Yuxu pozulmaları
Yuxusuzluq – bu və ya digər səbəblərdən insan beyninin orqanizmin istirahət etməsi üçün lazım olan vaxt müddəti qədər yata bilməməsidir. Bütün insanlar fərqli olduğundan, hər kəsin tələb etdiyi yuxunun miqdarı da fərqlidir. Yuxusuzluq sizin nə qədər tez yuxuya getməyiniz və neçə saat yatmağınızla deyil, yatdığınız yuxunun keyfiyyəti və yuxudan oyandıqdan sonra özünüzü nə dərəcədə gümrah hiss etməyinizlə xarakterizə olunur.
Yuxusuzluq xəstələr arasında ən ümumi şikayət olsa belə, bütün hallarda bu, yuxunun pozulması nəticəsində olmur. Yuxusuzluğa səbəb gün ərzində çoxlu miqdarda içilən qəhvə, keçirilən emosional gərginlik və s. ola bilər. Yaranma səbəblərinin müxtəlifliyinə baxmayaraq, yuxusuzluq əksər hallarda müalicə olunur.
Yuxu pozulmaları kifayət qədər geniş yayılmış bir problemdir. Dünyanın yaşlı əhalisinin 8-15%-i tez-tez baş verən yuxu pozulmalarından şikayət bildirir, 9-11%-i isə müxtəlif yuxugətirici preparatlardan istifadə edir. Qeyd etmək lazımdır ki, ahıl yaşlı şəxslər arasında bu göstərici daha yüksəkdir. Yuxu pozuntuları istənilən yaşda baş verir və hər yaş kateqoriyası özünəməxsus pozuntu növləri ilə xarakterizə olunur. Məsələn, gecə enurezi, yuxuda gəzmək və gecə dəhşətləri uşaqlıq dövründə rast gəlinir, patoloji yuxululuq və ya yuxusuzluq isə yaşlı insanlar üçün daha çox xarakterikdir. Elə yuxu pozuntuları da var ki (məsələn, narkolepsiya), onlar uşaqlıq dövründən başlayır və bütün həyatı boyunca həmin şəxsi müşayiət edir.
Yuxu pozulmaları 2 yerə bölünür: birincili – heç bir orqanın patologiyası ilə bağlı olmur və ikincili – digər xəstəliklərin nəticəsində yaranır. Yuxu pozuntuları mərkəzi sinir sisteminin müxtəlif xəstəlikləri və ya ruhi xəstəliklərin nəticəsində meydana gələ bilər. Bir sıra somatik xəstəliklər zamanı həmin şəxslərdə ağrı, öskürək, təngnəfəslik, stenokardiya və ya aritmiya tutmaları, qaşınma, tez-tez sidiyəgetmə və s. səbəblərlə əlaqədar olaraq, yuxu ilə bağlı problemlər yaranır. Müxtəlif mənşəli intoksikasiyalar, o cümlədən onkoloji xəstəliklər tez-tez yuxululuğa səbəb olur. Patoloji yuxululuq şəklində yuxu pozulmaları hormonal pozuntular, məsələn, hipotalamo-mezensefal nahiyəsinin patologiyası zamanı (epidemik ensefalitlər, şişlər və s.) inkişaf edə bilər.
Yuxu pozuntularının XBT-10 üzrə kodu F51.0, G47.0-dır.
Təsnifat
- İnsomniya – yuxusuzluq, yuxuyagetmə və yuxu proseslərinin pozulmaları:
- Psixosomatik – psixoloji vəziyyətlə əlaqəli, situativ (müvəqqəti) və ya daimi ola bilər.
- Alkoqol və ya dərman preparatlarının qəbulu ilə bağlı olan:
- xroniki alkoqolizm;
- mərkəzi sinir sistemini aktivləşdirən və ya sakitləşdirən dərmanların uzunmüddətli istifadəsi;
- yuxugətiricilərin, sedativlərin və digər dərmanların ləğv edilməsi sindromu;
- Psixi xəstəliklər nəticəsində yaranan.
- Yuxu zamanı tənəffüs pozulmaları nəticəsində yaranan:
- alveolyar ventilyasiyanın azalması sindromu;
- gecə apnoeləri sindromu;
- “Narahat ayaqlar” sindromu və ya gecə miokloniyaları nəticəsində yaranan.
- Digər patoloji hallar səbəbindən yaranan.
- Hipersomniya – yuxuya meylliyin artması:
- Psixofizioloji – psixoloji vəziyyətlə bağlıdır, daimi və ya müvəqqəti ola bilə
- Alkoqol və ya dərman qəbul edilməsi nəticəsində
- Ruhi xəstəlİklər nəticəsində
- Yuxuda müxtəlif tənəffüs pozulmaları nəticəsində
- Digər patoloji hallar səbəbindən yaranan.
- Yuxu və oyaqlıq rejiminin pozulması:
- Müvəqqəti yuxu pozulmaları – iş qrafikində və ya saat qurşağında qəfil dəyişikliklərlə əlaqədar olan.
- Daimi yuxu pozulması:
- Ləngimiş yuxu periodu sindromu.
- Vaxtından əvvəl yuxu periodu sindromu.
– 24 saatlıq olmayan yuxu və oyaqlıq dövrü sindromu.
- Parasomniya – yuxu və ya oyaqlıq ilə əlaqəli orqanların və sistemlərin fəaliyyətində pozuntular:
- Gecələr sidiyi saxlaya bilməmək (enurez).
- Gecə dəhşətlə
- Gecə epi-tutmaları.
- Digər xəstəliklə
Yuxusuzluğun səbəbləri
Yuxusuzluğu düzgün müalicə etmək və aradan qaldırmaq üçün onun səbəbini anlamaq lazımdır. Stress, narahatlıq və depressiya kimi emosional faktorlar yuxusuzluğu yaradan səbəblərin yarıdan çoxunu təşkil edir. Lakin sizin vərdişləriniz və fiziki vəziyyətiniz də yuxusuzluğun inkişafında əhəmiyyətli rol oynayır. Yuxusuzluğun bütün mümkün səbəblərini nəzərə almaq lazımdır. Yalnız bunun dəqiq səbəbini aydınlaşdırdıqdan sonra müvafiq müalicə aparmaq olar.
Yuxusuzluğun ümumi zehni və fiziki səbəbləri.
Bəzən yuxusuzluq yalnız bir neçə gün davam edir və öz-özünə keçib gedir. Bu hal saat qurşaqlarının sürətlə dəyişməsi, qarşıdan gələn hər hansı bir təqdimat mərasimindən öncə stressin keçirilməsi, yaxın bir adamla ayrılıq və s. hallarda xüsusilə aktualdır. Xroniki insomniya, bir qayda olaraq, zehni və ya fiziki bir problemlə əlaqəli olur.
Yuxusuzluğa səbəb ola bilən psixoloji xarakterli problemlərə depressiya, narahatlıq, xroniki stress, bipolyar pozuntu, travmasonrası stress pozuntusu daxildir. Yuxusuzluğun başqa bir səbəbi, sizin qəbul etdiyiniz dərman preparatları ola bilər. Onların arasında alkoqolun tərkibində olan antidepressantlar, kofein tərkibli ağrıkəsici preparatlar, diuretiklər, kortikosteroidlər, qalxanabənzər vəzinin müalicəsində işlədilən hormonal preparatlar ola bilər.
Yuxusuzluğun yaranma səbəbləri arasında digər xəstəliklər: astma, allergiya, Parkinson xəstəliyi, hipertiroidizm, turşulu reflüks, böyrək xəstəlikləri, onkoloji xəstəliklər ola bilər.
Yuxunun pozulmasına aşağıda göstərilən amillər də səbəb ola bilər: yuxu apnoesi (yuxu zamanı ağciyər ventilyasiyasının dayanması), narkolepsiya (qarşısıalınmaz yuxululuq tutmaları), ”narahat ayaqlar “sindromu (sakit halda aşağı ətraflarda xoşagəlməz duyğularla xarakterizə olunur və xəstəni bu halı yüngülləşdirici hərəkətlər etməyə vadar edir).
Təşviş və depressiya xroniki yuxusuzluğun ən çox yayılmış səbəbləridir. Təşvişlə bağlı və ya depressiyadan əziyyət çəkən insanların əksəriyyəti yuxu problemləri yaşayır. Üstəlik, yuxu çatışmazlığı bu əlamətləri ağırlaşdıra bilər. Yuxusuzluğa davamlı narahatlıq və ya depressiya səbəb olarsa, müalicə psixoloji aspektdə davam etdirilməlidir.
Yuxusuzluğu daha da ağırlaşdıran vərdişlər.
- böyük miqdarda kofeinin istehlakı;
- yatmazdan əvvəl spirtli içkilərin qəbulu və siqaret çəkilməsi;
- gündüz yuxusu;
- yuxu rejiminin tənzimlənməməsi.
Bəzi vərdişlərimiz bizim həyatımıza o qədər sıx daxil olub ki, biz hətta onları yuxusuzluğu doğuran səbəb kimi nəzərdən keçirməyi ağlımıza belə gətirmirik (gecə TV və ya internet seyri). Vərdişlərinizin yuxuya təsirini müəyyən etmək üçün gündəlik tutmağınız lazımdır ki, oraya sizin yuxusuzluğunuza səbəb ola biləcək gündəlik davranışınızı və vərdişlərinizi qeyd edəsiniz. Məsələn, bu məlumatlara nə vaxt yatağa girməyiniz, nə vaxt yuxudan ayilmağınız, nə yeyib-içməyiniz, eləcə də gün ərzində baş verən hər hansı stress hadisələri aid edilə bilər.
Simptomlar
Yuxu pozuntularının simptomları müxtəlifdir və xəstəliyin növündən asılıdır. Lakin yuxu pozuntusunun növündən asılı olmayaraq, o, qısa bir müddət ərzində xəstənin emosional vəziyyətində, zehni və əmək qabiliyyətində dəyişikliklərə səbəb ola bilər. Məktəb yaşında olan uşaqlarda təhsil ilə bağlı problemlər yaradır, onların yeni materialları qavramaq qabiliyyəti zəifləyir. Ola bilər ki, xəstə özünü pis hiss etməsi şikayəti ilə həkimə müraciət etsin, lakin bunun yuxunun pozulması ilə əlaqəli olduğundan heç şübhələnməsin də.
Psixosomatik yuxusuzluq. İnsomniya 3 həftədən çox davam etmədikdə, şəraitlə bağlı olan insomniya hesab edilir. Yuxusuzluğu olan insanlar çətinliklə yuxuya gedirlər, tez-tez gecə yarısı oyanırlar və sonra daha yata bilmirlər. Səhər ertədən oyanmaq, yuxudan doymamaq hissi xarakterikdir. Bunun nəticəsində tez qıcıqlanma, emosional labillik, xroniki yorğunluq yaranır. Həmin şəxslərdə fikrinin cəmləşdirilməsində çətinliklər yaranır. Vəziyyət xəstələrin yuxu pozuntuları ilə əlaqədar narahatlıq keçirmələri və gecəni həyəcanla gözləmələri səbəbindən daha da mürəkkəbləşir. Gecələr yuxusuzluqda keçən vaxt onlara 2 dəfə artıq görünür. Bir qayda olaraq, situasion yuxusuzluq, müəyyən psixoloji amillərin təsiri altında həmin şəxsin emosional vəziyyətindən qaynaqlanır. Çox vaxt stress faktoru aradan qaldırıldıqdan sonra yuxu normallaşır. Ancaq bəzi hallarda yuxuya getməyin çətinliyi və gecə oyanmaları vərdiş halını alır, yuxusuzluq qorxusu isə vəziyyəti daha da ağırlaşdırır ki, bu da daimi insomniyanın inkişafına gətirib çıxarır.
Alkoqol və ya dərman qəbul edilməsi səbəbindən yaranan yuxusuzluq. Alkoqollu içkilərin uzunmüddətli istifadəsi yuxunun təşkilində narahatlıq yaradır. Tez yuxu mərhələsi qısalır və xəstə gecələr tez-tez oyanır. Alkoqol qəbulunu dayandırdıqdan sonra, bir qayda olaraq, 2 həftə ərzində yuxu pozuntuları keçib gedir.
Yuxu xəstəlikləri sinir sistemini oyandıran dərmanların əlavə təsirindən də baş verə bilər. Sedativ preparatların və yuxu dərmanlarının uzunmüddətli istifadəsi də yuxusuzluğa səbəb ola bilər. Vaxt keçdikcə dərmanın effekti azalır və dozanın artırılması vəziyyətin qısa müddətə yaxşılaşmasına gətirib çıxarır. Nəticədə, dozanın artırılmasına baxmayaraq, yuxu pozuntusu daha da arta bilər. Belə hallar üçün tez-tez qısamüddətli oyanmalar və yuxu mərhələləri arasında aydın bir sərhəddin itməsi xarakteridir.
Ruhi xəstəliklər zamanı yuxusuzluq gecə vaxtı daimi narahatlıq hissi, çox həssas və səthi bir yuxu, tez-tez oyanmalar, apatiya və yorğunluq ilə xarakterizə olunur.
Yuxu apnoesi sindromu yuxarı tənəffüs yollarına yuxu zamanı baş verən hava axınının qısa müddətə dayanmasıdır. Tənəffüs zamanı belə bir fasilə xoruldama və ya hərəki narahatçılıqla müşayiət edilə bilər. Obstruktiv apnoe – nəfəsalma zamanı yuxarı tənəffüs yollarının en kəsiyinin bağlanması və tənəffüs mərkəzinin funksiyasının pozulması ilə əlaqəli mərkəzi apnoe ayırd edilir.
Narahat ayaqlar sindromu zamanı yaranan yuxusuzluq, baldır əzələlərinin dərinliklərində yaranan hisslər səbəbindən inkişaf edir, bu da ayaqların hərəkət etməsini tələb edir. Qeyri-iradi olaraq baş qaldıran ayaqları hərəkətə gətirmək istəyi yatmazdan əvvəl yaranır və hərəkət və ya gəzinti zamanı keçib gedir, lakin sonra yenidən əmələ gələ bilər. Bəzi hallarda yuxu pozuntusu yuxuda ayağın, ayaq pəncəsinin və ya baş barmağın qeyri-iradi, təkrarlanan, əyilmə hərəkətləri nəticəsində baş verir. Adətən, bu hərəkətlər 5 saniyəyə qədər davam edir və yarım dəqiqədən bir təkrarlanır.
Narkolepsiya zamanı yuxu pozuqluğu gündüz vaxtı qəflətən tutmaşəkilli yuxulamalarla xarakterizə olunur. Onlar qısamüddətli olur və nəqliyyatda, yeməkdən sonra, monoton iş zamanı, bəzən isə aktiv hərəkət zamanı baş verə bilər. Bundan əlavə, narkolepsiya, katapleksiya tutmaları – əzələ tonusunun kəskin şəkildə aşağı düşməsi ilə müşayət olunur ki, bunun nəticəsində xəstə hətta yıxıla da bilər. Tutma çox vaxt şiddətli emosional reaksiyalar (qəzəb, qəhqəhə, qorxu, təəccüb) zamanı baş verir.
Yuxu və oyanıqlıq rejiminin pozulması
Saat qurşağının dəyişdirilməsi (“fazaların reaktiv keçidi”) və ya növbəli iş rejimi ilə əlaqədar olan yuxu pozulmaları adaptivdir və 2-3 günə keçir.
Ləngimiş yuxu periodu sindromu iş günlərində istirahət üçün lazım olan müəyyən saatlarda yuxuya getməyin mümkünsüzlüyü ilə xarakterizə edilir. Bir qayda olaraq, belə bir yuxu pozuntusu olan xəstələr, gecə saat 2-də, yaxud səhərə yaxın yuxuya gedə bilirlər. Lakin istirahət günləri və ya məzuniyyət zamanı rejimə ehtiyac olmadığı halda xəstələr yuxu ilə əlaqədar heç bir problem yaşamırlar.
Vaxtından əvvəl yuxu periodu sindromu nadir hallarda həkimə müraciət etməyə səbəb olur. Xəstələr tez yuxuya gedir və yaxşı yatır, amma çox erkən oyanırlar. Axşam isə erkən vaxtı yatağa girirlər. Belə yuxu xəstəlikləri ahıl yaşlı şəxslərdə tez-tez baş verir və ümumiyyətlə onlara çox narahatlıq vermir.
24 saatlıq olmayan yuxu və oyanıqlıq sindromu xəstənin sutkanın 24 saatlıq qrafikinə uyğun yaşaya bilməməsindən ibarətdir. Belə xəstələrin bioloji sutkası tez-tez 25-27 saat təşkil edir. Bu cür yuxu pozuntuları şəxsiyyət dəyişiklikləri olan insanlarda və korlarda rast gəlinir.
Yuxuda gəzmə (somnambulizm) yuxu zamanı mürəkkəb avtomatik hərəkətlərin şüursuz şəkildə yerinə yetirilməsidir. Bu cür yuxu pozulması olan xəstələr gecə saatlarında yerindən qalxa, gəzə və nəsə bir hərəkət edə bilərlər. Bu zaman onlar oyanmırlar, onları oyandırmaq cəhdlərinə müqavimət göstərirlər və həyatları üçün təhlükəli hərəkətlər edə bilərlər. Adətən bu vəziyyət 15 dəqiqədən çox davam etmir. Bundan sonra xəstə yatağa dönür və yatmağa davam edir, ya da yuxudan oyanır.
Gecə dəhşətləri çox vaxt yuxunun ilk saatlarında baş verir. Xəstə qışqıraraq yatağında qorxu və çaxnaşma vəziyyətində oturur. Bu, taxikardiya və tənəffüsün tezləşməsi, tərləmə, bəbəklərin genişlənməsi ilə müşayiət olunur. Bir neçə dəqiqədən sonra xəstə sakitləşərək yuxuya gedir. Adətən səhər saatlarında xəstə bu gecə dəhşətlərini xatırlamır.
Enurez gecə yuxusunun ilk 1/3 hissəsində müşahidə olunur. Enurez kiçik uşaqlarda fizioloji, tualetə özü getməyi artıq öyrənmiş böyük yaşlı uşaqlarda isə patoloji ola bilər.
Diaqnoz
Yuxu pozulmalarının tədqiqatının ən geniş yayılmış üsulu polisomnoqrafiyadır. Bu müayinə, somnoloq tərəfindən xəstənin bütün gecəni keçirməsi lazım olan xüsusi bir laboratoriyada aparılır. Xəstə yuxuda olarkən, çoxsaylı sensorlar eyni zamanda beynin bioelektrik fəallığını (EEQ), ürək fəaliyyətini (EKQ), döş qəfəsinin və qarnın ön divarının tənəffüs hərəkətlərini, nəfəsalmada və nəfəsvermədə sərf edilən havanın miqdarını, qanın oksigenlə doyma dərəcəsini və s. göstəriciləri qeydə alır. Palatada baş verənlərin və növbətçi həkimin daima müşahidə etdiklərinin videoyazısı aparılır. Bu müayinə üsulu, yuxunun hər bir 5 mərhələsi ərzində beyin fəallığının vəziyyətini və orqanizmin əsas sistemlərinin fəaliyyətini tədqiq etməyə, patologiyanı aşkar etməyə və yuxu pozulmasının səbəbini aydınlaşdırmağa imkan verir.
Yuxu pozulmalarının diaqnostikası üçün başqa bir üsul, yuxunun orta latentliyinin (YOL) tədqiqidir. Bu metod, patoloji yuxululuğun səbəbini müəyyən etmək üçün istifadə edilir və narkolepsiyanın diaqnostikasında mühüm rol oynayır. Müayinə oyaqlıq dövründə həyata keçirilən yuxuya getmək üçün 5 cəhddən ibarətdir. Hər bir cəhd 20 dəqiqə davam edir, cəhdlər arasında fasilə 2 saat təşkil edir. Yuxunun orta latentliyi, xəstənin yuxuya getməsi üçün lazım olan vaxtdır. Əgər bu müddət 10 dəqiqədən artıqdırsa – normal, 10-5 dəqiqə arasında çəkirsə – sərhəd vəziyyəti, 5 dəqiqədən azdırsa – patoloji yuxululuq hesab olunur.
Müalicə
Yuxu pozuntularının müalicəsi taktikasının seçilməsi onların meydana gəlməsi səbəbindən asılı olur. Əgər səbəb somatik patologiyadırsa, bu zaman müalicə ilk növbədə yuxusuzluğa səbəb olan xəstəliyə qarşı yönəldilməlidir. Ahıl yaşında yuxunun dərinliyinin və davametmə müddətinin azalması təbii bir prosesdir və yalnız xəstə ilə tez-tez izahedici söhbətin aparılmasını tələb edir.
Dərmanların köməyinə müraciət etməzdən əvvəl, sağlam yuxunun ümumi qaydalarına riayət etmək lazımdır. Yuxu pozulmaları ilə mübarizədə tez-tez psixoterapiya, müxtəlif rahatlaşdırıcı üsullar kömək edir.
Yuxusuzluğun müalicəsində ilk addım – xəstənin fiziki və psixoloji problemlərini nəzərə alaraq onun müalicəsinin təşkilidir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, əksər hallarda xəstənin bəzi vərdişləri (məsələn, alkoqol və ya yuxu həblərinin qəbulu, qəhvənin həddindən artıq içilməsi) problemi daha da kəskinləşdirə bilər. Bir çox hallarda yuxusuzluğu gücləndirən vərdişlərin tərgidilməsi, ümumiyyətlə yuxusuzluq problemini həll etmək üçün kifayət edir.
Yuxuya getməyə nə kömək edə bilər?
- Yataq otağı sakit, qaranlıq və sərin olmalıdır. Səs-küy, işıq və istilik yuxuya mane olur.
- Müntəzəm bir yuxu proqramı tərtib edilmə Hər gün eyni vaxtda yatmağa getmək və hətta həftə sonları olmasına və yorğunluğa baxmayaraq, səhər saatlarında eyni vaxtda yataqdan qalxmaq lazımdır. Bu, yuxuların müntəzəm ritmini bərpa etməyə kömək edəcəkdir.
- Gün ərzində yatmayın. Gündüz vaxtı yatmaq axşam saatlarında yuxuya getməyinizi çətinləşdirə bilə Gündüz vaxtı yuxuya ehtiyacınız olduğunu düşünsəniz, onu gündüz vaxtı 30 dəqiqəyədək və ən geci günorta saat 3-dək məhdudlaşdırmalısınız.
- Yuxudan əvvəl stimullaşdırıcı fəaliyyətdən və stress hallarından çə Buraya enerjili məşqləri, emosional müzakirələri, televiziyanı, kompüteri, video oyunlarını aid etmək olar.
- Nikotin, alkoqol və kofeinin istifadəsini məhdudlaşdırın və ya onlardan tamamilə imtina edin. Əgər qəhvə olmadan həyatınızı təsəvvür etmirsinizsə, son fincan qəhvə gecə yuxuya getməmişdən 8 saatdan gec olmayaraq içilmə Alkoqol yuxuya getməyə kömək edə bilər, lakin bu zaman yuxunun keyfiyyəti pisləşir. Nikotin оrqanizmə stimullaşdırıcı təsir göstərdiyinə görə, gecə siqaret çəkmək məsləhət deyil.
Beyni yuxuya hazırlamaq.
Sutkalıq ritmi tənzimləmək üçün (yuxu-ayıqlıq dövrü), beynimiz melatonin hormonu ifraz edir. Məsələn, gün ərzində zəif işıqlanma hallarinda melatonin təsiri altında beynimiz “biz yatmaq istəyirik” siqnalı verir. Əksinə, gecə vaxtlarında süni işığın bol olması melatonin sintezini tormozlayır ki, bunun nəticəsində də biz yuxuya getməkdə çətinlik çəkirik.
Yuxu-ayıqlıq dövrünün təbii şəkildə tənzimlənməsinə və beynin yuxuya hazırlanmasına kömək etmək üçün aşağıdakılar lazımdır:
- Gün ərzində yatdığınız otaqda kifayət qədər işıqlandırmanı təmin edin.
- Gecə süni işıqdan çox istifadə etməyin. Melatoninin ifrazını artırmaq üçün, aşağı gücə malik lampalardan istifadə edə bilərsiniz və yatmazdan ən azı 1 saat əvvəl TV və kompüterə baxmayın. Yataq otağında lazımi qaranlıq mühiti təmin edə bilmirsinizsə, xüsusi göz maskasından istifadə edə bilərsiniz.
Yuxusuzluqla əlaqədar probleminiz çox olduqca, siz bu barədə daha çox düşünürsünüz. Siz qəsdən müəyyən bir zamanda yatmağa getmirsiniz, çünki bilirsiniz ki, dərhal yuxuya gedə bilməyəcəksiniz və yerinizdə o tərəf-bu tərəfə çevriləcəksiniz. Sizin düşüncələriniz, sabah kifayət qədər yuxu almadan əhəmiyyətli bir görüşdə necə görünəcəyiniz ilə məşğul olur. Araşdırmalar göstərir ki, yuxusuzluq barəsində çox fikirləşmək onu yalnız ağırlaşdırır. Yuxusuzluq barədə düşüncələr gecələr istirahət etməyinizə imkan vermir. Aşağıda bədəninizi yuxuya hazırlayacaq, fikirlərinizi isə yorğan-döşəyinizi yuxuya getmək yeri ilə ümumiləşdirəcək bəzi davranış strategiyalarını təqdim edirik.
- Yataq otağından yalnız yuxu və cinsi əlaqə üçün istifadə edin. Yataqda oxumaq, TV izləmək, kompüterdə işləmək olmaz. Sizin beyniniz yatağınızı yalnız yuxuya getmək yeri kimi qəbul etməlidir ki, yatağınıza girən zaman orqanizminizə yatmaq vaxtı olduğu barədə siqnal versin.
- Əgər yuxuya gedə bilmirsinizsə, bu anda yataqda qalmaq məsləhət deyil. Özünüzü yuxuya getməyə məcbur etməyə çalışmayın. Yataqda o üz-bu üzə çevrilmək, yalnız narahatlığın artmasına səbəb olur. Bu halda yataq otağını tərk etmək və nəsə rahatlandırıcı bir addım atmaq məsləhətdir. Məsələn, isti və rahat vanna qəbulu, bir fincan kofeinsiz isti çay içmək, hətta kitab oxumaq və sakit bir musiqi dinləmək olar. Yalnız yuxunuz gəldikdən sonra yataq otağına qayıdın.
- Yataq otağınızda saat saxlamaq məsləhət deyil. Yuxuya gedə bilməyəndə, biz tezliklə zəngli saatın səslənəcəyini bildiyimizdən, tez-tez həyəcanla saata baxırıq. Vaxt keçdikcə narahatlıq artığından, yuxusuzluq güclənir. Siz zəngli saatdan istifadə edə bilərsiniz, yalnız onu görə bilmədiyiniz bir yerə qoyun.
Yuxusuzluqla mübarizə aparmaq üçün yuxusuzluq haqqında mənfi fikirlərinizi müsbət bir məcraya yönəltməlisiniz.
- “Mən hər gecə yatmalıyam ki, ertəsi gün yaxşı formada olum“ fikrini “çoxları yuxusuzluqla effektiv mübarizə aparır, mən də bacararam“ fikri ilə əvəz edirik.
- “Hər gecə yuxusuzluqdan əziyyət çəkirəm” fikrini “Məni hər gecə yuxusuzluq narahat etmir, bəzi gecələr mən daha yaxşı yatıram” fikri ilə əvəz edirik.
- “Əgər mən yaxşı yatıb dincələ bilməsəm, sabah iş yerimdə vacib bir tədbirin keçirilməsi pozula bilər“ fikrini “Mən yorğun olsam belə iş yerimdə hər şey yaxşı olacaq. Hətta əgər mən yatıb dincələ bilməsəm belə, axşam dincəlib rahatlaşmağı bacaracağam” fikri ilə əvəz edirik.
- “Mən heç vaxt tamdəyərli yata bilməyəcəyəm” fikrini “İnsomniya müalicə olunur. Əgər mən bu qədər narahatlıq keçirməyi tərgitsəm və diqqətimi pozitiv fikirlər üzərində cəmləşdirə bilsəm, mən onu məğlub edə bilərəm” fikri ilə əvəz edirik.
- “Yuxuya gedə bilməyim ən azı 1 saat çəkəcək” fikrini “Bu axşam nə olacağını bilmirəm. Bəlkə yuxuya gedə bildim” fikri ilə əvəz edirik.
Əlbəttə ki, yuxuya getməyə mane olan mənfi fikirləri pozitiv fikirlərlə əvəz etmək bacarığı asan deyil və bu, uzun bir vaxt və təcrübə tələb edir. Sizdə yaranan mənfi fikirləri və onların müsbət analoqlarını nəzərə alaraq öz siyahınızı özünüz yarada bilərsiniz.
Əgər siz günün sonunda stressdən xilas ola bilməyəcəyinizi düşünürsünüzsə, bədəndə olan bütün gərginliyi aradan qaldırmaq üçün müxtəlif relaksasiya üsullarından istifadə edə bilərsiniz. Relaksasiya metodları sizə rahat yuxuya getməyə və gecələr yuxudan ayılan zaman təkrarən uyumağa kömək edəcəkdir. Üstünlüklər aşkardır. Dərman preparatlarından istifadəyə ehtiyac qalmır.
Müxtəlif rahatlanma üsulları sizin relaksasiyanıza kömək edəcək:
- dərindən nəfəsalma;
- proqressiv əzələ relaksasiyası;
- meditasiya;
- vizualizasiya;
- yoqa;
- tai çi.
Gərginliyi aradan qaldırmaq üçün bu metodlardan istifadə edilməsi mütəmadi bir təcrübə tələb edir.
Yuxuya getməyi asanlaşdıran relaksasiya üsulları:
Yatmazdan əvvəl rahatlanma. Gecə yaxşı istirahət etmək üçün axşam saatlarında sakit və rahatlayıcı bir şey etməlisiniz. Məsələn, kitab oxuyun, sakit musiqi dinləyin, toxuyun. Yatdığınız otaqda gur işıq yandırmaq məsləhət deyil.
Abdominal nəfəsalma. Bizim əksəriyyətimiz lazım olduğu qədər dərindən nəfəs almırıq. Biz tək döşün deyil, həmçinin qarnın, kürəyin aşağı hissəsinin və döş qəfəsinin köməkliyi ilə tam və dərindən nəfəs aldıqda, bu, relaksasiya prosesinə nəzarət edən parasimpatik sinir sistemimizin işinə yardım edir. Gözlərinizi bağlayın və dərin, yavaş bir nəfəs almağa çalışın. Hər bir sonrakı nəfəsalma əvvəlkindən daha dərin olmalıdır. Burunla nəfəs alın və ağzınızla nəfəs verin. Çalışın ki, hər bir nəfəsverməniz nəfəsalmadan daha uzun çəksin.
Proqressiv əzələ relaksasiyası. Rahat bir uzanmış mövqe seçin. Ayağınızdan başlayaraq, bütün əzələlərinizi mümkün qədər gərginləşdirin. 10-a qədər sayın və sonra rahatlanın. Ayaqdan başlayaraq başa qədər hər bir əzələ qrupu ilə belə bir məşq etməkdə davam edin.
Yuxusuzluq əleyhinə olan preparatlar
Yuxugətirici həblərin yuxuya getməyə kömək etməsinə baxmayaraq, onların yuxusuzluq əleyhinə bir müalicə vasitəsi olmadığını anlamaq çox vacibdir. Yuxugətiricilərin daima və böyük dozalarda istifadəsi, gələcəkdə yuxusuzluq probleminin daha da ağırlaşmasına gətirib çıxarır. Ən yaxşı variant, onların müstəsna hallarda və qısa bir müddətdə, heç bir üsul (yuxu rejiminin dəyişdirilməsi, gündəlik qaydalar, yuxuya münasibət) kömək etməyəndə tətbiq edilməsidir.
Yuxu pozulmalarının dərman müalicəsində daha çox benzodiazepin sırası preparatları istifadə edilir. Qısamüddətli təsiri olan preparatlar – Triazolam və Midazolam yuxuyagetmə prosesinin pozulmaları üçün nəzərdə tutulmuşdur.
Triazolam (Halsion) – 0,25 mq dozasında tableti, yatmazdan əvvəl ½ və ya 1 tablet daxilə;
Midazolam (Dormikum, Fulsed) – 15 mq dozasında tableti, yatmazdan əvvəl ½ və ya 1 tablet daxilə qəbul edilməlidir.
Lakin onların qəbulu zamanı tez-tez əlavə reaksiyalar: qıcıqlanma, amneziya, huşun qarışması, həmçinin səhər yuxusunun pozulması kimi hallar müşahidə edilir.
Uzunmüddətli təsir göstərən yuxu dərmanları: Diazepam, Flurazepam, Xlordiazepoksid səhər erkən oyanmaları və tez-tez baş verən gecə oyanmaları zamanı tətbiq olunur:
Diazepam (Seduksen, Relanium, Valium) – 5 mq dozasında, səhər və axşam 1 tablet daxilə;
Flurazepam – 15 mq dozasında, yatmazdan əvvəl 1 kapsul daxilə;
Xlordiazepoksid (Elenium) – 5 mq dozasında, səhər və axşam, 1 tablet daxilə təyin olunur.
Ancaq onlar tez-tez gündüz vaxtları yuxululuğa səbəb olur. Belə hallarda orta təsir müddəti olan preparatlar – Zopiklon və Zolpidem təyin edilir.
Zopiklon (İmivan) – 7,5 mq dozasında tableti, yatmazdan əvvəl 1 tablet daxilə;
Zolpidem (Nitrest) – 10 mq dozasında tableti, yatmazdan əvvəl 1 tablet daxilə təyin olunur.
Bu dərmanlar daha az asılılıq və ya tolerantlıq riski ilə xarakterizə olunur.
Yuxu prosesinin və yuxunun keyfiyyətinin yaxşılaşdırılması üçün Donormil (Doksilamin) də təyin edilir. Donormilin 15 mq dozasında suda həll olan və ya adi tabletləri, yatmazdan 15 dəqiqə əvvəl qəbul edilir.
Yuxu pozuntularında istifadə edilən digər dərman qrupu antidepressantlardır: Amitriptilin, Mianserin, Doksepin.
Amitriptilin – 25 mq dozasında tableti. İlkin doza: 3 qəbula 75 mq, sonra isə doza 3 qəbula 200 mq-a qədər artırılır.
Mianserin (Lerivon) – 30 mq dozasında tableti. Sutkada 1 tabletdən başlayaraq, dozanı terapevtik effekt alana qədər (sutkada 60-90 mq-a qədər) artırmaq olar;
Doksepin (Spektra) – 25 mq dozasında kapsulu, sutkada 2 dəfə, 1 kapsul səhər, 2 kapsul axşam daxilə təyin edilir.
Onlar asılılığa gətirib çıxarmır, yaşlı, depressiv vəziyyətdə olan və ya xroniki ağrı sindromundan əziyyət çəkən xəstələrə təyin edilə bilər. Ancaq çoxsaylı əlavə təsirlərinin olması, onların istifadəsini məhdudlaşdırır.
Yuxu pozulmalarının ağır hallarında və şüuru pozulmuş xəstələrdə digər qrup preparatların tətbiqinin effekti olmadıqda sedativ təsirli neyroleptiklər: Levomepromazin, Prometazin, Xlorprotiksen tətbiq edilir.
Levomepromazin (Tizersin) – 25 mq dozasında tableti yatmazdan əvvəl ½ və 1 tablet daxilə;
Prometazin (Pipolfen) – 25 mq dozasında tableti, səhər və axşam, 1 tablet daxilə;
Xlorprotiksen (Truksal) – 50 mq dozasında tableti, səhər və axşam, 1 tablet daxilə təyin olunur.
Yüngül dərəcəli patoloji yuxululuq hallarında mərkəzi sinir sisteminin zəif tənzimləyiciləri – Qlütamin və Askorbin turşuları, Kalsium preparatları, ağır dərəcəli hallarda isə psixotoniklər:
İproniazid (İprazid) – 25 mq dozasında tableti, 1 tablet sutkada 3 dəfə daxilə;
İmipramin – 25 mq dozasında tableti, sutkada 3-4 dəfə, 1 tablet daxilə təyin olunur.
Ahıl yaşlı xəstələrdə yuxu ritminin pozulmalarının müalicəsi üçün damargenəldici preparatlar (Nikotin turşusu, Papaverin, Dibazol, Vinposetin), mərkəzi sinir sisteminin stimulyatorları və bitki mənşəli yüngül trankvilizatorlardan (Valerian, Yemişan) ibarət kompleks müalicə tətbiq edilir. Yuxu dərmanlarının qəbulu yalnız həkimin təyinatı və onun nəzarəti altında həyata keçirilə bilər. Müalicə kursunun bitməsindən sonra preparatın dozasını tədricən azaltmaq və kəsmək lazımdır.
Yuxusuzluğun müalicəsi üçün tətbiq edilən bioloji aktiv əlavələr
Bir qayda olaraq, gecə yaxşı yatmayanlar, müstəqil olaraq yuxusuzluğa kömək edən müxtəlif dərmanlardan istifadə etməyə başlayır. Onları içməzdən əvvəl bilmək lazımdır ki, hipnotik təsiri olan bir çox pəhriz və bitki mənşəli əlavələr vardır. Üzərlərində təbii mənşəli olduqları göstərilməsinə baxmayaraq, onların çoxlu əlavə təsiri olur və qəbul etdiyiniz digər dərmanlar və ya vitaminlər ilə birlikdə mənfi təsirlər göstərə bilər.
Bu gün 2 vasitənin yuxusuzluq əleyhinə yüksək effektivliyi sübuta yetirilmişdir – bunlar melatonin və valeriandır. Melatonin – orqanizmin gecə istehsal etdiyi təbii bir hormondur. Melatonini qida əlavəsi kimi də əldə etmək mümkündür. Melatonin əlbəttə ki, hamıya kömək edə bilmir. Lakin bəzi hallarda, məsələn, əgər siz başqalarına nisbətən gec yatmağa və oyanmağa meylliyi olan bir “bayquşsunuzsa”, bu halda melatonin yuxusuzluq üçün effektiv bir müalicə vasitəsi ola bilər. Valerian, yuxuyagetmə prosesini daha da asanlaşdıran yumşaq bir təsirə malikdir.
Hal-hazırda tərkibində müxtəlif bioloji aktiv maddələr olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?
- Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
- Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
- Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
- Tərkibi ionlaşmış kalsium, vitaminlər, minerallar, doymamış yağlar və digər faydalı maddələrdən ibarət оlan preparatlar. Sümük-qığırdaq sistemini də möhkəmləndirir, əzələlərin fəaliyyətini gücləndirir.
- Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
- Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
- Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
Proqnoz və profilaktika
Bir qayda olaraq, müxtəlif yuxu pozulmaları müalicə olunur. Xroniki somatik xəstəliklərin nəticəsində meydana çıxan və ya ahıl yaş dövründə baş verən yuxu xəstəliklərinin müalicəsi bir qədər çətinlik törədir.
Yuxu və oyaqlıq rejiminə riayət olunması, normal fiziki və əqli yüklənmələr, mərkəzi sinir sisteminə təsir edən dərmanların (alkoqol, trankvilizatorlar, sedativlər, yuxugətiricilər) düzgün istifadə edilməsi – bunların hamısı yuxu pozuntularının profilaktikasına xidmət edir. Hipersomniyanın profilaktikası, həddən artıq yuxululuğa səbəb ola bilən KBT-nın və neyroinfeksiyaların qarşısını almaqdan ibarətdir.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/16/nevrozlar/
https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/
https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/
“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 13.11.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq