Elektroensefaloqrafiya (EEQ)

Elektroensefaloqrafiya (EEQ) – elektrofiziologiyanın bir bölməsi olub, başın dərisinin səthindən çəkilən baş beynin ümumi elektrik fəaliyyətinin qanunauyğunluqlarını  öyrənən və  bu cür potensialların yazılması (elektroensefaloqramların formalaşdırılması) müayinə metodudur. EEQ  həmçinin, baş  beynin funksional vəziyyətini, onun  bioelektrik fəallığının qeydə alınması  yolu  ilə  tədqiqinin qeyri-invaziv  bir  metodudur.

EEQ  həssas  bir tədqiqat  metodu olub, baş  beyin qabığının və  dərin  beyin strukturlarının funksiyasında ən  kiçik dəyişiklikləri  əks  etdirir  və  beynin  fəaliyyətinin dəyişilməsini, saniyənin  mində  biri  qədər  vaxt  müddəti ərzində qeydə  ala  bilir  ki,  bu da beyin fəallığını tədqiq  edən digər  müayinə  metodları, o  cümlədən  PET  və  fMRT  üçün  əlçatmazdır.

Elektroensefaloqrafiya – baş  beynin  funksional  vəziyyətini  və  onun qıcıqlandırıcıların təsirinə  reaksiyalarının  keyfiyyət  və  kəmiyyət  baxımından təhlilini təmin  edir. EEQ-nin qeydiyyatı, diaqnostik və  terapevtik  sahədə (xüsusilə də epilepsiyada), anesteziologiyada, eləcə  də  qavrama, yaddaş, adaptasiya və  s.  kimi  funksiyaların  həyata  keçirilməsi  ilə  bağlı  beyin  fəaliyyətinin  öyrənilməsində  geniş  şəkildə  istifadə olunur.

Bu metodun  çatışmayan cəhəti, cihazın  xəstənin  psixo-emosional  gərginliyi  ilə  bağlı  olan hərəkətlərə  və  tremora  həssas  olmasıdır ki, bu  da  müayinənin  gedişinə  maneçilik  törədir və  diaqnostikanı  çətinləşdirə  bilir.

 

     Müayinənin  tarixi

Beynin  elektrik  prosesinin  öyrənilməsinin  başlanğıcı,  1849-cu  ildə  D. Reymon (Du Bois Reymond)  tərəfindən  qoyulmuşdur. Bu  alim, ilk  dəfə  olaraq  baş  beynin  periferik sinir və  əzələ  kimi elektrogenik  xüsusiyyətlərə  malik olduğunu  göstərmişdir.

24  avqust  1875-ci  il  tarixində  ingilis  həkimi  Riçard  Katon  (1842-1926)  Britaniya  Tibb Assosiasiyasının iclasında  məruzə  ilə  çıxış  etmişdir. Bu  məruzəsində  o, elmi  cəmiyyətə dovşan  və  meymunların  beynindən  zəif  cərəyanların  qeydiyyatı  barədə  öz  məlumatlarını təqdim etmişdir. Elə  həmin ildə  də,  rus  fiziologu  V. Y. Danilevski,  Ketondan  müstəqil  şəkildə, öz  doktorluq  dissertasiyasında  itlərinin  beyninin  elektrik  fəaliyyətinin  öyrənilməsindən əldə edilən  məlumatları  təqdim  etmişdi. Öz  elmi  işində,  V.Y. Danilevski  spontan  potensialın varlığının,  eləcə  də  müxtəlif  stimulların  yaratdığı  dəyişikliklərin  olmasını  qeyd  etmişdi. 1882-ci  ildə  İ.M. Seçenovun  və  1884-cü  ildə  N.E. Vvedenskinın  bu  sahədə  müxtəlif canlıların  üzərində  aparılan  təcrübələrə  əsaslanan dərc  etdirdikləri  elmi  işləri, elektroensefaloqrafiyanın  inkişafında  mühüm  rol  oynamışdır. Elektroensefaloqrafik tədqiqatların  başlanğıcını,  1913-cü  ildə  V. V. Pravdiç-Neminski,  itin  beynindən  qeyd  olunan  ilk  elektroensefaloqramı  dərc  etdirməklə  qoymuşdur. Öz  tədqiqatında, o, simli qalvanometrdən  istifadə etmişdir. Həmçinin,  Pravdiç-Neminski “elektroserebroqram” terminini  də  elmə  daxil  etmişdir. İlk  dəfə  insanın  EEQ  qeydiyyatını  1928-ci  ildə  alman psixiatrı  Hans  Berger əldə  etmişdir. O,  həmçinin  beynin  biocərəyanlarının  yazısını  “elektroensefaloqram”  adlandırmağı  təklif  etmişdir. Bergerin  bu  sahədə  tədqiqatları, həmçinin ensefaloqrafiya  metodunun  özü,  ilk  dəfə  1934-cü  ildə,  Adrian və  Matthews tərəfindən   Kembric  Fiziologiya  Cəmiyyətinin  toplantısında “Berger ritmini”  inandırıcı  şəkildə  nümayiş  etdirdiklərindən  sonra  elmi  ictimaiyyət  tərəfindən  geniş  surətdə  qəbul olunmağa  başlamışdır.

 

     EEQ-nin  keçirilməsinə  göstərişlər

EEQ  müayinəsini  təyin  etmək  üçün  çoxsaylı  göstərişlər  vardır:

  • yuxu pozulmaları;
  • qıcolma tutmaları;
  • aşkar olunmuş  endokrin  xəstəlikləri;
  • kəllə-beyin travmaları;
  • baş və  boyun  damarlarının  patologiyaları (ultrasəs  müayinəsində  aşkar  edilmiş);
  • sinir sisteminin  iltihabi  xəstəlikləri  və  onların  nəticələri;
  • vegetativ-damar distoniyası;
  • panik hücumlar  və  diensefalik  böhranlar;
  • serebrovaskulyar xəstəliklər;
  • tez-tez qeyd  olunan  baş  ağrıları  və  başgicəllənmə;
  • neyrocərrahiyyə əməliyyatlarından  sonra;
  • doğuşdan əvvəl  və  ya  sonra  inkişaf  etmiş  istənilən  beyin  zədələnməsi;
  • uşaqlarda inkişaf  və  davranış  pozuntuları;
  • baş beynin həcmli  törəmələ

Elektroensefaloqrafiya,  müəyyən  bir  dərman  və  ya  fizioterapiya  müalicəsi  alan xəstələrdə  müalicənin  nəticələrini  izləməyə  imkan  verir. İstənilən  yaşda  və  istənilən funksional  vəziyyətində (yuxu  da daxil  olmaqla) olan  xəstələrin  müayinəsini  aparmaq mümkündür.

Əks-göstərişlər

Prosedur  praktik  olaraq  heç  bir  əks-göstərişə  malik  deyildir. Bu  metodun tətbiqini məhdudlaşdıran  yeganə səbəb,  başın səthində  geniş  zədələrin,  kəskin  infeksion proseslərin və  ya  müayinə  anına  qədər  bitişməmiş  postoperasion  tikişlərin  mövcud  olmasıdır.

Müayinənin  aparılması, uşaqlar  və  hamilə  qadınlar  üçün  qadağan edilmir, lakin  bu dövrlərdə  funksional  sınaqlar olmadan  həyata  keçirilməlidir.

 

     EEQ-nin qeydiyyatı  prosesi

EEQ  qeydiyyatı,  xüsusi  elektrodlardan  istifadə  edərək (ən  çox  yayılmış  elektrod  növləri – köprücüklü,  fincanlı  və  iynəli  hesab edilir). Hər  bir  elektrod  bir  gücləndiriciyə  qoşulmuş olur.  EEQ-nin  qeydiyyatı  üçün  kağız  lentdən  istifadə oluna  bilər (bu, köhnəlmiş  variantdır) və  ya  siqnal  bir  ARÇ (analoq-rəqəmsal  çevirici) -nin  köməyilə  çevrilə  və  kompüterdə  fayl şəklində (müasir variant) qeyd  edilə  bilər.

Elektroensefaloqrafiya (EEQ) – baş  beynin, onun  həyat  fəaliyyəti  nəticəsində  yaranan elektrik  potensiallarının fərqlərini  qeydə  almaqla  müayinə  metodudur. 12-24  sayda  qeydə alan  elektrodları, başın  müəyyən,  beynəlxalq  konvensiya  ilə  razılaşdırılmış şəkildə  elə yerləşdirirlər  ki,  çoxkanallı  yazıda  beynin, onların  latınca adlarının  baş  hərflərilə  qeyd olunmuş  bütün  əsas  şöbələri  təmsil  oluna  bilsin. Potensialların formasının  və topoqrafiyasının  tam  təmsil  olunması  üçün  aparmaların  mono-  və  bipolyar sxemlərindən  istifadə  edilir.  Monopolyar  çəkiliş  zamanı  beynin  müəyyən  bir  sahəsi üzərində  quraşdırılan  elektrodla  beyindən  kənar  yerləşdirilmiş  ikinci (referent) elektrod  arasındakı  potensialların  fərqini  qeydə  alırlar. Adətən,  referent  elektrodlar sırğalıqda  yerləşdirilir. Bipolyar  çəkiliş  zamanı,  başın  iki  nahiyəsi  arasındakı  potensiallar  fərqini  qeydə  alırlar.  Əldə  olunan  yazı, ensefaloqram  adlanır.  EEQ,  aparıcı  elektrodların yaxınlığında yerləşən  milyonlarla  neyronların  və  onların  çıxıntılarının elektrik fəallığının summar qeydiyyatıdır. Beləliklə, EEQ – baş  beynin  funksional  fəallığını  əks  etdirir. EEQ-də  müntəzəm  ritmikliyin  mövcudluğu, neyronların  öz  fəallığını  sinxronlaşdırmasına dəlalət  edir. Normal  halda  bu  sinxronizasiya, əsasən,  talamusun qeyri-spesifik nüvələrinin  və  talamokortikal  proyeksiyalarının peysmekerlərinin  ritmik  fəallığı  ilə  müəyyən  edilir.

Funksional  fəallığın  səviyyəsi,  beynin  qeyri-spesifik strukturları,  ilk  növbədə  beyin kötüyünün  və  ön  beynin  retikulyar  formasiyası  tərəfindən  formalaşdırıldığı  səbəbindən, məhz  bu  sistemlər də  EEQ-nin ritmini,  xarici  görkəmini,  ümumi  təşkilatını  və  dinamikasını  müəyyən  edir.  Qeyri-spesifik  orta  strukturların  baş  beynin  qabığı  ilə əlaqələrinin  simmetrik  və  diffuz  şəkildə  təşkil  olunması, bütün  beyin  üçün  EEQ-nin bilateral  simmetrikliyini  və  nisbi  yekcinsliyini  müəyyən  edir.

Normal halda, ayıq  vəziyyətdə  olan  yaşlı  şəxsin  EEQ-nin  tərkibində,  8-13  Hz  tezlikli, 100 mkV-a  qədər  amplitudlu  və  sakit  oyanıqlıq  halında,  ənsə  şöbələrində  maksimal dərəcədə ifadə  olumuş  α-ritmi  və  14-40  Hz  tezlikli  və  15 mkV-dək  amplitudlu  və  daha  yaxşı  frontal yayımlı  mərkəzi  çəkilişlərdə  ifadə  olunmuş  β-ritm olur.

Şəkil 1. Normal elektroensefaloqramma variantı.

Uşaqlarda  EEQ,  əsas  ritmin daha  aşağı  tezliyi  və  yüksək  amplitudası  ilə,  θ- (4-6Hz)  və   δ- (0,5-3Hz)  diapazonlu  ləng  vibrasiyaların  varlığı,  yüksək  amplitudlu, bəzən  kəskin vibrasiyaların  qəflətən  baş  verməsi  ilə  fərqlənir  ki,  bununla  əlaqədar  olaraq  16  yaşınadək olan  hətta  tam  sağlam  uşaqlarda  da  “ideal normal”  EEQ,  yalnız  66-75%  hallarda rast gəlinir  və  bu  yaşda  bir  çox  hallarda  klinik  şəklin  nəzərə  alınmaması,  patologiyanın hiperdiaqnostikasına  gətirib  çıxara  bilir.

EEQ-nin  yuxuda  dəyişiklikləri (yuxunun  gözlərin  cəld  hərəkəti  olan  fazasından başqa), əsasən  ləng  titrəyişlərin,  yüksək  amplitudlu  parıltıların (K-komplekslər),  yüksək  amplitudlu P-fəallıq (“yuxu oxları”) və  kəskin  potensiallarla  xarakterizə  olunur  ki,  bunların  hamısını  EEQ-nin  oxunmasında  nəzərə  almaq  lazımdır. Əks  halda, patologiyanın  hiperdiaqnostikasına yol  verilə  bilər.

Hiperventilyasiya, amplitudanın artmasına və  xüsusilə uşaqlarda  ifadə  olunmuş fəallığın ləngiməsinə  gətirib çıxarır. Serebral  patologiya  mövcud  olduqda, patoloji  fenomenlər, xüsusilə  də epileptoform  fəallıq  meydana  çıxır  ki, bu da hiperventilyasiyanı  elektroensefaloqrafiyada ən  effektiv funksional sınaqlardan biri  edir.

Şəkil 2. Generalizə olunmuş epilepsiya tutmasının  EEQ  şəkli. Tutmalararası  dövr.

 

EEQ-də  patologiyanın  təzahürünün ən  etibarlı  göstəriciləri,  ləng  θ- və  δ- dalğaları  və  epiletiform fəallıq  adlanan  haldır. Patologiyanın təzahürü  kimi ləng dalğalar 50 mkV  amplitudundan artıq olmalı  və  EEQ-də  bu  yaş  qrupu  üçün  yol  verilən  miqdardan artıq  dərəcədə  qeyd  edilməlidir.

Şəkil 3.  9 yaşlı  uşaqda absansın  EEQ  şəkli (tutmanın  başlanğıcı).

 

Epileptiform fəallığa aid  olan  fenomenlərin nəticəsində  meydana  çıxan aşağıda sadalanan itiləşmiş formalı  və  müvafiq  adlar daşıyan  potensiallar qeyd edilir:

  • Spayk (ingiliscə “spike” – iti tərəf deməkdir) potensialı – iti formaya EEQ-nin standart  yazılma  rejimlərində  onun  davametmə  müddəti  20-70  ms-dir  ki,  bu  da 14-50  Hz  tezliyinə  müvafiqdir. Onun  amplitudu, bir qayda olaraq, fon  fəallığının amplitudunu  üstələyir  və  yüzlərlə,  hətta  minlərlə  mikrovolta  çata  bilər.
  • İti dalğa –  spaykdan,  yalnız  daha  uzun  müddət  davam  etməsi  ilə fərqlə İti  dalğanın davametmə  müddəti  70-200  ms,  ona  müvafiq  olaraq  tezliyi  isə 5-14  Hz-dir.
  • İti dalğalar və  spayklar  ləng  dalğalarla birləşərək, stereotip komplekslər  əmələ gə Spayk-dalğa  kompleksi, spaykın  ləng  dalğa  ilə  kombinasiyasından əmələ gəlir. Spayk-dalğa  komplekslərinin tezliyi  saniyədə 2,5-6  Hz,  buna  müvafiq olan davametmə  müddəti  160-250  ms  təşkil  edir.
  • İti dalğa-ləng  dalğa –  forma  etibarilə spayk-dalğa  kompleksini  xatırladır, lakin  daha uzun  müddətə  malik  olur  və  iti  dalğa  ilə  onun  ardınca  gələn  ləng  dalğadan  əmələ  gə Kəskin  dalğa-ləng  dalğa  komplekslərinin  tezliyi,  adətən,  0,7-2  Hz, davametmə  müddəti  isə  1300-500  ms  olur.

 

EEQ-nin təsvir  və  şərh  edilməsində, həmçinin  bəzi  əlavə  terminlərdən də  istifadə olunur. Parıltı – təsviredici  termin olub, qəflətən  yaranması  və  itməsi  ilə  seçilən, fon fəallığından tezliyi, forması  və (və ya) amplitudu  ilə  aydın  şəkildə  seçilən  dalğalar qrupunu nəzərdə  tutur. “Parıltı”  anlayışı,  ümumi  halda  patologiyanı  göstərmir. Lakin  yüksək amplitudlu  ləng  fəallığın  kəskin  şəkildə  artması,  patoloji  prosesə  beynin  orta strukturlarının  qoşulmasına  işarə  edir. Epileptiform fəallığın  kəskin  şəkildə  artması,  boşalma  adlanır  və  epilepsiyanın dəqiq  əlaməti  hesab edilir. Epilepsiyalı  xəstələrin  EEQ-nin təsviri  zamanı,  həmçinin  “epileptik tutma patterni”  terminindən də  istifadə olunur.  Bu terminlə, adətən  epileptik tutma  ilə  üst-üstə  düşən  epileptiform fəallığın boşalmasını  qeyd edirlər.  Bu  cür fəallığın  ən  çox  xarakterik  tipləri  sadə, atipik  və  mioklonik  absanslara uyğun  gəlir.  EEQ  zamanı  rast  gəlinən  əlamətlərdən  biri  də  periodik  komplekslərdir  ki, onlar  da  həmişə  adətən  huşun  ağır  pozulması,  bəzən  isə  miokloniyalarla  birgə  rast gəlinən  ağır,  çox  vaxt  ölümcül  üzvi  ensefalopatiyanın əlaməti  olur.

Şəkil 4. Elektroensefaloqrafiyada əsas fəallıq növləri (N.N. Yaxno, D.R. Ştulman və əməkdaşları):

1.α-fəallıq;     2. β-fəallıq;   3.  θ-fəallıq;    4. δ-fəallıq;    5. çoxsaylı  spayklar;

  1. iti dalğalar; 7. spayk-dalğa kompleksləri;    8. iti dalğa-ləng dalğa kompleksləri.

 

     EEQ  müayinəsinin növləri:

Yuxunun deprivasiyası (məhrumiyyəti)  ilə EEQ.  Patoloji dəyişikliklərin daha dəqiq aşkarlanması üçün qısa müddətli yuxu  məhrumiyyətindən (24 saata qədər) sonra həyata keçirilir. Müayinə  zamanı  müxtəlif  provakasion  yükləmələr tətbiq olunur: foto-  və fonostimulyasiya, hiperventilyasiya; yuxudan  məhrumetmə (deprivasiya), yuxu (fizioloji).

EEQ  videomonitorinqi – elə  bir  müayinə  növüdür  ki, onun  gedişi  boyu elektroensefaloqrammanın və  xəstənin  hərəki  və  davranış  fəaliyyəti  ilə  bağlı  videoməlumatların  uzunmüddətli  sinxron  qeydiyyatı  aparılır. Bu  müayinə  üsulu,  nevrologiyada müxtəlif  paroksizmal  halların  və  pozuntuların, ilk  növbədə  epilepsiyanın diaqnostikası  və diferensial diaqnostikasında, epileptik olmayan  paroksizmlərdə (huşitirmə  halları, panik hücumlar, görmə  və  eşitmə  hallüsinasiyaları, hiperkinezlər  və  s.),  yuxuda  baş  verən  halların (lunatizm,  yuxuda  danışmaq  və  s.) diaqnostikasında böyük  əhəmiyyət  kəsb  edir.

 

Müayinənin aparılma qaydaları

EEQ – beyin  maddəsinin  funksional  vəziyyətini  öyrənmək  üçün  obyektiv  bir metoddur. Bu üsulun üstün cəhətləri,  onun  zərərsiz  və  ağrısız  olmasıdır. Elektroensefaloqrafiyanı (EEQ) qeydə  almaq üçün qabaqcadan heç  bir hazırlıq tələb olunmur.

Baş beyni, hər  biri  öz  elektrik  impulsunu  meydana  gətirən  çoxlu  sayda  neyronlardan ibarətdir. Bütün  siqnallar, beynin  kiçik  sahələrinin sərhədlərində  uzlaşdırılmış  olmalıdır. Bu mikrocərəyanların  gücü  və  amplitudası  sabit  deyil  və  dəyişkəndir.

Beynin  bu  bioelektrik aktivliyini, başın  zədələnməmiş  dərisininin  üzərinə qoyulan xüsusi  metal  elektrodların  köməyi  ilə  qeydə  almaq  mümkündür.  Onlar,  beynin  titrəyişlərini tutur,  onları  gücləndirir  və  kağız  üzərində  qeyd  edir  və  ya  dalğalar şəklində monitorda  əks etdirir.  Əldə  olunmuş  təsvir,  beynin  fəaliyyətinin  real  vaxt  rejimində  qrafiki  görünüşüdür.

Xəstə  işıqdan  və  səsdən  təcrid  olunmuş  xüsusi  bir  otağa  keçir,  onun başına elektrodları  olan  xüsusi bir  papaq  qoyulur, o,  rahat  bir  kürsüdə  oturur  və  ya taxtın üzərində  uzanır. Diaqnostika  üçün  adətən,  müxtəlif  sınaqlardan  istifadə  olunur:

  • parlaq işıq  işartısının köməyilə (fotostimulyasiya);
  • işığı monoton şəkildə  yandırıb-söndürməklə;
  • hiperventilyasiya ilə (dərin  tənəffüs);
  • yüksək səslə (audiostimulyasiya);
  • yuxuda olarkən – müstəqil  və  ya  sedativ  preparatların  köməyilə.

Gündüz  vaxtı  prosedur 30  dəqiqədən  2 saata qədər  davam edir. Müayinə  bitdikdən sonra  xəstə  öz  adi  məşğuliyyətinə  qayıda bilər.

 

     Müayinəyə  hazırlıq

Tədqiqatın rəvan getməsi və nəticənin mümkün qədər məlumatlı olması üçün xəstə EEQ-dən əvvəl bir neçə sadə tövsiyəyə əməl etməlidir.

  • İlk növbədə, həkimə xəstənin məhz bu dövr ərzində mütəmadi olaraq qəbul etdiyi və ya qəbul etdiyi dərmanlar barədə məlumat vermək lazımdır. Onlardan bəziləri (xüsusən də trankvilizatorlar, antikonvulsantlar) beyin fəaliyyətinə təsir göstərə və bununla da nəticələri təhrif edə bilər. Buna görə də həkim, ehtimal ki, xəstəyə müayinədən 3-4 gün əvvəl onların qəbulunu dayandırmağı təklif edəcəkdir.
  • Müayinənin keçirilməsindən 12  saat  əvvəl tərkibində  kofein  və  ya  oyandırıcı  maddələr olan  məhsulların (qəhvə, şokolad, çay, kola, energetik içkilər) qəbulu  dayandırılmalıdır.
  • Müayinədən əvvəl  başı  yumaq  lazımdır. Saçlara  heç  bir  vasitə (laklar, kondisionerlər, maskalar, yağlar) çəkilməməlidir, çünki  bu,  elektrodların  başın dərisi  ilə təmasının zəiflədilməsinə  səbəb
  • Müayinədən bir neçə saat əvvəl yemək vacibdir. Qida qəbulunun olmaması hipoqlikemiyaya (qanda şəkərin səviyyəsinin aşağı düşməsinə) səbəb olacaq və bu da EEQ-yə təsir edəcəkdir.
  • Müayinə zamanı əsəbi olmaq lazım deyil, xəstə mümkün qədər sakit olmalıdır.
  • Xəstəyə yuxu EEQ  müayinəsi təyin edilibsə, tədqiqat ərəfəsində o, gecəni yuxusuz  keçirməlidir. Bu vəziyyətdə,  xəstə  sükan arxasında  tibb  müəssisəsinə gəlməməlidir. EEQ-dən dərhal əvvəl, elektroansefaloqram çəkərkən xəstə, yuxuya getməsinə kömək edən sedativ dərman preparatı  qəbul edir. Yuxu  EEQ-si, adətən epilepsiya xəstələri üçün lazımdır.

 

Elektroensefaloqrafiyanın diaqnostikada istifadəsinin ümumi prinsipləri   

EEQ,  neyronların funksional fəallığının dəyişilməsini əks  etdirdiyindən, onun  şəkli  bu dəyişikliyə  səbəb olan  xəstəliyin  etiologiyasından daha  çox,  patoloji  prosesə cəlb  olunmuş beyin  strukturlarının oyanma  və  tormozlanma  proseslərinin qarşılıqlı  fəaliyyətinin  yenidən qurulmasından asılı olur.

Elektroensefaloqrafiyanın cavab  verə  biləcəyi  əsas  suallar aşağıdakılardır:

  • beynin zədələnməsinin  mövcudluğunun  təsdiqi;
  • beynin vəziyyətinin  dinamikası;
  • fəallığın patoloji  dəyişikliklərinin  xüsusiyyəti (əsas  etibarilə, epileptiform təzahürlər);
  • zədələnmənin lokalizasiyası.

Zədələnmənin  mövcudluğunun  müəyyən  edilməsi,  EEQ-də  aşkar  patoloji  fəallığın qeyd edilməsinə əsaslanır. EEQ-nin  ekspertizada  və  professional seçimdə  istifadə olunması, əsas etibarilə  məhz  bunun  üzərində  qurulmuşdur. Qeyd  etmək  lazımdır  ki,  EEQ-də  patoloji dəyişikliklərin  olmaması, hələ  beynin  zədələnməməsinə  dəlalət  etmir  və  beynin  bir  çox,  o  cümlədən  üzvi  patoloji  halları  və  ya  prosesləri,  EEQ-də  patoloji  dalğalarla  təzahür etməyə  bilər. Rezidual  pozuntular  zamanı, əhəmiyyətli  kliniki  çatışmazlığa  baxmayaraq, EEQ-də  dəyişikliklər  olmaya  bilər.

Patoloji  prosesin  EEQ-nin  məlumatlarına  əsasən  müşahidə olunması, təkrari  müayinələrə əsaslanır. Aydındır  ki,  EEQ-də  patoloji  fəallığın  miqdarının  və  amplitudasının artması, prosesin  ağırlaşmasından  xəbər  verir. Bu  cür  müşahidə, epilepsiyada xüsusi  əhəmiyyətə malikdir, çünki  məhz  EEQ-nin  dinamikasının  dəyişillməsi, bəzi  hallarda müalicənin effektivliyinin  və  xəstənin  vəziyyətinin  yaxşılaşması  halında dozanın dəyişdirilməsinin  və     ya  preparatın  qəbulunun  dayandırılması məsələsinin həllində əsas meyar  rolunu oynayır.

EEQ-nin diaqnostikada istifadəsinin əsas aspektlərindən biri, patoloji  prosesin lokalizasiyasının müəyyən  edilməsidir.

İltihabi  xəstəliyin, dissirkulyator, metabolik, toksiki  pozuntuların səbəb olduğu  beynin diffuz  dəyişiklikləri,  müvafiq  olaraq,  EEQ-nin diffuz  dəyişikliklərinə  gətirib  çıxarır. Onlar aşağıdakı  əlamətlərlə  təzahür  edir:

  • poliritmiya;
  • dezorqanizasiya;
  • diffuz patoloji fəallıq.

Poliritmiya – əksər  normal  EEQ  təsvirləri  üçün  xarakterik olan sabit dominant ritmin olmaması  və  polimorf  fəallığın üstünlük təşkil  etməsidir. Dezorqanizasiya – EEQ-nin normal təşkilinin olmamasıdır: əsas  normal  ritmlərin amplitudasının xarakterik qradiyentinin itməsi, baş  beynin yarımkürələrinin  fəallığının simmetrikliyinin pozulması, afferent  stimullara normal reaksiyaların pozulmasıdır. Öz-özlüyündə  poliritmiya və  dezorqanizasiya,  EEQ-də  patoloji fəallıq  olmadıqda  beynin  patologiyasının olmasına dəlalət  etmir. Diffuz  patoloji  fəallıq,  θ-,  δ-fəallıqla, iti  dalğalarla, spayklarla  və  epileptiform fəallığın digər  növləri  ilə  təmsil olunmuşdur. Poliritmiyanın  xarakterik  şəkli,  məhz  müxtəlif  növ  normal  və  patoloji  fəallığın təsadüfi  kombinasiyasının hesabına  yaranır. Diffuz  dəyişikliklərin əsas  əlaməti,  EEQ-də  onun daimi  lokalizasiyasının və  fəallığın sabit asimmetriyasının olmamasıdır.

Yuxarı  qalxan qeyri-spesifik proyeksiyaları  patoloji  prosesə  cəlb  edən  beyin kötüyünün və  baş  beynin  orta strukturlarının  zədələnməsi,  ləng  dalğaların  bilateral-sinxron parıltıları ilə  müşayiət  olunur. Bu  zaman  ləng  patoloji  bilateral-sinxron fəallığının  yaranması  və  hansı  dərəcədə  təzahüretmə  ehtimalı, zədələnmənin  sinir  oxu  boyunca  hansı  hündürlükdə yerləşməsindən düz  mütənasib  şəkildə  asılı  olur. Məsələn, bulbopontin  strukturların  hətta kobud  pozulmalarında  belə  EEQ  əksər  hallarda  norma  çərçivəsində  olur. Bəzi  hallarda qeyri-spesifik sinxronlaşdırılan retikulyar formasiyanın zədələnməsi  səbəbindən desinxronizasiya və ona  müvafiq olan aşağı  amplitudlu  EEQ  meydana çıxır. Bu  cür  EEQ-nin, sağlam şəxslərin  5-15%-də  müşahidə olunmasını  nəzərə alsaq, onları  yalnız  şərti  patoloji kimi  qiymətləndirmək  lazımdır. Aşağı  kötük  səviyyəsinin zədələnməsi  olan  xəstələrin  çox  az  bir  hissəsində  bilateral-sinxron yüksək  amplitudlu α-dalğaların  və  ləng  dalğaların parıltısı  müşahidə olunur. Mezensefal və  diensefal səviyyələrdə,  həmçinin baş  beynin orta strukturlarının daha  yüksəkdə  yerləşən  orta  strukturlarının: qurşaq qırışığı, döyənək  cisim, orbital  qabığın  zədələnmələri  zamanı,  EEQ-də  bilateral-sinxron  yüksək  amplitudlu θ-  və   δ-dalğalar  müşahidə olunur.

Baş  beynin  yarımkürələrinin  dərinliyindəki  lateralizasiya  olunmuş  zədələnmələrdə, dərin  strukturların  yarımkürələrin  geniş  sahələrinə  enli  proyeksiyası  hesabına, müvafiq olaraq  yarımkürə  boyu  geniş  yayılmış  patoloji   θ-  və  δ-fəallıq  müşahidə  olunur. Bundan əlavə,  medial patoloji  prosesin  orta  strukturlara  bilavasitə  təsiri  və  sağlam  yarımkürənin simmetrik  strukturlarının  prosesə cəlb  olunması  səbəbindən, bilateral-sinxron ləng vibrasiyalar  da  meydana  gəlir  ki, onlar da amplituduna  görə  zədələnmiş  tərəfdə  üstünlüyə malik  olur.

Zədələnmənin  səthi  yerləşməsi,  bilavasitə  beyin  toxumasının destruksiyası  fokusuna bitişən  neyronlar  zonası  ilə  məhdudlaşan  elektrik fəallığının  yerli dəyişikliklərinə  səbəb olur. Dəyişikliklər, ifadəlilik dərəcəsi  zədələnmənin  ağırlığından asılı  olan  ləng  fəallıqla təzahür  edir. Zədələnmənin  istənilən  lokalizasiyasında, epileptik oyanıqlıq, ləng  dalğalardan başqa, epileptiform fəallıqla da  təzahür  edəcəkdir.

Qeyd  etmək  lazımdır  ki, son  onilliklərdə  neyrovizualizasiya  metodları (KT  və  MRT) beynin struktur  zədələnmələrinin  diaqnostikasında və  onların  dəqiq  lokalizasiyasının müəyyən  edilməsində  həlledici  rol  oynayır. Bununla  əlaqədar, neyronların  fəaliyyətinin pozulmasının diaqnostikasında (ilk  növbədə  bu, epilepsiyanın diaqnostikasına aiddir) EEQ-nin xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  artmışdır.

Artıq  qeyd  edildyi  kimi, EEQ-də  epilepsiyaya müəyyən  fəallıq  növləri  müvafiqdir;  ilk növbədə  bunlara  epileptiform fəallıq  aiddir. Bundan  başqa,  α- və  θ-fəallığın  yüksək amplitudlu (100-150 mkV-dan çox) parıltıları  müşahidə  edilə  bilər. Qeyd  etmək  lazımdır ki, kliniki  təzahürlərlə  bilavasitə  bağlı  olmayan  bu  fəallıq  növləri,  epilepsiyanın  varlığına  sübut  hesab  edilə  bilməz  və  yalnız  klinik  şəklin  kontekstində  qiymətləndirilməlidir. Bununla  əlaqədar  epilepsiyanın  etibarlı  əlamətləri  kimi,  epileptiform fəallığın  boşalmalarını və epileptik tutmanın  patternlərini  hesab etmək lazımdır.

Epilepsiyanın diaqnostikasından başqa, EEQ,  epileptik xəstəliyin formasının müəyyən edilməsində də  vacib  rol  oynayır  ki,  bu  da  proqnozun  təhmin edilməsində, optimal preparatın  seçimində  və  nəzərdə  tutulan müalicə  müddətinin  müəyyənləşdirilməsində həlledici  əhəmiyyətə  malikdir. Bir  çox  idiopatik  epilepsiyalar nisbətən  xoş  proqnoza malikdir,  buna  görə  də  EEQ-nin meyarlarının  nəzərə  alınması, onların  diaqnostikasında əhəmiyyətli  rol oynayır. Uşaq  və  yeniyetmə  yaşlarının  xoşxassəli  epilepsiyaları  üçün, nisbətən  normal  fonda  lokal  və  ya  generalizə  olunmuş  epileptiform fenomenlərin  meydana  çıxması  xasdır. Simptomatik  epilepsiyalar  və  sindromlar  üçün,  epileptiform təzahürlərlə  kombinasiya  olunan  lokal  və  ya  diffuz  patoloji  ləng  fəallığın  mövcudluğu xarakterikdir.  Bu,  xüsusilə  Uest  və  ya  Lennoks-Qasto  sindromları  kimi  uşaq  yaşlarının ağır epileptik  ensefalopatiyaları  üçün  xüsusilə  xarakterikdir. Hər  iki  sindrom  üçün,  iti  dalğalarla, spayklarla,  yüksək  amplitudlu  spayk-dalğa  ilə  birləşən  daimi  çox  yüksək  amplitudlu generalizə  olunmuş  ləng  fəallıq  xasdır  ki,  bu  səbəbdən  də  Uest  sindromu  zamanı  belə  bir  EEQ  şəkli  “hipsaritmiya” (“yüksək  amplitudlu  ritm”) adını  almışdır (L.R. Zenkov, 1996).

EEQ  müayinəsində  kompüter  metodlarının tətbiq  olunması, klinik  diaqnostika  üçün  bəzi əlavə  imkanlar açır. Klinikada  tətbiq  olunan  əsas  metodlar: Furyenin  cəld  dəyişilmə alqoritminə  əsaslanan  spektral  analiz (nəticələrin  xəritələşdirilməsi  və  ya  onların  beynin müəyyən  şöbələri  üçün  ardıcıl  spektr  şəklində  təmsil  olunması  ilə  birlikdə), bir  anlıq amplitudların  xəritələşdirilməsi, spaykların  xəritələşdirilməsi  və  digərləridir.

Qeyd  etmək  lazımdır  ki,  elektroensefaloqrafik göstəricilərin paylanması  xəritələrini,  KT  və  ya  MRT  müayinələrinin  görüntüləmə  məlumatları  ilə  qarışdırmaq  lazım deyil. Sonuncular,  beyində  strukturların  real  fəza  nisbətini  və  onun  morfoloji  dəyişikliklərini  əks etdirir.  EEQ-nin  kompüter  xəritələri  isə  yalnız  elektrik  sahələrinin  başın abstraktlaşdırılmış modellərində  yerləşdirilməsini  əks  etdirir  ki,  onlar  da  ümumilikdə  zədələnmənin  real yerləşməsinə  uyğun  gəlmir  və  elektroensefaloqrafistdən onların  dərin  analizini tələb  edir.

Elektroensefaloqrafiya  və  kliniki  neyrofiziologiya  cəmiyyətlərinin  Beynəlxalq Federasiyasının tövsiyələrinə  əsasən,  lazım olan  bütün diaqnostik  məlumat, yazılı  nəticədə  elektroensefaloqrafist  tərəfindən  klinisist  üçün  aydın  bir  dildə, kifayət  qədər  təfərrüatlı şəkildə  göstərilməlidir.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/09/06/epilepsiya/

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 26.11.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq