Elektromioqrafiya (EMQ)

Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətini qiymətləndirməyə imkan verən diaqnostik metod olub, onun əsasında zədələnmiş əzələni  innervasiya edən sinirin funksional vəziyyəti  haqqında nəticə çıxarmaq olar. Bu müayinə metodu, həkimə zədələnmə ocağının lokalizasiyası və yayılması, əzələlərin  və  periferik sinirlərin  zədələnməsinin ağırlıq dərəcəsi  və xarakterini  müəyyənləşdirməyə  kömək edir.

 

Müayinənin tarixi  

Elektromioqrafiyanın inkişaf tarixi  XVII  əsrin  ortalarından etibarən,  Françesko Redinin bəzi balıq  növlərinin yüksək  ixtisaslaşmış əzələlərinin elektrik şüalanması  mənbəyi  olduğunu sübut  etdikdən sonra başlanmış hesab olunur. 1773-cü  ildə  Uolş  aydın  şəkildə  nümayiş etdirə  bilmişdi  ki, ilan  balığının əzələ toxuması, elektrik qığılcımı  yarada  bilmək qabiliyyətinə malikdir.

XVIII  əsrin  70-ci  illərində  italyan alimləri  Luici  Galvani  və  Alessandro Voltanın müxtəlif canlıların üzərində  apardıqları  çoxsaylı  tədqiqat  işləri, elektromioqrafiyanın inkişafına  yeni  bir  təkan  verdi. Belə  ki,  L. Qalvani  bu sahədə  aşağıdakı  qanunauyğunluqların olmasını  kəşf etdi:

  • elektrikliyin yeni – “heyvani” növü və mənbəyi  mövcuddur;
  • əzələ – elektrik  batareyasının müəyyən  və  xüsusi  bir növüdür;
  • əzələ,  beyindən  gələn  impulslarla stimullaşdırılır. Beyindən  gələn  impulslar sinir boyunca  ötürülür.

Voltanın isə  bu  sahədə  rolu  onunla  vacibdir  ki,  o, elə  bir güclü  cihaz  işləyib  hazırlamışdı  ki,  ondan  həm  elektrik  enerjisini  istehsal etmək,  həm  də əzələləri  stimullaşdırmaq üçün istifadə etmək  olardı.  XIX  əsrdə  əzələləri  stimullaşdırmaq üçün  elektrik enerjisindən istifadə  üsulu  geniş  diqqət  cəlb  etdi  və  həmin  dövrün  bir  çox  tədqiqatçıları  bu  yeni metodu  mənimsədilər.  1860-cı illərdə  Düşenn  onları  öyrənmək  üçün  elektrik stimullaşdırılmasından istifadə  edərək, intakt  əzələnin  funksiyasının  ilk  sistematik tədqiqatını  aparmışdır. Dübua  Raymon tərəfindən  insanın əzələlərinin  elektrik  fəallığının, onların  iradi  təqəllüsü  zamanı  müayinəsi, elektromioqrafiyanın  inkişafında böyük  rol oynamışdır. 1900-cu  illərin  əvvəllərində  Pratt  nümayiş  etdirdi ki, təqəllüs  edən  əzələnin enerjisinin miqdarı,  neyronal  impulsunun  böyüklüyü  ilə  deyil, əzələ  liflərinin fərdi  miqdarı  ilə  bağlıdır. İlk  dəfə  insan  EMQ  müayinəsi,  1907-ci  ildə  alman  fiziologu  G. von Pieper tərəfindən  həyata  keçirilmişdir ki,  o, bu  məqsəd  üçün  simli  qalvanometrdən  istifadə etmişdi.  1920-ci  illərdə,  Qasser  və  Nyukomer, əzələnin  biopotensialını  hesablamaq üçün ixtira  etdikləri  katodlu  ossiloqrafdan  istifadə  etmişdilər. Bu  kəşf,  1944-cü  ildə  Nobel mükafatına  layiq  görülmüşdür.

1930-cu  illərdən  başlayaraq, daimi  olaraq  bir  çox  alimlərin  bu  metodun  yeni  elmi kəşflərin  hesabına  təkmilləşdirməsi həyata  keçirilmişdir ki,  onlardan  da  E. Ceykobson, Floyd və  Silver, Prays, Conson  və  Harton,  E. Qrininin  adlarını  xüsusilə qeyd  etmək lazımdır.

Hal-hazırda  EMQ,  nevrologiya, neyrofiziologiya, travmatologiya və ortopediya, idman təbabəti, hərəkətlərin  və  yerişin  kliniki  təhlili  sahələrində  geniş  yayılmış  tədqiqat  metodu kimi  inkişaf  etmişdir.

 

Elektromioqrafiya metodunun mahiyyəti

Bu  müayinə,  xüsusi  bir  cihaz – elektromioqrafdan  istifadə  etməklə  aparılır. Müasir dövrdə bu,  əzələ  biopotensiallarını qeyd edən, gücləndirən  və  məlumatları  qiymətləndirən mürəkkəb  bir  kompüter  sistemidir. Elektrodlar,  əzələlərin  potensialını qeyd  edir  və elektromioqrafa  ötürür.  Cihaz, siqnalları  gücləndirir  və  onu  ya  görüntü  şəklində  kompüterin  monitoruna,  ya  da  sonradan  kağız  üzərində  qeyd  etmək  üçün  ossilloqrafa göndərir.

Elektromioqrafiya – əzələlərin elektrik potensiallarının  ölçülməsi  vasitəsilə  müayinəsi metodudur.  Oyanmanın  sinir  lifindən  əzələ  lifinə  ötürülməsi, sinir-əzələ  sinapsında baş  verir. Oyanma  anında  sinaptik  düyündən  ifraz  olunan  asetilxolin, əzələ lifinin postsinaptik  membranının  depolyarizasiyasına  səbəb  olur. Bir  əzələ fibrilinin oyanmasına  müvafiq  olan  potensial,  fibrillyasiya  potensialı (FP) adlanır.

Əzələ  lifləri, sinir-əzələ  hərəki  vahidi (HV) adlanan  funksional  qruplarda  birləşir. HV – eyni  motoneyronla  innervasiya  olunan  əzələ  liflərinin  birliyindən  ibarətdir. Onun  oyanması   zamanı,  normal  halda  onun  innervasiya  etdiyi  bütün  əzələ  lifləri demək  olar  ki, eyni  vaxtda  oyanır. Bu  səbəbdən,  normal  halda  praktik olaraq  heç vaxt  FP  müşahidə  olunmur,  yalnız  HV-i  təşkil edən  bir  çox  əzələ  liflərinin  summar boşalmaları  qeydə  alınır. Bu cür  sinxron  potensial,  HV-in  hərəkət  potensialı (HVHP) adını  daşıyır. HVHP,  FP-dən  daha  böyük  amplituda  malikdir.  HVHP-nın  davametmə  müddəti  də  həmçinin  FP-dən  bir  qədər  çoxdur, çünki  ayrı-ayrı  liflərə yaxınlaşan  terminal  neyromiofibrillərin  müxtəlif  uzunluqda  olması  və  sinaptik  yarığa ifraz  olunan  asetilxolinin  müxtəlif  sürəti  və  həcminin  olması  səbəbindən,  HV-i  təşkil  edən  ayrı-ayrı  miofibrillərin  oyanıqlığı  tam  sinxron  olmur. Eyni  səbəbdən  də  HVHP  2-, 3-,  bəzən isə  polifazalı  ola  bilir. Potensialların  məhz  bu  növləri, diaqnostik  məqsədlə  araşdırılan  EMQ-ki  əsas  elementar  fenomenləri  təşkil  edir.

Müayinənin  xüsusiyyətindən  asılı  olaraq, 2  növ  aparmadan  istifadə  edilir. Səthi aparma,  tədqiq  olunan  əzələnin  hərəki  nöqtəsində  yerləşən  bir  cüt  səthi  elektrod vasitəsilə  həyata  keçirilir. Onlar,  elektrodun  yaxınlığında  yerləşən  summar  HVHP-i əks  etdirir. Səthi  aparma,  əsas  etibarilə stimulyasion  elektromioqrafiyada  istifadə olunur  ki,  bu  üsul  da hissi  və  hərəki sinirlərin elektrostimulyasiyasına  cavab  olaraq meydana  çıxan  HVHP-nin  birbaşa,  reflektor  və  bəzi  digər  növlərini  tədqiq edir.

Spontan  və  iradi fəallığın  tədqiqi  məqsədilə, əzələnin  hərəki  nöqtəsinin  dərinliyinə  yeridilmiş  iynəşəkilli  konsentrik  elektrodların  köməyilə  aparmalar  tətbiq edilir. Bu metod,  HV-in və ayrı-ayrı  liflərin fəallığının xarakterini  kəmiyyət  və keyfiyyət baxımından dəqiqliklə  qiymətləndirməyə  imkan  verir.

Normada  sakit  halda  və boşalmış  vəziyyətdə  əzələdə  heç  bir  elektrik fəallığı  müşahidə  olunmur.  Əzələnin  zəif  təqəllüsü  və  ya  sinergik  gərginliyi  zamanı  əvvəlcə  ayrı-ayrı  HVHP-lər  yaranır  ki, onlar  da təqəllüsün  gücünün  artması  ilə tezləşir  və  nəhayət,  interferension  adlanan  bütöv  bir  yüksək  tezlikli fəallıqda birləşir.

Şəkil1.  Elektromioqrafiyada bəzi əsas fəallıq növləri (N.N. Yaxno, D.R. Ştulman və əməkdaşları).

  1. FP. 2. Normal halda HVHP. 3. Normal halda iradi əzələ təqəllüsünün interferension EMQ-si.  4. Spinal motoneyronun xəstəliyi zamanı  spontan HVHP (fassikulyasiyalar).  5. Spinal motoneyronun xəstəliyi zamanı  davametmə müddəti və amplitudası  artmış (nəhəng) HVHP.  6. Onurğa beyninin ön buynuzlarının zədələnməsi zamanı  iradi əzələ təqəllüsünün seyrəkləşdirilmiş təsviri.  7. Düşenn miopatiyası  zamanı  polifazalı, ölçüsü qısaldılmış aşağı  amplitudlu HVHP (1,2, 4, 5 və 7-ci təsvirlər iynəli aparmalar, 3 və 6-cı  təsvirlər isə səthi aparmalar nəticəsində qeydə alınmışdır).

Əzələlərin  elektrik fəaliyyətinin  müəyyən  normaları  vardır  ki,  bu  normalar, onların funksiyasının qənaətbəxş  olmasından  xəbər  verir. Elektromioqramın göstəriciləri,  bu normaların  hüdudlarından  kənara  çıxdıqda, bu,  əzələnin  və  ya  onu  innervasiya edən periferik sinirin  xəstəliyindən şübhələnməyə  əsas  verir.

 

Elektromioqrafiyanın növləri

Elektrodların tipinə  görə  elektromioqrafiya  səthi (qlobal)  və  lokal  növlərə  ayırd  edilir.

  • Səthi EMQ – qeyri-invaziv bir  metoddur və  əzələ  fəaliyyətini, onun  geniş  sahəsində  qeyd etməyə  imkan  verir.
  • Lokal elektromioqrafiyanı icra edərkən,  nazik  bir  iynə  şəklində  elektrodu  perkutan (dəri vasitəsilə) əzələ  kütləsinə  yeridilir. Bu, fərdi  əzələ  elementlərinin funksiyasını  öyrənmək üçün  istifadə olunan  invaziv  bir metodikadır.

Prosedurların  hər  bir  növünün  öz  göstəriciləri vardır, buna  görə  də  onların  hansının istifadə  edilməsi  barədə  qərarı  fərdi  surətdə  müalicə  həkimi  verir.  Çox  vaxt elektromioqrafiyanın hər  iki  növü  eyni  vaxtda təyin  edilir.

 

Göstərişlər

Elektromioqrafiyanın  keçirilməsinə  səbəb,  tez-tez  müşahidə  edilən  əzələ ağrılarıdır. Aşağıdakı  simptomlar olduqda  və  ya  aşağıdakı  xəstəliklərdən  şübhə  yarandığı  təqdirdə xəstəyə  EMQ  müayinəsi təyin  edilə  bilər:

  • əzələlərdə zəiflik  hissi;
  • tez-tez baş  verən  intensiv  əzələ  ağrıları;
  • tez-tez baş  verən  əzələ  səyrimələri, qıcolmalar;
  • Parkinson xəstəliyi  və  sindromu;
  • YAS (yan amiotrofik skleroz);
  • miokloniyalar;
  • miasteniya;
  • polimiozit;
  • əzələlərin tonusunun  pozulması (distoniya);
  • baş və  onurğa  beyninin,  periferik  sinirlərin  travmatik  zədələnmələri;
  • dağınıq skleroz;
  • botulizm;
  • keçirilmiş poliomielit  xəstəliyindən  sonrakı  qalıq  əlamətləri;
  • üz sinirinin  nevropatiyası;
  • tunel sindromları;
  • fəqərə sütununun  travmaları  və  ya  fəqərəarası  disk yırtıqları  zamanı  radikulopatiya;
  • polineyropatiya;
  • essensial tremor;
  • kosmetologiyada – botoksun tətbiqi  lazım olan  bədən  sahələrini  müəyyən  etmək məqsədilə.

 

Bir  qayda  olaraq,  elektromioqrafiya  eyni  xəstəyə  dəfələrlə  həyata  keçirilir: birinci müayinə – müalicənin  başlamasından  qabaq,  diaqnozun qoyulması mərhələsində,  sonrakılar  isə – müalicə  prosesində, onun effektivliyini  qiymətləndirmək  məqsədilə.

 

Əks-göstərişlər

Ümumiyyətlə,  elektromioqrafiya  tamamilə  təhlükəsiz,  zərərsiz  və  ağrısız  bir  müayinə metodu olub, hətta  uşaq  yaşlı  xəstələrə  tətbiqinə  də  icazə  verilir.  Lakin  onun  da  həyata keçirilməsi  üçün,  bir  çox  diaqnostik  prosedurlarda  olduğu  kimi  əks-göstərişlər  mövcuddur:

  • kəskin infeksion və  ya  qeyri-infeksion xəstəliklər;
  • epilepsiya və mərkəzi  sinir sisteminin digər  üzvi  patologiyaları;
  • ruhi xəstəliklər,  xüsusilə də  xəstənin  özünü  adekvat  şəkildə  idarə  edə  və  müəyyən  hərəkətləri  yerinə  yetirə  bilmədiyi  xəstəliklər;
  • kəskin ürək-damar  patologiyası (hipertenziv  böhran,  stenokardiya  tutması, kəskin miokard  infarktı  və  );
  • elektrokardiostimulyator;
  • nəzərdə tutulan  müayinə  nahiyəsində dəri  qüsurları,  irinli  səpgilərin  olması.

Lokal (iynəli) elektrostimulyasiyanın aparılması  üçün  əks-göstərişləri  ayrıca  olaraq qeyd etmək  lazımdır:

  • müayinə olunan  şəxsdə  qan  vasitəsilə yoluxa  bilən  infeksiyaların (HİV / QİÇS, hepatit  və  ) olması;
  • qanın laxtalanma sisteminin qanaxmaya  meylli  xəstəlikləri (hemofiliya  və  );
  • ağrıya qarşı  yüksək  fərdi  həssaslıq.

 

Xəstənin müayinəyə hazırlanması

Bir  çox digər diaqnostik metodlardan fərqli  olaraq, elektromioqrafiya üçün  xüsusi  hazırlıq tədbirləri  mövcud  deyil. Ancaq  müayinəyə  getməyi  planlaşdırarkən, aşağıdakı  şərtləri nəzərdən  keçirmək  lazımdır:

  • sinir və  ya  əzələ  sisteminə təsir edən dərman  preparatlarının qəbulunu dayandırmaq;
  • elektromioqrafiyadan bir neçə  saat  əvvəl  oyanıqlığı  gücləndirən  məhsulları (şokolad, kola,  çay,  qəhvə,  energetik içkilər) qəbul  etməmə

Əgər  xəstə  somatik  xəstəliklər  səbəbindən,  gündəlik  surətdə  qanın  laxtalanması qabiliyyətini  aşağı  salan  dərman  preparatlarını  qəbul  etməlidirsə, o,  bu  barədə  öz  müalicə həkiminə  məlumat  verməlidir.

 

EMQ  müayinəsinin aparılma qaydası

Müayinə  həm  stasionar, həm  də  ambulator şəraitində  aparıla bilər.  Müayinə  müddəti ərzində  xəstə  oturaq,  yarımoturaq  və  ya  uzanmış  vəziyyətdə,  rahat  bir  şəkildə yerləşməlidir. Tibb  bacısı  elektrodlarla  əlaqəli  olan  dəri  sahəsini  antiseptiklə  işləyir  və müayinə  olunan  əzələnin  üzərinə  elektromioqrafa  birləşdirilmiş  elektrodları  qoyur. Əzələyə  iynəli  elektrodun  yerləşdirilməsi  zamanı,  xəstə  qeyri-intensiv  bir  ağrı  hiss  edir.

Müayinənin  başlanğıcında, boşalmış  halda olan  əzələnin  potensialları  qeyd  olunur, sonra isə  xəstədən  onu  yavaş-yavaş  gərginləşdirməyi  xahiş  edirlər  və  bu  zaman  da  impulslar qeyd  olunur.

Əldə  olunmuş  qeydiyyat – elektromioqramma – diaqnostika  kabinetinin mütəxəssisi tərəfindən  qiymətləndirilir, sonra  isə  nəticə  xəstəyə  və  ya  bilavasitə  müalicə  həkiminə təqdim  edilir.

 

EMQ  müayinəsinin  nəticələrinin  təhlili

Elektromioqrammada müxtəlif amplitudlu, tezlikli və  periodikli dalğalar (ossilyasiyalar) müəyyən  edilir. Əzələ  yalnız  təqəllüs  etməyə  başlayarkən, bu  dalğaların amplitudunun ölçüsü  təxminən  100-150  mkV,  maksimum təqəllüs  halında  isə  100-3000  mkV  olur. Bu göstəricilər, bilavasitə  insanın  yaşından  və  fiziki  inkişafından asılıdır. Nəticənin  təhrif olunması,  yalnız  qanın  laxtalanma  sisteminin xəstəlikləri  və  müayinə  sahəsində dərialtı  piy toxumasının qalınlığı  səbəblərindən  baş  verə  bilər.

  • Miozitlər, əzələ  distrofiyası  və  digər birincili  əzələ  xəstəlikləri,  xəstəliyin şiddətinə uyğun  olaraq  dalğaların  amplitudunun  aşağı  enməsinə  səbəb olur (başlanğıc  mərhələdə  500  mkV-a qədər, terminal  mərhələdə  isə maksimal  oyanıqlıq  zamanı – hətta  20 mkV-a  qədər). Lokal  EMQ-də  eyni zamanda  potensialın sayı  norma  çərçivəsində  olur, lakin  onların  amplitudu və davametmə  müddəti  azalır.
  • İstənilən təbiətli  polineyropatiyalarda (toksiki, metabolik, irsi) – səthi elektromioqrafiya ossilyasiyaların qısalmasını, eləcə  də  müxtəlif  amplitudlu və tezlikli  tək-tək  biopotensialları  qeydə  alır. Lokal  EMQ-də  polifazalı, nisbətən normal  biopotensiallar  görüntülə Sinir  liflərinin çox  hissəsi  məhv  olduğu halda  isə,  əzələ  fəaliyyəti  minimal olur  və  ya  heç  olmur.
  • Lokal EMQ-də  spinal  amiotrofiyalar  kəskin  dalğalar  və  ossilyasiyaların amplitudunun artımı  ilə  xarakterizə    Səthi  elektromioqrafiyada  isə, sakit  vəziyyətdə  fassikulyasiyalar, əzələnin  yüksək  dərəcəli  gərginliyi  zamanı isə –  “çəpər  ritmi”  adlanan  yüksək  tezlikli  və  amplitudlu  potensiallar aşkar edilir.
  • EMQ-də miasteniya, əzələnin  təkrarlanan  ritmik stimullaşdırılması zamanı  ossilyasiyaların amplitudunda azalma  ilə  xarakterizə
  • Miotonik sindromlar, təqəllüs  etdikdən  sonra  əzələlərin  istirahəti  zamanı aşağı  amplitudlu  və  yüksək  tezlikli  elektrik  fəaliyyətinə  səbəb  olur  ki,  bu  da  tədricən  sönür.  Lokal  elektromioqrafiya  əzələnin  hiperoyanıqlığını – ona elektrod daxil edildikdən  sonra  bütöv  bir  biopotensiallar seriyasının  meydana çıxmasını  qeydə  alır.
  • Essensial tremor və  Parkinson xəstəliyi –  səthi  EMQ-də  titrəmələrin amplitudunun artması  və sonradan onun  azalması  kimi  bir  sıra  ritmik “yaylım atəşi”  kimi  görünür.  Bu  cür  “yaylım atəşlərinin”  müddəti  və  tezliyi  birbaşa patoloji  prosesin yerləşdiyi  yerdən  asılıdır.

 

Mümkün ola bilən ağırlaşmalar

Yuxarıda  qeyd  edildiyi  kimi,  elektromioqrafiya  xəstə  üçün  tamamilə təhlükəsiz  bir diaqnostika  metodudur  və  buna  görə  də  heç  bir  mənfi  nəticəyə  gətirib  çıxarmır.  Yeganə olaraq,  local  növ  prosedurun  həyata  keçirilməsi  halında,  iynənin  batırılma nahiyəsində qeyri-intensiv  ağrı  hissiyyatı ilə  müşayiət  oluna  bilən  kiçik  ölçülü  hematoma  əmələ  gəlir. Bu göyərmə,  100%  hallarda  7-10  gün  ərzində  müstəqil  surətdə  və  izsiz  keçib gedir.

EMQ,  tez-tez  sinir  funksiyalarının  oxşar  müayinəsi – elektroneyromioqrafiya (ENMQ) ilə birlikdə  tətbiq  olunur.  Bu  diaqnostika  metodları  bir-birini  tamamlayır  və  mütəxəssisin  bu və  ya  digər  xəstəliyin  tam  şəklini  görməsinə  imkan  verir.

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/09/14/elektroneyromioqrafiya-enmq/

https://nevropatologiya.az/2021/09/04/isemik-insult/

https://nevropatologiya.az/2021/09/10/miasteniya/

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 13.12.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq