Reyno sindromu və xəstəliyi

     Reyno xəstəliyi –  məhdud sahələrdə (ətrafların distal hissələrində, burnun ucunda, sırğalıqda) orqanizmin qan dövranının kəskin pozulması  ilə xarakterizə olunan angiotrofonevrozlar  qrupundan olan bir xəstəlikdir. Reyno sindromu – bu, əsasında ətrafların distal  hissələrinin, sifətin qan damarlarının paroksizmal spazmı  daynan, 1862-ci  ildən tanınan patoloji  vəziyyətdir. Spazm  soyuq, vibrasiya və ya güclü stressə məruz qalmağa cavab olaraq baş verir. Xəstəlik ekzogen və endogen amillərin təsiri nəticəsində inkişaf edir. Reyno xəstəliyinə həmçinin angiotrofoalgik sindrom, vaskulyar-trofik  nevropatiya, vazomotor nevroz da deyilir. XBT-10 üzrə kodu I73.0-dır. Xəstəlik, ilk dəfə onu təsvir etmiş fransız həkimi Moris Reynonun şərəfinə adlandırılmışdır.

Xəstəliyin ilk təzahürü, əsasən gənc yaşlarında, 15-30 yaş arasında, 25-27%-i  isə 40 yaşdan sonra baş verir. Ümumiyyətlə, dünya əhalisinin təxminən 3-5% -i  bu xəstəlikdən əziyyət çəkir. Təbii ki, soyuq iqlimi olan ölkələrdə bu  xəstəlik daha çox yayılmışdır. 40-50 yaş arasında olan və miqrendən əziyyət çəkən qadınlar bu xəstəliyə digər şəxslərə nisbətən 5 dəfə çox məruz qalırlar.

Reyno xəstəliyini Reyno sindromundan fərqləndirmək lazımdır, çünki simptomların bənzərliyinə baxmayaraq, onlar  etioloji  səbəblərinə görə  bir-birindən fərqlənir. Məsələ bundadır ki, ilk dəfə 1862-ci  ildə Moris Reyno bu xəstəliyin əlamətlərini və etiologiyasını təsvir etdikdən sonra aşkar edildi ki, o, həm mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması səbəbindən müstəqil bir xəstəlik kimi  inkişaf edə, həm də bəzi digər patologiyaların (son məlumatlara əsasən 70-dən çox) bir sindromu kimi  təzahür edə bilər. Statistikaya görə, Reyno xəstəliyi bütün halların 10-15%-ni, Reyno sindromu  isə – 85-90%-ni  təşkil edir. Buna görə də, “sindrom”  termini  “xəstəlik”  termininə nisbətən daha tez-tez istifadə olunur.

 

     Etiologiya və patogenez

Reyno xəstəliyinin səbəblərini  onun  inkişaf mexanizmindən ayrı  şəkildə tədqiq etmək mümkün deyil. Onun əsasında həm  damar divarlarına, həm də onların  innervasiyası  üçün məsul olan strukturlara təsir göstərən üzvi  və funksional pozuntular dayanır. Nəticədə, damarların sinir tənzimlənməsi pozulur ki, bu səbəbdən də onlar müxtəlif qıcıqlara spazmlar və ardınca  inkişaf edən atrofiyalar şəklində reaksiya verir. Reyno sindromunun patogenezində endogen vazokonstriktorlar: katexolaminlər, endotelin, tromboksan A2 aparıcı  rol  oynayır.

Reyno sindromunun əsas səbəbi qan damarlarının qəflətən baş verən spazmı və bunun nəticəsində qan dövranının, toxumaların trofikasının pozulmasıdır. Həkimlər üçün Reyno xəstəliyi zamanı  spazmların mənşəyi hələ də sirr olaraq qalır, lakin ikincili  olaraq Reyno sindromu tez-tez aşağıdakı  xəstəliklər zamanı  rast gəlinir:

  • Birləşdirici toxumanı zədələyən autoimmun xəstəliklər: qırmızı  qurdeşənəyi, sistemli sklerodermiya, düyünlü  revmatoid poliartrit, revmatizm, Şeqren sindromu, dermatopolimiozit, obliterasiyaedici tromboangiit, periarteriit.
  • Damarların xəstəlikləri –  Takayasu xəstəliyi, ayaqların obliterasiyaedici aterosklerozu, tromboflebit və s.
  • Qan xəstəlikləri: trombositoz, çoxsaylı  mieloma, paroksizmal hemoqlobinuriya və s.
  • Onkoloji  xəstəliklər: paraneoplastik sindrom və s.
  • Şəkərli  diabet fonunda periferik sinirlərin zədələnməsi (polineyropatiya).
  • Orqanizmin qurğuşun, arsen duzları, xlorvinil, polivinilxlorid və s. ilə intoksikasiyaları.
  • Bəzi  dərman preparatlarının: adrenoblokatorlar (Propranolol, Metapronolol, Egilok), şiş əleyhinə preparatlar (Vinkristin, Sisplatin), Erqotamin (Nomiqren) və s. əlavə təsiri.
  • Qanın  özlülüyünün pozulmaları: krioqlobulinemiya, həqiqi  polisitemiya, Valdenstrem makroqlobulinemiyası.
  • Yuxarı-döş və boyun nahiyələrinin osteoxondrozu.
  • Vibrasiya xəstəliyinin inkişafı zamanı  uzunmüddətli  vibrasiyaya məruzqalma.
  • Vegetativ sinir tənzimlənməsinin çatışmazlığı.
  • Keçirilmiş  insultun qalıq əlamətləri: parezlər, iflic və s.
  • Sirinqomieliya.
  • Böyrəküstü, qalxanabənzər və qalxanabənzərətraf vəzilərin fəaliyyətində pozuntular.
  • Siqaret çəkmək və spirtli  içkilərdən sui-istifadə kimi zərərli  vərdişlər.

Daha  az hallarda Reyno sindromuna əlavə boyun qabırğası  sindromu, karpal tunel sindromu və  ön nərdivan əzələsi sindromu da səbəb ola bilər.

Öz növbəsində, Reyno xəstəliyinin əsasında baş beynin və onurğa beyninin patologiyaları  və bu prosesə hipotalamusun, beyin kötüyünün və qabığının qoşulması  dayanır. Bu patoloji proseslər qan damarlarının fəaliyyətini tənzimləyən impulsların zəifləməsinə gətirib çıxarır.

Reyno sindromu tutmaşəkilli gedişə (damarların spazmı  vaxtaşırı  olaraq baş verir) malik olduğundan, onun təzahürlərini təhrik edən bir sıra amillər mövcuddur. Bunlara daxildir:

  • soyuğa məruzqalma: Reyno sindromu üçün xarakterik tutmanın baş verməsi  üçün 10 dəqiqə ərzində şaxtalı havada dayanmaq və ya uzun müddət soyuq suda əl yumaq kifayət edir;
  • siqaret çəkmək;
  • emosional stress.

Reyno sindromunun meydana gəlməsində irsi meylliyin əhəmiyyətli rol  oynaması  güman edilir.

 

     Simptomlar

Reyno sindromu üçün paroksizmal gediş və mərhələlik xarakterikdir. Spazm  periferik damarlarda baş verdiyindən, simptomlar tez-tez əllərdə, daha az ayaqlarda, nadir hallarda  isə burnun  və dilin ucunda, çənədə və sırğalıq nahiyələrində qeyd olunur. Reyno sindromunun tipik tutması  aşağıdakı  mərhələlərlə baş verir:

  • Birinci (angiospastik) mərhələ. Zədələnmə sahəsi – bu, əl  və  ya  ayaq pəncələrinin səthi, bəzən qulaqların ucu, dodaqlar, burun ola bilər – solğunlaşmağa başlayır, palpasiyada soyuq olur. Zədələnməyə məruz qalan ərazidə hissiyyat itirilir və ya əhəmiyyətli dərəcədə azalır.

Tutmanın müddəti müxtəlifdir və bir dəqiqədən bir neçə saata qədər davam edə bilər. Damarların spazmı  aradan qalxdıqca dəri normal vəziyyətinə qayıdır.

Tutmaların yaranma tezliyi müxtəlif olur, lakin xəstəlik nə qədər çox inkişaf edərsə, onlar daha tez-tez təkrarlanmış olacaq. Vaxt keçdikcə hissiyyatın pozulması  ilə  yanaşı, xəstə ağrı duymağa başlayır.

Bu mərhələdə paresteziyalar, barmaqların soyuqluğu, dəri  örtüklərinin ağarması  daha çox soyuğa məruz qalmaq, həyəcan keçirmək, siqaret çəkmək səbəbindən meydana çıxır.

Damarların spazmı (vazokonstriksiya) nəticəsində, periferik bölgələrdə qan axını (daha tez-tez şəhadət və adsız barmaqlarda) yavaşıyır. Qan  pis dövran edir ki, bu da barmaqların rənginin solğunlaşması (lap gəc – alebastr rənginə qədər) ilə müşayiət olunur. Zəif qan təchizatı toxumaların yaxşı  qidalanmaması  və  yerli  səviyyədə metabolizmin pozulmasına səbəb olur ki, bu  da  ağrı  ilə müşayiət olunur. Ağrı  ilə yanaşı (və ya bunun əvəzinə), paresteziyaların yaranması  da mümkündür ki, bu da qida maddələrinin çatışmazlığı  ilə əlaqələndirilir. Dəri palpasiyada soyuq olur. Vasokonstriksiya mərhələsi ikinci, sianotik mərhələ  ilə  əvəz olunur.

  • İkinci (angioparalitik) mərhələ. Bu mərhələdə, vazospazmdan əlavə, prosesə asfiksiya halları da qoşulur. Bu mərhələyə sianotik mərhələ də deyilir. Tutma zamanı dəri  mavi-bənövşəyi  rəng alır, yanaşı  olaraq güclü  ağrılar yaranır, hissiyyat tamamilə itir. Tutmanın bitməsindən sonra, zədələnmiş ərazilərdə dəri  al-qırmızı  rəng alır, tor şəklində damar şəklinin yaranması mümkündür.

Xəstəliyin ikinci mərhələsində tutmanın başlanması  üçün heç bir amilə ehtiyac olmur. Tutma spontan şəkildə yaranır və uzun  müddət davam edir.

Sianotik mərhələsinin adı  dəri  örtüklərinin rənginin dəyişməsi  ilə bağlıdır: barmaqların solğun rəngi  onların sianozu  ilə əvəzlənir. Bu, mavi  çalarları  olan venalarda qanın durgunluğu  ilə bağlıdır. Venaların qanla dolması  barmaqların göyərməsinə səbəb olur. Barmaqların rəngi arteriyaların spazmı  bitənə qədər sianotik qalır. İkinci  mərhələ ağrı  sindromu  ilə deyil, daha çox  keyimə və “iynə batması” hissləri  ilə müşayiət olunur. Bu  mərhələdə ağrı  hissiyyatı  birinci mərhələ  ilə müqayisədə daha zəif olur. İkinci mərhələnin davametmə müddəti  bir neçə dəqiqədən bir neçə saata qədər çəkə bilər.

  • Üçüncü (atrofoparalitik) mərhələ. Bu mərhələyə vazodilatasiya (damarların genişlənməsi) mərhələsi də deyilir. Dərinin rənginin sianotikdən qırmızıya dəyişməsi səbəbindən bu mərhələ həmçinin reaktiv hiperemiya mərhələsi də adlanır. Asfiksiyanın müddəti artır, nəticədə bədənin zədəyə məruz qalmış sianotik və ödemli nahiyələrində suluqlar əmələ gəlir. Onların içərisində qanlı  möhtəviyyat görmək olur. Suluqlar partladıqda, onların altında nekrotik toxuma sahələri  aşkar edilir. Xəstəliyin ağır gedişli hallarında, əzələlər, hətta sümüklər də zədələnə bilər. Bir müddət sonra xoralı  səth çapıqlaşır.

Üçüncü  mərhələ qan damarlarının spazmı  aradan qalxdıqdan sonra baş verir. Qan axını əvvəlki  qüvvəsinə qayıdır, toxumaların qidalanması  bərpa edilir. Bütün bunlar barmağın dərisinin qızarması, istilik hissi, bu sahədə dərinin temperaturunun artması  ilə müşayiət olunur. Ağrı  hissi və digər hissiyyat pozuntuları  yox olur. Bir müddət sonra dəri  normal  bir rəng alır.

Zədələnməyə məruz qalan nahiyələr ovuc və ya ayaq pəncəsinin səthi olduqda, tez-tez bütün 3 mərhələdən ibarət simptomların eyni zamanda birləşməsi müşahidə edilir.

Reyno sindromu tutmasının yuxarıda təsvir edilən 3 mərhələli gedişi klassikdir, lakin o, həmişə belə bir formada baş vermir. Real həyatda xəstəliyin kliniki şəkli həmişə tam olmur. Tutma müddəti də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər: 10-15 dəqiqədən bir neçə saatadək. Tutmaların başvermə tezliyi  də  ildə bir neçə dəfədən gündəlik arasında dəyişə bilər. Orqanizmin reaktivliyindən, Reyno sindromunun səbəbindən və mövcudolma müddətindən, yanaşı  xəstəliklərin olmasından çox şey asılıdır. Zədələnmə sahəsi də xəstəliyin inkişafı  ilə birgə artmağa  meyillidir: adsız və şəhadət barmaqlardan sonra  bütün əl prosesə qoşulur, sifətdə və ayaqlarda da oxşar dəyişikliklər müşahidə edilir. Maraqlı  və indiyədək səbəbi  bilinməyən bir fakt  isə əlin baş barmağının Reyno sindromunun patoloji  prosesində iştirak etməməsidir.

Reyno sindromunda qan damarlarının periodik spazmı  izsiz olmadan keçib getmir. Vaxtında müalicə  olunmadıqda funksional pozuntular  üzvi  pozuntularla  əvəz olunur. Bu, o deməkdir ki, qan təchizatının pozulması  gec  və  ya  tez trofik pozuntuların inkişafına gətirib çıxarır. Trofik dəyişikliklər artıq paroksizmal  bir xarakter daşımır, onlar daimi  olaraq qalır, bununla da xəstənin həyatını  əhəmiyyətli  dərəcədə ağırlaşdırır. Barmaqlar şişir, dəri  çatlayır, uzun müddət sağalmayan xoralar və dolamalar yaranır. Ağır hallarda səthi  toxumaların nekrozu  və  onların qopması  mümkündür, qanqrena  inkişaf edə bilər.

Reyno sindromunun və Reyno xəstəliyinin kliniki  gedişində bəzi  fərqlər vardır. Çox  vaxt, Reyno xəstəliyi gənc yaşlarında baş verir, ətrafların zədələnməsi simmetrik olmur, trofik dəyişikliklər olduqca nadir hallarda inkişaf edir. Reyno sindromunda zədələnmələrin simmetrikliyi qeyd edilir, o, daha  sürətlə  inkişaf edir ki, bu da sindromun səbəbi olan əsas xəstəliklə bağlı olur. Reyno xəstəliyi residivlərə meylli olur. Reyno sindromu  zamanı  zədələnmə sahəsinin qanqrenası  daha çox müşahidə edilir, trofik pozuntular daha  güclü  ifadə olunur, nekroz sahələri  formalaşır, dırnaq  lövhələrinin zədələnməsi və onların deformasiyası  prosesə qoşulur.

Periferik toxumalardakı dəyişikliklərdən əlavə, Reyno sindromu olan xəstələr ürək və mədə nahiyələrində ağrılardan, bel  ağrısından, yuxu pozuntularından, miqrenoz  xarakterli  baş ağrılarından, arterial  təzyiqin labilliyindən şikayət edə bilərlər.

 

     Diaqnostika

Reyno xəstəliyinin diaqnostikası  xəstənin şikayətlərini təhlil etməkdən və anamnezlərin toplanmasından başlanır. Əsas rol  ovucların və ayaq pəncələrinin dərisinin rənginin soyuğun təsirindən dəyişilməsi şəklində verdiyi qeyri-adekvat bir reaksiya ilə  ifadə olunur. Reyno xəstəliyi zamanı  xəstələrin 78%-də aşağı  temperaturun təsirindən dərinin məhdud ərazilərinin rənginin asbest (gəc) rəngində ağarması  müşahidə edilir.

Tutmalararası  dövrdə soyuq sınağına xəstənin reaksiyasını  qiymətləndirmək üçün diaqnostik meyarlar aşağıdakılardan ibarətdir:

  • dərinin rəngi dəyişmir – sindrom təsdiq edilmir;
  • dərinin rəngi dəyişir, keyimə hissi və paresteziyalar qeyd edilir – sindromun mövcudolma ehtimalı var;
  • dərinin rəngi göyərir, sonra isə qızarır, tutmalar təkrarlanır – sindrom təsdiq edilir.

Bundan əlavə, aşağıda sadalanan instrumental müayinə  üsullarından istifadə edilir:

  • zədələnmə zonasının termoqrafiyası;
  • reovazoqrafiya;
  • doppler fluometriyası;
  • periferik damar yatağının angioqrafiyası;
  • görmə  üzvünün  ön hissəsinin və dırnaq yatağının kapillyaroskopiyası.

İnstrumental diaqnostika  üsulları  ilə yanaşı, laborator müayinələr:

  • qanın ümumi  analizi;
  • koaquloqramma;
  • qanın immunoloji  göstəriciləri də diaqnozun təyin olunmasına köməklik göstə

 

Xəstədə Reyno sindromunun və ya Reyno xəstəliyinin olmasını  ayırd etmək üçün  aşağıdakı diferensial əlamətlər istifadə olunur:

 

Diaqnostik meyar. Qiymətləndirmə Reyno sindromu Reyno xəstəliyi
Xəstəliyin başlanma yaşı 30 yaş və daha artıq Əhəmiyyəti yoxdur
Birləşdirici toxumanın sistem xəstəliklərinin olması Qırmızı qurdeşənəyi, sklerodermiya və s. aşkar edilmişdir Yoxdur
Ətrafların zədələnməsi simmetrikdir Var Yoxdur
Trofiki dəyişikliklər, nekroz, toxumaların atrofiyası Olur Olmur
Kapillyaroskopiyanın nəticələri Mikrodamar şəklinin morfoloji dəyişiklikləri mövcuddur Dəyişiklik yoxdur
EÇS Yüksəlmişdir Norma daxilindədir
Qanın antinuklear anticisimlərə görə İFA (immunoferment analizi) Müsbətdir Mənfidir
Ağciyər toxumasında və böyrəklərdə damar spazmlarının (böhranların) mövcudluğu Olur Olmur
Soyuq sınağı  fonunda pletizmoqrafiya Təzyiq enmişdir Təzyiq normaldır və ya cüzi enmişdir
Doppler fluometriyası Qan axınının sürəti kəskin enmişdir Norma daxilindədir

 

Reyno sindromu diaqnоzu, оnun  bir simptom kompleksi olduğu digər xəstəliklərin mövcudluğu zaman təsdiq edilir. Reyno xəstəliyi diaqnozu, bu xəstəliklər olmadıqda və  hərtərəfli  müayinələr əsasında təsdiqlənir.

Diaqnostikada əsas məqsəd prosesin Reyno sindromu və ya Reyno xəstəliyi olduğunu aydınlaşdırmaqdır ki, bu da sonrakı  müalicə taktikasını  müəyyən etməyi asanlaşdırır.

 

     Müalicə

Reyno sindromundan azadolma əsas xəstəliyin müalicəsindən başlayır. Belə müalicə olmadan, Reyno sindromuna qarşı  yönəldilmiş bütün təsir üsulları  gücsüz olacaq. Səbəbi tapılmadıqda isə simptomatik müalicə aparılır.

Reyno xəstəliyinin müalicəsi əsasən spazmın başlanmasına səbəb olan bütün mümkün amilləri  kənarlaşdırmağa yönəldilmişdir. Bunlar, siqaretdən və spirtli  içkilərdən istifadə, hipotermiya, vibrasiyanın təsiri və digər ekzogen amillərdir.

Belə bir diaqnoz təsdiq edildikdə, Reyno sindromunu törədən əsas xəstəliyi tapmaq çox vacibdir.

Damarların spazmı  tutması  zamanı  təcili yardım  tədbirləri  aşağıdakı  şəkildə həyata keçirilir:

  • Xəstənin təhrikedici amilin təsirindən maksimum şəkildə qorunması.
  • Zədələnmiş nahiyənin isidilməsi – masaj etmək, xəstəyə çoxlu  isti  içki  içirtmək.
  • Spazmolitik preparatın (Platifillin – 1 ml  0,2%-li  məhlulu, No-şpa – 40 mq dozasında tabletləri  və ya 2 ml  2%-li  məhlulu) inyeksiyası  və ya daxilə qəbul edilməsi. Bütün bu tədbirlər zədələnmiş nahiyədə damarların genişlənməsinə və qan təchizatının bərpasına, bununla  da tutmanın aradan qalxmasına səbəb olacaqdır.

Şiddətli ağrılar zamanı  analgetiklər tətbiq edilməlidir.

Müalicə həkiminin göstərişi  ilə  aşağıdakı  dərmanlar təyin olunur:

  • Kalsium antaqonistləri. Kalsiumun damar divarlarında toplanmasına mane olaraq, damar spazmlarının qarşısını alır.
  • Nifedipin (Korinfar, Adalat) – 10 mq dozasında, 1 tabletdən sutkada 3 dəfə daxilə;
  • Verapamil (İzoptin) – 40 mq dozasında, 1 tabletdən sutkada 3 dəfə daxilə;
  • Diltiazem (Diakordin) – 30 mq dozasında, 1 tabletdən sutkada 3 dəfə daxilə təyin edilir.

 

  • AÇF (angiotenzin çevirici fermentin inhibitorları).
  • Kaptopril (Kapoten) – 12,5 mq dozasında, 1 tabletdən sutkada 2 dəfə daxilə;
  • Enap (Enalapril) – 5 mq dozasında, sutkada 2 dəfə daxilə təyin edilir.

 

  • İltihab əleyhinə qeyri-steroid preparatlar (İƏQSP). Bu qrup preparatlar birləşdirici toxumanın iltihabi xəstəlikləri zamanı  yaranan Reyno sindromunda təyin edilir.
  • İbuprofen (Nurofen, Dolgit) – 200 mq dozasında, sutkada 3 dəfə 1 tablet, yeməkdən sonra daxilə;
  • Diklofenak (Voltaren) – 50 mq dozasında, sutkada 2 dəfə, yeməkdən sonra daxilə və ya 3 ml məhlulu, sutkada 1 dəfə, əzələ daxilinə təyin edilir.
  • Serotonergik reseptorların selektiv antaqonisti – Ketanserin (Sureksal) – 2 ml 0,5%-li məhlulu  əzələ daxilinə və ya 20 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin edilir.
  • Qanın tərkibini  normallaşdıran və onun mikrosirkulyasiyasını  yaxşılaşdıran preparatlar:
  • Trental (Aqapurin, Pentoksifillin) – 100 mq dozasında, sutkada 3 dəfə daxilə və ya 5 ml 2%-li məhlulunu 250 ml NaCl-in izotonik məhlulunda və ya Ringer məhlulunda həll edib, sutkada 1-2 dəfə venaya damcı  üsulu  ilə yeritməli;
  • Dipiridamol (Kurantil) – 25 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə;
  • Reopoliqlükin – 400 ml məhlulu, sutkada 1 dəfə, vena daxilinə damcı üsulu  ilə yeritmə
  • Lipid fizioloji aktiv maddələrin qrupundan olan preparatlar, məsələn: Vazaprostan.

Vazaprostan (Alprostan) – 40 mq preparatı (2 ampul) 50-250 ml  fizioloji  məhlulda həll edib, sutkada 2 dəfə, 2 saat ərzində vena daxilinə damcı  üsulu  ilə yeritməli.

Konservativ müalicəni fizioterapiya  üsulları  ilə gücləndirmək zəruridir. Aşağıda sadalanan fizioterapevtik prosedurlar yüksək effektiv hesab olunur:

  • qalvanik vannalar;
  • palçıq vannaları;
  • dərman maddələrinin (Nikotin turşusu, Eufillin, Papaverin və) elektroforezi;
  • transkranial elektrostimulyasiya;
  • maqnitoterapiya;
  • lazeroterapiya;
  • Dimeksid applikasiyaları;
  • UYT (ultrayüksək tezlikli cərəyan);
  • hiperbarik oksigenasiya;
  • refleksoterapiya;

Mütəxəssisin tövsiyəsilə, MBT (müalicəvi bədən tərbiyəsi) kompleksi  həyata keçirilməlidir.

Konservativ üsullar təsir göstərməzsə, cərrahi əməliyyatın – simpatektomiya və ya qanqlionektomiyanın icra  edilməsi mümkündür. Bu müalicə üsuluna yalnız  Reyno sindromunun ağır hallarında müraciət edilir. Bəzi  hallarda cərrahi əməliyyatdan bir neçə ay sonra  xəstəliyin simptomları  yenidən yaranır. Odur ki, bu müalicə  üsulu  effektiv hesab edilmir.

Reyno sindromunun terapiyasında tətbiq edilən müasir  üsullardan biri  də qan təchizatının normallaşmasına kömək edən kötük  hüceyrələri  ilə müalicədir.

 

     Proqnoz və profilaktika

Reyno sindromunun həyat proqnozu  ümumiyyətlə əlverişlidir, ancaq başlica olaraq əsas xəstəliyin inkişafından asılıdır.

Reyno xəstəliyinin birincili  profilaktikası  tədbirləri mövcud deyil, ikincili profilaktik tədbirlər isə  təhrikedici amillərin maksimum dərəcədə aradan qaldırılmasına yönəldilmişdir.

Reyno  sindromu  ilə xəstə olan şəxs, siqaretdən və spirtli  içkilərin qəbulundan imtina  etməli, zərərli  peşə təsirlərindən (vibrasiya, ağır metallar və s.) uzaq durmalı, soyuğa məruz qalmamalı  və bacardıqca əsəbləşməməlidir. Bəzən həmin şəxs hətta yaşayış  yerini  dəyişməli və daha  isti  iqlimi olan bölgəyə köçməlidir. Xəstəliyin ilkin mərhələlərində, yalnız  bu profilaktik tədbirlərin görülməsi  simptomların aradan qalxması  üçün kifayət ola bilər. Əks halda, dərman müalicəsinə müraciət etmək lazım gəlir.

Reyno sindromu  və xəstəliyi – müasir təbabət üçün çoxistiqamətli bir problemdir. Bu xəstəlik zamanı  orqanizmdə baş verən patoloji  dəyişikliklərin səbəbləri və mexanizmləri  hələ tam müəyyənləşdirilməsə də, onunla  effektiv şəkildə mübarizə  aparmaq mümkündür. Əksər hallarda  kompleks müalicənin aparılması  xəstəliyi  geri  çəkilməyə məcbur edir.

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/

https://nevropatologiya.az/2021/09/06/elektroensefaloqrafiya-eeq/

https://nevropatologiya.az/2021/08/20/rentgen/

 

 

 

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 01.11.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq