Elektromioqrafiya (EMQ)
Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətini qiymətləndirməyə imkan verən diaqnostik metod olub, onun əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyəti haqqında nəticə çıxarmaq olar. Bu müayinə metodu, həkimə zədələnmə ocağının lokalizasiyası və yayılması, əzələlərin və periferik sinirlərin zədələnməsinin ağırlıq dərəcəsi və xarakterini müəyyənləşdirməyə kömək edir.
Müayinənin tarixi
Elektromioqrafiyanın inkişaf tarixi XVII əsrin ortalarından etibarən, Françesko Redinin bəzi balıq növlərinin yüksək ixtisaslaşmış əzələlərinin elektrik şüalanması mənbəyi olduğunu sübut etdikdən sonra başlanmış hesab olunur. 1773-cü ildə Uolş aydın şəkildə nümayiş etdirə bilmişdi ki, ilan balığının əzələ toxuması, elektrik qığılcımı yarada bilmək qabiliyyətinə malikdir.
XVIII əsrin 70-ci illərində italyan alimləri Luici Galvani və Alessandro Voltanın müxtəlif canlıların üzərində apardıqları çoxsaylı tədqiqat işləri, elektromioqrafiyanın inkişafına yeni bir təkan verdi. Belə ki, L. Qalvani bu sahədə aşağıdakı qanunauyğunluqların olmasını kəşf etdi:
- elektrikliyin yeni – “heyvani” növü və mənbəyi mövcuddur;
- əzələ – elektrik batareyasının müəyyən və xüsusi bir növüdür;
- əzələ, beyindən gələn impulslarla stimullaşdırılır. Beyindən gələn impulslar sinir boyunca ötürülür.
Voltanın isə bu sahədə rolu onunla vacibdir ki, o, elə bir güclü cihaz işləyib hazırlamışdı ki, ondan həm elektrik enerjisini istehsal etmək, həm də əzələləri stimullaşdırmaq üçün istifadə etmək olardı. XIX əsrdə əzələləri stimullaşdırmaq üçün elektrik enerjisindən istifadə üsulu geniş diqqət cəlb etdi və həmin dövrün bir çox tədqiqatçıları bu yeni metodu mənimsədilər. 1860-cı illərdə Düşenn onları öyrənmək üçün elektrik stimullaşdırılmasından istifadə edərək, intakt əzələnin funksiyasının ilk sistematik tədqiqatını aparmışdır. Dübua Raymon tərəfindən insanın əzələlərinin elektrik fəallığının, onların iradi təqəllüsü zamanı müayinəsi, elektromioqrafiyanın inkişafında böyük rol oynamışdır. 1900-cu illərin əvvəllərində Pratt nümayiş etdirdi ki, təqəllüs edən əzələnin enerjisinin miqdarı, neyronal impulsunun böyüklüyü ilə deyil, əzələ liflərinin fərdi miqdarı ilə bağlıdır. İlk dəfə insan EMQ müayinəsi, 1907-ci ildə alman fiziologu G. von Pieper tərəfindən həyata keçirilmişdir ki, o, bu məqsəd üçün simli qalvanometrdən istifadə etmişdi. 1920-ci illərdə, Qasser və Nyukomer, əzələnin biopotensialını hesablamaq üçün ixtira etdikləri katodlu ossiloqrafdan istifadə etmişdilər. Bu kəşf, 1944-cü ildə Nobel mükafatına layiq görülmüşdür.
1930-cu illərdən başlayaraq, daimi olaraq bir çox alimlərin bu metodun yeni elmi kəşflərin hesabına təkmilləşdirməsi həyata keçirilmişdir ki, onlardan da E. Ceykobson, Floyd və Silver, Prays, Conson və Harton, E. Qrininin adlarını xüsusilə qeyd etmək lazımdır.
Hal-hazırda EMQ, nevrologiya, neyrofiziologiya, travmatologiya və ortopediya, idman təbabəti, hərəkətlərin və yerişin kliniki təhlili sahələrində geniş yayılmış tədqiqat metodu kimi inkişaf etmişdir.
Elektromioqrafiya metodunun mahiyyəti
Bu müayinə, xüsusi bir cihaz – elektromioqrafdan istifadə etməklə aparılır. Müasir dövrdə bu, əzələ biopotensiallarını qeyd edən, gücləndirən və məlumatları qiymətləndirən mürəkkəb bir kompüter sistemidir. Elektrodlar, əzələlərin potensialını qeyd edir və elektromioqrafa ötürür. Cihaz, siqnalları gücləndirir və onu ya görüntü şəklində kompüterin monitoruna, ya da sonradan kağız üzərində qeyd etmək üçün ossilloqrafa göndərir.
Elektromioqrafiya – əzələlərin elektrik potensiallarının ölçülməsi vasitəsilə müayinəsi metodudur. Oyanmanın sinir lifindən əzələ lifinə ötürülməsi, sinir-əzələ sinapsında baş verir. Oyanma anında sinaptik düyündən ifraz olunan asetilxolin, əzələ lifinin postsinaptik membranının depolyarizasiyasına səbəb olur. Bir əzələ fibrilinin oyanmasına müvafiq olan potensial, fibrillyasiya potensialı (FP) adlanır.
Əzələ lifləri, sinir-əzələ hərəki vahidi (HV) adlanan funksional qruplarda birləşir. HV – eyni motoneyronla innervasiya olunan əzələ liflərinin birliyindən ibarətdir. Onun oyanması zamanı, normal halda onun innervasiya etdiyi bütün əzələ lifləri demək olar ki, eyni vaxtda oyanır. Bu səbəbdən, normal halda praktik olaraq heç vaxt FP müşahidə olunmur, yalnız HV-i təşkil edən bir çox əzələ liflərinin summar boşalmaları qeydə alınır. Bu cür sinxron potensial, HV-in hərəkət potensialı (HVHP) adını daşıyır. HVHP, FP-dən daha böyük amplituda malikdir. HVHP-nın davametmə müddəti də həmçinin FP-dən bir qədər çoxdur, çünki ayrı-ayrı liflərə yaxınlaşan terminal neyromiofibrillərin müxtəlif uzunluqda olması və sinaptik yarığa ifraz olunan asetilxolinin müxtəlif sürəti və həcminin olması səbəbindən, HV-i təşkil edən ayrı-ayrı miofibrillərin oyanıqlığı tam sinxron olmur. Eyni səbəbdən də HVHP 2-, 3-, bəzən isə polifazalı ola bilir. Potensialların məhz bu növləri, diaqnostik məqsədlə araşdırılan EMQ-ki əsas elementar fenomenləri təşkil edir.
Müayinənin xüsusiyyətindən asılı olaraq, 2 növ aparmadan istifadə edilir. Səthi aparma, tədqiq olunan əzələnin hərəki nöqtəsində yerləşən bir cüt səthi elektrod vasitəsilə həyata keçirilir. Onlar, elektrodun yaxınlığında yerləşən summar HVHP-i əks etdirir. Səthi aparma, əsas etibarilə stimulyasion elektromioqrafiyada istifadə olunur ki, bu üsul da hissi və hərəki sinirlərin elektrostimulyasiyasına cavab olaraq meydana çıxan HVHP-nin birbaşa, reflektor və bəzi digər növlərini tədqiq edir.
Spontan və iradi fəallığın tədqiqi məqsədilə, əzələnin hərəki nöqtəsinin dərinliyinə yeridilmiş iynəşəkilli konsentrik elektrodların köməyilə aparmalar tətbiq edilir. Bu metod, HV-in və ayrı-ayrı liflərin fəallığının xarakterini kəmiyyət və keyfiyyət baxımından dəqiqliklə qiymətləndirməyə imkan verir.
Normada sakit halda və boşalmış vəziyyətdə əzələdə heç bir elektrik fəallığı müşahidə olunmur. Əzələnin zəif təqəllüsü və ya sinergik gərginliyi zamanı əvvəlcə ayrı-ayrı HVHP-lər yaranır ki, onlar da təqəllüsün gücünün artması ilə tezləşir və nəhayət, interferension adlanan bütöv bir yüksək tezlikli fəallıqda birləşir.
Şəkil1. Elektromioqrafiyada bəzi əsas fəallıq növləri (N.N. Yaxno, D.R. Ştulman və əməkdaşları).
- FP. 2. Normal halda HVHP. 3. Normal halda iradi əzələ təqəllüsünün interferension EMQ-si. 4. Spinal motoneyronun xəstəliyi zamanı spontan HVHP (fassikulyasiyalar). 5. Spinal motoneyronun xəstəliyi zamanı davametmə müddəti və amplitudası artmış (nəhəng) HVHP. 6. Onurğa beyninin ön buynuzlarının zədələnməsi zamanı iradi əzələ təqəllüsünün seyrəkləşdirilmiş təsviri. 7. Düşenn miopatiyası zamanı polifazalı, ölçüsü qısaldılmış aşağı amplitudlu HVHP (1,2, 4, 5 və 7-ci təsvirlər iynəli aparmalar, 3 və 6-cı təsvirlər isə səthi aparmalar nəticəsində qeydə alınmışdır).
Əzələlərin elektrik fəaliyyətinin müəyyən normaları vardır ki, bu normalar, onların funksiyasının qənaətbəxş olmasından xəbər verir. Elektromioqramın göstəriciləri, bu normaların hüdudlarından kənara çıxdıqda, bu, əzələnin və ya onu innervasiya edən periferik sinirin xəstəliyindən şübhələnməyə əsas verir.
Elektromioqrafiyanın növləri
Elektrodların tipinə görə elektromioqrafiya səthi (qlobal) və lokal növlərə ayırd edilir.
- Səthi EMQ – qeyri-invaziv bir metoddur və əzələ fəaliyyətini, onun geniş sahəsində qeyd etməyə imkan verir.
- Lokal elektromioqrafiyanı icra edərkən, nazik bir iynə şəklində elektrodu perkutan (dəri vasitəsilə) əzələ kütləsinə yeridilir. Bu, fərdi əzələ elementlərinin funksiyasını öyrənmək üçün istifadə olunan invaziv bir metodikadır.
Prosedurların hər bir növünün öz göstəriciləri vardır, buna görə də onların hansının istifadə edilməsi barədə qərarı fərdi surətdə müalicə həkimi verir. Çox vaxt elektromioqrafiyanın hər iki növü eyni vaxtda təyin edilir.
Göstərişlər
Elektromioqrafiyanın keçirilməsinə səbəb, tez-tez müşahidə edilən əzələ ağrılarıdır. Aşağıdakı simptomlar olduqda və ya aşağıdakı xəstəliklərdən şübhə yarandığı təqdirdə xəstəyə EMQ müayinəsi təyin edilə bilər:
- əzələlərdə zəiflik hissi;
- tez-tez baş verən intensiv əzələ ağrıları;
- tez-tez baş verən əzələ səyrimələri, qıcolmalar;
- Parkinson xəstəliyi və sindromu;
- YAS (yan amiotrofik skleroz);
- miokloniyalar;
- miasteniya;
- polimiozit;
- əzələlərin tonusunun pozulması (distoniya);
- baş və onurğa beyninin, periferik sinirlərin travmatik zədələnmələri;
- dağınıq skleroz;
- botulizm;
- keçirilmiş poliomielit xəstəliyindən sonrakı qalıq əlamətləri;
- üz sinirinin nevropatiyası;
- tunel sindromları;
- fəqərə sütununun travmaları və ya fəqərəarası disk yırtıqları zamanı radikulopatiya;
- polineyropatiya;
- essensial tremor;
- kosmetologiyada – botoksun tətbiqi lazım olan bədən sahələrini müəyyən etmək məqsədilə.
Bir qayda olaraq, elektromioqrafiya eyni xəstəyə dəfələrlə həyata keçirilir: birinci müayinə – müalicənin başlamasından qabaq, diaqnozun qoyulması mərhələsində, sonrakılar isə – müalicə prosesində, onun effektivliyini qiymətləndirmək məqsədilə.
Əks-göstərişlər
Ümumiyyətlə, elektromioqrafiya tamamilə təhlükəsiz, zərərsiz və ağrısız bir müayinə metodu olub, hətta uşaq yaşlı xəstələrə tətbiqinə də icazə verilir. Lakin onun da həyata keçirilməsi üçün, bir çox diaqnostik prosedurlarda olduğu kimi əks-göstərişlər mövcuddur:
- kəskin infeksion və ya qeyri-infeksion xəstəliklər;
- epilepsiya və mərkəzi sinir sisteminin digər üzvi patologiyaları;
- ruhi xəstəliklər, xüsusilə də xəstənin özünü adekvat şəkildə idarə edə və müəyyən hərəkətləri yerinə yetirə bilmədiyi xəstəliklər;
- kəskin ürək-damar patologiyası (hipertenziv böhran, stenokardiya tutması, kəskin miokard infarktı və );
- elektrokardiostimulyator;
- nəzərdə tutulan müayinə nahiyəsində dəri qüsurları, irinli səpgilərin olması.
Lokal (iynəli) elektrostimulyasiyanın aparılması üçün əks-göstərişləri ayrıca olaraq qeyd etmək lazımdır:
- müayinə olunan şəxsdə qan vasitəsilə yoluxa bilən infeksiyaların (HİV / QİÇS, hepatit və ) olması;
- qanın laxtalanma sisteminin qanaxmaya meylli xəstəlikləri (hemofiliya və );
- ağrıya qarşı yüksək fərdi həssaslıq.
Xəstənin müayinəyə hazırlanması
Bir çox digər diaqnostik metodlardan fərqli olaraq, elektromioqrafiya üçün xüsusi hazırlıq tədbirləri mövcud deyil. Ancaq müayinəyə getməyi planlaşdırarkən, aşağıdakı şərtləri nəzərdən keçirmək lazımdır:
- sinir və ya əzələ sisteminə təsir edən dərman preparatlarının qəbulunu dayandırmaq;
- elektromioqrafiyadan bir neçə saat əvvəl oyanıqlığı gücləndirən məhsulları (şokolad, kola, çay, qəhvə, energetik içkilər) qəbul etməmə
Əgər xəstə somatik xəstəliklər səbəbindən, gündəlik surətdə qanın laxtalanması qabiliyyətini aşağı salan dərman preparatlarını qəbul etməlidirsə, o, bu barədə öz müalicə həkiminə məlumat verməlidir.
EMQ müayinəsinin aparılma qaydası
Müayinə həm stasionar, həm də ambulator şəraitində aparıla bilər. Müayinə müddəti ərzində xəstə oturaq, yarımoturaq və ya uzanmış vəziyyətdə, rahat bir şəkildə yerləşməlidir. Tibb bacısı elektrodlarla əlaqəli olan dəri sahəsini antiseptiklə işləyir və müayinə olunan əzələnin üzərinə elektromioqrafa birləşdirilmiş elektrodları qoyur. Əzələyə iynəli elektrodun yerləşdirilməsi zamanı, xəstə qeyri-intensiv bir ağrı hiss edir.
Müayinənin başlanğıcında, boşalmış halda olan əzələnin potensialları qeyd olunur, sonra isə xəstədən onu yavaş-yavaş gərginləşdirməyi xahiş edirlər və bu zaman da impulslar qeyd olunur.
Əldə olunmuş qeydiyyat – elektromioqramma – diaqnostika kabinetinin mütəxəssisi tərəfindən qiymətləndirilir, sonra isə nəticə xəstəyə və ya bilavasitə müalicə həkiminə təqdim edilir.
EMQ müayinəsinin nəticələrinin təhlili
Elektromioqrammada müxtəlif amplitudlu, tezlikli və periodikli dalğalar (ossilyasiyalar) müəyyən edilir. Əzələ yalnız təqəllüs etməyə başlayarkən, bu dalğaların amplitudunun ölçüsü təxminən 100-150 mkV, maksimum təqəllüs halında isə 100-3000 mkV olur. Bu göstəricilər, bilavasitə insanın yaşından və fiziki inkişafından asılıdır. Nəticənin təhrif olunması, yalnız qanın laxtalanma sisteminin xəstəlikləri və müayinə sahəsində dərialtı piy toxumasının qalınlığı səbəblərindən baş verə bilər.
- Miozitlər, əzələ distrofiyası və digər birincili əzələ xəstəlikləri, xəstəliyin şiddətinə uyğun olaraq dalğaların amplitudunun aşağı enməsinə səbəb olur (başlanğıc mərhələdə 500 mkV-a qədər, terminal mərhələdə isə maksimal oyanıqlıq zamanı – hətta 20 mkV-a qədər). Lokal EMQ-də eyni zamanda potensialın sayı norma çərçivəsində olur, lakin onların amplitudu və davametmə müddəti azalır.
- İstənilən təbiətli polineyropatiyalarda (toksiki, metabolik, irsi) – səthi elektromioqrafiya ossilyasiyaların qısalmasını, eləcə də müxtəlif amplitudlu və tezlikli tək-tək biopotensialları qeydə alır. Lokal EMQ-də polifazalı, nisbətən normal biopotensiallar görüntülə Sinir liflərinin çox hissəsi məhv olduğu halda isə, əzələ fəaliyyəti minimal olur və ya heç olmur.
- Lokal EMQ-də spinal amiotrofiyalar kəskin dalğalar və ossilyasiyaların amplitudunun artımı ilə xarakterizə Səthi elektromioqrafiyada isə, sakit vəziyyətdə fassikulyasiyalar, əzələnin yüksək dərəcəli gərginliyi zamanı isə – “çəpər ritmi” adlanan yüksək tezlikli və amplitudlu potensiallar aşkar edilir.
- EMQ-də miasteniya, əzələnin təkrarlanan ritmik stimullaşdırılması zamanı ossilyasiyaların amplitudunda azalma ilə xarakterizə
- Miotonik sindromlar, təqəllüs etdikdən sonra əzələlərin istirahəti zamanı aşağı amplitudlu və yüksək tezlikli elektrik fəaliyyətinə səbəb olur ki, bu da tədricən sönür. Lokal elektromioqrafiya əzələnin hiperoyanıqlığını – ona elektrod daxil edildikdən sonra bütöv bir biopotensiallar seriyasının meydana çıxmasını qeydə alır.
- Essensial tremor və Parkinson xəstəliyi – səthi EMQ-də titrəmələrin amplitudunun artması və sonradan onun azalması kimi bir sıra ritmik “yaylım atəşi” kimi görünür. Bu cür “yaylım atəşlərinin” müddəti və tezliyi birbaşa patoloji prosesin yerləşdiyi yerdən asılıdır.
Mümkün ola bilən ağırlaşmalar
Yuxarıda qeyd edildiyi kimi, elektromioqrafiya xəstə üçün tamamilə təhlükəsiz bir diaqnostika metodudur və buna görə də heç bir mənfi nəticəyə gətirib çıxarmır. Yeganə olaraq, local növ prosedurun həyata keçirilməsi halında, iynənin batırılma nahiyəsində qeyri-intensiv ağrı hissiyyatı ilə müşayiət oluna bilən kiçik ölçülü hematoma əmələ gəlir. Bu göyərmə, 100% hallarda 7-10 gün ərzində müstəqil surətdə və izsiz keçib gedir.
EMQ, tez-tez sinir funksiyalarının oxşar müayinəsi – elektroneyromioqrafiya (ENMQ) ilə birlikdə tətbiq olunur. Bu diaqnostika metodları bir-birini tamamlayır və mütəxəssisin bu və ya digər xəstəliyin tam şəklini görməsinə imkan verir.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/09/14/elektroneyromioqrafiya-enmq/
https://nevropatologiya.az/2021/09/04/isemik-insult/
https://nevropatologiya.az/2021/09/10/miasteniya/
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 13.12.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq