Exoensefaloqrafiya (ExoEQ)

Exoensefaloqrafiya (ExoEQ) – ultrasəs neyrofizioloji diaqnostik metodu olub, baş  beynində  patoloji dəyişikliklərin  mövcudluğunu qiymətləndirməyə  və diferensiasiya etməyə  imkan verir. Bu müayinə üsulunun adı, yunan  mənşəli “echo” (əks-səda),  “encephalon” (baş beyni)  və “grapho” (yazmaq, təsvir) sözlərindən kötürülmüdür  və  “baş beynin əks-sədasının yazısı” mənasını  verir. Exoensefaloqraiya  MRT, KT, EEQ, REQ, USDQ  və  serebrospinal mayenin analizi ilə  birlikdə sinir sisteminin xəstəliklərinin diaqnostikasının əsasını təşkil edir.

 

Metodun tarixi                           

İlk dəfə  əks  olunan ultrasəsdən  istifadə olunması,  İsveç  alimi  Lars  Leksel  tərəfindən 1956-1958-ci  illərdə  həyata  keçirilmişdir. L. Leksel,  öz  tədqiqatında  əsas  diqqəti, orta  beyin strukturlarından  əks  olunmuş  exosiqnalın  vəziyyətinə  yönəltmişdi.  Sonradan digər alimlərin: İ. A. Skorunski (1965),  D.İ.  Panchenko (1966),  A.L. Lifşits (1968),  V.E. Qreçko (1970) və  digərlərinin  apardıqları  çoxsaaylı  tədqiqatlar, bu  metodun təklilləşdirilməsinə öz  töhfəsini vermişdir.

Hal-hazırda anesteziya tələb  etmədiyi  və  tamamilə zərərsiz  olduğu  üçün  pediatriyada ExoEQ-nın tətbiqinə  üstünlük  verilir. Fiziki  parametrlərin (güc, tezlik, dalğa  uzunluğu) adekvat dərəcədə  seçilməsi  zamanı,  bədən  toxumalarının  zədələnməsi  riski  tamamilə inkar  edilir. Exoensefaloqrafiya heç  bir  əks-göstərişə  malik deyil, istifadə üçün  asandır, yüksək  dərəcədə informativdir.

Exoensefaloqrafiya – fiziki  xüsusiyyətləri  ilə  fərqlənən  mühitlərin sərhəddindən əks  olunan ultrasəs  siqnallarının  köməyilə  kəllədaxili  struktur  pozuntuların  aşkar  olunması   metodudur. Ultra-yüksək  tezlikli  elektrik dalğalarının  generatorunun  köməyilə  xəstənin  başına  qoyulmuş pyezoelektrik  lövhə,  dalğavari  hərəkətə  gətirilir. Mexaniki  ultrasəs  vibrasiyası  başın daxilində  və  mühitlərin  hüdudlarında (sümük – başın  dərisi, beyin – serebrospinal maye, beyin  maddəsi – damar  formasiyaları  və s.) yayılır.  Ultrasəs  qismən  əks  olunur  və  onun başda  yayılması  dövründə  qəbul  rejimində  işləyən  pyezolövhəciyə  qayıdır.  Zondlayıcı ultrasəs  impulsunun  göndərilmə  anını  və  əks  olunmuş  siqnalın  qayıtma anını bilməklə, siqnalı  əks  etdirən  struktura  qədər  olan  məsafəni  böyük  dəqiqliklə  hesablamaq olar.  Əldə olunmuş  exosiqnal, elektrik  siqnalına çevrilir  və  osilloqrafın  ekranında  üfüqi  cizgi  şəklində təsviri  alınır. Exoensefaloqrafın  üfüqi  şkalasında,  beyin  toxuması  millimetrlərlə dərəcələnmişdir, odur  ki,  əks  olunan  kəllədaxili  strukturlaradək  olan  məsafə,  şkaladan birbaşa  saymaqla  müəyyən  edilir.

Beynin  bir  gicgah sümüyündən  digərinə  qədər  köndələn  zondlamasının normal exoensefaloqramı  aşağıda  sadalanan  əsas  siqnallardan  ibarət  olur:

  • Başlanğıc kompleks – pyezolövhəciyin  sərbəst  sönən  vibrasiyaları  və  başın yaxınlıqdakı örtükləri  və  gicgah  sümüyündən  gələn  exosiqnallarla birləşən  göndərilmiş  ultrasəs impulsuna  müvafiq  olan  xətlə  təmsil olunmuşdur.
  • M – exo, III  mədəciyin divarlarından və epifizdən  əks  olunan  siqnalı  təmsil edir. Bu  siqnal  əsas  diaqnostik  əhəmiyyət  daşıyır, çünki onun  orta  xəttdən  kənara  çıxması, orta  strukturların  beynin  orta  xəttinə  nisbətən yerdəyişməsinin bir  göstəricisi  hesab olunur.
  • Yekun kompleks –  əks  tətəfdən  kəllənin divarından  və  başın  örtüklərindən əks  olunan  exosiqnallardan  formalaşır.

Bu  3 əsas siqnal arasında tək-tək  və  ya  çoxsaylı  kiçik  amplitudlu siqnallar müşahidə olunur  ki,  onlar  da  yan  mədəciklərə,  lateral (Silvi)  şırımına və  adacıq  payına  uyğundur.

 

Müayinənin  keçirilmə  metodu

Ultrasəs siqnalı,  basin  örtük  toxumalarından, kəllə  sümüklərindən, baş  beyin maddəsindən asanlıqla keçir  və bərk  və  maye  halında  olan  maddələrin sərhəddində (beyin parenximası  və  serebrospinal maye, qan) onun  əks  olunması  baş  verir  ki, bu da qeydə alınır.

Normal  inkişaf etmiş  baş  beynində  başın səthi  toxumalarından orta  strukturlara  qədər olan  məsafə, hər  iki  tərəfdə  eynidır. Müvafiq  surətdə, patologiyalar  zamanı  bu  məsafə dəyişilmiş olur.

Müayinənin aparıldığı  otaqda heç  bir  xüsusi  hazırlıq (işıq  və  səs  izolyasiyası, elektromaqnit  şüalanmasından mühafizə) tələb  olunmur. Müayinəni  tibbi  müəssisədən kənarda, ambulator  şəraitdə  də,  exoensefaloskop üçün  avtonom enerji  mənbəyi  mövcud olduqda  həyata  keçirmək  olar. Exoensefaloskopiyanı  icra  edərkən,  müayinə  olunan  şəxs uzanmış  və  ya  oturmuş  vəziyyətində  ola  bilər. Müayinə  zamanı   0,88  və  ya  1,76  MHz tezlikli  zonddan  istifadə  olunur.

Həkim  xəstənin başının arxasında dayanır  və  aşağıdakı  hərəkətləri  icra  edir:

  • cihazı öz  qarşısında qurur  və  sensorları  qulaq  seyvanlarının  üzərində  yerləşdirir;
  • xəstənin başını  nəzərdən  keçirir  və  palpasiya  edir, asimmetriyanın, kəllənin deformasiyalarının, dərialtı  hematomaların  və    mövcudluğuna  diqqət  yetirir;
  • lazımi akustik  kontaktı  dəstəkləmək  üçün  başın  dərisinə  kontakt  geli və  ya  vazelin yağları  sürtür;
  • havanın ultrasəsə  çox  yüksək  müqavimət  göstərməsini  nəzərə  alaraq, sensorun quraşdırılmasından əvvəl,  basin toxumalarına maksimal dərəcədə  toxunmasını təmin etmək  üçün  o, kontakt  maddə  ilə (qliserin  və  ya  vazelin  yağı,  xüsusi kontakt  geli) bolluca  emal olunmalıdır.

Müayinənin  dəqiqliyi  üçün  ExoEQ  bir  neçə  dəfə  icra  olunur. Alınan  nəticələrin  analizi, bir  qayda  olaraq, 30  dəqiqədən  artıq  vaxt  aparmır.

Patologiyanın  klinik  cəhətdən  ən  əhəmiyyətli  və  həssas  exoensefaloskopik əlaməti, baş beynin  median  strukturlarının  həcmli  ocağın  əks  istiqamətində  yerdəyişməsidir. Baş  beynin təbii  asimmetriyasının mövcudluğunu  və  ölçmə  səhvini  nəzərə  alaraq,  1,5-2 mm-dən  çox olmamaq  normanın  bir  variantı  hesab  edilməlidir. Lakin, əgər  hətta  kiçik  bir  yedəyişmə (göstərilən  ölçülərdən  çox  olmayan),  klinik  şəklin  xüsusiyyətlərinə  uyğun  gələrsə, təkrari exoensefaloqrafiya və  ya  daha  faydalı  ola  biləcək  tomoqrafiya  müayinəsi (KT  və  ya  MRT) ilə  birgə  dinamik  müşahidə  tövsiyə olunur.

Yerdəyişmənin səbəbləri:

  • böyük yarımkürələrin  şişləri;
  • parenximatoz qanaxmalar;
  • baş beynin absesi.

İşemik  insultlarda  M-exonun  yerdəyişməsi  xeyli  nadir  hallarda müşahidə edilir.

Perifokal  ödemlə müşayiət  olunan patoloji  proseslərdə  yerdəyişmənin  ölçüsü  artır.  Eyni zamanda, hər  iki  beyin  yarımkürəsində  həcmli  simmetrik  patoloji  ocaqların  varlığının (“güzgülü”  hematomalar) mümkün olmasını  da  yadda saxlamaq  vacibdir.

ExoEQ  müayinəsi  nəticəsində aşağıda sadalanan halları  aşkar  etmək  mümkündür:

  • kəllədaxili təzyiq;
  • beyin ödeminin lokalizasiyası;
  • hidrosefaliya;
  • şişlər;
  • hematomalar;
  • baş beynin  inkişafının anomaliyaları – mədəciklərin  işində  pozuntular, strukturlar;
  • abseslər;
  • sistlər;
  • yad cisimlə

 

Baş  beynin  ExoEQ  müayinəsi,  xəstədə  aşağıda sadalanan simptomlar və  xəstəliklər müşahidə  edildikdə təyin  olunur:

  • tez-tez qeyd  olunan  başgicəllənmə  halları;
  • intensiv baş ağrıları;
  • huşun və  ya  müvazinətin  itirilməsi;
  • kəllə-beyin travmaları;
  • dəyişikliklərin dinamikasını  izləmək  lazım gəldikdə,  artıq  diaqnozu  qoyulmuş beyin  ödemi,  hematomalar, abseslər;
  • kəllədaxili hipertenziya;
  • beynin işemiyası;
  • insult;
  • xəstədə havanın  çatışmazlığı  hissiyyatı;
  • kəkələmə;
  • müxtəlif növ  yuxu  pozulmaları;
  • VDD (vegetativ-damar distoniyası);
  • hipofizin adenoması;
  • tinnitus (qulaqlarda küy);
  • boynun zədələnməsi;
  • Parkinson xəstə

 

ExoEQ müayinəsi aşadakı  hallarda uşaqlar üçün də təyin edilə bilər:

  • hiperaktivlik və diqqət  çatışmazlığı əlamətləri  olarsa;
  • başin travmaları;
  • əzələlərin hipertonusu;
  • ləngimiş fiziki  inkişaf  müşahidə edildikdə;
  • enurez olarsa;
  • sinir tiki  və  ya  kəkələmə

Normal  halda  sağdan  və  soldan  zondlama  nəticəsində  əldə  edilən  ExoEQ, demək  olar ki, identik olur ki, bu da  beynin simmetriyasına uyğun  gəlir. Diaqnostikanın əsas  meyarı, sağ  və  sol tərəfdə  ölçülmüş olan  M – exo-ya  qədər  məsafələr  hesab olunur. Normada  bu  məsafələr  eynidır;  başının  ölçüsündən  asılı  olaraq,  yetkinlik  yaşına  çatmış şəxslərdə  65-80  mm təşkil  edir  və  2  mm-dən  çox  fərqlənmir. Baş  beynin  yarımkürələrindən  birində  həcmli  proses  olduqda, III  mədəcik  və  epifiz  zədələnmiş yarımkürəyə  doğru  sıxılır  ki,  nəticədə  zədələnmiş  tərəfdə  M – exo-dək  məsafə  daha  böyük  olacaq, sağlam tərəfdən  isə  eyni  miqdarda  azalacaq. Həcmli  törəmə  və  onu müşayiət  edən  beyin  ödeminin  ölçüləri  nə  qədər  böyükdürsə,  yerdəyişmə  də  bir  o qədər çox  olacaq. Bədxassəli  şişlər  daha  böyük  yerdəyişməyə  səbəb  olur. İntrakranial törəmələr,  ekstrakranial  törəmələrə  nisbətən  daha  çox  yerdəyimə  verir. Bəzən  şişlərdən, xüsusilə  də  sistlər  və  onların  kalsifikasiyası  hallarında,  exosiqnalların alınması  mümkündür, lakin  yanaşı  olaraq  M- exonun  yerdəyişməsi  olmadıqda, bu  exosiqnallar, şişin diaqnostik  əlaməti  hesab edilə  bilməz.

Postravmatik  laterallaşmış  supratentorial  subdural  və  epidural  hematomalar da yerdəyişməyə  səbəb  ola  bilər. Travmadan  sonrakı,  adətən  böyük  ölçülərə  malik olan (4-8 mm) belə  bir  yerdəyişmə,  xüsusilə  də  artırsa, neyrocərrahi  müdaxilə  üçün  bir  göstəriş hesab  olunur. Bəzən  hematomanın hüdudlarından əks olunan  exosiqnalı  qeydə  almaq mümkün olur. Beyin  əzilməsi  zamanı, ödem  səbəbindən  yaranan  yerdəyişmə,  adətən  daha kiçik  ölçülü (3  mm-dən  az)  və  1-2  sutka  ərzində  geriyə  inkişafa  meylli  olur.

 

Şəkil.  ExoEQ normal halda (solda) və beyindaxili şiş zamanı (sağda).

D – sağ gicgahda sensorun yerləşməsi  zamanı  Exo EQ; S – sol gicgahda: 1 – ilkin kompleks, 2 – M -exo, 3 – yekun kompleks. Norma halda (solda) sağ və sol ExoEQ bir-birinə identikdir  və müayinə zamanı M -exoya qədər olan məsafə sağ və sol tərəflərdə eynidir. Beyinin sağ yarımkürəsində şiş olduğu zaman (şəkilin sağ tərəfi), orta strukturların yerdəyişməsinə müvafiq olaraq, sağ tərəfdən müayinə ararakən (d) M – exo təsvirin açılışından daha uzaq, sol tərəfdən müayinə apararkən isə (s) daha yaxın yerləşir (N.N. Yaxno, D.R. Ştulman və əməkdaşları).

 

Məhdud  meninqoensefaliitlərdə də  M –exonun  yerdəyişməsi  müşahidə olunur  ki, bu  da beyin  abseslərində  maksimuma (12-14  mm) çatır. Sonuncu  halda  həmçinin, abses boşluğunun divarlarından siqnalların alınması da  mümkündür.

Kəllədaxili  qanaxmalarda  M -exonun  böyük  və  sabit  yerdəyişməsi  müşahidə  edilir. Bu yerdəyişmə,  beyin  maddəsi  ilə  qanın  sərhəddindən  əks  olunan  əlavə  çoxsaylı exosiqnallarla  müştərək  halda  qeyd  olunur. İşemik  insultlarda  yeryerdəyişmə, bir qayda  olaraq, baş  vermir  və  perifokal  ödem  halında  isə  o,  cüzi  olur  və  tez  bir  zamanda geriyə  inkişaf  edir.

Baş  beynin  bir  yarımkürəsində  atrofik  proseslər  zamanı, onun  həcminin azalması  səbəbindən  M- exonun  yerdəyişməsi  zədələnmiş  tərəfə  doğru  yönəlmiş  olur  ki, bu  da zədələnmənin  onkoloji  xarakterli  olmadığını  göstərir.

ExoEQ-nin  bəzi  xüsusiyyətləri  daxili  hidrosefaliyanın olmasını  ehtimal  etməyə  əsas  verir. Normada  M -exo  dar  bir  zirvə  formasına  malik olur. III  mədəcik  genişlənən  zaman  bəzən onun  hər  bir  divarından  ayrıca  exo  almaq  olur. Bunun  nəticəsində  M – exo  2  dişciyə bölünür  ki,  onlar da  bir-birindən  mədəciyin  divarları  arasındakı  məsafəyə  uyğun  məsafədə yerləşmiş  olur.

Hidrosefaliyanın  əlaməti  olaraq,  M –exonun  dişciklərinin  bir-birindən  7-8  mm  məsafədə aralanması  hesab  edilir. Daxili  hidrosefaliyanın digər  bir  meyarı,  çoxsaylı  əlavə  yüksək amplitudlu  exosiqnalların meydana  çıxmasıdır. Lakin, hidrosefaliyanın qeyd  olunan əlamətlərinin  qiymətləndirilməsində, onların  müəyən  dərəcədə  subyektiv  xarakter daşımasını   nəzərdən  qaçırmaq  lazım deyil. Hidrosefaliyanın diaqnostikasında  ExoEQ-nin məlumatları  ilə  KT  və  MRT  müayinələrindən  əldə  olunan  məlumatların  üst-üstə  düşmə tezliyi  kifayət  etmir  ki,  ExoEQ-nin məlumatları  tam şəkildə  etibarlı  hesab edilsin.

ExoEQ  həmçinin, anevrizmalar  və  damar  malformasiyalarından gələn  exosiqnalları da qeydə  almağa  imkan  verir.

Subaraxnoidal  qanaxma hallarında, yerli  klinik  məlumatların olmaması  zamanı  ExoEQ-nin məlumatları, angioqrafiya  müayinəsini  aparmaq  məqsədilə  kontrast  maddənin  yeridilməsi  üçün  optimal tərəfi  seçməyə  kömək  edir.

Lateral  exosiqnalların müəyyənləşdirilməsinin  çətinliyi, diaqnostika prosesində  onların yalnız  köməkçi  əhəmiyyət  daşımasına səbəb olur. ExoEQ  müayinəsində  əsas  və  etibarlı  diaqnostik  meyar,  M – exonun  vəziyyətinə  əsasən  orta  strukturların  yerdəyişməsinin müəyyən  edilməsidir. Ucuzluq,  sadəlik,  müayinənin  sürətlə  aparılması, hər  hansı  bir məhdudiyyətin  və  ya  əks-göstərişlərin  olmaması  və  istənilən  şəraitdə  müayinə  aparmağa imkan  verən  cihazların  portativliyi,  kəllədaxili  həcmli  zədələnmələrin  fövqəladə diaqnostikasında  exoensefaloqrafiyanın  yerini  müəyyənləşdirir (L.R. Zenkov, 1991).

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/17/bas-beynin-sisl%c9%99ri/

https://nevropatologiya.az/2021/09/11/k%c9%99ll%c9%99-beyin-travmalari/

https://nevropatologiya.az/2021/09/04/insult/

 

 

 

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 02.10.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq