Nevroz

     Nevrozlar – ali sinir fəaliyyətinin psixogen mənşəli funksional pozuntularıdır. Nevrozların kliniki təzahürləri olduqca müxtəlifdir və somatik nevrotik pozuntuları, vegetativ pozuntuları, müxtəlif fobiyaları, distimiyanı,obsessiyaları, kompulsiyaları, emosional-mnestik problemləri  özündə birləşdirir. “Nevroz” diaqnozunu yalnız kliniki təzahürünə görə ona bənzər olan psixiatrik, nevroloji və somatik xəstəlikləri inkar etdikdən sonra qoymaq olar. Müalicə 2 əsas istiqamətdə: psixoterapevtik  və medikamentoz vasitələrlə aparılır.

     İlk dəfə olaraq “nevroz” termini  1776-cı  ildə Uilyam Kullen adlı  bir şotland həkimi tərəfindən təklif olunmuşdur. “Nevroz” termininin müəllifi bu ad altında orqanizmin hər hansı bir  üzvünün orqanik zədələnməsi ilə bağlı olmayan insan səhhətinin funksional pozuntularını nəzərdə tuturdu. XBT-10 üzrə nevrozların kodu F40-F48-dir.

     İ.P.Pavlov  öz fizioloji təlimi çərçivəsində nevrozu baş beyin yarımkürələrinin qabığında xarici qıcıqların gücünə və davametmə müddətinə görə qeyri-adekvat olması səbəbindən sinir proseslərinin həddən artıq gücə düşməsi nəticəsində ali sinir fəaliyyətinin xroniki uzun sürən pozulması  kimi müəyyən edirdi. XX əsrin əvvəllərində „nevroz“ kliniki termininin həm insanlara, həm də heyvanlara aid olaraq tətbiq edilməsi çoxlu müzakirələrə səbəb olmuşdur.

     Statistika

     Hal-hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə nevrozların müxtəlif formaları  ilə xəstələnmə hallarının getdikcə artması qeyd edilir. Mütəxəssislər bu faktı  ətraf mühitin get-gedə artan inkişaf tempi ilə əlaqələndirirlər. ÜST-nın məlumatına görə, son 65 ildə dünyada nevrozla xəstələnmə halları  20 dəfədən çox artmışdır. Nevrozların epidemioloji tədqiqatlarının nəticələri bu problemin təkcə tibbi deyil, həm də sosial-iqtisadi əhəmiyyətini göstərir: nevrozların sayı hər 1000 nəfərdən 20-25-nə bərabərdir. Orta hesabla şəhər əhalisinin  20-30%-i,  kənd əhalisinin isə 10-15%-i nevrozdan əziyyət çəkir. Psixi xəstəliklər arasında nevrozların payı  20-25%-dir. Ümumilikdə, tibbi praktika müxtəlif poliklinikalar və xəstəxanalarda olan xəstələrin 40%-nin  nevrozlardan əziyyət çəkdiyini aşkar etmişdir. Nevroz xəstəliyilə bağlı  aparılan araşdırmalar nevrotik pozuntuların 30 yaşdan yuxarı kişi və qadınlarda daha çox rast gəlindiyini göstərir. Adətən qadınlarda nevroloji xəstəliklər kişilərə nisbətən daha  ağır şəkildə təzahür edir. Həmçinin  qadınlar arasında nevrozun isterik  növünun daha çox rast gəlinməsi qeyd olunmuşdur.

     Nevrozlar haqqında  elmi nəzəriyyələr

 
     Hal-hazırda psixotravmatik amillərin rolu ümumi olaraq qəbul edilir. Müxtəlif psixiatrik məktəblərin nümayəndələri tərəfindən irəli sürülən nəzəriyyələr çox fərqlidir və bəzən bir-birinə tam əkslik təşkil edir.
Psixoanaliz.  Z. Freyd: Onun konsepsiyası nevrozların psixogen mənşəyinin postulatına əsaslanaraq, onların konkret  simptomlarının simvolik şəkildə şəxsiyyətdaxili münaqişənin mahiyyətini ifadə etdiyini – xəstənin keçmiş həyatında mövcud olan problemlərin nəticələri olmasını  iddia edir. Nevroz – qadağan edilmiş meyllər və psixoloji müdafiə arasında kompromisin bir növüdür.
Ekzistensializm.  V. Franklın yazdığı  kimi, nevroz – həyatın mənasının itirilməsinin səbəb olduğu ekzistensial vakuumun nəticəsidir. Belə nevrozlara nusogen (nus – “məna” deməkdir) deyilir. Onların təbiəti insan psixikasının ən yüksək təzahürləri ilə bağlıdır. V. Frankla görə, nevrotik pozuntular həyatın mənasını əldə etməyin fərdi bir yoludur.
Humanistik istiqamət.  A. Maslou hesab edir ki, nevroloji  xəstəliklərin təbiəti insanın motivasion sferasının strukturunda yerləşir. Nevroz əsas ehtiyacların frustrasiyasının nəticəsidir. A. Masloun sözlərinə görə, tələbat nə qədər yüksək olarsa, frustrasiyanın vəziyyəti də bir o qədər böyük olur.
Nevrozun sosial nəzəriyyəsi.  C. Furst iddia edir ki, nevrozların səbəbi – cəmiyyətdə sosial bərabərliyin olmamasıdır – bu, ifrat dərəcədə  bir solçu yanaşmadır.  Bu nəzəriyyədə nevrozların formalaşmasında əsas səbəb sosial amildir.
Fizioloji yanaşma.  Xarici  zərərli amilin təsiri nevrozun əsas səbəbi olaraq qəbul olunur. Bu, beynin müəyyən bir patoloji vəziyyətidir. İnsanlarda nitq – baş beynin təşkilatçılığı ilə fəaliyyət göstərən  ikincili siqnal sistemidir. Bundan psixoterapiya üçün əhəmiyyətli bir nəticə çıxır: sözün təsiri  ilə ali sinir fəaliyyətini  yenidən qurmaq olar. Nevroz  üçün bu xəstəliyə yüksək konstitusional meyli sübut edən genetik tədqiqatlar da böyük əhəmiyyət daşıyır.
     Rus alimlərinin fikrincə, nevroz – insanın onu əhatə edən gerçəkliklə xüsusi əhəmiyyət kəsb edən bir əlaqəsinin pozulması nəticəsində ortaya çıxan psixogen bir xəstəlik olaraq qəbul edilir. Nevroz psixi xəstəliklərin olmadığı halda özünü xüsusi psixoloji vəziyyətlərlə göstərir. Nevrozun patogenezində  psixotravma mühüm rol oynayır. Neuroz – travma yaradan şəraitə uyğunlaşma qabiliyyəti kimi qəbul edilir. Nevrozda klinik təzahürlərin məzmunu psixotravmanın mahiyyətini əks etdirir.

     Nevroz – sosial statusundan, təhsil səviyyəsindən, maddi təhlükəsizliyindən, ailə vəziyyətindən asılı  olmayaraq müxtəlif yaşlarda olan kişilərdə və qadınlarda baş verə bilər. Həyatın təbii bioloji  mərhələlərində: yetkinlik dövründə və bədən funksiyalarının sönməsi mərhələsində olan şəxslər nevroloji  xəstəliklərin inkişafının xüsusi bir qrupunu təşkil edirlər.

     Uşaqlarda nevrоz tez-tez pubertat dövrdə qeyd olunur. Bu dövrdə hormonal fonda kəskin dəyişikliklər yeniyetmələri  müxtəlif həyat hadisələrinə xüsusilə həssas edir. Lakin uşaqlarda çox vaxt nevroz  öz-özünə keçib gedir və təhlükəli və uzun sürən ruhi xəstəliklərin inkişafına gətirib çıxarmir. Eyni zamanda qocalığın yaxınlaşması  zamanı  yaşlı  insanlarda meydana çıxan nevroz, özündə müxtəlif ruhi pozuntuların  inkişafı  təhlükəsini  daşıyır və tez-tez daxili orqanların xəstəliklərinə səbəb olur.

     Nevroz nəyə gətirib çıxara bilər?

     Nevroz ən çox hallarda xəstənin zehni fəaliyyətinin enməsinin, fiziki dözümünün və məhsuldarlığının azalmasının, əmək qabiliyyətinin pisləşməsinin səbəbi olur. Bundan əlavə, nevrozun inkişaf etməsi xəstədə açıq-aşkar xasiyyətin mənfi cəhətinin ifadə olunmasına: münaqişələrə meylliyə, tez qıcıqlanmaya, təcavüzkarlığa gətirib çıxarır ki, bu da nəticədə onun cəmiyyətdə təmaslarının məhdudlaşmasına və sosial qruplarda əlaqələrinin pisləşməsinə səbəb olur. Vaxtında və ya düzgün aparılmamış müalicə nəticəsində nevroz psixotik pozuntulara çevrilə bilər ki, bunlar üçün də xəstənin şəxsiyyətinin strukturunun dəyişiklikləri xarakterik olur.

     XBT-10-da “nevroz” termini əvəzinə ” nevrotik pozuntu ” ifadəsindən istifadə edilmişdir. Lakin müasir dövrdə “nevroz” anlayışından ali sinir fəaliyyətinin xroniki və ya kəskin stressin təsirindən yaranan psixogen pozuntularını  ifadə etmək məqsədilə çox istifadə olunur. Bu xəstəliklər digər etioloji faktorların (məsələn, toksiki təsirlər, travmalar, keçirilmiş xəstəliklər) təsiri  ilə əlaqəli olduqda, o zaman onları  nevrozabənzər sindromlara aid edirlər.

     Nevrozun səbəbləri

     Nevrozun olduqca aktual bir problem olmasını nəzərə alaraq, bu xəstəliyin bir çox səbəblərin birləşməsindən yaranan vəziyyətlər kateqoriyasına aid olduğunu başa düşmək lazımdır. Nevrozların etiologiyasını  müəyyən edərkən, bir qayda olaraq, hansısa bir səbəbin ayırd edilməsi çox çətindir. Lakin məhz sinir pozuntusunun etiologiyasının müəyyən edilməsi istənilən növ nevrozun müalicəsində çox əhəmiyyətli bir mərhələ hesab edilir.

     Bioloji səbəblər:  irsiyyət və konstitusiya

     Psixiatrların verdiyi məlumata görə, adətən 100 xəstədən 20-yə qədərinin valideyni nevrozdan əziyyət çəkib. Hələ ki, konkret bir “nevroz geni” aşkar edilməmişdir, lakin bu xəstəliyin etiologiyasında genetik meyllər ciddi şəkildə vurğulanır. Məsələn, nevroza tutulma ehtimalı əkizlərdə çox yüksəkdir. Əgər əkizlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, bu problemin başqa əkizlərə təsiri olacağı ehtimalı 45%-ə bərabərdir.

     Bioloji səbəblərə insan orqanizminin konstitusiyası da aid edilir. Tədqiqatlar müəyyən edib ki, hiperstenik və ya asteniklər normosteniklərə nisbətən nevrozla daha çox xəstələnirlər. Həmçinin qadınların və uşaqların bu xəstəlikdən daha çox əziyyət çəkdikləri sübut edilmişdir.

     Şəxsiyyətin xarakteri

     Nevrozların yaranmasına xəstənin xasiyyəti, həmçinin onun şəxsiyyətinin müəyyən psixo-fizioloji  xüsusiyyətləri təsir göstərir. Məsələn, nevrasteniya xəstələri üçün yüksək dərəcəli məsuliyyətlilik, başqalarının tənqidinə həssas yanaşmaq xarakterikdir. İsterik nevrozdan əziyyət çəkənlərdə çox vaxt  özünə həddən artıq yüksək qiymət vermək və eqoizm müşahidə edilir. Sayrışan hallar nevrozu olan xəstələrdə özünə  inamsızlıq və xarakter zəifliyi mövcud olur. İnsanın xasiyyəti və onun həmin şəxsin həyatında baş vermiş hadisələrə necə təsir etməsi nevroz kimi bir xəstəliyin meydana gəlməsində əhəmiyyətli rol oynayır.

     Uşaqlıqdan gələn problemlər

     Nevrozların etiologiyası, bu xəstəliyin inkişafı  üçün bir ön şərt kimi, həmçinin uşaqlıq dövründə baş verən psixi travmaları  qeyd edir. Bu, yaxın adamların itkisi, ailədə münaqişələr və narahat vəziyyət, məktəbdə alınmış psixoloji travma və s. ola bilər. Çox vaxt nevrozu olan insanlar heç ağıllarına belə gətirmirlər ki,  xəstəliklərinin əsl səbəbi onların uşaqlıq dövründə gizlənmiş olur.

     Psixogen amillər

     Nevrozun əsas səbəbi (klinik variantın inkişafından asılı olmayaraq) stressə səbəb olan psixi travmadır. Ən çox bu, əvəzsiz bir itki (yaxın adamın ölümü), əmlakın əldən çıxması, səhhət  və rifah  üçün təhlükə (ciddi xəstəlik, məhkəmə istintaqı  barəsində xəbər), alçaldılma, iş yerinin itirilməsi, həyat və əmək fəaliyyəti  üçün dözülməz şəraitin yaradılması  olur. Lakin xəstəlik əlverişsiz bir vəziyyətə birbaşa və dərhal reaksiya kimi yaranmır. Həmin şəxs vəziyyəti yenidən təhlil edir və əgər o, bunun öhdəsindən gələ bilmirsə, xəstəliyin tədricən inkişafı  başlayır. Bəzən xəstə təhtəlşüurunda baş verənlər barəsində heç şübhələnmir də.

     Sosial-psixoloji amillər

     Nevrozun yaranmasının sosial səbəbləri altında ilk növbədə insanın peşəkar fəaliyyəti nəzərdə tutulur. Bu, xəstənin beyninin məlumatlarla həddən artıq yüklənməsi, eyni hərəkətlərin uzun müddət monoton şəkildə icrası  ola bilər. Eyni kateqoriyaya  ailə problemlərini, pis məişət şəraitini, iş yerində olan narahatlıqları,  şəhər nəqliyyatında basabasın olmasını  və digər səbəbləri  əlavə etmək olar. Bu xəstəliyin yaranmasının  ön şərtləri çox vaxt uşaqlıq dövründə baş verir. Onlar uşağın tərbiyəsi və yaşayış xüsusiyyətləri ilə bağlı  olur. Əgər bir uşaq daim nahaq yerə  təriflənər və onun mövcud olmayan keyfiyyətləri dəstəklənərsə, sonra  yetkin yaşına  çatdıqda əsl həyatın tələbləri qarşısında onun problemləri  yarana bilər. Eyni şəkildə, əgər valideynlər  övladlarının tərbiyəsində despotik modelə riayət etsələr, yaşlı  həyatında o, isteriyadan əziyyət çəkə bilər. Həm fiziki, həm də zehni  yorğunluq da nevrozların inkişafına təkan verə bilər.

     Orqanizmi zəiflədən xəstəliklər (arterial hipertoniya, mədə xorası, xroniki pielonefrit, dəmir çatışmazlıqlı anemiya), həmçinin müxtəlif infeksion xəstəliklər də nevrozun yaranmasına səbəb ola  bilər.

     Yetişə bilinməyən hədəflər, perfeksionizm

     Məhz bu amil çox vaxt nevrozun yaranmasına səbəb olur. Burada problem xəstənin məruz qaldığı  kədərin böyüklüyündə və ya həyatında az uğura nail olmaqda deyil, onun həyatdan daha çox şey  istəməsi, lakin müəyyən problemlər səbəbindən buna nail ola bilməməsində olur. Nevrozlara daha çox o şəxslər məruz qalır ki, onlar fəaliyyət göstərməyi sevir, daim  hərəkətdə olur, nəyəsə can atır, yerinə yetirə biləcəklərindən daha artığını  planlaşdırırlar. Lakin insan bilməlidir ki, onun bütün arzuları  həyata keçə bilməz. Məhz buna görə də insan həyatda öz qarşısına düzğün hədəflər qoymalıdır. Bu hədəflər nə qədər realistik olarsa,  onlara nail olmaq daha da asanlaşar və  nevroz “qazanmaq” şansı  xeyli azalmış olar.

     Nevrozların inkişaf mexanizmləri

     Şəxsiyyətin aksentuasiyası, onun psixoloji xüsusiyyətləri nevrozun inkişafında çox mühüm rol oynayır. Nevrozun patogenetik mexanizmləri çox vaxt onun klinik növləri (nevrasteniya, isterik nevroz, sayrışan hallar nevrozu) tərəfindən müəyyən edilir. İstənilən nevrotik vəziyyətin əsas səbəbi, təəssüratların kəskin şəkildə vurğulanmış emosionallıqla qarşılanması  ilə birgə çoxyönlü tendensiyalı  şəxsiyyətdaxili münaqişələrdir. Nevrozların inkişaf mexanizmini öyrənərkən, nəzərə alınır ki, nevrotik vəziyyətə yalnız itki, zərər, təhlükə və ya təhqir faktını  göstərən siqnallar deyil, həm də  birbaşa olaraq ehtiyacların ödənilməməsi səbəb ola bilər. Mütləq surətdə ödənilməsi tələb edilən insanın həyati  ehtiyacları  3 kateqoriyaya bölünür: 1) maddi – bioloji: fərdi və ya ailəvi mövcudluğu (yemək, yaşayış, geyim) təmin etmək vasitələrinə ehtiyacın olması; 2) sosial: cəmiyyətdə müəyyən bir mövqe tutmaq, ətrafdakı  şəxslərin təqdirindən, diqqətindən, hörmətindən, məhəbbətindən yararlanmaq ehtiyacı; 3) ideal: onu əhatə edən aləmin və onun daxilində  öz yerinin dərk edilməsi  üçün  mənəvi, mədəni, informasiya ehtiyacları. Bütün bu  ehtiyaclar mürəkkəb fərdi  əlaqələri və ziddiyyətləri  ortaya çıxarır. Bu isə, öz növbəsində, şəxsiyyətin zehni  və funksional dezadaptasiyasına səbəb olur və  nevrozun formalaşmasına gətirib çıxarır.

     Nevrozun patogenetik aspektləri

     Nevrozun patogenezinin müasir konsepsiyası, onun inkişafında başlıca rolu limbik-retikulyar kompleksin, ilk növbədə  ara beynin hipotalamik şöbəsinin funksional pozuntusuna verir. Baş beynin bu strukturları  vegetativ, emosional, endokrin və visseral sahələr arasında daxili əlaqələrin və qarşılıqlı  fəaliyyətin təmin edilməsinə məsuliyyət daşıyır. Kəskin və ya  xroniki stressli vəziyyətin təsiri  altında baş beyndə inteqrativ proseslərin pozulması  və dezadaptasiyanın inkişafı  baş verir. Bu zaman beyin toxumalarında morfoloji dəyişikliklər müşahidə edilmir. Dezinteqrasiya prosesləri  visseral sahəni  və vegetativ sinir sistemini əhatə etdiyindən, nevrozun klinikasında psixi simptomatika ilə yanaşı, somatik simptomlar və vegetativ-damar distoniyasının əlamətləri də müşahidə olunur.

     Nevrozlarda limbik-retikulyar kompleksin pozuntuları  neyrotransmitter disfunksiyası  ilə müştərək şəkildə qeyd olunur. Belə ki, narahatlığın mexanizminin öyrənilməsi baş beynin noradrenergik sistemlərinin çatışmazlığını aşkar etmişdir. Belə güman olunur ki, patoloji narahatlıqlar benzodiazepin və QAYT (qamma-amin yağ turşusu)-ergik reseptorlarının anomaliyası  və ya onlara təsir edən neyrotransmitterlərin miqdarının azalması  ilə əlaqədardır. Həyəcanlı  halların müalicəsində benzodiazepin qrupundan olan trankvilizatorların effektivliyi  bu fərziyyənin doğru olmasını  bir daha təsdiq edir. Beynin serotonergik sisteminin fəaliyyətinə təsir göstərən antidepressantların müsbət effekti  beyin strukturlarında serotonin mübadiləsinin pozulması  ilə nevrozun patogenetik əlaqəsini göstərir.

     Nevrozların təsnifatı

     Xəstənin fərdi xüsusiyyətləri, orqanizmin psixofizioloji vəziyyəti və müxtəlif neyrotransmitter sistemlərinin disfunksiyanın spesifikliyi nevrozların klinik formalarının müxtəlifliyini müəyyən edir. Klassik nevrologiyada əsas nevrotik pozuntuların 3 növü ayırd edilir: nevrasteniyaisterik nevroz  və sayrışan hallar  nevrozu (obsessiv-kompulsiv pozuntu).

     Müstəqil nevroloji vahid olaraq, depressiv nevrozipoxondrik nevroz, fobik nevroz da fərqləndirilir. Sonuncu obsessiv-kompulsiv pozuntunun bir hissəsidir, çünki sayrışan hallar (obsessiyalar) nadir hallarda təcrid olunmuş xarakter daşıyır və adətən, obsessiv fobiyalarla müşayiət olunur. Digər tərəfdən, XBT-10-da həyəcanlı-fobik nevroz  “narahatlıq pozuntusu” adı ilə ayrıca olaraq qeyd edilmişdir. Kliniki təzahürlərin xüsusiyyətlərinə görə, onu panik hücumlar (paroksismal vegetativ böhranlar), generalizə olunmuş həyəcan pozuqluğu, sosial fobiyalar, aqorafobiya, nozofobiya, klaustrofobiya  və s. formalara təsnif edirlər.

     Nevrozlara həmçinin somatoform (psixosomatik) və post-stress pozuntuları da aid edirlər. Somatoform nevroz zamanı xəstənin şikayətləri somatik xəstəliklərin klinikasına (məsələn, stenokardiya, pankreatit, peptik xora, qastritkolit) tam uyğun gəlir, lakin keçirilən laboratoriya testlərinin, EKQ, qastroskopiya, ultrasəs, irriqoskopiyakolonoskopiya və s. ətraflı müayinələrin nəticəsində bu patologiyaların heç biri onda aşkar edilmir. Xəstənin anamnezində psixotravmatik vəziyyətin olması qeyd edilir. Stressdən sonrakı nevrozlar təbii fəlakətlərə, texnogen qəzalara, döyüşlərə, terror aktlarına və digər kütləvi faciələrə məruz qalan insanlarda müşahidə olunur. Onlar kəskin və xroniki növlərə bölünür. Birincisi, ötəri olur və faciəvi hadisələr zamanı  və ya dərhal onlardan sonra, bir qayda olaraq isterik tutma şəklində təzahür edir. İkincisi tədricən şəxsiyyət dəyişilməsinə və sosial dezadaptasiyaya (məsələn, “müharibə iştirakçısı” sindromu) gətirib çıxarır.

     Nevrozun inkişaf mərhələləri

     Nevroloji  pozuntular öz inkişaf dövründə 3 mərhələdən keçir. İlk 2 mərhələdə xarici təsirin, daxili səbəblərin və ya aparılan müalicənin təsiri altında nevrozun bu mərhələsi heç bir iz qoymadan aradan qaldırıla bilər. Psixotravmatik faktor uzun müddət təsir etdikdə, xəstənin ixtisaslı psixoterapevtik və / və ya dərman müalicəsi aparılmadığı  halda  üçüncü mərhələ yaranır – xəstəlik xroniki nevroz mərhələsinə keçir. Şəxsiyyətin strukturunda davamlı dəyişikliklər yaranır  ki, bu da hətta effektiv aparılmış müalicə  şəraitində belə davam edir.

     Nevrozun dinamikasında birinci mərhələ nevrotik reaksiyadır – qısamüddətli nevrotik bir pozuntu olub, 1 aydan çox davam etmir və kəskin psixotravma nəticəsində yaranır. Uşaqlar üçün tipikdir. Nadir bir vəziyyət olaraq, psixi mənada tamamilə sağlam olan insanlarda da müşahidə edilə bilər.

     Nevrotik pozuntunun daha uzun sürməsi, davranış reaksiyalarında baş verən dəyişiklik və xəstədə öz vəziyyətinin qiymətləndirilməsinin əmələ gəlməsi  nevrotik halın inkişafından, yəni əsl nevrozdan xəbər verir. 6 ay – 2 il müddətində müalicə olunmayan nevrotik vəziyyət – şəxsiyyətin nevrotik inkişafının formalaşmasına gətirib çıxarır. Xəstənin özü  və yaxınları  onun xarakteri  və davranışında əhəmiyyətli  bir dəyişikliyin yaranmasını  qeyd edir və baş vermiş vəziyyəti “onu dəyişiblər” ifadəsi ilə əks etdirirlər.

     Nevrozun ümumi simptomları

     Nevrozun müalicəsinə başlamazdan əvvəl, xəstənin vəziyyətini psixotik pozulmalardan aydın şəkildə fərqləndirmək lazimdir. Nevrozların ayırd edilməsi meyarları  aşağıdakılardır:

  • nevrozların formalaşmasında aparıcı  rolu psixogenetik amillər oynayır;
  • xəstə öz vəziyyətinin anormallığını dərk edir və nevrozun simptomlarını kompensasiya etmək üçün səy göstərir;
  • nevrotik pozuntular daim geridönən xarakterə malik olur;
  • xəstənin obyektiv müayinəsi zamanı onda şəxsiyyət dəyişikliyinin əlamətləri aşkar edilmir;
  • xəstənin öz vəziyyətinə tənqidi münasibəti saxlanmış olur;
  • yaranan bütün əlamətlər xəstəyə çətinlik hissi yaşadır;
  • xəstə öz həkimi  ilə əməkdaşlıq etməyə hazırdır, müalicədə uğur əldə etmək üçün səy göstərməyə çalışır.

     Nevroz əlamətləri arasında 2 böyük qrup fərqləndirilə bilər: psixoloji əlamətlər və somatik simptomlar. Onları  daha ətraflı  təsvir edək.

     Nevrozun psixoloji əlamətləri

  • xəstədə emosional sabitliyin olmaması;
  • aydın bir səbəb olmadan əhvali-ruhiyyənin tez-tez dəyişməsi;
  • xəstədə qətiyyətsizliyin və təşəbbüssüzlüyün yaranması;
  • adekvat özünüqiymətləndirmənin olmaması: bacarıqların həddindən artıq kiçildilməsi və ya öz qabiliyyətinin şişirdilməsi;
  • obsessiv (sayrışan) idarəolunmaz qorxunun yaranması;
  • həyəcan hissi, hər hansı bir pis hadisənin gözlənilməsi;
  • həddindən artıq əsəbiliyin, qıcıqlanmanın olması;
  • narahatlıq və tələsik hərəkətlər etməyə meyllilik;
  • ətrafdakılara qarşı  münaqişəyə və təcavüzkarlığa meyllilik;
  • baş verən hadisələrə tənqidi və saymazyana münasibətin olması;
  • şəxsi planlarında qeyri-müəyyənlik, istəklərin təzadlılığı;
  • vərdiş etdiyi həyat tərzində ən kiçik dəyişikliklərə həddindən artıq reaksiyanın verilməsi;
  • hər hansı  bir obyektiv səbəb olmadan ağlamağa meyllilik;
  • xofluluq, həssaslıq, təəssüratlılığın güclənməsi;
  • dəymədüşərlik, başqalarının sözlərinə haqsız irad tutulması.

     Nevrozun geniş yayılmış simptomlarından biri – psixotravmatik hadisənin üzərində diqqətin cəmləşməsidir. Xəstə daim baş verən hadisə barəsində fikirləşir, keçmişi təhlil edir və öz təqsirini təsdiqləməyə çalışır. Xəstə diqqətini müsbət fikirlər üzərində cəmləşdirə bilmir, çunki onun bütün düşüncələri həyatının mənfi anlarına tərəf yönəlmiş olur.

     Nevrozun bir əlaməti də xəstənin əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Xəstə vərdiş etdiyi  iş həcmini yerinə yetirə bilmir. Həmin şəxsdə əməyin keyfiyyət göstəriciləri aşağı  düşür. O, standart yüklərdən tez yorulur.

     Nevrozun geniş yayılmış simptomlarından biri – koqnitiv və mnestik funksiyaların pozulmasıdır. Həmin şəxsdə diqqətin cəmləşdirilməsində problemlər yaranır. Onun üçün yaddaşının dərinliklərindən tələb olunan məlumatların çıxarılması  çətinləşir. Xəstənin düşüncə qabiliyyəti zəiflədiyindən, o, verilən suallara cəld cavab verə bilmir.

     Nevrozun tez-tez rast gəlinən simptomlarından biri də xarici qıcıqlara həssaslığın artmasıdır. Xəstələr yüksək səslərə kəskin reaksiya verir və çox aşağı  küyləri  belə eşidə bilirlər. O, parlaq işığın təsirindən qıcıqlanır və günəş işığından özünü  narahat hiss edir. Nevrozun simptomlarından biri də meteohəssaslıqdır: xəstə hava şəraitinin dəyişilməsini ağır keçirir. Nevrozlu xəstə üçün iqlim zonalarının dəyişdirilməsi ağrılı  simptomların əhəmiyyətli dərəcədə kəskinləşməsinə səbəb olur.

     Nevrozun yayılmış simptomları  arasında  yuxu  ilə əlaqədar müxtəlif problemlərin olması xüsusi  yer tutur. Sinir sisteminin əhəmiyyətli dərəcədə oyanıqlığı  səbəbindən xəstənin vərdiş etdiyi vaxtda yuxuya getməsi çox çətinləşir. Yuxuya gedən xəstə dəhşətli  yuxularını  “izləmək” məcburiyyətində qalır. Səhər oyandıqda həmin şəxs  özünü  çox əzgin hiss edir, çunki  onun yuxusu  enerji  bərpasını  təmin etmir. Günün birinci  yarısında xəstə  özünü  əzgin və yuxulu hiss edir, amma nahardan sonra  onun vəziyyəti yaxşılaşır.

     Nevrozun geniş yayılmış əlaməıtlərindən biri  də müxtəlif fobiyaların (qorxuların) olmasıdır. Aşağıda nevroz  zamanı  ən çox rast gəlinən fobiyaların adları  sadalanır:

  • kardiofobiya – ürək xəstəliyindən qorxma;
  • kanserofobiya – xərçənk xəstəliyindən qorxma;
  • klaustrofobiya – qapalı  məkanlardan qorxma;
  • aqorafobiya – geniş məkanlarda, kütlə arasında olmaqdan qorxma;
  • aerofobiya – təyyarədə uçmaqdan qorxma;
  • kontrleptofobiya – cinsi təcavüzə məruz qalmaqdan qorxma;
  • hidrofobiya – sudan, suda boğulmaqdan qorxma;
  • helotofobiya – gülüş obyekti  olmaqdan qorxma;
  • mizofobiya – yoluxucu xəstəliyə tutulmaqdan qorxma;
  • maniofobiya – psixi xəstəliyə tutulmaqdan qorxma;
  • tanatafobiya – ölümdən qorxma;
  • yatrofobiya – həkimlərdən qorxma;
  • sosiofobiya – cəmiyyətdə nalayiq davranmaqdan, insanların pis fikirləşməsindən qorxma;
  • akrofobiya – hündürlükdən qorxma;
  • qamartafobiya (eozinofobiya) – günah işləməkdən qorxma və s.

     Ümumiyyətlə, fobiyaların 100-dən artıq növü mövcuddur.

     Nevrozun fiziki əlamətləri

     Nevrotik pozuntuların fiziki əlamətləri müxtəlif növ  vegetativ pozuntuları, nevroloji  qüsurları  və somatik problemləri əhatə edir. Nevrozun ən ümumi fiziki simptomları aşağıdakılardır:

  • sıxıcı  xarakterli “nevrastenik dəbilqəsi” adlanan xroniki  baş ağrısı;
  • ürək çatışmazlığı kimi qəbul edilən ürək nahiyəsində narahatlıq və ya ağrı hissiyyatı;
  • epiqastral zonada ağrı, mədədə ağırlıq;
  • başgicəllənmə, tarazlığın çətinliklə qorunması, yeriyərkən səndələmə;
  • qan təzyiqinin tez-tez dəyişilməsi;
  • gözlərin qarşısında “uçan nöqtələrin” görünməsi, görmə itiliyinin pisləşməsi;
  • əllərdə zəiflik və titrəmənin olması;
  • boğazda  “yumaq olması”  hissi, dərin nəfəs almaqda çətinlik, havanın çatışmaması hissi;
  • qida qəbulu vərdişləri pozuntuları – bulimiya, qidadan imtina, iştahanın pozulması;
  • müxtəlif dispepsik pozuntular;
  • hiperhidroz – həddindən artıq tərləmə;
  • ürək ritminin pozulması;
  • tez-tez sidik ifrazına ehtiyacın yaranması;
  • intim sahədə problemlərin ortaya çıxması – cinsi istəklərin azalması, cinsi əlaqəyə girməyin mümkün olmaması, eyakulyasiyanın tez baş verməsi, qadınlarda menstruasiya dövrünün dəyişilməsi.

     Bir çox hallarda nevroz kişilərdə impotensiyaya səbəb olur və qadınlarda hamilə qalmağı mümkünsüz edir. Nevroz tez-tez qastrit, pankreatit, xolesistit kimi müxtəlif somatik problemlərə yol açir. İnsanın nevrotik vəziyyəti arterial hipertoniya xəstəliyi və  ürək problemləri  ilə nəticələnə bilər. Buna görə nevrotik pozuntuların vaxtında müalicəsi – insanın möhkəm sağlamlığının və rifahının əsasını  təşkil edir.

     Nevrozun ayrı-ayrı növlərinin simptomları

     Nevrasteniya 
     Nevrozun çoxsaylı simptomları  mövcuddur, onların arasında eləsi vardır ki, xəstəliyin tam şəkildə təzahür etməsi mərhələsində bütün xəstələrdə müşahidə oluna bilər. Xəstəliyin başlanğıcında vegetativ pozuntular qeyd olunur, bu əlamətlər sinir-psixi sferanın həddən artıq yüklənməsinin ilk siqnalı  olur. Hətta əhəmiyyətsiz bir  həyəcan və ya yüngül fiziki gərginlik nəticəsində xəstələrdə taxikardiya, tərləmə, ətrafların soyuqluğu yaranır, yuxusu  itir, iştahı pisləşir. Həssaslığın həddindən çox artması  bəzən o qədər kəskin şəkildə ifadə edilir ki, xəstələr adi qıcıqlardan əziyyət çəkirlər. Gözlərin həssaslığı  o dərəcəyə çatır ki, xəstələr hətta adi, diffuz işıqdan qıcıqlanır, pəncərələri pərdələrlə bağlamağa məcbur olurlar; onlarda ani aclıq inkişaf edə bilər, həmçinin güclü  baş ağrıları  əmələ gəlir.
     Xəstəliyin növbəti  mərhələsində müxtəlif somatosensor pozuntular meydana çıxır, xəstədə daxili  orqanlar tərəfindən gələn duyğulara həssaslıq artır. Xəstələr temperatur dəyişikliklərini pis keçirirlər, onlar sərin havalarda titrəyir, istidə isə güclü şəkildə tərləyirlər. Qulaqlarda davamlı səs-küy duyğusu olur, onlar ürəyin, mədənin, bağırsağın işini  “hiss edirlər”. Bu hissiyyat xəstəni  “özünü dinləməyə”  təşviq edir, hipoxondik şikayətlərin dairəsi genişlənə bilər.
     Sonra  affektiv pozuntular – əhvali-ruhiyyənin pozulmaları  əlavə olunur. Çox əhəmiyyətsiz bir hadisə xəstələrin göz yaşlarına səbəb olur, onlar tez bir zamanda kədərlənir və ya qəzəblənir, ancaq qısa bir müddətdə sakitləşə və səbirsiz olduqlarına görə özlərini günahlandıra bilirlər. Xəstələr hər xırda bir şeyə görə narahat olurlar, əhəmiyyətsiz hadisələr səbəbindən fikir çəkirlər. Bir çoxlarında qıcıqlanmaq onların hiddətlənməsi və  özlərindən çıxması  ilə birləşir. Əhvali-ruhiyyə son dərəcədə qeyri-sabit olur. Hər bir əhəmiyyətsiz uğursuzluq xəstəni uzun müddətə tarazlıqdan çıxarır. 
     Zehni fəaliyyətdə də çətinliklər yarana bilər (oxumaq,  təhsil prosesində mühazirə materialını mənimsəmək və s. çətin olur), vacib bir şeyə diqqəti  yönəltmək çətinləşir və bu səbəbdən əmək məhsuldarlığı  aşağı  düşür. Diqqəti  cəmləşdirməyin çətinləşməsinə görə xəstələrdə mücərrəd anlayışlarla bağlı  yaddaşın pozulması  baş verə bilər.
     Nevrasteniyanın 2 variantı  var: 
     – əhəmiyyətli yüklənmələrə səbəb olan üzülmə nevrozu
     – psixotravmatik amillərin təsirindən yaranan reaktiv nevrasteniya.
     Həmçinin  hiperstenik və hipostenik nevrasteniya da ayırd edilir ki, bu formaları  xəstəliyin özünün  inkişaf mərhələləri  kimi  qiymətləndirmək daha düzgün olardı:
     – hiperstenik forma  üçün qıcıqlanma, xarici təsirlərə qarşı  həssaslığın artması, diqqətin pozulması  daha çox xarakterikdir.
     – hipostenik formada yorğunluq, süstlük və əmək qabiliyyətinin aşağı  düşməsi  üstünlük təşkil edir.
     Nevrasteniyanın gedişi digər nevrotik simptomların (ayrı-ayrı  sayrışan şübhələr, qorxular, isterik reaksiyalar və s.) əlavə olunması  səbəbindən əlverişsiz ola bilər.

     İsterik nevroz

     Qədim Misirdə və  Yunanıstanda qadınlarda isteriyanın yaranması uşaqlığın xəstəlikləri (yunanca hystera – “uşaqlıq” deməkdir) ilə əlaqələndirilirdi. Nevrozun bu növü müxtəlif funksional psixi, somatik və nevroloji  pozuntularla özünü  göstərir. İsteriyası olan xəstələrin vəziyyətinin dəyişkənliyi ilə əlaqədar olaraq, onun simptomları  somatik xəstəliklər də daxil olmaqla bir sıra xəstəlikləri xatırladır. J. Şarko, bununla əlaqədar olaraq, isteriyanı  “böyük simulyant” adlandırmışdı. İsterik təzahürlərə daha çox qadınlar arasında  yayılmış zehni  və emosional yetişməzlik (infantilizm), labillik  kimi amillər yönəldici təsir göstərir. İsterik nevroz  zamanı vegetativ, hərəki və hissi pozuntular müştərək halda rast gəlinir ki, bu da nevrozun simptomatikasının somatik patologiya ilə bir araya gəlməsinə səbəb olur. Bu cür xəstələr üçün eqosentrizm, daim diqqət mərkəzində olmağa can atmaq, aparıcı  rol oynamaq, yüksək emosionallıq, əhvali-ruhiyyənin dəyişkənliyi, ağlağanlıq, şıltaqlıq, aludəçiliyə və şişirtməyə meyllik və s. cəhətlər xarakterikdir. Belə xəstələrin özünəməxsus davranış tərzi olur: nümayişkaranilik, teatrallıq, infantilizm qeyd edilir, sadəlik və təbiilik olmur. Belə bir təsəvvür yaranır ki, xəstə  “öz xəstəliyindən razıdır”.
     İsteriya zamanı  vegetativ  təzahürlər bədəndə müxtəlif xoşagəlməz hisslərin olması kimi çoxlu  şikayətlər şəklində meydana çıxa bilər. İsterik nevrozun ən çox müşahidə edilən vegetativ simptomları  mədə-bağırsaq traktının pozuntuları (ürəkbulanma, qusma, ağrı, gəyirmə) və müxtəlif dəri  hissiyyatı (yanma, qaşınma, keyimə) şəklində qeyd edilir. Vegetativ  pozuntular həmçinin başgicəllənmə, huşitirmə, taxikardiya şəklində də baş verə bilər.
     Sensor pozuntular bədənin müxtəlif nahiyələrində aşkar edilə bilən və kifayət qədər yayılmış olan hissiyyat pozuntuları (corab, əlcək, kəmər şəklində, hətta bədənin  yarısını  əhatə etməklə) ilə  xarakterizə olunur. İsterik ağrılar həmçinin bədənin demək olar ki, bütün nahiyələrində (oynaqlar, ətraflar, qarın boşluğu  üzvləri, ürək) müşahidə oluna bilər, bununla əlaqədar olaraq xəstələr tez-tez cərraha  müraciət edir və onlara  hətta laparoskopiya  icra olunur (“Münhauzen sindromu”). İsterik  nevroz zamanı  karlıq, korluq kimi  hallar baş verə bilər ki, bu da bir qayda olaraq, mənfi təbiətli psixogen təsirlərlə əlaqədar olur.
     Hərəkət pozuntuları, əksər hallarda, əzələlərin (əsasən ətraflarda) iflici və ya parezi, kontrakturalar, mürəkkəb hərəki  aktların icrasının mümkünsüzlüyü  və ya müxtəlif hiperkinezlər, ətraflarda və bütün bədən boyunca  titrəmələr, blefarospazm, xoreik  hərəkətlər, səyrimələr şəklində təzahür edir. Bu hallar təlqin altında və ya diqqəti  yayındırarkən  yox  ola bilir. İsterik tutma  hal-hazırda çox nadir hallarda rast gəlinir. Epileptik tutmalardan fərqli olaraq, xəstələr dilini dişləmir; elə yıxılırlar  ki, zədələnməsinlər; baş verən hər şeyi dərk etmək və qiymətləndirmək iqtidarında olurlar. İsterik tutma zamanı  bədənin ayrı-ayrı  hissələrinin səyriməsi və  ya  ümumi  titrəmə müşahidə olunur. Bəbəklərin işığa reaksiyası  saxlanılmış olur. Çox vaxt xəstələr öz paltarını  cırır, başlarını döşəməyə çırpırlar. Tutma zamanı  xəstələr tez-tez inildəyir və ya bəzi  sözləri  bağırırlar. Adətən, xəstələr yıxılarkən dilini dişləmir  və zədələnmirlər (lakin dodağın və ya yanağın dişlənməsi baş verə bilər). Şüur  ən azı  qismən saxlanmış olur. Xəstə tutmanı  xatırlayır. Qeyri-iradi sidik ifrazı  baş vermir, tutmadan sonra yuxuya getmək müşahidə edilmir. Bəzən isterik tutmalar daha zəif şəkildə təzahür edir: xəstə oturur  və  ya  uzanır, ağlamağa və ya gülməyə başlayır, ətrafları (əlləri) ilə müxtəlif hərəkətlər edir. Onun hərəkətləri nümayişkaranə xarakter daşıya bilər: xəstə  öz  saçlarını  yolmağa, bədənini  cızmağa,  əlinə keçən əşyaları  tullamağa cəhd göstərir.
     Nitq pozuntuları: bunlara  isterik afoniya (səsin itməsi), mutizm, kəkələmə, isterik  hecavi  nitq daxildir.
     Affektiv pozuntular emosiyaların həddən artıq labilliyi, əhvali-ruhiyyənin kəskin dəyişməsi şəklində təzahür edir. Xəstələr asanlıqla ağlamaqdan, hönkürtüdən gülməyə, vəhşi  qəhqəhələrə keçə bilirlər.
     Bütün isterik pozuntuların psixogenik xarakteri  tamamilə aydındır, bunu  eynilə  somatik təzahürlərə də aid etmək olar.

     Sayrışan hallar  nevrozu (obsessiv-fobik nevroz)

     Bu tip nevrozda  xəstələrdə özləri  tərəfindən yad, xoşagəlməz və ağrılı  qəbul edilən sayrışan (obsessiv) qorxular, fikirlər, hərəkətlər, xatirələr yaranır. Eyni  zamanda xəstələr müstəqil şəkildə bu sayrışan hallardan azad ola bilmirlər. Xəstəliyin mənşəyində konstitusional-şəxsi meyllilik mühüm rol oynayır. Belə xəstələr arasında refleksiyaya (özünüanalizə) meylli, eləcə də narahat-vasvası  insanlar üstünlük təşkil edir. Nevrozun bu növünün ən çox rast gəlinən simptomu müxtəlif qorxulardır (fobiyalar). Ağır somatik və ya yoluxucu  xəstəliklərə (kardiofobiya, kanserofobiya, sifilobiya, spidofobiya və s.)  tutulmaq qorxusu  üstünlük təşkil edir və xəstələrin çox hissəsi daim daxili xəstəliklərin olmadığından əmin olmaq üçün müxtəlif həkimlərə müraciət edir. Fobik pozuntular olduqda, xəstələr qorxu yaradan vəziyyətdən xilas olmaq üçün əllərindən gələni edirlər. Daxili orqanlarının işinə diqqət yetirilməsi hipoxondrik pozuntunun meydana gəlməsinə səbəb olur. Daha az hallarda nevrozun  xüsusiyyətləri sayrışan fikirlərdən hansı  birinin  üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Xəstələrdə, istəklərinə rəğmən  xilas ola bilmədikləri kompulsiv xatirələr yaranır. Bəzi  xəstələr mənasız yerə pilləkənləri  və ya yanından  ötüb-keçən müəyyən rəngli  avtomobilləri sayır, dəfələrlə  özlərinə  müxtəlif suallar verir və onlara cavab verməyə çalışırlar (məsələn, niyə “stol” sözündə 4 hərf,  “fənər” sözündə  isə  5 hərf var;  nə üçün soba stol deyil, amma hər iki sözdə 4 hərf var və s.). Xəstələr bu cür fikirlərin mənasız olduğunu dərk edirlər, ancaq bunlardan xilas ola bilmirlər. Onlar tərəfindən hər hansı  bir utancverici  hərəkətlər etmək, məsələn, cəmiyyət içində söyüş söymək və ya öz övladlarını  öldürmək (təzadlı fikirlər) barədə düşünmək xüsusilə ağır şəkildə yaşanır. Xəstələr bu  fikirləri  heç  vaxt  həyata  keçirməsələr də, təkcə onların yaranmasını  ağrılı şəkildə yaşayırlar. Belə pozuntulardan başqa, sayrışan hərəkətlər (kompulsiyalar) də ola bilər. Məsələn, qapının bağlandığını, qaz sobasının və ya ütünün söndürülmüş  olub-olmadığını  yoxlamaq üçün evə qayıtmaq, ideal təmizlik  əldə etmək üçün əllərin kompulsiv yuyulması (gündə 100 dəfə və daha artıq) və s. Bir sıra hallarda obsessiyanın aradan qaldırılması  üçün sayrışan hərəkətlər (ayinlər) meydana gəlir. Məsələn, xəstə yalnız  6 dəfə  atılıb-düşəndən sonra  evdən çıxa bilər, çünki  bundan sonra o, sakitləşir və həmin gün ona pis bir şey olmayacağından əmin olur və s.
     Sayrışan hallar nevrozunun dinamikasında 3 mərhələ ayırd edilir. Birinci mərhələdə obsessiv qorxu yalnız xəstənin bir şeydən qorxduğu bir vəziyyətdə yaranır, ikinci mərhələdə – oxşar vəziyyətdə olmağı  düşünərkən, üçüncü mərhələdə isə – şərti patogen stimul rolunu hər hansı  bir şəkildə fobiya ilə əlaqəli söz oynayır (məsələn, kardiofobiya zamanı  belə sözlər “ürək”, ” damarlar”, “infarkt”, kanserfobiya  zamanı  “şiş”, “xərçəng” və s. ola bilər.). Sayrışan hallar nevrozunun gedişatı çox vaxt uzun müddət çəkir, şəxsiyyətin nevrotik inkişafının formalaşması  baş verir.

     Həyəcanlı-fobik pozuntular (qorxu nevrozu)

     Həyəcanlı-fobik nevrozun psixopatoloji  təzahürləri  arasında panik hücumları, aqorafobiya və hipoxondrik  fobiyalar daha çox rast gəlinir.

     Panik hücumlar – gözlənilmədən meydana gələn və sürətlə, bir neçə dəqiqə  ərzində vegetativ pozuntuların artan simptomatik kompleksi (vegetativ böhran – taxikardiya, döş qəfəsi  nahiyəsində narahatlıq, boğulma hissi, havanın çatmaması, tərləmə, başgicəllənmə), gözlənilən  ölüm hissi, huşun və ya özünənəzarətin itirilməsi, dəli olmaq qorxusu  ilə birləşir. Panik hücumların təzahür müddəti  dəyişkən olsa da, adətən 20-30 dəqiqə davam edir.

     Aqorafobiya (açıq sahələrdən qorxma) – bir qayda olaraq, panik hücumlarla əlaqəli (və ya sonra) ortaya çıxır və mahiyyət etibarilə panik hücum təhlükəsi ilə dolu bir vəziyyətə düşməkdən qorxudan ibarətdir. Aqorafobiyanın  meydana çıxmasına səbəb olan tipik vəziyyətlərə misal olaraq metroya minməyi, mağazada  və ya izdihamın içərisində olmağı  və s. göstərmək olar.

     Hipoxondrik fobiyalar (nozofobiyalar) – hər hansı  bir ağır xəstəlikdən obsessiv qorxudur. Ən çox  kardio-, kansero- və  insultofobiyalar, həmçinin sifilis- və  AIDSofobiyalar  müşahidə olunur. Narahatlığın dərəcəsi həddən artıq artdıqda  xəstələr bəzən  öz sağlamlıq durumlarına tənqidi  münasibəti  itirirlər – müvafiq profilli  həkimlərə müraciət  edir  və  müayinə  olunurlar. Hipoxondrik fobiyalar sayrışan hallar nevrozunda da çox rast gəlinən simptomdur.

     Həyəcanlı-fobik pozuntularda mərkəzi yeri panik pozuntu (epizodik paroksizmal narahatlıq) tutur. İlk növbədə, panik pozuntu  xəstəliyin başlanğıcını  müəyyən edir. Panik hücumlarla təzahür  edən narahatlıqla əlaqədar olan psixopatoloji  pozuntuların dinamikasının 3 variantı qeyd edilir.

     Birinci variant  nisbətən nadir hallarda rast gəlinir (bütün xəstələrin 6,7%-i). Onların klinik təzahürü  yalnız panik hücumlarla təmsil olunur. Panik hücumlar təcrid olunmuş simptomokompleks şəklində, koqnitiv və somatik narahatlıq əlamətlərilə (hipertipik panik hücumları) harmonik surətdə birləşərək təzahür edir və davamlı  ruhi  pozuntuların meydana gəlməsi ilə müşayiət edilmir. Panik hücumların klinik görünüşü  yalnız  ikincili  xarakterli olan davamsız hipoxondrik  fobiyalar və aqorafobiya hallarının hesabına genişlənir. Kəskin dövr bitdikdən və panik hücumların aradan qalxmasından sonra yanaşı  gedən psixopatoloji  pozuntuların da geriyə inkişafı  baş verir.

     İkinci  variantda (həyəcanlı-fobik pozuntuları  olan bütün xəstələrin 33,3%), narahatlıq pozuntuları  panik hücumları  və davamlı  aqorafobiyanı  özündə  birləşdirir. Bu variantda rast gələn panik hücumların fərqləndirici xüsusiyyətləri – onlardan əvvəl psixopatoloji  pozuntuların olmaması;  tam sağlam vəziyyətdə olarkən, qəflətən həyat  üçün təhlükəli bir hadisənin baş verməsi  barəsində narahatlıq hissi ilə (vegetativ pozuntularının minimal ifadə olunması ilə) koqnitiv  həyəcanın üstünlük təşkil etməsi; aqorafobiyanın bu prosesə sürətlə qoşulmasıdır.

     Panik hücumlar birdən-birə, qabaqcadan xəbər verən heç bir əlamət olmadan meydana çıxır, həyat  üçün qorxu, generalizə  olunmuş narahatlıq və qoruyucu  davranışın tez (bəzən ilk tutmadan sonra)  formalaşması  ilə xarakterizə olunur. Panik hücumlarının geriyə  inkişafı  ilə bərabər psixopatoloji  pozuntuların aradan tam qalxması  baş vermir. Kliniki mənzərədə  ön plana aqorafobiya çıxır və  o, nəinki  azalmır, əksinə, sabit  və  panik hücumlardan asılı olmayan bir xarakter alır.

     Panik hücumların bu variantında xəstələrin bütün həyat tərzinin tabe olduğu əsas ideya, ağrılı təzahürlərin, yəni panik hücumların ortaya çıxması  üçün şəraitin aradan qaldırılması  olur. Panik hücumların qarşısını  almaq üçün tədbirlər təkrari  hücum qorxusu  anından başlanır  və tədricən daha da qəlizləşərək mürəkkəb bir hipoxondrik sistemə çevrilir. İş yerinin dəyişdirilməsi (işdən çıxmağadək), “ekoloji  cəhətdən təmiz” rayonlara  köçüb  getmə və s. daxil olmaqla qoruyucu  və  adaptiv tədbirlər kompleksi hazırlanır. Formalaşmış hipoxondrik tədbirlər nəticəsində aqorafobiyanın təzahürləri  nəinki  azalmır, əksinə, davamlı  bir xarakter alır.

     Üçüncü variant (xəstələrin ümumi sayının 60%-i) vegetativ böhran (Da Kosta sindromu) tipində inkişaf edən və hipoxondrik fobiyalarla bitən panik hücumları  olan narahatlıq-fobik pozuntuları  əhatə edir. Panik hücumların fərqləndirici  xüsusiyyətləri: uzun sürən  prodromal mərhələ – həyəcanın subklinik təzahürlərinin algiya və konversion simptomlarla birləşməsi; hücumların psixogen mənşəli  olması; somatik narahatlıqlar içərisində ürək-damar və tənəffüs sistemlərinə aid olan əlamətlərin üstünlük təşkil etməsi; hipoxondrik əlamətlərin  və aqorafobiyanın təzahürünün güclənməsi  olur.

     Panik hücumların ikinci  variantında  olduğu kimi hücum tutması keçdikdən (kəskin mərhələ) sonra narahatlıqla  ifadə olunan psixopatoloji  pozuntuların tamamilə aradan qalxması baş vermir. Ön plana hipoxondrik fobiyalar (kardio-, insulto-, tanatofobiya) çıxır ki, bunlar da aylar və  hətta illər ərzində xəstəliyin klinik şəklini müəyyənləşdirir. Xəstələrdə öz səhhəti barəsində daimi  hipoxondrik narahatlıq (nevrotik hipoxondriya) formalaşır.

     Diaqnoz və diferensial diaqnostika

     Nevrozun diaqnostikasında aparıcı rolu xəstənin anamnezində psixotravmatik amilin müəyyən edilməsi, onun keçdiyi psixoloji  testlərin nəticələri, şəxsiyyətinin strukturunun tədqiqi və patopsixoloji müayinəsinin göstəriciləri oynayır.

     Nevrozlu xəstələrin nevroloji statusunda heç bir ocaqlı simptomatika aşkar edilmir. Vətər və sümüküstü reflekslərin güclənməsi, ovucların hiperhidrozu, əlləri irəli uzadan zaman barmaqlarının ucunun tremorunu aşkar etmək mümkündür. Üzvi  və ya damar mənşəli serebral patologiyanı  istisna etmək üçün nevropatoloq  EEQ, baş beynin MRT  və  KT, beyin damarlarının REQ, USDQ  müayinələrinin köməyindən istifadə edir. Yuxu pozuntuları  zamanı somnoloqun müayinəsi və polisomnoqrafiyanın aparılması  mümkündür.

     Nevrozun oxşar  kliniki  gedişə malik psixiatrik (şizofreniyapsixopatiya, bipolyar pozuntu) və somatik (stenokardiya, kardiomiopatiyaxroniki qastritenteritqlomerulonefrit) xəstəliklərlə diferensial diaqnostikasını aparmaq lazımdır. Nevrozla xəstə olan şəxs, psixiatrik xəstədən fərqli olaraq  öz  vəziyyətini  yaxşı  anlayır, onu narahat edən simptomları dəqiq təsvir edir  və onlardan yaxa qurtarmaq  istəyir. Mürəkkəb hallarda, müayinə planına psixiatrın müayinəsi də əlavə edilir.

     Nevrozun aparıcı  simptomologiyasına əsasən daxili  orqanların patologiyasını  istisna etmək üçün  aşağıdakılar təyin edilir: kardioloqun, qastroenteroloqun, urоlоqun, ginekoloqun və digər mütəxəssislərin konsultasiyaları; EKQqarın boşluğunun USM, FQDS, sidik kisəsinin USM, böyrəklərin  KT  və digər müayinələr.

     Nevrozun müalicəsi

     Nevroz sərhəd xəstəliyi hesab olunur və onun müalicəsi ilə həm nevropatoloqlar, həm də psixoterapevtlər məşğul ola bilərlər. Bununla belə, nevrozun daha dərinləşmiş formalarının müalicəsi ilə psixoterapevtlərin məşğul olması  məsləhətdir.

     Yalnız geniş təcrübə və məlumat bazası  olan bir səlahiyyətli mütəxəssis xəstəliyin əsl səbəblərini müəyyən edə və xəstəsinə köməklik göstərə bilər. Müsbət haldır ki, nevrozdan əziyyət  çəkən insanlar  öz  vəziyyətlərinə tənqidi  yanaşırlar və könüllü olaraq  özlərinə  kömək etmək üçün əllərindən gələni edirlər. Nevroz  geridönən xəstəlikdir. Düzgün və kompleks bir yanaşmanın köməyilə ondan birdəfəlik xilas olmaq mümkündür.

     Nevrotik pozuntulardan necə qurtulmaq olar? Bu gün nevrozları  müalicə etmək üçün bir çox metod işlənib hazırlanmış və uğurla istifadə edilir. Lakin  nevrozun  müalicəsində ümumi tövsiyələr vermək mümkün deyil. Çünki müalicə rejimi yalnız  xəstənin ətraflı  müayinəsindən və düzgün diaqnoz təyin edildikdən sonra fərdi qaydada seçilməlidir. Həkimin əsas vəzifəsi, nevrozun  mənşəyini təyin etməklə, xəstəliyin əsl səbəbini müəyyən etməkdir.

     Ənənəvi  olaraq, nevrozlara  münasibətdə psixoterapevtik üsulları  və  farmakoterapiyanı  özündə  birləşdirən kompleks  müalicədən istifadə edilir. Nevrozların müalicəsinə həmçinin xəstələrə relaksasiya və  özünütənzimləmə qaydalarının  öyrədilməsi, müəyyən bir pəhriz və gün rejiminə riayət etmək, fiziki  məşğələlər, akupunktur və fitoterapiya proqramları  da daxildir.

     Yüngül hallarda yalnız psixoterapevtik müalicə kifayət edə bilər. Psixoterapiya nevroz xəstəsinin öz vəziyyətinə münasibətini dəyişmək və daxili münaqişəsini  həll etmək məqsədi daşıyır.

     Nevrozun  müalicəsinin əsasını  travmatik səbəbin təsirinin aradan qaldırılması  təşkil edir. Bu, psixotravmatik vəziyyəti  aradan qaldırmaqla (bu, çox nadir hallarda mümkündür) və ya  xəstənin mövcud vəziyyətə olan münasibətini dəyişməklə mümkün olur ki, bu zaman artıq həmin vəziyyət onun üçün travmatik bir amil olmur. Bu baxımdan müalicədə aparıcı rol psixoterapiyaya məxsusdur.

     Psixoterapiya

     Psixoterapiya, xəstənin mövcud duyğularını  düzgün ifadə etməyə, onları  reallaşdırmağa, bir insanın toplamış olduğu neqativ təcrübənin bütün təzahürlərini  yenidən düşünməyə imkan verir. Psixoterapiya insana nevrozun səbəbini ayırd etməyə, qorxularını  başa düşməyə, özünə və  dünyaya müsbət tərəfdən yanaşmağa, həyəcanlı  vəziyyətləri zərərsizləşdirməyə və panik hücumları  dayandırmağa  imkan yaradır.
     Nevrozların müalicəsində psixoterapevtlər tərəfindən istifadə edilən müalicə  üsulları:

Erikson hipnozu – xəstə, onun bilinçsuz (huşsuz) halını  aktivləşdirən hipnotik trans halına salınır. Bu hal davranış problemlərinin həllində və sinir tükənməsi əlamətlərinin aradan qaldırılmasında ən vacib mənbə rolunu  oynayır.
Göz hərəkətləri ilə emal və desensibilizasiya üsulu –  mütəxəssisin rəhbərliyi altında həyata keçirilən bu metod, psixikaya travmatik təcrübələri nəzərdən keçirməyə və nevroz, qorxu, sinir sisteminin üzülməsi və psixoloji  travmada neqativ təcrübələrin təsirini aradan qaldırmaq üçün təbii  bir prosesi  işə salmağa imkan verir.
Davranış  psixoterapiyası – psixoterapevtin konsultasiyası  prosesində xəstənin optimal davranış bacarıqları  modelləşdirilir və effektiv  özünüidarəetmə tədris olunur.
Koqnitiv  psixoterapiya – mütəxəssis xəstədə, onda   təşviş, qorxu  və sinir sisteminin üzülməsinə səbəb olan vəziyyətin qavranılmasını  və ona düzgün reaksiya verilməsini tənzimləyir.
Psixodinamik  psixoterapiya – psixoterapevtik sessiyalar zamanı, xəstənin dəyərlər və ehtiyaclar sistemi tədqiq olunur, onun başına gəlmiş hadisələrin və proseslərin yeni, müsbət anlayışının formalaşmasına yardım göstərilir.
İnteqral  transpersonal psixoterapiya – tənəffüs texnikasının, bədən oriyentasiyalı  terapiyanın, art-terapiyanın – incəsənət müalicəsinin (musiqinin, bədii filmlərin, kitabların və s. köməyilə), psixosintezin və psixoloji  məsləhətləşmənin elementlərini  özündə birləşdirir ki, bunlar da xüsusi travmatik vəziyyətlərə münasibətdə xəstənin həyat mövqeyinin dəyişilməsinə gətirib çıxarır.


     Dərman müalicəsi

     Nevrozun dərman müalicəsi adətən antidepressantlar, əsasən benzodiazepin sırasından olan trankvilizatorlar, neyroleptiklər, anksiolitiklər və sedativ preparatlardan, vitaminoterapiyadan ibarətdir. Nevroz beyin qan təchizatında bəzi problemlər nəticəsində yarandığı  hallarda, nootrop preparatlardan və sinir sisteminin fəaliyyətini gücləndirən dərman vasitələrindən istifadə etmək məsləhətdir.

     Yadda saxlamaq lazımdır ki, dərman müalicəsi yalnız xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edir və xəstənin ümumi vəziyyətini yaxşılaşdırır. Lakin dərmanlar xəstəliyin səbəbinə təsir edə bilmir, buna görə də onların köməyi  ilə nevrozdan tamamilə xilas olmaq mümkün deyil.

     Antidepressantlar

     Antidepresantlar nevrozun müalicəsində istifadə edilən ən təsirli dərmanlardır. Onlar xəstənin psixoemosional vəziyyətinə təsir göstərərək həyəcan, narahatlıq, qorxu  və panik hücumları  aradan qaldırır. Həmçinin onlar sayrışan hallar nevrozunda  ayinlərə patoloji  diqqətin effektiv aradan qaldırılmasına kömək edir. Bu  qrup preparatların gərginliyi və narahatlığı aradan qaldırması səbəbindən, onların tətbiq olunması vegetativ təzahürləri azaldır və  ya tamamilə aradan qaldırır.

     Bu preparatların təsir xüsusiyyətlərindən biri  də onların qorxunu tamamilə aradan götürməsidir. Bunun hesabına xəstələr rahat şəkildə küçəyə  çıxa və əmək fəaliyyəti ilə məşğul ola bilirlər.

     Ən məşhur antidepressantlar arasında:

  • Sitalopram (Espa) – 20 mq dozasında, sutkada 1 dəfə daxilə;
  • Anafranil (Klomipramin) – İlk  7 gün ərzində 2 ml  1,25%-li  məhlulunu sutkada 2 dəfə əzələyə, sonra 25 mq dozasında, səhər və günorta, hər dəfə 2 tablet daxilə;
  • Befol – 25 mq-lıq tabletlər, səhər və günorta, hər dəfə 2 tablet daxilə;
  • Fluoksetin (Prozak) – 20 mq dozasında kapsulu və ya tableti, sutkada 1 dəfə, səhərlər daxilə;
  • Ludiomil (Maprotilin) – 50 mq-dan, sutkada 3 dəfə, 1 tablet daxilə;
  • Amitriptilin (Lantron) – 25 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə;
  • Fevarin (Fluvoksamin) – 100 mq dozasında, sutkada 1 dəfə axşam daxilə qəbul etməli.

     Antidepressantların terapevtik effekti 1,5-2 həftədən sonra əldə edilir. Müalicənin başlanğıcında xəstədə psixi patologiyanın kəskinləşməsi baş verə bilər – intensiv, davamlı qorxu inkişaf edə bilər. Lakin kombinə edilmiş dərman preparatlarının tətbiqinin ilk günündən müsbət nəticə əldə etmək olur.

     Trankvilizatorlar

     Farmakoloji təsirinə görə trankvilizatorlar 5 əhəmiyyətli funksiyanı  yerinə yetirir: yuxugətirici təsir göstərir, əzələ gərginliyini aradan qaldırır, narahatlıqları  yox edir, sakitləşdirir, qıcolma tutmalarının inkişafına mane olur. Psixoterapevtlər onları  nevrozun qorxu və artan narahatlıqla ağırlaşdığı hallarda təyin edirlər. Trankvilizatorlar effektiv şəkildə psixoemosional stressləri aradan qaldırır, yuxunu normallaşdırmağa kömək edir. Trankvilizatorların aktiv maddələri  baş beynin emosional sahəyə nəzarət edən mərkəzlərinə: hipotalamusa, beyin kötüyünün retikulyar formasiyasına, talamik nüvələrə tormozlayıcı  təsir göstərir.

     Aşağıda qeyd edilən trankvilizatorlar daha geniş tətbiq olunur:

  • Fenazepam – 1 mq dozasında, sutkada 2 dəfə daxilə;
  • Diazepam (Relanium, Sibazon, Seduksen) – 5 mq dozada, sutkada 2 dəfə daxilə;
  • Elenium (Xlozepid) – 5 mq dozasında, sutkada 2 dəfə daxilə;
  • Qrandaksin (Tofizopam) – 50 mq dozasında, sutkada 2 dəfə daxilə (yuxululuq vermədiyindən gündüz trankvilizatoru hesab edilir);
  • Ataraks (Hidroksizin) – 25 mq dozadan, sutkada 2 dəfə daxilə;
  • Ksanaks (Alprazolam) – 0,5 mq dozadan, sutkada 2 dəfə daxilə;
  • Meprotan (Meprobamat, Harmonin) – 0,2 q dozasında, sutkada 2 dəfə daxilə qəbul etməli.

     Nevrozlar zamanı  əsəb pozuntusunun dərəcəsindən asılı  olaraq bəzi  hallarda trankvilizatorları  inyeksiya şəklində də tətbiq edirlər. Bu məqsədlə ən çox istifadə olunan preparatlar Sibazon və Amizildir. Trankvilizatorları  spirtli içkilərin qəbul edilməsi ilə birgə tətbiq etmək olmaz.

     Neyroleptiklər

     Nevrozların müalicəsində neyroleptik preparatlar antipsixotik effektə malik olduğundan, orqanizmə əhəmiyyətli təsir göstərir. Bu qrup preparatlar qorxu duygusunu aradan qaldırdığından gərginliyi zəiflətməyə kömək edir. Buna görə də neyroleptiklər psixoemosional  halın  üzülməsi zamanı  nevrozlarda geniş istifadə olunur.

     Nevrozlar zamanı “yumşaq” neyroleptiklər tətbiq olunur:

             • Teralen (Alimemazin) – 4%-li məhlulu, sutkada 3 dəfə 15 damcı  daxilə;

 • Eqlonil (Sulpirid) – 0,1 q dozasında, sutkada 2 dəfə daxilə;

 • Sonapaks (Tioridazin, Melleril) – sutkada 50-100 mq daxilə;

 • Triftazin (Stelazin) – 5 mq dozadan, sutkada 2 dəfə daxilə təyin edilir.

     Nootrop preparatlar

     Bu qpup preparatlar nevrozun başlanğıc mərhələsində yaxşı  təsir göstərir. Nootrop preparatlar baş beynin funksional imkanlarına güclü müsbət təsir göstərərək, onu qıcıqlandırıcı amillərin zərərli təsirlərinə qarşı daha dözümlü edir. Onlar xəstənin əqli fəallıq səviyyəsini artırır, onun intellektual qabiliyyət göstəricilərini yüksəldir, diqqətin cəmləşməsi ilə bağlı problemləri tədricən aradan qaldırır, yaddaşını  normallaşdırır.

     Nevrozların müalicəsində aşağıdakı  preparatlar istifadə olunur:

• Aktovegin – 0,2 q dozasında, 1 tablet sutkada 2 dəfə və ya 5 ml məhlulu əzələyə və ya venaya;

• Serebrolizin – 1 ml məhlulu əzələyə və ya venaya;

• Pirasetam (Nootropil) – 0,8 q dozasında kapsulu və ya tableti, sutkada 2 dəfə daxilə və ya  5 ml  20%-li məhlulu əzələyə;

• Fezam – 1-2 kapsuldan, sutkada 3 dəfə daxilə;

• Pantoqam – 0,5 q dozasında, sutkada 2  dəfə daxilə təyin edilir.

     Zəif ifadə olunan antidepressant effekti olmasına görə nootrop preparatlar psixomotor tormozlanma, apatiyası olan xəstələrin vəziyyətini tənzimləmək üçün uğurla istifadə olunur; beyin toxumasının oksigenlə doymasına kömək edir, hipoksiyanın inkişafına maneə törədir. Nevrozlu xəstələr üçün enerji  təchizatı  mənbəyi həmin dərmanların tərkibində olan yağ turşularıdır. Bu farmakoloji  qrupun aktiv komponentlərinin əhəmiyyətli bir xüsusiyyəti, qan və beyin toxumlarından toksiki  maddələri  çıxarması  qabiliyyətidir.

     Sedativ preparatlar

     Sedativ və ya sakitləşdirici preparatlar əsəbilik, qorxu və narahatlıq hissini, panik hücumları yatıra bilmək qabiliyyətinə malikdir. Onlar emosional vəziyyəti yaxşılaşdırır  və psixoterapevtik seansın effektivliyini təmin edir. Sedativ preparatlar bitki  mənşəli, bromidlər və barbituratlar qrupuna bölünür.

     Ən çox istifadə olunan bitki mənşəli vasitələr:

  • Valerian (Pişikotu) tinkturası və tabletləri – 20 damcıdan, sutkada 3 dəfə və ya 20 mq dozaslnda tabletlər, sutkada 3 dəfə 2 tablet;
  • İnkarnat  passiflorası əsasında preparatlar: Novopassit və Alora. Hər iki preparatdan sutkada 3 dəfə 1 ölçü qaşığı ilə daxilə;
  • Silenteks, Sedariston, Valoserdin, Nobrassit, Fitosed və s. preparatları.
  • Silenteks – 1 tablet, sutkada 2 dəfə daxilə;
  • Sedariston -2 kapsul, sutkada 2 dəfə daxilə;
  • Valoserdin – sutkada 3 dəfə, 15-30 damcı  daxilə;
  • Nobrassit – sutkada 3 dəfə, 1 çay qaşığı ilə daxilə;
  • Fitosed – 1 çay qaşığı, sutkada 3 dəfə və ya 1-2 kapsul, sutkada 3 dəfə daxilə təyin edilir.

     Barbituratlar  həyəcanlanmış MSS-ni sakitləşdirməyə kömək edir. Qıcolma əleyhinə və yuxugətirici  təsirləri var. Bu qrupdan olan əsas preparatlar: Fenobarbital (10 mq dozasında, sutkada 2-3 dəfə daxilə), Heksobarbital, Barbamil hesab olunur.

     Bromidlər  Brom turşunun kalium və natrium duzlarından hazırlanır. Onlar sakitləşdirici təsir göstərir və beyin qabığında tormozlayıcı  prosesləri aktivləşdirir. Bu qrupdan olan preparatları  uzun müddət istifadə etmək olmaz. Əsas nümayəndələri: Bromokamfora, Kalium-bromid tozu, Natrium-bromid tozu hesab olunur.

  • Bromkamfora – 0,15 q dozasında, sutkada 2-3 dəfə daxilə;
  • Kalium-bromid – 0,5 q dozasında, sutkada 3 dəfə daxilə;
  • Natrium-bromid – 0,5 q dozasında, sutkada 2-3 dəfə daxilə təyin edilir.

     Digər preparatlar

     Antioksidantlar  nevroz zamanı  ümumi  vəziyyəti  yaxşılaşdırmağa kömək edir. Effektiv dərman Fenibutdur. Preparat 0,25 q dozasında, sutkada 3 dəfə təyin edilir.

     Qlisin – 0,1 q dozasında, sutkada 3-4  dəfə 1 tablet dil altına təyin edilir.

     Nevrozun müalicəsində xəstələrə vitaminoterapiya da təyin edilir:

B qrupu vitaminləri:

  • Vitamin B1 (Tiamin bromid) – 1 ml  5%-li məhlulu əzələyə;
  • Vitamin B6 (Piridoksin hidroxlorid) – 1 ml  5%-li məhlulu əzələyə təyin edilir.

     Həmçinin B qrupu vitaminlərinin kompleks preparatlarından: Milqamma, Trivitron və s. istifadə edilir. Milqamma – 2 ml məhlulunu, günaşırı  əzələyə; Trivitron – 3 ml  məhlulunu, günaşırı  əzələyə təyin edirlər.

PP  vitamini (Nikotin turşusu) – 1 ml  1%-li məhlulu dəri altına təyin edilir.

    Nevroz əleyhinə təyin edilən hər bir preparat onun minimal dozasından  başlayır. Həkim psixi vəziyyətin dinamikasını, habelə hər bir dərmanın tolerantlıq dərəcəsini nəzarətdə saxlayır. Əgər xəstənin vəziyyətinin pisləşməsi müşahidə edilmirsə, həkim əvvəlcə təyin olunmuş dozanı tənzimləyərək, onu bir az da artıra bilər. Dərman asılılığının yaranmasının qarşısının alınması  məqsədilə dərman preparatlarının dozalarını  tədricən artırmaq, sonda isə tədricən kəsmək məsləhət görülür.

     Bioloji  aktiv əlavələr

     Hal-hazırda nevrоzun müalicəsində tərkibində müxtəlif bioloji  aktiv maddələr olan preparatların geniş surətdə tətbiq edilməsi müşahidə edilməkdədir. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji  aktiv əlavələr  xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibində doymamış yağ turşuları  Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
  • Tərkibi  ionlaşmış kalsium, vitaminlər, minerallar, doymamış yağlar və digər faydalı maddələrdən ibarət оlan preparatlar. Həmçinin sümük-qığırdaq sistemini də möhkəmləndirir, əzələlərin fəaliyyətini gücləndirir.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı  vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ  turşuları  və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.

     Fizioterapiyanın tətbiqi

     Nevrozların kompleks müalicəsində fizioterapiyanın müxtəlif üsullarından  geniş şəkildə istifadə olunur.

     Fizioterapiyanın məqsədi:

  • sinir sistemində oyanma və tormozlanma proseslərinin normallaşdırılması;
  • baş beynin qan təchizatının və maddələr mübadiləsinin yaxşılaşdırılması;
  • emosional-davranış pozuntularının və vegetativ pozuntuların aradan qaldırılması.

     Nevrozların müalicəsi üçün çoxsaylı aparatlı  və aparatsız  fizioterapiya üsulları  vardır.

     Fizioterapiyanın aparatlı  üsulları  arasında tövsiyə olunur:

  • ümumi  və  yerli  darsonvalizasiya;
  • aşağı  tezlikli impuls cərəyanlarının təsiri (diadinamik, düzbucaqlı, sinusoidal modulyasiya edilmiş və s.), elektrostimulyasiya;
  • dərman maddələrinin elektroforezi (əsasən yaxalıq  zonasına  və orbito-oksipital metodu  ilə);
    • elektroyuxu;
  • ümumi  və ya yerli  ultrabənövşəyi  şüalanma.

     Lakin hal-hazırda uşaqlarda nevrozun müalicəsi zamanı  elektrik cərəyanının tətbiqini məhdudlaşdırmaq  tövsiyə olunur. Çünki xaricdən gələn elektrik cərəyanı  uşağın beyninin normal  bioloji ritmlərinə mənfi  təsir göstərə bilər.

     Fizioterapiyanın aparatsız üsullarından  aşağıda sadalananlar nevrozların müalicəsində sakitləşdirici  təsirə malikdir:

  • boyun-yaxalıq nahiyəsinə parafin (ozokerit) applikasiyaları;
    • ümumi  isti  iynəyarpaqlı  və ya sulfid  vannaları (həftədə iki dəfə, kiçik konsentrasiyada  5-7 dəqiqə, ümumi  10-12 vanna);
    • yüngül  ümumi  masaj;
    • boyun-yaxalıq nahiyəsinin masajı.

     Toniki  effekt  göstərir:

  • hidrokarbonatlı  vannalar;
  • intensiv  masaj;
  • sualtı duş-masajı;
  • dairəvi  və ya qalxan duş;
  • Şarko duşu.

     Nevrozun müalicəsində (uşaqlar da daxil olmaqla) xəstənin iynənin yeridilməsinə verdiyi reaksiyadan asılı olaraq, tormozlayıcı və ya oyandırıcı  üsullarla aparılan  iynərefleksoterapiya (akupunktur) çox yaxşı  effekt  verir.

     Nevrozun proqnozu və profilaktikası

     Nevrozun proqnozu  onun növündən, inkişaf mərhələsindən və davametmə müddətindən, psixoloji  və dərman müalicəsinin vaxtında və adekvat göstərilməsindən asılıdır. Əksər hallarda aparılan müalicə, tam sağalma olmasa da, xəstənin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarır. Nevrozun  uzun müddət davam etməsi  özündə  şəxsiyyətin geridönməz dəyişikliyinin və intihar riskinin yaranması  təhlükəsi daşıyır.

     Nevrozların ən effektiv profilaktikası – psixotravmatik vəziyyətlərin yaranmasının (xüsusilə uşaqlıq dövründə) qarşısının alınmasıdır. Ancaq daha yaxşı yol, özündə gələcək hadisələrə və insanlara doğru münasibətin yaradılması, həyati prioritetlərin yetərli bir sisteminin inkişaf etdirilməsi, yanlışlıqlardan qurtulmaq ola bilər. Kifayət miqdarda yuxu, faydalı  işlərin görülməsi və aktiv həyat tərzi, sağlam qidalanma, bədənin möhkəmləndirilməsi də insan psixikasının möhkəmlənməsinə kömək edir.

Digər məqaləmizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-kt-muayin%c9%99sinin-t%c9%99tbiqi/

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 22.05.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq