Nevroloji xəstələrin müayinəsində törədilmiş potensiallar (TP) metodunun tətbiqi
(TP) Törədilmiş potensial – sinir sisteminin qıcığa qarşı verdiyi elektrik reaksiyasıdır. Kliniki təcrübədə TP əldə etmək üçün reseptorların və periferik sinirlərin stimulyasiyasından istifadə olunur. TP-da aparmalar, eynilə elektroensefaloqrafiyada istifadə edilən elektrodların köməyilə icra edilir. Əksər hallarda TP-ın amplitudu, sinir sisteminin tədqiq olunan sahəsinin və ya digər elektrofizioloji və fiziki mənşəli səs dalğalarının amplituduna bərabər və ya onlardan kiçik olduğundan, TP almaq üçün, onları, digər səslərin içərisindən təkrari cavabların ortalanması metodu ilə ayırmağa kömək edən elektron-hesablayıcı texnikanın tətbiqi lazımdır. Bu metod o dərəcədə effektivdir ki, səhthi elektrodların köməyilə sinir sisteminin demək olar ki, istənilən strukturundan (ölçülərindən və hansı dərinlikdə yerləşməsindən asılı olmayaraq) elektrik cavabları almağa imkan verir.
Törədilmiş potensiallar, reseptorlar, periferik sinirlər, spesifik ötürücülər, retikulyar formasiyanın və limbik sistemin qeyri-spesifik həlqələrinin səviyyəsində afferent impulsun emalının nəticəsi olduğundan, onun formasında afferent sistemin bütün səviyyələrinin təsiri müəyyən dərəcədə əks olunur ki, bu da ondan, sinir sisteminin xüsusən beynin dərin strukturlarında zədələnmələrinin lokalizasiyasını və xüsusiyyətini müəyyənləşdirmək üçün istifadə etməyə imkan verir.
Törədilmiş potensiallar, stimulun verilməsindən sonra, yaranmasının müəyyən amplituduna və latent dövrünə malik olan dalğalar seriyasından ibarətdir. Məhz bu parametrlərin dəyişiklikləri, zədələnmənin və onun növünün göstəricisi olur. Kliniki praktikada görmə, somatosensor və eşitmə törənmiş potensialları (GTP, SSTP və ETP) istifadə edilir.
Görmə törədilmiş potensialları
Görmə törədilmiş potensiallarının (GTP) işıq parıltılarına və şahmat patterninə çevrilmiş növlərindən istifadə olunur. Birinci növ GTP-nı, elektroensefaloqrafiyada fotostimulyasiya üçün istifadə olunan qısamüddətli işıq parıltılarının köməyilə əldə edirlər. Bu üsul, şüurlu surətdə aktiv əməkdaşlıq edə bilməyən xəstələri: huşu və kommunikativ bacarıqları pozulmuş insanları, kiçik yaşlı uşaqları, simulyantları müayinə etməyə imkan verir. İncə vizual ayırdetməni təmin edən və müvafiq surətdə tor qişanın kor ləkə sahəsinin kolbacıqlar aparatı, görmə sinirinin mərkəzi dəstəsinin miyelin qişalı və yüksək ötürücülük qabiliyyətinə malik lifləri, görmə yolu və görmə radiasiyası ilə əlaqədar olan fotopik görmə sistemlərinin tədqiqi üçün, “şahmat patterninə” çevrilmə ilə stimulyasiyadan iftifadə edirlər. Stimul, monitorun ekranında şahmat taxtasının şəklinin ağ və qara xanalarının praktik olaraq ani yerdəyişməsindən ibarət olur.
GTP müayinə metodu, görmə sinirinin, görmə çarpazının, görmə traktının və görmə qabığının vəziyyətinin qiymətləndirilməsi, görmə itiliyinin və onun tənzimlənə bilmək imkanlarının müəyyənləşdirilməsi, görmə pozuntularının aşkar edilməsi və müalicə zamanı onların dinamikasının müşahidəsi məqsədilə tətbiq olunur.
Müayinənin aparılmasına göstərişlər:
- ambliopiya, refraksiyanın anomaliyaları;
- torlu qişanın xəstəlikləri;
- görmə sinirinin nevriti və ya onun travmatik zədələnməsi;
- qabıq korluğu, görmə aqnoziyası və beyin qabığının görməyə nəzarət edən sahəsinin digər zədələnmələri;
- isteriyalı xəstələrdə psixogen korluq;
- demiyelinləşdirici xəstəliklər;
- beyin şişləri, ensefalitlər və digər serebral proseslər;
- görmə sinirinin irsi və digər mənşəli atrofiyaları;
- toksiki nevropatiyalar;
- hemianopsiya;
- huşu pozulmuş xəstələrdə görmə funksiyalarının qorunmasının qiymətləndirilməsi;
- aqqravasiya;
Somatosensor törədilmiş potensialları
Somatosensor törədilmiş potensialları (SSTP), periferik sinirlərin və ya reseptorların elektrik stimulyasiyasına cavab olaraq əldə edirlər. Daha çox, 0,2 msan müddətli və 10 mA-ə qədər intensivlikli cərəyan impulsları vasitəsilə bilək nahiyəsində – orta sinirin və topuq nahiyəsində – qamış sinirinin stimulyasiyası istifadə edilir. Müayinənin məqsədindən asılı olaraq, SSTP-ın qeydiyyatı, periferik sinirin müxtəlif nahiyələrinin üzərində və ya baş və onurğa beyinlərinin üzərində yerləşdirilmiş elektrodlar vasitəsilə həyata keçirilir. Bu müayinənin gedişi ərzində aşağıdakı göstəricilər aydınlaşdırılır:
- baş və onurğa beyinlərinin, periferik sinirlərin zədələnmələrinin diaqnostikasında afferent yolların tamlığının qorunması dərəcəsinin qiymətləndirilməsi;
- beyin zədələnməsinin ağırlıq dərəcəsinin və KBT və komanın mümkün nəticələrinin müəyyənləşdirilməsi.
Müayinənin aparılmasına göstərişlər:
- dağınıq skleroz;
- nevropatiyalar, kökcük zədələnmələri;
- bazu kələfinin travmatik zədələnmələri;
- onurğa beyninin müxtəlif şöbələrinin zədələnmələri;
- isterik nevroz xəstələrində hissi funksiyaların qiymətləndirilmə
Eşitmə törədilmiş potensialları
Nevrologiyada əsasən, qısa səs şıqqıltılarına eşitmə törədilmiş potensiallarından (ETP) istifadə edilir. Müayinə zamanı periferik və beyin kötüyünün akustik strukturlarının funksional vəziyyəti qiymətləndirilir.
Müayinənin aparılmasına göstərişlər:
- neyrosensor karlıq, beyin kötüyünə təsir edən bütün xəstəliklər;
- demiyelinləşdirici proseslər;
- nevrinomalar;
- insultlar, KBT və digər xəstəliklər zamanı beyin kötüyünün dislokasiyasının qiymətləndirilməsi;
- komalı xəstələrdə metabolik və üzvi degenerasiyanın diferensial diaqnostikası;
- aqqravasiya;
Törədilmiş potensialların qeydiyyatı, sensor funksiyasının pozulmasını obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Bu, müvafiq modallıqda TP-nın amplitudunun enməsinə, tam zədələnmə zamanı isə, əlbəttə ki, TP-nın itməsinə gətirib çıxarır.
Sinir sisteminin müəyyən səviyyələri ilə əlaqədar olan TP-ın dəyişiklikləri, onlardan topik diaqnostika məqsədilə istifadə etməyə imkan verir. Perferik sinir sisteminin zədələnməsi, periferik sinirin TP-nın amplitudasının azalmasına, zaman dispersiyasına və latent dövrünün uzanmasına və sensor ötürücülüyünün sürətinin aşağı enməsinə gətirib çıxarır. Müvafiq surətdə, daha yüksək səviyyələrdə – onurğa beyni, beyin kötüyü və qabığı səviyyələrində də cavabların amplitudası aşağı düşür. Periferik sinirlərin müxtəlif səviyyələrdə stimullaşdırılması ilə tədqiqi, zədələnmənin səviyyəsini və yayılma dərəcəsini təyin etməyə imkan verir.
Topik diaqnostikadan başqa, TP-ın tədqiqi həmçnin nozoloji və sindromal diaqnostikada da müəyyən rol oynayır. Məsələn, mioklonik epilepsiya zamanı “nəhəng” GTP və SSTP qeydə alınır. TP-ın müayinəsinin dağınıq skleroz xəstəliyinin diaqnostikasında xüsusi əhəmiyyəti vardır. Demiyelinizasiya, TP-ın latent dövrlərinin uzanmasına, miyelin qişası ilə yaxşı təchiz olunmuş liflər və onların proyeksiyası ilə bağlı olan erkən komponentlərin itməsinə gətirib çıxarır. Çox vaxt TP, mərkəzi sinir sisteminin demiyelinizasiyaya uyğun dəyişikliklərinin obyektiv surətdə aşkar edilməsində MRT-yə nisbətən daha həssas olur və sensor pozuntular kliniki şəkildə hələ mövcud olmadığı zaman, onlarda patoloji dəyişikliklər aşkar edilir. Bu səbəbdən, TP-ın dəyişiklikləri dağınıq sklerozun diaqnostik meyarları sırasına daxildir. Qeyd edilir ki, TP prosesin dinamikasına həssas olduğundan, müalicənin effektivliyinin və proqnozun qiymətləndirilməsində də istifadə oluna bilər.
Qeyd etmək lazımdır ki, həkim xəstəni TP-ın müayinəsinə göndərərkən, hansı modallığın tədqiq olunmasının lazım olduğunu göstərməli, diaqnostik problemi: zədələnmənin mövcudluğunu, xarakterini, səviyyəsini, yayılma dərəcəsinın müəyyən edilməsini dəqiq formalaşdırmalı; lazım gəldikdə, problemi neyrofizioloqla müzakirə etməlidir, çünki xəstənin abstrakt olaraq TP müayinəsinə göndərilməsi mənasızdır (L.R. Zenkov, 1991).
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi).
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq