Sinir tikləri (əsəb mənşəli əzələ səyrimələri)

     Əsəb mənşəli əzələ səyrimələri (sinir tikləri)  əzələlərin cəld və qeyri-iradi baş verən monoton (normal hərəkətləri xatırladan) yığılmasıdır. Tik sözü fransız dilindən tərcümədə “səyrimə” mənasını verir.

Sinir tikləri demək olar ki, hər kəsin həyatında ən azı bir dəfə baş verir. Belə hallarda onlar tranzitor (müvəqqəti) adlanır. Məsələn, bir çoxları  güclü psixoemosional gərginlik zamanı  göz qapaqlarının səyriməsini qeyd edirlər. Məhz mimiki  əzələlərin səyrimələri, tiklərin ən çox, o cümlədən sağlam insanların içərisində də rast gəlinən formasıdır.

Sinir tiki ayrı-ayrı  əzələlərin təqəllüsünün səbəb olduğu sürətlə təkrarlanan qeyri-ritmik hərəkətdir. Daha çox sifət və qolların əzələlərində səyrimələr qeyd edilir, lakin istənilən əzələ qrupu bu prosesə cəlb oluna bilər. Tiklər insanın iradəsindən asılı olmadan baş verir, normal, məqsədəuyğun hərəkətləri təqlid edə bilir, lakin öz-özlüyündə tamamilə faydasız hərəkətlərdir. Bəzən xəstə  öz iradəsi  hesabına qısa bir müddətə tiklərin meydana gəlməsini dayandıra bilir. Tiklər yalnız oyaq vəziyyətdə olarkən baş verir. Onların yaranmasında hər hansı  bir qanunauyğunluq olmur, həmişə sürətlə, qısamüddətli fərqli təkrarlanma intervalı  ilə baş verir. Sinir tikləri  patoloji  haldır, lakin həmişə müalicə tələb etmir.

Sinir tikləri  beynin ekstrapiramid sisteminin fəallığının artması  nəticəsində yaranır. Bu sistem orqanizmin bir çox avtomatlaşdırılmış hərəkətlərinin həyata keçirilməsinə cavabdehdir və müəyyən dərəcədə, beyin qabığının iştirakı  olmadan müstəqil surətdə fəaliyyət göstərir. Hər hansı  bir səbəbdən, ekstrapiramid sistemdə oyanıqlıq yarandıqda, bu, sinir tiklərinin yaranması şəklində təzahür oluna bilər (bu hal, ekstrapiramid sistemin fəallığının artmasının yeganə simptomu olmur).

Tiklər qeyri-iradi  hərəkətlərdir. Yəni onlar insanın iradəsindən asılı olmayaraq meydana gəlir. Amma bəzən tiklərin yaranmasından əvvəl müəyyən bir hərəkəti  icra etmək  üçün qarşısıalınmaz arzu  şəklində xüsusi bir hiss meydana çıxa bilər. Bu zaman insan elə düşünür  ki, o, bütün bu hərəkətləri öz iradəsi ilə edir.

 

     Sinir tiklərinin səbəbləri

 

Sinir tiklərinin başlıca səbəbi sinir sisteminin funksiyasında tarazlığın pozulmasıdır. Beyin əzələlərə “yanlış” sinir impulsları  göndərir  ki, bu da onların cəld və monoton şəkildə təqəllüs etməsinə səbəb olur. Bu, sanki  öz-özünə baş verir. Xəstə  öz  iradəsi  ilə tikləri dayandıra və gələcəkdə təkrar olunmasının qarşısını  ala bilmir.

     Etiologiyasından asılı  olaraq, 3 növ sinir  tikləri  ayırd edilir:

  • birincili(digər adları: idiopatik, nevrogen, psixogen);
  • ikincili(simptomatik);
  • irsi(sinir sisteminin zədələnməsinə səbəb olan irsi xəstəliklər nəticəsində yaranır).

 

     Birincil tiklərin  səbəbləri

 

     Uşaqlarda:

  • Psixoemosional travma. Bu, kəskin ola bilər – məsələn, güclü fiziki  ağrı, keçirilmiş qorxu hissi və Həmçinin psixoemosional travma xroniki  ola bilər. Bu vəziyyətdə, məsələn, valideynlər sistemli olaraq uşağı  danladıqda və ya ona kifayət qədər vaxt ayırmadıqda uzun müddət ərzində  inkişaf edir. Uşağın sinir sistemi yetişməmiş olduğundan, onlarda hərəkətlərin tənzimlənməsi mexanizmləri mükəmməl deyil. Bunun nəticəsində mənfi  hadisələrə cavab reaksiyası  kimi sinir tikinin yaranması  baş verə bilər. Bəzən bu əlamətlər onlar böyüyəndən sonra da saxlanmış olur.
  • Yüksək həyəcanlılı
  • Diqqət çatışmazlığı  ilə birgə hiperaktivlik sindromu. Belə uşaqların sinir sistemində funksiyaların daha böyük  disbalansının olması  qeyd olunur.
  • Uşaq nevrozu.Uşaqlıq dövründə sinir  tikləri sayrışan hərəkətlərin bir növü  hesab edilə bilə
  • Sayrışan qorxular(fobiyalar).

 

     Yaşlılarda:

  • Tez-tez yaşanan güclü stress, sinir sisteminin üzülmə
  • Xroniki yorğunluq.

 

Birincili  sinir tikləri  xoşxassəli gedişə malik olur. Nəticədə onlar demək olar ki, həmişə (əksər hallarda dərman istifadə etmədən) sağalma ilə nəticələnir.

 

     İkincili sinir tiklərinin səbəbləri

 

  • Baş beynininfeksion xəstəlikləri – ensefalitlə
  • Dəm qazı (karbon monoksid) ilə zəhərlənmə.
  • əyyən dərmanların qəbul edilməsi:psixotrop, antikonvulsant və
  • Baş beynin damarlarının zədələnməsi ilə əlaqədar xəstəliklər: ateroskleroz, insult və
  • Psixi xəstəliklər: autizm, şizofreniya və
  • Daxili orqanların xəstəlikləri – şəkərli diabet, qaraciyər və böyrəklərin zədələnmələ Bu zaman qanda sinir sistemini zədələyən zəhərli mübadilə məhsullarının miqdarı  artır.
  • Baş beynin şişləri.
  • Doğuş travmaları.
  • Xəstənin etmək məcburiyyətində olduğu hərəkətlər, sonradan bunlar tiklər şəklində qalmış olur. Məsələn, anginası  olan bir uşaq daim tüpürcəyini  udmaq məcburiyyətindədir, bu zaman o, ağrıdan qaçmaq  üçün udlaq və boyun əzələlərini daim gərginləşdirməli olur. Xəstə sağaldıqdan sonra bu hərəkətlər tiklər şəklində davam edə bilə
  • Üçlü sinirin nevralgiyası.Bu zaman ağrı  mənşəli tiklər meydana çıxı
  • Vegetativ-damar distoniyası.

 

 

     İrsi tiklərin səbəbləri

 

Tiklərin irsi forması  Turett (Jil de Turett) xəstəliyi adlanır. Onun səbəbləri tam məlum deyil, lakin xəstəliyin irsən keçdiyi müəyyən edilmişdir. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, bu zaman onun uşaqlara  ötürülməsi ehtimalı 50% təşkil edir.

Turett xəstəliyi uşaqlıq dövründə  inkişaf edir və yaşa dolduqca onun simptomları zəifləyir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər.

     Sinir tiklərinin gedişatına təsir göstərə biləcək amillər:

  • əlverişsiz ekoloji şərait;
  • autoimmun hallar;
  • bakterial infeksiyalar (belə bir fərziyyə mövcuddur ki, xəstəliyə streptokokk infeksiyası  səbəb olur, lakin bu hələ sübuta yetirilməyib);
  • orqanizmdə maqnezium və B6 vitamini çatışmazlığı;
  • stress, psixo-emosional gə

 

     Sinir tiklərinin təsnifatı

 

     Təzahür formalarına əsasən sinir tikləri  4 növə bölünür:

 

  • Mimiki – üzün əzələlərini əhatə edir. Bu, sinir tiklərinin ən geniş yayılmış formasıdır.
  • Motor (hərəki) – əlləri, ayaqları və digər skelet əzələlərini əhatə edir.
  • Vokal (səsli) – səs əzələlərinə təsir göstərir. Qışqırıq, bərkdən ah çəkmək şəklində təzahür edir.
  • Sensor (hissi) – bədənin bu və ya digər hissəsində soyuqluq, ağırlıq hissiyyatı şəklində təzahür edir. Onlar adi tikləri xatırladan hərəkətlərin yaranmasına gətirib çıxara bilər.

 

   Yayılma dərəcəsindən asılı  olan sinir tiklərinin növləri:

 

  • Lokal (yerli) – yalnız bir qrup əzələlərə təsir edir.
  • Yayılmış – bütün bədəni əhatə edir. Tiklər üz əzələlərindən başlaya, sonra  işə boyuna, çiyinlərə, əllərə, döş qəfəsinə, kürəyə, qarına və ayaqlara yayıla bilər.

 

Sinir tiki lokal olduqda bədənin yalnız bir nahiyəsini (məsələn, gözün dairəvi  əzələsi) əhatə edir, digər əzələ qrupları  prosesə cəlb olunduqda  isə generalizə ola (yayıla) bilir. Xəstəliyin yeni əlamətlərinin meydana gəlməsi təsəvvürü  yaranır, halbuki  bu, sadəcə olaraq tik prosesinə yeni əzələ qruplarının qoşulmasıdır. Adətən proses yuxarıdan aşağıya doğru yayılır, yəni  əvvəlcə yalnız  baş iştirak edir, sonra  isə gövdə və ətraflar da bu prosesə qoşulur.

 

     Mürəkkəblik dərəcəsinə əsasən tiklərin növləri

 

  • Sadə. Eyni növlü, sadə hərəkətlər qeyd olunur.

 

Sadə motor tiklərinə nümunə ola bilər:

  • gözləri qırpmaq;
  • sifəti turşutmaq;
  • burun qanadlarının və ya başın dartılması;
  • dil çıxarmaq;
  • dodaqları yalamaq;
  • çiyinləri çəkmək;
  • qarnı içəri çəkmək;
  • yumruqları sıxmaq;
  • ayağını irəli atmaq;
  • çiyinləri kənara çevirmək;
  • çanaqla təkan vermək;
  • sfinkterlərin sıxılması.

Sadə vokal tiklərə aid etmək olar:

  • yersiz fit çalmaq;
  • fısıldamaq;
  • xoruldamaq;
  • fınxırmaq;
  • öskürmək;
  • ağzını marçıldatmaq;
  • ciyildəmək və səslərin çıxarilması.

 

  • Mürəkkəb. Müxtəlif əzələ qruplarını əhatə edən hərəkətlər kompleksindən ibarət olur.

 

Mürəkkəb motor tiklərinə aiddir:

  • hoppanmaq;
  • barmaqları şaqqıldatmaq;
  • bədənin müəyyən yerlərini sürtmək;
  • sinəsinə döymək;
  • ətrafını iyləmək;
  • yeriyərkən dönmə hərəkətləri etmək;
  • müxtəlif hərəkətlərin (o cümlədən nalayiq hərəkətlərin) təkrarlanması;
  • toxunuşların təkrarlanması.

Mürəkkəb vokal tiklərə aid etmək olar:

  • exolaliya – başqalarının sözlərinin təkrarlanması;
  • palilaliya – öz sözlərinin təkrarlanması;
  • koprolaliya – nalayiq sözlərin söylənmə

 

Əgər sinir tiki ilk dəfə yaranıbsa, uzun sürmürsə və sonradan təkrarlanmırsa, bu zaman ona əhəmiyyət vermək lazım deyil və həmin şəxsin müalicəyə ehtiyacı olmur. Bu, sadəcə olaraq, stress və ya yorğuluqla bağlı  olan müvəqqəti bir  haldır.

Tiklərin yaranmasından əvvəl, xəstə daxili bir gərginlik hissi keçirir ki, bu da tikləri icra etdikdən sonra keçib gedir. Əgər sinir tiki iradə hesabına icra edilməzsə, bu gərginlik güclənərək, tikin yerinə yetirilməsini israrla tələb edir. Sonra tik mütləq yenidən əmələ gələcəkdir.

Sinir tikləri narahatlıq, həyəcan, yuxusuzluq və istirahət fonunda intensivləşir. Həmçinin xarici stimullar, xüsusilə də tiklərin özü  haqqında ətrafdakıların irad tutması (məsələn, “Barmaqlarınızı şıqqıldatmağı dayandırın” deyərlərsə), onların güclənməsinə səbəb ola bilər. Xəstə, üzərində diqqətini cəmləşdirdiyi məqsədyönlü  bir hərəkəti icra edərkən, tiklər beyin qabığından gələn impulsların təsiri altında azala bilər.

 

     Simptomlar

 

     Birincili tiklərin simptomları

 

  • Bu cür tiklər oğlanlarda daha tez-tez rast gəlinir (qizlara nisbətən 2-3 dəfə çox).
  • Qeyri-iradi hərəkətlər yerli xarakterli olur. Onlar  üz və çiyin qurşağı  əzələlərində meydana çıxır, digər əzələ qruplarına yayılmı
  • Çox vaxt birincili sinir tikləri stress vəziyyətlərində ortaya çıxır və intensivləş
  • Xəstəlik bir neçə həftədən bir neçə ilədək davam edə bilər, bəzən işə yaşlı şəxslər arasında da saxlanılmış olur.
  • Birincili sinir tikləri zamanı ən çox müşahidə edilən hərəkətlər: bir və ya hər iki gözü qırpmaq, çiyinlərini çəkmək, dişlərini qıcamaq, əllərin və ayaqların dartılması və yellənməsi,  üz-gözünü  turşutmaq, dairə vurmaq, saçların yolunması  və ya barmağa dolanması, qişqırmaq, qeyri-iradi  olaraq səslərin çıxarılması, xoruldamaq, səs-küylü tənəffüs.

 

    Birincili sinir tiklərini müşayiət edə biləcək pozuntular:

 

  • yüksək həyəcan hissi;
  • diqqətin konsentrasiyasının pozulması;
  • depressiya;
  • üzgünlük;
  • daimi narahatlıq;
  • bir yerdə qərar tutmamaq;
  • fəallığın artması;
  • məktəb materialının mənimsənilməsində problemin yaranması;
  • tez yorulma;
  • yuxunun pozulması: yuxuya getməyin çətinləşməsi, narahat yuxu, gecə tez-tez oyanmalar;
  • hərəkətin çətinləşməsi;
  • hərəkətlərin ardıcıllığının və koordinasiyasının pozulması;
  • havasız otaqlarda və nəqliyyatda hərəkət zamanı  ümumi  vəziyyətin pisləşmə

 

Adətən, birincili sinir tiklərinin proqnozu  əlverişlidir. Xəstə yaşa dolduqca onlar müstəqil surətdə, çox vaxt heç bir müalicə olmadan sağalır. Həkim simptomları  azaltmaq və  bərpa prosesini  sürətləndirmək üçün dərmanlar təyin edir.

Xəstə uşaqlar məktəbdə tez-tez problemlərlə qarşılaşırlar. Müəllim hesab edə bilər ki, uşaq tədris prosesinə məsuliyyətsiz yanaşır, bilərəkdən müəllimini və sinif yoldaşlarını ələ salir. Bu səbəbdən xəstə uşağa iradın tutulması və cəzanın verilməsi yalnız stressli  vəziyyətin və tiklərin artmasına səbəb olur.

 

     İkincili tiklərin simptomları

 

Baş beynin hansı hissəsinin zədələnməsindən asılı  olaraq, ikincili tiklərin təzahür formaları  da müxtəlif ola bilər. Adətən, sinir tiki əsas xəstəliklə birgə başlayır və o sağaldıqdan sonra tamamilə keçir.

 

     İrsi sinir tiklərinin simptomları

 

Adətən Turett xəstəliyi 5-6 yaşlarında meydana çıxmağa başlayır. Tutmalar zamanı  müxtəlif növ tiklər qeyd edilə bilər. Onlar nadir hallarda rast gəlinə bilir və ya bir-birinin ardınca baş verir. Bunlardan ən çox yayılmışları:

 

  • Motor (hərəki) tiklər – gözləri qırpmaq, öskürək, sifəti turşutmaq.
  • Koprolaliya – nalayiq sözləri qışqırmaq.
  • Sensor (hissi) tiklər. Xəstə asqırmaq və ya əsnəməyi xatırladan bir hərəkət etmək kimi qarşısıalınmaz arzu hiss edir. Tiklər “yarıkönüllü” şəkildə baş verir: xəstə hesab edir ki, o, bu  hərəkətləri artan gərginliyini  yüngülləşdirmək üçün edir. Bu, dərinin və gözlərin qaşınması, çiyinlərdə gərginlik hissi, boğazda qıcıqlanma və s. ola bilər.

 

Turett xəstəliyinə xas olan simptomlar:

 

  • Generalizə olunmuş (yayılmış) tiklər. Onlar  üz və boyundan başlayır və sonra bütün digər əzələlərə yayılır. Tiklər tədricən inkişaf edə, daha mürəkkəb ola bilir. Onlar  iradi hərəkətləri  xatırladır. Xəstə böyüdükcə  onlar, əksinə, çox vaxt daha zəif şəkildə təzahür etməyə başlayır.
  • Sayrışan qorxular – fobiyalar.
  • Sayrışan fikirlər və hərəkətlər.  Onlar xəstənin iradəsindən asılı  olmadan ortaya çıxır. Xəstələr özləri  də onları  yad, qeyri-adi hesab edir və  onların yaranmasından əzab çəkirlər. Fikirlər çox vaxt küfr  xarakterli olur və bu, xəstəni olduqca narahat edir.

Turett xəstəliyində tiklərin nadir rast gəlinən növləri:

 

  • Exolaliya –  başqa bir şəxsin sözlərinin təkrarlanması.
  • Palilaliya –  eyni sözün daima təkrarlanması.
  • Kopropraksiya –  nalayiq xarakterli  hərəkətlər.

 

Tiklərin irsi forması  zamanı  xəstənin əqli qabiliyyəti həmişə normal olur. Lakin onların ucbatından xəstə tez-tez sinif yoldaşlarının, həmkarlarının diqqət mərkəzinə düşmüş olur. Nəticədə onda emosional narahatlıq, çatışmazlıq kompleksi yaranır.

 

     Diaqnoz

 

Həkimin müayinəsi anamnezin toplanmasından başlayır. Nevropatoloq sinir tiklərinin ilk dəfə nə vaxt meydana gəldiyini, nə qədər davam etdiyini, necə təzahür etdiyini, tutmaların hansı tezliklə təkrarlandığını, həmin şəxsin hansı  digər xəstəlikləri və travmaları keçirdiyini aydınlaşdırır.

Sonra standart bir nevroloji  müayinə aparılır. Həkim sinir sisteminin vəziyyətini qiymətləndirir.

Qəbul zamanı  nevropatoloq həmişə xəstənin tiklərini görə bilmir. Buna görə həkimlərin çoxu xəstədən tutma zamanı  bu halların videoçəkilişini aparmağı  xahiş edir.

Diaqnoz kifayət qədər asanlıqla təyin edilir. Həkimin cavab tapmalı  olduğu vacib suallar:

  • Bu vəziyyət sinir tikidirmi, yoxsa sinir sisteminin başqa bir xəstəliyidir?
  • Sinir tikinin səbəbi nədir? Sinir tiki birincili, ikincili yoxsa irsi mənşəlidir?

 

Sinir tikləri zamanı  həkimin təyin edə biləcəyi müayinələr:

 

     Laborator analizlər

 

     Qanın ümumi analizi

 

     Orqanizmdə iltihabi dəyişiklikləri aşkar etməyə imkan verir (leykositlərin sayının artması  və EÇS – eritrositlərin çökmə sürətinin artması  onun əlamətləridir). Bu, dolayı yolla infeksiya və ya autoimmun xəstəliklərdən – tiklərin mümkün səbəblərindən şübhələnməyə imkan verir.

 

     Qanın biokimyəvi analizi

 

Sinir sisteminin zədələnməsinə və tiklərin yaranmasına səbəb ola biləcək daxili  üzvlərin xəstəliklərinin müəyyən edilməsinə imkan verir.
Tədqiqat zamanı  aşağıdakı  göstəricilər qiymətləndirilə bilər:

  • xolesterinin  miqdarı (aterosklerozun mövcudluğunu və dolayı  yolla – beyin damarlarının zədələnməsini qiymətləndirməyə imkan verir);
  • qlükozanın miqdarı (artmış səviyyə – şəkərli diabetin əlamətidir);
  • bilirubinin miqdarı (baş beyin üçün toksik olan hemoqlobinin parçalanması məhsuludur, onun miqdarının artması  qaraciyər funksiyasının pozulmasını  göstərə bilər);
  • müxtəlif fermentlərin miqdarı (qaraciyər, böyrək və digər orqanların zədələndiyini göstərir);
  • kreatininin  və sidik  turşusunun miqdarı (artması – böyrəyin zədələnməsinin bir əlamətidir);
  • ionların  miqdarı (dəyişikliklər müxtəlif orqanların, ilk növbədə böyrəklərin zədələnməsindən xəbər verə bilər).

 

     İnstrumental müayinələr

 

     Kəllənin rentgenoqrafiyası, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası

 

Bu müayinələr baş beynin və kəllə sümüklərinin vəziyyətini qiymətləndirməyə, ikincili sinir tiklərinə səbəb olan xəstəlikləri aşkarlamağa kömək edir.

Kəllənin rentgen təsvirləri müxtəlif proyeksiyalarda aparılır.
KT və MRT müayinələri, təbəqəli kəsikli şəkilləri və ya intrakranial  strukturların 3-ölçülü proyeksiyada təsvirlərini əldə etməyə imkan verir.

 

     EEQ (Elektroensefaloqrafiya)

 

Metod baş beyində baş verən elektrik impulslarının qeyd edilməsinə əsaslanır. Bu zaman patoloji fəallıq ocaqlarını  aşkar etmək mümkündür.

 

     Mütəxəssislərin müayinələri

 

     Travmatoloqun müayinəsi: keçirilmiş KBT – kəllə-beyin travmaları  zamanı  zəruri ola bilər.

 

     Onkoloqun müayinəsi: kəllədaxili şişlərə şübhə yarandıqda tələb oluna bilər.

 

     Psixiatrın müayinəsi: ruhi  xəstəliklərin olmasına şübhə yarandıqda tələb oluna bilər.

 

Lazım gələrsə, nevropatoloq digər müayinələr və analizlər də təyin edə bilər.

 

     Müalicə

 

Sinir tiklərinin müalicəsinə yanaşma onların meydana gəlməsi səbəbi ilə müəyyənləşdirilir. Əgər bu, ikincili tikdirsə, ilk növbədə əsas xəstəliyin müalicəsi ilə məşğul olmaq lazımdır. Əksər hallarda  əsas xəstəliyin simptomları dayandırıldıqda tiklər də yox olur. Birincili tiklərin müalicəsinə yanaşma bir az fərqlidir.

Birincil sinir tikləri xəstənin həyati fəaliyyətinə müdaxilə etmirsə, onun sosial imkanlarını məhdudlaşdırmırsa, belə hallarda dərman müalicəsi tətbiq edilmir. Əslində tiklərin özləri  insan orqanizmi  üçün zərərsizdir. Əksər hallarda onlar sağlamlıq baxımından heç bir təhlükə daşımır. Tiklərin müalicəsi üçün istifadə olunan dərmanlar isə, əlavə təsirlərini nəzərə almaqla, orqanizmə  zərər verə bilər və bu zərər, tiklərin vura biləcəyi ziyanla müqayisədə daha əhəmiyyətli ola bilər. Tiklər əleyhinə tətbiq edilən preparatların heç biri  tam təhlükəsiz deyil.

Tikləri aradan qaldırmağa ehtiyac yarandıqda, bu məqsədlə bir neçə dərman qrupundan istifadə olunur. Dərman vasitələrinin seçimi zamanı  ümumi prinsip – daha təhlükəsizdən daha effektiv  preparata keçməkdir. Bu zaman məqsəd, tikləri tamamilə yox etmək mümkün olmasa da, ən azından onların intensivliyini xeyli  aşağı salmaqdır ki, tiklər xəstənin sosial adaptasiyasına mane olmasın.

 

     Birincili sinir tiklərinin müalicəsi

 

Çox vaxt uşaqlarda birincili sinir tiklərinin müalicəyə ehtiyacı olmur və yaş  ötdükcə onlar  öz-özünə keçib gedir. Müalicə yalnız simptomları  azaltmaq və bərpa prosesini sürətləndirmək məqsədilə təyin edilir.

 

     Əsas tədbirlər

 

  • Düzgün gün rejimi. Uşaq həmişə eyni zamanda yuxudan oyanmalı, yemək yeməli və yatmağa getməlidir. Qida balanslaşdırılmış olmalı və bütün zəruri maddələr, vitaminlər, mikroelementlər ilə zənginləşdirilməlidir. Məktəbdə uşağın üzərinə həddən artıq yükün düşməsi yolverilməzdir. Uşağın idmanla məşğul olması, açıq havada olması, fəal həyat tərzi keçirməsi üçün kifayət qədər vaxt ayırmaq lazimdir. Tətillər zamanı  şəhərdən çıxmaq tövsiyə  olunur.

 

  • Psixoemosional yükün azaldılması. Bu, daha çox ailədaxili problemlərlə bağlı olur. Valideynlər bir-birinə və  övladlarına münasibətlərini yenidən nəzərdən keçirməlidirlər. Əgər uşağın məktəbdə sinif yoldaşları  və müəllimləri ilə problemləri yaranarsa, bu münaqişə valideynlərin və məktəb psixolоqunun iştirakı  ilə həll olunmalıdır. Ola bilsin ki, valideynlər öz tərbiyə üsullarını  tamamilə yenidən nəzərdən keçirsinlər.

 

  • Uşaq psixoloqu və ya psixoterapevtinin köməyi. Mütəxəssis, uşağın emosional vəziyyətini sabitləşdirməyə, daxili münaqişələrin aradan qaldırılmasına, ailədə və həmyaşıd qrupunda əlaqələrin qurulmasına kömək edir. Bəzən ailə psixoterapiyasına ehtiyac yaranır.

 

  • Dərman müalicəsi

 

Tiklərin güclü şəkildə  ifadə edildiyi, tez-tez təkrarlandığı  hallarda təyin edilir.

Birincili tiklər zamanı  istifadə olunan preparatlar:

 

1.Sedativ preparatlar

 

Valerian (Pişikotu) tinkturası

Valerian – tərkibindəki efirlərin aşağıdakı təsirləri verən dərman bitkisidir:

 

  • sinir sisteminin işinin normallaşdırılması;
  • ürək-damar sisteminin işinin normallaşdırılması;
  • baş beyində tormozlanmanın gücləndirilməsi və oyanıqlığın zəiflədilməsi.

 

Tinktura 3 yaşdan yuxarı  uşaqlarda istifadə olunur.

Bir stəkan suya, uşağın yaşı  sayda damcı  tinktura tökülür. Sutkada 3-4 dəfə qəbul edilməlidir.

Böyüklər sutkada 3-4 dəfə, 20-30 damcı  qəbul etməlidirlər.

 

Novo-passit

Bitki tərkibli sedativ preparatdır. Aşağıda göstərilən təsirlərə malikdir:

  • sedativ təsir göstərir;
  • anksiolitik (həyəcan əleyhinə) təsir göstərir;
  • qorxunu  və  əsəb gərginliyini aradan qaldırır;
  • saya əzələlərinə boşaldıcı  təsir göstərir.

Sutkada 3 dəfə, 5 ml (1 çay qaşığı) qəbul edilir.

Preparatın 12 yaşdan kiçik uşaqlara təyin edilməsi məsləhət görülmür.

 

  1. Trankvilizatorlar

 

Diazepam (Sibazon, Relanium, Diazepek, Valium)

Preparat benzodiazepinlər qrupuna aiddir. Əsas təsirləri:

  • emosional stressın aradan qaldırılması;
  • narahatlığın yox edilməsi;
  • təşviş və qorxunun aradan qaldırılması;
  • sedativ təsiri;
  • əzələlərin boşalması;
  • qıcolmaların aradan qaldırılması;
  • zəif  yuxugətirici effekti var.

Preparat  sinir tiklərinin güclü  ifadəsi zamanı, adi tədbirlər, Valerian tinkturası  və Novo-passit kömək etmədikdə təyin edilir.
Diazepam tabletlər, venadaxili və ya əzələdaxili inyeksiya şəklində tətbiq oluna bilər.
Uşaqlar üçün adi dozalar

  • 1-3 yaşlarında – sutkada 2 dəfə  1 mq;
  • 3-7 yaşlarına – sutkada 3 dəfə, 2 mq;
  • 7 yaşdan yuxarı – sutkada 2 – 3 dəfə, 3 – 5 mq daxilə təyin edilir.

 

Fenazepam

Ən güclü trankvilizatorlardan biridir.
Əsas təsirləri :

  • yüksək narahatlıqların aradan qaldırılması;
  • tutmaların aradan qaldırılması;
  • əzələlərin boşalması;
  • sedativ təsir;
  • yuxugətirici təsir.

Preparat adi tədbirlər, sedativ preparatlar kömək etmədikdə, sinir tiklərinin güclü  ifadəsi zamanı  təyin edilir.
Uşaqlar üçün doza müalicə həkimi tərəfindən təyin edilir.

Böyüklər üçün sutkada 2 dəfə, 0,5-1 mq dozasında tətbiq edilir.

 

  1. Neyroleptiklər

 

Haloperidol

Ən güclü psixotrop preparatlardan biridir. Ən ağır hallarda  istifadə edilir.

Əsas təsirləri :

 

  • antipsixotik- psixi funksiyaların normallaşdırılması;
  • hərəki oyanıqlığın aradan qaldırılması;
  • ağrıkəsici effekt.

 

Haloperidol, Diazepam və Fenazepamın istifadəsindən effekt olmadığı  zaman birincili tiklərin ən ağır formalarında  istifadə edilir.
Böyüklər üçün preparatın dozası sutkada 0,5 mq təşkil edir. 5 yaşınadək uşaqlara böyüklərə verilən dozanın ¼-ni, 6-15 yaşlı  uşaqlara isə ½-ni təyin edirlər.

 

     Pimozid (Orap)

Pimozid Diazepam və Fenazepamın istifadəsinin təsiri olmayan birincili sinir tiklərinin ən ağır formaları  zamanı  istifadə olunur.

Böyüklər üçün sutkalıq doza 1 mq-dan başlanılır, sonra tədricən artırılaraq 5 mq-a qədər çatdırıla bilər.

     Risperidon (Rispolept)

Risperidon sutkada 0,5-2 mq dozasında tətbiq olunur.

     Siklodol (Parkopan)

Siklodol, ekstramid pozuntular riskini aradan qaldırmaq üçün neyroleptiklərə əlavə olaraq istifadə edilir.
Əsas təsirləri :

  • əllərdə və ayaqlarda titrəmənin azaldılması;
  • əzələlərin süstlüyünün azaldılması;
  • əzələlərdə hərəkətlərin yaxşılaşdırılması.

Adətən dərman gündə 1 mq dozasında qəbul edilir. Doza xəstəliyin gedişatının şiddətinə əsasən müalicə həkimi tərəfindən təyin edilir.

 

     İkincili sinir tiklərinin müalicəsi

Uşaqlarda və böyüklərdə ikincili sinir tiklərinin müalicəsində birincili sinir tiklərinin müalicəsi zamanı  tətbiq edilən müalicə metodları eynilə tətbiq edilə bilər. Bu zaman həkimin əsas vəzifəsi, sinir tiklərinin yaranmasına gətirib çıxaran əsas xəstəliyə qarşı  mübarizə aparmaqdır.

İkincili sinir tiklərinin müalicəsi istiqamətləri:

  • Baş beynin infeksiyaları zamanı  xəstə stasionara yerləşdirilir və ona antibakterial və ya antiviral preparatlar da daxıl olmaqla kompleks bir müalicə təyin edilir.
  • Baş beynin şişləri zamanı cərrahi müalicə planlaşdırılır.
  • Beyin qan dövranının pozulması zamanı  qan dövranını  yaxşılaşdıran, arterial təzyiqi aşağı  salan, trombları  və xolesterin düyünlərini  aradan qaldıran preparatlar təyin olunmalıdır.
  • Psixi xəstəliklər zamanı müvafiq psixotrop preparatlar təyin olunur.
  • Şəkərli diabet zamanı  insulin terapiyası  aparılır, qanda qlükozanın səviyyəsi optimal dərəcədə saxlanılır.
  • Vegetativ-damar distoniyası zamanı  vitaminlər, adaptogenlər, baş beynin qan dövranını  və funksiyalarını  yaxşılaşdıran preparatlardan ibarət müalicə təyin olunur.

Əsas xəstəlik sağaldığı  zaman sinir tikləri də keçib gedir.

 

     İrsi mənşəli tiklərin müalicəsi

 

Turett xəstəliyi ilə əlaqəli sinir tiklərinin müalicəsində, birincili sinir tiklərinin müalicəsində istifadə olunan eyni üsullar tətbiq edilir. Lakin bu zaman dərman müalicəsi  ön plana çıxır.

 

İrsi mənşəli tiklərin müalicəsində istifadə edilən dərmanlar:

 

     Haloperidol

Birincili  sinir tiklərinin müalicəsinin təsviri bölməsində bu barədə ətraflı şəkildə qeyd edilmişdir.

Adətən preparat sutkada 3-6 mq dozasında qəbul edilir. Doza xəstəliyin şiddətindən asılı  olaraq müalicə həkimi tərəfindən təyin olunur.

 

     Sulpirid (Eqlonil, Propulsin, Dogmatil, Depral)

Psixotrop təsirli preparatdır.
     Əsas təsirləri :

  • mərkəzi sinir sisteminin tənzimlənməsi;
  • psixotik pozuntuların aradan qaldırılması;
  • depressiya ilə mübarizə;
  • sinir sisteminin stimullaşdırılması.

Preparat tablet və ya əzələdaxili inyeksiya şəklində istifadə edilə bilər.
İrsi mənşəli sinir tikləri  zamanı  tətbiq edilən dozalar:

  • uşaqlar – sutka ərzində hər 1 kq bədən çəkisinə 5 mq;
  • böyüklər – sutkada 300-450 mq.

Preparatın dozası  xəstəliyin şiddətindən asılı  olaraq müalicə həkimi tərəfindən təyin edilir.

 

     Pimozid

Birincili  sinir tiklərinin müalicəsinin təsviri bölməsində bu barədə ətraflı  şəkildə məlumat verilmişdir.

İrsi mənşəli sinir tikləri  zamanı  preparat sutkada 1 mq dozasında tətbiq olunur. Preparatın dozası  müalicə həkimi tərəfindən tənzim olunur.

Tiklərin müalicəsində istifadə olunan digər preparatlar arasında aşağıdakıları qeyd etmək lazımdır:

  • Fenibut – Nootrop preparatdır. Sutkada 250-750 mq dozasında təyin edilir.
  • Baklofen – Mərkəzi təsirli miorelaksantdır. Ağrılı  spazmları  və kloniki  qıcolmaları zəiflə Sutkada 30-75 mq dozasında təyin edilir.
  • Klonazepam (Rivatril) – Sedativ, əzələboşaldıcı, anksiolitik və qıcolma əleyhinə təsir göstə Sutkada 0,25-4 mq dozasında təyin edilir.
  • Klonidin (Klofelin) – mərkəzi təsirli antihipertenziv preparatdır. Sutkada 0,075-0,3 mq dozasında təyin edilir.
  • Quanfasin (Estulik) – mərkəzi təsirli antihipertenziv preparatdır. Sutkada 0,5-1,5 mq dozasında təyin edilir.
  • Metoklopramid (Serukal, Reqlan) – dofaminergik və serotonin reseptorlarının antaqonistidir. Qusma əleyhinə təsir göstərir, hıçqırığı sakitləşdirir. Sutkada 20-60 mq dozasında təyin edilir.

    

     Bioloji aktiv əlavələr

Hal-hazırda tərkibində müxtəlif bioloji  aktiv maddələr olan preparatların geniş seçimi  mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji  aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibində doymamış yağ turşuları  Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
  • Tərkibi  ionlaşmış kalsium, vitaminlər, minerallar, doymamış yağlar və digər faydalı maddələrdən ibarət оlan preparatlar. Sümük-qığırdaq sistemini də möhkəmləndirir, əzələlərin fəaliyyətini gücləndirir.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı  vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ  turşuları  və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.

 

Yuxarıda sadalanan dərmanlar müxtəlif farmakoloji  qruplara aiddir. Göründüyü kimi, onların effektiv dozaları  çox fərqli ola bilər. Ağır hallarda tiklər əleyhinə effekti gücləndirmək məqsədilə bəzi  dərman preparatlarını  müştərək şəkildə tətbiq edirlər. Statistikaya əsasən, sinir tiklərinin yalnız 70%-i  bu preparatların təsiri nəticəsində aradan qaldırıla bilir, yerdə qalan 30%-i  isə hətta daha böyük dozalarda tətbiq edilən dərman vasitələrinə rezistentlik nümayiş etdirir. Hər hansı  dərmanın təyin edilməsi yalnız nevropatoloq tərəfindən aparılmalıdır. Həkim bu preparatların əlavə təsirləri riski ilə faydası  perspektivini ölçüb-biçməli və bu məlumatı  xəstəyə çatdırmalıdır.

     Sinir tiklərinin müalicəsində tətbiq olunan bəzi alternativ üsullar

     Masaj

Sinir tiklərinin müalicəsində rahatlayıcı masaj müsbət effekt göstərir. Masajçı  kobud, aktiv hərəklərə yol verməyərək, yüngül sığallama, ovuşdurma, yumşaltma hərəkətləri tətbiq edir. Rahatlayıcı masaj seansları  tik hərəkətlərini həyata keçirmək üçün əzələlərin hazırlığını azalda bilər. Beləliklə, tiklərin tezlik və amplitudları  azaldılmış olur. Müalicə kursu adətən, 10  seansdan ibarət olur və ondan sonra əzələ tonusu, qan dövranı, sinir sisteminin vəziyyəti normallaşır. Bu, sinir tiklərini azaltmağa, bəzən isə onlardan tamamilə xilas olmağa kömək edir.

     Akupunktura

Akupunktura və ya iynəbatırma – qədim Çindən gələn bir müalicə metodudur. Hesab edilir ki, dəri  üzərində lazımi nöqtələrə iynə batırdıqda sinir sisteminin vəziyyətini normallaşdırmaq və sinir tiklərindən azad olmaq mümkündür. Elmi cəhətdən bu, hələ sübuta yetirilməsə də, akupunkturanın bir çox xəstələrə müsbət effekt göstərməsi qeyd olunmuşdur. Akupunktur sinir sisteminin oyanıqlığını azaldır və dolayı  yolla tiklərin tezliyinə təsir edir.

     Cərrahi müdaxilə

Hal-hazırda ağır dərəcəli sinir tiklərinin müalicəsində cərrahi müdaxilədən istifadə olunması təklif olunur. Cərrah, ən çox yığılmış olan əzələ liflərini kəsib götürür. Bundan sonra tiklər azalır və ya tamamilə keçir.

     Botoksun tətbiqi

Həmçinin, kosmetologiyada istifadə edilən preparat olan botoksla (botulotoksin) sinir tiklərini müalicə etmək üçün cəhdlər edilir. Bəzən botulotoksin inyeksiyaları  müalicə prosesinə əlavə olunur. Botulotoksin tik hərəkətlərini icra edən əzələlərə inyeksiya edilir. O, əzələ liflərini boşaldır və onların təqəllüs etməsinin qarşısını alır. Bu, müvəqqəti olaraq onları  iflic edir və tiklər təkrarlanmır. Amma sonra hər şey yenidən başlanır. Yəni  bu müalicə yalnız müvəqqəti effekt göstərir.

Bu üsullar sinir tiklərini effektiv şəkildə aradan qaldırır, amma xəstəliyin baş beyində olan əsas səbəbinə təsir etmir. Nəticədə tiklər aradan qaldırılsa da, xəstəlik davam edir və  sonradan mənfi nəticələr yarana bilər.

     Psixoterapiya

Psixoterapiya tiklərin müalicəsində xüsusi bir rol oynayır. Onun üsulları  tiklərin  özünü azaltmağa kömək etmir, lakin xəstələrin tiklərə münasibətini dəyişdirir və bəzən onlarla yanaşı meydana çıxan psixi pozuntuları  tənzimləyir. Psixoterapiya metodlarının köməyi ilə daxili gərginliyin aradan qaldırılması  təmin edilir, tiklərə qarşı  tolerantlıq asanlaşdırılır.

Həmçinin, xəstənin iradi  surətdə tiklərə nəzarət etməsini məşq etdirən xüsusi  üsullar işlənib hazırlanmışdır. Bu üsullar dedikdə, tiklərdən əvvəl onların yaranmasını  öncədən xəbər verən hissiyyat yarandıqda, onlara rəqabət göstərəcək bir hərəkətin icra edilməsi nəzərdə tutulur.

 

     Profilaktika

 

Sinir tikləri zamanı ümumi tövsiyələr aşağıdakılardan ibarətdir:

     Nə etmək lazımdır?

  • tamdəyərli qidalanma;
  • tamdəyərli yuxu;
  • tamdəyərli istirahət;
  • idmanla, məsələn, üzgüçülüklə məşğul olmaq;
  • yoqa, meditasiya ilə məşğul olmaq;
  • daim pozitiv və xeyirxah insanların arasında olmaq;
  • psixoloqla əməkdaşlıq etmək, özünü idarə etmək bacarıqlarına yiyələnmək;
  • psixo-emosional gərginliyi aradan qaldırmağa və əhval-ruhiyyəni yüksəltməyə kömək edə biləcək maraqlı bir hobbi tapmaq.

 

     Nə etmək olmaz?

  • istirahət olmadan uzun müddət işləmək, daimi yorğunluq və stress;
  • münaqişəyə meylli neqativ insanların arasında qalmaq;
  • kompüterin arxasında uzun müddət işləmək və ya oyun oynamaq;
  • qəddarlıq və zorakılığı təbliğ edən filmləri və televiziya verilişlərini seyr etmək;
  • kifayət qədər yatmamaq;
  • tez-tez qəhvənin və sinir sistemini oyandıran digər məhsulların istifadə

 

Bu tövsiyələrin mahiyyəti, qıcıqlandırıcı  kənar təsirlər olmadan, sinir sistemi üçün sakit bir fon yaratmaqdır. Bu vəziyyətdə, ekstrapiramid sistemində oyandırıcı  impulslar daha az yaranır və bu səbəbdən də tiklər daha nadir hallarda meydana çıxır.

 

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, söyləyə bilərik ki, əksər hallarda sinir tikərini nisbətən ciddi bir xəstəlik hesab etməmək olar. Ən azından onlar, həyat üçün təhlükə daşımır və onun davametmə müddətini azaltmır. Sinir tiklərinin müalicəsi üsulları, əlbəttə ki, mükəmməl deyil, ancaq onların tətbiq olunması, xəstələrin vəziyyətini yaxşılaşdırmağa və daha tamdəyərli bir həyat tərzinə yol açmağa imkan verir.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/08/24/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99si/

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 01.10.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq