Reoensefaloqrafiya (REQ)
Reoensefaloqrafiya (REQ) – qeyri-invaziv bir funksional diaqnostika metodudur. Metodu adı, qədim yunan mənşəli ῥέος — “axın” + ἐγκέφαλος — “baş beyni” + γράφω — “yazıram, təsvir edirəm” sözlərindən təşkil olunmuşdur. Onun köməyilə başın toxumalarının elektrik cərəyanına olan müqavimətinin ölçülməsi həyata keçirilir. Məlumdur ki, qan elektrolitdir. Beynin qan damarı qanla dolduğu zaman, toxumaların elektrik müqaviməti azalır və məhz bu, cihaz tərəfindən qeydə alınır. Daha sonra, artıq müqavimətin dəyişilməsi dərəcəsi əsasında müəyyən bir damarda qan axınının sürəti ilə əlaqədar nəticələr alınır və digər göstəricilər qiymətləndirilir.
“Reoensefaloqrafiya” termini F.L. Cenker tərəfindən təklif olunmuşdur. Reoensefaloqrafiyanın öyrənilməsinə A.A. Kedrov və A.İ. Naumenko (1949), M.A. Ronkin (1964, 2002), X.X. Lrullin (1966), Q.İ. Eninya (1968) və digər alimlər öz töhfələrini vermişlər.
Reoensefaloqrafiyanın məqsədi. Reoensefaloqrafiyanın nəticələri, beyin damarlarının yalnız funksional vəziyyətini təsvir etdiyindən, bu, son diagnostik metod deyil – bu tədqiqat üsulunun nəticələrinə əsaslanaraq diaqnoz qoymaq mümkün deyil. Bununla belə, REQ müayinə metodu, baş beynin müəyyən bir nahiyəsində beyin qan dövranının pozulması faktını müəyyənləşdirmək və həkimə sonradan məhz həmin sahənin müayinəsi üzərində diqqətini cəmləşdirmək imkanı verir.
REQ qan dövranının aşağıdakı parametrləri barədə məlumat verir:
- damarların tonusu;
- beynin bu və ya digər nahiyəsinin qanla dolma dərəcəsi;
- qan axınının sürəti;
- qanın özlülüyü;
- kollateral qan dövranı və
Göstərişlər
Bu metodun aparılması beyin qan dövranının pozulması simptomları ilə müşayiət olunan bütün hallarda göstərişdir. Bir qayda olaraq, bu:
- tez-tez müşahidə olunan baş ağrıları və başgicəllənmə;
- bayılmaönü və huşunu itirmə anları;
- tinnitus (qulaqlarda küy);
- eşitmənin və görmənin pozulmaları;
- yuxu pozulmaları;
- yaddaşın pozulması;
- qavrama qabiliyyətinin zəifləməsi;
- meteohəssaslıq (havanın dəyişilməsindən asılı olaraq, sağlamlıq durumunun dəyişməsi);
- kəllə-beyin travmaları (beyin silkələnməsi, beyin əzilməsi);
- anamnezində kəskin beyin qan dövranı pozulmasının (insult) mövcudluğu;
- ensefalopatiyalar;
- arterial hipertenziya;
- arterial hipotenziya;
- serebral damarların aterosklerozu;
- neyrosirkulyator distoniya;
- onurğanın boyun şöbəsinin osteoxondrozu;
- spondilit;
- onurğa arteriyası sindromu;
- miqren;
- şəkərli diabet (əgər onun ağırlaşması olan diabetik mikroangiopatiyaya şübhə yaranarsa);
- yaxın qohumlarda beyin qan damarlarının xəstəlikləri;
- əvvəllər aparılan dərman və ya qeyri-medikamentoz müalicənin effektivliyinin qiymətləndirilmə
Əks-göstərişlər
Reoensefaloqrafiya – praktiki olaraq bütün növ xəstələrdə tətbiq edilmək üçün təsdiqlənmiş, tamamilə təhlükəsiz bir diaqnostik metoddur. Müayinə aşağıdakı hallarda həyata keçirilməməlidir:
- xəstənin elektrod tətbiq edilməsi lazım olan nahiyəsində dəri qüsurları (yaralar) olarsa;
- xəstə baş dərisi və saçlarının bakterial, göbələk və ya parazitar xəstəliyindən əziyyət çəkirsə.
Yalnız xəstənin müayinənin keçirilməsinə razılıq verdiyi halda, REQ-nı icra etmək mümkündür, buna görə xəstənin ona icazə verməməsi də bir əks-göstəriş hesab edilir.
Reoensefaloqrafiyan əvvəl xüsusi hazırlıq tələb olunmur.
Maksimal dərəcədə dəqiq məlumat əldə etmək üçün, müayinə ərəfəsində xəstə stressdən qaçmalı, müayinədən əvvəlki gecə isə yaxşıca yatıb dincəlməlidir. Həmçinin, siqaret çəkmək, tünd qəhvə və ya çay içmək də məsləhət görülmür, çünki onlar sinir sisteminə, damarların tonusuna və arterial təzyiqə təsir göstərdiyindən, müayinənin nəticəsi təhrif olunacaq.
Bəzi hallarda həkim, xəstəyə diaqnostikadan əvvəl, damar tonusuna təsir edən hər hansı bir dərman preparatının qəbulunu dayandırmağı tövsiyə edə bilər. Lakin, bu, əlbəttə ki, kurs müalicəsində qəbul edilən dərman preparatlarına aiddir – əgər xəstə belə bir dərmanı davamlı rejimdə qəbul edirsə, diaqnostika da onun üçün adi olan müalicənin fonunda aparılmalıdır.
Müayinəyə gələrkən, dərhal diaqnostika kabinetinə getmək lazım deyil. 15 dəqiqə müddətində yaxşı havalandırılan, lakin boğucu havası olmayan bir otaqda dincəlmək, yalnız bundan sonra REQ müayinəsindən kemək məsləhəhət görülür.
Uzun saç sahibləri olan xəstələrin, saçlarını bir dəstəyə toplaması lazımdır ki, onlar müayinənin aparılmasına mane olmasın.
Reoensefaloqrafiyanın keçirilmə metodları
Müayinə 2-6 kanallı reoqraf vasitəsilə həyata keçirilir (cihazda nə qədər çox kanal nəzərdə tutularsa, baş beynin daha çox sahəsi diaqnostik prosedurla əhatə olunacaq). Bir qayda olaraq, diaqnostikanı orta tibb personalı aparır, əldə edilən məlumatların təfsiri ilə isə, bilavasitə həkim məşğul olur.
Müayinə zamanı xəstə rahat bir vəziyyətdə: stulun üstündə oturmuş və ya yumşaq bir çarpayıda uzanmış, rahatlanmış və gözləri bağlı halda olur. Mütəxəssis onun başına gellə və ya kontakt pastası ilə işlənmiş elektrotları qoyur, onları elastik lentlə bərkidir (o, başın ətrafından keçir: qaşların və qulaqların üzərindən və ənsədən). Diaqnostika prosesində bu elektrodlar beyninə elektrik siqnalları göndərir və o zaman, damarların vəziyyətinin yuxarıda sadalanan göstəriciləri və onların içərisindən keçən qan axını kompüterin monitorunda əks olunur (bəzi cihazlarda məlumatlar kompüterə göndərilmir, əvəzində isə kağız üzərində çap olunur).
Elektrodların qoyulma nahiyəsi, baş beynin hansı hissəsinin diaqnostikasının tələb olunmasından asılıdır:
- xarici yuxu arteriyasının müayinəsində elektrodlar, xarici qulaq keçəcəyindən bayıra və ön tərəfə (başqa sözlə, qulağın qarşısında), qaşların üzərinə yerləşdirilməlidir;
- daxili yuxu arteriyasının müayinəsində – burun kökündə və məməyəbənzər çıxıntı nahiyəsində (qulağın arxasında);
- vertebral arteriyaların hövzəsinin müayinəsində – məməyəbənzər çıxıntı və ənsə qabarlarında. Bu zaman, REQ-in icrası ilə eyni vaxtda EKQ-nin çəkilməsi də məsləhət görülür.
Müayinənin əsas hissəsi tamamlandıqda, həkim lazım bilərsə, əlavə olaraq, bir və ya bir neçə funksional sınaq keçirə bilər. Ən çox aparılan sınaqlar aşağıdakılardır:
- dilin altına Nitroqliserinin qoyulması (qlaukoma, hipotenziya və bu dərmana qarşı dözümsüzlük olduqda, əks-göstərişdir);
- bütün bədən mövqeyini dəyişdirmək və ya sadəcə olaraq, başı sağa-sola çevirmək və ya əymək (bir qayda olaraq, vertebral arteriya sindromu diaqnozunu qoymaq üçün istifadə olunur);
- bir neçə dəqiqə ərzində hiperventilyasiya (dərindən nəfəsalma);
- tənəffüsün bir neçə dəqiqəyə dayandırılması;
- hər hansı bir fiziki yükləmə və
Sınağın keçirilməsindən sonra REQ qeydiyyatı təkrar edilir və onda yaranan dəyişikliklər qiymətləndirilir.
Müayinə müddəti 10 dəqiqədən yarım saatadək davam edir. Bu müddətdə xəstə heç bir xüsusi duyğunun olmasını və ya ağrı hiss etmir (istisna olaraq, Nitrogliserinlə funksional sınaqdan sonra, bu dərmanın əlavə təsiri kimi baş ağrısı meydana çıxa bilər).
Reoensefaloqrammanın tədqiqi
REQ zamanı əldə edilən məlumatları düzgün şəkildə şərh etmək üçün, həkim xəstənin dəqiq yaşını bilməlidir – bu, məntiqə uyğundur, çünki gənc, orta və qoca/ahıl yaşlı xəstələrdə damarların tonusu və qan axınının xüsusiyyəti fərqlidir (gənc yaşlı şəxs üçün patoloji olan hal, ahıl yaşlı insan üçün normal və ya normanın bir variantı ola bilər).
Reoensefaloqramın dalğa kimi görünüşü olur və bu dalğanın hər bir seqmenti öz adına malikdir:
- qalxan hissəsi – anakrota;
- enən hissəsi – katakrota;
- onların arasında – insizura (əslində, bu əyriliyin özü, qalxan hissənin enən hissəyə keçididir), ondan dərhal sonra kiçik bir dikrotik dişcik ayırd
Reoensefaloqrammanı tədqiq edərkən, həkim onun aşağıda sadalanan xüsusiyyətlərini qiymətləndirir:
- dalğaların müntəzəmlik dərəcəsi;
- anakrota və katakrota necə görünür;
- dalğanın zirvəsinin yuvarlaqlaşdırılma xüsusiyyəti;
- insizura və dikrotik dişciyin yeri, sonuncunun dərinliyi;
- əlavə dalğaların mövcud olması və növü.
Qeyd etmək lazımdır ki, REQ, bu və ya digər kardioloji və ya nevroloji diaqnozu təsqiqləməyə imkan verən müstəqil bir diaqnostik metod olmasa da, lakin ilk simptomlar meydana çıxan zaman, vaxtında həyata keçirildikdə, xəstəliyin başlangıc, erkən mərhələlərində damar patologiyalarının mövcudluğu faktını aşkar etməyə kömək edir. Əlavə müayinələrin və adekvat müalicənın aparılması, xəstənin tezliklə sağalmasına gətirib çıxarar və diaqnozun vaxtında təyin olunmadığı təqdirdə meydana çıxa biləcək ağırlaşmalardan azad edə bilər.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/
https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/
https://nevropatologiya.az/2021/09/08/bqdkp/
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 04.09.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq