Nevroloji xəstələrin diaqnostikası zamanı hansı hallarda KT, hansı hallarda isə MRT müayinəsinin aparılması daha məqsədəuyğun hesab edilir?
KT ilə MRT arasında olan əsas fərq, bu cihazlarda istifadə olunan müxtəlif fiziki hadisələrdədir. Kompüter tomoqrafiyası müayinəsində bu – maddənin fiziki vəziyyəti barədə təsəvvür verən rentgen şüalanmasıdır. Maqnit-rezonans tomoqrafiyasında isə – sabit və pulsasiya edən maqnit sahələri, həmçinin protonların (hidrogen atomlarının) paylanması barədə məlumat verən, radiotezlikli şüalanmadır.
KT müayinəsində həkim yalnız toxumanı görmür, həm də onların xəstəliklər zamanı dəyişən rentgenoloji sıxlığını tədqiq edə bilir; MRT müayinəsində isə həkim şəkilləri yalnız vizual olaraq qiymətləndirir. Çox vaxt müalicə həkimi özü MRT ya da KT müayinəsini təyin edir, lakin bir qayda olaraq, o, radioloq ilə məsləhətləşdikdən sonra müayinə növünü seçsə, daha yaxşı olardı: bir sıra hallarda, bahalı MRT əvəzinə daha ucuz, lakin ondan heç də az informativ olmayan kompüter tomoqrafiyasından istifadə etmək olar.
Ümumiyyətlə, MRT yumşaq toxumaları daha yaxşı ayırd edir. Bu zaman sümüklər görünməyə də bilər – kalsiumdan rezonans olmur və MR-tomoqrammalarda olan sümük toxuması, yalnız dolayı şəkildə görünür. Qeyd etmək olar ki, hazırda MRT müayinəsi beyin strukturlarının diffuz və ocaqlı zədələnmələrində, onurğa beyninin və kraniospinal qovşağın patologiyasında (burada KT müayinəsi tamamilə informativ deyil), qığırdaq toxumasının zədələnməsində daha informativdir. KT müayinəsinə, döş qəfəsinin, qarnın, çanağın, kəllə əsasının xəstəliklərinin diaqnostikasında üstünlük verilməlidir. Bəzi hallarda, diaqnozun dəqiqləşdirilməsi üçün eyni vaxtda MRT və KT-yə müraciət edilməlidir.
MRT daha informativdir:
- KT-də, onun tətbiqi göstərildikdə kontrast maddəsinə qarşı dözümsüzlüyün olması;
- beyin şişi, beyin toxumasının iltihabı, insult, dağınıq skleroz;
- onurğa beyninin bütün zədələnmələri, əsasən gənc və yetkin insanlarda qeyd olunan onurğa sütununun xəstəlikləri;
- göz yuvasının tərkibi, hipofiz, kəllədaxili sinirlər;
- oynaqların səthi, bağ aparatı, əzələ toxuması;
- xərçəngin mərhələsinin təyini (kontrast maddənin, məsələn, qadoliniumun tətbiqi ilə).
KT müayinəsi daha çox informativdir:
- kəskin kəllədaxili hematomalar, beynin və kəllə sümüklərinin travmaları;
- beyin şişləri, beyin qan dövranı pozulmaları;
- kəllə əsasının, burunətrafı ciblərin, gicgah sümüklərinin zədələnmələri;
- üz skeletinin, dişlərin, çənələrin, qalxanabənzər və qalxanabənzərətraf vəzilərin zədələnmələri;
- istənilən lokalizasiyalı damarların anevrizması və aterosklerotik zədələnmələri;
- sinusitlər, otitlər, gicgah sümüklərinin piramidalarının zədələnmələri;
- osteoporoz, onurğa sütununun degenerativ və distrofik xəstəlikləri, skolioz və olmaqla onurğa xəstəlikləri;
- ağciyər xərçəngi, vərəm, pnevmoniya, döş qəfəsi və divararalığının patologiyası üçün şərh edilməsi çətin olan döş qəfəsinin rentgenoqrammalarının aydınlaşdırılması zamanı üstünlük verilir;
- reklinik mərhələdə periferik ağciyər xərçəngini axtarmaq, ağciyər toxumasında interstisial dəyişikliklərin, fibrozun aşkar edilməsi üçün ən həssas üsuldur;
- qarnın daxilində meydana çıxan patoloji dəyişikliklərin demək olar ki, bütün spektri;
- sümüklərin zədələnmələri və xəstəlikləri; metal implantları olan xəstələrin müayinəsi (oynaqlar, daxili və xarici fiksasiya cihazları və );
- əməliyyatdan əvvəl 3-fazalı angioqrafiya ilə birgə msKT (multispiral kompüter tomoqrafiyası) cərrahi müdaxilə zonasında optimal anatomik şəkli əldə etməyə və qarın boşluğu üzvlərində olan patoloji proseslərin əksəriyyətini aşkar etməyə imkan
Xatırladaq ki, MRT müayinəsi, daimi aparaturanın və digər korreksiyaların tələb olunduğu mühüm funksiyalarının ağır pozulmaları olan xəstələrdə, eləcə də qapalı yerlərdən qorxusu (klaustrofobiya) olan və qeyri-adekvat davranışlı xəstələrdə həyata keçirilə bilməz. KT müayinəsi üçün belə bir əks-göstəriş yoxdur.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/
https://nevropatologiya.az/2021/08/20/rentgen/
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2019-cu ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq