Nevroloji xəstələrin diaqnostikasında rentgen müayinəsinin tətbiqi
Rentgenologiyanın tarixi 1895-ci ildən, Vilhelm Konrad Rentgenin ilk dəfə rentgen şüalarının təsirindən fotolövnənin tündləşməsini qeydə almasından başlanır. Həmçinin, V. Rentgen tərəfindən aşkar edilmişdi ki, əl pəncəsinin üzərindən rentgen şüalarının keçməsi zamanı, fotolövhə üzərində sümük skeletinin təsviri formalaşır. Bu kəşf, dünyada ilk tibbi vizualizasiya metodu olmuşdur. Bu vaxtadək canlı şəkildə orqan və toxumaların qeyri-invaziv görünüşünü əldə etmək mümkün olmamışdı. 1901-ci ildə, bu kəşfinə görə V. Rentgen fizika üzrə ilk Nobel mükafatına layiq görülmüşdür. Rentgenoqrafiya tezliklə bütün dünyada yayıldı. Kəşf olunmasından 120 ildən artıq bir müddət keçməsinə baxmayaraq, rentgenoloji müayinə metodu bir çox sahələrdə olduğu kimi təbabətdə, o cümlədən də nevrologiyada vacib müayinə metodu kimi öz əhəmiyyətini qoruyub saxlamışdır.
Əvvəllər tətbiq olunan pnevmoensefalo-, mielo-, sisternoqrafiya və ventrikuloqrafiya kimi müayinə metodlarından artıq demək olar ki, istifadə edilmir. Eyni zamanda, kranioqrafiya və spondiloqrafiya kimi rentgenoloji metodlar hələ də diaqnostik prosesdə özünə yer tapsa da, onların tətbiqi, əvvəllki bir neçə onilliklə müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşmışdır.
Rentgen müayinəsi zamanı, şəkillərin ən azı 2 proyeksiyada çəkilməsi məqsədəuyğundur. Bu, onunla əlaqədardır ki, rentgenoqramma, özündən 3-ölçülü obyektin təsvirini təmsil edir. Bunun nəticəsi olaraq, aşkar edilən patoloji ocağın lokalizasiyasını, yalnız 2 proyeksiyanın köməyilə təyin etmək olar.
Bəzi hallarda rentgenoqrafiya, konrast maddələrin köməyilə aparılır. Kontrast maddələr (preparatlar) – rentgen şüalarını udması qabiliyyətinə görə, bioloji toxumalardan fərqlənən diaqnostik vasitələrin bir növüdür. Onlardan, orqan və ya sistemlərin, adi rentgenoqrafiya, rentgenoskopiya, kompüter tomoqrafiyası vasitəsilə aşkarlana bilinməyən və ya zəif aşkarlana bilən strukturlarını ayırd etmək üçün istifadə olunur.
Rentgenokontrast maddələr 2 qrupa bölünür. Birinci qrupa, rentgen şüalarını orqanizmin toxumlarından daha zəif udan (rentgenoneqativ) preparatlar, ikinci qrupa isə – rengten şüalarını bioloji toxumalardan daha çox dərəcədə udan (rentgenopozitiv) preparatlar aid edilir.
Əksər hallarda istifadə olunan rentgenopozitiv preparatların tərkibində, bir qayda olaraq, yod və ya barium olur. Rentgenopozitiv preparatların tərkibində ağır kimyəvi elementlər olur, çünki elementin atom sıra sayı nə qədər böyükdürsə, o, bir o qədər güclü şəkildə rentgen şüalarını udmaq qabiliyyətinə malik olur. Hava, oksigen, N2O, karbon qazı – rentgenoneqativ kontrast maddələr qismində istifadə olunur.
Yod tərkibli kontrast maddələrdən, əsasən suda həll olan üzvi yod birləşmələri və yodlaşdırılmış yağlar istifadə olunur.
Daha çox yodun suda həll olan üzvi birləşmələri, xüsusilə də veroqrafin, uroqrafin, yodamid, triombrastdan istifadə olunur.
Yodlaşdırılmış yağlar qrupuna – yodolipol və yodatol aid edilir. Bu qrupa, həmçinin lipiodol (etiodol) da aid edilir.
Üzvi yod tərkibli kontrast maddələr, xüsusilə də onların suda həll olunan növləri, bir sıra əlavə təsirlərə (ürəkbulanma, qusma, qaşınma, bronxospazm, qırtlağın ödemi, Kvinke ödemi, kollaps, ürək ritminin pozulması və s.) səbəb ola bilir. Bu əlavə təsirlərin ifadəlilik dərəcəsi, əsas etibarilə, preparatın yeridilmə üsulu, yeri və sürəti, onun dozası, xəstənin fərdi həssaslığı və digər amillərlə müəyyən olunur.
Əhəmiyyətli dərəcədə az ifadə olunmuş əlavə təsirləri olan müasir kontrast maddələr işlənib hazırlanmışdır. Bunlar, xüsusilə angioqrafiya zamanı əhəmiyyətli dərəcədə az miqdarda ağırlaşmalara səbəb olan dimer və qeyri-ion suda həll olan üzvi yodəvəzedici birləşmələrdir (yopamidol, yopromid, omnipak və s.). Arteriadaxili inyeksiya zamanı, onlar damarların genişlənməsi effektinin (vazodilatasiya) səbəb olduğu xarakterik yanma hissi yaratmır.
Rentgenoqrafiyanın üstün cəhətləri:
- metodun geniş yayılması və tədqiqatın aparılmasının asanlığı;
- müayinələrin əksəriyyətinin, xəstənin xüsusi hazırlığını tələb etməməsi;
- müayinənin nisbətən az xərc tələb etməsi;
- rentgen şəkillərinin, məsləhətləşmək üçün başqa bir mütəxəssis tərəfindən və ya başqa bir tibbi müəssisədə asanlıqla istifadə edilə bilməsi.
Rentgenoqrafiyanın mənfi cəhətləri:
- təsvirin statikliyi – orqanın funksiyasının qiymətləndirilməsinin çətinliyi;
- xəstəyə zərərli təsir göstərə bilən ionlaşdırıcı şüalanmanın olması;
- klassik rentgenoqrafiyanın informativliyi, KT, MRT və kimi müasir tibbi müayinə üsullarından əhəmiyyətli dərəcədə aşağıdır. Adi rentgen şəkilləri, mürəkkəb anatomik strukturların proyeksion təbəqələşməsini, yəni onların summar rentgen kölgəsini əks etdirir. Müasir tomoqrafiya metodları ilə isə, təsvirlərin təbəqəli seriyası əldə edilir;
- kontrast maddələrin tətbiqi olmadan, rentgenoqrafiya, sıxlığına görə bir-birindən az fərqlənən yumşaq toxumalardakı dəyişiklikləri təhlil etmək üçün kifayət qədər informativ deyildir (məsələn, qarın boşluğu üzvlərinin müayinəsi zamanı).
Rentgen müayinəsi üçün göstərişlər
Şüa diaqnostikası, daxili orqanların və sümüklərin patologiyalarının diaqnostikası üçün geniş yayılmış metodlardan biri sayılır. Rentgen şüalarının yüksək nüfuzetmə qabiliyyətinin hesabına, bütün anatomik və struktur xüsusiyyətləri və zədələnmələri göstərə bilən, insan bədəninin lazım olan bölgəsinin ağ-qara şəkillərini əldə etmək mümkündür. Həm insan orqanizminin bütün bölgələri, həm də ayrı-ayrı orqan və sistemlərə xas olan patologiyaların müəyyənləşdirilməsinə yönəldilmiş bu və ya digər nahiyənin müayinəsinin aparılması üçün müəyyən göstərişlər mövcuddur.
Aşağıda nevrologiya və neyrocərrahiydə rentgen müayinəsinə göstərişlərdən söhbət açılır.
Baş və onurğa beyinləri, ionlaşdırıcı şüalanmanı özündə tutub saxlamaq qabiliyyətinə görə, rentgen təsvirlərində praktiki olaraq görüntülənmir, buna görə də onların rentgen şəkillərinin üzərində təsviri zəif alınır.
Rentgen müayinəsinin əsas obyekti kəllə və onurğa sütunudur, odur ki, onun keçirilməsi üçün əsas göstəricilər aşağıdakılardır:
- degenerativ-distrofik xəstəliklərin diaqnostikası (fəqərəarası disk yırtığı, spondiloz, osteoxondroz);
- anomaliyaların və inkişaf qüsurlarının görüntülənməsi;
- xoşxassəli və bədxassəli onkoloji yenitörəmələrin diaqnostikası;
- travmatik xəsarətlərin nəticələrinin aşkar edilməsi;
- xəstənin onurğa sütununda olan ağrılarla bağlı şikayətlə
Rentgenoqrafiyanın keçirilməsinə əks-göstərişlər:
Hər hansı digər bir metod kimi, rentgenoqrafiya da öz əks-göstərişlərinə malikdir.
Rentgenoqrafiyanın keçirilməsinə aşağıdakı əks-göstərişlər ola bilər:
- hamiləlik, xüsusilə ilk trimestr;
- xəstə ağır vəziyyətdə olduqda, rengenoqrafiya aparılmır;
- açıq pnevmotoraks və
Kontrast maddə ilə aparılan rentgenoqrafiyaya əks-göstərişlər:
- dekompensasiya mərhələsində olan şəkərli diabet;
- qaraciyər və böyrəklərin funksiyalarının ağır dərəcəli pozulmaları;
- vərəmin aktiv forması;
- yod tərkibli maddələrə yüksək həssaslıq;
- qalxanabənzər vəzinin patologiyaları;
- qadınlarda südvermə dövrü.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, rentgenoqrafiya insan orqanizminin müxtəlif şöbələrinin, o cümlədən də sinir sisteminin çoxsaylı patologiyalarını aşkar etməyə imkan verir.
Kəllənin və onurğa sütununun rentgenoqrafiyası
Kəllənin və onurğa sütunun rentgenoqrafiyasına əsas göstərişlər həcmli törəmələrdir. Məsələn, hipofiz adenomasında – türk yəhərinin böyüməsi, meningeomalarda – hiperostoz, osteoxondroz, metastazlar və birincili şişlər zamanı – fəqərələrdə distrofik və dağıdıcı prosesləri göstərmək olar.
Uşaqlıq dövründə kranioqrafiya, hidrosefaliyanın dinamikasını və kəllə tikişlərinin vəziyyətini müəyyən etmək və dinamikasının müşahidəsi üçün ən çox istifadə olunan üsullardan biri olaraq qalır. Kranioqrammalarda kəllədaxili hipertenziyanın: barmaq basıqlarının güclənməsi və kəllə tağı sümüklərinin nazilməsi, kəllə tikişlərin aralanması (uşaqlarda), türk yəhərinin girişinin genişlənməsi və dibinin dərinləşməsi, kəllə əsasının relyefinin qalınlaşması kimi əlamətləri aşkar edilə bilər.
Rentgenoloji müayinə metodları, kəllənin və onurğa sütununun travmatik zədələnmələri zamanı (xüsusilə də kəllə tağının sümüklərinin xətti sınıqları, fəqərələrin kompression sınıqları və s.) əsas üsullardan biri olub, çox vaxt sümük zədələnmələrinin mövcudluğunu digər tədqiqat metodlarından daha dəqiq surətdə aşkar etməyə imkan verir.
Şəkil 1. Sagittal və lambdaşəkilli tikişlərin aralanması ilə birgə təpə sümüyünün basılmış çoxqəlpəli sınığı.
Onurğanın osteoxondrozuna şübhə yarandıqda ilkin olaraq xəstələrə fəqərə sütununun rentgenoqrafiyası müayinəsi təyin olunur, müayinənin nəticələri bu şübhəni təsdiqləyərsə, növbəti mərhələdə KT və ya MRT müayinələri təyin edilir. Osteoxondrozun əsas rentgenoloji əlamətləri: fəqərələrin patoloji hərəkətliliyi; fəqərə cisimlərinin yerdəyişməsi; diskin kalsifikasiyası (duzların çökməsi); bel və boyun şöbələrində fəqərələrarası yarığın bərabər dərəcəli, döş şöbəsində isə pazşəkilli daralması; osteofitlərin yaranması (fəqərələrin kənarlarında sümük çıxıntıları); zədələnmiş diskin sərhədində qalınlaşmanın (subxondral skleroz) yaranması; fəqərə sütununun ayrı-ayrı şöbələrinin formasının dəyişilməsi, məsələn bel lordozunun düzlənməsi.
Şəkil 2. Onurğanın boyun nahiyəsinin osteoxondrozu.
İonlu olmayan rentgenokontrast maddələrlə ventrikuloqrafiya yüksək invaziv diaqnostik metodlara aiddir. Hal-hazırda bu metod olduqca nadir hallarda və yalnız böyük neyrocərrahiyə stasionarlarında (əməliyyatönü mərhələdə) tətbiq edilir. Metod, kontrast maddənin yan mədəciklərin boşluğuna, bir qayda olaraq yan mədəciyin ön buynuzunun punksiyası vasitəsilə yeridilməsi ilə xarakterizə olunur. Ventrikuloqrafiyanı, hal-hazırda yalnız kəllənin likvor sahələrinin mürəkkəb anadangəlmə inkişaf qüsurları zamanı, mədəciklərarası dəliyin (Monro dəliyi) keçiriciliyini, III mədəciyi, Silvi su kəmərini və IV mədəciyi tədqiq etmək məqsədilə tətbiq edirlər. Bu metodun təkmilləşdirilmiş bir variantı kimi, tez-tez kistoqrafiyadan (intrakranial yerləşən sistin daxilinə, onun baş beynin likvor sahələri ilə əlaqələrinin olmasını aydınlaşdırmaq məqsədilə kontrast maddənin yeridilməsi) istifadə edilir.
Serebral və spinal angioqrafiya
Baş beynin və onurğa beyninin damar sisteminin rentgenoloji müayinəsi üsuludur. Hal-hazırda angioqrafiyadan əsasən, baş beynin və onurğa beynin kisəşəkilli və ya arteriovenoz anevrizmasına şübhəli xəstələrdə (əməliyyatönü diaqnostika və əməliyyatdan sonrakı nəzarət metodu kimi), həmçinin boynun magistral damarlarının trombozunu və ya stenozunu aşkar etmək üçün tətbiq olunur.
Əvvəlki kimi, serebral angioqrafiyanın, baş beynin bəzi şişlərinin qanla təchizahı mənbələrini təyin etmək və bəzi iri arteriyalar (beyin əsasında) ilə əlaqələrini aşkar etmək üçün tətbiqi vacibdir ki, bu da cərrahlara beyin şişlərinin çıxarılmasında əməliyyatın aparılacağı yeri və aradan qaldırılıcaq şişin həcmini planlaşdırmağa imkan verir.
Son zamanlar KT və MRT angioqrafiya metodlarının tətbiq edilməsi, xüsusən də neyroonkoloji xəstələrdə, angioqrafiyanın bir diaqnostika üsulu kimi tətbiqinin miqdarını xeyli azaltmışdır. Lakin baş və onurğa beyinlərinin damar xəstəliklərinin endovazal müalicə metodlarının inkişafı, bu invaziv metodun neyrorentgenologiyanın arsenalında hələ də saxlanılmasına və inkişaf etdirilməsinə şərait yaradır.
Mieloqrafiya
Onurğa beyninin likvor sisteminin tədqiqat üsuludur. Onurğa beyninin subaraxnoidal boşluğunun punksiyası və oraya suda həll olan kontrast maddənin yeridilməsi üsulu ilə həyata keçirilir. Mieloqrafiyanın 2 növü ayırd edilir:
- enən miyeloqrafiya zamanı subaraxnoidal məkanın punksiyası, böyük ənsə sisternası səviyyəsində icra edilir (hazırda olduqca nadir hallarda istifadə olunur);
- qalxan mieloqrafiyada punksiya, onurğa sütununun aşağı-bel fəqərələri səviyyəsində həyata keçirilir.
Əvvəllər onurğa beyni və fəqərə sütunu xəstəliklərinin (onkoloji, damar, iltihabi və digər proseslər) diaqnostikasında geniş yayılmış bu üsul, MRT-nin meydana çıxmasından sonra xeyli az dərəcədə tətbiq edilir. Hal-hazırda mieloqrafiya, əsasən subaraxnoidal məkanların fəqərəarası disk yırtıqlarında sıxılma dərəcəsini aydınlaşdırmaq, onurğa beyni qişalarında iltihabi proseslərin diaqnostikasında, əməliyyatdan sonra, digər müayinə metodlarının köməyi ilə şişin və ya fəqərəarası disk yırtığının residivinin mövcudluğu məsələsini həll etmək çətin olduqda, həmçinin əməliyyatdan sonrakı çapıq-bitişmə prosesini dəqiqləşdirmək üçün tətbiq olunur.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/09/11/k%c9%99ll%c9%99-beyin-travmalari/
https://nevropatologiya.az/2021/08/24/osteoxondroz/
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2019-cu ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq