Eritromelalgiya

Eritromelalgiya (Mitçell sindromu, Pospelovun dərinin ağrılı məhdud ödemi, akromelalgiya, Lannuanın ətrafların vazomotor iflici) kliniki əlamətləri əllərin və ayaqların kiçik arteriyalarının paroksizmal genişlənməsi səbəbindən baş verən vegetativ sinir sisteminin nadir xəstəliklərindəndir. Bu xəstəlik dərinin ödemi və kəskin qızartması ilə müşayiət olunan lokal yandırıcı ağrı tutmaları ilə təzahür edən xroniki angiotrofonevrozdur. Bunun nəticəsində ətraflarda kəskin yandırıcı ağrı yaranır, əl və ayaq pəncələrinin dərisinin qızarması inkişaf edir, yerli temperatur yüksəlir (əllər və ayaqlar təmas zamanı isti olur). Bir qayda olaraq, ayaqlarda, daha az isə əllərdə, qulaq seyvanı və burun nahiyəsində meydana çıxır. Xəstəliyin dəqiq yaranma səbəbləri hələ də həkimlər üçün naməlumdur. Eritromelalgiyanın XBT-10 üzrə kodu 173.8-dir.

Birincili və ya ikincil xarakter daşıya bilər. Patologiyanın diaqnostikası tipik tutmanın klinikasına görə aparılır. Əlavə olaraq, laboratoriya analizləri, rentgenoqrafiya, termoqrafiya, KT, MRT, elektrofizioloji müayinələr aparılır. Xəstəliyin müalicəsi, ilk növbədə konservativdir və dərman preparatlarının və fizioterapiya üsullarının tətbiqindən ibarətdir. Kompleks müalicənin tərkibinə damargenəldici, antihistamin və iltihab əleyhinə preparatlar, akupunktur, fizioterapiya və s. daxildir. Xəstəliyin həmin metodlara tabe olmadığı hallarda, cərrahi müalicə üsullarına müraciət edirlər.

Ümumi məlumat

Xəstəliyi ilk dəfə N.I. Pirogov tərəfindən 1855-ci ildə, yaralı əsgərlərin müşahidəsi nəticəsində təsvir olunmuşdur. O zaman eritromelalgiya tutmalarına “travmatik hiperesteziya” adı verilmişdi. 10 il sonra, cərrah Mitçell, ABŞ-da  vətəndaş müharibəsi qurbanlarını müşahidə edərkən, onların bəzilərində oxşar simptomları aşkar etmişdi. Məhz Mitçell “eritromelalgiya” terminini ilk dəfə işlətmişdir ki, bu ad da daha uğurlu oldu və hələ də klinisistlər tərəfindən istifadə edilməkdədir. Həqiqətən də bu termin, xəstəliyin parlaq klinik təzahürlərinin bütün mahiyyətini özündə birləşdirir. Latın dilindən tərcümə: “erythros” – “qırmızı”, “melos” – “ətraf”, “algos” isə – “ağrı” mənasını verir.

Patologiya nadir xəstəliklər qrupundandır. Reyno xəstəliyi ilə yanaşı, angiotrofonevrozlara – damar innervasiyasının zədələnməsi ilə əlaqədar periferik qan dövranı pozuntularına aiddir. Bir qayda olaraq, bir və ya hər iki ayaq pəncəsinin prosesə qoşulması ilə lokal xarakter daşıyır. Əllərin də zədələnməsi mümkündür. Daha çox 30-50 yaşlı insanlarda rast gəlinir, uşaqlarda – cüzi hallarda müşahidə edilir. Statistikaya görə, xəstəliyin birincili formasına kişilər qadınlara nisbətən daha çox tutulurlar. Xəstəliyin ikincili forması hər iki cinsin nümayəndəlində təxminən bərabər sayda rast gəlinir.

 

     Etiologiya və patogenez

Xəstəliyin dəqiq səbəbləri hələ aşkar edilməmişdir. Elmə yalnız məlumdur ki, ki, eritromelalgiya müstəqil bir xəstəlik və ya digər patoloji halların təzahürü ola bilər (bu halda eritromelalgiya ikincili hesab olunur).

İkincili eritromelalgianın meydana çıxmasına səbəb ola biləcək xəstəliklər arasında aşağıdakıları qeyd etmək olar:

  • sirinqomieliya;
  • mielit;
  • dağınıq skleroz;
  • neyrosifilis (tabes dorsalis);
  • endokrin xəstəliklər (şəkərli diabet, hipotireoz, hiperkortisizm sindromu və s.);
  • qan xəstəlikləri (polisitemiya, essensial trombositemiya və s.);
  • müxtəlif travmaların, o cümlədən donvurmanın nəticələri;
  • onurğanın kəskin ifadə olunmuş osteoxondrozu;
  • mübadilə pozulmaları (məsələn, podaqra);
  • flebitlər;
  • endarteriitlər;
  • alkoqolizm;
  • vibrasiya xəstəliyi və s.

 

Xəstəliyin mümkün səbəblərindən biri periferik nevrit hesab edilir. Bu nəzəriyyənin əksinə olaraq K. Degio və digər alimlər hesab edirdilər ki, eritromelalgiya mərkəzi spinal mənşəyə malikdir. Onların təsəvvürlərinə görə, eritromelalgiyanın əsasında damarlara nəzarət edən sinir liflərinin zədələnməsi ilə müşayiət edilən və onurğa beyninin yan və arxa buynuzlarının boz maddəsində olan dəyişikliklər dayanır. Eritromelalgiya fenomeni diensefal nahiyənin (talamik və subtalamik sahələr) III mədəcik ətrafındakı nahiyənin zədələnməsi ilə də izah edilir. Bu xəstəliyi həmçinin simpatik sinir sisteminin müxtəlif səviyyələrinin zədələnməsi ilə də əlaqələndirirlər. Bəzi alimlər eritromelalgiya zamanı sinir sisteminin zədələnməsi fikrini inkar edərək, xəstəliyin inkişafına arterial divarların müxtəlif dəyişiklikklərinin səbəb olmasını hesab edirlər.

Birincili eritromelalgiya müstəqil bir xəstəlik kimi təzahür edir. Eritromelalgiya müstəqil xəstəlik olduğu zaman, adətən daha ağır gedişi ilə səciyyələnir. İkincili eritromelalgiya daha əlverişli gedişə malikdir və xəstələr tərəfindən daha asan keçirilir.

Etiopatogenez hələ tam tədqiq olunmamışdır. Bir şey aydındır ki, xəstəliyin əsasında damar divarının sinir tənzimlənməsinin pozulması dayanır. Vazomotor innervasiyanın pozulmasının nəticəsində kiçik və orta kalibrli periferik damarların lokal genişlənməsi inkişaf edir. Arterio-arterial və arterio-venoz anostomozlar vasitəsilə arterial qan axınının artması şəklində qan axınının yenidən qurulması baş verir. Klinik olaraq bu, həmin nahiyənin hiperemiyası ilə təzahür edir.

Damarların dilatasiyası damar divarının keçiriciliyinin artması ilə müşayiət edilir ki, bu da ödemə səbəb olur. Damarların simpatik sinir lifləri ilə zəngin şəkildə innervasiya olunması səbəbindən, onların izafi qan axını ilə yenidən qıcıqlandırılması yandırıcı xarakterli şiddətli ağrının meydana çıxmasına səbəb olur. Eritromelalgiya zamanı sinir sisteminin simpatik strukturlarının patologiyası ilə əlaqədar, qan axını azaltmaq üçün reflektor vazospazm baş vermir. Bunun nəticəsində, eritromelalgiya tutması, həmin nahiyəyə qan axını azalana qədər davam edir.

 

Simptomlar 

Eritromelalgiya paroksizmal gedişə malikdir. Klinik mənzərənin əsasını tipik eritromelalgik paroksizm (tutma) təşkil edir. Eritromelalgiya tutması, intensiv hiperemiya və ödemlə müşayiət olunan güclü yandırıcı ağrıdan (simpatalgiya) ibarətdir. Bir çox xəstədə bu əlamətlər əvvəlcə ayaq pəncəsinin baş barmağı nahiyəsində meydana çıxır, sonra isə bütün pəncəyə və digər ayağa yayılır. Ağrı tutmaları eyni anda hər iki ayaqda, əl pəncələrində də baş verə bilər; bəzi hallarda – burun, qulaq, aralıq nahiyəsinin, qadınlarda isə hətta döşün zədələnməsi də mümkündür. Ağrı o qədər güclü olur ki, çox vaxt tutma zamanı xəstə yeriyə bilmir.

Eritromelalgiya tutmaları atətənən ətrafları əhatə etsə də, həmişə bu cür olmur. Tutmaya burunun ucu, sırğalıq, hər hansı bir ətrafın ayrıca bir barmağı, daban, topuq cəlb oluna bilər. Birtərəfli proses çox vaxt ikitərəfliyə çevrilir, ağrı və hiperemiya (qızartı) sahəsi isə genişlənir. Xəstəliyin başlanğıcında simptomlar qısa müddətə, məsələn, bir neçə dəqiqədən bir neçə saata qədər davam edir, sonralar bütün gecəni davam edir, xəstəlik inkişaf etdikcə isə tutmalar artıq sutkalarla davam edə bilir. Eritromelalgiya tutması zamanı arteriyaların pulsasiyası qorunmuş olur ki, bu əlamət onun obliterasiya edən endarteriit ilə differensial diaqnostikası zamanı əsas meyar kimi istifadə olunur. Tutma zamanı zədələnmiş nahiyəyə toxunuş ağrının güclənməsinə səbəb olur. Xəstələr ağrını azaltmaq üçün ətraflarını buzlu suya batırmağa çalışırlar ki, bu da onu bir qədər yüngülləşdirmiş olur. Aşağı ətraflar zədəndikdə, bəzi xəstələr qış fəslində vəziyyətlərini yüngülləşdirmək üçün sadəcə ayaqqabılarını çıxarır və qarda ayaqyalın gəzirlər. Zədələnməyə məruz qalan ətrafın istiləşməsi, gəzinti və sıxılma ağrıları kəskin şəkildə artırır, soyuq təsir isə onu azaltmağa kömək edir. Ətrafın yuxarı qaldırılmış vəziyyətdə saxlanması, qan axını azaltması səbəbindən xəstənin halını yüngülləşdirir. Çox vaxt xəstələr uzanmış vəziyyət alırlar, çünki bu da ağrıları bir qədər azaldır. Ağrı çox güclü olduğundan, tutma aşkar emosional rəngə malik olur və çətinliklə dözülür. Tutmanın sonunda (bir müddət sonra spontan baş verir) ətrafların ödemi tədricən azalır, dəri öz təbii rəngi və temperaturunu alır. Bir neçə saatdan sonra dəyişikliklərdən əsər-əlamət belə qalmır.

Tutmaların axşama yaxın və gecə saatlarında daha tez-tez baş verməsi bu xəstəlik üçün cəciyyəvidir. Tutma müstəqil şəkildə bitir. İnteriktal (tutmalararası) dövr 10-15 dəqiqədən bir neçə həftəyə qədər davam edir.

 

Ümumiləşdirdikdə, eritromelalgiyanın əsas kliniki simptomları aşağıda sadalananlardır:

 

  • əl və/və ya ayaq pəncələlərinin dərisinin lokal hiperemiyası;
  • tutma zamanı zədələnmiş ətrafların temperaturunun artması;
  • əl və ayaq pəncələrində yandırıcı xarakterli dözülməz ağrılar;
  • tutma zamanı zədələnmiş ətrafların güclənmiş hiperhidrozu.

 

Eritromelalgiya aşağıdakı xüsusiyyətilə xarakterizə olunur: xəstəlik nə qədər uzun müddət davam edərsə, həm prosesin yayılması, həm də mövcudluq müddəti baxımından onun təzahürləri bir o qədər artıq dərəcədə ifadə olunmuş olur.

 

Eritromelalgiya tutması zamanı xəstənin ayaqlarının görünüşü

 

Xəstəlik uzun müddət davam etdikdə, zədələnmiş nahiyələrdə tutmadan sonra da aradan qalxmayan davamlı trofik pozuntuların inkişaf etməsi mümkündür. Dəri qalınlaşır, quru və nahamar olur; dırnaqlar da qalınlaşır, kövrək və bulanıq olur; barmaqlar qalınlaşa və deformasiyaya uğraya bilir. Lakin bu xəstəlik zamanı trofik xoralar heç vaxt inkişaf etmir.

İkincili eritromelalgiya, əgər belə demək mümkünsə, daha xoşxassəli gedişə malik olur. Tutmalar daha az ağrılı və daha qısamüddətli olur, trofik xoralar isə xəstəliyin hətta uzunmüdətli gedişi zamanı belə cüzi dərəcədə ifadə olunur. Adətən zədələnmiş nahiyə stasionar xüsusiyyətə malik olur, yəni prosesin başqa sahəyə və ya bitişik ətraflara yayılması baş vermir. Bu cür xəstələri müayinə edərkən, eritromelalgiya tutmalarına səbəb olan əsas xəstəlik aşkar edilir.

Mitçell xəstəliyi xroniki davamlı gedişi ilə səciyyələnir. İlin isti fəsillərində tutmaların tezliyi əhəmiyyətli dərəcədə artır. Bir çox hallarda proqressivləşmə qeyd olunur – tutmalar daha tez-tez baş verir və onların davametmə müddəti daha uzun çəkir, onların şiddəti artır, eritromelalgiya daha geniş nahiyəni əhatə edir, simmetrik şəkildə digər ayağa, sonra isə əllərə yayılır. Tutmalararası dövrdə zədələnmiş nahiyədə damar və trofik dəyişikliklər qeyd olunur. Dərinin sianozu və quruluğu meydana çıxır, dırnaqların kövrəkliyi, xoraların əmələ gəlməsi mümkündür. Ödem daimi bir xarakter alır. Paresteziya, hiperesteziya və ya hiperpatiya şəklində hissiyyat pozulmaları qeyd olunur.

 

     Diaqnoz və differensial diaqnostika

Eritromelalgiyanın tipik klinik şəkli nevropatoloqa çətinlik çəkmədən diaqnoz qoymağa imkan verir. Kliniki əlamətlərinə əsasən eritromelalgiya diaqnozunun qoyulması nisbətən asan olsa belə, eritromelalgiyanın digər oxşar xəstəliklərlə differensial diaqnostikası və əsas patologiyanın müəyyən və ya istisna edilməsi də mühüm əhəmiyyət kəsb edir.  Patoloji dəyişikliklərin birtərəfli lokalizasiyası, eritromelalgiyanın ikincili səciyyə daşıdığından xəbər verir.

Eritromelalgiyanın birincili və ya ikincili formasının diferensial diaqnostikasında aşağıda sadalanan fərqləri ayırd etmək lazımdır:

Birincili formada:

  1. Simtomatika daha kəskindir;
  2. Xəstənin yaşı daha cavan, xəstəlik anamnezi isə daha uzunmüddətli ola bilər;
  3. Vaxt keçdikcə simtomakaağırlaşır və zədələnmə sahəsi daha da böüyüyür;
  4. Çox vaxt zədələnmə simmetrik olur;
  5. Hətta çox dəqiq aparılmış kliniki müayinə nəticəsində belə eritromelalgiyanın təzahürünə səbəb ola biləcək xəstəliyi aşkara çıxarmaq mükün olmur.

 

İkincili formada:

  1. Eritromelalgik krizlər o qədər də kəskin ifadə olunmur;
  2. Bir qayda olaraq, xəstəliyin anamnezi daha qısa, xəstə yaşı isə daha böyük olur;
  3. Daha çox birtərəfli zədələnmələrə rast gəlinir;
  4. Ağrı və zədələnmə sahəsi stasionar olur və vaxt keçdikcə proqressivləşmir;
  5. Müalicəsi aparıldıqda eritromelalgiyanın təzahürlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaran əsas xəstəliyi aşkar etmək mümkün olur.

Eritromelalgiyanın səbəb patologiyasının diaqnostikası zamanı aşağıdakı müayinə metodları tətbiq edilə bilər:

  • termoqrafiya;
  • ayaq pəncəsinin rentgenoqrafiyası;
  • aşağı ətraf damarlarının USDQ-sı;
  • kapillyaroskopiya;
  • onurğanın bel şöbəsinin MRT müayinəsi və s.

 

Periferik sinir gövdələrinin müayinəsi, sinirin USM-si və ENMQ-nın köməyilə həyata keçirilir.

Göstəriş olarsa, ayaq pəncəsinin KT və ya MRT müayinələri aparılır. Qanın ümumi analizi (iltihabi dəyişikliklərin aşkarlanması), qanın biokimyəvi analizi (qlükoza, sidik turşusu, revmatoid amilin təyini), kortizol və tiroid hormonlarının səviyyəsinin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edə bilər.

Endokrin patologiyaya şübhə yarandıqda xəstə endokrinoloqa, müayinə zamanı damar xəstəlikləri aşkar edildikdə isə, fleboloqa və ya damar cərrahına yönləndirilir.

Diferensial diaqnostikası tələb olunan digər xəstəliklərdən aşağda sadalananları göstərmək olar:

  • Simpatalgiyanın olması, bu xəstəliklə akroeritroz arasındakı əsas klinik fərqdir. Akroeritozlar rütubətli və soyuq iqlim şəraitində meydana çıxır, eritromelalgiyada isə sərin hava əksinə, xəstənin vəziyyətinin yaxşılaşmsına səbəb olur.
  • Reyno xəstəliyi. Bu xəstəlik zamanı tutmalar soyuq havalarda, eritromelalgiyada isə əksinə – istidə baş verir. Reyno xəstəliyi  damar spazmları, barmaqların solğunlaşması, soyuması və keyləşməsi ilə təzahür edir. Erirtriomelalgiya zamanı isə damarların fəal şəkildə genişlənməsi, qanla həddən artıq dolması baş verir ki, nəticədə barmaqlarda istilənmə və yandırıcı ağrılar meydana çıxır.
  • Yeriş zamanı ağrıların yaranması, çox vaxt endaarteriit diaqnozunun qoylmasına əsas verə bilər. Lakin nəzərə almaq lazımdır ki, eritromelalgiya – daha çox gənc yaşlı insanlarda meydana çıxan simmetrik zədələnmələrlə xarakterizə olunur. Erirtomelalgiyada arteriyaların pulsasiyası saxlanmış olur və fasiləli axsama simptomları müşahidə edilmir.
  • Qızdırmalı vəziyyət, ətrafların zədələnmiş sahələrinin temperaturunun əhəmiyyətli dərəcədə yüksəlməsi, həmçinin qan analizində iltihabi dəyişikliklərin əlamətlərinin aşkar edilməsi, bu xəstəlik üçün səciyyəvi deyil. Bununla o, qızıyel və fleqmonadan fərqlənir.
  • Kvinke ödeminin kəskin məhdud formasından, eritromelalgiya kəskin ağrı və dərinin hipermeiyasının olması ilə fərqlənir.

Bunlardan başqa, eritromelalgiyanı həmçinin dərin venaların trombozu; pəncə oynaqlarının artriti və digər xəstəliklərdən ayırd etmək lazımdır.

     Müalicə

Eritromelalgiya diaqnozunu dəqiqləşdirildikdən sonra, onun birincili və ya ikincili olduğunu mütləq aydınlaşdırmaq lazımdır. İkincili eritromelalgiya, ilk növbədə, ona səbəb olan əsas xəstəliyin müalicəsini, sonra isə, eritromelalgiyanın klinik təzahürlərinin özünün simptomatik müalicəsini tələb edir.

Müalicə mütləq kompleks şəklində aparılmalıdır. Müalicəyə həmişə konservativ tədbirlərlə: dərman preparatlarının istifadəsi və fizioterapevtik üsulların tətbiqi ilə başlanılır. Konservativ tədbirlərin səmərəsizliyi halında cərrahi müalicə üsullarına müraciət olunması da mümkündür.

 

Dərman preparatlarından adətən aşağıda sadalananlardan istifadə olunur:

  • damargenəldici preparatlar (arteriovenoz anastomozlar vasitəsilə qan axınını azaltmaqla, onlar qan damarlarının divarlarının dartılmasını və simpatik liflərin qıcıqlanmasını azaldır): Mezaton, Efedrin, Erqotamin, Adrenalin. Bu dərman vasitələrilə ehtiyatlı olmaq lazımdır, çünki onlar arterial təzyiqin yüksəlməsinə səbəb olur;
  • sinir sisteminin tonusunu artıran dərmanlar: Kofein, Fenamin;
  • Ödem əleyhinə müalicə vasitəsi olaraq antihistaminlər (Tavegil, Suprastin, Lordestin) istifadə olunur;
  • vitaminlər: daha çox B qrupu vitaminləri;
  • damar divarını gücləndirən preparatlar: Askorbin turşusu, Rutin, kalsium preparatları və s.;
  • asetilsalisil turşusu;
  • yeni nəsil antikonvulsantlar: Qabapentin, Preqabalin (Lirika). Bu dərman vəsaitlərinin istifadəsi, onların mərkəzi sinir sisteminə təsiri səbəbindən ağrı sindromunun intensivliyini azaltmağa imkan verir;
  • tutma zamanı ağrı sindromunun aradan qaldırılması İƏQSP preparatların (İbuprofen, Diklofenak və s.) köməyi ilə həyata keçirilir.;
  • Güclü ağrı hallarda Novokain blokadaları aparılır: yuxarı ətraların zədələnməsi zamanı Dıı-Dıv düyünlərinin, aşağı ətraların zədələnməsi zamanı isə Lı-Lıı düyünlərinin Novokain blokadası tətbiq edilr;
  • trankvilizatorlar: Fenazepam, Diazepam (Sibazon, Relanium). Bu qrup dərmanların tətbiqi yalnız digər ağrıkəsicilər tərəfindən aradan qaldırılmayan şiddətli ağrı hallarında mümkündür.

 

Fizioterapevtik prosedurla növlərindən daha çox aşağdakılar tətbiq edilir:

  • vannalar (radon, sulfid);
  • qalvanizasiya (simpatik düyünlər nahiyələri, Şerbak yaxalığı);
  • palçıq applikasiyaları;
  • darsonvalizasiya;
  • simpatik qanqlion zonalarının ultrabənövşəyi şüalanması;

 

Tutmalararası dövrdə sanatoriya müalicəsi (radonlu, karbonatlı bulaqlar) də təyin edilir.

Xəstəlik xüsusilə ağır keçdikdə və tutmalar çox uzunmüddətli davam edərək, xəstəni yorduqda, konservativ vasitələrin standart proqramı isə effektsiz omaldıqda, cərrahi müalicəyə (periarterial, preqanqlionar simpatekotomiya) müraciət edirlər. Əməliyyatlar zədələnmiş nahiyənin innervasiyasına cavabdeh olan simpatik düyünlərin kəsilməsindən (simpatektomiya) ibarətdir. Bu cür əməliyyatlardan sonra damarlar sinir sistemi tərəfindən nəzarətsiz qalır və qan axını ağrı ilə müşayiət olunmur. Əməliyyat tutmaların tam aradan qalxmasına gətirib çıxarmır, ancaq xəstəni dözülməz ağrıdan xilas etməyə imkan verir. Xəstəliyin kəskin ifadə olunmuş ağrı sindromu ilə müşayiət olunan idiopatik formasında, bazal qanqliyalarda aparılan stereotaksik əməliyyat əhəmiyyətli effekt verir (E.İ. Kendel, 1988).

 

     Proqnoz və profilaktika

Eritromelalgiya həyat üçün qətiyyən təhlükə yaratmır, lakin onun keyfiyyətinə çox təsir edir. Xəstəliyin sağalma proqnozu o qədər də nikbin deyil. Eritromelalgiyanın ikincili forması daha əlverişli gedişə malikdir, xəstəliyə səbəb olan patologiya aradan qaldırıldıqdan sonra hətta tam sağalma da mümkündür. Birincili eritromelalgiya, patoloji dəyişikliklər zonasının genişlənməsi və tutmaların tezliyinin artması ilə daha ağır və mütərəqqi bir gedişlə xarakterizə olunur. Tibbi ədəbiyyatda nadir hallda spontan sağalma hallarının təsviri də mövcuddur.

Eritromelalgiyanın ikincili profilaktikası tutmaları təhrik edən amillərin: həddən artıq fiziki yüklənmə, istiyə məruzqalma, dar ayaqqabının geyilməsi və s. aradan qaldırılmasından ibarətdir. Siqaret çəkmək və spirtli içkilərin qəbulu istisna edilməlidir, çünki bu, eritromelalgiya tutmasının başlanmasını təhrik edir.

Əmək fəaliyyəti fiziki gərginliklə və yə isti otaqlarda çalışmaqla əlaqədar olan xəstələr peşələrini dəyişdirməlidirlər.

Bu günə qədər bu xəstəlikdən tamamilə xilas olmaq mümkün deyil. Bununla belə, xəstəliyin tutmalarının sayını minimuma endirmək olduqca realdır. Eritromelalgiyalı xəstələr ümidsizliyə qapılmamalıdırlar. Müalicə həkiminin bütün tövsiyələrinə əməl edilməsi, xəstənin vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olur.

 

 

Digər məqalələrimizə keçid:

Spinal və nevral amiotrofiyalar

Reyno sindromu və xəstəliyi

Hiperhidroz – tər ifrazının həddən artıq güclənməsi

 

 

Fərhad Əhmədov. Həkim – nevropatoloq.