Baş beynin şişləri

Baş beynin şişləri – həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yenitörəmələridir. Baş beynin şişləri onun lokalizasiyasından asılı olan ocaqlı simptomlar və ümumi beyin simptomları ilə təzahür edir. Xəstəliyin diaqnostikasında  nevropatoloqun  və oftalmoloqun müayinəsi, Exo EQ,  EEQ, baş beynin KT və MRT müayinələri, MRT angioqrafiya əsas informativ tədqiqat metodları hesab olunur. Ən optimal müalicə vasitəsi  cərrahi üsul, əlavə göstəricilər olduqda isə kimyəvi  və şüa terapiyasıdır. Əgər bu üsulların aparılması mümkün deyilsə, o zaman palliativ müalicə tətbiq edilir. Baş beynin şişlərinin XBT-10 üzrə kodları  C71 və D33.0-D33.2-dir.

Baş beynin şişləri insanlarda rast gəlinən bütün yenitörəmələrin  6%-ni təşkil edir. Onların rastgəlmə tezliyi  hər 100 min adama 10-15 hal arasında dəyişir. Ənənəvi olaraq, beyin şişlərinə bütün intrakranial şişlər – beyin toxumasının və qişalarının, kəllə-beyin  sinirlərinin, damarların, limfatik toxumanın və vəzili strukturların (hipofiz və əzgiləbənzər cism)  şişləri aid edilir. Bununla əlaqədar baş beynin şişləri  intraserebral və ekstraserebral  növlərə bölünür. Sonunculara beyin qişalarının və onların damar kələfinin şişləri daxildir.

Beyin şişləri hər yaşda inkişaf  edə bilir və hətta təbiət etibarilə anadangəlmə də ola bilər. Lakin uşaqlar arasında xəstələnmə hallarının sayı  daha azdır. Xəstəliyə rastgəlmə tezliyi uşaqlarda 100 mində 2,4-dən artıq olmur. Beyin şişləri ilkin olaraq öz başlanğıcını  beyin toxumalarından götürən birincili və şiş hüceyrələrinin limfogen və hematogen yolla yayılması nəticəsində yaranan  metastatik və ya ikincili ola bilər. İkincili şişlər birincili şişlərdən  5-10  dəfə çox rast gəlinir. Birincili şişlərin arasında bədxassəli şişlərin nisbəti 60%-dən az deyil.

Baş beyin strukturlarının  fərqləndirici xüsusiyyəti, onların məhdud kəllədaxili məkanda yerləşməsidir. Bu səbəbdən kəllə daxilində yerləşmiş istənilən lokalizasiyalı həcmli proses, bu və ya digər dərəcədə beyin toxumasının sıxılmasına və  kəllədaxili təzyiqin artmasına gətirib çıxarır. Beləliklə, baş beynin hətta xoşxassəli şişləri belə müəyyən bir ölçüyə qədər böyüdükdə bədxassəli istiqamət alır və ölümə səbəb ola bilər. Bunu nəzərə alaraq, nevrologiya və neyrocərrahiyyə sahəsinin mütəxəssisləri üçün serebral şişlərin  erkən diaqnostikası  və  onların cərrahi  müalicəsinin adekvat vaxtının təyin edilməsi problemi xüsusi aktuallıq əldə edir.

 

Baş beyin şişlərinin səbəbləri

Serebral şişlərin, eləcə də digər lokalizasiyalı  şişlərin  yaranmasını  müxtəlif toksiki maddələrin təsiri,  ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, radiasiyaya məruzqalma ilə əlaqələndirirlər. Uşaqlar arasında anadangəlmə (embrional) şişlərin yüksək faizi rast gəlinir. Bunun əsas səbəblərindən biri, ana bətnində olarkən körpənin beyin toxumasının inkişaf anomaliyaları  ola bilər. Kəllə-beyin travması həm təhrikedici  amil  rolunu oynaya , həm də latent şəkildə keçən şiş  prosesini aktivləşdirə  bilər.

Bəzi hallarda, beyin şişləri digər orqanlarının onkoloji  xəstəlikləri olan xəstələrə şüa terapiyası fonunda inkişaf edir. Beyin şişlərinin riski  immunosuppressiv müalicə aparılması zamanı, həmçinin immun sistemi zəifləmiş  şəxslərdə (məsələn, HİV infeksiyası və neyro-QİÇS zamanı) artmış olur. Bəzi irsi xəstəliklər:  Hippel-Lindau xəstəliyi, tuberoz skleroz, fakomatozlar, neyrofibromatoz və s. zamanı  baş beynin  şişlərinin meydana çıxmasına meyllilik qeyd olunur.

 

Təsnifat

Birincili  beyin şişləri arasında neyroektodermal: astrositar mənşəli şiş (astrositoma, astroblastoma), oliqodendroqlial mənşəli (oliqodendroqlioma, oliqoastroqlioma),  ependimar mənşəli (ependimoma, xorioid kələfinin papilloması) şişlər, həmçinin pineal şişlər (pineositoma, pineoblastoma), neyronal (qanqlioneyroblastoma, qanqliositoma), embrional və zəif differensiasiya olunmuş (medulloblastoma, spongioblastoma, qlioblastoma) şişlər üstünlük təşkil edir. Həmçinin, hipofizin şişləri (adenomalar), kranial sinirlərin şişləri (neyrofibroma, nevrinoma),  beyin qişalarının  şişləri (meningioma, ksantomatoz şişlər, melanotik şişlər), beyin limfomaları, damar şişləri (angioretikuloma, hemangioblastoma) də ayırd edilir. Beyindaxili serebral şişlər lokalizasiyasına əsasən  sub- və supratentorial şişlərə bölünür. Beyin şişlərinin bu 2 qrupundan başqa, xiazmal-sellyar nahiyənin şişləri (hipofizin adenoması, kraniofaringeomalar, bazal meningeomalar və s.) da ayırd edilir. Beyin şişlərinin bu qrupunun xüsusilə qeyd edilməsi onunla bağlıdır ki, onların kliniki  təzahürləri əsasən 2 qrup simptomlardan: xiazmanın zədələnməsi və endokrin pozuntulardan ibarət olur. Baş beynin daha nadir rast gəlinən növlərinə mədəciklərin şişlərini aid etmək olar.

Metastatik beyin şişləri müxtəlif orqanların xərçəngi  hallarının 10-30%-ni təşkil edir. Kişilərdə ən çox rast gəlinən metastaz mənbəyi  ağciyər xərçəngi, kolorektal xərçəng, böyrək xərçəngidirsə, qadınlarda bu,  süd vəzisinin xərçəngi, ağciyər xərçəngi, kolorektal xərçəng və melanomadır. Metastazların təxminən 85%-i serebral yarımkürələrin intraserebral şişlərinin payına düşür. Arxa kəllə çuxurunda adətən, endometrial xərçəngin, prostat vəzinin xərçənginin və mədə-bağırsaq traktının bədxassəli şişlərinin metastazları lokallaşmış olur.

 

Simptomlar

Serebral şiş prosesinin ocqlı  simptomatikası daha erkən təzahür edir. Ocaqlı simptomatikanın aşağıdakı  inkişaf sxemləri mümkündür: ətraf beyin toxumasına fiziki  və kimyəvi təsirlər, qansızma ilə müşayiət olunan beyin damarlarının divarının zədələnməsi, metastatik embolla damarın okklüziyası, metastaza qansızma, damarın sıxılması nəticəsində işemiyanın inkişafı, kəllə-bein sinirlərinin şaxələrinin və kökcüklərinin sıxılması. Qeyd etmək lazımdır ki, əvvəlcə baş beynin müəyyən bir nahiyəsinin yerli  qıcıqlanma simptomları  qeyd edilir, sonra  isə onun funksiyasının itməsi (nevroloji  çatışmazlıq) baş verir.

Şişin ölçüləri böyüdükcə, kompressiya, ödem və işemiya əvvəlcə zədələnmə nahiyəsinə yaxın yerləşən toxumalara, sonra isə  daha uzaq strukturlara yayılaraq, müvafiq  “qonşu” və “uzaqda yerləşən” simptomların meydana çıxmasına səbəb olur. Kəllədaxili  hipertenziya və serebral ödem səbəbindən yaranan  ümumi  beyin simptomları  daha sonra  inkişaf edir. Baş beyin şişinin ölçülərinin daha da böyüməsi  mass-effekt (beyin strukturlarının yerdəyişməsi) ilə birgə dislokasion sindromun inkişafına: beyinciyin və uzunsov beynin ənsə dəliyinə keçməsinə səbəb ola bilər.

Lokal xarakterli  baş ağrısı  şişin erkən simptomu ola bilər. Baş ağrısı  kranial sinirlərdə, venoz ciblərdə, meningeal damarların divarlarında yerləşən reseptorların qıcıqlanması nəticəsində yaranır. Diffuz sefalalgia  subtentorial şişlərin 90% və supratentorial şişlərin 77%  hallarında qeyd edilir. Onlar dərin, kifayət qədər intensiv, dözülməz və tez-tez paroksizmal  xarakterli olur.

Qusma bir qayda olaraq, ümumi  beyin simptomu kimi çıxış edir. Onun əsas xüsusiyyəti qida qəbulu ilə əlaqəli olmamasıdır. Beyinciyin  və  IV mədəciyin şişləri  zamanı  bu əlamət qusma mərkəzinə birbaşa təsirlə bağlıdır və ilkin ocaqlı  simptomun təzahürü ola bilər.

Sistemli başgicəllənmə  “boşluğa yıxılma”, öz bədəninin və ya  ətrafındakı  obyektlərin fırlanması  hissləri şəklində təzahür edə bilər. Kliniki  təzahürlərin manifestasiyası zamanı başgicəllənmə dəhliz-ilbiz sinirinin,  körpünün, beyinciyin və ya  IV mədəciyin şiş nəticəsində zədələnməsini göstərən ocaqlı simptom kimi qiymətləndirilir.

Hərəki pozuntular (piramidal çatışmazlıqlar) xəstələrin 62%-də şişin ilkin simptomlarından olur. Digər hallarda, onlar şişlərin böyüməsi  və yayılması  ilə əlaqədar olaraq, daha sonra meydana gəlir. Piramidal çatışmazlığın erkən təzahürləri  ətraflarda vətər reflekslərinin qeyri-bərabərliyi şəklində inkişaf edir. Daha sonra əzələ tonusunun artması səbəbindən spastikliklə  müşayiət olunan əzələ zəifliyi (parez) yaranır.

Hissiyyat pozuntuları  əsasən piramidal çatışmazlığı müşayiət edir. Kliniki olaraq təxminən xəstələrin 25%-də, digər hallarda  isə yalnız nevroloji  müayinə zamanı  aşkar edilir. Birincili ocaqlı  simptom olaraq,  əzələ-oynaq hissiyyatının pozulması  nəzərdən keçirilə bilər.

Konvulsiv sindrom  daha çox supratentorial şişlər üçün xarakterikdir. Serebral şişləri olan xəstələrin 37% -ində epileptik tutmalar ən çox nəzərəçarpan klinik əlamətlərdən sayılır. Absanslar və ya generalizə olunmuş toniki-kloniki epileptik tutmalar daha çox orta beyində lokalizasiya olunan, Cekson epilepsiyası tipli  paroksizmlər isə beyin qabığına yaxın yerləşən şişlər üçün xarakterikdir. Epileptik tutmanın aurasının xarakteri bir çox hallarda zədələnmə nahiyəsini  müəyyən etməyə  kömək edir. Şişin ölçüsü böyüdükcə, generalizə olunmuş epileptik tutmalar parsial tutmalara çevrilir. Kəllədaxili hipertenziyanın inkişafı  ilə, bir qayda olaraq, epileptik fəallığın azalması müşahidə olunur.

Mədəciklərin şişləri zamanı meningeal simptomlar, həmçinin başın geriyə qatlanması, toniki qıcolmalar, bradikardiya, qusma yaranır ki, bu vəziyyətə Bruns tutmaları deyilir və bu hal həyat üçün təhlükəli bir hal sayılır.

Hormonal-endokrin pozuntular  şəkərsiz diabet, hipoqonadizm (kraniofaringeomalarda), dis- və amenoreya, impotensiya (hipofizin adenomalarında) və s. əlamətlərlə təzahür edir.

Beyin şişlərinin təzahürü zamanı, 15-20% hallarda  psixi sferanın pozulması (əsasən şişin alın payı  nahiyəsində yerləşdiyi zaman) qeyd edilir. Təşəbbüssüzlük, səliqəsizlik və apatiya  alın payının  qütbünün şişləri  üçün tipikdir. Eyforiya, özündən razılıq, səbəbsiz şənlik hissləri  alın payının  əsasının zədələnməsini göstərir. Belə hallarda şiş prosesinin inkişafı  təcavüzkarlığın, bədbinliyin, neqativizmin artması  ilə müşayiət olunur. Görmə hallüsinasiyaları  gicgah və alın paylarının qovşağında yerləşən şişlər üçün xarakterikdir. Yaddaş, düşüncə və diqqət pozulmalarının proqressivləşməsi şəklində rast gəlinən psixi pozuntular ümumi  beyin simptomları  kimi çıxış edir. Çünki  onlar assosiativ yolların zədələnməsi, kəllədaxili hipertenziyanın artması  və  şiş intoksikasiyasının nəticəsində əmələ gəlmiş olur.

Görmə sinirlərinin  disklərinin durğunluğu xəstələrin təxminən 50%-də daha çox gecikmiş mərhələlərdə müəyyən edilir, lakin uşaqlarda şişin başlanğıc bir simptomu ola bilər. Kəllədaxili təzyiqin artması  ilə əlaqədar olaraq, gözlər önündə “nöqtələr” və ya  görmənin  ötüb-keçən dumanlanması  yarana bilər. Şiş  inkişaf etdikcə, görmə sinirlərinin atrofiyası  ilə əlaqədar görmə qabiliyyətinin artan  zəifləməsi qeyd edilir.

Görmə sahələrdəki dəyişikliklər  xiazma və görmə yollarının zədələnməsi zamanı  baş verir. Birinci halda, heteronim hemianopsiya (görmə sahələrinin əks yarılarının  sıradan çıxması), ikinci halda  isə homonim hemianopsiya (görmə sahələrinin eyni  adlı  yarısının sıradan çıxması) müşahidə edilir.

Baş beynin şişlərində rast gəlinən görmə funksiyasının pozuntularına Foster-Kennedi simptomu da aid edilir: şiş olan tərəfdə görmə sinirinin birincili  atrofiyası (birtərəfli alın və gicgah-bazal meningeomalarında) və əks tərəfdə göz dibində durğunluq əlamətləri aşkar edilir (Karlov V.A.).

Digər simptomlara  eşitmənin zəifləməsi; sensomotor afaziya; beyincik ataksiyası; gözün hərəki sinirlərinin funksiyalarının pozulması; iybilmə, eşitmə və dadbilmə hallüsinasiyaları, vegetativ pozuntular aid edilə bilər.

 

Diaqnoz

     Qeyri-invaziv metodlar

  • Nevroloji müayinə. Xəstənin ilk müayinəsi nevroloji statusun qiymətləndirilməsini nəzərdə tutur. Nevroloji statusun müayinəsində nevropatoloq topik diaqnozun dəqiqləşdirilməsinə imkan verən ocaqlı nevroloji simptomatikaya xüsusi diqqət yetirməlidir.
  • Patopsixoloji tədqiqat. Psixi sferanın pozulmaları  zamanı  digər mənşəli psixi xəstəliklərdən fərqləndirmək üçün psixiatrın müayinəsi təyin edilir.
  • Neyrooftalmoloji müayinə. Oftalmoloji müayinələrdə görmə itiliyi, oftalmoskopiya və görmə sahələrinin müəyyən edilməsi (kompüter perimetriyasının köməyi ilə də aparıla bilər) həyata keçirilir.
  • Otonevroloji müayinə. LOR  həkiminin müayinəsi eşitmə ilə əlaqəli şikayətlər yarananda əlavə olaraq təyin edilir.
  • Exoensefaloqrafiya (ultrasəs). Exo EQ kəllədaxili hipertenziyanın artmasından xəbər verən  yan mədəciklərin genişlənməsini və medial M-exonun yerdəyişməsini (böyük supratentorial şişlər zamanı  beyin toxumasının yerdəyişməsini) qeyd edə bilər.
  • Elektroensefaloqrafiya. EEQ beynin müəyyən sahələrinin epiaktivliyini göstərir.
  • Kompüter tomoqrafiyası. Baş beynin KT müayinəsi, şiş törəməsini görmək; onu beyin toxumasının lokal ödemlərindən ayırd etmək; ölçülərini müəyyənləşdirmək; şişin sistoz hissəsini (əgər beləsi varsa), kalsifikasiyanı, nekroz zonasını, metastaza və ya ətraf toxumaya qansızmanın olmasını; mass-effektin mövcudluğunu aşkar etməyə imkan verir.
  • Maqnit-rezonans tomoqrafiya. Beyinin MRT-si KT-ni tamamlayır, şiş prosesinin yayılmasının daha dəqiq müəyyən edilməsinə imkan verir və  bu prosesə sərhəd toxumalarının cəlbolunma dərəcəsini qiymətləndirir. MRT  kontrast maddənin toplana bilmədiyi  şişlərin (məsələn, baş beynin bəzi qliomalarının) diaqnostikasında daha effektlidir. Lakin  sümük-destruktiv dəyişikliklərin və kalsifikatların dəqiq görüntülənməsi, şişi  perifokal ödem sahəsindən fərqləndirmək məsələlərində MRT müayinəsi  KT-dən geri qalır.

Beyin şişlərinin standart  MRT  diaqnostikası ilə yanaşı  MRT-angioqrafiya (şişlərin vaskulyarizasiyasının  tədqiqi), funksional  MRT (nitq və motor zonalarının xəritəsinin tərtibi), MR  spektroskopiya (metabolik anormallıqların analizi), MR  termoqrafiya (şişin termodestruksiyasına nəzarət) istifadə edilə bilər.

  • Baş beynin pozitron emission tomoqrafiyası. PET beyin şişlərinin bədxassəlilik dərəcəsini  müəyyən etməyə, şiş residivini  aşkar etməyə, əsas funksional sahələrin yerini  təyin etməyə imkan verir.
  • Tək foton emissiyalı kompüter tomoqrafiyası. TFEKT metodu beyin şişlərində toplana bilən radiofarmapreparatların tətbiqi ilə birlikdə  çoxocaqlı  zədələnmələri aşkar etməyə, şişlərin bədxassəlilik  və  vaskulyarizasiya dərəcəsini qiymətləndirməyə imkan verir.

 

İnvaziv metodlar

  • Onurğa beyni mayesinin müayinəsi: serebrospinal mayenin təzyiqi, likvorda zülalın miqdarı, sitoloji müayinəsi, likvorun sitoskopiyası, B-qlukuronidazanın fəallığı baxımından müayinəsi, izoferment tərkibinin tədqiqi.

Beyin şişləri  üçün likvorda normal sitoz olduğu halda zülalın miqdarının artması (zülal-hüceyrə dissosiasiyası) xarakterikdir. Lakin müasir dövrdə  digər informativ müayinə metodlarının (KT, MRT və s.) mövcudluğunu və yüksək kəllədaxili təzyiqin olduğu  zaman bel  punksiyasının təhlükəli olmasını nəzərə alaraq, bu tədqat metodundan getdikcə daha az istifadə olunur.

  • İntravenoz kontrastlı kompüter tomoqrafiyası. Adi KT  müayinəsinə nisbətən daha dəqiq müayinə üsuludur.
  • Ssintiqrafiya. Funksional vizualizasiya metodu olub, radioaktiv  izotopların orqanizmə yeridilməsi  və onlar tərəfindən yayılmış radiasiyanın köməyilə 2-ölçülü  təsvirin əldə edilməsi metodudur. Bu metodun köməyi  ilə kəllə sümüklərində ilkin şişlərin və metastazların aşkar edilməsi  mümkündür.
  • Endoskopik müayinə (ventrikuloskopiya + cərrahi əməliyyat).
  • İmmunohistokimyəvi diaqnostika. Bədxassəli şişlərin xüsusi antigenik xassələrinin müəyyən edilməsi üçün bir üsuldur. Xərçəngin müasir diaqnostikasının vacib bir metodu olub, toxumalarda  müxtəlif hüceyrələri, hormonları  və onların reseptorlarını, fermentləri, immunoqlobulinləri, hüceyrələrin və  ayrı-ayrı  genlərin komponentlərini aşkar etməyə imkan verir.
  • Diaqnozun tam dəqiqləşdirilməsi üçün bilavasitə əməliyyatdan əvvəl aparılan punksion biopsiya. Bəzi hallarda, beyin şişinin stereotaksik biopsiyasından  istifadə olunur. Cərrahi  müalicə zamanı  histoloji  müayinə üçün şiş toxumalarının toplanması intraoperativ olaraq həyata keçirilir. Histoloji  müayinə şişi dəqiq şəkildə yoxlamağa və onun hüceyrələrinin diferensiasiya səviyyəsini və buna əsasən bədxassəlilik dərəcəsini müəyyən etməyə imkan verir.

 

Müalicə

Baş beynin şişlərinin müalicəsi müxtəlif profilli mütəxəssislərin: onkoloq, terapevt, nevropatoloq,  neyrocərrah, rentgenoloq və reabilitoloqun müştərək iştirakını tələb edir. Xəstəliyin diaqnostikası, adətən, terapevtə və ya nevropatoloqa müraciət olunmasından başlayır ki, oradan da xəstə əlavə müayinə üçün digər mütəxəssislərin yanına  göndərilir.

Sonrakı  müalicə planı xəstənin yaşından asılıdır (şişlərin müalicə sxemi 0-19 yaşlı,  orta və daha yaşlı şəxslərdə fərqlidir). Bundan əlavə, müalicə kursunu hazırlayarkən, xəstənin ümumi sağlamlıq durumunu, şişin növünü və yerini nəzərə alırlar.

Beynin onkogen törəmələrinin müalicəsində, konservativ terapiya, radioterapiya, kimyəvi terapiya və cərrahi müdaxilə istifadə olunur. Ən etibarlı  üsul şişin cərrahi  yolla aradan qaldırılması əməliyyatıdır, ancaq onun həyata keçirilməsi bəzi  hallarda törəmənin neyrocərrah üçün əlçatmaz  nahiyədə yerləşdiyi səbəbindən həmişə mümkün olmur. Xərçəngin III-IV mərhələlərində böyük risk yaratdığı  və istənilən nəticəni vermədiyi  üçün  cərrahi müdaxilə nadir hallarda  həyata keçirilir. Xəstəliyin bu mərhələsində şiş beynin həyati vacib hissələrinə təsir edir,  sağlam toxumalara dərindən nüfuz edir və  onun tam aradan qaldırılması mümkün deyil.

Konservativ və ya dərman müalicəsi

Beyin şişlərinin konservativ müalicəsi xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılması, şişin beyin toxumasına təzyiqini azaltmaq, mövcud simptomların təzahürlərini zəiflətmək məqsədilə həyata keçirilir. Bunlara analgetiklər (Ketoprofen, Morfin), qusma əleyhinə preparatlar (Metoklopramid), sedativlər və psixotrop dərmanlar daxil ola bilər. Antikonvulsantlar xərçəngin ikinci  və daha sonrakı  mərhələlərinin simptomlarını azaltmaq, epileptik tutmaların yaranma ehtimalını  aşağı  endirmək məqsədilə tətbiq edilir. İltihab əleyhinə steroid preparatlar şiş toxumasının ödemini aradan qaldırır və bununla da sağlam nahiyələrə mexaniki təzyiqi azaldır. Ən geniş yayılmış vasitə Deksametazondur. Hipofizin prolaktinoması zamanı prolaktinin sekresiyasını tormozlayan  Bromkriptin (Parlodel) tətbiq edilir.

Bilmək lazımdır ki,  konservativ müalicə xəstəliyin əsas səbəblərini aradan qaldırmır və yalnız müvəqqəti  yüngülləşdirici təsir göstərə bilər. Konservativ müalicə adətən, əməliyyatdan əvvəl həyata keçirilir.

Cərrahi müalicə

Beyin şişlərinin cərrahi yolla aradan qaldırılması (xüsusən xoşxassəli şişlərdə), erkən mərhələlərdə  müalicəsinin effektiv bir üsuludur. Bu vəziyyətdə operativ müdaxilə plevrada, qarın boşluğunda və digər boşluqlarda aparılan əməliyyatlardan fərqlənir. Onlardan fərqli olaraq, neyrocərrah  onkoloji prosesin yayılmasının qarşısını  almaq üçün yaxınlıqdakı toxumaların bir hissəsini kəsib ata bilmir.

Beyində əməliyyat apararkən cərrah maksimal dəqiqliyə əməl etməlidir – əməliyyat zamanı artıq bir millimetr toxumanın zədələnməsi xəstəyə həyati  vacib funksiyalarının hesabına başa gələ bilər. Məhz buna görə xərçəngin  terminal mərhələlərində cərrahi  müalicə səmərəsizdir – şişin aradan qaldırılması tamamilə mümkün deyil, patoloji proses daha da genişlənir.

Beyin şişlərinin I və II  mərhələlərində xoşxassəli şişin çıxarıldığı zaman xəstəliyin əlamətləri tamamilə aradan qaldırılır. Buna görə, vaxtında və düzgün aparılmış diaqnostika  xəstəliyin proqnozunu  nikbin edir.  Şiş  cərrahi müdaxilə üçün əlverişsiz bir nahiyədə yerləşdiyi zaman onun lokalizasiyasını dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlar tələb olunur. Şişi klassifikasiya etmək və xərçəngin mərhələsini müəyyən etmək üçün həkim  toxuma biopsiyasını  icra edir.

Əməliyyat zamanı  ortaya çıxa biləcək toxuma zədələnmələrini azaltmaq üçün müasir metod – stereostatik radiocərrahiyyə – tətbiq olunur. Bu əməliyyatlar zamanı  böyük dozada qamma və ya  rentgen şüalarının yüksək dəqiqliklə şiş nahiyəsinə  çatdırılması və onun məhv edilməsi həyata keçirilir. Bu vəziyyətdə sağlam toxumalar ya minimal olaraq zədələnir, ya da toxunulmaz qalır. Bu texnikanın istifadəsinin mümkünlüyü şişin yerindən və ölçüsündən asılıdır. Bu cür müalicə xəstə üçün ən az travmatikdir, reabilitasiya müddətini azaldır və əməliyyatdan sonra ağırlaşmaların yaranma riskini minimuma endirir.  Kiber Bıçaq və Qamma Bıçaq  üsullarının tətbiqi diametri 3 sm-ə qədər olan beyin şişlərinin müalicəsi zamanı  mümkündür.

Bəzi  hallarda palliativ əməliyyatlar, məsələn kəllənin dekompressiv trepanasiyası  və ya müxtəlif drenajedici əməliyyatlar həyata keçirilir. Onların keçirilməsində məqsəd kəskin okklüzion-hipertenziv-hidrosefaliya hallarını  aradan qaldırmaq və xəstəni əməliyyat oluna biləcək bir duruma gətirməkdir. Yüksək ifadəli  hidrosefaliyalarda şuntlama əməliyyatları (xarici mədəcik drenajı, ventrikuloperitoneal şuntlama) həyata keçirilə bilər.

Endoskopik müalicə

Endoskopik cərrahi müdaxilə, ənənəvi neyrocərrahiyyə üsullarından daha az travmatikdir, çünki geniş yarıq aparmadan xüsusi avadanlıqların köməyi  ilə həyata keçirilir. Baş beyində adi əməliyyat apararkən, giriş trepanasiya vasitəsilə həyata keçirilir. Nəticədə kəllə boşluğu açılır və xəstə əlavə olaraq  travmatizasiyaya məruz qalır ki, bu da bərpa dörünün vaxtını  uzadır. Endoskopik üsullar  xüsusilə vacib olan sinirlərə və kiçik qan damarlarına vurulan zərəri minimuma endirir ki, bu da beyin toxuması  ilə işləyərkən çox vacibdir. Məsələn, endoskopik əməliyyatlar uşaqlarda beynin mədəciklərindəki mayenin durğunluğuna səbəb olan hidrosefaliyanı  müalicə etmək üçün istifadə edilir, belə bir əməliyyat ventruloskopiya adlanır. Hipofizin adenoması  da endoskopik üsullarla – burun vasitəsilə endoskopik alətlərin yeridilməsi – transnazal endoskopiyanın köməyilə aradan qaldırıla bilər.

Endoskopik cərrahiyyə  kranioserebral travma, sist və hematomaların çıxarılması zamanı da istifadə edilir.

Şüa müalicəsi

Xərçəngin şüa terapiyası 2 halda:  xəstənin sağlamlıq vəziyyəti cərrahi əməliyyatın keçirilməsinə imkan vermədikdə və ya şiş aradan götürüldükdən sonra residivin qarşısını almaq məqsədilə tətbiq  olunur. Beyin xərçənginin son mərhələlərində şişin cərrahi olaraq aradan qaldırılması  az effektivdir, bu zaman müalicənin əsas metodu olaraq şüa terapiyasından istifadə olunur. Baş beyin şişlərini müşayiət edən xroniki xəstəliklərin, ürək-damar patologiyalarının mövcudluğu cərrahiyyə müdaxiləsi üçün əks-göstəriş ola bilər. Digər hallarda, şüa terapiyası şişin aradan qaldırılması  əməliyyatından sonra orqanizmdə qala bilən anormal hüceyrələri məhv etmək üçün istifadə edilə bilər.

Şüalanma dozasını  mütəxəssis fərdi olaraq təyin edir. Şüanın təsiri şişin ətrafındakı toxumalara zərərini  minimuma endirmək üçün yerli olaraq həyata keçirilir. Radioterapiya üçün, şişin tipini, yerini və  ölçüsünü nəzərə almaq çox vacibdir. Radioterapiyanın 2 üsulu tətbiq olunur:

  • Braxiterapiya – stasionar müalicə zamanı həyata keçirilir. Şiş toxumasına radioaktiv maddə yeridilir, bu da onu içəridən məhv edir. Aşılanan radioaktiv maddənin dozası  elə hesablanır ki, şişləri  məhv etdiyi halda, sağlam toxumalar zədələnməsin.
  • Xarici radiasiya müalicəsi – bir neçə həftə ərzində həyata keçirilir və bu zaman xəstə yüksək radiasiya dozası ilə bir neçə dəqiqə ərzində şüalanır. Seanslar həftədə 5 gün keçirilir, xəstəxananı yalnız müəyyən vaxt ziyarət etmək olar, sonra xəstə evə gedir.

Kimyəvi terapiya

Kimyəvi  terapiya xərçəngin müalicəsinin əsas üsullarından hesab edilir. Onun təsir effekti  şiş toxumasına deyil, bütün orqanizmə təsir göstərir. Müalicə planını  həkim-mütəxəssis tərtib edir. Kimyəvi terapiyada istifadə оlunan dərmanların sırasına  antimetabolitlər, alkilləşdirici qrupun preparatları,  sintetik antibiotiklər və s. aiddir.  Müalicə kursu  aralarında fasilə vermək lazım gələn bir neçə  dövrdən ibarətdir. Preparatlar daxilə qəbul edilir, ya da inyeksiya və ya likvor şuntu vasitəsilə xəstənin orqanizminə yeridilir. 3-4  dövrdən sonra terapiyanın effektivliyini qiymətləndirmək üçün fasilə verilir.

Kimyəvi  terapiyanın təhlükəli tərəfi  qanyaradıcı  orqanlara, həzm sisteminin epitelinə və digər üzvlərə mənfi təsir göstərməsidir.

 

Proqnoz və profilaktika

Baş beynin  kiçik ölçülü  və lokalizasiyası cərrahi üsulla aradan qaldırılmaq üçün əlverişli olan xoşxassəli şişləri üçün proqnoz nikbindir.  Lakin, onların əksəriyyəti residiv verməyə meylli olduğundan, təkrari əməliyyatı tələb edə bilər. Beyinə edilən hər cərrahi müdaxilə onun toxumalarının travmatizasiyasına səbəb olur və bu da davamlı  nevroloji  çatışmazlığa gətirib çıxarır. Bədxassəli, cərrahi əməliyyat üçün çətin lokalizasiyalı, böyük ölçülü və metastatik xarakterli şişlər radikal şəkildə aradan qaldırıla bilmədikləri üçün əlverişsiz proqnoza malikdir. Proqnoz, həmçinin  xəstənin yaşından və orqanizminin ümumi vəziyyətindən də asılıdır. Ahıl  yaş və  yanaşı  gedən patologiyanın (ürək çatışmazlığı, xroniki  böyrək çatışmazlığı, şəkərli diabet və s.) varlığı cərrahi müalicənin aparılmasını  çətinləşdirir və nəticələrini pisləşdirir.

Serebral şişlərin ilkin profilaktikası  xarici mühitin onkogen təsirlərinin aradan qaldırılmasından,  digər orqanların bədxassəli şişlərinin erkən aşkarlanması  və metastazın qarşısını almaq üçün onların radikal müalicəsindən  ibarətdir. Residivlərin qarşısının alınması tədbirləri insolyasiyaların, kəllə-beyin travmalarının, biogen stimullaşdıcı  preparatların istifadəsinin istisna edilməsindən ibarətdir.

 

Digər məqaləmiz:

https://nevropatologiya.az/wp-admin/post.php?post=217&action=edit

 

 

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2018-ci ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq