativlər, β-blokatorlar) dayandırılır. Vaxt keçdikcə simptomların şiddəti enməyə başlayır, böhranların sayı  azalır  və tamamilə yox ola bilir.

Xəstəliyin gedişinin ağırlığı  müxtəlif parametrlərin müştərəkliyi: taxikardiyanın və vegetativ-damar krizlərinin tezliyi, ağrı  sindromu, fiziki  yüklərə tolerantlıq və s. ilə müəyyən edilir.

 

Diaqnoz

Artıq anamnezin toplanması zamanı  vegetativ pozuntulara və psixosomatik patologiyalara dair irsi meyllilik aşkar edilir. Bu zaman vaqotoniyalı xəstələrin ailə üzvlərində bronxial astma, mədə xorası, neyrodermit; simpatikotoniya zamanı  isə arterial hipertoniya, ürəyin işemik xəstəliyi, hipertireoz, şəkərli diabet aşkar edilir. NSD-li uşaqların anamnezində tez-tez perinatal dövrün problemlərlə müşayiət olunması, residiv  verən kəskin və xroniki ocaqlı  infeksiyalar, birləşdirici  toxumanın displaziyası  əlamətləri aşkar edilir.

Xəstənin müayinəsi  zamanı  onda ürək-damar və vegetativ çatışmazlıqların bir çox əlamətləri aşkar edilir, lakin onlar çox spesifik olmur. Bəzi xəstələr hipertireozlu şəxsləri (gözlərin parlaması, həyəcan, tremor) xatırladırlar, digərləri  isə əksinə, qəmgin, adinamik, sönük baxışlı olurlar. Ovucların, ayaqların, qoltuqaltı  nahiyələrin güclü  tərləməsi  də tez-tez rast gəlinir. İlkin müayinə zamanı  sifətin, dərinin, sinənin hiperemiyası; asan yaranan dermoqrafizm; hətta əsəb mənşəli  „övrə“ aşkar edilir. Tez-tez motivasiya olunmamış və çox canlı  bir „bəbəklərin oynaması“ halına təsadüf edilir. Damar sisteminin yüksək reaktivliyini davamlı  dermoqrafizm təsdiq edir. Ətraflar soyuq, bəzən solğun, sianotikdir. Tezləşmiş, səthi  tənəffüs qeyd edilir, xəstələr əsasən ağızla nəfəs alırlar ki, bu da tez-tez yuxarı  tənəffüs yollarının selikli qişasının qurumasına gətirib çıxarır. Bir çox xəstələr güclənmiş nəfəsvermə aktını  icra edə bilmirlər. Xəstələrin bir hissəsində qan dövranının hiperkinetik vəziyyətinin təzahürü  olaraq karotid arteriyaların güclənmiş pulsasiyası  qeyd olunur.

Kəskin xəstəlik dövründə, təxminən  50%  hallarda, prekordial nahiyədə palpasiya zamanı  orta  körpücük  xətti  boyunca, xüsusilə III-IV  qabırğaarası  və sol parasternal nahiyələrdə qabırğaarası  əzələlərin ağrılı  olması  qeyd edilir. Ürəyin auskultasiyası  zamanı  tez-tez döş sümüyünün  sol sərhəddində və ürək əsasında sistolada əlavə ton (başlanğıcda – qovulma tonu, sonunda – sistolik şıqqıltı) eşidilir.

Ən çox yayılmış auskultativ əlamət – sistolik küydür (təqribən 70%  hallarda). Bu küy  kifayət qədər tipikdir: müaliyim və ya zəif ifadə olub, ürəyin zirvəsindən tutmuş əsasına qədər geniş bir sahədə eşidilə bilir (döş sümüyünün sol kənarında  III-IV  qabırğaarası  nahiyədə maksimum səslənmə qeyd edilir).

NSD  olan şəxslərdə nəbzin xüsusiyyəti  onun labilliyidir: yüngül emosional və fiziki  gərginlik zamanı  taxikardiya yaranır. Bir çox hallarda taxikardiya ortostatik test və ya tənəffüsün güclənməsi  zamanı  meydana çıxır. Bir çox xəstələrdə klino-  və ortostazda nəbz nisbətinin fərqi başlanğıc rəqəmin  100-200%-ni  təşkil edə bilər. NSD  olan şəxslərdə nəbz sayı  dəqiqədə 120-130  vurğuya çatır. Supraventrikulyar taxikardiya və qulaqcıqların səyriməsi  paroksizmləri epizodları  nadir hallarda rast gəlinir.

Arterial təzyiq labilidir, buna görə də onun bir dəfə  ölçülməsinin nəticələrinə etibar etmək lazım deyil. Tez-tez ilk  ölçmədə AT  normanın yuxarı  həddini aşır, amma 2-3 dəqiqə ərzində təzyiq normallaşır. Arterial  təzyiqin sağ və sol ətraflarda asimmetriyası  müəyyən edilə bilər. Qarnın  palpasiyasının  1/3  hallarında epiqastral və ya göbəkətrafı  nahiyələrdə kəskin olmayan və yayılmamış ağrı  hissi müşahidə olunur.

Xəstənin vegetativ sinir sisteminin vəziyyətini subyektiv şikayətlərin və obyektiv parametrlərin analizinə, EKQ  və digər instrumental müayinə metodlarının göstəricilərinə əsasən qiymətləndirirlər. Vegetativ reaktivliyin göstəriciləri (klinoortostatik, farmakoloji  və digər  sınaqların nəticələri) hər bir konkret halda vegetativ reaksiyaların xüsusiyyətlərini daha dəqiq qiymətləndirməyə imkan verir. EKQ müayinəsi zamanı  ürək ritminin və keçiriciliyinin pozulmasının, ST seqmentində dəyişikliklərin aşkar edilməsi hallarında zəruri  farmakoloji sınaqlar, EKQ-nin Holter monitorinqi həyata keçirilir.

NSD-nin diaqnostikasında mərkəzi  sinir sisteminin funksional vəziyyətini  qiymətləndirməyə; serebral  və  periferik damarların dəyişikliklərini, kəllədaxili hipertenziyanı  müəyyən etmək  üçün  EEQ, ExoEQ, REQ, reovazoqrafiya  kimi müayinə  üsullarına mühüm rol  ayrılır.

NSD-nin diaqnostikası zamanı  terapevt və nevropatoloqdan əlavə, LOR həkiminin, oftalmoloqun, endokrinoloqun, bəzi  hallarda isə psixiatrın konsultasiyalarına ehtiyac olur.

NSD-nin diaqnostikasında onun etioloji  amilinin aşkara çıxarılmasına xüsusi  diqqət ayırmaq lazımdır ki, bu da məqsədyönlü  müalicənin təyin edilməsi üçün olduqca vacibdir.

 

Diferensial diaqnostika

Diferensial diaqnostika NSD  simptomlarına oxşar əlamətləri olan xəstəlikləri inkar etməyə imkan verir.

  • Ürəkdə obyektiv dəyişikliklərlə (xüsusilə sistolik küy) müşayiət olunan kardial şikayətlər olduğu zaman kifayət qədər oxşar diaqnostik meyarları  olan revmatizm istisna edilmə Bu zaman vegetativ pozuntuların tez-tez birləşdirici toxumanın displaziyası  əlamətləri ilə birləşməsini də nəzərə almaq lazımdır ki, müştərək şəkildə onların  klinik təzahürləri yalnız revmokarditi deyil, həm də anadangəlmə  ürək qüsurlarını, qeyri-revmatik karditi  xatırladır.
  • Arterial təzyiqin yüksəldiyi zaman essensial və simptomatik hipertoniyanı inkar etməyə yönəlmiş diaqnostik axtarış aparmaq lazımdır.
  • Bəzi hallarda, NSD-li  uşaqlarda vegetativ böhran reaksiyaları  nəticəsində yaranan tənəffüs pozuntuları (təngnəfəslik, xüsusilə də boğulma tutmaları), bronxial astma ilə fərqləndirilmə
  • Qızdırmalı reaksiyalar zamanı  kəskin  infeksion xəstəlikləri, sepsisi, bakterial endokarditi və onkoloji  patologiyanı istisna etmək lazımdır.
  • Huşitirmələr zamanı onu digər oxşar xəstəliklərdən, ilk növbədə epilepsiyadan ayırd etmək lazımdır.
  • Kəskin ifadə olunmuş psixovegetativ simptomatika zamanı ruhi  xəstəliklər   istisna edilmə

 

Müalicə

  1. Etioloji müalicə.

Stressli halların təsirini aradan qaldırmaq (ailə münasibətlərini normallaşdırmaq, işdə münaqişəli vəziyyətləri  həll etmək) lazımdır. Toksiki-infeksion formalı  NSD-nin müalicəsində mühüm rol ağız boşluğunun sanasiyası, xroniki  infeksiya ocaqlarının müalicəsi, tonzillektomiyanın vaxtında icra edilməsinə məxsusdur. Fiziki  və peşə amilləri səbəbindən yaranan  NSD  zamanı  professional zərərlərin aradan qaldırılmağı, bəzi  hallarda – rasional əmək fəaliyyəti  ilə məşğulluq məsləhətdir.

  1. Rasional psixoterapiya, autotreninq.

Çox vaxt dərman müalicəsindən daha effektiv ola bilər. Həkim xəstəyə xəstəliyin mahiyyətini izah etməli; onun xoşxassəli gedişini, əlverişli proqnozunu və sağalma ehtimalını  vurğulamalıdır. Bəzi  hallarda xəstəliyin mahiyyəti və müalicəsinin mümkünlüyü  barədə maarifləndirmək məqsədilə onun yaxınlarının iştirakı  ilə psixoterapiya aparmaq məsləhətdir. Xəstəyə bu xəstəliyin xoşagəlməz subyektiv təzahürlərini  azaltmağa  imkan verən özünətəlqin formullarını öyrətmək lazımdır. Özünətəlqin autotreninq və miorelaksasiya ilə birgə aparılmalıdır.

  1. Beynin limbik zonasının, hipotalamusun və daxili orqanların pozulmuş funksional əlaqələrinin normallaşdırılması.

3.1.  Sedativlərin istifadəsi.

Valerian (Pişikotu) və yemişan bitkiləri  yalnız sedativ bir təsirə malik deyil, onların  həm də “kötük” effekti var, yəni  hipotalamusun və beyin kötüyünün funksiyasını  normallaşdırır. Pişikotu kökü  və ya yemişan bitkisini dəmləmə şəklində (200 ml suya 10 q əlavə edilir)  1/4 stəkan, gündə 3 dəfə və gecə yatmazdan əvvəl, 3-4  həftə ərzində qəbul etmək lazımdır.

3.2. Trankvilizatorlarla müalicə.

Trankvilizatorlar anksiolitik xüsusiyyətlərə malikdir, qorxu hissini, narahatlığı, emosional gərginliyi azaldır. Elenium gündə 2-3 dəfə 0,005-0,01 q  dozasında təyin edilir. Diazepam (Seduksen, Relanium) –  2,5-5 mq  dozasında, gündə  2-3 dəfə təyin edilir. Yüksək ifadə olunmuş qorxu sindromu zamanı  birdəfəlik doza 10 mq-a qədər artırıla bilər. Preparat simpatoadrenal krizlərin yaranma tezliyini azaldır. Fenazepam – yüksək aktivliyə malik sakitləşdirici preparatdır, gündə 2-3 dəfə  0,5  mq qəbul edilməsi  məsləhət görülür. Oksazepam (Nozepam, Tazepam) – gündə 2-3 dəfə  0,01 q dozasında qəbul edilir. Medazepam (Mezapam, Rudotel) – gündə 2-3 dəfə  0,01 q dozasında qəbul edilir. Tofizopam (Qrandaksin) –  gündüz qəbul edilən trankvilizator –  gündə 2-3 dəfə 0,05-0,1 q  dozasında tətbiq edilir.     Trankvilizatorlar  2-3 həftə ərzində qəbul edilir və  xüsusilə stressli  vəziyyətlərdən əvvəl tətbiq olunması  məsləhət görülür. Son  illərdə Afobazol (resepstsiz satılan, gündüz  təyin olunan və yuxu gətirməyən trankvilizator) və Tenoten (homeopatik preparat olub, tərkibində  C-100  beyin zülalına  anticisimlərin mikrodozaları  vardır) kimi  preparatlar tətbiq edilməyə başlanıb. Afobazol – 10 mq dozasında tabletləri, gündə 3 dəfə təyin edilir. Müalicə müddəti 2-4 həftədir. Tenoten – hər dəfə 1-2 tablet olmaqla, gündə 3 dəfə dil altına təyin edilir. Müalicə müddəti  1-3 aydır.

3.3.  Kombinə olunmuş  “Belloid” və “Bellaspon”  preparatları.

Adrenergik və xolinergik strukturların qıcıqlanmasını  azaldır, beynin hipotalamik zonasına sakitləşdirici  təsir göstərir. Onlar  vegetativ sinir sisteminin funksiyasını  normallaşdıran  bir növ  “vegetativ tənzimləyicilər” rolunu oynayır. Belloid – 1 tabletin tərkibində – 30 mq Butobarbital,   0,1 mq Belladonnanın alkaloidləri,  0,3 mq Erqotoksin vardır. Gündə 3 dəfə 1-2 tablet dozasında təyin edilir. Bellaspon (Bellataminal) – 1 tabletin tərkibində – Fenobarbital  20 mq , Erqotamin  0,3 mq,  Belladonna alkaloidləri 0,1 mq  olur. Gündə 2-3 dəfə, 1  tablet təyin edilir.

3.4. Antidepressantlar.

Onlar əsasən depressiyalar zamanı  tətbiq olunur. Tez-tez  „maskalanmış“  depressiyalara təsadüf olunur ki, bu zaman onlar  özünü  müxtəlif somato-nevroloji  əlamətlər şəklində təzahür etdirmiş olur. Belə maskalanmış (birincili) depressiyaları  NSD-lərdə rast gəlinən  ikincili depressiyalardan fərqləndirməq lazımdır. Antidepressantların tətbiqi  differensiasiya olunmuş şəkildə aparılmalıdır. Həyəcanlı, qarışıq depressiya vəziyyətlərində Amitriptilin (Triptisol) sutkada  50-75 mq  dozasında; astenik depressiya vəziyyətlərində İmipramin (İmizin, Melipramin), sutkada 50-100 mq  dozasında tətbiq olunur. Yüngül  depressiya hallarında, sutkada  0,075-0,125 q  dozasında Azafen təyin etmək olar. Daha müasir antidepressantlardan Sitalopram (Sipramil), Fluoksetin (Prozak), Paroksetin (Reksetin), Pirlindol (Pirazidol) göstərilə bilər. Antidepressantların dozalarını  „titrləmək“ – birdəfəlik qəbul dozasını  1/2  tabletdən başlayaraq tədricən artırmaq və optimal doza həddinə qədər çatdırmaq lazımdır. Müalicə təxminən 4-6 həftə davam edir. Depressiya azaldıqca, antidepressantların dozaları  da azaldılır. Yüksək ifadə olunmuş hipoxondriya hallarında sutkada  20-40 mq  Teralen və  sutkada 30-50 mq  dozalarında Sonapaks kimi “yumşaq” təsirli neyroleptiklər də təyin edilir.

3.5.  Nootrop  preparatlar.

Yaddaşı  gücləndirir, hipoksiyaya müqaviməti  artırır, intellektual funksiyaları  aktivləşdirir, energetik prosesləri  və beynin qan təchizatını  yaxşılaşdırır ki, bu da zehni  fəaliyyət ilə məşğul olan  NSD-li  xəstələr üçün xüsusən vacibdir. Adinamiya, asteniya, hipoxondrik pozuntuların əlamətləri  olduqda onların istifadəsi məsləhət görülür. Antidepressantlara qarşı rezistent olan depressiv halların müalicəsində köməkçi  vasitə kimi  istifadə edilə bilər. Pirasetam (Nootropil) – 4-8 həftə ərzində gündə 3  dəfə  0,4 q  dozasında kapsul və ya tablet formasında istifadə olunur. Lazım gələrsə, doza gündə  3 dəfə 0,8 q-dək artırıla bilər. Daha müasir və güclü preparatlar Fenotropil, Pantokalsindir. Fenotropil, 100 mq dozasında tabletləri, 4-6 həftə ərzində, gündə 1 dəfə istifadə olunur. Pantokalsin (Pantoqam) – 250 mq dozasında tabletləri, gündə 3 dəfə təyin olunur. Müalicə müddəti fərdi olaraq təyin olunur. Pikamilon, 50 mq dozasında tabletləri, gündə 2 dəfə, 1-2  ay müddətinə təyin olunur. Pikamilon yumşaq təsir göstərir və xəstələr tərəfindən yaxşı  qəbul olunur.

3.6.  Serebroangiokorrektorlar.

Onlar beyin qan dövranını  normallaşdırır ki, bu da beynin limbik zonasının və hipotalamusun funksional vəziyyətinə müsbət təsir göstərir. Bu preparatlar angiodistonik baş ağrılarında, başgicəllənmələrdə, servikal osteoxondrozlarda xüsusilə faydalıdır.

Kavinton (Vinposetin), 1-2 ay ərzində, gündə 3 dəfə,  5 mq  dozasında, 1-2 tablet;

Stugeron (Sinnarizin), 1-2 ay ərzində, gündə  3 dəfə, 25 mq  dozasında 1-2 tablet;

İnstenon forte – 1 tabletdən gündə 2 dəfə, ən az 1 ay  qəbul  olunur.

  1. Simpatoadrenal sistemin güclənmiş  fəaliyyətinin  zəiflədilməsi.

Simpatoadrenal sistemin tonusunun normallaşdırılması  simpatikotoniya ilə xarakterizə olunan NSD-nin hipertenziv formasının patogenetik müalicə metodudur. Bu məqsədlə β-blokatorlardan  istifadə olunur.

Ən çox istifadə olunan Propranololdur (Anaprilin, İnderal, Obzidan). Gündəlik  40-120 mq dozada tətbiq edilir. β-blokatorlarla müalicə kursu  2 həftədən 5-6 aya qədərdir, orta hesabla  1-2 ay davam edir. Terapevtik effekt əldə etdikdən sonra, doza 2 və ya 3 dəfə azaldılır. Xəstənin vəziyyətinin yaxşılaşması  dövründə β-blokatorların verilməsi ləğv edilə bilər.

Fitoterapiya

Fitoterapiya hipotalamo-visseral əlaqələrin, ürək-damar  sisteminin fəaliyyətinin, yuxunun normallaşmasına kömək edir. Aşağıdakı  bitki topluları  tövsiyə olunur:

Toplu  № 1: Çobanyastığı (gülü) 10 q,  İnciçiçəyi (gülü) 10 q,  Şüyüd (meyvəsi) 20 q, İstiot cövhəri (yarpaqları) 30 q, Pişikotu (kökləri) 40 q.  2  xörək qaşığı  doğranmış qarışığın üzərinə  1 stəkan su  tökmək, 3 saat suda saxlamaq, qaynatmaq, soyutmaq, süzmək. Gündə 5 dəfə  40 ml (2,5  xörək qaşığı) qəbul etməli.

Toplu  № 2: Yemişan (bitkisi) 20 q, Pişikotu (kökü) 20 q, Həmişəbahar (gülü) 20 q, Kimyon (meyvəsi) 20 q, Şüyüd (toxumu) 20 q. 1 çay qaşığı  topluya 1 stəkan qaynar su əlavə etməli, suda saxlamalı, süzməli. Gündə  4-5 dəfə 1 xörək qaşığı  qəbul etməli.

Toplu  № 3:  Yemişan (gülü) 20 q,  Zanbaq (gülü) 10 q, Mayaotu (qozaları) 10 q, Nanə (yarpaqları) 15 q, Şüyüd (meyvəsi) 15 q,  Pişikotu (kökləri) 20 q. 1 cay qaşığı  doğranmış qarışığın üzərinə 1 fincan soyuq qaynadılmış su tökün, 3 saat sərin bir yerdə suda saxlayın, sonra bişirin, soyudun və süzün. Yeməkdən 20  dəqiqə əvvəl gündə 4 dəfə 1/4  stakan qəbul etməli.

Fitoterapiyanın nəticəsi artıq 2-3 həftə ərzində hiss edilir, lakin sabit effekt yalnız ot dəmləməsinin uzun müddət (6-8 ay ərzində) müntəzəm qəbulu  zamanı  əldə edilir. Xəstənin özünü  yaxşı  hiss etməsi  fonunda  1-2 aydan sonra  7-10 gün müddətində fasilə vermək olar. Fasilədən sonra bitki  qarışıqlarını  dəyişdirə bilərsiniz. Hətta xəstənin vəziyyəti  qənaətbəxş olsa belə, profilaktik məqsədlə  ildə 2 dəfə (yazda və payızda), 2 ay müddətində bitki  qarışıqlarından istifadə edilməsi  tövsiyə olunur.

Sedativ təsiri  olan müasir kombinə olunmuş fitopreparat Persendir. Onun tərkibi  Pişikotu kökündən, İstiot cövhərindən və Limon cövhərindən ibarətdir.

Persen sedativ bir preparat kimi  yüksək sinir oyanıqlığı, yuxu pozuntuları, əsəbilik, daxili  gərginlik hissi zamanı  istifadə olunur. Persen 2  dərman formasında – Persen tablet və Persen-forte kapsulu şəklində istehsal olunur. Böyüklər və 12  yaşından yuxarı  yeniyetmələr 2-3  tablet və ya 1-2  kapsul qəbul etməlidirlər. Dərman gündə 2-3  dəfə qəbul edilir.

Yuxusuzluq zamanı  yatmazdan bir saat əvvəl  2-3 tablet və ya 1-2 kapsul qəbul etmək lazımdır.

3-12  yaşlı  uşaqlara, dərman yalnız həkim nəzarəti  altında və yalnız tablet şəklində təyin edilir. Doza  xəstənin bədən çəkisindən asılıdır, orta hesabla gündə 1-3 dəfə 1 tablet təyin olunur.

Hamiləlik (xüsusən I trimestrdə) və laktasiya zamanı  preparatın tətbiqinin məqsəduyğunluğu barədə qərar yalnız ana, döl  və körpə  üçün potensial riskin qiymətləndirilməsindən sonra qəbul edilməlidir.

Müalicə müddəti məhdud deyil. Tablet və ya kapsulların hətta uzun müddət istifadə edilməsi ilə əlaqədar heç bir asılılıq yaranmır.

Persenin ləğvi ilə, absistensiya sindromu  inkişaf etmir.

Preparatın tətbiqi  reaksiya sürətini azalda bilər, odur ki, diqqət tələb edən məşğuliyyətlərdən əvvəl onun qəbulu tövsiyə olunmur.

 

Fizioterapiya, balneoterapiya, masaj, akupunktur.

Mərkəzi  sinir sistemininə tənzimləyici təsir göstərmək, kardialgik sindrom və ekstrasistoliyaların təzahürlərini azaltmaq məqsədilə elektroyuxudan istifadə olunur. Sakitləşdirici təsir əldə etmək üçün onu, gündəlik 20-40  dəqiqə, 10-25 Hz tezliyində, 15 seans müddətində tətbiq edirlər. NSD-nin hipotonik növü  zamanı  elektroyuxu  3-4 seansdan bir tədricən artan  impuls tezliyi (10-40 Hz) ilə təyin edilir.

Hipertenziv sindrom zamanı  ümumi təsir və ya yaxalıq metodları  ilə aşağıda sadalanan preparatlarla elektroforez tətbiq ediılir: 5-10%-li  Natrium və ya Kalium-bromid məhlulu, 5%-li Maqnezium-sulfat məhlulu, Eufillin – 1%-li məhlulu, Papaverin – 2%-li  məhlulu, Dibazol –  1%-li məhlulu, Anaprilin (hər prosedura 40 mq).

Hipotenziya zamanı  Kofein elektroforezi  tətbiq etmək olar. Prosedur  10-20 dəqiqə müddətində,  5-7 mA  cərəyan şiddətində, günaşırı  həyata keçirilir. Müalicə kursu 15 prosedurdur.

Asteniya zamanı  Şerbakın metodu  üzrə qalvanik yaxalıq tətbiq edilir. Prosedurun müddəti  10-20 dəqiqə olub, günaşırı  keçirilir. Müalicə kursu 15-20  prosedurdan  ibarətdir.

Kardialgik sindromun yüksək ifadə olunmuş formaları  zamanı  Novokainin  5-10 %-li məhlulu və Nikotin turşusunun  0,5-1 %-li  məhlulu  ilə elektroforez tətbiq olunur. Elektroforez  ümumi  təsir və ya kardial metodlar (elektrodlar ürək və kürəkarası  nahiyələrdə yerləşdirilir) ilə həyata keçirilir.

Aritmik sindrom zamanı  Novokainin  5%-li  məhlulu, Pananginin və ya Anaprilinin 2%-li  məhlullarının kardial metodla elektroforezi  tətbiq edilir.

Kliniki  təzahürləri  kəskin ifadə olunmuş hipotalamusun disfunksiyaları  və vegetativ-damar paroksizmləri  zamanı  Relaniumun intranazal elektroforezi  tövsiyə edilə bilər. Müalicə kursu 10 prosedurdur.

NSD olan xəstələrə su prosedurları  müsbət təsir göstərir. Müxtəlif duşlar, yaxalanmalar, quru və yaş örtüklərlə bürünmələr tətbiq edilir. Davametmə müddəti  8-15 dəqiqə çəkən və temperaturu  36-37° C  olan Valerian, iynəyarpaqlı, oksigen, azot  və  mirvari  vannaları  yaxşı  sedativ  effekt göstərir. Vannalar günaşırı  təyin edilir, müalicə kursu 10-12  vannadır.

Kardial  və aritmik sindromlarda, kəskin üstünlük təşkil edən oyanıqlıq hallarında indiferent temperaturlu (35-36° C), hipotenziv sindrom zamanı  isə aşağı  temperaturlu (32-33° C) su prosedurları  tövsiyə olunur. NSD-nin hipertenziv və kardial tiplərində radon, hidrogen-sulfid, yod-brom vannaları, hipotenziv tipdə isə karbon dioksid, yod-brom vannaları  tövsiyə olunur. Bütün vannalarda suyun temperaturu 35-36° C, prosedurun davametmə müddəti  8-15 dəqiqədir. Vannalar günaşırı  tətbiq olunur, müalicə kursu 10 vannadır.

Oyanıqlıq  proseslərinin başlıca üstünlük təşkil etdiyi hallarda radon və azotlu vannalar, asteniya zamanı  isə  karbonat vannaları  daha yaxşı  effekt göstərir. Radon və yod-bromlu vannalar osteoxondroz  zamanı  çox məqsədəuyğundur. Serebral simptomların üstünlük təşkil etdiyi  hallarda yayındırıcı prosedur kimi  yerli, ayaqlar  üçün vannalar (şirin sulu, xardallı) məsləhət görülür. Vannada suyun hərarəti  40-42° C , prosedur müddəti  10-15 dəqiqədir. Eyni məqsəd üçün dabanlara parafin applikasiyaları,  20-30 dəqiqə müddətində (parafinin temperaturu 50-55° C) günaşırı  olaraq tətbiq edilir. Kurs 10 prosedurdan  ibarətdir.

Aeroionoterapiya.  NSD xəstələrinin müalicəsində geniş yayılmışdır. Fərdi (“Ovion-C”) və kollektiv (“Çijevski çilçırağı”) istifadə üçün nəzərdə tutulan aeroionizatorlar tətbiq olunur. Havanın ionlaşması  prosesində aeroionlar yaranır. Mənfi  yüklü  aeroionlar  üstünlük təşkil edir. Xəstələr cihazdan 70-100 sm məsafədə yerləşdirilirlər, seansın müddəti  20-30 dəqiqədir, bu müddət ərzində xəstə mənfi  ionlarla şüalanmış hava ilə tənəffüs edir. Müalicə kursu  12-14 seans təşkil edir. Aeroionoterapiyanın təsiri  nəticəsində baş ağrısının və zəifliyin azalması, qaz mübadiləsinin güclənməsi, oksigen  istehlakının artması, yuxusuzluğun aradan qalxması, ürək yığılmalarının sayının azalması, qan təzyiqinin enməsi (5-20 mm. c. süt.) qeyd olunur.

Masaj.  NSD  olan xəstələrə müsbət təsir göstərir. Xəstələrə ümummöhkəmləndirici  masaj məsləhətdir. Onurğanın boyun və döş şöbələrinin osteoxondrozu zamanı  bu nahiyələrin ehtiyatla masaj olunması məsləhət görülür. NSD-li  xəstələrin müalicəsində xəstənin özünün və yaxınlarının  icra edə biləcəyi  nöqtəvi  masaj çox effektiv bir  üsuldur.

İynərefleksoterapiya (Akupunktura).  Mərkəzi  və vegetativ sinir sistemlərinin funksional vəziyyətini  normallaşdırır; vegetativ-damar distoniyasını  aradan qaldırır; orqanizmin adaptasiya qabiliyyətini artırır; daxili  orqanların metabolizmini  və funksiyalarını  yaxşılaşdırır; analgezik təsiri  var, sefalgiyaları və kardialgiyaları  kəsir; qan təzyiqini  normallaşdırır. İRT (iynərefleksoterapiya) klassik üsula və ya  elektroakupunktur şəklində həyata keçirilə bilər. Əksər hallarda, nöqtələrin sayının tədricən artırılması  şəklində  İRT-nin tormozlayıcı  variantından istifadə olunur. Birinci  kursda 10 seans keçirilir, 2 həftəlik fasilədən sonra ikinci kurs və 1,5 aydan sonra  üçüncü kurs təyin edilir.

Akupunkturun köməyilə mərkəzi  sinir sisteminin funksiyalarının bərpası, emosional gərginliyin aradan qaldırılması və sedativ effekt əldə edilir. İRT-nin təsiri altında xəstələrin 65-70%-də vəziyyətin yaxşılaşması  qeyd olunur.

Adaptogenlərlə  müalicə

NSD-li  xəstələr havanın dəyişməsinə və adət etdikləri  gündəlik iş rejiminə çox həssadırlar, mənfi  psixo-emosional vəziyyətlərə pis uyğunlaşırlar. Adaptogenlər – bitki tərkibli preparatlar olub, mərkəzi  sinir sisteminə və bütövlükdə orqanizmin funksiyalarına toniki  təsir göstərir, fiziki və psixi  gərginliklərə dözümlülüyü  gücləndirir, respirator virus  infeksiyalarına rezistentliyi artırır, metabolik proseslərə və  immun sisteminə müsbət təsir göstərir:

  • Jenşen tinkturası – gündə 3 dəfə 20-25  damcı  təyin olunur; Eleuterokokk ekstraktı – gündə 3 dəfə 20-30 damcı; Cır limon tinkturası – 25-30 damcı, gündə 3 dəfə;  Araliya tinkturası – 30-40  damcı, gündə 3 dəfə; Saparal (Aralia köklərindən əldə edilən qlikozidlər – aralozidlərin toplamı) – gündə 3 dəfə 0,05 q dozasında təyin olunur.
  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ  turşuları  və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Bitki mənşəli adaptogenlərə əlavə olaraq, Pantokrin də istifadə edilir (maralın və ya zubrun buynuzundan alınmış spirtli-sulu duru ekstrakt) – 30 damcı, gündə 3 dəfə verilir; Sıpaqan (Şimal maralının cavan erkəyinin buynuzundan alınmış ekstrat) – gündə 2 dəfə 1 tablet dozasında təyin edilir.

Adaptogenlər arterial təzyiqi  artıra bilər, bu cür hallarda dərmanın dozasını azaltmaq və ya ləğv etmək lazımdır; əsəb sisteminə oyandırıcı  təsir göstərə bilər, buna görə son dərman yatmazdan bir neçə saat əvvəl qəbul edilməlidir. Adaptogenlərlə müalicə kursu təxminən 3-4 həftə davam edir, il ərzində 4-5 belə kurs keçirilə bilər. Müalicə kursunu  intensiv əqli  və fiziki iş zamanı, qeyri-sabit hava mövsümlərində (xüsusilə payız və yazda), qrip epidemiyası  ərəfəsində həyata keçirmək daha məqsədəuyğundur.

Meteohəssaslığın tənzimlənməsi

NSD-li xəstələr çox meteohəssas olurlar, əlverişsiz hava şəraitində onların vəziyyəti xeyli pisləşir. Bu xəstələrin seçilməsi  və dispanserizasiyası; əlverişsiz hava barəsində bir gün əvvəldən tutmuş bir gün sonrayadək onları  xəbərdar etmək və profilaktik tədbirlərin görülməsi; adaptogenlərin qəbulu tövsiyə edilir. Həmçinin,  3-4  həftə ərzində, gündə  1-2 dəfə, 100 mq E vitamini  qəbul etmək məsləhətdir. Xəstəni  soyuq hava şəraitinə uyğunlaşdırmaq üçün orqanizmin möhkəmləndirilməsi, həmçinin kontrast duş, ayaqların vannaya qoyulması, sərin suda çimmək, hava vannaları, sərin mövsümdə yüngül  geyinmək, soyuq vanna qəbulu (18-22° C) və ondan sonra dəsmalla intensiv qurulanma faydalı  hesab olunur.

Sanator-kurort  müalicəsi

Bu məqsədlə  istirahət, dieta, iqlim və landşaftın təsiri, mineral sular, dənizdə çimmək, balneoterapiya, fizioterapiya, terrenkurdan istifadə edilir. NSD-li xəstələr  ilin istənilən vaxtında kurorta  göndərilə bilər. Atmosfer təzyiqində kəskin dəyişikliklər olmayan mülayim  iqlimli istirahət mərkəzləri  tövsiyə olunur. Bunlara misal olaraq Latviya (Riqanın dəniz kənarı), Litva (Palanqa), Estoniya (Tartu), Leninqrad və Kaliningrad regionları, Letsı (Belarus), Krımın cənub sahili (Yalta), Soçi  kurortlarını göstərmək olar. Sanatoriya-profilaktoriyalarda və yerli  şəhərətrafı  sanatoriyalarda müalicə də effektiv hesab olunur.

 

Proqnoz

Neyrosirkulyator distoniya adətən uzunmüddətli, illər və onilliklər boyunca, nəzərəçarpan inkişaf olmadan davam edir. Həyat proqnozu adətən əlverişlidir, ölümcül sonluq müşahidə edilmir. Bundan başqa, NSD-li xəstələrin praktiki olaraq sağlam insanlardan daha uzun yaşadığı müşahidə olunmuşdur. Bu, həmin xəstələrin tez-tez həkimə müraciət etməsi və üzvi xəstəliklərin daha erkən mərhələlərdə aşkar edilməsi ilə izah oluna bilər. Bundan əlavə, vasvası  olmaları  səbəbindən, onlar müalicə və profilaktika barəsində həkimin tövsiyələrini daha dəqiq yerinə yetirirlər. Ancaq NSD-nin ağır şəkildə davam etməsi hamiləliyin və doğuşun gedişatını pisləşdirə, həmçinin dölün inkişafına mənfi  təsir göstərə bilər. Buna görə də, təxmin edilən hamiləlik ərəfəsində bu xəstəliyin kompleks şəklində intensiv müalicəsini aparmaq lazımdır. Müalicə üçün proqnoz, bir qayda olaraq, şübhə doğurur, çünki  tam sağalmanı  əldə etmək üçün  xəstəliyin bütün səbəblərini  tapmaqla yanaşı, onları  aradan qaldırmaq da vacibdir. Sonuncu isə çox vaxt demək olar ki, qeyri-mümkün olur. İnsan yaşa dolduqca, ahıllıq və xüsusilə də qocalıq dövründə, endokrin sisteminin involyusiyası  ilə yanaşı bir qayda olaraq, xəstəliyin simptomları da azalır. Ancaq bəzi xəstələrdə ÜİX (ürəyin işemik xəstəliyi) və s. xəstəliklərin fonunda  NSD-nin bu və ya digər təzahürü  uzun müddət davam edə bilər. Bu kimi  hallarda NSD-nin müvafiq korreksiyası  məqsədəuyğundur.

 

Profilaktika

Damar tonusunun tənzimlənməsinin pozulmasına görə  NSD-si  olan insanlar gündəlik həyatda əhəmiyyətli dərəcəli narahatlıq yaşaya bilərlər. Bir qədər əlvereişsiz şəraitlə üzləşdikdə xəstələrdə NSD-nin simptomları dərhal  təzahür edə bilər. Buna görə də, NSD-nin tutmalarına səbəb ola biləcək vəziyyətlərdən yayınmaq lazımdır. Bunun üçün tələb olunur:

  • gün rejiminə və  qidalanma rejiminə əməl etmək;
  • dozlaşdırılmış şəkildə idman hərəkətləri  ilə məşğul olmaq;
  • təmiz havada gəzmək;
  • havaya uyğun paltar geyinmək;
  • stressli vəziyyətlərdən yayınmaq;
  • zərərli vərdişlərdən imtina etmək;
  • sağlam yuxu rejiminə  əməl etmək (zəruri  davametmə müddəti – 8 saatdır).

Bu tövsiyələrə əməl edən şəxslərdə NSD-nin gedişinin xeyli  yüngülləşməsi  qeyd olunur.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

https://nevropatologiya.az/2021/09/09/sinir-tikl%c9%99ri-%c9%99s%c9%99b-m%c9%99ns%c9%99li-%c9%99z%c9%99l%c9%99-s%c9%99yrim%c9%99l%c9%99ri/

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 25.12.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq