Üçlü sinirin nevralgiyası

Üçlü sinirin nevralgiyası (Trigeminal nevralgiya) – üçlü  sinirin (üzün ən böyük hissi sinirinin) xroniki iltihabi xəstəliyi olub, paroksizmal ağrı sindromu ilə xarakterizə olunur. Həmçinin bu xəstəlik üz və ya trigeminal (latinca  “trigeminus“ – “üçlü“ deməkdir) nevralgiya da adlanır. XBT-10 üzrə kodu G50.0-dir.

Trigeminal nevralgiya hər 100 min nəfərə 40-50  halda rast gəlinir. İl ərzində hər 100 min nəfərə 5 xəstələnmə halı  baş verir.

Statistikaya görə, bu xəstəliyə daha çox 50  yaşından yuxarı  qadınlar məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır, məktəbəqədər uşaqlarda isə cəmi bir neçə dəfə xəstəlik halları  təsvir edilmişdir.

 

Etiologiya

Trigeminal nevralgiya  idiopatik, yəni yaranma səbəbi  naməlum olan  xəstəliklərə aiddir. İndiyədək   alimlər arasında xəstəliyə gətirib çıxaran səbəblər haqqında çoxsaylı diskussiyalar keçirilib, lakin konsensus hələ də əldə edilməmişdir.

Trigeminal nevralgiyanın yaranma mexanizminə görə bu patologiya birincili və ya həqiqi (yalnız üçlü sinirin təcrid olunmuş zədələnməsi) və ikincili (sinir sisteminin sistem xəstəliklərinin bir simptomu kimi təzahür edən nevralgiya şəklində) ola bilər.

Trigeminal nevralgiyanın  dəqiq səbəbi yuxarıda qeyd olunduğu kimi, indiyədək aydınlaşdırılmadığı üçün  idiopatik xəstəliklərə aid edilir. Lakin bu xəstəliyin inkişafına ən çox səbəb olan amillər ayırd edilir.

Üçlü sinirin nevralgiyasının  inkişafına kömək edən amillər:

  1. Üçlü sinirin və ya onun şaxələrinin kəllə qutusunda   və ya onu tərk etdikdən sonra kompressiyası :

–           beyin damarlarının genişlənməsi: anevrizmalar (anormal damar genişlənməsi), ateroskleroz, hemorragik və  işemik insult, onurğanın boyun nahiyəsinin osteoxondrozu nəticəsində kəllədaxili təzyiqin artması, damar inkişafının anadangəlmə anomaliyaları  və s. trigeminal nevralgiyanın ən geniş yayılmış səbəblərindəndir;

–           üçlü sinirin şaxələri boyunca baş beynin və ya üz nahiyəsinin şişləri;

–           travmalar və travmadan sonrakı  çapıqlar;

–           gicgah-çənə oynağı nahiyəsində baş verən travmalar;

–           infeksion-iltihabi proses nəticəsində birləşdirici toxumada bitişmələrin (adheziya) yaranması, skleroz nəticəsində sinir liflərinin miyelin qişasının dağılması;

–           kəllənin sümük strukturlarının inkişafında anadangəlmə anomaliyalar.

  1. Sinirin virus mənşəli zədələnmələri: Herpes infeksiyası, poliomielit, neyro-QİÇS.
  2. Sinir sisteminin xəstəlikləri:

–           Dağınıq skleroz;

–           Uşaq serebral iflici (USİ);

–           Meningit, meninqoensefalit (virus, vərəm mənşəli);

–           Epilepsiya;

–           Kəllənin travmaları, infeksion proseslər, beynin oksigen və qida maddələri  ilə təminatının çatışmazlığı nəticəsində yaranan ensefalopatiyalar;

–           Üçlü  sinirin nüvələri və lifləri nahiyəsində beyin şişləri və qan dövranının pozulması və s.

  1. Odontogen səbəblər (dişlərlə əlaqəli):

–           dişlərin pis plomblanması və ya çəkilməsi; üz nahiyəsində və ağız boğluğunda cərrahi müdaxilələrin aparılması;

–           diş kanalların anesteziyasına orqanizmin reaksiyası;

–           dişlərin zədələnməsi ilə müşayiət olunan çənənin travmaları;

–           xəstə diş ətinin iltihabı.

Trigeminal nevralgiyanın  inkişaf riskini  artıran amillər:

  • xəstənin yaşının 50-dən yuxarı olması;
  • ruhi xəstəliklər;
  • xroniki yorğunluq;
  • stress;
  • üzün hipotermiyası (məsələn, yelçəkən yerdə qalmaq);
  • avitaminozlar (xüsusən də B qrupu vitaminlərinin çatışmazlığı);
  • metabolik pozuntular: podaqra, şəkərli diabet, qalxanabənzər vəzinin xəstəlikləri və digər endokrin patologiyaları;
  • helmintozlar (parazit qurdlar);
  • aclıq, bağırsaqlarda qida maddələrinin sorulmasının pozulması, bulimiya, anoreksiya;
  • Haymor ciblərinin və digər burunətrafı ciblərin selikli qişasının ödemli iltihabı (xroniki sinusitlər);
  • ağız boşluğunda iltihabi proseslər və irinli ocaqlar (abses, fleqmona) – gingivit, pulpit;
  • kəllə sümüklərinin, xüsusən də çənələrin irinləməsi (osteomielit);
  • ağır intoksikasiya ilə keçən kəskin və xroniki infeksion xəstəliklər: malyariya, sifilis, vərəm, brusellyoz, botulizm, tetanus və s.
  • autoimmun xəstəlikləri;
  • ağır allergik xəstəliklər.

 

Patogenez

Trigeminal nevralgiyanın inkişafının patogenezinə gəldikdə, dünyada bir çox alimlər bu mövzunu  uzun illərdir ki, müzakirə edirlər. Üçlü sinirin nevralgiyasının başlanmasına səbəb olan amillərə görə, onun inkişaf mexanizminin 2 nəzəriyyəsi təklif olunur:

  1. Miyelin qişasının məhv olması

Nevralgiyanın mümkün olan bütün səbəbləri  uzun müddət ərzində təsir edərsə, sinir liflərinin miyelin qişasına (qismən və ya tamamilə) zərər verə bilər. Miyelin qişası oliqodendrositlərin Şvann hüceyrələri ilə əvəz olunduğu, daha dəqiq desək, mərkəzi sinir sistemi liflərinin periferik sinirlərə keçdiyi  yerdə təsirlərə xüsusilə həssasdır. Miyelin qişasının zədələnmə prosesi demiyelinizasiya adlanır.

Bu zaman sinir lifi müdafiəsiz bir vəziyyətə düşür. Sinir impulsları  sinir lifinin hüdudlarından kənara  “axıb gedir“  və yaxınlıqdakı sinir liflərinə yayılır. Nəticədə neyronların güclənmiş qıcıqlanması  və ağrı  sindromunun yaranması  baş verir.

Trigeminal nevralgiya zamanı, adətən sinirin hərəki  funksiyası  pozulmur, onun hissiyyatı da saxlanılır. Yəni, sinir impulsun keçirilməsi üçün ciddi bir maneə mövcud olmur.

Sinir liflərinin miyelin qişası zədələndikdə ağrı  sindromunun daimi deyil, tutmaşəkilli xarakter daşımasının səbəbi sonadək aydınlaşdırılmamışdır.

  1. Mərkəzi sinir sistemi tərəfindən  üçlü  sinirin  fəaliyyətinin tənzimlənməsinin pozulması

Üçlü sinirin liflərinin zədələnməsi onun hissi şaxələrindən keçən sinir impulslarının tormozlanmasına səbəb olur. Bu, orta və arxa beyində trigeminal sinir nüvələrinin qıcıqlanmasının artmasına səbəb olur. Nəticədə ağrı  sindromu yaranır.

Təcrübi  olaraq sübut edilmişdir ki, üçlü sinirin zədələnməsi beyin qabığında epileptik ocaqların inkişafına gətirib çıxara bilər. Bu nəzəriyyənin lehinə, epilepsiyada istifadə olunan qıcolma əleyhinə preparatların trigeminal nevralgiyanın müalicəsində effektli  olması  şahidlik edir.

Hər bir nəzəriyyədə “qaranlıq  ləkələr” olsa da, ağrı  sindromunun inkişafında hər iki mexanizminin öz yerinin olması, yəni  bir-birini  ardıcıl şəkildə təqib etməsi ehtimal edilir. Məhz buna görə, trigeminal nevralgiyanın müalicəsi sinir liflərinin miyelin qişasının bərpası  və baş beyində sinir proseslərinin tormozlanmasına doğru yönəldilmiş kompleks şəklində olmalıdır.

 

Simptomlar

Üçlü sinirin nevralgiyasının əsas simptomu sifət nahiyəsində ağrının olmasıdır, lakin xəstəliyin digər simptomları  və ağırlaşmaları  da mövcuddur ki, onlar dözülməz ağrı  kimi narahatlıq yaratmasalar da əlavə bir simptom kimi trigeminal nevralgiya diaqnozunun təsdiq olunmasına böyük  yardım göstərə bilər.

Sifət nahiyəsində ağrı.  Ağrı  sindromu adətən sifətin yalnız bir yarısında meydana gəlir. Ağrı tutmaşəkilli və ya paroksizmal adlanır. Ağrı  tutmaları  sakitləşmə dövrü  ilə növbələşir. Ağrı dözülməz, ötücü  xarakterli olur, onu tez-tez elektrik şoku ilə müqayisə edirlər. Bu anlarda xəstə tutmanın başladığı  mövqedə donub qalır, hərəkət etməməyə çalışır, əllərini ağrının lokalizasiyası  yerinə sıxır. Ağrı  tutmaları  bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Sakitləşmə periodu bir neçə saatdan bir neçə aya qədər çəkə bilər. Bəzən xəstəliyin atipik gedişi və ya uzun müddət müalicə olunmadığı hallarında üz və baş ağrısı demək olar ki, daimi olur. Xəstəliyin müddəti artdıqca, tutmaların davametmə müddəti də artır, remissiya periodu isə qısalır. Trigeminal nevralgiyanın təzahürləri, diş ağrısına bənzəyə bilər, odur ki, bu cür şikayətləri  olan xəstələr çox vaxt ilk növbədə stomatoloqa müraciət edirlər. Eyni  zamanda xəstə, tamamilə sağlam olan bir dişinin ağrıdığını  göstərər ki, bu da həmin dişin səhvən itirilməsinə səbəb ola bilər.

Ağrı  adətən qıcıqlandırıcı amillərə məruz qaldıqdan sonra yaranır. Üzdə ağrı  tutmasının başlaya biləcəyi trigger (tətik) adlanan (ədəbiyyatda “alqogenik”  termini də işlənilir) nahiyələr vardır  ki, onların azacıq qıcıqlanması nəticəsində ağrı  tutması yarana  bilir. Bu zaman tutma vaxtı bu nöqtələrə kobud bir təsirin edilməsi, çox vaxt onun dayandırılmasına gətirib çıxarır.

Trigger (tətik) nöqtələrinin lokalizasiyası fərdidir:

  • dodaqlar;
  • burun qanadları;
  • qaşlar;
  • çənənin orta hissəsi;
  • gicgah-çənə oynağı;
  • yanaqlar;
  • xarici qulaq keçəcəyi;
  • ağız boşluğu: dişlər, yanaqların daxili  səthi, damaq, dil.

Ağrı  həmin nöqtələrin güclü zərbə və ya digər kobud amillər nəticəsində qıcıqlandırılması zamanı, həm də əhəmiyyətsiz səbəblərdən:

  • qışqırıq;
  • gülüş, təbəssüm;
  • söhbət;
  • çeynəmə aktı, qida qəbulu;
  • havanın temperaturunun dəyişməsi, yelçəkəndə qalmaq;
  • əsnəmək, asqırmaq;
  • dişlərin təmizlənməsi;
  • əl-üzün yuyulması;
  • krem və makiyajın çəkilməsi;
  • üzün təraş edilməsi və s.-dən yarana bilər.

Ağrının lokalizasiyası:

  • Baş, göz qapaqlarının və göz ətrafının, burunun, başın gicgah-təpə nahiyəsi – üçlü sinirin göz şaxəsi zədələndikdə.
  • Üst dişlər, əng nahiyəsi, yuxarı dodaq və yanaqlar – üçlü sinirin maksillyar şaxəsi zədələndikdə.
  • Alt dişlər, çənə nahiyəsi, alt dodaq, ön qulaqətrafı nahiyə – üçlü sinirin mandibulyar şaxəsi zədələndikdə.
  • Sifətin bütün yarısı – üçlü sinirin bütün şaxələri zədələndikdə və ya nevralgiyanın mərkəzi mənşəli (beyin şişi və s.) səbəbləri zamanı.

 

Sifətin və buynuz qişanın  qızarması, tüpürcək ifrazının artması, gözün yaşarması, burundan selikli  ifrazatın gəlməsi.  Bu simptomlar zədələnmiş tərəfdə lokallaşmış olur və ağrı  tutması zamanı  müşahidə edilir. Sifətin hiperemiyası; tüpürcək, göz yaşı  və burnun selikli vəzilərinin ifrazetmə funksiyalarının güclənməsi vegetativ sinir sisteminin pozuntuları  ilə bağlıdır. Belə ki, vegetativ sinir lifləri üçlü sinirin şaxələrinin hissi  liflərinin tərkibinə daxildir.

Üz əzələlərinin tremoru.  Üz əzələlərinin səyriməsi ağrı  sindromu  zamanı  yaranır  və  zəif ifadə olunmuş lokal qıcolmaları  və ya sinir tiklərini xatırladır. Bu zaman çeynəmə və mimiki əzələlər prosesə cəlb olunur. Göz qapaqlarının spazmı  ilə əlaqəli olaraq, xəstə tərəfdə göz yarığının daralması  müşahidə edilə bilər. Əzələ səyrimələri  güclənmiş oyanıqlığın reflektor olaraq  üçlü  sinirin hərəki  liflərinə və üz əzələlərini  innervasiya edən digər kəllə-beyin sinirlərinə yayılması  səbəbindən baş verir.

Psixi  pozuntular.  Xəstələr əsəbi olmağa başlayırlar, qorxu və narahatlıq hissi əmələ gəlir. Gülməyin, danışmağın, qida qəbulunun ağrı  sindromunun inkişafına gətirib çıxarması nəticəsində xəstə qapalı  olur, danışmır, yeməkdən imtina edir. Ağır hallarda intihar meylləri meydana çıxa bilər. Xəstədə psixi pozuntular tez-tez baş verən dözülməz ağrı  tutmaları, xəstəliyin illər boyu davam etməsi, tətik zonalarının kiçicik bir səbəbdən qıcıqlanması fonunda ağrı  tutmalarının yaranması  nəticəsində əmələ gəlir. Xəstələrdə apatiya, psixoz, fobiya, depressiya və s.  yaranır.

Sifətin həssaslığının pozulması (paresteziya).  Zədələnmiş tərəfdə “iynə batması”, “qarışqa gəzməsi”  hissiyyatı  şəklində təzahür edir. Karies və pulpit zamanı  yaranan küt, sızıldayan diş ağrıları  əmələ gələ bilir ki, bu da həmin xəstələri stomatoloqa müraciət etməyə məcbur edir. Bəzən  üçlü sinirin şaxələri boyunca dəri  hissiyyatının olmaması  müşahidə edilir. Bu simptom xəstələrin 1/3-də rast gəlinir  və ümumiyyətlə, yaxınlaşan ağrı  tutmasını (paroksizmdən bir neçə gün və ya bir neçə ay əvvəl) qabaqcadan xəbər verən bir əlamət olur. Paresteziyalar sinir liflərinin miyelin qişasının geniş yayılmış məhvi  ilə bağlıdır və bu proses hissi sinir lifləri boyunca sinir impulslarının ötürülməsinin pozulmasına və onların oyaniqlığının güclənməsinə səbəb olur.

Qan dövranının və limfanın drenajının pozulması (trofik dəyişikliklər).  Üçlü sinirin gedişi boyunca trofik dəyişikliklər xəstəliyin yaranmasından bir neçə il sonra baş verə bilər. Üzün əzələlərinin və dərisinin üçlü sinir tərəfindən innervasiyasının pozulması, uzun sürən və tez-tez baş verən ağrı  tutmaları  nəticəsində üzün zədələnməyə məruz qalmış tərəfində qan dövranı  və limfa drenajının pozulması  müşahidə edilir. Bu, toxumaların qidalanmasının pozulmasına (oksigen və qidalı maddələrin çatışmazlığı) gətirib çıxarır. Tətik zonalaranı  qıcıqlandırmamaq üçün, xəstə üzün zədələnmiş tərəfini  gücə salmamağa çalışır: qidanı  sağlam tərəfi  ilə çeynəyir, ağzını  geniş açmır, gülümsəmir və s. Nəticədə bu, çeynəmə və üz əzələlərinin atrofiyasına (əzələ toxumasının kütləsinin azalması, onların funksiyasının zəifləməsi), о  isə öz növbəsində üz əzələlərinin və dərisinin trofikasının pozulmasına gətirib çıxarır. Bu proseslər aşağıdakı əlamətlərin meydana gəlməsinə səbəb olur:

  • sifətin asimmetriyası;
  • ağız küncünün qalxması;
  • qaşların, yuxarı göz qapağının enməsi;
  • sifətin sağlam tərəfində əzələ gərginliyi;
  • dərinin quruması və qabıq  verməsi;
  • qırışların yaranması;
  • kirpiklərin və qaşların tökülməsi;
  • dişlərin tökülməsi (paradontoz);
  • gicgah və alın nahiyələrində saçların tökülməsi, saçların lokal şəkildə ağarması;
  • çeynəmə əzələlərinin zəifliyi.

Trigeminal nevralgiya adətən birtərəfli inkişaf edir və çox vaxt sağtərəfli olur. Xəstəliyin gedişatı ilə ağrının lokalizasiyası dəyişmir. Yalnız baş beynin ağır patologiyaları  zamanı  prosesin sifətin ikinci yarısına yayılması  mümkündür.

 

Diaqnoz və diferensial diaqostika

Nevropatoloqun  müayinəsi

  1. Həyat anamnezi: üçlü sinirin nevralgiyasına səbəb ola biləcək amillər və xəstəliklər (şişlər, baş beynin damar patologiyaları, keçirilmiş xəstəliklər, ağız boşluğunda və ya üz nahiyəsində aparılmış cərrahi müdaxilələr və s.).
  2. Xəstəlik anamnezi:

–           xəstəliyin başlanğıcı kəskin, qəflətidir. Xəstələr aydın şəkildə xatırlayırlar ki, ilk dəfə harada və hansı  şəraitdə paroksizmal ağrının birinci tutması başlamışdır;

–           ağrı tutmaları remissiya dövrləri ilə əvəz olunur;

–           ağrı  sindromu, üçlü  sinirin tətik bölgələrindən birinin kiçik bir qıcıqlanması nəticəsində yaranır;

–           proses birtərəfli xarakterlidir;

–           ağrılar iltihab əleyhinə və analgetik preparatlar tərəfindən dayandırılmır.

  1. Şikayətlər: qəflətən tətik zonalarının qıcıqlandırılmasından sonra başlanan dözülməz ağrı tutmaları və trigeminal nevralgiyanın digər simptomları (yuxarıda sadalanmışdır) barəsində olur.
  2. Tutmalararası dövrdə  obyektiv müayinə :

–           Xəstənin ümumi vəziyyəti  adətən qənaətbəxş olur, huşu aydındır, nevrotik hallar və xəstənin psixi vəziyyətinin pozulması ola bilər.

–           Müayinə zamanı  xəstə tətik nahiyələrinə toxunmağa icazə vermir, özü  isə ağrıyan yeri dəri və ya selikli qişalara barmaqları  ilə toxunmadan göstərir.

–           Dəri  örtüyündə adətən dəyişiklik olmur. Xəstəliyin ağır və uzunmüddətli gedişi zamanı  dərinin quruması  və qabıq verməsi, qırışlar, üzün asimmetriyası, ptoz və üz əzələlərinin atrofiyasının digər simptomları ola bilər. Görünən selikli qışalar dəyişiksizdir.

–           Bəzən üzün dərisinin həssaslığının pozulması (paresteziya) qeyd edilir. Adətən müayinə zamanı  daxili orqanlar (ürək-damar, tənəffüs, həzm və orqanizmin digər sistemləri) tərəfindən patoloji dəyişikliklər aşkar edilmir.

–           Mərkəzi  sinir sisteminin patologiyası  olmadıqda üçlü sinirin nevralgiyası  olan xəstələrdə nevroloji statusda dəyişikliklər qeyd edilmir. Meningeal qişaların iltihab əlamətləri (meningeal simptomlar) və patoloji reflekslər qeyd edilmir.

Baş beynin patologiyası zamanı  ocaqlı  simptomatika qeyd edilə bilər (məsələn, yuxarı  göz qapağının enməsi  və ya ptoz, bəbəklərin ölçülərində fərq və ya anizokariya, xəstənin məkanda bələdliyinin pozulması  əlamətləri, tənəffüsün tezliyinin və keyfiyyətinin dəyişilməsi, bağırsaqların parezi  və orta beynin və arxa beynin zədələnməsinin digər spesifik nevroloji  simptomları). Bu cür simptomatikanın aşkar edilməsi  baş beynin əlavə instrumental müayinələrinin aparılmasını tələb edir.

  1. Paroksizmal ağrı tutması zamanı xəstənin obyektiv müayinəsi:

–           Ağrı  üçlü sinirin tətik zonalarına təsir etdikdən sonra baş verir və ağrı  yalnız trigeminal sinirin şaxələri boyunca yayılır.

–           Xəstənin aldığı  vəziyyət: donub qalır və ya əlləri  ilə üz əzələlərini  ovuşdurmağa çalışır, suallara cavab vermir və ya qısa ifadələrlə cavab verir. Bu zaman xəstənin siması çox qorxmuş və əzabkeş bir ifadə alır.

–           Üz dərisi tərləyir, xəstə tərəfdə üzün dərisi və buynuz qişaları  qızarır, göz yaşı  ifrazı  artır, ağız suyu ifrazının güclənməsi səbəbindən xəstə tez-tez tüpürcəyini udmaq məcburiyyətində qalır, burundan külli miqdarda selikli  ifrazatın gəlməsi qeyd edilir.

–           Birtərəfli  olaraq mimiki  əzələlərin səyriməsi  əmələ gələ bilər.

–           Xəstənin tənəffüs sürəti azalır və ya əksinə, artmış olur.

–           Nəbz sayı  artır (dəqiqədə 90-dan çox), qan təzyiqi  dəyişmir və ya bir az artır.

–           Üçlü sinirin  tətik nöqtələrini basarkən, ağrı  tutması  müvəqqəti olaraq dayandırıla bilər.

–           Üçlü  sinirin Novokain  blokadası  zamanı (üçlü sinirin şaxələri  boyu Novokainin yeridilməsi) ağrı  tutmasını  müvəqqəti olaraq kəsmək olur.

Diaqnoz spesifik şikayətlər, tətik zonalarının mövcudluğu, ağrının üçlü sinirin şaxələri boyunca yayılması, Kerer nöqtələrinin ağrılı olması, yuxarıda sadalan simptomların ağrı  tutmaları  zamanı  yaranması, obyektiv müayinə, instrumental diaqnostikanın nəticələrinə əsasən qoyulur.

 

İnstrumental  müayinə  metodları

Baş  və onurğa beyninin  maqnit – rezonans  tomoqrafiyası (MRT)

MRT baş beynin strukturlarını, onun damarlarını, kəllə-beyin sinirlərinin nüvələrini və şaxələrini müayinə etmək üçün ən informativ metoddur.

Bu üsul vizualdır (yəni biz kağız üzərində və ekranda dəqiq 3-ölçülü təsvir alırıq). Lakin, rentgenoloji  müayinədən fərqli olaraq, MRT maqnit şüalanmasına əsaslanır. Yəni, xəstə üçün daha təhlükəsizdir.

Üçlü  sinirin nevralgiyasına şübhə varsa, MRT müayinəsi beyin şişlərini, damar xəstəliyini, diffuz və ya dağınıq sklerozu və xəstəliyin digər mümkün səbəblərini aşkar etmək və ya istisna etmək üçün lazımdır.

Beyin damarlarının patologiyasını  daha dəqiq öyrənmək üçün damarlara kontrast maddənin vurulması (angioqrafiya) ilə MRT tətbiq olunur.

Komrüter  tomoqrafiyası (KT)

KT –  rentgenoloji  diaqnostika metodu olub, baş və onurğa beyni  strukturlarının təbəqələrlə görüntülənməsinə  imkan verir. İmformativliyinə  görə MRT-dən bir qədər geri  qalır. Belə ki, MRT  3-ölçülü bir görünüş, KT  isə yalnız  2-ölçülü bir görünüş yaratmağa imkan verir. KT müayinəsi sinir sisteminin trigeminal nevralgiyanın  inkişafına səbəb ola bilən xəstəliklərinin aşkar edilməsinə  imkan verir.

Elektroneyroqrafiya

Elektroneyroqrafiya – sinir sisteminin instrumental müayinə metodu olub, periferik sinirlərin lifləri  boyunca elektrik cərəyanının (impulsların) ötürülmə sürətini  müəyyən etməyə  imkan verir.

Elektroneyroqrafiya aşağıda sadalananları  müəyyən edir:

  • sinirin zədələnməsini;
  • zədələnmənin səviyyəsini (topik diaqnostikanı);
  • zədələnmənin patogenezini (miyelin qişasının və ya aksonun zədələnməsini);
  • prosesin yayılma dərəcəsini.

Üçlü sinirin nevralgiyası  zamanı  aşağıdakı dəyişiklikləri aşkar etmək olar:

  • trigeminal nevralgiyanın patogenezində əsas amil olan demiyelinizasiya (aksonların miyelin qişasının zədələnməsi);
  • sinir sisteminin xəstəliklərini diferensiasiya etməyə imkan verən digər mənşəli sinir zədələnmələri üçün xarakterik olan başqa növ sinir dəyişikliklərini.

Elektroneyromioqrafiya  (ENMQ)

ENMQ – elektroneyroqrafiyanın bir növü olub, periferik sinir boyunca elektrik cərəyanının yayılma sürətinin tədqiq edilməsinə parallel olaraq, həmin sinirlə innervasiya olunan əzələnin reaksiyasını  öyrənməyə  imkan verir.

Elektroneyroqrafiyanın müəyyən etdiyi parametrlərlə yanaşı, ENMQ  ağrıya tolerantlığı  və üçlü  sinirin mümkün ola bilən tətik zonalarının həssaslıq dərəcəsini, həmçinin sinirlərin oyanıqlığının güclənməsinə cavab olaraq əzələ liflərinin yığılma dərəcəsini müəyyən edir.

Elektroensefaloqrafiya  (EEQ)

EEQ – sinir sisteminin diaqnostika metodu olub, xüsusi aparat – elektroensefaloqraf vasitəsilə baş  beynin bioloji  elektrik aktivliyini qeyd edərək, onları  əyri xətlər şəklində kağız üzərində əks etdirir. Bu üsul bizə impulsların ötürülməsinin konkret olaraq hansı  strukturlarda pozulduğunu müəyyən etməyə imkan verir.

Üçlü sinirin nevralgiyasının paroksizmal tutması  zamanı  EEQ aşadıkıları aşkar edə bilir:

  • sinxronizasiya edilmiş və ya sinxronizasiya edilməmiş növlərdə əyrilərin dəyişməsi;
  • arxa və  orta beyində, üçlü sinirin nüvələrinin yerləşdiyi nahiyələrdə epileptik ocaqların olması  əlamətləri.

 

Üçlü  sinirin nevralgiyasında dar ixtisas mütəxəssislərinin əlavə məsləhətləri:

  • LOR. Burun-udlağın xroniki  xəstəliklərini aşkar etmək və zərurət yarandıqda müalicə etmək lazımdır.
  • Neyrocərrah – nevralgiyanın inkişafına gətirib çıxara bilən mərkəzi  sinir sisteminin patologiyası  aşkar edildikdə, cərrahi  müalicəyə ehtiyacın olması  məsələsini həll etməlidir.
  • Stomatoloq – üçlü sinirin nevralgiyasının diş xəstəlikləri  ilə diferensiasiyasını  aparmalı və lazım gələrsə, ağız boşluğunun sanasiyasını  icra etməlidir.

Laborator  tədqiqat   üsulları

Üçlü sinirin nevralgiyasında laborator diaqnostika çox  informativ deyil, ümumiyyətlə qan və digər bioloji  mayelərin biokimyəvi  göstəriciləri norma daxilində olur. Hal-hazırda  üçlü  sinirin nevralgiyası  da daxil olmaqla, nevralgiyanı  əks etdirən spesifik laborator göstəricilər mövcud deyil.

Nevralgiyanın müalicəsi  üçün dərmanların qəbul edilməsi fonunda orqanizmin onlara tolerantlığına nəzarət etmək vacibdir. Bunun üçün periodik olaraq qaraciyərin biokimyəvi testlərini, sidik və qanın ümumi  analizini  aparmaq lazımdır.

Meningeal qişaların iltihabı  əlamətləri (meningeal simptomlar) olduqda onurğa beyninin puksiyasını  və bu müayinə nəticəsində əldə edilən serebrospinal mayenin laborator tədqiqatını keçirmək lazımdır. Bu, meningit diaqnozunu  istisna etmək üçün lazımdır.

Üçlü sinirin herpetik zədələnməsi zamanı  herpesin  I, II, və III  növlərinə  İmmunoqlobulin  A, M, G- nin səviyyələrini  nəzarətdə saxlamaq lazımdır.

 

Müalicə

Adi qeyri-narkotik analgetiklər üçlü sinirin nevralgiyasının  müalicəsində effektiv deyil. Onlar yalnız müvəqqəti olaraq ağrını kəsir və getdikcə daha az təsir göstərir.

Trigeminal nevralgiyanın müalicəsi  kompleks şəklində aparılmalıdır:

  • trigeminal nevralgiyanın inkişafına gətirib çıxaran səbəblərin aradan qaldırılması;
  • mərkəzi sinir sisteminin qıcıqlanmasının azaldılması;
  • zədələnmiş üçlü sinirin miyelin qişasının bərpasının stimullaşdırılması: hal- hazırda miyelin qişasını tam bərpa etməyə kömək edən dərman vasitəsi mövcud deyil, belə bir effektiv  preparatın yaradılması  üçün dünyanın bir çox alimləri çalışırlar. Lakin miyelin qişasının bərpasını stimullaşdıran bəzi  tədbirlər həyata keçirilir;
  • üçlü sinirin şaxələrinə və tətik zonalarına fizioterapevtik üsullarla təsir edilməsi.

 

Trigeminal nevralgiyanın dərmanlarla müalicəsi:

  1. Antikonvulsantlar (preparatın seçimi  və dozanın təyini  fərdi  olaraq  həyata keçirilir).

Təsir mexanizmi:

  • antiepileptik;
  • psixotrop təsir;
  • trigeminal nevralgiyada ağrı  tutmalarını  dayandırmaq və qarşısını  almaq.

Onların əsas  təsiri – sinir impulslarını  ötürən akson membranının natrium-kalium kanallarının sabitləşdirilməsidir. Bunun nəticəsində, üçlü sinirin liflərinin və onun baş beynin orta  və  arxa şöbələrində yerləşən nüvələrinin oyanıqlığının azalması əldə olunur.

Digər effektləri: Qlütamatatın (sinir impulsunun tormozlanmasına səbəb olan neyromediator) ifrazı  və sinir liflərinin oyanıqlığına səbəb olan neyromediatorların (dofamin və noradrenalin) sintezini tormozlaması.

–           Karbamazepin (Finlepsin, Stazepin).  Preparat tədricən, kiçik dozalarla verilməyə başlayır, sonradan dozanı  artırırlar. Müalicəni sutkada 2 dəfə, 100-200 mq-dan başlayırlar, sonradan dozanı sutkada 400 mq-dan 2-3 dəfə, ağrı  tutmaları  kəsənədək artırırlar. Sonradan dozanı  müalicəvi effekti  sabit saxlamaq məqsədilə sutkada 2 dəfə, 100-200 mq-a qədər azaltmaq mümkündür. Müalicə uzunmüddətlidir.

–           Fenitoin (Difenin).  Müalicəni sutkada hər kq-a  3-5 mq dozasından başlayırlar. Sonra dozanı  sutkada 200-500 mq-a  qədər artırırlar. Təyin olunmuş dozanı  bir dəfəyə və ya sutkada  2-3 dəfə, mütləq yemək vaxtı  və ya yeməkdən sonra qəbul etmək lazımdır. Müalicə uzunmüddətlidir.

–           Lamotricin.  Başlanğıc doza – sutkada 1 dəfə, 50 mq-dır. Sonradan dozanı  sutkada 2 dəfə, 50 mq-a qədər artırırlar. Müalicə uzunmüddətlidir.

–           Qabantin (Qabapentin).  Bu preparatın təsir mexanizmi sonadək aydınlaşdırilmamışdır. Lakin onun  üçlü  sinirin nevralgiyasının müalicəsində yüksək effektivliyi təcrübi yollarla sübuta yetirilmişdir. Başlanğıc doza – sutkada 300 mq-dır, maksimal doza – sutkada 1800 mq -dır. Preparat sutkada 3 dəfə qəbul olunur.

 

  1. Miorelaksantlar.

Miorelaksantların tətbiqi aşağıda sadalanan effektləri verir:

–           sinir hüceyrələrinin oyanıqlığının tormozlanması;

–           əzələlərin tonusunun azaldılması;

–           aksonların membranlarının natrium-kalium kanallarının stabilizasiyası;

–           sinir impulslarının sinir lifləri  boyu yayılmasının tormozlanmasına səbəb olur;

–           kalsiumun sinapslara daxil olmasına mane olur;

–           baş beynin qanla təchizatını yaxşılaşdırır;

–           ağrıkəsici effekti vardır.

  • Baklofen. Bu preparat  qamma-amin yağ turşusu (QAYT) neyromediatorunun sintezinin tənzimləməsi hesabına  nevralgiyanın müalicəsində effektlidir. Başlanğıc doza sutkada 3 dəfə, cəmi  15 mq-dır. Tədricən bu dozanı  sutkada 3 dəfə, ümumi olaraq 30-75 mq-a qədər artırırlar.
  • Midokalm. Başlanğıc doza sutkada 3 dəfə, cəmi  150 mq, maksimal doza – sutkada 3 dəfə, cəmi 450 mq-dır.

 

  1. Vitamin preparatları.

B qrupu vitaminləri (Neyromultivit, Neyrovitan, Trivitron, Milqamma və digər komplekslər):

  • antidepressiv təsiri var;
  • xarici amillərin sinir hüceyrələrinə mənfi təsirlərini azaldır;
  • aksonların miyelin qişasının tədricən bərpası proseslərində və həm periferik, həm də mərkəzi  sinir sisteminə münasibətdə bir çox effektiv təsirlərdə iştirak edir. 1  tabletdən gündə 3 dəfə yemək zamanı  qəbul etmə İnyeksiya formaları  günaşırı  olaraq əzələyə 2-3 ml  yeridilir.
  1. Antihistaminlər: Dimedrol, Pipоlfen, Suprastin. Antikonvulsantların təsirini gücləndirir.

Dimedrol –  1% –  1 ml;

Pipоlfen –  2,5% – 2 ml;

Suprastin – 1 ml  2%-li  məhlulu yatmazdan  əvvəl  inyeksiya şəklində tətbiq edilir;

 

  1. Qlisised (Qlisin).  Qlisin – amin turşusu olub, sinir sisteminin oyanıqlıq proseslərini tormozlayan bir neyromediatordur. Sakitləşdirici, stressə qarşı təsirə malikdir, yuxunu normallaşdırır. Sutkada 3 dəfə, 2 tableti dil  altına qoymaq lazımdır.

 

  1. Neyroleptik və antidepressant preparatlar.
  • Aminazin – ötürücü sinir liflərindən impulslar alan reseptorları  blokada edir. Bununla əlaqədar dərman sakitləşdirici təsir göstərir və kəskin və xronik psixozlarda psixotik reaksiyaları  azaldır. Hər 4-6 saatdan bir 20-100  mq  dozada daxilə qəbul edilir. Dərmanın  inyeksion formada tətbiqi kəskin psixotik reaksiyalar zamanı  effektivdir. Birdəfəlik olaraq  25-50 mq  inyeksiya olunur. Lazım gələrsə, dərman təkrar şəkildə inyeksiya olunur. Bu dərmanın qəbulu   xəstənin psixi  vəziyyətinin normallaşmasına qədər davam etdirilir.
  • Amitriptilin – neyromediatorların ifrazını  tənzimlədiyinə görə antidepressiv effekt göstərir. İlkin doza: 3  qəbula 75 mq, sonra isə doza  3  qəbula 200 mq-a  qədər artırılır. Dərmanın yemək zamanı  qəbulu məsləhət görülür.

Ağır gedişli trigeminal nevralgiyada, davamlı  ağrılar zamanı  hətta narkotik vasitələrin (Natrium-oksibutirat, Kokain, Morfin və s.) təyini tövsiyə edilir.

Əvvəllər üçlü sinirin şaxələrinin 80%-li  etil spirti (alkoqolizasiya), Qliserin və Novokainlə blokadaları  geniş yayılmışdı. Lakin hazırda sübut edilmişdir ki, sürətli analgezik təsirinə baxmayaraq, bu prosedurlar üçlü sinirin əlavə travmatizasiyasına və miyelin qişasının dağılmasına səbəb olur ki, bu da yaxın müddət ərzində (artıq yarım il sonra) xəstəliyin qısamüddətli remissiyalar və uzun sürən ağrı tutmaları şəklində proqressivləşməsinə səbəb olur.

Bioloji aktiv əlavələr

Bu qrup preparatlar xəstəliyin risk amillərinə təsir etməkdə və nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
  • Doymamış yağ turşuları Omeqa-3 – Doymamış yağ turşuları miyelin qişasının qurulması üçün bir materialdır.

 

Mütləq şəkildə  xəstəliyin inkişafına gətirib çıxara biləcək  halların  korreksiyası  aparılmalıdır:

  • LOR – patologiyalarının müalicəsi;
  • baş beynin damar xəstəliklərinin müalicəsi;
  • ağız boşluğunun adekvat sanasiyası;
  • infeksion xəstəliklərin antibakterial (və ya antiviral) və immunqoruyucu müalicəsi;
  • travmalar, cərrahi əməliyyatlar və infeksion proseslərdən sonra birləşdirici toxumanın artımının (çapıqların) qarşısını almaq. Bu məqsədlə biostimulyatorlardan (Aloe və plasenta ekstraktları, FİBS), qlükokortikosteroidlərin (hormonların) kiçik  dozalarla qısa müalicə kurslarından və fizioterapevtik prosedurlardan müvəffəqiyyətlə  istifadə olunur;
  • metabolizmin pozulması zamanı  onun normallaşdırılması (pəhriz, vitamin terapiyası, hormonal  fonun korreksiyası  və s.);
  • səbəbkar xəstəliklərdən və digər hallardan asılı olaraq başqa fəaliyyət növləri.

 

Cərrahi müalicə

Trigeminal nevralgiyanın cərrahi müalicəsi, yalnız onun əməliyyatdan sonrakı  ağırlaşmalar problemlərini  minimal risklə effektiv surətdə həll edilə biləcəyi təqdirdə tövsiyə olunur. Həmçinin, dərman müalicəsindən klinik effekt olmadıqda (3 ay müddətində müsbət nəticələr olmadığı  təqdirdə) yüngülləşdirici  cərrahi manipulyasiyalar təklif olunur.

  1. Nevralgiyaya səbəb olan problemlərin cərrahi müdaxilə üsulu ilə həll edilməsi:

–           beyin şişlərinin çıxarılması (əməliyyatın həcmi  şiş prosesinin növü, yeri  və dərəcəsi ilə müəyyən edilir);

–           mikrovaskulyar dekompressiya – üçlü siniri və ya onun nüvəsini  sıxan genəlmiş qan damarlarının yerinin dəyişdirilməsi və ya rezeksiyası;

–           daralmış  infraorbital kanalın genişləndirilməsi (üçlü sinirin  I şaxəsinin çıxma yeri) – kəllə sümükləri  üzərində minimal  invaziv cərrahi əməliyyat.

Üçlü sinirin kompressiyasına səbəb olan amillərin effektiv surətdə aradan qaldırılması  ilə  çox hallarda trigeminal nevralgiya tutmaları  keçib gedir, nəticə – sağalmadır.

  1. Üçlü sinirin keçiriciliyinin  azaldılmasına yönəlmiş cərrahi müdaxilə:

–           Kiber Bıçaq  –  trigeminal nevralgiya zamanı  müasir effektiv müalicə metodudur. Bu zaman, digər travmatik əməliyyatlardan fərqli olaraq, ağırlaşmalar riski minimaldır (orta hesabla 5%). Kiber Bıçaq – deşilmə, kəsilmə və digər travmatik manipulyasiyalar tələb etməyən bir radiocərrahiyyə üsuludur. Xəstəxanadan kənar (ambulator şəraitdə) aparılması  mümkündür. Bu üsul – üçlü sinirin nüvəsinin və ya onun liflərinin güclənmiş oyanıqlıq nahiyəsinə nazik radiaktiv şüanın təsirinə əsaslanır.

–           Qamma Bıçaq – Kiber Bıçaq kimi, radiocərrahiyyə metodudur. Bu zaman  radiaktiv şüa toplusu trigeminal qanqlionu məhv edir. Bu üsulun da ağırlaşma riski  azdır. Effektivliyi Kiber Bıçaqdan daha azdır.

–           Trigeminal qanqlionun hava balonu ilə kompressiyası – dəri  vasitəsilə trigeminal qanqlion nahiyəsinə kateter yeridilir, onun vasitəsilə balon quraşdırılır və o, hava ilə doldurulur. Bu balon qanqlionu sıxır və vaxt keçdikcə  üçlü sinirin şaxələrini məhv edir ki, nəticədə sinir impulslarınin mərkəzi sinir sisteminə  ötürülməsini aradan qaldırır. Bu metod müvəqqəti təsirə malikdir və ağırlaşmaların inkişafına gətirib çıxara bilər (sifətin keyiməsi, mimikanın əyilməsi, çeynəmə aktının pozulması).

–           Trigeminal qanqlionun rezeksiyası – mürəkkəb travmatik əməliyyat olub, kəllənin trepanasiyasını, qanqlionun neştərlə kəsik aparmaqla aradan götürülməsini və əməliyyatdan sonra uzunmüddətli  bərpa periodunu tələb edir. Bu üsul ağırlaşmaların inkişafı  üçün böyük risk mənbəyidir.

Trigeminal qanqlionun və ya üçlü sinir şaxələrinin çıxarılmasına yönəldilmiş digər cərrahi  prosedurlar travmatik olur və tez-tez ağırlaşmalar verir.

Cərrahi müalicə üsulunun seçimi aşağıdakı  səbəblərdən asılıdır:

  • tibbi müəssisənin və cərrahların imkanları;
  • xəstənin maliyyə imkanları (radiocərrahiyyə üsulları  kifayət qədər bahalıdır);
  • yanaşı gedən xəstəliklərin olması;
  • xəstənin ümumi vəziyyəti;
  • nevralgiyanın inkişafına gətirib çıxaran səbəblər;
  • müəyyən bir əməliyyat növü üçün fərdi  göstərişlərin və əks-göstərişlərin olması;
  • xəstənin orqanizminin dərman müalicəsinə reaksiyası;
  • əməliyyatdan sonrakı ağırlaşmaların yaranma riski  və s.

 

Fizioterapiya

Fizioterapiya – trigeminal nevraliyada ağrı  sindromunun aradan qaldırılması üçün çox effektiv bir müalicə metodudur. Zədələnmə dərəcəsindən, residivlərinin tezliyindən, nevralgiyanı yaradan səbəblərdən asılı olaraq, üçlü sinir və ya onun nüvələrinə fiziki  təsirlərin bu və ya digər üsulu təyin edilir.

  1. Üz və boynun ultrabənövşəyi şüalanması (UBŞ).  Ağrı  sindromunun aradan qaldırılmasında istifadə olunur. Ultrabənövşəyi şüalanma (məhz orta dalğalı) sinir liflərinin oyanmasını  tormozlayan neyromediatrların və təbii analgetiklərin ifraz olunmasına səbəb olur. Müalicə müddəti – 10 seansdır.
  2. Lazer terapiyası. Ağrı  sindromunun qarşısının alınması və üçlü sinirin lifləri boyunca sinir impulslarının keçirilməsinin tormozlanması  effekti vardır. Lazer, üçlü sinirin hər bir şaxəsinin və bu sinirin yaratdığı  düyünlərin lokalizasiya sahələrinə təsir edir. Lazer şüalanması  sinir liflərinin həssaslığını azaldır. Orta hesabla, hər biri  4  dəqiqə olmaqla, 10  prosedur tövsiyə olunur.
  3. Ultrayüksək tezlikli cərəyan (UYTC). Ağrı  sindromunu aradan qaldırmaq və mikrosirkulyasıyanı  yaxşılaşdırmaq effektləri  vardır. Həmçinin, mimiki  və çeynəmə əzələlərinin atrofiyası  zamanı  da tətbiq olunur. Ultrayüksək tezlikli  cərəyana məruz qalmaq:
  • təsirə məruz qalan ərazilərdə toxumalar tərəfindən enerjinin udulması (onlardan istilik yayılması şəklində meydana çıxır);
  • qan dövranının, limfanın drenajının yaxşılaşması;
  • sinir impulslarını ötürən sinir liflərinin membranının natrium-kalium kanallarının qismən normallaşdırılmasına səbəb olur.

Hər biri  15  dəqiqə olmaqla,  15-20 seans tövsiyə olunur.

  1. Elektroforez. Ağrıkəsici və əzələləri boşaldıcı  təsirləri vardır. Elektroforez – elektrik cərəyanının köməyi  ilə sinirlərin lazım olan hissəsinə dərman vasitələrinin bilavasitə yeridilmə metodudur.

Ağrını  kəsmək üçün aşağıdakı  prepatlar daxil edilir:

  • Novokain;
  • Dimedrol;
  • Platifillin.

Bu maddələr sinir impulslarının sinir boyunca ötürülməsinə kömək edən kalium-natrium kanallarını  blokada edir.

Elektroforezin köməyilə həmçinin B qrupu vitaminlərini də yeritmək mümkündür ki, bu da sinirin və zədələnmiş miyelin qişasının qidalanmasını  yaxşılaşdırır. Bu prosedurları  günaşırı olaraq digər fizioterapiya  üsulları  ilə növbələşdirmək məsləhətdir. Müalicə kursu yalnız  10 prosedurdur.

  1. Diadinamik cərəyanlar. Ağrıkəsici, sonrakı paroksizmal tutmalar zamanı  ağrı intensivliyinin azaldılması, remissiya dövrlərini  uzatmaq effektləri  vardır. Bu üsulda Bernar cərəyanından istifadə edilir. Bernar cərəyanı, tezliyi  50000 Herz olan elektrik impulsudur. Elektrodlar, burnun selikli qişası  da daxil olmaqla, üçlü  sinirin trigger zonalarına yerləşdirilir. Bernar cərəyanı  ağrı  həssaslığının kandarını aşağı  salır, üçlü sinirin şaxələrini  blokada edir və beləliklə, ağrı  sindromunun intensivliyini  azaldaraq, onu tamamilə dayandırır. Diadinamik cərəyanlar elektroforez və digər fizioterapiya üsulları  ilə birlikdə  istifadə edildikdə yüksək effekt verir.  5-7  gün fasilə  ilə  5 gün davam edən bir neçə kurs məsləhət görülür. Prosedur  1 dəqiqə davam edir.
  2. Masaj. Mimiki  və çeynəmə əzələlərinin atrofiyasının profilaktikası  və müalicəsi üçün tətbiq edilir. Sifət, baş və boyun əzələlərinin masajı  qan dovranını  və limfanın drenajını yaxşılaşdıraraq, onların qidalanmasını  gücləndirir. Masaj diqqətlə həyata keçirilməlidir: tətik zonalarına təsir etməməli və ağrı  tutmalarının inkişafına səbəb olmamalıdır. Sığallama, vibrasiya və ovuşdurma hərəkətlərindən istifadə edilir. Masaj yalnız xəstəliyin davamlı  remissiyası fonunda təyin edilir. Müalicə müddəti 10 seansdır.
  3. İynərefleksoterapiya (akupunktur). Ağrı sindromunun aradan qaldırılması  məqsədilə tətbiq edilir. Akupunktur sinir liflərinə impulsları  ötürən sinir reseptorlarına təsir edir. Prosedur zamanı  tətik zonalarında bir neçə nöqtə və əks tərəfdə uzaqdan bir neçə nöqtə seçilir. Bəzən  iynələr uzun müddətə – bir sutka və ya daha uzun müddətə batırılır, batırılmış  iynələri  vaxtaşırı  olaraq burmaq lazımdır. Müalicə müddəti  fərdi  olaraq seçilir, çox vaxt cəmi  bir neçə prosedur kifayət edir.

Bütün fizioterapevtik metodlar dərman terapiyası  və xəstəliyin inkişafına səbəb olan amillərin aradan qaldırılması  ilə birlikdə tətbiq edilməlidir. Çünki  monoterapiya şəklində fizioterapevtik prosedurların effekti olmur.

Maraqlı  faktdır ki, üçlü sinirin nevralgiyasında stress hallarının yaşanması; üzdə və ağız boşluğunda keçirilmiş cərrahi  əməliyyatlar ağrı  sindromunun müvəqqəti zəifləməsinə (bir neçə aya qədər) kömək edə bilir.

 

Proqnoz və profilaktika

Üçlü sinirin nevralgiyasının proqnozunun nikbinlik dərəcəsi onun yaranmasına səbəb olan xəstəlikdən və xəstənin yaşından asılıdır. Üzün travması  nəticəsində gənc yaşlı  şəxsdə meydana gələn üçlü sinirin nevralgiyası, bir qayda olaraq tez sağalır və sonradan residiv  vermir. Lakin ahıl yaşlarında baş verən və metabolik pozuntularla müşayiət olunan üçlü sinirin nevralgiyasını həmişə müalicə etmək olmur.

Üçlü sinirin nevralgiyasının profilaktikası  məqsədilə aşağıda sadalanan tədbirlərin həyata keçirilməsi məsləhət görülür:

  1. LOR orqanlarının kəskin və xroniki xəstəliklərinin müalicəsi, ağız boşluğunun vaxtında sanasiyası  və s. üçün vaxtında tibb müəssisələrinə müraciət etmək.
  2. Daxili orqanların, endokrin vəzilərin, sinir və ürək-damar sistemlərinin xəstəliklərini vaxtında müəyyən etmək üçün illik profilaktik tibbi  müayinələr.
  3. Üzün və başin travmalarından qorunmaq.
  4. Yelçəkənlərdən və digər hipotermiya vəziyyətlərindən qorunmaq.
  5. Qan təzyiqinə nəzarət; arterial hipertoniya, vegetativ-damar distoniyası, ateroskleroz və digər qan-damar sistemi xəstəliklərinin müalicəsi.
  6. İnfeksion xəstəliklərdən qorunmaq. Yoluxucu xəstəliklərin (xüsusilə də virus mənşəli) müalicəsində antiviral və hərarətsalıcı dərmanlarla yanaşı  antikonvulsantların qəbulu.
  7. Sağlam həyat tərzi:
  • tamdəyərli fiziki fəaliyyət;
  • tamdəyərli yuxu  və  istirahət;
  • stressli vəziyyətlərə adekvat reaksiyanın verilməsi;
  • kifayət qədər vitamin, minerallar, doymamış yağ turşuları və amin turşuları  ilə zəngin olan sağlam bir pəhriz;
  • orqanizmin möhkəmləndirilməsi;
  • zərərli vərdişlərdən: siqaret çəkməkdən, narkotik maddələrin qəbulundan, spirtli içkilərdən sui-istifadədən və s. imtina edilməsi.

 

  1. Sifət nahiyəsində ağrılar zamanı özünümüalicə  ilə məşğul olmaq olmaz. Yadda saxlayın ki, hər hansı  bir manipulyasiya trigeminal nevralgiyanın gedişatını  ağırlaşdıra bilər.

Bütün bu tədbirlərin görülməsi  üçlü sinirin nevralgiyasının yaranmasının və inkişafının qarşısını  almağa əhəmiyyətli dərəcədə kömək edir.

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 21.01. 2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/polineyropatiya/

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/08/17/bas-beynin-sisl%c9%99ri/