Meningit

Meningit – onurğa beyni  və ya baş beynin qişalarının infeksion iltihabı xəstəliyidir. Meningitlərin XBT-10 üzrə kodu G0-G3-dür.

Meningitin əsas simptomları – baş ağrısı, yüksək bədən temperaturu, huşun pozulması, işığa və səsə həssaslığın artması, boyunda keyimə hissidir.

Meningitin inkişafının əsas səbəbləri  viruslar, bakteriyalar və göbələklərdir. Çox vaxt bu xəstəlik digər infeksion xəstəliklərin ağırlaşması  olur və tez-tez ölümcül nəticələrə gətirib çıxarır. Xüsusilə, əgər onun səbəbi  bakteriyalar və göbələklər olursa.

Meningitin müalicəsinin əsasında xəstəliyin törədicisindən asılı  olaraq antibakterial, antiviral və antifungal terapiya dayanır. Müalicə mütləq stasionar şəraitdə aparılmalıdır.

Uşaqlarda və kişilərdə meningit daha çox yayılmışdır. Xəstələrin sayı  payız-qış mövsümündə, xüsusilə noyabr-aprel ayları  arasında daha da artır. Bu, temperaturun dəyişməsi, hipotermiya, təzə meyvə və tərəvəzin azlığı, çox sayda  insan olan otaqlarda ventilyasiyanın çatışmazlığı kimi amillərdən asılıdır.

Alimlər həmçinin xəstəliyin 10-15  illik dövrülülüyünü də fərqləndirirlər ki, bu zaman xəstələrin sayı  xüsusilə artır. Qeyd edilmişdir ki, qeyri-kafi sanitariya şəraiti olan ölkələrdə (Afrika, Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Amerika) meningit xəstələrinin sayı  Avropaya nisbətən 40 dəfə çoxdur.

Etiologiya

Meningitin birinci amili  və əsas səbəbi müxtəlif infeksiyaların orqanizmə, qana, serebrospinal mayeyə və baş beyinə və onurğa beyninə daxil olmasıdır.

Meningitin ən çox yayılmış törədiciləri aşağıdakılardır:

Viruslar – enteroviruslar, exoviruslar (ECHO – Enteric Cytopathic Human Orphan), Koksaki virusu;

Bakteriyalar – pnevmokokklar (Streptococcus pneumoniae), meninqokokklar (Neisseria meningitidis), B  qrup streptokokklar, stafilokokklar, Listeria monocytogenes, Propionibacterium acnes, b tip hemofil çöpləri (Hib), bağırsaq çöpü (Escherichia coli), vərəm mikobakteriyaları, diplokokklar;

Göbələklər – Cryptococcus  neoformans, Coccidioides  immitis və  Candida cinsindən olan göbələklər;

İbtidailər – amöb, malyariya plazmodiumu, Toxoplazma gondii.

Yoluxma  hava-damcı (asqıraq, öskürək zamanı), fekal-oral və  məişət-kontakt yolları  ilə, eləcə də doğuş zamanı, həşəratların (ağcaqanad, gənə) və gəmiricilərin dişləməsi, çirkli  qida və suyun istifadəsi yolları ilə baş verir.

Meningitin  inkişafına səbəb olan  ikinci  amil  orqanizmi  infeksiyalardan qorumaq funksiyasını  yerinə yetirən immun sisteminin zəifləməsidir.

İmmun sistemini aşağıdakı  səbəblər zəiflədə bilər:

–           keçirilmiş xəstəliklər (xüsusilə yoluxucu təbiətli): qrip, otit, tonzillit, faringit, pnevmoniya, kəskin respirator xəstəliklər və s.);

–           xroniki  xəstəliklərin olması, xüsusilə – vərəm, HİV infeksiyası, sifilis, brüsellyoz, toksoplazmoz, sarkoidoz, qaraciyərin sirrozu, sinusitlər və şəkərli  diabet;

–           stress;

–           dietalara düzgün riayət olunmaması, hipovitaminoz;

–           müxtəlif  travmalar, xüsusən başın və onurğanın;

–           orqanizmin soyuğa məruz qalması;

–           spirtli  içkilərdən və narkotik vasitələrdən sui-istifadə olunması;

–           dərman maddələrinin nəzarətsiz  istifadə edilməsi.

Patogenez

Beyin qişalarının infeksiyasının bir neçə yolu vardır:

  • hematogen, limfogen, perinevral, platsenta vasitəsilə;
  • kontakt – törədicilərin beyin qişalarına paranazal sinuslarda (sinusogen meningit), orta qulaqda və ya məməyəbənzər çıxıntıda (otogen meningit), dişlərin xəstəlikləri zamanı üst çənədə (odontogen meningit), göz almasında və s. nahiyələrdə irinli proseslər zamanı yayılması;
  • açıq kəllə-beyin və fəqərə sütunu-onurğa beyni travmaları, likvoreya ilə müşayiət olunan kəllə əsasının sınıqları və çatları zamanı.

Meningit  bakteremiyanın əsas və ya yeganə təzahürü ola bilər. Meningit zamanı  infeksiyanın törədicilərinin giriş qapısı  burun-udlağın (nazofaringitin, tonzillitin yaranması ilə), bronxların (bronxitlə), mədə-bağırsaq yolunun selikli qişaları olub, onların funksiyalarının pozulmasına, sonradan isə hematogen və ya limfatik yolla törədicilərin beyin qişalarına yayılmasına gətirib çıxarır. Meningitin klinik təzahürlərinin patogenetik mexanizmlərinə beyin qişalarının və onlara bitişik olan beyin toxumasının iltihabı  və ödemi, beynin və meningeal qan damarlarında mikrosirkulyasiyanın pozulması, beyin ödeminə və kəllədaxili təzyiqin yüksəlməsinə gətirib çıxaran serebrospinal mayenin hipersekresiyası və sorulmasının yavaşıması  daxildir. Beyin qişalarının hissi reseptorlarının və qişaları  dəlib keçən kəllə-beyin və onurğa beyni  sinirlərinin qıcıqlanmasının da həmçinin özünəməxsus klinik təzahürləri vardır.

Patomorfologiya

Kəskin irinli meningitlərdə patoloji dəyişikliklər törədicidən asılı deyil. Törədicinin qan və ya limfa  axını  vasitəsilə beyin qişalarına nüfuz etməsilə onların iltihabı tez və diffuz bir şəkildə baş beynin və onurğa beyninin bütün subaraxnoidal boşluqlarına yayılır. Məsələn, pnevmokokk meningitində subaraxnoidal boşluq yaşıl-sarı  irinli ekssudatla dolur. Lokal infeksiya zonasında irinli  iltihab daha məhdud ola bilər. Beyin qişalarının və beyin maddəsinin ödemi müşahidə edilir. Kortikal venalar qanla dolu olur. Bəzən daxili hidrosefaliya səbəbindən beyin qırışları qalınlaşır. Makroskopik olaraq, beyin qişalarında iltihabi  infiltrasiya aşkar edilir: erkən mərhələlərində polinuklearlardan ibarət olur, sonra isə limfositlər və plazma hüceyrələri də tapılır. Daxili hidrosefaliya ən çox beyincik-beyin sisternasının iltihabi adheziyası  ilə bağlı  olur ki, bu da serebrospinal mayenin axınına maneçilik törədir. Seroz meningitlər zamanı  beyin qişalarının və beyin maddəsinin ödemi, likvor boşluqlarının genişlənməsi  qeyd edilir.

Meningitin təsnifatı

Meningitin təsnifatı  bu xəstəliyin aşağıdakı  növlərini  əhatə edir:

Etioloji:

Virus menungiti:  Xəstəliyə səbəb müxtəlif virusların: enteroviruslar, exoviruslar, Koksaki virusunun orqanizmə daxil olmasıdır. Nisbətən yüngül  gedişi  ilə, güclü  baş ağrıları, ümumi zəiflik, bədən temperaturunun artması  və şüur pozulmasının olmaması  ilə xarakterizə olunur.

Bakterial  meningit:  Xəstəliyin səbəbi  orqanizmə bakteriyaların, ən çox pnevmokokklar, B qrup streptokokklar, meninqokokklar, diplokokklar, hemofil çöpləri, stafilokokklar və enterokokkların düşməsidir. Güclü  ifadə olunmuş gedişi  ilə, intoksikasiya əlamətləri  ilə, yüksək hərarət, sayıqlamalar və digər klinik təzahürləri  ilə səciyyələnir. Bir çox hallarda letal sonluqla nəticələnir.

Fungal meningit:  Xəstəliyə səbəb göbələklərin: Cryptococcus neoformans, Coccidioides immitis və  Candida  cinsindən olan göbələklərin orqanizmə daxil olmasıdır.

Protozoal meningit:   Baş beyin və onurğa beyninin  ibtidai  canlılar, məsələn amöb; malyariya, toksoplazmoz törədiciləri  tərəfindən zədələnməsidir.

Qarışıq  meningit:  Baş beyin və onurğa beyni  qişalarının  iltihabının səbəbi  müxtəlif etiologiyalı infeksiyaların orqanizmə eyni  zamanda təsiri ola bilər.

Qeyri-spesifik  meningit:  Xəstəliyin  etiologiyası  tam olaraq müəyyən edilməmişdir.

Mənşəyinə görə:

Birincili  meningit –  xəstəlik müstəqildir, yəni  onun inkişafı  digər orqanlarda  infeksiya ocaqları  olmadan baş verir.

İkincili  meningit –  xəstəlik digər infeksion xəstəliklərin: vərəm, qızılca, parotit, sifilis, QİÇS və s. fonunda  inkişaf edir.

İltihab prosesinin  xarakteinə görə:

İrinli  meningit. Beyin qişalarında  irinli  proseslər və ağır gedişi  ilə xarakterizə olunur. Əsas səbəbi  bakterial  infeksiyadır. İrinli  meningitlər qrupuna törədicidən asılı  olaraq aşağıdakılar daxildir:

  • Meninqokokk;
  • Pnevmokokk;
  • Stafilokokk;
  • Streptokokk.

Seroz  meningit . Beyin qişalarında irinli  ocaqların olmaması  və  iltihabi prosesin daha az şiddətli  bir gedişi  ilə xarakterizə olunur. Əsas səbəbi  virus infeksiyasıdır. Seroz meningit qrupuna törədicidən asılı  olaraq aşağıdakılar daxildir:

  • Vərəm;
  • Sifilis;
  • Qrip;
  • Enterovirus;
  • Parotit və s.

Xəstəliyin  gedişinə  görə:

  • İldırımsürətli (fulminant). Yoluxma və xəstəliyin inkişafı  olduqca sürətli  baş verir. Xəstə yoluxduqdan sonra  ilk gündəcə ölə bilər.
  • Kəskin meningit. Yoluxduqdan bir neçə sutka keçmiş kəskin bir klinik şəkil və gedişlə müşayiət edilir. Sonra xəstə ölə bilər.
  • Xroniki meningit. İnkişaf tədricən, simptomatikanın güclənməsi  şəklində baş verir.

Prosesin  yayılmasına  görə:

  • Bazal – iltihab baş beynin əsasında cəmləşmiş olunur.
  • Konveksital – iltihab baş beynin qabarıq hissələrində cəmləşmiş olunur.
  • Total – iltihab beynin bütün hissələrini  əhatə edir.
  • Spinal – iltihab onurğa beyni  əsasında cəmləşmiş olunur.

Lokalizasiyasına görə:

  • Leptomeningit – iltihabi  proses baş beynin və onurğa beyninin yumşaq və hörümçək torunabənzər qişalarını  əhatə edir.
  • Paximeningit – iltihabi proses beynin sərt qişasını  əhatə edir.
  • Panmenigit – Proses eyni  zamanda beynin bütün qişalarını  əhatə edir.

Tibbi  praktikada  “meningit”  termini  altında beynin yumşaq qişalarının zədələnməsini nəzərdə tuturlar.

Ağırlıq  dərəsinə  görə:

  • yüngül dərəcəli;
  • orta- ağır dərəcəli;
  • ağır dərəcəli.

Meningitin  inkubasiya dövrü

Meningitin  inkubasiya dövrü, yəni yoluxma anından xəstəliyin ilk   əlamətlərinin təzahürünə qədər olan müddət, xəstəliyin törədicisinin növündən asılıdır, lakin əsasən, 2 gündən 4 günə qədər olur. Lakin inkubasiya dövrü  bir neçə saatla 18  gün arasınada dəyişə bilər.

Meningitin  simptomları

Baş beynin və onurğa beyninin bu xəstəliyinin bütün əlamətləri yoluxucu xəstəliyin təzahürlərinə uyğun gəlir. İnfeksiyanı  dayandırmaq və xəstəliyin ağırlaşmasına yol verməmək məqsədilə qiymətli vaxtı  itirməmək üçün meningitin ilk əlamətlərinə diqqət yetirmək çox vacibdir.

Ümumiyyətlə, meningitin bütün simptomları 3 qrupa bölünür: ümumi infeksion, ümumi beyin və meningeal simptomlar.

Ümumi infeksion əlamətlər: spesifik deyil. Yəni onların varlığı  hələ meningitin olmasını təsdiqləmir. Bu əlamətlər yalnız xəstəliyin infeksion başlanğıcından xəbər verir. Ümumi infeksion əlamətlərə aşağıdakı simptomlar aid edilir:

  • bədən hərarətinin kəskin artması (40 ° C-yə qədər), titrətmə;
  • əzələ ağrıları, oynaqlarda ağrıların olması;
  • zökəm, boğazın qızarması və asqırmaq kimi kataral hallar;
  • iştahanın olmaması;
  • sifətin qızarması;
  • bəzən çəhrayı və ya qırmızı  rəngli  səpgilər qeyd edilir ki, onlara təzyiq etdikdə yox  olur və bir neçə saatdan sonra xırda göyərmələr şəklində yenidən təzahür edir;
  • diareya (əsasən uşaqlarda);
  • ümumi zəiflik, halsızlıq;
  • taxikardiya və tənəffüsün tezləşməsi;
  • limfa vəzilərinin böyüməsi;
  • qanda infeksiya prosesinə uyğun dəyişikliklər (EÇS-in yüksəlməsi, leykositlərin sayının artması və s.).

Ümumi beyin əlamətləri  də meningit üçün spesifik deyil. Bunlara aşağıdakı simptomlar aid edilir:

  • Baş ağrısı. Meningit zamanı baş ağrıları çox güclü olur və bütün başı  əhatə edir, xəstələr daxildən gözlərinə təzyiq olmasını hiss edirlər. Baş ağrılarının mənbəyi beyin qişalarının qıcıqlanması, iltihab nəticəsində kəllədaxili təzyiqin artmasıdır. Meningit zamanı  baş ağrısının xarakterik cəhəti, ağrılar yüksək həddə çatanda qusmanın baş verməsidir.
  • Qusma. Qusma ürəkbulanma olmadan baş verir, bir neçə dəfə təkrar olunur və yüngülləşmə gətirmir. Bu cür qusma “beyin” qusması adlanır.
  • Huşun pozulması. Bu simptomun təzahürü meningitin ağırlıq dərəcəsindən asılıdır. Yüngül  formalarda huşun pozulması baş verməyə də bilər. Ağır formalı  meningitlərdə huşun kəmiyyət (keylik, sopor, koma) və keyfiyyət (hallüsinasiyalar, sayıqlama, psixomotor oyanıqlıq, oneyroid) pozulmaları  müşahidə edilir.
  • Generalizə olunmuş qıcolma tutmaları. Bu simptom da beyin qişalarının qıcıqlanması və kəllədaxili təzyiqin artması səbəbindən meydana çıxır. Bəzən epileptik tutmalar qəflətən, meningitin digər simptomlarının olmaması  fonunda baş verir.
  • Göz dıbində durğunluq əlamətləri.

Meningeal simptomlar:  Bunlar beyin qişalarının zədələnməsinin məxsusi kliniki əlamətləridir. Ayrı-ayrılıqda 1-2 meningeal simptomun aşkar edilməsi hələ meningit diaqnozunu təsdiq etməyə əsas vermir, çünki bu əlamətlər sinir sisteminin digər patologiyaları  zamanı  da (məsələn, subaraxnoidal qansızmalarda) rast gəlinə bilər. Lakin eyni bir xəstədə bu simptomların bütöv bir kompleksinin aşkar edilməsi meningit diaqnozunu tam əminliklə təsdiqləməyə imkan verir. Əgər xəstədə meningeal simptomlarla yanaşı  ümumi  infeksion və ümumi beyin əlamətləri də aşkar edilərsə, o zaman ilkin diaqnoz tam təsdiqlənə bilər. Meningeal simptomlara aşağıdakılar aid edilir:

  • “yorğan” simptomu – ümumi hiperesteziyanın nəticəsidir. Xəstə hətta isti otaqda belə, yorğana bükülmüş, başını bürümüş vəziyyətdə qala bilir. Xəstə hətta huşsuz vəziyyətdə olduqda da yorğanı  tutub saxlayır və onun üstündən götürülməsinə müqavimət göstərir;
  • ənsə (boyun) əzələlərinin rigidliyi. Boyun əzələlərinin reflektor gərginləşməsi səbəbindən xəstənin boynunu passiv şəkildə aşağı əydikdə, bu hərəkətə müqavimət hiss edilir, xəstənin çənəsi isə sinəsinə bir neçə barmaq çatmır. Bəzən xəstədə bu simptom o dərəcədə güclü ifadə olunur ki, sakit halda onun boynu arxaya qanrılmış olur və sanki “balışın içində batır”. Qeyd etmək lazımdır ki, xəstədə boynun yanaşı  patologiyası və hərəkət məhdudluğu olduğu hallarda bu simptom informativ hesab edilmir;
  • hiperesteziya (işığa, səsə, toxunmaya həssaslığın artması);
  • meningitik poza (“tazı” pozası). Ayrı-ayrı əzələ qruplarının reflektor gərginləşməsi səbəbindən onurğa sütunu qövs şəklini alır, baş arxaya çevrilir, ayaqlar qarına doğru yığılmış olur;
  • “qayığabənzər” qarın simptomu. Qarın qeyri-iradi olaraq içəri dartılır. Bəzi alimlər bu simptomu meningitik pozanın bir hissəsi hesab edirlər;
  • üçlü sinirin innervasiyası  nahiyələrinə, qaşların ortasına və ya gözün altına təzyiq edən zaman ağrının yaranması;
  • Kerniq simptomu: budun arxa qrupu əzələlərində gərginliyin olması  səbəbindən bud-çanaq və diz oynaqlarında bükülmüş ayağın diz oynağında açılmasının mümkün olmaması. Bu zaman baldırın bükücü  əzələlərinin gərginliyi  diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, bu simptom yaşı  3 aya qədər olan körpələrdə fizioloji  sayılır;
  • Brudzinski simptomları:

1)         Yuxarı  Brudzinski  simptomu: başı  passiv şəkildə aşağı  əyməyə çalışarkən ayaqların bükülməsi  və qarına doğru  yığılması;

2)         Orta  Brudzinski  simptomu: qasığa təzyiq etdikdə ayaqların bud-çanaq və diz oynaqlarında bükülməsi  və qarına doğru  yığılması;

3)         Aşağı  Brudzinski  simptomu: bir ayaqda Kerniq simptomunu yoxlayarkən, digər ayağın bud-çanaq və diz oynaqlarında bükülərək qarına doğru  yığılması.

4)         Yanaq Brudzinski simptomu: yanağa almacıq qövsünün üzərində təzyiq etdikdə həmin tərəfdə qol dirsəkdən bükülür, çiyin qalxır;

  • Bexterev simptomu: almacıq qövsünü  tıqqıldatmaq üz əzələlərinin təqəllüsünə səbəb olur;
  • Pulatov simptomu: kəlləni  tıqqıldatmaq ağrıya səbəb olur;
  • German simptomu: arxası üstə, ayaqlarını qabağa uzatmış vəziyyətdə olan xəstənin başını passiv surətdə aşağı əydikdə ayağın baş barmağının açılması müşahidə olunur. Bu simptomun digər bir variantında açılmış ayağı bud-çanaq oynağında passiv şəkildə bükməyə çalışarkən ayağın baş barmağının açılması müşahidə olunur;
  • Giyen simptomu: xəstənin bir ayağında budun ön səthinin əzələlərini əllə sıxdıqda onun digər ayağının qeyri-iradi olaraq bükülməsi müşahidə olunur;
  • Lafor simptomu: sifət cizgilərinin kəskinləşməsi;
  • Flataunun bəbək simptomu: xəstənin başını passiv şəkildə aşağı  əydikdə onun bəbəklərinin genişlənməsi müşahidə edilir;
  • Boqolepov simptomu: xəstədə Kerniq və Giyen simptomlarını yoxlayarkən (hətta huşsuz vəziyyətdə belə), sifətində ağrı ifadəsinin yaranması;
  • Bikkel simptomu: xəstədən qollarını dirsəkdən bükməyi və həkimin hərəkətlərinə mane olmamağı  xahiş edirlər. Xəstənin qollarını  açmağa cəhd etdikdə həkim müqavimət hiss edir və qolları  açmaq mümkün olmur;
  • Mandanezi simptomu: xəstənin göz almalarına təzyiq etdikdə, sifət əzələlərinin gərginliyi müşahidə olunur;
  • Levinson simptomu: xəstə müstəqil şəkildə başını aşağı  əyməyə cəhd etdikdə ağzı  açılır;
  • Mendel simptomu: xarici qulaq keçəcəyi nahiyəsinə təzyiq etdikdə ağrı  yaranır;
  • Lesaj simptomları: körpə  uşaqlarda əmgək şişkin, gərgin olur və pulsasiya edir. Əgər onu  qoltuqlarından tutub yuxarı  qaldırsaq, bu zaman körpə başını  geri  əyir, onun ayaqları  isə reflektor olaraq qarnına tərəf yığılır.

Qeyd etmək lazımdır ki, yuxarıda təsvir olunan meningeal simptomların hamısı  eyni zamanda müşahidə edilmir. Onların təzahürü  ümumi  infeksion və  ümumi beyin simptomlarının arxasında “gizlənə”  bilər. Huşun pozulması  zamanı  onların çoxu  öz əhəmiyyətini itirir. Meningeal simptomların özəlliyi onların dinamik olmasıdır. Yəni, onlar çox qısa bir müddət ərzində təzahür edə bilər. Məsələn, ilkin müayinə zamanı  həkim meningeal simptomları  aşkar etməyə bilər, lakin bir neçə saatdan sonra, təkrari  müayinə zamanı  onlar meydana gələcək.

Meningitin qeyri-spesifik  simptomları  arasında  seçilir:

  • görmə funksiyasının zəifləməsi, ikigörmə, çəplik, nistaqm, ptoz;
  • eşitmənin zəifləməsi;
  • üz əzələlərinin parezi;
  • qarında ağrılar, qəbizlik;
  • taxikardiya və ya bradikardiya;
  • yüksək qan təzyiqi;
  • uveit;
  • yuxululuq.

Meningitin kliniki şəkli daha çox onun törədicisindən asılı  olur. Məsələn, meningeal simptomlar və bütün bədənə yayılmış hemorragik səpkilər meninqokokk infeksiyası  üçün xarakterikdir. Bütün bunlar diaqnozun qoyulmasına və etiotrop müalicənin təyin olunmasına böyük  köməklik göstərir.

Meningitin  ağırlaşmalarından aşağıda sadalananlar daha çox rast gəlinir:

  • eşitmə qabiliyyətinin itirilməsi;
  • epilepsiya;
  • hidrosefaliya;
  • uşaqların normal  zehni  inkişafının  pozulması;
  • endokardit;
  • irinli artrit;
  • qanın laxtalanmasının pozulması;
  • letal sonluq.

Meningitin  diaqnostikası

Meningitin diaqnostikasına aşağıdakı  müayinə metodları daxildir:

  • Qanın ümumi  analizi;
  • Qanın biokimyəvi  analizi;
  • Serebrospinal mayenin müayinəsi;
  • Polimeraza zəncirvari reaksiyası (PZR);
  • Serodiaqnostika;
  • Maqnit-rezonans tomoqrafiyası (MRT);
  • Kompüter tomoqrafiyası (KT);
  • Elektroensefaloqrafiya (EEQ).

Tədqiqat materialı  olaraq punksiya vasitəsilə onurğa kanalından alınan onurğa beyni mayesindən istifadə edilir.

Qanın  ümumi  analizində iltihab əlamətləri  aşkar olunur, yəni:

–           Leykositoz.  Leykotsitlərin sayının artması  9 x109-dan çoxdur. Bakterial meningit zamanı neytrofillərin hesabına  20 – 40 x 109  göstəricisi müşahidə edilir.

–           Leykopeniya.  Leykositlərin sayı  4 x 109-dan az olur. Bəzi  viral  meningitlər zamanı müşahidə olunur.

–           Leykositar formulun sola yerdəyişməsi – yetişməmiş leykositlərin sayının artması, mielositlərin və metamielositlərin müşahidə edilməsi. Bu dəyişiklik xüsusilə bakterial meningitdə daha çox rast gəlinir.

–           EÇS –in (eritrositlərin  çökmə  sürəti) artması – saatda 10  mm-dən çoxdur.

Bəzən anemiya ola bilər:

–           Hemoqlobinin konsentrasiyasının qanın hər litri  üçün  120 qr-dan aşağı  olan bir azalması;

–           Eritrositlərin ümumi  sayı  4 x 1012-dan azdır.

Ağır hallarda:

–           Trombositopeniya. Trombositlərin sayının 150 x 109 -dan az olmasıdır. Meninqokokkal meningit zamanı  müşahidə olunur.

Qanın  biokimyəvi  analizi

Qanın biokimyəvi analizindəki dəyişikliklər turşu-qələvi  balansının pozulmasını  əks etdirir. Bir qayda olaraq, bu, balansın turşuluğa doğru dəyişməsi, yəni  asidoz şəklində təzahür edir. Bu zaman kreatinin (100 – 115 μmol / litr) və sidik cövhərinin (7,2 – 7,5 mmol / litrdən yuxarı) konsentrasiyası  artır; kalium, natrium  və xlorın balansı  pozulur.

Lateks  testləri,  PZR  metodu

Meningitin törədicisini dəqiq təyin etmək üçün lateks-aqlütinasiya və ya polimeraza zəncirvari reaksiyası (PZR)  üsullarından istifadə olunur. Onların mahiyyəti  serebrospinal maye içərisində olan törədicinin antigenlərini  müəyyən etməkdir. Bu zaman yalnız törədicinin növünü deyil, həm də tipini  müəyyənləşdirmək mümkün olur.

Lateks-aqlütinasiya  üsulu  10-20  dəqiqə çəkir və  aqlütinasiya reaksiyası (yapışma) göz önündə, saniyələr ərzində baş verir. Bu  üsulun zəif cəhəti – aşağı həssaslıqdır.

PZR  metodu  ən yüksək həssaslığa (98-99%) malikdir və  onun spesifikliyi  100%-ə  çatır.

Serebrospinal  punksiya

Meningitin diaqnostikasında serebrospinal punksiya məcburidir. Bu metod xüsusi  iynənin vasitəsilə bel nahiyəsi səviyyəsində onurğa beyninin yumşaq və hörümçək torunabənzər qişalarının arasındakı  sahəyə daxil olmaqdan  ibarətdir. Bu zaman müayinə  üçün onurğa beyni mayesi  götürülür. Meningitin diaqnozu serebrospinal mayedə olan  iltihabi  dəyişikliklərə əsaslanır. Meningit zamanı  onurğa beyin mayesində hüceyrələrin sayının artması (pleositoz) aşkar edilir. Əgər meningeal sindrom meningitin deyil, beyin qişalarında digər amillərin (intosikasiyalar, qişalara qan sızması, şişlər) təsiri nəticəsində yaranırsa, bu vəziyyəti  meningizm adlandırırlar.

Likvorun rənginin bulanması  adətən irinli meningitin olmasından xəbər verir. Bu zaman likvorun rəngi  çirkli-yaşıl ola bilər. Xüsusilə güclü  ifadə olunmuş pleositoz irinli  meningitlər zamanı  rast gəlinir. Bu zaman likvorun hüceyrə tərkibinə əsasən meningitin xarakteri barəsində fikir  yürütmək olar. Seroz və vərəm mənşəli  meningitlərdə 1 ml  likvorda normal halda rast gəlinən 3-5 hüceyrə əvəzinə onlarla, hətta yüzlərlə hüceyrə aşkar edilir ki, bunların da əksəriyyəti limfositlərdən ibarət olur. İrinli  meningitlərin kəskin mərhələsində 1 ml  likvorda minlərlə, hətta on minlərlə hüceyrə aşkar olunur ki, onların da arasında neytrofillər üstünlük təşkil edir. Meningitlər zamanı  likvorda hüceyrə-zülal dissosiasiyası, yəni  zülalların miqdarının normal və ya  mülayim dərəcədə artması  fonunda hüceyrələrin sayının əhəmiyyətli dərəcədə çoxalması müşahidə olunur.

Likvorun tərkibində olan şəkərin və xloridlərin barəsində məlumat mühüm kliniki  əhəmiyyətə malikdir. Onların miqdarının azalmasına daha çox meningitlərdə, o cümlədən vərəm mənşəli meningitlərdə rast gəlinir. Likvorda şəkərin və xloridlərin miqdarının azalması  pis  proqnostik əlamət hesab olunur. Vərəm mənşəli  meningitdə likvorda 1 sutkadan sonra nazik pərdə – “hörümçək toru“  aşkar etmək olar. Bəzən qabaqcadan rənglənmiş likvorda mikroskop vasitəsilə bakteriyaları (əsasən vərəm mikobakteriyalarını) aşkar etmək olur.

İrinli  meningitlərdə törədicinin növünü və onun antibiotiklərə həssasliğını  müəyyənləşdirmək üçün likvorun qidalı mühitlərdə əkilməsi məqsədəuyğundur (A.M. Pulatov, A.S. Nikiforova).

İnstrumental müayinə  metodları:

Elektroensefaloqrafiya

EEQ-nin tətbiqi  üçün göstəricilər aşağıdakılardır:

  • epilepsiya tutmaları;
  • naməlum etilogiyalı qıcolma tutmaları;
  • baş ağrısı, başgicəllənmə və naməlum etiologiyalı nevroloji  pozuntular tutmaları;
  • yuxu və oyaqlıq pozuntuları, dəhşətli yuxular, lunatizm;
  • beyin maddəsində olan travmalar, şişlər, iltihabi proseslər və qan dövranı  pоzulmaları.

Meningit zamanı  EEQ  baş beynin bioelektrik fəallığında diffuz azalma olduğunu göstərir. Bu tədqiqat meningitdən sonrakı  qalıq halları  və ağırlaşmalar zamanı, daha dəqiq desək, epilepsiya tutmaları  və tez-tez baş verən qıcolmalar vaxtı  istifadə olunur. EEQ  hansı  beyin strukturlarının zədələndiyini və tutmaların növünü müəyyənləşdirməyə kömək edir. Meningitin digər hallarında bu tədqiqat növü  informativ deyildir. O, yalnız beyin strukturlarının zədələnməsini  təsdiqləyir.

Kompüter  tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya

KT  müayinəsində beyin strukturları, yəni  beyinin boz və ağ maddəsi, beyin damarları, beyin qişaları, kəllə-beyin sinirləri  və damarları  tədqiq olunur. Beləliklə, meningitin əsas sindromu – kəllədaxili  təzyiqin artması  sindromu və onun nəticəsi  olan baş beynin  ödemi  aşkar edilir. KT-də  ödemli  toxuma lokal, diffuz və ya periventrikulyar (mədəciklər ətrafında) şəklində ola bilən aşağı sıxlıqla xarakterizə olunur. Yüksək ifadə olunmuş ödem zamanı  mədəciklərin genişlənməsi və beyin strukturlarının yerdəyişməsi müşahidə edilir. Meninqoensefalit zamanı azalmış sıxlığı  olan heterogen sahələr aşkar edilir ki, bunlar da çox vaxt artmış sıxlıq zonası  ilə məhdudlaşır. Əgər meninqoensefalit kəllə-beyin sinirlərinin zədələnməsi  ilə təzahür edirsə, o halda  KT  zamanı  nevritin əlamətləri  aşkar edilir.

Kompüter tomoqrafiyası  metodu meningit və baş beyin həcmli proseslərinin diferensial diaqnostikasında çox vacibdir. Bu halda spinal punksiya əvvəlcə əks-göstərişdir və yalnız kompüter tomoqrafiyasından sonra aparılır.

Lakin, informativlik baxımından KT  müayinəsi  MRT  müayinəsindən geri  qalır. MRT  həm beyin toxumalarında, həm də beyin qişalarında  iltihabi  prosesləri  aşkar edə bilir.

Müalicə

Meningitin müalicəsi kompleks şəkildə aparılır və aşağıdakı  müalicə tədbirlərindən ibarətdir:

  1. Xəstənin hospitalizasiyası;
  2. Yataq və yarımyataq rejimi;
  3. Törədicilərin növünə görə dərman terapiyası:

– antibakterial terapiya;

– antiviral terapiya;

– antifungal terapiya;

  1. Detoksikasion müalicə;
  2. Simptomatik müalicə.

Xəstənin  hospitalizasiyası  və  yataq rejimi.

Meningit həyat üçün təhlükəli  bir xəstəlik olduğundan onun müalicəsi  yalnız stasionar şəraitində həyata keçirilir. Bundan əlavə, bu xəstəliyin törədiciləri çoxsaylı  mikrob növləri olduğundan, onların hər birinin müalicəsi  də ayrı-ayrı  qruplara məxsus dərman preparatları vasitəsilə həyata keçirilir. Burada kor-koranə müalicə aparmaq xəstənin həyatı  hesabına başa gələ bilər.

Stasionar şəraitində xəstə parlaq  işıqdan və səs-küydən təcrid edilir, dərmanların verilməsinə həkimlər tərəfindən nəzarət olunur və lazım gəldikdə reanimasiya tədbirləri  həyata keçirilir.

Dərmanlarla  müalicə (meningit  əleyhinə  preparatlar)

Antibakterial  terapiya

Antibiotiklər bakterial  mənşəli  meningit və ya xəstəliyin  irinli  forması  zamanı  təyin edilir. Meningit zamanı  tətbiq edilən antibiotiklər arasında aşağıdakıları  qeyd edə bilərik:

–           Penisillinlər  – doza, müalicənin başlanğıcında bədən kütləsinin hər 1 kq-na sutkada 260 000-300 000 TV – əzələ  daxilinə təşkil edir, müalicənin başlanğıcında dərman hər  3-4  saatdan bir yeridilir.

–           Ampisillin – müalicə dozası  4-6 qəbula  1 kq  bədən çəkisinə sutkada  200-300 mq  təşkil edir.

–           Sefalosporinlər:  Seftriakson – (uşaqlara sutkada bədən çəkisinin hər  1  kq-na  50-80 mq olmaqla  2 dəfəyə; böyüklərə – sutkada 2 qram). Sefotaksim (sutkada bədən çəkisinin hər 1 kq-na  200 mq  olmaqla, 4  qəbula bölməklə).

–           Karbapenemlər: Meropenem (1 kq bədən çəkisinə sutkada 40 mq,  8  saatdan bir, maksimal  doza – sutkada 6 q);

Vərəm  meningiti  zamanı  aşağıdakı  preparatlar təyin edilir:  İzoniazid, Streptomisin, Etambutol. Bakterisid təsiri  artırmaq  üçün bu kompleksə Pirazinamid və Rifampisin əlavə edilir.

Antibiotiklərin qəbul  kursu  10-17  gündür.

Antiviral  terapiya

Virus meningitinin müalicəsi  adətən simptomatik terapiyadan ibarətdir – analgeziya, bədən temperaturunun aşağı  salınması, rehidratasiya, detoksikasiya. Müalicənin klassik sxemi soyuqdəymənin müalicəsinə bənzəyir.

Əsasən virus meningitinin müalicəsi  üçün aşağıdakı  dərman qruplarının kombinasiyası nəzərdə tutulur:  İnterferon + Qlükokortikosteroidlər.

Əlavə  olaraq barbituratlar, nootrop preparatlar, B qrupu vitaminləri, tərkibində böyük miqdarda  vitaminlər, xüsusilə C vitamini  olan zülal  diyetası, müxtəlif antiviral preparatlar (virusun növündən asılı  olaraq) təyin edilir.

Antifungal  terapiya

Göbələk mənşəli  meningitin müalicəsi  adətən aşağıdakı  preparatların qəbulundan ibarətdir:

Kriptokokk  və  kandidoz  meningit zamanı (Cryptococcus neoformans və Candida spp) Amfoterisin B + 5-Flusitozin.

Amfoterisin B-nin  dozası  sutkada hər 1 kq-a  0,3 mq  təşkil edir.

5-Flusitozinin dozası  sutkada 1 kq-a  150 mq-dır (4 dəfəyə).

Əlavə olaraq, Flukonazol  da təyin edilə bilər.

Detoksikasion  terapiya

Orqanizmi  zəhərləyən, əlavə  olaraq  immun sistemi və digər orqan və sistemlərin funksiyasını zəiflədən  infeksiya tullantılarının (toksinlərin) bədəndən çıxarılması  üçün detoksikasion terapiyadan  istifadə edilir.

Bədəndən toksinləri  çıxarmaq üçün  Atoksil və Enterosgel preparatlarından istifadə edilir.

Eyni  məqsəd üçün bol  içki, xüsusilə tərkibində C  vitamini  olan: itburnu dəmləməsi, moruq və limonlu çay, mors təyin olunur.

Simptomatik  müalicə

Allergik reaksiyalar zamanı  antihistamin preparatları: Suprastin, Klaritin təyin edilir.

Ürəkbulanma və qusma zamanı  Motilium və Serukal  preparatları  təyin edilir.

Bədən temperaturunun  39 ° C-dən yuxarı  qalxdığı  zaman  iltihab əleyhinə preparatlar: Diklofenak, Nurofen, Parasetamol məsləhət görülür.

Güclü  qıcıqlanma və həyəcan zamanı  xəstələrə  sedativ  preparatlar: Valerian ekstarktı, Tenoten vermək lazımdır.

Ödemləri, o cümlədən baş beynin  ödemlərini  azaltmaq üçün diuretiklər nəzərdə tutulur: Diakarb, Furosemid, və s.

Serebrospinal mayenin keyfiyyətini  və funksionallığını  artırmaq üçün  Sitoflavin təyin edilir. Sitoflavin – 10 ml məhlulu 100-200 ml  NaCl-in izotonik məhlulunda və ya 5%-li Qlükoza məhlulunda həll edib, sutkada 1 dəfə damcı  üsulu  ilə vena daxilinə və ya 2 tableti, sutkada 2 dəfə daxilə təyin edirlər. Sitoflavin məhlulu ilə müalicə kursu 10 gün, tabletlərlə isə 25 gün təşkil edir.

Bioloji aktiv əlavələr

Hal-hazırda tərkibində müxtəlif bioloji  aktiv maddələr olan preparatların geniş seçimi  mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji  aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin etiоlоgiyasını və patоgenezini nəzərə alaraq, оnun müalicəsi və prоfilaktikasında tərkibində aşağda sadalanan biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur:

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində Kordiseps – yüksək effektli immuntənzimləyici vasitə və təbii antibiotik оlan preparatlar. Antioksidantdır, beynin və ürək əzələsinin oksigen aclığına davamlığını artırır.
  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
  • Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ  turşuları  və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
  • Slimminq (arıqladan) çaylar – tərkibində orqanizm üçün vacib çоxsaylı maddələr: vitaminlər, minerallar və s. оlur. Orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.

Proqnoz

Həkimə vaxtında müraciət etmək, dəqiq diaqnoz və düzgün müalicə sxemi  meningitin tam müalicə olunmaq şansını  artırır. Həkimə nə qədər tez müraciət etmək və müalicə rejiminə ciddi riayət olunması  xəstənin özündən asılıdır. Nəzərə alsaq ki, əksər hallarda meningitlər meninqokokkların səbəbindən törənir, onun pognozunu  ilk növbədə nəzərdən keçirmək lazımdır. Xəstəliyin bu növünün letal sonluqla bitməsi hətta müasir müalicə vasitələrinin olduğu dövrdə  belə kifayət qədər yüksək olaraq qalır. Penisillin sırası antibiotiklərinin, sefalosporinlərin və sulfanilamidlərin kəşfinə qədər meninqokokk mənşəli meningitlərdə  ölüm halları  təxminən 75% təşkil edirdi. Hal-hazırda ölüm halları xəstərin 8%-dən 25%-ə təşkil edir ki, bu özü də yüksək letallıq dərəcəsi hesab olunur. Lakin müasir antibakterial müalicə üsulları  ölüm hallarının və xəstəliyin digər ağırlaşmalarının (demensiya, beyin ödemi, iflic, epilepsiya və s.) yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Virus və vərəm mənşəli meningitlərin proqnozu daha nikbindir. Sağaldıqdan sonra simptomatika periodik olaraq (2-3 aya qədər) təzahür edə bilər. Seroz meningitlərdə tam sağalma 1 həftə ərzində baş verir.

     Profilaktika

Meningitlərin profilaktikası spesifik və qeyri-spesifik olmaqla 2 yerə bölünür.

Meningitin spesifik profilaktikası vaksinasiyalardan ibarətdir. Peyvəndlərin vurulması meningitin əsas formalarına yoluxmaq riskini əhəmiyyətli dərəcədə azaldan müasir təbabətin ən əhəmiyyətli nailiyyətlərindəndir. Hal-hazırda bir neçə peyvənd növü  vardır ki, onların təhsil müəssisəsində oxuyan uşaqlara, insanlarla bilavasitə kontaktda olan yaşlı əhaliyə və 60 yaşdan böyük şəxslərə vurulması mütləq şəkildə həyata keçirilməlidir. Meningitin potensial törədicilərindən hemofil infeksiya, pnevmokokk, meninqokokk, qızılca, məxmərək və parotit əleyhinə peyvəndlər icra olunur. Suçiçəyi barəsində əksər mütəxəssislər hesab edirlər ki, uşaqlar üçün onu kiçik yaşlarında keçirmək, peyvənd olunmaqdan daha məqsədəuyğundur. Meningitin yaranması üçün təhlükə insanın suçiçəyi xəstəliyini uşaq vaxtı keçirmədiyi halda meydana çıxır.

Meningitin qeyri-spesifik profilaktikası  aşağıdakı  qoruyucu tədbirləri  əhatə edir:

  • şəxsi gigiyena qaydalarına riayət etmək;
  • meningitə yoluxmuş insanlarla sıx təmasdan qaçmaq;
  • vitaminlər və minerallarla zənginləşdirilmiş ərzaqlardan istifadə etmək;
  • mövsümi KRX  xəstəliklərinin epidemiyaları  dövründə, çox sayda  insan olan yerlərdə, xüsusən də qapalı  məkanlarda qalmamaq;
  • həftədə ən azı  2-3  dəfə  nəm təmizləmə həyata keçirmək;
  • orqanizmin möhkəmləndirilməsi (əgər heç bir əks-göstəriş yoxdursa);
  • stressdən, bədənin hipotermiyasından qorunmaq;
  • daha çox hərəkət etmək, idmanla məşğul olmaq;
  • müxtəlif xəstəlikləri, xüsusən yoluxucu xarakterli xəstəlikləri  axıradək müalicə etmək vacibdir ki, onlar xroniki  formaya keçməsin;
  • spirtli içkilərdən, tütün məmulatlarından, narkotik maddələrdən istifadə etməmək;
  • həkimin məsləhəti olmadan, özbaşına olaraq dərman maddələrini, xüsusilə də antibakterial və iltihab əleyhinə preparatları  qəbul etməmək.

Bütün bu tədbirlərə riayət olunması meningitin yaranma ehtimalını əhəmiyyətli dərəcədə aşağı endirir.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/09/07/ensefalit/

https://nevropatologiya.az/2021/09/08/mielit/

https://nevropatologiya.az/2021/08/16/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-kt-muayin%c9%99sinin-t%c9%99tbiqi-komputer-tomoqrafiyasi/

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2018-ci ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq