Nevroloji xəstələrin müayinəsində törədilmiş potensiallar (TP) metodunun tətbiqi   

(TP) Törədilmiş potensial – sinir sisteminin qıcığa qarşı verdiyi elektrik reaksiyasıdır. Kliniki təcrübədə  TP  əldə etmək üçün reseptorların və  periferik sinirlərin stimulyasiyasından istifadə olunur. TP-da aparmalar, eynilə  elektroensefaloqrafiyada istifadə edilən elektrodların köməyilə icra edilir. Əksər hallarda TP-ın amplitudu, sinir sisteminin tədqiq olunan sahəsinin və ya digər elektrofizioloji və fiziki mənşəli səs dalğalarının amplituduna bərabər və ya onlardan kiçik olduğundan, TP  almaq üçün, onları, digər səslərin içərisindən təkrari cavabların ortalanması metodu ilə ayırmağa kömək edən elektron-hesablayıcı  texnikanın tətbiqi lazımdır. Bu metod o dərəcədə effektivdir ki, səhthi  elektrodların köməyilə sinir sisteminin demək olar ki, istənilən strukturundan (ölçülərindən və hansı  dərinlikdə yerləşməsindən asılı  olmayaraq) elektrik cavabları  almağa imkan verir.

Törədilmiş potensiallar, reseptorlar, periferik sinirlər, spesifik ötürücülər, retikulyar formasiyanın və limbik sistemin qeyri-spesifik həlqələrinin  səviyyəsində  afferent impulsun emalının nəticəsi  olduğundan, onun formasında afferent  sistemin bütün səviyyələrinin təsiri müəyyən dərəcədə əks olunur ki, bu da ondan, sinir sisteminin xüsusən beynin dərin strukturlarında zədələnmələrinin lokalizasiyasını  və xüsusiyyətini müəyyənləşdirmək  üçün istifadə etməyə  imkan verir.

Törədilmiş potensiallar, stimulun verilməsindən sonra, yaranmasının müəyyən amplituduna və latent dövrünə malik olan dalğalar seriyasından ibarətdir. Məhz bu parametrlərin dəyişiklikləri, zədələnmənin və onun növünün göstəricisi olur. Kliniki praktikada görmə, somatosensor  və eşitmə törənmiş potensialları (GTP, SSTP və ETP) istifadə edilir.

 

     Görmə törədilmiş potensialları

Görmə törədilmiş potensiallarının (GTP)  işıq parıltılarına və  şahmat  patterninə çevrilmiş növlərindən  istifadə olunur. Birinci növ  GTP-nı, elektroensefaloqrafiyada fotostimulyasiya üçün istifadə olunan qısamüddətli işıq parıltılarının köməyilə  əldə edirlər. Bu  üsul, şüurlu  surətdə aktiv  əməkdaşlıq edə  bilməyən xəstələri: huşu və  kommunikativ  bacarıqları  pozulmuş insanları, kiçik  yaşlı  uşaqları, simulyantları  müayinə  etməyə  imkan  verir. İncə  vizual ayırdetməni təmin edən və  müvafiq  surətdə  tor qişanın kor  ləkə  sahəsinin kolbacıqlar aparatı,  görmə  sinirinin mərkəzi  dəstəsinin miyelin qişalı  və  yüksək  ötürücülük qabiliyyətinə malik  lifləri, görmə  yolu  və  görmə  radiasiyası  ilə  əlaqədar  olan fotopik görmə  sistemlərinin tədqiqi  üçün, “şahmat  patterninə”  çevrilmə  ilə stimulyasiyadan iftifadə  edirlər. Stimul, monitorun ekranında  şahmat taxtasının şəklinin ağ  və  qara  xanalarının praktik  olaraq ani yerdəyişməsindən  ibarət  olur.

GTP  müayinə metodu, görmə  sinirinin, görmə  çarpazının, görmə  traktının  və  görmə  qabığının vəziyyətinin qiymətləndirilməsi, görmə  itiliyinin və  onun tənzimlənə  bilmək  imkanlarının müəyyənləşdirilməsi, görmə  pozuntularının aşkar edilməsi və  müalicə  zamanı  onların dinamikasının  müşahidəsi məqsədilə tətbiq olunur.

Müayinənin aparılmasına göstərişlər:

  • ambliopiya, refraksiyanın anomaliyaları;
  • torlu qişanın xəstəlikləri;
  • görmə sinirinin nevriti və ya onun travmatik zədələnməsi;
  • qabıq korluğu, görmə aqnoziyası  və  beyin qabığının görməyə  nəzarət  edən sahəsinin digər zədələnmələri;
  • isteriyalı xəstələrdə  psixogen korluq;
  • demiyelinləşdirici xəstəliklər;
  • beyin şişləri, ensefalitlər və digər serebral proseslər;
  • görmə sinirinin irsi və digər mənşəli atrofiyaları;
  • toksiki nevropatiyalar;
  • hemianopsiya;
  • huşu pozulmuş  xəstələrdə  görmə  funksiyalarının  qorunmasının qiymətləndirilməsi;
  • aqqravasiya;

 

     Somatosensor törədilmiş potensialları

Somatosensor törədilmiş potensialları (SSTP), periferik sinirlərin və  ya  reseptorların elektrik stimulyasiyasına cavab olaraq əldə edirlər. Daha çox,  0,2  msan müddətli və  10 mA-ə  qədər intensivlikli cərəyan  impulsları  vasitəsilə  bilək nahiyəsində – orta sinirin və  topuq nahiyəsində – qamış  sinirinin stimulyasiyası  istifadə  edilir. Müayinənin  məqsədindən asılı  olaraq, SSTP-ın qeydiyyatı, periferik  sinirin müxtəlif  nahiyələrinin  üzərində  və ya  baş  və  onurğa  beyinlərinin üzərində  yerləşdirilmiş  elektrodlar  vasitəsilə  həyata  keçirilir. Bu müayinənin  gedişi  ərzində aşağıdakı  göstəricilər  aydınlaşdırılır:

  • baş və onurğa  beyinlərinin, periferik  sinirlərin  zədələnmələrinin  diaqnostikasında afferent  yolların  tamlığının qorunması  dərəcəsinin  qiymətləndirilməsi;
  • beyin zədələnməsinin  ağırlıq  dərəcəsinin  və  KBT  və  komanın  mümkün nəticələrinin  müəyyənləşdirilməsi.

Müayinənin aparılmasına göstərişlər:

  • dağınıq skleroz;
  • nevropatiyalar, kökcük zədələnmələri;
  • bazu kələfinin  travmatik  zədələnmələri;
  • onurğa beyninin müxtəlif  şöbələrinin  zədələnmələri;
  • isterik nevroz xəstələrində  hissi  funksiyaların  qiymətləndirilmə

 

     Eşitmə törədilmiş potensialları

Nevrologiyada  əsasən, qısa səs  şıqqıltılarına eşitmə  törədilmiş  potensiallarından (ETP) istifadə  edilir. Müayinə  zamanı  periferik və  beyin  kötüyünün  akustik  strukturlarının  funksional  vəziyyəti  qiymətləndirilir.

 

   Müayinənin aparılmasına göstərişlər:

  • neyrosensor karlıq, beyin kötüyünə  təsir  edən  bütün  xəstəliklər;
  • demiyelinləşdirici proseslər;
  • nevrinomalar;
  • insultlar, KBT və  digər  xəstəliklər  zamanı  beyin kötüyünün dislokasiyasının qiymətləndirilməsi;
  • komalı xəstələrdə  metabolik və  üzvi  degenerasiyanın diferensial diaqnostikası;
  • aqqravasiya;

 

Törədilmiş potensialların qeydiyyatı, sensor funksiyasının pozulmasını  obyektiv  şəkildə qiymətləndirməyə  imkan  verir. Bu, müvafiq  modallıqda TP-nın amplitudunun enməsinə, tam zədələnmə  zamanı  isə, əlbəttə  ki, TP-nın  itməsinə  gətirib  çıxarır.

Sinir sisteminin müəyyən  səviyyələri  ilə əlaqədar olan TP-ın dəyişiklikləri, onlardan topik  diaqnostika  məqsədilə  istifadə  etməyə  imkan verir.   Perferik  sinir  sisteminin zədələnməsi, periferik sinirin TP-nın amplitudasının  azalmasına, zaman dispersiyasına və  latent  dövrünün uzanmasına  və sensor  ötürücülüyünün  sürətinin  aşağı  enməsinə  gətirib  çıxarır. Müvafiq  surətdə, daha  yüksək  səviyyələrdə – onurğa  beyni, beyin  kötüyü  və  qabığı  səviyyələrində  də  cavabların  amplitudası  aşağı  düşür. Periferik  sinirlərin müxtəlif  səviyyələrdə  stimullaşdırılması  ilə tədqiqi, zədələnmənin səviyyəsini  və  yayılma dərəcəsini  təyin etməyə   imkan  verir.

Topik  diaqnostikadan  başqa, TP-ın tədqiqi  həmçnin  nozoloji  və sindromal diaqnostikada da müəyyən  rol  oynayır. Məsələn, mioklonik  epilepsiya  zamanı  “nəhəng”   GTP  və  SSTP  qeydə  alınır. TP-ın müayinəsinin  dağınıq  skleroz xəstəliyinin  diaqnostikasında  xüsusi  əhəmiyyəti  vardır. Demiyelinizasiya, TP-ın latent dövrlərinin uzanmasına, miyelin qişası  ilə yaxşı  təchiz  olunmuş  liflər  və  onların proyeksiyası  ilə bağlı  olan erkən komponentlərin itməsinə  gətirib çıxarır. Çox  vaxt  TP, mərkəzi  sinir  sisteminin  demiyelinizasiyaya  uyğun dəyişikliklərinin obyektiv  surətdə aşkar  edilməsində  MRT-yə  nisbətən  daha  həssas  olur  və sensor  pozuntular  kliniki şəkildə  hələ  mövcud  olmadığı  zaman, onlarda  patoloji  dəyişikliklər  aşkar  edilir. Bu səbəbdən, TP-ın  dəyişiklikləri  dağınıq  sklerozun  diaqnostik  meyarları  sırasına daxildir. Qeyd  edilir  ki, TP  prosesin  dinamikasına  həssas  olduğundan,  müalicənin effektivliyinin  və  proqnozun  qiymətləndirilməsində  də  istifadə  oluna  bilər.

Qeyd  etmək  lazımdır  ki, həkim  xəstəni  TP-ın müayinəsinə  göndərərkən, hansı  modallığın  tədqiq  olunmasının  lazım  olduğunu  göstərməli, diaqnostik  problemi: zədələnmənin  mövcudluğunu,  xarakterini, səviyyəsini,  yayılma  dərəcəsinın  müəyyən edilməsini  dəqiq  formalaşdırmalı;  lazım gəldikdə, problemi  neyrofizioloqla  müzakirə etməlidir, çünki  xəstənin  abstrakt  olaraq  TP  müayinəsinə  göndərilməsi  mənasızdır (L.R. Zenkov, 1991).

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi).

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq