Reoensefaloqrafiya (REQ)

Reoensefaloqrafiya (REQ) – qeyri-invaziv  bir funksional diaqnostika metodudur. Metodu adı, qədim yunan mənşəli  ῥέος — “axın” + ἐγκέφαλος — “baş beyni” + γράφω — “yazıram, təsvir edirəm” sözlərindən təşkil olunmuşdur. Onun köməyilə  başın toxumalarının elektrik cərəyanına olan müqavimətinin ölçülməsi həyata keçirilir. Məlumdur ki, qan elektrolitdir. Beynin qan damarı  qanla dolduğu zaman, toxumaların elektrik müqaviməti azalır  və  məhz  bu, cihaz  tərəfindən  qeydə  alınır. Daha sonra, artıq müqavimətin dəyişilməsi dərəcəsi  əsasında müəyyən  bir damarda qan axınının sürəti  ilə əlaqədar  nəticələr  alınır  və  digər  göstəricilər  qiymətləndirilir.

“Reoensefaloqrafiya” termini  F.L. Cenker  tərəfindən  təklif  olunmuşdur. Reoensefaloqrafiyanın öyrənilməsinə  A.A. Kedrov  və  A.İ. Naumenko (1949),  M.A. Ronkin (1964, 2002),  X.X. Lrullin (1966),  Q.İ. Eninya (1968)  və  digər alimlər  öz  töhfələrini  vermişlər.

 

     Reoensefaloqrafiyanın  məqsədi.   Reoensefaloqrafiyanın nəticələri,  beyin damarlarının yalnız funksional  vəziyyətini  təsvir etdiyindən, bu, son diagnostik metod deyil – bu tədqiqat üsulunun nəticələrinə  əsaslanaraq diaqnoz  qoymaq  mümkün deyil. Bununla  belə, REQ  müayinə metodu,  baş  beynin  müəyyən  bir  nahiyəsində  beyin  qan dövranının  pozulması  faktını  müəyyənləşdirmək  və  həkimə  sonradan məhz  həmin sahənin  müayinəsi  üzərində diqqətini cəmləşdirmək  imkanı  verir.

REQ  qan dövranının aşağıdakı  parametrləri  barədə  məlumat  verir:

  • damarların tonusu;
  • beynin bu  və  ya digər  nahiyəsinin qanla dolma dərəcəsi;
  • qan axınının sürəti;
  • qanın özlülüyü;
  • kollateral qan dövranı və

 

Göstərişlər

     Bu metodun aparılması beyin qan dövranının pozulması simptomları  ilə müşayiət olunan bütün hallarda göstərişdir. Bir qayda olaraq, bu:

  • tez-tez müşahidə olunan baş  ağrıları  və  başgicəllənmə;
  • bayılmaönü və  huşunu itirmə anları;
  • tinnitus (qulaqlarda küy);
  • eşitmənin və görmənin  pozulmaları;
  • yuxu pozulmaları;
  • yaddaşın pozulması;
  • qavrama qabiliyyətinin  zəifləməsi;
  • meteohəssaslıq (havanın dəyişilməsindən asılı  olaraq, sağlamlıq durumunun dəyişməsi);
  • kəllə-beyin travmaları (beyin silkələnməsi, beyin  əzilməsi);
  • anamnezində kəskin  beyin  qan dövranı  pozulmasının (insult) mövcudluğu;
  • ensefalopatiyalar;
  • arterial hipertenziya;
  • arterial hipotenziya;
  • serebral damarların aterosklerozu;
  • neyrosirkulyator distoniya;
  • onurğanın boyun  şöbəsinin osteoxondrozu;
  • spondilit;
  • onurğa arteriyası  sindromu;
  • miqren;
  • şəkərli diabet (əgər onun ağırlaşması  olan diabetik mikroangiopatiyaya şübhə yaranarsa);
  • yaxın qohumlarda  beyin  qan  damarlarının  xəstəlikləri;
  • əvvəllər aparılan dərman  və  ya  qeyri-medikamentoz  müalicənin effektivliyinin qiymətləndirilmə

 

Əks-göstərişlər

Reoensefaloqrafiya – praktiki  olaraq  bütün növ  xəstələrdə  tətbiq edilmək üçün təsdiqlənmiş, tamamilə təhlükəsiz  bir diaqnostik metoddur. Müayinə  aşağıdakı  hallarda həyata keçirilməməlidir:

  • xəstənin elektrod tətbiq edilməsi lazım olan nahiyəsində  dəri  qüsurları (yaralar) olarsa;
  • xəstə baş dərisi  və  saçlarının  bakterial, göbələk  və  ya  parazitar  xəstəliyindən əziyyət çəkirsə.

Yalnız  xəstənin  müayinənin  keçirilməsinə  razılıq  verdiyi  halda,  REQ-nı  icra etmək mümkündür,  buna  görə  xəstənin ona  icazə  verməməsi  də  bir  əks-göstəriş  hesab  edilir.

 

Reoensefaloqrafiyan əvvəl xüsusi hazırlıq tələb olunmur.

Maksimal  dərəcədə  dəqiq  məlumat  əldə  etmək  üçün,  müayinə  ərəfəsində  xəstə stressdən qaçmalı, müayinədən  əvvəlki  gecə isə  yaxşıca   yatıb  dincəlməlidir. Həmçinin, siqaret  çəkmək, tünd qəhvə  və  ya  çay  içmək  də  məsləhət  görülmür, çünki  onlar sinir  sisteminə, damarların  tonusuna  və  arterial  təzyiqə  təsir  göstərdiyindən,  müayinənin nəticəsi  təhrif  olunacaq.

Bəzi  hallarda  həkim,  xəstəyə  diaqnostikadan əvvəl,  damar  tonusuna  təsir  edən  hər hansı  bir  dərman  preparatının  qəbulunu  dayandırmağı  tövsiyə  edə  bilər. Lakin, bu, əlbəttə ki,  kurs  müalicəsində  qəbul  edilən  dərman preparatlarına aiddir – əgər  xəstə  belə  bir  dərmanı  davamlı  rejimdə  qəbul  edirsə,  diaqnostika da  onun  üçün  adi  olan  müalicənin fonunda aparılmalıdır.

Müayinəyə  gələrkən, dərhal  diaqnostika  kabinetinə  getmək  lazım  deyil.  15  dəqiqə müddətində  yaxşı  havalandırılan, lakin  boğucu  havası  olmayan  bir  otaqda  dincəlmək, yalnız bundan  sonra  REQ  müayinəsindən  kemək  məsləhəhət  görülür.

Uzun  saç  sahibləri  olan  xəstələrin, saçlarını  bir  dəstəyə  toplaması  lazımdır  ki, onlar müayinənin  aparılmasına  mane  olmasın.

Reoensefaloqrafiyanın keçirilmə metodları

Müayinə  2-6  kanallı  reoqraf  vasitəsilə  həyata  keçirilir (cihazda  nə  qədər  çox  kanal nəzərdə  tutularsa, baş  beynin daha  çox  sahəsi  diaqnostik prosedurla  əhatə olunacaq). Bir qayda olaraq, diaqnostikanı  orta  tibb  personalı  aparır, əldə  edilən  məlumatların təfsiri  ilə isə, bilavasitə  həkim  məşğul  olur.

Müayinə  zamanı  xəstə  rahat  bir  vəziyyətdə:  stulun  üstündə  oturmuş  və  ya  yumşaq bir çarpayıda  uzanmış,  rahatlanmış  və  gözləri  bağlı  halda  olur.  Mütəxəssis onun  başına gellə və  ya  kontakt  pastası  ilə  işlənmiş  elektrotları  qoyur, onları  elastik  lentlə  bərkidir (o, başın ətrafından  keçir: qaşların  və  qulaqların  üzərindən  və  ənsədən).  Diaqnostika  prosesində  bu elektrodlar  beyninə  elektrik  siqnalları  göndərir  və  o  zaman,  damarların  vəziyyətinin yuxarıda  sadalanan  göstəriciləri  və  onların  içərisindən  keçən  qan  axını  kompüterin monitorunda  əks  olunur (bəzi  cihazlarda  məlumatlar  kompüterə  göndərilmir,  əvəzində  isə kağız  üzərində  çap  olunur).

Elektrodların  qoyulma  nahiyəsi,  baş  beynin  hansı  hissəsinin diaqnostikasının tələb olunmasından asılıdır:

  • xarici yuxu  arteriyasının  müayinəsində  elektrodlar,  xarici  qulaq  keçəcəyindən  bayıra və  ön  tərəfə  (başqa  sözlə,  qulağın  qarşısında), qaşların  üzərinə  yerləşdirilməlidir;
  • daxili yuxu  arteriyasının  müayinəsində – burun  kökündə  və  məməyəbənzər  çıxıntı  nahiyəsində (qulağın arxasında);
  • vertebral arteriyaların  hövzəsinin  müayinəsində – məməyəbənzər  çıxıntı  və  ənsə qabarlarında. Bu  zaman,  REQ-in icrası  ilə  eyni  vaxtda  EKQ-nin  çəkilməsi  də məsləhət  görülür.

Müayinənin  əsas  hissəsi  tamamlandıqda, həkim  lazım  bilərsə, əlavə  olaraq, bir  və  ya  bir neçə  funksional  sınaq  keçirə  bilər.  Ən  çox  aparılan  sınaqlar  aşağıdakılardır:

  • dilin altına  Nitroqliserinin qoyulması (qlaukoma, hipotenziya  və  bu  dərmana  qarşı dözümsüzlük  olduqda,  əks-göstərişdir);
  • bütün bədən  mövqeyini  dəyişdirmək  və  ya  sadəcə  olaraq,  başı  sağa-sola çevirmək və  ya  əymək (bir  qayda  olaraq,  vertebral  arteriya  sindromu  diaqnozunu  qoymaq üçün  istifadə  olunur);
  • bir neçə  dəqiqə  ərzində  hiperventilyasiya (dərindən  nəfəsalma);
  • tənəffüsün bir  neçə  dəqiqəyə  dayandırılması;
  • hər hansı  bir  fiziki  yükləmə  və

Sınağın  keçirilməsindən  sonra  REQ  qeydiyyatı  təkrar  edilir  və  onda  yaranan dəyişikliklər  qiymətləndirilir.

Müayinə  müddəti  10  dəqiqədən  yarım  saatadək  davam  edir.  Bu  müddətdə  xəstə  heç bir  xüsusi  duyğunun  olmasını  və  ya  ağrı  hiss  etmir (istisna olaraq,  Nitrogliserinlə  funksional  sınaqdan  sonra,  bu  dərmanın  əlavə  təsiri  kimi  baş  ağrısı  meydana  çıxa bilər).

 

Reoensefaloqrammanın tədqiqi

REQ  zamanı  əldə edilən məlumatları  düzgün şəkildə  şərh  etmək  üçün, həkim  xəstənin dəqiq  yaşını  bilməlidir – bu,  məntiqə  uyğundur,  çünki  gənc,  orta  və  qoca/ahıl  yaşlı  xəstələrdə  damarların  tonusu  və  qan  axınının  xüsusiyyəti  fərqlidir (gənc  yaşlı  şəxs  üçün patoloji  olan  hal, ahıl  yaşlı  insan  üçün  normal  və  ya  normanın  bir  variantı  ola  bilər).

Reoensefaloqramın  dalğa  kimi  görünüşü  olur  və  bu  dalğanın  hər  bir  seqmenti öz  adına malikdir:

  • qalxan hissəsi – anakrota;
  • enən hissəsi – katakrota;
  • onların arasında – insizura (əslində,  bu  əyriliyin  özü,  qalxan  hissənin enən  hissəyə keçididir),  ondan  dərhal  sonra  kiçik  bir  dikrotik  dişcik  ayırd

Reoensefaloqrammanı  tədqiq  edərkən,  həkim  onun  aşağıda sadalanan  xüsusiyyətlərini qiymətləndirir:

  • dalğaların müntəzəmlik  dərəcəsi;
  • anakrota və  katakrota  necə  görünür;
  • dalğanın zirvəsinin  yuvarlaqlaşdırılma  xüsusiyyəti;
  • insizura və dikrotik  dişciyin  yeri,  sonuncunun  dərinliyi;
  • əlavə dalğaların  mövcud  olması  və  növü.

 

Qeyd  etmək  lazımdır  ki,  REQ,  bu  və  ya  digər  kardioloji  və  ya  nevroloji  diaqnozu təsqiqləməyə  imkan  verən  müstəqil  bir  diaqnostik  metod  olmasa  da,  lakin  ilk  simptomlar meydana  çıxan  zaman,  vaxtında  həyata  keçirildikdə,  xəstəliyin  başlangıc,  erkən mərhələlərində  damar  patologiyalarının  mövcudluğu  faktını  aşkar  etməyə  kömək  edir. Əlavə  müayinələrin  və  adekvat  müalicənın  aparılması,  xəstənin  tezliklə  sağalmasına gətirib  çıxarar  və  diaqnozun  vaxtında  təyin  olunmadığı  təqdirdə  meydana  çıxa  biləcək ağırlaşmalardan  azad  edə  bilər.

 

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/

https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/

https://nevropatologiya.az/2021/09/08/bqdkp/

 

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 04.09.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq