“Nevrologiyaya aid kliniki-situasion məsələlər” kitabı

Oxucuların diqqətinə çatdırılan bu kitab, mənim sinir xəstəliklərinə həsr olunmuş dördüncü kitabımdır. Bundan əvvəl çap etdirdiyim “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (2019), “Sinir xəstələrinin müayinəsi metodları” (2020) və “Geniş yayılmış sinir xəstəlikləri” (2022) kitablarımda mən sinir xəstəliklərinin tədqiqat metodlarını ətraflı təsvir etmiş, həmçinin nevropatoloqların öz praktikalarında daha çox rastlaşdıqları sinir xəstəliklərinin təsnifatı, etiologiyası, patogenezi, simptomları, müayinə və müalicə üsulları, o cümlədən onların proqnozu və profilaktikası haqqında geniş məlumat vermişəm.

Mənim “Nevrologiyaya aid kliniki-situasion məsələlər” adlı bu yeni kitabım(13896 N-li müəlliflik şəhadətnaməsi), sinir xəstələrinin müayinə və müalicə işinə yeni bir yanaşma olub, praktik nevropatoloqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər bir nevropatoloq sinir xəstəliklərinin müayinəsi və müalicəsinə aid nə qədər zəngin biliklər əldə edirsə etsin, bəzən yeni bir xəstəni müayinə edərkən, çox vaxt konkret olaraq onun məhz hansı nozoloji vahidlə rastlaşması kimi sualla qarşılaşaraq, çətin anlar yaşamalı olur. Baş beynin və onurğa beyninin bəzi xəstəlikləri zamanı rast gəlinən əlamətlər, çox vaxt bir deyil, bir neçə nozoloji vahidin simptomu ola bildiyi üçün, xəstəyə düzgün diaqnoz qoymaq və adekvat müalicənin təyin edilməsi işində həkim üçün böyük çətinliklər doğura bilir. Belə olan halda nevroloqun köməyinə yalnız nəzəri bilklər deyil, həmçinin onun öz təcrübəsi ərzində rastlaşdığı müxtəlif kliniki situasiyaların yada salınması və onlardan məhz hansının onun hal-hazırda üzləşdiyi vəziyyətlə eynilik təşkil etməsinin dəqiqləşdirilməsi çata bilər.

Bu kitabda geniş yayılmış sinir xəstəliklərinə həsr edilmiş 200 kliniki-situasion məsələnin təsviri verilmiş, həmçinin bu məsələlərin düzgün cavabları, eləcə də həmin nozoloji vahidlərin diaqnostikası, müalicəsi və profilaktikası haqqında yığcam şəkildə olsa da məlumat oxucuların diqqətinə çatdırılmışdır.

Bir çox oxşar tibbi ədəbiyyatlardan fərqli olaraq, bu kitabda kliniki məsələlər aid olduqları xəstəliklərin qrupuna uyğun olan fəsillərə ayrılmamış, yalnız sıra nömrəsi ardıcıllığı ilə düzülmüşdür. Belə etməkdə məqsədim, kliniki gedişinə görə oxşar olan xəstəliklərin müxtəlif variantlarını oxucuların diqqətinə çatdırmaqla, onları kitabda təsvir olunmuş situasion məsələlərin hamısı ilə yaxından tanış olmağa sövq etmək olmuşdur.

Kitabda beyin qan dövranı pozulmaları, sinir sisteminin iltihabi və autoimmun xəstəlikləri kimi geniş yayılmış sinir xəstəliklərinə aid çoxsaylı məsələlər təsvir edilərkən, eyni zamanda həmin nozoloji vahidlərin müxtəlif formaları, habelə bu patologiyalarda müşahidə olunan sindromların əksəriyyətinin böyük çeşidi yer almışdır.

Bu kitabda nevropatoloqlar üçün diaqnostikası nisbətən asan olan insultlar, üz sinirinin nevriti və ya üçlü sinirin nevralgiyası kimi xəstəliklərlə yanaşı, diaqnostikası həkimlər üçün böyük çətinliklər yaradan və hansısa səbəbdən bu mövzuya həsr edilmiş əksər tibbi ədəbiyyatlarda öz təsvirini tapmamış araxnoidit, mielit, spinal insult və digər bu kimi nozoloji vahidlərə aid maraqlı kliniki situasion məsələlərin təsvirləri də yer almışdır. Kitabda həmçinin nevrologiyada nadir hallarda rast gəlinən, lakin olduqca maraqlı kliniki simptomatikaya malik olan Slader, Tolosa-Hant, Personeyc-Törner və digər sindromlara aid maraqlı və düşündürücü situasion məsələlər də təsvir olunmuşdur. Bütün bu özəlliklər, şübhəsiz ki, kitabın oxucuları olan nevropatoloqlar tərəfindən dəyərincə qiymətləndiriləcəkdir.

Kitabın hazırlanmasında çoxsaylı mənbəyə müraciət edilmişdir ki, bunların da içərisində həm Azərbaycan, həm pоstsоvet məkanı ölkələri (Rusiya Federasiyası, Ukrayna, Belorusiya və s.), habelə Qərb dövlətləri alimlərinin elmi ictimaiyyət arasında geniş şöhrət tapmış kitabları, müxtəlif ölkələrə məxsus çоxsaylı tibbi internet saytlarında dərc оlunmuş məqalələri yer almışdır. Qeyd etmək istəyirəm ki, “Nevrologiyaya aid situasion məsələlər” kitabı, Azərbaycanda bu mövzuya həsr olunmuş ilk kitab olmaqla yanaşı, həmçinin postsovet məkanı ölkələrində dərc edilmiş analoji ədəbiyyat nümunələrindən tərkibinin qat-qat zəngin və rəngarəng olması ilə fərqlənir.

Kitab müalicə həkimləri üçün nəzərdə tutulmuşdur və tibbi təhsili olmayan şəxsləri özünümüalicənin çox ağır nəticələrə gətirib çıxara biləcəyi barəsində bir daha xəbərdarlıq etməyi özümə borc bilirəm. Bu kitab, nevroloji xəstəliklərin diaqnostikası, müalicəsi, habelə sertifikasiya imtahanlarında müvəffəqiyyət qazanmaq işində praktiki nevropatoloqlar üçün olduqca mühüm bir yardımçı ola bilər.

Əgər bu kitabdan faydalanaraq heç olmazsa bir xəstəyə vaxtında diaqnoz qoyub adekvat müalicə təyin etməklə onun həyatını xilas etmək və öz tamdəyərli həyat fəaliyyətinə qaytarmaq mümkün olarsa, onun ərsəyə gəlməsində zəhməti olmuş bir şəxs kimi özümü çox xoşbəxt hiss edərəm.

 

Digər məqalələrimizə keçid:

Digər məqaləyə keçid linki: https://nevropatologiya.az/2023/05/20/sinir-x%c9%99st%c9%99l%c9%99rinin-muayin%c9%99si/#more-967

Reyno sindromu və xəstəliyi

Araxnoidit