Fəqərəarası diskin yırtığı
Fəqərəarası diskin quruluşu
Fəqərəarası disk, iki qonşu fəqərə arasında yerləşən yastı formalı qığırdaqdan ibarətdır. Fəqərəarası disk dayaq və amortizasiya funksiyalarıını daşıyır, onurğa sütununun müəyyən hərəkətliliyini təmin edir. Diskin xarici tərəfini kollagen liflərin kəsişməsindən ibarət olan fibroz həlqə təşkil edir.
Fibroz həlqənin içərisində qığırdaq hüceyrələrindən, az miqdarda kollagen liflərindən və daxilində rütubəti saxlaya bilən çox miqdarda hüceyrəarası maddədən ibarət olan pulpoz nüvə yerləşir. Çoxsaylı klinik araşdırmalar göstərir ki, diskin nüvəsi və onu əhatə edən toxumalar arasında daimi və aktiv maye mübadiləsi mövcuddur.
Fəqərəarası diskin distrofik dəyişikliklərinin növləri
Fəqərəarası diskin yırtığı patoloji hal olub, zədələnmiş və dəyişikliyə uğramış pulpoz nüvənin bir hissəsinin fibroz həlqənin yarığından kənara çıxaraq onun cırılmasına və ya normal fizioloji hüdudlarından kənara çıxmasına səbəb olur, onurğa kanalının boşluğuna düşür və ya fəqərənin cisminə nüfuz edir. Əgər fibroz halqanın tamlığı pozulmayıbsa, onun dəyişikliyə məruz qalmış pulpoz nüvənin parçalarının təsiri nəticəsində qabarması diskin protruziyası kimi qiymətləndirilir. Tez-tez “protruziya” termini yırtığın ölçüsünü göstərmək üçün istifadə olunur ki, bu da vəziyyətin yanlış təfsirinə gətirib çıxarır.
Qeyd etmək lazimdir ki, fəqərəarası diskin bədən ağırlığının təsiri altında baş verən və bir qayda olaraq, ölçüsü 3 mm-dən yuxarı olmayan fizioloji qabarması mövcuddur. Lakin əgər diskin qabarması daha böyükdürsə, onurğa kanalının daralmasına gətirib çıxarırsa və fəqərə sütunu hərəkət edərkən ölçüsünü dəyişmirsə – bu artıq patoloji bir protruziya hesab olunur. Fəqərəarası diskin protruziyası onurğa kanalının diametrinin ¼-ni keçdiyi və ya onurğa kanalının en kəsiyinin kritik səviyyəyə – 10 mm-dək daralmasına səbəb olduğu hallarda kliniki nöqteyi-nəzərincə əhəmiyyətli hesab edilir. XBT-10 üzrə xəstəliyin kodu M51.2-dir.
Beləliklə, “disk yırtığı” diaqnozu pulpoz nüvənin parçalarının fibroz həlqənin tamlığını pozaraq onun hüdudlarından kənara çıxması və ya fəqərə cisminin daxilinə nüfuz etməsi vəziyyətinə şamil edilir.
Fəqərəarası diskin yırtığı hər 100 min nəfərdən 100-də rast gəlinir. Bu xəstəlik ən çox 30-50 yaşlı insanlarda baş verir.
Yırtığın sekvestrinin düşməsi istiqamətinə əsasən ayırd edilir:
- Ön-yan yırtıqlar: onlar onurğanın ön uzun bağına nüfuz edir, hərəki və hissi pozuntulara səbəb olmur. Simpatik paravertebral zəncirinin prosesə cəlb olunması zamanı simpatalgik sindrom törədə bilə
- Arxa-yan yırtıqlar: məhz onlar onurğa kanalının daxili üçün təhlükə yaradır və ciddi nevroloji pozuntulara səbəb olur.
Orta xəttə münasibətinə görə ayırd edilir:
- median yırtıqlar: tez-tez böyük ölçülü olur, bəzən subaraxnoidal boşluğa nüfuz edə bilər, bu zaman sekvestrin bir hissəsi onurğa beyni məkanı boyunca hərəkət edə bilə Bu yırtıqlar, boyun və döş şöbələrində onurğa beynini, bel səviyyəsində isə at quyruğunu sıxaraq parezlərə və kiçik çanaq üzvlərinin funksiyalarının pozulmasına səbəb olur. Tez-tez bu yırtıqlar xroniki ağrı prosesinə səbəb olur.
- paramedian yırtıqlar: onlar xüsusilə 2 aşağı bel diskləri səviyyəsində onurğa beyni kökcüklərinin zədələnməsi nəticəsində radikulyar sindroma səbəb olur.
- lateral yırtıqlar: fəqərəarası dəliklərdə yerləşir və orada olan sinir kökcüklərinin sıxılmasına səbəb olur. Bəzən onlar onurğa beyninin infarktına səbəb ola bilən ön köcük arteriyasını sıxa bilir.
- Şmorl yırtıqları (fəqərə cisimlərinin yırtıqları): daha çox gənc yaşlarda rast gə Bu yırtıqların tək-tək rast gəlinən formaları osteoxondrozun və ya travmanın olmasından xəbər verir. Çox hallarda onlar simptomsuz keçir və rentgenoloji müayinələr zamanı təsadüfən aşkar edilir. Şmorl yırtığı (Şmorl düyünü) rentgenoloji termin olub, ilk dəfə 1927-ci ildə alman alimi və həkimi Xristian Şmorl tərəfindən təsvir edilmişdir. Şmorl yırtığı fəqərəarası diskin daha çox məşhur olan onurğa beyin kanalına və ya sinir dəliklərinə nüfuz edən üfüqi yırtıqlarından fərqli olaraq, qapayıcı lövhəciyin qığırdaq toxumasının sümüyün süngər maddəsinə, yuxarı və ya aşağı fəqərə cisminin daxilinə nüfuz etməsidir. Ən çox irsi xarakter daşıyır və ya uşağın sürətli böyüməsi zamanı uşaqlıq dövründə təzahür edir. Uşağın boyu artdıqca, yumşaq toxumalar da böyüməyə imkan tapır, lakin sümük toxumasının inkişafı bir qədər geri qalır. Nəticədə fəqərə cisminin süngər maddəsində boşluqlar yaranır ki, vaxt keçdikcə buraya qığırdaq toxuması daxil olur. Şmorl yırtıqları daha çox fəqərə sütununun döş və bel şöbələrində (kürəyin orta və ya aşağı hissəsində) rast gəlinir.
Kliniki praktikada fəqərəarası disk yırtıqlarının aşağıdakı inkişaf mərhələləri qeyd olunur:
- Cüzi qabarma – degenerativ dəyişikliklərin inkişafı ilə xarakterizə olunur. Fəqərəarası diskin qabarmasının ölçüsü 2-3 mm olur.
- Protruziya – pulpoz nüvənin fibroz halqanın sərhəddindən kənara çıxması baş vermədən fəqərəarası diskin 4-5 mm-dən 15 mm-ə qədər qabarması.
- Ekstruziya – degenerativ dəyişkən pulpoz nüvə fibroz halqanın sərhəddindən kənara çıxır, çox vaxt disk fraqmentinin damla şəklində sallanması müşahidə olunur.
- Sekvestrasiya – pulpoz nüvənin maddəsinin onurğa kanalına düşməsidir.
Daha çox bel şöbəsində disk yırtığına rast gəlinir (80%), döş şöbəsində yırtıqların ən az hissəsi (təxminən 1%) rast gəlinir. Boyun şöbəsinin disk yırtıqları 19% hallarda rast gəlinir.
Fəqərəarası disk yirtıqlarının səbəbləri
Fəqərəarası disk yırtıqları onurğanın osteoxondrozunun ən geniş yayılmış ağırlaşmalarından hesab olunur. Onun yaranmasına səbəb olan amillər aşağıdakılardır:
- qamətin düzgün olmaması (skolioz, kifoskolioz), yaxşı inkişaf etməmiş əzələ korseti, patoloji hərəki və mövqe (pozisiyon) stereotipləri;
- hipodinamik həyat tərzi, uzun müddət eyni vəziyyətdə qalma, statik yüklər;
- idmanın güc və kontakt növləri, ağırlıqların düzgün qaldırılmaması;
- travmalar;
- sümük, qığırdaq, birləşdirici toxumaların, onurğa sütununun anadangəlmə inkişaf anomaliyaları;
- yaş dəyişiklikləri, osteoporoz.
Simptomlar
Bütün simptomları 2 qrupa bölmək olar: qıcıqlanma və zədələnmə simptomları.
Onurğa beyninin və sinir kökcüklərinin qıcıqlanması zamanı müxtəlif şiddət dərəcəli, lokal və ya qıcıqlanmış kökcüyün gedişi boyu yayılmış ağrı sindromu inkişaf edir. Tez-tez paresteziya, ətraflarda uyuşma hissləri kimi hissiyyat pozuntuları yaranmış olur. Bu zaman dərin və vibrasiya hissiyyatı zəifləyir, vətər refleksləri güclənə bilir.
Sinir sisteminin strukturlarının üzvi zədələnmələri zamanı funksiyaların itməsi əlamətləri: taktil və ağrı hissiyyatının anesteziyaya qədər azalması, zədələnmiş kökcüklərin innervasiya etdiyi əzələlərin atrofiyaları və gücünün azalması, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması, xroniki ağrı sindromu meydana çıxır. Nevroloji müayinə zamanı vətər reflekslərinin azalması və ya tamamilə itməsi, patoloji reflekslərin meydana gəlməsi qeyd olunur.
Boyun şöbəsində fəqərəarası disk yırtığının simptomları
Boyun şöbəsinin disk yırtığı üçün xarakterik olan simptomlardan biri də boyun sinirinin sıxılması nəticəsində yaranan əldə ağrının olmasıdır. Ağrı gözlənilməz xarakter daşıyır. Ağrı çiyindən biləyədək yayılmış olur. Bəzən keylik və “iynə batması” hissləri də qeyd edilir. Boyun nahiyəsində fəqərəarası diskin yırtıqları ən çox C5-C6 / C6-C7 nahiyələrdə qeyd edilir. C4-C6 nahiyələrində disk yırtıqları daha az, C7-T1 nahiyələrində isə ən nadir hallarda rast gəlinir. Boyun şöbəsinin fəqərəarası disk yırtıqlarının xarakterik cəhəti, onların kiçik ölçülü olması və onurğa beyni sinirlərinə yaxın yerləşmələridir ki, bu səbəbdən də hətta kiçik ölçülü qabarma zamanı belə sinirin sıxılması və ağrının meydana gəlməsi ehtimalı yaranır.
C4-C5 səviyyəsində, sinir kökcüyünün 5-ci disk yaxınlığında yerləşdiyi nahiyədə yuxarı qol nahiyəsində yerləşən deltavari əzələdə zəiflik qeyd edilir. Həmçinin, xəstə çiyin nahiyəsində lokalizasiyalaşmış güclü ağrı hissiyyatı ilə üzləşir.
Disk yırtığı C5-C6 səviyyəsində, sinir kökcüyünün 6-cı disk səviyyəsində yerləşdiyinə görə, baş verdikdə xəstədə bazunun ikibaşlı əzələsinin, həmçinin bilək əzələlərinin zəifliyi qeyd edilir. Xəstədə ağrı, keylik və “iynə batması” hissiyyatı kimi simptomların baş barmaq istiqamətində yayılması qeyd edilir.
C6-C7 səviyyəsində, sinir kökcüyünün 7-ci disk nahiyəsində yerləşdiyindən yırtıq olduğu zaman xəstələr bazunun üçbaşlı əzələsində zəiflik hiss edirlər ki, bu proses sonradan said nahiyəsinə də yayılır, əlavə olaraq barmaqların açıcı əzələlərinə də təsir göstərir. Yuxarıda təsvir edilən hissiyyat pozuntuları orta barmağa da yayılmış olur.
C7-T1 səviyyəsində, sinir kökcüyünün 8-ci diskin yaxınlığında yerləşməsinə görə, yırtıq olan zaman xəstə əlini sıxdıqda zəiflik yaranır. Xəstə yuxarıda qeyd edilən hissiyyat pozuntularının olmasını qeyd edir və bu təzahürlərin bazudan əlin çeçələ barmağnadək yayıldığını bildirir.
Boyun şöbəsində olan fəqərəarası disk yırtıqlarının digər simptomlarına başgicəllənməsi, arterial təzyiqin yüksəlməsi, baş ağrılarının başgicəllənməsi və arterial təzyiqin yüksəlməsi ilə birgə rast gəlinməsini aid etmək olar.
Döş şöbəsində fəqərəarası disk yırtığının simptomları
Bir qayda olaraq, döş şöbəsində baş verən fəqərəarası yırtıqlar kürəyin yuxarı nahiyəsində ağrı ilə müşayiət olunur, asqıraq və öskürək nəticəsində ağrıların güclənməsi qeyd edilir. Qeyd etmək lazımdır ki, yaranan ağrılar məhz fəqərəarası disk yırtığının nətisəndə yaranmaya da bilər, bu halda ağciyər, ürək, böyrək, mədə-bağırsaq sistemlərində yaranan pozuntular və dayaq-hərəkət sisteminin vəziyyətinə təsir edə biləcək digər xəstəlikləri fərqləndirmək lazımdır. Bu ağrılara səbəb ola biləcək oxşar simptomatikaya malik olan onurğanın çoxsaylı digər xəstəliklərini: şişlər, infeksiyalar, onurğanın osteoporoz mənşəli sınıqları, maddələr mübadiləsində baş verən müəyyən pozuntuları və s. də nəzərdən qaçırmaq olmaz. Fəqərəarası disk yırtığının onurğa beyninə təsiri nəticəsində mielopatiyanın (onurğa beyninin disfunksiyası) meydana çıxması mümkündür ki, bu da ciddi hissiyyat pozuntularının, hərəkətlər zamanı tarazlığın pozulmasının, aşağı ətraflarda əzələ zəifliyinin, sidik kisəsi və ya bağırsaq problemlərinin yaranmasına səbəb olur. Xəstəliyin bilavasitə simptomatikası yırtığın ölçülərindən və onun yerləşməsindən (lateral, mərkəzi və ya mərkəzi-lateral) asılı olaraq müəyyən edilir.
Mərkəzi yırtıq – ağrının meydana çıxması, bir qayda olaraq, onurğanın yuxarı nahiyəsində qeyd edilir və sonradan miyelopatiyaya gətirib çıxarır. Yırtığın ölçülərini və onun onurğa beyninə göstərdiyi təzyiqi nəzərə alaraq, xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilir. Döş şöbəsində onurğa beyni kiçik ölçülü azad məkanla əhatə olunmuşdur. Yaranmış yırtıq onurğa beyninə müəyyən bir təzyiq göstərməyə başlayır ki, bu da öz növbəsində, sinir uclarında qeyd edilən disfunksiyaya gətirib çıxarır. Bundan əlavə, bəzən belə yırtıqlar aşağı ətraflarda iflicin meydana gəlməsinə səbəb ola bilər.
Yan yırtıq – yırtığın sinir kökcüklərini sıxması döş qəfəsi və qarın boşluğu nahiyələrində yaranan şiddətli ağrı şəklində təzahür edir.
Mərkəzi-yan yırtıq – yırtığın bu cür yerləşməsi zamanı müxtəlif nahiyələrdə ağrı, keylik hissiyyatı və s. şəklində ən müxtəlif simptomların meydana çıxmasına səbəb olur.
Bel şöbəsində fəqərəarası diskin yırtığının simptomları
Bu şöbədə fəqərəarası disk yırtığının əsas simptomu onurğa, daha dəqiq desək bel qurşağı nahiyəsində lokallaşmış ağrının yaranmasıdır. Yırtığın ölçüləri böyük dərəcəyə çatana qədər və onurğa beyni sinirlərinin kökcüklərinə təzyiqi cüzi olduqca (bütün bunlar xəstəliyin ilkin mərhələsini xarakterizə edir) xəstə bel qurşağında küt və daimi olmayan ağrılar (həmçinin lümbaqo kimi tanınan) hiss edir. Uzunmüddətli qaçmaq, öskürək, oturmaq, ayaq üstə dayanmaq və asqırmaq ağrıların artmasına gətirib çıxarır (bu təzahür sabit olmur, ağrı sonradan yox olur). Xəstəliyin başlanmasından bir müddət sonra yırtığın ölçüsünün böyüməsi və ya onun fibroz həlqənin sərhəddini qəflətən keçməsi ağrının güclənməsinə və aşağı ətrafa: bud və ya sağrı nahiyəsinə yayılmasına gətirib çıxarır. Bu isə, öz növbəsində, radikulit olaraq qiymətləndirilir və onun gedişi işalgiya ilə: tez-tez təzahür edən güclənmiş ağrılarla müşayiət olunur. Əsasən, bu cür ağrılar bədənin mövqeyinin qəflətən dəyişməsi və ya ağır yük qaldırılması nəticəsində baş verir. Ağrı ilə yanaşı, tez-tez keyimə kimi bir əlamət də qeyd edilir. Bu əlamət, bir və ya hər iki ayağı əhatə edə bilər, bu zaman onun gedişi xarakterik zəiflik və “iynə batması” hissiyyatı ilə müşayiət olunur. Keyimənin yaranması, onurğa beyni sinirlərinin kökcüklərinin disk yırtığı tərəfindən sıxıldığını göstərir. Bel şöbəsində fəqərəarası disk yırtığı üçün xarakterik olan yuxarıda sadalanan simptomlarla yanaşı, xüsusilə də bel qurşağı nahiyəsində hərəkət məhdudluğu qeyd edilir. Bir qayda olaraq, şiddətli ağrı öz növbəsində kürək əzələlərində gərginlik yaradır və bu da ona gətirib çıxarır ki, xəstə sadəcə olaraq tam şəkildə onurğasını düzəldə bilmir. Nəticədə, yırtıq meydana gəldikdən müəyyən bir müddət sonra (6-12 ay ərzində), xəstədə qamətin pozulması (kifoz və ya skolioz) qeyd edilir.
Yuxarıda sadalanan simptomlarla yanaşı, bəzi hallarda, fəqərəarası disk yırtığının təsiri fonunda meydana gələn kiçik çanaq üzvlərinin funksiyalarının pozulması: sidik ifrazının və defekasiyanın pozulması, impotensiya kimi əlamətlər qeyd edilir.
Diaqnoz və diferensial diaqnostika
Dəqiq diaqnoz qoymaq üçün həkim ilk növbədə obyektiv müayinə keçirir və sonra əlavə diaqnostik üsulları təyin edir.
Onurğa sütununda ağrı olduğu zaman mütləq həkimə müraciət etmək lazimdir. Fəqərəarası disk yırtığından əlavə, bu nahiyədə ağrıların əmələ gəlməsinə səbəb olan bir çox digər etioloji amilləri də fərqləndirmək lazım gəlir.
Düzgün kliniki diaqnoz qoymaq üçün həkim müayinəsi çox vacibdir. Həkim xəstənin şikayətlərinə və anamnezinə çox diqqətlə yanaşmalıdır. Ağrının yayılma dərəcəsini, hərəki və hissi pozuntuların mövcudluğunu, ağrı hissiyyatının sutkanın hansı saatlarında ən yüksək həddə çatmasını, ağrının lokalizasiyası və xarakterini, hansı vəziyyətdə ağrının güclənməsini və ya zəifləməsini aydınlaşdırmaq lazimdir. Xəstəliyin başlanğıcını, səbəb ola biləcək amilləri, simptomların inkişaf dinamikasını tapmaq da eyni dərəcədə vacibdir. Xəstənin həyat tərzini, iş şəraitini də ətraflı şəkildə aydınlaşdırmaq lazimdir. Sonra reflekslərin, hissiyyatın, əzələlərin gücünün və tonusunun müayinəsi, dartılma simptomlarının və patoloji reflekslərin olub-olmamasını yoxlamaqdan ibarət olan nevroloji müayinə gəlir. Bundan sonra, onurğa sütununun biomexanik pozuntularını, trigger (tətik) nöqtələrini, əzələ tonusunun yenidən paylaşdırılmasını təyin etmək məqsədilə xəstənin palpasiyası icra edilməlidir. Belə bir araşdırmanı apararaq, şikayət və anamnezləri ətraflı şəkildə təhlil etdikdən sonra həkim ilkin diaqnoz qoya bilər.
Növbəti addım rentgenoqrafiyadır. Bu üsul yırtığın mövcudluğu, ölçüsü və yeri barədə dəqiq bir cavab vermir. Ancaq zədələnmiş seqmentə işarə edən rentgenoloji əlamətlər olur. Bu tədqiqat metodu daha çox araşdırıcı xarakter daşıyır, onun qiyməti bahalı deyil, amma rentgenoqrafiya gələcəkdə hansı tədqiqatlara ehtiyac olduğunu müəyyən etməyə imkan verir və diaqnozun erkən mərhələsində digər patologiyaların fərqləndirilməsinə kömək edir.
Bu mərhələdə, eyni zamanda revmotestlər də daxil olmaqla qanın klinik müayinəsini aparmaq məsləhətdir. Bu, iltihab və ya revmatoloji xəstəliklərin təsdiqinə və ya istisna edilməsinə kömək edəcəkdir.
Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiya (MRT) müayinələri yırtığın varlığının, ətraf strukturlara münasibətinin, protruziyanın ölçüsünün, pulpoz nüvənin vəziyyətinin ən dəqiq şəkildə görüntülənməsinə imkan verir. KT sümük strukturlarını daha aydın görməyə imkan verir, onurğa beyninin vəziyyətini isə o, daha pis əks etdirir. Lakin bu üsul MRT ilə müqayisədə daha ucuzdur. MRT müayinəsi KT-dən bahalı olmasına baxmayaraq, fəqərəarası disk yırtığı barəsində daha dəqiq məlumat əldə etməyə imkan verir və onurğa beyninin patoloji prosesə qoşulub-qoşulmamasını aydınlaşdırmağa yardım edir.
Fəqərəarası disk yırtıqlarını onurğanın və onurğa beyninin şişləri, digər etiologiyalı neyropatiyalar, tunel sindromları, osteoartritlər, sinovial sistlər və digər xəstəliklərlə diferensiasiya etmək lazım gəlir. KT və MRT müayinələri bu xəstəliyin diferensial diaqnostikasında xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Müalicə
Disk yırtıqları nəticəsində meydana gələn ağrı və nevroloji sindromların ilkin təzahürləri zamanı farmakoterapiyadan istifadə edilir. Bu məqsədlə analgetiklər, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar, vitamin terapiyası, xondroprotektorlar, miorelaksantlar, qan dövranını yaxşılaşdıran preparatlar istifadə edilir. Dərman müalicəsinin fizioterapiya ilə birgə tətbiqi yaxşı effekt verə bilər. Diadinamik cərəyanlar, maqnitoterapiya kimi üsullar özlərini çox yaxşı tərəfdən göstərmişdir. Elektroforez vasitəsilə zədələnmiş nahiyəyə müəyyən dərman preparatlarının yeridilməsi üsulu da çox effektiv hesab olunur.
Ağrı sindromunun şiddətinin azaldığı zaman manual terapevtin və masajistin köməyindən də istifadə etmək olar. Postizometrik relaksasiya, sualtı və quru dartma kimi üsullardan istifadə etmək də çox faydalıdır. Əlbəttə ki, düzgün qamətin və əzələ korsetinin formalaşması məqsədilə müalicəvi bədən tərbiyəsinin (MBT) tətbiq olunmasının da böyük əhəmiyyəti vardır. Akupunktur haqqında da unutmaq lazım deyil.
Fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsi üsulları da vardır. Bu cür əməliyyatlar üçün göstərişlər çox məhduddur: parezin artması, kiçik çanaq üzvlərinin funksiyalaranın pozulması, ağrı sindromunu aradan qaldırmağın mümkün olmaması. Bəzi həkimlər hesab edirlər ki, yırtığın sekvestrasiyası da cərrahi müdaxilə üçün göstəricidir. Cərrahiyyə müalicəsinin bir neçə üsulu vardır və hər bir xəstə üçün ayrı-ayrılıqda ən uyğun üsul seçilməlidir.
Adları çəkilən müalicə üsullarından hər biri həyat tərzində dəyişiklik, fiziki və statik fəaliyyətin doğru stereotiplərinin formalaşdırılması, özü üzərində işləməyi nəzərdə tutur. Bunlar olmadan aparılan müalicənin effekti olmayacaq və xəstəlik geri qayıda bilər.
Yuxarıda sadalanan müalicə üsullarının əksəriyyəti barəsində “Onurğanın osteoxondrozu” mövzusuna həsr edilmiş bölmədə geniş məlumat verilmişdir. Qeyd etmək lazımdır ki, fəqərəarası disk yırtığının müalicəsində tətbiq olunan dərman preparatlarının dozası və digər müalicə üsulları onurğanın osteoxondrozunun müalicəsində tətbiq olunan vasitələrlə demək olar ki, eynilik təşkil edir. Odur ki, yuxarıda deyilənləri nəzərə alaraq, bu bölmədə yalnız fəqərəarası disk yırtıqlarının müalicəsində dərman blokadalarının tətbiqindən və cərrahi müalicə üsullarından söhbət açılacaqdır.
Blokadaların fəqərəarası disk yırtıqlarının müalicəsində tətbiqi
Kökcük və digər etiologiyalı ağrıların müalicəsi çox çətin, lakin vacib vəzifələrdən biridir. Ağrı sindromunun aradan qaldırılması nə qədər effektiv olarsa, xəstədə müalicənin effektivliyi ilə bağlı bir o qədər böyük inam hissi yaranar.
Vertebrologiyanın müasir anlayışlarına görə, onurğada və ya ətraflarda olan kəskin ağrı tezliklə aradan qaldırılmalıdır. Ağrı amilinin xronikiləşməsi halında psixogen pozuntular inkişaf edə bilər ki, bu da klinik simptomlarla birləşdikdə, müalicə prosesini çətinləşdirir və bərpa proqnozunu pisləşdirir. Buna görə də blokada, palliativ olsa da, vertebral ağrının müalicəsinin ən qısa və ən təsirli üsuludur.
Blokada – ağrı refleksi qövsündə olan həlqələrdən birinin müvəqqəti olaraq aradan qaldırılmasıdır. Müalicəvi dəyərindən başqa, blokadaların diaqnostik əhəmiyyəti də vardır. Bəzən klinik simptomlar təkrarlana bildiyindən, obyektiv məlumatlar və klinik təzahürlər arasındakı əlaqələr aydın olmur ki, bu səbəbdən də həkim üçün dəqiq diaqnoz qoymaq çətinlik törədir. Belə bir hal ola bilər ki, nevroloji simptomlar onurğanın MRT və ya KT kimi dəqiq müayinə üsulları vasitəsilə öz təsdiqini tapmır. Digər hallarda isə əksinə, MRT və KT müayinələrinin göstəricilərinin klinik təsdiqi olmur. Belə vəziyyətlərdə selektiv blokadanın keçirilməsi ağrının səbəbini dəqiq bir şəkildə təyin etməkdə böyük köməklik göstərə bilir.
Ağrı xüsusi anatomik strukturların anesteziyası nəticəsində azalırsa, bu, onların ağrının mənbəyi olduğunu sübut edir. Selektiv inyeksiyanı dəqiq müəyyən edilmiş nöqtələrə, müəyyən bir nahiyəni və ya oynaq və oynaq kapsulu kimi anatomik bölgələri innervasiya edən sinirin yerli anesteziyası məqsədilə tətbiq edərək, bu sahədə olan bütün afferent nosiseptorları blokada edirlər.
Yerli anesteziyaya kortikosteroidlər də əlavə olunarsa, selektiv inyeksiya onun daha uzunmüddətli təsirini təmin edə bilər.
Oynaqlar ənənəvi müalicə üsullarına: dərman, istirahət, fizioterapiya və s. cavab vermədikdə oynaqdaxili steroid inyeksiyaları iltihabı və onunla əlaqədar meydana çıxan narahatlığı azalda bilər.
Ağrı sindromunun aradan qaldırılmasından əlavə, blokadalar həmçinin regional vazodilatasiyaya, neyrotrofik funksiyanın yaxşılaşmasına gətirib çıxarır.
Müalicəvi blokadalar
Müalicəvi blokadalar – ağrı sindromunun meydana gəlməsinə səbəb olan patoloji ocağa dərman preparatlarının yeridilməsinə əsaslanan, ağrı və nevroloji xəstəliklərin digər təzahürlərini müalicə edən effektiv bir üsuldur. Digər üsullar (dərman, fizioterapiya, masaj, manual terapiya, akupunktur) ilə müqayisədə, müalicəvi blokadalar uzun müddət ərzində isifadə olunmasa da (100 ildən də az), ağrıdan xilas olmaqda özünü çox effektiv bir müalicə metodu kimi təsdiq etmişdir.
Dərman blokadasının məqsədi ağrının səbəbini aradan qaldırmaqdır. Ağrıların aradan qaldırılması kifayət qədər tez; minimal dərəcədə əlavə təsirlər, maddi və vaxt xərcləri ilə aparılmalıdır. Bütün bu şərtlərə terapevtik blokadalar metodu tam şəkildə uyğun gəlir.
Müalicəvi blokadaların digər üsullardan üstünlüyü:
- Yaxşı və sürətli ağrıkəsici effekt onunla əldə edilir ki, dərman vasitələri birbaşa olaraq ağrını yayan sinirlərə və onların ucluqlarına təsir edir.
- Əlavə təsirlərin yaranma ehtimalının az olması. Çünki, müalicəvi blokada zamanı dərman preparatları əvvəlcə birbaşa olaraq patologiya ocağına düşür, yalnız bundan sonra ümumi qan dövranına keçir.
- Ağrı sindromunun hər yeni kəskinləşməsi zamanı müalicəvi blokadaların tətbiqinin mümkün olması.
- Müalicəvi blokadaların müsbət terapevtik effekti.
- Onlar patoloji ağrı ocağında əzələ gərginliyini, damar spazmını, iltihabi reaksiyanı və ödemi azaltmağa qadirdir.
Onurğanın blokadasının səbəbləri:
Blokadanın istifadəsi üçün əsas göstərici ağrının olmasıdır.
Bu simptom aşağıdakı xəstəlikləri xarakterizə edir:
- nevralgiya;
- üz, baş ağrısı;
- onurğanın müxtəlif şöbələrinin osteoxondrozu;
- fəqərəarası disklərin yırtıqları;
- periferik sinirlərin sıxılması;
- oynaqların xəstəliklə
Onurğanın blokadasının keçirilməsinə əsas göstərişlər:
- yuxarı və ya aşağı ətraflara yayılan onurğa nahiyəsindəki kəskin ağrılar;
- hərəkətə mane olan ağrılar;
- xəstəliyin neqativ istiqamətdə inkişafı nəticəsində əlilliyin yarana bilməsi ehtimalı.
Blokadaların aparılmasına əks-göstərişlər:
Vertebral blokadaların aparılmasına ən çox əks-göstərişlər aşağıdakılardır:
- yüksək qanaxmalara meyllik (hemofiliya, trombositopeniya və qan sisteminin digər patologiyaları, antikoaqulyantların qəbulu);
- inyeksiya yerində dərinin yerli infeksiyaları, ümumi infeksion xəstəliklər (patoloji mikroorqanizmlərin yüksək yayılmaq riski);
- xəstənin ümumi vəziyyətinin ağır olması, huşun itməsi;
- istifadə edilməsi planlaşdırılan dərmanlara qarşı həssaslıq;
- kortikosteroidlərin istifadəsinə ümumi əks-göstərişlər;
- ürək xəstəlikləri, xüsusilə aritmiyalar, çünki lokal anesteziya ürək ritminə təsir göstərir;
- miasteniya;
- arterial hipotoniya;
- anamnezdə epileptik tutmanın olması;
- ruhi xəstəliyin olması;
- uşaq yaşı;
- hamiləlik və südvermə müddəti;
- qaraciyərin ağır zədələnmələ
Mümkün ola bilən ağırlaşmalar
Blokadaların növündən asılı olmayaraq, onların hamısının ağırlaşma riski mövcuddur. Təcrübəli həkim, əməliyyat üçün steril şərtlər, məlumatlı və hazırlanmış bir xəstə risk və mənfi nəticələrin yaranma ehtimalını azaldan şərtlərdir.
Onurğanın blokadasının ağırlaşmaları:
- qanaxmalar;
- inyeksiya sahəsinin, eləcə də onurğa beyni qişalarının infeksiyaları;
- iynə düzgün yeridilmədikdə yumşaq toxumaların (bağlar, əzələlər, sinir lifləri, damarlar) zədələnməsi;
- allergik reaksiyaların inkişafı;
- yerli anesteziyanın tətbiqi ilə bağlı özünəməxsus ağırlaşmalar;
- kortikosteroidlərin istifadəsi ilə bağlı özünəməxsus ağırlaşmalar.
Blokadalar zamanı istifadə edilən dərmanlar
Dərman maddələrinin blokadada istifadə edilməsindən asılı olaraq, ayırd edilir:
- birkomponentli, 1 dərman preparatı istifadə edildikdə;
- ikikomponentli, 2 dərman preparatı tətbiq edildikdə;
- çoxkomponentli, inyeksiya 3 və daha artıq dərman preparatından ibarət olduqda.
Yerli anestetiklər
Bu dərmanlar bütün növ blokadalar üçün istifadə olunur (tək, cüt və çoxkomponentli). Sinir lifləri ilə təmasda olduqda, sinir impulslarının ötürülməsini gecikdirir və beləliklə, ağrı refleksini və tətbiq sahəsindəki digər hissiyyat növlərini də “söndürür”.
Yerli anestetiklərin nümayəndələri:
- Novokain – Novokain blokadası daha çox istifadə olunur. 0,25%, 0,5%, 1% və 2%-li məhlulları mövcuddur. Anesteziyanın təsiri preparat yeridildikdən 2-5 dəqiqədən sonra başlanır və 1-2 saat davam edir. Bu, ağrılı impulsları kəsmək və xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün kifayətdir.
- Lidokain – bu anestetik Novokaindən sonra tətbiq olunmasına görə 2-ci yerdədir. Yüksək terapevtik indeksə və fəaliyyətin sürətli başlanğıcına malikdir. Təsir müddəti 2-3 saat davam edir.
- Merkain (Bupivakain) – bu yerli anestetikin təsiri bir qədər gec başlayır (10-20 dəqiqəyə), lakin effekt müddəti 3-5 saat təşkil edir. Merkainin əlavə təsirləri inkişaf etdirmək riski daha çoxdur, xüsusilə də bu, onun ürəyə toksiki təsiri ilə bağlıdır.
Anestetiklərin dozası və konsentrasiyası, eləcə də uyğun gələn konkret preparat yalnız həkim tərəfindən seçilir. Yerli anestetiklərə allergik reaksiyaların geniş yayılması səbəbindən, inyeksiyadan əvvəl həssaslığa qarşı sınağın aparılması məcburidir.
Qlükokortikosteroidlər
Bunlar ağrını, ödemi və iltihabı tez aradan qaldıran güclü iltihab əleyhinə təsir göstərən preparatlardır. Bundan başqa, onlar anti-allergik təsir də göstərir. Əksər hallarda bu qrupdan olan preparatların tək halda inyeksiyaları oynaqların patologiyası zamanı istifadə olunur. Onurğa nahiyəsində ağrılar zamanı qlükokortikosteroidlər daha yaxşı terapevtik effekt göstərməsi, həmçinin Novokain, Lidokain və digər anestetiklərə allergik reaksiyanın inkişafının qarşısını almaq üçün yerli anestetiklərlə birgə tətbiq edilir.
Onurğanın blokadası üçün tətbiq edilən qlükokortikosteroidlərin nümayəndələri:
- Hidrokortizon – suspenziya şəklində buraxılır, çünki suda həll olmur. İnyeksiyadan əvvəl, onu anestetiklə tamamilə qarışdırırlar. Nevral blokadalar üçün uyğundur.
- Deksametazon – tez təsir etməyə başlayır, lakin effekti uzun sürmür. Oynaqların və yumşaq toxumaların blokadası üçün uygundur.
- Depo-medrol – Metilprednizolonun uzunmüddətli təsir edən formasıdır. Bu preparat, oynaqların və yumşaq toxumaların blokadaları üçün istifadə olunur. Epidural blokadalarda ehtiyatla istifadə olunur, çünki araxnoiditin inkişafına səbəb ola bilər.
- Diprospan – qlükokortikosteroidlərin uzunmüddətli təsir edən nümayəndəsidir. Onurğanın və oynaqların patologiyalarında yaranan ağrıları aradan qaldırmaq üçün ideal hesab olunur. Həm sinir, həm də yumşaq toxumaların blokadalarında tətbiq olunur.
- Kenaloq – uzunmüddətli təsirə malik olan kortikosteroiddir, oynaqların və onurğa sütununun blokadası üçün istifadə olunur. Kenaloqun inyeksiyaları arasında ən azı 2 həftə fasilə gözləmək məsləhətdir.
Digər preparatlar
Bütün digər preparatlar müvafiq olaraq əlavə maddələr kimi istifadə olunur, onlar çoxkomponentli blokadaların bir hissəsi kimi tətbiq edilir, onurğa sütununda yaranan ağrıları aradan qaldırmaq üçün müstəqil dəyərə malik deyil.
Ən çox istifadə olunur:
- B qrupunun vitaminləri (B1 və B12),
- ATF,
- Lidaza,
- Platifillin,
- Trombolizin,
- Rumalon,
- Papain,
- Voltaren və başqaları.
Blokadların növləri
Bu müalicə üsulunun bir çox növü vardır. Yalnız ixtisaslı həkim xüsusi klinik vəziyyətə və izlənilən hədəfə əsasən onlardan müvafiq olanını seçir.
Hansı növ blokadalar istifadə olunur?
- Transforaminal blokada zamanı, inyeksiya sinirin onurğa sütunundan çıxdığı nöqtəyə edilir;
- İntralaminar blokada zamanı inyeksiya dəqiqliklə fəqərə çıxıntıları arasına edilir;
- Epidural blokada zamanı anestezioloq inyeksiyanı fəqərəarası nahiyəyə Eyni zamanda, iynənin nüfuzetmə yerini və dərmanın yayılmasını izləmək üçün bir kontrast maddə yeridilir. Epidural blokada müvəqqəti, lakin çox güclü təsirə malikdir.
Blokadalar tətbiqedilmə nahiyəsinə və istifadə olunan dərmanlara görə fərqlənə bilir. Hər bir halda, qərar yalnız fərdi olaraq və yırtığın dərəcəsinə uyğun olaraq qəbul edilir. Ağrı mənbəyini dərhal zərərsizləşdirmək üçün proseduru tez bir zamanda həyata keçirmək vacibdir. Çünki kəskin ağrının olması fəqərəarası disk yırtığının və ya onurğanın digər xəstəliklərinin sоnrakı müalicəsinin aparılması üçün birbaşa əks-göstərişdir.
İntralaminar blokada çıxıntıların arasından keçən mərkəzi xətt boyunca aparılır.
Transformaminal blokada zamanı inyeksiya bilavasitə sinir uçlarınının çıxdığı dəliklərə edilir. Hər iki prosedur onları icra edən mütəxəssisdən maksimum dəqiqlik və böyük təcrübə tələb edir.
Epidural blokada. Bu, ağır və aqressiv ağrılar zamanı tətbiq edilən xüsusi bir blokadadır. Bu blokada zamanı dərman maddələrinin təsiri toxumaların dərin təbəqələrinə doğru yönəldilmiş olur. İnyeksiyalar xüsusi avadanlıqların nəzarəti altında və kontrast maddənin istifadəsi ilə yüksək dərəcəli mütəxəssislər tərəfindən aparılır. Prosedur zamanı mütəxəssis yalnız iynənin nüfuz etdiyi yerləri deyil, eyni zamanda dərman preparatlarının qana necə düşməsini və qan axını vasitəsilə yayılmasını da görür. Həkim dərman maddələrinin onurğaya nüfuz etməsini və bədəni tərk etməsini müşahidə edir. Prosedur təxminən 1 saat davam edir, lakin xəstəni arzuolunmaz nəticələrdən qorumaq üçün o, daha bir neçə saat nəzarət altında qalır. Bundan sonra xəstə yaşadığı rayon mütəxəssisinin nəzarəti altında olmaq şərtilə evə buraxılır.
Paravertebral blokadaların toxuma və ya sinir strukturlarına təsirinə görə növləri:
- Toxumaların blokadası – inyeksiya onurğa sütununun zədələnmiş seqmentini əhatə edən yumşaq toxumalarda aparılır.
- Reseptorların blokadası – inyeksiyalar dərinin, əzələlərin, vətərlərin, bağların bioloji aktiv nöqtələrinə edilir.
- Naqil blokadaları – sinir lifləri blokada edilir, dərman maddələri epi- və peridural, peri- və paranevral, paravaskulyar ola bilər.
- Qanqlionar – inyeksiya sinir düyünlərinə və kələflərinə edilir.
Blokadanın aparılması texnikası
Onurğanın fəqərəarası diskinin yırtığı zamanı blokada necə həyata keçirilir: xəstə kəskin ağrıya səbəb olmayan bir vəziyyətdə çarpayıya yerləşdirilir. Həkim inyeksiya yerini müəyyənləşdirir. Əzələ qatının müxtəlif yerlərində bir neçə inyeksiya aparılır. Ən güclü ağrının yeri anesteziya olunur, spazm keçir. Blokadanın müsbət təsiri 1 aya qədər davam edə bilər. Bəzi hallarda ağrı tam keçib getmir, yalnız sakitləşmiş olur. Bu halda prosedur bir neçə dəfə təkrarlanır.
Sonra dərmanlar ən ağrılı şöbələrə inyeksiya edilir. Bu, spazmı aradan qaldırmağa, kəskin ağrıları yox etməyə və hərəkətliliyi artırmağa kömək edəcəkdir. İnyeksiya nahiyəsi antiseptiklə işlənir. Anesteziya fəqərələrin hər iki tərəfində icra edilir. İnyeksiya məhlulu daha çox Novokain və Hidrokortizondan ibarət olur.
Boyun fəqərələrinin blokadası, II-VII fəqərələr səviyyəsində, lateral tərəfdən yanaşmaqla aparılır. Anestezioloqun vəzifəsi onurğa sütunu boyunca hər 1,5 santimetrdən bir, bir neçə inyeksiya etmək və bu zaman iynəni 2-3 sm dərinliyə yeritməkdir. Bu müddət ərzində xəstə səbirli olmağa çalışır, həkimə kömək edir, başını inyeksiyaya əks istiqamətə çevirir.
Döş fəqərələrinin blokadası I-XII döş fəqərələri səviyyəsində aparılır.
Bel şöbəsindəki fəqərəarası yırtıqlarda blokadanı icra edərkən, xəstəni arxası üstə taxtın üzərində təsbit edirlər. Anestezioloq yüngül hərəkətlərlə kürəyin ağrılı nahiyəsini palpasiya edərək ağrı hissinin daha güclü olduğu yerləri müəyyən edir. İnyeksiya üçün optimal yer taparaq dərini antiseptiklə işləyir və inyeksiya nahiyəsini anesteziya edir. Sonra fəqərənin ox çıxıntısından 4 sm uzaqlaşaraq, iynəni ehtiyatla köndələn çıxıntıya yeridir. Əvvəlcə iynə axıradək yeridilir, sonra qismən çıxarılaraq köndələn çıxıntıya doğru 2 sm-ə qədər istiqamətləndirilir.
Blokadanı icra etmək üçün mütəxəssis onurğa sütununun hər iki tərəfində 6 nöqtə seçir. Nöqtələrin dəqiq yeri xəstədə olan ağrının dərəcəsindən asılıdır. Səhvlərə yol verməmək üçün bütün proses rentgen cihazları vasitəsi ilə idarə olunmalıdır. Blokada düzgün aparıldığı təqdirdə, xəstə yaxın vaxtlarda güclü ağrıkəsici effekti hiss edəcək. Əzələlərin spazmı aradan qaldırılacaq, ödem yox olacaq, iltihab prosesi azalacaqdır.
Müalicəvi təsir anestetikin təsiri keçənə qədər – təxminən 3 həftə davam edəcək. Fəqərəarası disk yırtığının dərman blokadası bir neçə dəfə icra edilə bilər. Adətən, ağrıları aradan qaldırmaq üçün 1 blokada proseduru kifayət edir, bəzən 4-5 günlük fasilələrlə 2-15 inyeksiyadan ibarət müalicə kursu aparıla bilər. Müasir tövsiyələrə əsasən, belə bir müalicəni ildə 4 dəfədən artıq keçirmək məsləhət görülmür.
Hər hansı bir blokada yalnız mütəxəssislər tərəfindən aparılmalıdır, çünki bu, sırf tibbi manipulyasiyadır. Bir qayda olaraq bu cür müalicə ilə nevropatoloqlar, neyrocərrahlar, vertebroloqlar, travmatoloq-ortopedlər məşğul olurlar. Bu manipulyasiyanı icra edən mütəxəssis, onurğa sütununun anatomiyası və topoqrafiyası barəsində mükəmməl biliklərə malik olmalı, blokadaların həyata keçirməsinə aid göstərişləri və əks-göstərişləri bilməli, mümkün ola biləcək ağırlaşmalar və onları aradan qaldırmaq yollarından xəbərdar olmalıdır.
Bu, məsuliyyətli bir tibbi manipulyasiya olduğundan, kiçik əməliyyatxanada və ya steril bir sarğı otağında ciddi aseptik şəraitdə həyata keçirilməlidir. Xəstə inyeksiyadan əvvəl prosedurun keçirilməsinə yazılı razılıq verməli, bütün mümkün nəticələr və ağırlaşmalar barədə xəbərdar edilməlidir.
Bir nəticəyə gəlmək olar ki, onurğanın blokadası onurğa sütununun patologiyası ilə əlaqədar yaranan ağrıdan xəstəni azad etmək üçün effektiv və sürətli bir vasitədir. Lakin heç zaman bu prosedura səhlənkar yanaşmaq olmaz, çünki bu, ciddi bir manipulyasiyadır və onun tətbiq qaydalarının pozulması ağır nəticələrə və hətta ölümə səbəb ola bilər.
Fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsi
Fəqərəarası disk yırtığının aradan qaldırılması üçün aparılan əməliyyat – diskin fibroz həlqəsinin yırtılması nəticəsində yerini dəyişmiş pulpoz nüvənin korreksiyası və bərpası məqsədi daşıyan bu və ya digər cərrahi əməliyyat növüdür.
Daha çox onurğanın bel-oma (48% hallarda), ondan bir qədər az boyun (46% hallarda) və nadir hallarda döş səviyyəsində (6% hallarda) fəqərəarası disk yırtığını cərrahi üsulla aradan qaldırmaq lazım gəlir.
Fəqərəarası disk yırtığı nadir hallarda (təxminən 10% hallarda) cərrahi əməliyyat vasitəsilə aradan qaldırılmasını tələb etdiyinə baxmayaraq, bu əməliyyatlar müntəzəm şəkildə həyata keçirilir və ildən-ilə xəstələr üçün bu növ əməliyyatların daha təhlükəsiz və az travmatik keçirilməsinə imkan verən yeni metodlar işlənib hazırlanır.
Cərrahi əməliyya göstərişlər:
Cərrahi əməliyyat üçün göstərişlər aşağıdakılardır:
- Yırtığın sekvestrasiyası və onurğa beyninə sıxıcı təsir göstərməsi. Bu hal cərrahi müdaxilənin həyata keçirilməsi üçün mütləq göstəriş sayılır, çünki nəticədə kiçik çanaq üzvlərinin funksiyalarının çoxsaylı pozulmalarına və ətrafların iflicinə səbəb ola bilər. Bu vəziyyətin ağrlaşmaları arasında: budun arxa səthinə və kiçik çanaq nahiyəsinə yayılan və öskürək zamanı güclənən şiddətli ağrılar, sidik və nəcisi saxlaya bilməmək, reproduktiv funksiyaların pozulması, impotensiyanı qeyd etmək olar. Belə bir vəziyyət həkimlər tərəfindən at quyruğunun sıxılması kimi xarakterizə olunur.
- Nevroloji pozuntuların inkişafı.
- Dərman vasitəsi ilə aradan qaldırıla bilməyən davamlı ağrı sindromu.
- Konservativ müalicənin 4 ay ərzində təsirinin olmaması.
Xəstəni əməliyyata göndərmək və ya göndərməmək barədə qərar, onun sağlamlıq vəziyyəti haqqında bütün lazımi məlumatları əldə etdikdən sonra bir neçə həkim tərəfindən qəbul edilir. Rentgenoqrafiya, KT və ya MRT, EKQ və qan testlərinin nəticələri əməliyyatın keçirilməsinə dair son qərarın verilməsinə təsir göstərir.
Fəqərəarası disk yırtığının aradan qaldırılması üsulları:
Disk yırtığının soyuq plazma vasitəsilə nukleoplastikası
Bu üsul, yırtıq toxumasının soyuq plazmaya məruz qalmaqla çıxarılmasından ibarətdir. Soyuq plazma zədələnmiş toxumalara nazik bir iynə vasitəsilə çatdırılır və ultra-aşağı temperaturun təsiri ilə yırtıq toxuması məhv edilir.
Bu üsulun üstün cəhətləri çoxdur: ağrı hissiyyatının ani olaraq yox edilməsi, əməliyyatın qısa müddət (30 dəqiqə) davam etməsi. Əməliyyat ambulator şəraitdə icra olunur ( xəstəxanaya getməyə ehtiyac yoxdur), reabilitasiya lazım deyil.
Ancaq bu üsulun çox əhəmiyyətli bir mənfi cəhəti – yırtığın təkrarlanma ehtimalının yüksək olmasıdır.
Disk yırtığının hidroplastikası
Xüsusi kanyulanın köməyilə yırtıq olan yerə nukleotom birləşdirilir ki, onun içərisi ilə yüksək təzyiqli fizioloji məhlul axaraq fəqərəarası yırtığa çatdırılır. O, çapıq izi qoymadan yırtıq toxumalarını yuyub aparır. Hidroplastikanın üstünlükləri az travmatikliyi, nekrozun qarşısını almağın mümkünlüyü, xəstəni ağrı hissiyyatından xilas etməsidir.
Lakin hidroplastika əməliyyatı, yalnız yırtığın ölçüləri kiçik olduqda (6 mm-dən böyük olmadıqda) həyata keçirilə bilər. Əlavə olaraq, bu əməliyyatın icra edilməsinə digər əks-göstərişlər də vardır: fibroz həlqənin əhəmiyyətli dərəcəli zədələnməsi, təsir nahiyəsində infeksion proseslərin olması, onkoloji xəstəliklər.
Disk yırtığının mikrocərrahi üsulla xaric edilməsi
Mikrocərrahi müalicədə xüsusi alətlər və mikroskopdan istifadə edilir. Bu üsul yırtığın hamısının və ya onun fəqərə kanalında yerləşən hissəsinin çıxarılmasına imkan verir.
Cərrahi müdaxiləyə qabaqcadan hazırlanmaq tələb olunur. Bunun üçün 8 saatlığa qidadan imtina etmək, MRT müayinəsindən və anestezioloqun baxışından keçmək lazımdır.
Əməliyyatın mahiyyəti aşağıdakılardan ibarətdir: dəridə kəsik aparılır, fəqərəarası diskin toxumalarına çıxış təmizlənir, onun sinir kökcüyü altında olan hissəsi çıxarılır, əməliyyat nahiyəsi mümkün residivlərin qarşısını almaq və tezliklə sağalmaq məqsədilə lazerlə şüalandırılır. Sonra kəsik tikilir. Boyun şöbəsində, çox vaxt çıxarılmış qığırdağın protezlə əvəz edilməsi tələb olunur.
Xəstəyə, huşu bərpa edildikdən sonra qalxmaq və gəzmək lazımdır. Xəstə 2 ay ərzində diskin yerindən asılı olaraq yarımsərt korset və ya Şants yaxalığı gəzdirməlidir. Fiziki fəaliyyətə əməliyyatdan 1 ay sonra, fiziki olmayana isə – 1 və ya 2 həftədən sonra icazə verilir.
Disk yırtığının lazerlə xaric edilməsi
Yırtığın lazer vasitəsilə çıxarılması dəyişikliklərə məruz qalan disklərin vaporizasiyası (buxarlandırılması) və ya yenidən qurulması məqsədini daşıyır. Vaporizasiyadan söhbət açdıqda, o, zədələnmiş diskin lazer toplusu ilə məhv edilməsi anlamını daşıyır. Diskin hüceyrələrinin buxarlanması hesabına onun ölçüləri azalır və o, artıq sinir uclarını və ətraf toxumaları sıxmır. Bu üsul, disk yırtığı olan 50 yaşınadək şəxslər üçün tətbiq olunur.
Yaş məhdudiyyətləri onunla əlaqədardır ki, insanlarda yaş keçdikcə onurğa sütununda və yırtıq toxumasında degenerativ dəyişikliklər baş verir ki, lazer şüasının köməyilə onları dayandırmaq sadəcə olaraq mümkün deyil. Anesteziya – yerlidir, əməliyyatın vaxtı – 1 saatdan çox davam etmir. Xəstə təxminən 2 saat həkim nəzarəti altında xəstəxanada qaldıqdan sonra evə buraxılır. Lazer vaporizasiyasının üstünlüyü ondan ibarətdir ki, çıxarılmış yırtığın yerini birləşdirici toxuma tutur və bu da sonradan yırtığın yenidən əmələ gəlməsinə mane olur.
Diskin lazer rekonstruksiyası
Lazerin istifadəsilə aparılan cərrahiyyə müdaxiləsinin başqa bir variantı diskin yenidən qurulmasıdır. Bu müalicə üsulunun mahiyyəti qığırdağın böyüməsi üçün onun isidilməsindən ibarətdir. Toxumalar mikroçatları doldurur və nəticədə ağrılar yox olur. Bu üsulun xəstəliyin inkişafının erkən mərhələlərində istifadə edilməsi daha məqsədəuyğundur.
Disk yırtığının endoskopiyası
Fəqərəarası disk yırtıqlarının endoskopik üsulla çıxarılması zamanı xüsusi bir cihazdan – endoskopdan istifadə edilir. Yırtıq yan fəqərəarası dəlik vasitəsilə xaric edilir. Endoskopun borusunu yerləşdirmək üçün dəridə kəsik aparılır, diskə çatmaq üçün bütün toxumalar aralanır. Baş verən hadisələr monitorun ekranında əks olunduğundan, həkim bütün prosesi nəzarət altında saxlaya bilər. Diskin yırtığı və pulpoz nüvə onurğa sütununa toxunmadan çıxarılır, əməliyyat yeri lazerlə şüalanır.
Anesteziya üsulu yerli narkoz – epidural anesteziyadır. Əməliyyat müddəti orta hesabla 40 dəqiqə çəkir, ən ağır hallarda 2 saata qədər davam edə bilər. Xəstə 3 günə qədər stasionar şəraitində qalmalıdır, sonra o, evə buraxılır və ağır olmayan fiziki işlə məşğul olmaq imkanına malik olur. 1,5 aydan sonra xəstə öz normal həyatına qayıda bilər.
Fəqərəarası sinirlərin destruksiyası
Radiotezlikli destruksiya. Fasetli (ağrı) sindromda istifadə olunur və xüsusi elektrodların vasitəsilə termokoaqulyasiya üsulu ilə sıxılmağa məruz qalmış sinirin blokadasından ibarətdir.
Bu metodun çatışmazlıqlarından biri – ağrı hissiyyatının təkrar yarana bilməsidir, lakin müəyyən bir müddətdən sonra bu müalicə üsulunun tətbiqi təkrarlana bilər. Xəstə müdaxilənin icra olunmasından 1 saat sonra evə buraxılır. Əks-göstərişlər arasında: narkotik, alkoqol və dərman asılılığı, qan dövranı pozuntuları, yaş məhdudiyyəti (75-dən çox və 18 yaşından kiçik) və s. qeyd etmək olar.
Disk yırtığının vertebroplastikası (sklerozlaşdırılması)
Verteboplastika protuziyaların böyüməsini və fəqərəarası diskin yırtığına transformasiyasını dayandırmağa imkan verən az travmatik prosedurlara aiddir. Sklerozlaşdırmanı sinir lifləri zədələnməmiş icra etmək vacibdir.
Anesteziya yerli olaraq aparılır. Əməliyyatın mahiyyəti infraqırmızı lazerdən gələn impulslarla stabilləşdirilən modelləşdirici qatqının spinal kateter vasitəsilə zədələnmiş nahiyəyə yeridilməsindən ibarətdir. Qarışıq bərkidikdən sonra çatlar və lakunalar doldurulur və təsbit olunur.
Üçqat sklerozlaşdırmaya 10 il və ya daha çox müddətə zəmanət verilir, lakin MRT müayinəsi ən azı 5 ildən bir keçirilməlidir, çünki yırtıqlar digər yerlərdə yarana bilər.
Disk yırtığının laminektomiyası
Fəqərəarası disk yırtığının laminektomiya üsulu ilə aradan qaldırılması son vaxtlara qədər Azərbaycanda ən geniş yayılmış cərrahi müdaxilə üsulu olmuşdur. Bu cür əməliyyatın mahiyyəti ondan ibarətdir ki, sinir kökcüyünün altında yerləşən fəqərənin sümük toxuması hissəsi və fəqərəarası diskin bir hissəsi xaric edilir. Nəticədə – sinir ətrafındakı böyük bir məkanın meydana gəlməsi, onun qan təchizatının bərpa olunması və ağrıların aradan qalxması baş verir.
Bu əməliyyatı yerinə yetirmək üçün ümumi anesteziyanın tətbiqi tələb olunur, əməliyyatın özü 3 saata qədər davam edə bilər. Əməliyyata nəzarət rentgen şəkillərinin köməyi ilə həyata keçirilir. Xəstə 5 günə qədər xəstəxanada qalır. Xəstənin yaşından, əməliyyatın ağırlıq dərəcəsindən və s. asılı olaraq hərəkətlilik məhdudiyyəti üçün müddət fərdi qaydada müzakirə edilir.
Disk yırtığının disektomiyası
Disektomiya, qırıntılar olduqda və ya yırtığın sekvestrasiyası zamanı kiçik çanaq üzvlərinin funksiyalarının pozulması baş verdiyi təqdirdə, böyük ölçülü yırtıqları aradan qaldırmaq üçün klassik bir üsuldur. Disektomiyanın icra edilməsi üçün ümumi anesteziyanın tətbiqi tələb olunur. Əksər hallarda cərrahlar onurğa beyninə və ötürücü sinirlərə təzyiq göstərən diski bütövlükdə və ya onun əksər hissəsini xaric edirlər. Əgər zədələnmiş disk xaric edilməzsə, onda remissiya ehtimalı saxlanmış olur. Diskin olmaması səbəbindən fəqərələrin hərəkətliliyini itirməmək üçün həmin yerə titan ərintilərindən hazırlanmış xüsusi protez yerləşdirilir. Bundan əlavə, disklərin sümüklərdən (əsasən qalça sümüyündən) ibarət plastikası da tələb olunur.
Xəstə orta hesabla, 5 gün yataq rejiminə riayət etməlidir. Nəqliyyat vasitələrindən istifadə edilməsi, aktiv fiziki fəaliyyət, ağır çəkilərin qaldırılması – bütün bunlar 30 gün ərzində xəstəyə qəti surətdə qadağandır. Əməliyyatdan sоnra bir neçə gün ərzində, sağalma prosesinin sürətləndirilməsinə kömək etmək məqsədilə korsetin gəzdirilməsi vacibdir.
Bunu bilmək vacibdir ki, disektomiya yalnız konservativ müalicə üsulları kömək etmədikdə və digər əməliyyatların həyata keçirilməsinin mümkün olmadığı halda həyata keçirilir. Bu əməliyyat zamanı qanaxma və infeksiyalaşma riski mövcuddur, üstəlik tez-tez onun nəticəsində fəqərələr hərəkətsiz şəkildə birləşir ki, bu da başqa bir şöbədə yırtığın meydana gəlməsi təhlükəsi yaradır.
Fəqərəarası disk yırtığının aradan qaldırılması əməliyyatının nəticələri
Fəqərəarası disk yırtığının aradan qaldırılması üçün aparılan istənilən cərrahi müdaxilənin nəticələri müsbət və mənfi olaraq 2 yerə bölünür.
Üstünlüklər arasında:
- ağrı sindromunun yox edilməsi;
- xəstəliyin tamamilə aradan qaldırılması ehtimalı;
- tez bir müddətdə normal iş rejiminə qayıtmaq;
- qısamüddətli reabilitasiya dövrü.
Hətta minimal invaziv prosedurlardan sonra yarana biləcək ağırlaşmalar arasında aşağıdakı halları qeyd etmək olar:
- onurğa beyin qişalarının zədələnməsi və serebrospinal mayenin sızması riski;
- toxumalar tam sağalana qədər yataqda qalmaq məcburiyyəti;
- zədələnmiş diskin iltihabı;
- qanaxmanın inkişafı;
- infeksiya riski;
- sinir kökcüyünün zədələnməsi;
- nəcis və sidik ifrazına nəzarətin itirilməsi;
- xəstəliyin təkrarlanması riski;
- onurğanın digər hissələrində yırtığın inkişafı.
Məhz bu səbəblərə görə cərrahiyyə müdaxiləsinin aparılması barədə qərarın çıxarılması diqqətlə ölçülüb-biçilməli və xəstənin hərtərəfli müayinəsindən sonra dəqiqləşdirilməlidir.
Cərrahi əməliyyatla bağlı ən çox yaranan suallar
Əməliyyatdan əvvəl və sonra xəstələrdə bir çox suallar yaranır. Xəstələri ən çox narahat edən suallar bunlardır:
Yırtıq aradan qaldırıldıqdansonra nə vaxt oturmaq olar?
Əməliyyatdan ən azı 6 həftə sonra icazə verilir. Belə bir məhdudiyyət onunla bağlıdır ki, zədələnmiş toxumaların çapıqlaşması tələb olunur, çapıq özü sağalmalıdır, bu müddət ərzində sinir ucluqları yenidən bərpa olur, onurğa sütununun funksiyaları maksimal dərəcədə işə düşür. Buna görə də xəstənin onurğa sütununun zədələnmiş hissəsi üçün ən əlverişli şərait yaratmaq, onu əlavə gücə düşmələrdən qorumaq vacibdir. Oturmağa icazə verildikdə, xəstə bu vəziyyətdə yarım saatdan çox müddətdə qalmamalıdır. 10 dəqiqə ərzində fasilə vermək lazımdır ki, bu müddətdə də xəstə ayaq üstə dayanmalı və ya uzanmalıdır.
Fəqərəarası disk yırtığı aradan qaldırıldıqdan nə qədər sonra hamilə qalmaq olar?
Qadınlar, yırtıq aradan qaldırıldıqdan sonra hamilə qala bilmələrinə görə narahat olmamalıdırlar. Lakin bu, yalnız onurğa sütunu tam bərpa edildikdən sonra edilməlidir. Bir qayda olaraq, bərpa prosesi 1 il davam edir. Bu müddətdən sonra KT və ya MRT daxil olmaqla lazımi bütün müayinələrdən keçmək lazımdır. Əgər yeni bir yırtıq meydana gəlməyibsə və əməliyyat yeri sağalıbsa, bu zaman yaxın gələcəkdə hamiləliyi planlaşdırmaq olar. Buna baxmayaraq, 1 il gözləmək, qadın üçün ağırlaşmalar olmadan hamiləliyi keçirmək üçün lazım olan məcburi bir müddətdir.
Disk yırtığı aradan qaldırıldıqdan sonra ayağın keyiməsi
Əməliyyatdan sonra baş verən ağırlaşmalar arasında ən çox rast gələn əlamət ətrafın keyiməsidir. Çox vaxt bu hissiyyat bərpa dövrü bitdikdən sonra keçib gedir. Bəzi hallarda sinir kökcüyünun uzun müddət yırtıq tərəfindən sıxılması səbəbindən artıq əməliyyata qədər hissi liflərin tamamilə məhv olması baş verir. Buna görə də, ətrafda keylik hissi yaranarsa, mütləq əlavə müalicə kursu keçmək lazımdır ki, onun nəticəsində də hissiyyatın bərpa olunması mümkün ola bilir. Müalicə kursu neyrostimulyatorların, fizioterapiyanın, masajın qəbulundan ibarət olur.
Əməliyyat nə qədər davam edir?
Əməliyyatın nə qədər davam edəcəyi ilə bağlı sualın cavabı hansı üsulun seçilməsindən asılıdır. Soyuq plazma nukleoplastikası və yırtığın lazer vasitəsilə aradan qaldırılması 30 dəqiqəyə qədər, hidroplastika – 20 dəqiqəyə qədər, mikrodiskektomiya və endoskopiya – 2 saata qədər, fəqərəarası sinirlərin destruksiyası 1 saatdan çox olmayaraq, verteboplastika – 1 saata qədər, laminektomiya və disektomiya – 3 saata qədər davam edir. Əməliyyatın mürəkkəbliyindən asılı olaraq, vaxt qısaldıla və ya bir qədər artırıla bilər.
Əməliyyatdan neçə gün sonra tikişləri islatmaq (çimmək) olar?
Tikişləri nəmləndirməyin mümkün olması vaxtını adətən müalicə həkimi təyin edir. Ümumiyyətlə, sarğı çıxarılmazdan əvvəl bunu etmək məsləhət görülmür. Adətən, əməliyyatdan 2 sutka keçdikdən sonra ağırlaşmalar olmadıqda, xəstələrə infeksiya riski olmadan duş qəbul etməyə icazə verilir. Buna baxmayaraq, mümkün olan fəsadların inkişafının qarşısını almaq üçün ilk növbədə həkimlə məsləhətləşmək lazımdır.
Yırtığın aradan qaldırılmasından sonra idmanla məşğul olmaq və cinsi əlaqə
Fəqərəarası disk yırtığı olan şəxslərə ağır fiziki idmanla məşğul olmaq ümumiyyətlə qadağandır. İdman fəaliyyəti ilə məşğul olmaq, bir qayda olaraq, 3 aya qədər məhdudlaşdırılır. Lakin müalicəvi bədən tərbiyəsi kompleksinə daxil olan minimal idman hərəkətlərinə əməliyyatdan artıq bir neçə gün keçdikdən sonra başlamaq lazımdır. Bu hərəkətlər kompleksi müalicə həkimi tərəfindən seçilməli və onlar ciddi şəkildə tənzimlənməli və dozalaşdırılmalıdır.
Cinsi əlaqəyə gəldikdə isə, artıq əməliyyatdan 1 həftə sonra ehtiyatlı şəkildə cinsi əlaqəyə girmək mümkündür.
Disk yırtığı aradan qaldırıldıqdan sonra xəstələrə əlillik dərəcəsi verilirmi?
Əməliyyatdan sonra əlillik dərəcəsi almaq olar, ancaq onu xüsusi ağır hallarda təyin edirlər. Əlillik dərəcəsi almaq üçün, xəstə ağır əməliyyat keçirdikdən sonra həkimi tərəfindən tibbi əmək ekspertizası komissiyasına (TƏEK) göndərilir. Əlillik dərəcəsi, adətən ömürlük verilmir. Çox vaxt bərpa müddəti bitdikdən sonra əlillik dərəcəsi ləğv edilir.
Fəqərəarası disk yırtığının xaric edilməsindən sonra reabilitasiya
Reabilitasiya əməliyyatın mürəkkəbliyindən, eləcə də xəstənin sağlamlıq durumundan asılıdır. Bununla belə, heç bir halda reabilitasiya tədbirlərindən imtina etmək olmaz.
Ümumi tövsiyələr aşağıdakılardır:
- xəstəyə ən azı 1,5 ay oturmaq qadağandır;
- kəskin hərəkətlərdən: hoppanmaq, gövdənin burulması, zərbələr və çəkinmək lazımdır;
- müvəqqəti olaraq (3 ayadək) nəqliyyat vasitələrindən istifadə olunmasını məhdudlaşdırmaq lazımdır. Daşınmanın qarşısını almaq mümkün deyilsə, xəstə bunu uzanmış halda etmə Onurğa sütununa isə korset şəklində dəstək lazımdır.
- ağır yük qaldırmaq qadağandır. Bu məhdudiyyət 2 kq-dan artıq olan yüklərə aid edilir. Daşınan yük hər iki əl arasında bərabər paylanmalıdır.
- onurğa sütununu yarım saatdan artıq gücə salmaq məsləhət deyil. Mütləq üfüqi vəziyyətə keçməklə fasilələr vermək lazımdır.
Sonrakı reabilitasiya müddəti müalicəvi bədən tərbiyəsi (MBT) kompleksi, fizioterapevtik prosedurların keçirilməsi və sanator-kurort müalicəsindən ibarətdir.
Disk yırtığı aradan qaldırıldıqdan sonra korsetin istifadə olunması
Korset möhkəm və immobilizasiya edən olmalıdır ki, onurğa sütununu sabit vəziyyətdə saxlasın və yırtıq aradan qaldırıldıqdan sonra onun tamdəyərli şəkildə bərpa olunmasına imkan versin. Korseti 6 saatdan artıq gəzdirmək məsləhət görülmür. Uzanmaq lazım gəldikdə, sərt bandaj çıxarılmalıdır.
Proqnoz və profilaktika
1 ay ərzində adekvat konservativ müalicə alan xəstələrin təxminən yarısını artıq fəqərəarası disk yırtığı narahat etmir. Digər hallarda, bunun üçün 2-6 ay arasında dəyişən daha uzun bir müddət tələb olunur, tam bərpa üçün isə 2 ilədək vaxt tələb oluna bilər. “İdeal” halda qabarmış pulpoz nüvə rezorbsiya prosesləri nəticəsində geri sorulur və fəqərəarası disk yırtığının ölçüsü azalır. Bu proses təxminən 1/3 hallarda 1 il çəkir, lakin 5-7 ilədək davam edə bilər. Uzunmüddətli mielopatiya hallarında əlverişsiz proqnoz meydana gəlir. Bu halda hətta disk yırtığının cərrahi yolla çıxarılmasından sonra da nevroloji çatışmazlıq qalmaqda davam edir və xəstələrin əlilliyinə səbəb olur.
Fəqərəarası disklərin yırtıqlarının profilaktikası üçün nəzərdə tutulan tədbirlər 2 qrupa bölünür:
- əgər fəqərəarası disk yırtığı artıq yaranmışdırsa;
- fəqərəarası disk yırtığının yaranmasının qarşısını almaq üçün.
Birinci qrup tədbirlər
Bu vəziyyətdə profilaktikanın məqsədi ağrı epizodları arasındakı fasilələrin artırılmasıdır.
Fəqərəarası disk yırtıqlarının ağırlaşmalarının qarşısını almaq üçün ilk növbədə zəruridir:
- xəstəliyin ilk simptomları yaranan zaman vaxtında həkimə müraciət etməli;
- optimal əzələ korsetinin yaradılması. Adətən, fəqərəarası disk yırtığının müalicə kursundan sonra bütün xəstələrə zəif əzələləri gücləndirən və əldə edilən nəticələri qoruyub saxlayan xüsusi bədən tərbiyəsi təyin edilir;
- onurğanın üzərinə düşən yükün azaldılması. Həyat tərzimiz tez-tez bizə peşə xəstəlikləri qazandırır, ağır fiziki iş isə ilk növbədə, fəqərəarası disk yırtığının əmələ gəlməsinə təsir göstərir;
- pis vərdişlərdən qurtulmağa cəhd göstərmək. Siqaretdən istifadə edilməsi damarların daralmasına və nəticədə bütün orqan və toxumaların, o cümlədən də fəqərəarası disklərin qidalanmasının pozulmasına səbəb olur. Spirtli içkilərin qəbulu isə ümumiyyətlə orqanizmə böyük ziyan vurur;
- normal yataq rejiminin təşkili. Bəzən hələ xəstənin ilk müayinəsi zamanı məlum olur ki, onun narahat döşəyi və ya yastığı var və bu amilin aradan qaldırılması fəqərəarası disk yırtığının yaranması ehtimalını xeyli azaltmış olur;
- kəskin hərkətlər etməmək. Heç vaxt irəli uzanmış əllərlə yük qaldırmaq olmaz. Qabağa əyilməklə dönmə hərəkətlərinə yol verməməli. Yükü yerdən qaldırmaq üçün əvvəlcə oturmaq, yükü götürmək və yüklə birlikdə ayağa qalxmaq lazımdır. Yataqdan qalxdıqda böyrü üstə çevrilmək, ayaqları dizdən bükmək, onları çarpayının kənarından sallamaq, əllərlə yataqdan itələnərək düzgün şəkildə ayağa qalxmaq lazımdır. Bu gündəlik hərəkətlər disk yırtığının böyüməsinin qarşısını almağa kömək edəcəkdir.
İkinci qrup tədbirlər
Əgər fəqərəarası disk yırtığı hələ yaranmayıbsa:
- skoliozun, osteoxondrozun, yastıayaqlılığın, uşaqlarda bud-çanaq oynağının displaziyasının və dayaq-hərəkət sisteminin bəzi digər xəstəliklərinin vaxtında müalicə olunması;
- pəhriz rejiminə riayət etmək. Fəqərəarası disk yırtığı zamanı təyin edilən pəhriz onurğanın osteoxondrozu zamanı təyin edilən pəhriz rejimi ilə demək olar ki, eynilik təşkil edir;
- müntəzəm normallaşdırılmış fiziki yük. Onurğanın, xüsusən də onun bel şöbəsinin fəqərəarası disk yırtıqlarının müalicəsində və qarşısının alınmasında kömək edir.
- bəzi idman növləri (sui-istifadə etmədikdə): üzgüçülük, gimnastika, qaçmaq, piyada gəzintilər, velosiped sürmək və s. Əgər orqanizm sağlamdırsa və heç bir çatışmazlığı yoxdursa, idmanın bütün növləri faydalıdır. Əks halda onlar zərər verə və ya xəstəliyin ağırlaşmasına səbəb ola bilər.
Fəqərəarası disk yırtığının qarşısının alınması və müalicəsinin digər mümkün üsulları haqqında bilavasitə müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/24/osteoxondroz/
https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/
https://nevropatologiya.az/2021/08/24/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99si/
“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 27.07.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq