“Sinir xəstələrinin müayinəsi metodları” kitabı haqqında
Oxucuların diqqətinə çatdırılan bu kitabda, sinir xəstələrinin müayinə metodları haqqında söhbət açılır.
“Sinir xəstələrinin müayinəsi metodları” kitabı (12655 N-li müəlliflik şəhadətnaməsi), ümumilikdə 2 böyük hissəyə ayrılr. Birinci hissədə mərkəzi və periferik sinir sistemi haqqında ətraflı söhbət açılır. Kitabın ilk fəslində, nevrologiya elmi haqqında qısa məlumat verilir, sinir sisteminin anatomiyası və fiziologiyası barədə ətraflı söhbət açılır. Sinir sisteminin hər bir şöbəsinə həsr edilmiş hissədə, onun anatomik quruluşu, funksiyaları, patologiyaları və müayinə metodları haqqında ətraflı söhbət açılır. Kitabda həm mərkəzi sinir sistemi (baş beyin və onurğa beyni), həm də periferik sinir sistemi barəsində müfəssəl məlumatlar verilmişdir. Burada, ayrı-ayrı fəsillərdə hərəki sistem (piramid və ekstrapiramid sistemlər), hissyyat sistemi və vegetativ sinir sistemi haqqında geniş məlumat verilr, onların anatomik quruluşu, ötürücü yolları, patologi simptomları və müayinə metodları barəsində müfəssəl söhbət açılır. Həmçinin kitabda kəllə-beyin və onurğa beyni sinirlərinin quruluşu, funksiyaları, zədələnmə simptomları və müayinə metodlarının geniş təsviri verilmişdir.
İkinci hissə, sinir sisteminin instrumental müayinə metodlarına həsr edilmişdir. Burada təsvir olunan müayinə metodları haqqında geniş məlumat oxucuların diqqətinə çatdırılır. Hər bir müayinə metodunun kəşfi tarixi, iş prinsipi, keçirilməsinə göstərişlər və əks-göstərişlər, onların üstün və mənfi cəhətləri, xəstələrin müayinəyə hazırlanması və müayinənin keçirilməsi haqqında geniş məlumatlar verilmişdir. Bu instrumental müayinə metodları haqqında danışarkən, onların məhz hansı nevroloji xəstəliklərin diaqnostikasında daha informativ olması, oxucuların xüsusilə diqqətinə çatdırılır.
Kitab, hər bir mövzuya aid olan və yazılanların daha asan şəkildə anlaşılmasını təmin edən çoxsaylı illüstrasiyalar və müxtəlif cədvəllərlə zənginləşdirilmişdir.
Bu kitabda həmçinin nevroloji terminlər lüğəti də oxucuların diqqətinə çatdırılr.
Kitabda nevroloji xəstələrin xəstəlik tarixinin tərtib olunmasının bir variantı da əks olunmuşdur.
Kitabın hazırlanmasında rəngarəng mənbələrə müraciət edilmişdir ki, bunların da içərisində həm Azərbaycan, həm də pоstsоvet məkanı ölkələri (Rusiya Federasiyası, Özbəkistan və s.), habelə Qərb dövlətləri alimlərinin elmi ictimaiyyət arasında geniş şöhrət tapmış kitabları, müxtəlif ölkələrə məxsus çоxsaylı tibbi internet saytlarında dərc оlunmuş elmi məqalələri yer almışdır.
“Sinir xəstələrinin müayinəsi metodları” kitabında həkim-nevropatoloqların sertifikasiya imtahanına düşən sualların nəzəri hissəsinə aid mövzuların böyük bir əksəriyyəti əhatə olunmuşdur və onun mənimsənilməsi, bu imtahandan müvəffəqiyyətlə keçməkdə onlara böyük yardımçı olacaqdır.
Bu kitab, sinir xəstəliklərinin diaqnostikası işində müalicə həkimlərinə olduqca faydalı ola bilər. Əgər bu kitabdan faydalanaraq heç olmazsa bir xəstəyə vaxtında diaqnoz qoyub adekvat müalicə təyin etməklə onun həyatını xilas etmək və öz tamdəyərli həyat fəaliyyətinə qaytarmaq mümkün olarsa, onun ərsəyə gəlməsində zəhməti olmuş bir şəxs kimi özümü çox xoşbəxt hiss edərəm.
Digər məqalələrimizə keçid:
Nevroloji xəstələrin müayinəsində törədilmiş potensiallar (TP) metodunun tətbiqi