Alzheymer xəstəliyi

Alzheymer xəstəliyi (XBT-10 üzrə kodları  G30, F00) – qocalıqönü yaşda meydana gələn psixi xəstəliklərdən biri olub, əsasında baş beynin strukturlarının durmadan inkişaf edən atrofiyası prosesləri dayanır. Alzheymer xəstəliyi, əsas etibarilə 60-65 yaşdan sonra inkişaf edən və idrak qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan qocalıq ağıl zəifliyinin proqressivləşən bir formasıdır. Bu xəstəlik 1906-ci ildən bəri elmə məlumdur, lakin bir əsrdən çoxdur ki, alimlər onun müstəqil bir patologiya və ya qocalıq demensiyasının xüsusi, daha erkən yaşda inkişaf etmiş bir variantı olub-olmadığı barədə mübahisə edirlər. Tədqiqatçıların əksəriyyəti birinci variantın doğru olmasını güman edirlər. Alzheymer xəstəliyinin adı, bu xəstəliyi ilk dəfə 1906-cı ildə təsvir etmiş alman psixiatrı Alois Alzheymerin (1864-1915) soyadından götürülmüşdür.

Alzheymer xəstəliyi, baş beynin əziyyət çəkdiyi sağalmaz kateqoriyasına aid olan neyrodegenerativ xəstəliyidir. Beyin strukturları arasındakı impulsların ötürülməsinə məsul olan sinir hüceyrələrinin məhv olması, geridönməz yaddaş pozulmasına səbəb olur. Alzheymer xəstəliyindən əziyyət çəkən insan ən adi bacarıqlarını itirir və özünə qulluq etmək qabiliyyətindən məhrum olur.

    

     Statistik məlumatlar

Alzheymer xəstəliyi bütün dünyada geniş yayılmışdır, lakin onun dəqiq yayılma dərəcəsini müəyyən etmək, həkimlər tərəfindən patologiyanın bu və ya digər xəstəliyə aid olmasına dair fərqli fikir yürütmələrilə əlaqədar problemlidir. Təxmini məlumatlara görə, Alzheymer xəstəliyi psixiatrik xəstəxanalardakı xəstələrin 5%-də qeyd olunur.

Orta hesabla xəstələnmə halları hər 1000 nəfərə 5-8  insan arasında dəyişir ki, bu da demensiya diaqnozu hallarının təxminən yarısını təşkil edir. Dünya miqyasında 2006-cı ilə görə Alzheymer xəstəliyi olan xəstələrin sayı 26,5 milyon nəfər təşkil etmişdir. Bu xəstəlik aydın nəzərəçarpan inkişafa meylli tendensiyaya malikdir ki, bu da həmin patologiyanın diaqnostikası və müalicəsi problemini müasir psixiatriya və nevrologiyanın ən vacib vəzifələrindən birinə çevirmişdir.

Alzheymer tipli demensiya ilə insanların yaşı arasında əhəmiyyətli bir mütənasibliyin olması səciyyəvidir. Belə ki, 65 yaş qrupunda hər 1000 nəfərə 3 xəstələnmə halı düşürsə, 95 yaşına çatmış insanlar arasında hər 1000 nəfərə 69 xəstələnmə halı  baş verir. İnkişaf etmiş ölkələrdə bu patologiyanın yayılma nisbəti daha yüksəkdir, çünki onların əhalisi daha uzunömürlüdür. Qadınlar arasında Alzheymer xəstəliyi kişilərə nisbətən daha çox yayılmışdır ki, bunu da bəzi alimlər kişilərlə müqayisədə onların daha uzun ömür sürmələri ilə əlaqələndirirlər.

Ahıl yaşlı şəxslərdə inkişaf edən ağıl zəifliyinin (demensiyanın) ən geniş yayılmış forması məhz Alzheymer xəstəliyi hesab edilir. Statistik məlumatlar qocalıq ağıl zəifliyinin bütün növlərinin təxminən 35-45%-nin Alzheymer xəstəliyinin payına düşdüyünü  göstərir. Bu xəstəlik inkişaf etmiş ölkələrdə tədricən epidemiya şəklini alır.

 

Etiologiya və patogenez

Alzheymer tipli demensiyanın etiopatogenezi bu günə qədər tibb sahəsində alimlər və praktik fəaliyyət göstərən həkimlər üçün bir sirr olaraq qalır. Alzheymer xəstəliyinin, onu işə sala bilən hər hansı bir xarici amil ilə əlaqəsi aşkar edilməyib. Yalnız məlumdur ki, xəstəliyin morfoloji substratı neyronların degenerasiyası və ölümünə səbəb olan “senil lövhəciklər” adlandırılan β-amiloidin serebral yığıntıları və intraneyronal neyrofibrillyar kələflərin əmələ gəlməsidir. Xəstəlik zamanı həmçinin asetilxolintransferazanın səviyyəsinin azalması da qeyd olunur. Bu xüsusiyyətlər Alzheymer xəstəliyinin necə inkişaf etdiyini izah etməyə çalışan 3 əsas fərziyyənin əsasını  təşkil edir.

Bu fərziyyələrin arasında ən qədimi, onu asetilxolinin çatışmazlığı ilə əlaqələndirən xəstəliyin baş verməsinin xolinergik nəzəriyyəsidir. Lakin klinik tədqiqatların nəticələri asetilxolin preparatlarının ən azı qismən və ya müvəqqəti olaraq Alzheymer xəstəliyini dayandıra bilməyəcəyini göstərmişdir.

Xəstəliyin inkişafının amiloid fərziyyəsi 1991-ci ildən bəri mövcuddur. Bu nəzəriyyəyə görə patologiyanın əsasında β-amiloidin yığılması  dayanır. Maraqlıdır ki, β-amiloidin sələfi olan zülalı  kodlaşdıran gen, trisomiyası Daun sindromunun əsasını təşkil edən 21-ci xromosomun tərkibinə daxildir. Bundan əlavə, 40 yaşına çatmış Daun sindromlu xəstələrin hamısında Alzheymerəbənzər patologiya müşahidə edilir. Patoloji β-amiloidin sintezinə meylli amillər – mitoxondrial oksidləşmə proseslərinin çatışmazlığı, hüceyrələrarası mühitin turş reaksiyasının daha çox olması və sərbəst radikalların miqdarının artıqlığıdır. Patoloji amiloidin yığıntıları həm beyin parenximasında, həm də serebral damarların divarlarında qeyd olunur. Qeyd etmək lazımdır ki, bu cür yığıntılar yalnız Alzheymer xəstəliyini xarakterizə etmir, həmçinin anadangəlmə mənşəli beyin hematomaları, Daun sindromu və normal qocalma prosesləri zamanı da müşahidə olunur.

Üçüncü fərziyyəyə görə, Alzheymer xəstəliyinin inkişafı, neyronların, tərkibində lifləri bir-birinə yapışan və yumaqcıqlar əmələ gətirən tau-proteinin toplanması  nəticəsində məhv olması  ilə əlaqələndirilir. Tau fərziyyəsinə görə, zülal yığılması onun quruluşunda qüsurun olması  ilə əlaqələndirilir; kələflərin meydana gəlməsi neyrondaxili daşınmanın deinteqrasiyasına səbəb olur, bu isə öz növbəsində neyronlar arasında siqnalların ötürülməsinin pozulmasına, sonra isə onların məhv olmasına səbəb olur. Digər tərəfdən, neyrofibrillyar yumaqcıqların əmələ gəlməsi digər serebral degenerasiyalarda da (məsələn, proqressiv  nüvəüstü iflic və frontotemporal atrofiyalarda) müşahidə olunur. Bu səbəbdən bir çox tədqiqatçılar tau-zülalın müstəqil patogenetik əhəmiyyətini inkar edərək, onun toplanmasını neyronların kütləvi şəkildə məhv olmasının nəticəsi hesab edirlər.

Alzheymer xəstəliyinin yaranmasına gətirib çıxara biləcək səbəblər arasında patoloji apolipoprotein E-nin sintezi də vardır. Bu maddə, amiloid zülalla oxşarlığa malikdir və tau-zülalın daşınmasında iştirak edir ki, bu da yuxarıda təsvir edilmiş xəstəliyə xas olan morfoloji dəyişikliklərin əsasında dayana bilər.

Bir çox tədqiqatçıya görə, Alzheymer xəstəliyi genetik olaraq müəyyən olunur. Xəstəliyin inkişafı ilə əlaqəli olan beş əsas genetik sahə müəyyən edilmişdir. Onlar 1, 12, 14, 19 və 21-ci xromosomlarda yerləşmişlər. Bu lokuslardakı mutasiyalar, beyin toxumalarında zülal mübadiləsinin pozulmalarına gətirib çıxarır ki, bu da amiloidin və ya tau-zülalının yığılmasına səbəb olur.

Bundan əlavə, xəstəliyin virus təbiətli olması da ehtimal edilir, çünki onun kliniki təzahürləri ləng inkişaf edən virus infeksiyaları ilə çox oxşardır.

Başqa bir fərziyyəyə görə, xəstəliyin etioloji amilləri, həm də mərkəzi sinir sistemində patoloji surətdə cərəyan edən involyutiv (yəni geriyə inkişaf edən) proseslərlə birlikdə damar pozuntularıdır.

Alzheymer xəstəliyinin əsasında, baş beynində, xüsusilə də onun sol təpə və gicgah paylarında gedən atrofiya prosesləri dayanır. Morfoloji olaraq, bu, beyin qabığının seyrəkləşməsi və mərkəzi sinir sisteminin funksional vahidlərinin (neyronların) “neyroqliya” adlanan köməkçi hüceyrələrlə əvəz olunması ilə təzahür edir.

Həmçinin, Alzheymer xəstəliyinin digər risk amilləri də mövcuddur ki, bunlar da tənzimlənməyən, şərti olaraq tənzimlənən və tənzimlənən növlərə ayırd edilir.

Tənzimlənməyən amillər

Bu qrupa xəstənin orqanizminin genetik və ya qazanılmış xüsusiyyətləri, həmçinin bir sıra həyat hadisələri daxildir:

  • Xəstənin yaşının 65-dən yuxarı olması (bu sahədə aparılan tədqiqatların nəticələri 90 yaşına çatmış şəxslərin 42%-də demensiya əlamətlərinin olduğunu göstərir);
  • qadın cinsinə mənsubiyyət (qadınlar bu xəstəliyə daha çox tutulurlar ki, bunun da səbəbini tibb elmi hələ ki, dəqiq izah edə bilmir);
  • ağır depressiyanın, dərin psixoloji sarsıntının yaşanması;
  • kəllə-beyin travmasının keçirilməsi (körpəlikdə və ya doğuş zamanı  alınan xəsarətlər də bu kateqoriyaya daxildir);
  • tamdəyərli zehni fəaliyyətin olmaması (bütün həyat dövrü nəzərə alınır);
  • təhsil səviyyəsinin aşağı olması (ali təhsil müsbət amildir).

Şərti olaraq tənzimlənən amillər

Bu qrupa baş beyin hüceyrələrinin oksigen aclığına gətirib çıxara biləcək müxtəlif pozuntular daxildir:

  • ümumi oksigen çatışmazlığına səbəb olan ürək-damar və tənəffüs sisteminin xəstəlikləri;
  • qanda lipidlərin yüksək konsentrasiyası;
  • boynun və başın damarlarının aterosklerozu;
  • arterial təzyiqin yüksək olması;
  • qanda qlükozanın həddindən artıq konsentrasiyası ilə əlaqəli xəstəliklər (məsələn, şəkərli diabet).

Vaxtında aparılmış müalicə, orqanizmi Alzheymer xəstəliyinin inkişafına aparan bu qrup amilləri aradan qaldırmağa imkan verir.

Tənzimlənə bilən amillər

Bu qrupa insanın yalnız öz həyat tərzində dəyişiklik edərək sağlamlığını möhkəmləndirməklə müstəqil surətdə öhdəsindən gələ biləcəyi təhlükələr daxildir:

  • hərəki fəallığın olmaması;
  • artıq bədən çəkisi;
  • zehni fəaliyyətin kifayət qədər olmaması;
  • alkoqollu içkilərə və tütün məmulatlarına aludəçilik;
  • kofein tərkibli içkilərə həddindən artıq meyllik.

 

Kliniki təzahürlər

Xəstəliyin başlanğıcının orta yaş dövrü  50-55 ildir, lakin bəzi hallarda o, həm bundan tez, həm də daha sonrakı dövrlərdə başlana bilər. Alzheymer xəstəliyinə tutulanların böyük əksəriyyəti qadınlardır: onlarda bu xəstəlik kişilərə nisbətən 15 dəfə çox qeydə alınır. Alzheymer xəstəliyinin nəzərəçarpan simptomları tədricən inkişaf edir.

Xəstəliyin gedişində, şərti də olsa, 3 mərhələ ayırd edilir: başlangıc, ocaqlı pozuntular və terminal mərhələlər.

     Başlanğıc mərhələ

Xəstəliyin bu dövrü üçün xəstənin aşağıdakı şikayətləri və ya vəziyyətindəki dəyişikliklər səciyyəvidir:

  • baş ağrısı;
  • başgicəllənmə;
  • təfəkkürün zəifləməsi;
  • yaddaşın pisləşməsi – unutqanlıq;
  • diqqətin pisləşməsi  – dalğınlıq;
  • ətraf şəraitə diqqətin cəmləşdirilməsi qabiliyyətinin zəifləməsi.

Son 4 pozuntuların nəticəsində xəstələr, zəkalarının və şəxsi keyfiyyətlərinin zədələnmədiyinə baxmayaraq, ərazi və məkanda bələdlik qabiliyyətini itirirlər. Bu cür şəxslər hətta doğma şəhərlərində belə çarəsiz qalırlar və vərdiş etdikləri yollar boyunca gəzərkən, uzun müddət dolaşaraq hədəflərinə çata bilmirlər.

Vaxt keçdikcə amneziya daha da inkişaf edir, keçmiş həyat təcrübəsi tədricən ən qədimdən daha erkəninə və mürəkkəbdən sadəyə doğru istiqamətində itirilmiş olur. Bu proses çox intensiv şəkildə davam edir, lakin xəstələrin zəkası  uzun müddət qorunub saxlanılır – xəstələr öz əqli çatışmazlıqlarını dərk edirlər, söhbət zamanı  namünasib suallardan “qaçmağa” çalışır, utanırlar. Tez qıcıqlanma, əsəbilik, vaxtaşırı olaraq – qəzəb tutmaları meydana çıxır.

Ocaqlı pozuntular mərhələsi

Alzheymer xəstəliyinin bu mərhələsində yuxarıdakı demensiya əlamətlərinə ocaqlı nevroloji pozuntular da əlavə olunur və tədricən artır. Bunlara afazik pozuntular (nitqlə bağlı problemlər), apraksiya (xəstənin məqsədyönlü, əlaqəli hərəkətləri yerinə yetirməsi getdikcə çətinləşir) və aqnoziya (ətraf mühiti tanıma qabiliyyəti itirilr) aiddir.

İlk ocaqlı əlamətlərdən biri praksisin pozulması və ya apraksiyadır: xəstə adi ev işlərini, məsələn, paltar yuyarkən və ya yemək hazırlayarkən çətinlik çəkir, o, sadəcə olaraq hərəkət ardıcıllığını unutmuş olur. Müayinə olunarkən o, həndəsi fiqur qura və ya ayrı-ayrı parçalardan bütöv əşyanı düzəldə bilmir. Xəstəliyin daha da inkişaf etmiş mərhələsində, hətta primitiv praksis də zədələnmiş olur: xəstələr müstəqil surətdə geyinə və ya kibrit yandıra bilmir, hətta onlarn yerişi də dəyişir – inamsız, ləng olur və pilləkənlərlə hərəkət edərkən çətinliklər yaranır. Yerişlə bağlı problemlər sistemli hərəki reflekslərin zədələnməsi səbəbindən baş verir, yəni əvvəllər “öz-özünə” həyata keçirilən hərəkətlər, artıq şüurlu yanaşmanı  tələb edir ki, bu da öz növbəsində daha tam şəkildə mümkün olmur.

Aqrafiya inkişaf edir: tamdəyərli, mənalı  yazı dəfələrlə təkrarlanan dairəvi və ya dalğavari xətlərlə əvəz olunur.

Xəstə saymaq qabiliyyətini itirir: akalkuliya inkişaf edir.

Alzheymer xəstəliyi zamanı qeyd edilən nitq pozuntuları olduqca müxtəlifdir və digər simptomlar kimi əvvəlcə cüzi dərəcədə ifadə olunur, lakin tədricən artır. İlk öncə, unutqanlıq tarixlərdə, şəxs adlarında və başlıqlarda meydana çıxır. Daha sonra amnestik afaziya inkişaf edir: xəstə, əşyalrın mənsubiyyətini başa düşsə də, onların adını söyləməkdə çətinlik çəkir. Xəstəliyin gecikmiş mərhələlərində xəstə, əksinə, mənasını tamamilə başa düşmədən sözləri tələffüz edir. Ekspressiv nitq pozuntuları baş verir və hətta xəstəliyin gedişatı boyu inkişaf edir: xəstə sözlərin tərkibindəki hərfləri və hecaların yerlərini dəyişir (bu, parafaziya adlanır və bəzən o dərəcəyə çatır ki, xəstənin nitqinin mənasını anlamaq demək olar ki, mümkün olmur və bu nitq, anlaşılmaz sözlər toplusu kimi səslənir). Xəstənin nitqində parafaziyalardan əlavə olaraq, loqokloniyalar (ilk öncə kəkələməyə bənzəyən eyni hecanın bir sözdə dəfələrlə təkrarlanması) və iterasiyalar (eyni sözün və ya hərəkətin təkrarlanması) aşkar edilir.

     Terminal mərhələ

Alzheymer xəstələri tamamilə köməksiz qalırlar.

Yuxarıda təsvir olunan pozuntular ən yüksək ifadəlik dərəcəsinə çatır: xəstə tamamilə çarəsizdir, nə otura, nə ayağa qalxa, nə də müstəqil yeriyə bilmir; məcburi, “embrional”  pozada qalmalı olur (ümumi əzələ tonusunun kəskin şəkildə artması səbəbindən). Körpə uşaqlara səciyyəvi olan reflekslər meydana çıxır: xəstə hər şeyi ağzına tərəf çəkir, ona yaxınlaşan əşyanı ağzı  ilə tutmağa çalışır. Xəstə danışa bilmir, aydın olmayan səslər çıxarır. Məcburi qışqırıq, ağlamaq, gülüş meydana çıxır. Son nəticədə xəstənin orqanizmi üzülür və o, tələf olur.

Alzheymer xəstəliyinin simptomlarının inkişafı bir neçə il çəkə bilər – onların meydana çıxmasının dəqiq ardıcıllığını müəyyən etmək çətindir. Əvvəlcə xəstə və onun yaxınları  bu simptomları  yorğunluq, yaşla bağlı yaddaş pozuntusu hesab edirlər, lakin vaxt keçdikcə xəstəliyin siqnalları  daha da nəzərəçarpan şəkil alır. Nəticədə Alzheymer xəstəliyi inkişaf edən şəxs artıq özünə xidmət edə bilmir. Bu cür xəstəni uzun müddət nəzarətsiz qoymaq olmaz, çünki “unutqanlıq” və digər pozuntular həm onun özünün, həm də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradır (məsələn, xəstə qaz sobasını  söndürməyi yadından çıxarır və s.).

 

     Diaqnostik prinsiplər

Diaqnoz xəstəliyin tipik bir klinik mənzərəsi və onun inkişafının anamnezi əsasında qoyulur. Bir sıra hallarda, diaqnoz ölümdən sonra qoyulur və xəstənin meyidinin yarılması zamanı baş beynin toxumalarının tədqiqində  Alzheymer xəstəliyi üçün tipik dəyişikliklər aşkar edilir.

Alzheymer xəstəliyinin əlamətləri aşkar edildikdə dərhal nevropatoloqa müraciət etmək lazımdır. Həkimə müraciət etməzdən əvvəl xəstə ona müxtəlif labüd sualların veriləcəyinə psixoloji cəhətdən hazır olmalıdır. Sual-cavabın keçirilməsi mütəxəssisə şikayətlərin mahiyyətini, xüsusən pozuntuların inkişafını, risk faktorlarının mövcudluğunu anlamaq və ilkin fikir yürütmək imkanı verir. Diqqətli müayinə və sorğu-sualın keçirilməsinin nəticələri diferensial diaqnozun aparılmasına və oxşar xəstəliklərin inkar edilməsinə kömək edir.

Diaqnostik axtarışın əsas istiqamətlərindən biri, anamnezin və şikayətlərin toplanmasıdır. Xəstənin özü xəstəliyin erkən mərhələlərində çox vaxt onda baş verən dəyişiklikləri görmədiyi və demensiya inkişaf etdikcə vəziyyətini lazımi dərəcədə qiymətləndirə bilmədiyi üçün, mütləq onun yaxınları arasında da sorğu keçirilməlidir. Sorğu aparakən koqnitiv anormallıqların başlanğıcını dəqiq müəyyənləşdirməyin mümkün olmaması, simptomların dərinləşməsinin tədricən və durmadan proqressivləşən xarakterə malik olması, anamnezdə baş beynin xəstəliklərinin (ensefalit, kəllədaxili şiş, baş beynin absesi, epilepsiya, xroniki işemiya, beyin qan dövranının keçici pozulmaları və s.) və kəllə-beyin travmalarınən olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyət kəsb edir.

 

Neyropsixoloji testlər

Neyropsixoloji testlərin keçirilməsi, Alzheymer xəstəliyi əlamətləri olan xəstənin müayinəsinin olduqca vacib bir hissəsidir. Bu testlərin çoxlu variantları mövcuddur ki, onların arasında da Monreal koqnitiv funksiyaların qiymətləndirilməsi testi xüsusilə qeyd edilə bilər.

Onların həyata keçirilməsi bir sıra təfəkkür funksiyalarının (nitq, zəka, qavrama, yaddaş) pozulmasını aşkar edə bilər.

Zəka (intellekt) testi, xəstənin məlumatları təhlil etmək, ikincili dərəcəlini əsasdan, xüsusini ümumidən ayırmaq; fərqləri və oxşarlıqları anlamaq qabiliyyətini yoxlamağa imkan verir. Həmçinin xəstələrin məntiqi ardıcıllıqlar qurmaq bacarığı da yoxlanılır.

Qavrama testi patologiyanın aşkar əlamətləri olmadıqda faydalıdır və onu ilkin mərhələlərdə aşkar etməyə imkan verir. Müayinə olunan şəxs kağız üzərində təsvir edilmiş dörd cismin adını çəkə bilmirsə demensiyanın mövcudluğu ehtimal edilir.

Yaddaş testi, sözləri, hərəkətləri, rəsmi çəkilmiş elementləri yadda saxlamaq qabiliyyətinin sınanmasını nəzərdə tutur. Çox vaxt “eşitmə” yaddaşının sınağı aparılır, onun nəticələrinə görə cümlələri və sözləri yadda saxlamaq qabiliyyəti qiymətləndirilir.

Kombinə edilmiş test – eyni zamanda zəka səviyyəsinin və yaddaşın vəziyyətinin öyrənilməsidir. Bu metodun üstünlüyü, xəstədə əvvəllər mövcud olmuş yaddaş zəifliyinin Alzheymer xəstəliyinin təzahürlərindən ayırd edilməsi imkanındadır.

Depressiya testi. Ekspress test, bəzi hallarda əlamətləri zərər çəkmişlər tərəfindən demensiya simptomları kimi qəbul edilən gizli depressiya diaqnozunu inkar etməyə imkan verir.

 

Laborator müayinələr

Alzheymer xəstəliyinin insanlarda inkişafına kömək edən risk faktorlarını aşkar etmək üçün qanın analizi aparılır. Müayinələr qlükozanın, lipidlərin, xolesterinin göstəricilərini qiymətləndirməyə imkan verir. Həmçinin, patologiyanın aşkar şəkildə təzahürünün olmaması mərhələsində, onurğa beyni mayesinin tədqiqi diaqnozun dəqiqləşdirilməsi üçün dəyərli əhəmiyyət kəsb edir. Son dövrlərdə sübut edilmişdir ki, lümbal punksiya nəticəsində götürülmüş onurğa beyni mayesində tau-zülalın və ya β-amiloidin aşkar olunması, degenerativ prosesin daha bir markerini təyin etməyə imkan verir.

Neyrovizualizasiya üsulları

Aşağıda sadalanan neyrovizualizasiya üsulları mövcuddur:

  • PET-KT (kompüter tomoqrafiyası ilə birgə pozitron emission tomoqrafiyası) – baş beyində amiloid törəmələrinin izlərini aşkar etməyə, metabolik fəallığı qiymətləndirməyə, qan axınını və beyin toxumasında xüsusi reseptorların yerini yoxlamağa imkan verir. Bu metod, erkən diaqnostika üçün effektiv bir vasitə olub, hələ nəzərəçarpan simptomlar olmadığı mərhələdə patoloji prosesi aşkar etməyə imkan verir.
  • MRT (maqnit-rezonans tomoqrafiya) – beyin toxumasını  ətraflı şəkildə tədqiq etməyə və digər pozuntuları  təkzib etməyə imkan verir. Prosedur beyin toxumasının quruluşu, dərin təbəqələri və fəaliyyəti haqqında məlumat verir.
  • KT (kompüter tomoqrafiyası) – aşkar simptomlar olmadıqda aparılır, diferensial diaqnostika üçün bir vasitədir (müayinənin nəticələri oxşar simptomları olan digər xəstəlikləri təsdiqləyir və ya istisna edir);
  • TFET (tək fotonlu emission tomoqrafiya) – məhz Alzheymer xəstəliyinə xas olan anormallıqları müəyyən etməyə imkan verir. Bu metodun köməyilə baş beynin müəyyən funksiyaları  tədqiq olunur və daxilindəki qan axını qiymətləndirilir.

     Əlavə olaraq tətbiq edilən müayinə üsullarından  EEQ (elektroansefaloqrafiya) –  baş beynin hüceyrələrinin fəallığını tədqiq edir. Bu üsul patologiyanın ilkin mərhələsinin diaqnostikasında istifadə edilmir, lakin digər xəstəlikləri effektiv şəkildə inkar edir. Lazım gələrsə REQ və ExoEQ müayinə metodlarının köməyindən də istifadə etmək olar.

 

Diferensial diaqnostika

Alzheymer xəstəliyinin (Alzheymer tipli demensiyaların) diaqnostikası, xüsusən də onun gedişatının nisbətən erkən mərhələlərində tez-tez ciddi çətinliklər yaradır və xəstənin idrak fəaliyyətinin, davranışının və sosial adaptasiyasının müxtəlif aspektlərinin pozuntusu ilə müşayiət olunan əqli patologiyanın digər formaları ilə diferensiasiyasının tələb edir.

Alzheymer xəstəliyinin bəzi neyrocərrahi xəstəliklərdən (baş beynin həcmli prosesləri, normotensiv hidrosefaliya) vaxtında diferensiasiya edilməsi məsələsi xüsusilə aktualdır, çünki bu hallarda səhvən Alzheymer xəstəliyi diaqnozunun qoyulması, xəstəni xilas edə biləcək yeganə cərrahi müalicə metodundan vaxtında istifadə etməyə imkan vermir. İkincili demensiya hallarının, yəni digər səbəblər, məsələn ümumi somatik (infeksiya, intoksikasiya, metabolik, endokrin) və ya serebral proseslər (ensefalit, baş beynin zədələnməsi, subdural hematoma və s.) nəticəsində meydana çıxan əqli zəifliklərin dəqiq diaqnostik təsnifatı  da olduqca mühüm əhəmiyyət kəsb edir, çünki müalicə taktikasının düzgün seçilməsi nəticəsində bu xəstəliklərin təzahürü qismən və ya tamamilə geri dönə bilər.

Alzheymer xəstəliyinin ilkin təzahürləri (xüsusən depressiv və ya həyəcanlı-depressiv reaksiyaları olan xəstələrdə) qocalıq dövründə o qədər də nadir olmayan və yalançı demensiyanın (psevdodemensiya) kilinik şəkli ilə müşayiət olunan depressiv hallardan fərqləndirilməsi də olduqca vacibdir. Həkimlər Alzheymer xəstəliyinin damar (multiinfarkt) demensiyası və ya yaşlı dövrün digər atrofik proseslərindən fərqləndirilməsində də tez-tez çətinliklərlə üzləşirlər.

Alzheymer xəstəliyi ilə baş beynin şişini ayırd etmək ehtiyacı, adətən xəstəliyin erkən mərhələlərində, mnestik-intellektual funksiyaların pozulmasının inkişaf sürətini üstələyən müəyyən kortikal pozuntuların üstünlük təşkil etdiyi zaman yaranır. Məsələn, nisbətən səthi demensiyanın aşkar nitq pozuntularının təzahür etdiyi, digər ali qabıq funksiyalarının pozuntularının proqrediyentlik baxımından onlardan əhəmiyyətli dərəcədə geri qaldığı və yalnız xüsusi neyropsixoloji müayinələrin  köməyilə aşkar edilə biləcəyi hallarda. Yaxud əksinə, yüngül şəkildə ifadə olunan nitq pozuntuları və mülayim dərəcəli psixo-orqanik əlamətlərə paralel olaraq, yazma, sayma və oxumağın pozulmaları, aqnostik simptomlar aşkar edilərsə (yəni təpə-ənsə nahiyələrinin üstünlük təşkil edən zədələnmələrindən danışılır). Ümumi beyin əlamətlərinin (baş ağrısı, qusma, başgicəllənmə və s.) və ocaqlı nevroloji simptomların olmaması, bu hallarda diaqnozun dəqiqləşdirilməsinə kömək edir. Demensiyanın inkişafından əvvəlki mərhələdə ocaqlı nevroloji simptomlar və epileptik tutmalar aşkar edildikdə və ya ümumi beyin əlamətlərinin mövcudluğu hallarında, Alzheymer xəstəliyinin diaqnozu şübhə doğurur və yenitörəmənin varlığını istisna etmək üçün göz dibinin müayinəsi, elektrofizioloji müayinə, ExoEQ, baş beynin KT və MRT-si və s. tələb olunur.

Hidrosefalik demensiya və ya normotenziv hidrosefaliya, müalicəyə tabe olan demensiyalar arasında ən çox tanınanıdır (vaxtında aparılmış şuntlama əməliyyatı yüksək müalicəvi effekt verir və demək olar ki, 50% hallarda demensiyanın simptomlarını aradan qaldırır), 3 simptomdan ibarət triada ilə: tədricən inkişaf edən demensiya, yerişin pozulmaları  və sidiyi saxlaya bilməməklə xarakterizə olunur. Bu simptomlar, Alzheymer xəstəliyindən fərqli olaraq, xəstəliyin nisbətən erkən mərhələlərində meydana çıxır. Bəzi hallarda, bu triadanın bütün struktur komponentləri eyni dərəcədə təmsil olunmur. Bir qayda olaraq, normotenziv hidrosefaliyadaki mnestik-intellektual pozuntular, yadda saxlamağın və son hadisələri xatırlamağın pozulması  və bələdliyin pozuntuları ilə xarakterizə edilir. Alzheymer xəstəliyində isə yaddaş pozuntuqları daha geniş miqyası əhatə edir (yalnız son hadisələrlə bağlı olan yaddaş deyil, həm də keçmiş bilik və təcrübələr də ziyan çəkir). Emosional sferası zədələnməyən Alzheymer xəstələrindən fərqli olaraq, normotenziv hidrosefaliyası olan şəxslər laqeydlik, emosional kütlük və ya əksinə, sərbəstliklə xarakterizə olunurlar. Normotenziv hidrosefaliyası  olan xəstələrdə adətən praksis və nitqlə bağlı pozuntular olmur, onların yeriş pozuntuları  isə özünəməxsusluğu ilə seçilir (yavaş, ayaqlarını qatlamayaraq və geniş aralayaraq).

Alzheymer xəstəliyini endogen depressiyadan fərqləndirmək ehtiyacı, xəstəliyin nisbətən erkən mərhələsində, mnestik-intellektual funksiyaların dağılma dərəcəsinin dərin olmadığı və emosional sferanın zədələnmədiyi bir vaxtda ortaya çıxır. Bu zaman xəstələr özlərində baş verən dəyişikliklərə qarşı narahatlıq və çaşqınlıq reaksiyaları verir və yorğunluq, əmək qabiliyyətinin aşağı düşməsi, diqqətini cəmləşdirməkdə çətinlik çəkmək, fəallığının azalması kimi ümumi şikayətlər bildirirlər. Nəzərəçarpan depressiv reaksiyalar, daha çox Alzheymer xəstəliyinin başlanğıcının çoxocaqlı adlanan tipində rast gəlinir.

Alzheymer xəstəliyi ilə endogen depressiya zamanı qeyd edilən psevdodemensiya arasındakı  diferensiasiya, anamnestik məlumatların dəqiq aydınlaşdırılmasına, ruhi vəziyyətin və onun dinamikasının xüsusiyyətlərinin hərtərəfli qiymətləndirilməsinə əsaslanır. Endogen depressiyası  olan xəstələrin anamnezində çox vaxt əvvəllər subdepressiv epizodların və ya izah olunmayan  “özünü pis hiss etməsi” dövrlərinin olması  aşkar edilir. Bundan əlavə, depressiya keçirən xəstələr adətən xəstəliyin xronoloji dövrünü və ya başlanğıc tarixini göstərə bilirlər, Alzheymer xəstəliyində isə ilkin simptomlar o qədər asta və nəzərə çarpmadan inkişaf edir ki, xəstələr onların dəqiq başlanğıc vaxtını  xatırlamaqda çətinlik çəkirlər. Depressiv psevdodemensiyada affektin aşağı  enməsi, adətən sabitdir, pozulmuş yaddaşın və intellektual fəaliyyətin təzahür dərəcəsi nəinki nisbətən çox və ya az zaman müddəti (həftələr, aylar) ərzində, hətta bir gün ərzində də dəyişə bilər. Bundan fərqli olaraq, Alzheymer xəstəliyində depressiv pozuntular bir qayda olaraq, qeyri-sabit və dəyişkən olur, qavrama fəaliyyətinin pozuntuları  isə sabit və tədricən irəliləməyə meylli olur. Xəstələrin öz intellektual pozuntularına münasibəti də fərqlənir. Depressiya xəstələri bununla əlaqədar narahatlıq keçirir, özlərinə irad tutmağa və əqli qüsurlarının və öz yararsızlıqlarının ağrlıq dərəcəsinin  qiymətləndirilməsində şişirtməyə meyllidirlərsə, Alzheymer xəstəliyi olan şəxslər onları gizlədə və ya azalda bilərlər. Sadə neyropsixoloji testlərdən istifadə edərək yaddaş və daha ali qabıq funksiyalarının tədqiqi, bu yaddaş pozuntularını, həmçinin vizual-məkan fəaliyyətindəki qüsurları, afatik və apraktik pozlmaların elementlərini Alzheymer xəstəliyinin hətta erkən mərhələlərində də aşkar edə bilər.

Alzheymer xəstəliyi ilə damar demensiyasıını ayırd etmək ehtiyacı, ali qabıq funksiyalarının pozulması (afato-aprakto-aqnostik pozuntular) ilə müşayiət olunan psevdoalzheymer damar demensıyası  adlandırılan formaları  zamanı  meydana çıxır. Bu hallarda obyektiv anamnestik məlumatların təhlili, düzgün diaqnostik qiymətləndirməyə kömək edir. Xəstəliyin kəskin başlanğıcı, keçici nevroloji pozuntular və ya huşun qısamüddətli qaranlıqlaşması  epizodlarının meydana çıxması ilə beyin qan dövranının tranzitor pozuntuları, həmçinin demensiyanın tədricən inkişaf etməsi barədə məlumatlar xəstəliyin ehtimal olunan damar mənşəyindən xəbər verir. Ocaqlı nevroloji simptomların aşkar edilməsi, bu diaqnozun düzgü olması ehtimalını artırır.

Ocaqlı  qabıq pozuntuları ilə müşayiət olunan damar demensiyasını  tanımaq və onu Alzheymer xəstəliyindən fərqləndirmək üçün müvafiq cədvəllərin, xüsusən Haçinski işemik cədvəli (V.C. Hachinski, 1975), həmçinin L. Gustafson və L. Nilsson tərəfindən hazırlanan (1982) Alzheymer xəstəliyinin diaqnozu üçün istifadə edilən qiymətləndirmə cədvəlinın istifadəsi  çox faydalıdır. Haçinski cədvəlində 6-dan yuxarı bal demensiyanın daha çox damar etiologiyalı olması ehtimalını göstərir. L. Gustafson və L. Nilsson qiymətləndirmə cədvəlində 5 baldan çox və xüsusilə 8 balın (demensiyanın davametmə müddətindən asılı olaraq) qiymətləndirilməsi Alzheymer xəstəliyi diaqnozunun lehinə bir dəlil hesab edilir. Damar demensiyasının psevdoalzheymer formasının diaqnostikasında ən əhəmiyyətli köməyi, xəstənin KT müayinəsi göstərir. Multiinfarkt demensiyası üçün beyin maddəsinin sıxlığındakı  ocaqlı dəyişikliklərin və mədəciklərin kəskin ifadə olunmayan (xüsusən asimmetrik) və subaraxnoidal boşluqların genişlənmələrinin müştərək rast gəlməsi səciyyəvidir.

Alzheymer xəstəliyi ilə ali qabıq funksiyalarının pozulması və ümumi demensiyanın meydana gəlməsi ilə müşayiət olunan Pik xəstəliyi arasında diferensiasiyanın aparılması, demensiyanın strukturunda və inkişaf dinamikasında müəyyən keyfiyyət fərqlərinin olmasına əsaslanır. Alzheymer xəstəliyindən fərqli olaraq Pik xəstəliyi zamanı erkən nitq və hərəki fəaliyyətin aspontanlığı və kasıblaşması və ya səfehlik və utanmazlıq, fəaliyyətin stereotipik formaları  şəklində dərin şəxsiyyət dəyişiklikləri baş verir. Eyni zamanda zehni fəaliyyətin ən mürəkkəb aspektləri (ümumiləşdirmə, abstraksiya, tənqid) xəstəliyin inkişafının ilkin mərhələsində pozulsa da, zəkanın instrumental funksiyaları (yaddaş, diqqət, bələdlik, saymaq və s.) uzun müddət dəyişilməz qalır. Ocaqlı qabıq pozuntuları da müəyyən özəl xüsusiyyətlərə malikdir.

Nitq pozulmaları üstünlük təşkil edir, həm də bunlar Pik xəstəliyinin yalnız mütləq deyil, həm də erkən təzahürüdür. Nitqin tədricən kasıblaşması, nitq fəallığının “lallığaoxşar” səviyyəsinədək enməsi və xəstəliyin son mərhələlərində söz istehsalının yeganə formasını təmsil edən danışıq stereotiplərinin, “sabit ibarələrin” meydana çıxması  müşahidə edilir. Pik xəstəliyinin son mərhələləri nitq funksiyasının tamamilə pozulması ilə xarakterizə olunur (total afaziya), apraksiya simptomları  isə çox gec meydana çıxır və adətən Alzheymer xəstəliyinə xas olan dağılma dərəcəsinə çatmır. Nevroloji simptomlar (amimiya və mutizm istisna olmaqla) ümumiyyətlə Pik xəstəliyinin uzaq bir mərhələsində belə qeyd olunmur.

Demensiyanın klinik mənzərəsində xoreyayabənzər hiperkinez olarsa, Hentinqton xoreyası ilə differensial diaqnostika aparılmalıdır. Alzheymer xəstəliyi hallarında hiperkinez yalnız xəstəliyin uzaq mərhələlərində, kəskin inkişaf etmiş demensiya fonunda və ocaqlı qabıq simtomları zamanı  meydana çıxdığı halda, Hentinqton xoreyasında bu əlamətlər xəstəliyin lap başlanğıcından görünməyə başlayır.

Bəzi hallarda Alzheymer xəstəliyini yayılma dərəcəsinə görə demensiyalar arasında ikinci yer tutan Levi cisimcikləri ilə olan demensiyadan ayırd etmək lazım gəlir. Levi cisimcikləri ilə olan demensiyada koqnitiv pozuntuların ( bradifreniyanın və flüktuasiyanın üstünlük təşkil etməsi ilə) qabıqaltı tipi səciyyəvidir. Yaddaş pozulmaları mülayim dərəcədə ifadə olunur və Ribo qanununa tabe olmur (yəni yaxın və uzaq hadisələrə aid yaddaş eyni dərəcədə zədələnir). Hərəki ektrapiramid pozuntular klassik parkinsonizm sindromundan tutmuş kiçik hipomimiya və hərəkətlərin ləngliyinə qədər geniş diapazonda təzahür edə bilər. Xəstərin ¼-də hərəki pozulmalar olmaya da bilər. Demensiyanın digər növlərinə nisbətən daha tez-tez görmə hallüsinasiyaları  qeyd edilir. Xəstəlik üçün vegetativ sinir sistemi tərəfindən pozuntuların olması mütləq olmasa da, xəstələrin əksəriyyətində müşahidə edilir. Ən çox rast gəlinən vegetativ əlamətlər uzanmış vəziyyətdə hipertenziya ilə birgə qeyd olunan ortostatik hipotenziya, qəbizlik, dərinin quruluğu və ya əksinə, hiperhidroz, sidik kisəsinin tam boşalmamasıdır.

 

     Müalicə prinsipləri

Alzheymer xəstəliyinin müalicəsi patologiyanın inkişafını ləngitmək, mövcud simptomları azaltmaq və ya aradan qaldırmaq məqsədi daşıyır. Müalicənin vaxtında başlanması beynin koqnitiv imkanlarını xilas etmək şansını artırır.

Hal-hazırda təbabətdə xəstənin tam sağalmasını təmin edən dərmanlar mövcud deyil. Yalnız tətbiqi insan əzabını yüngülləşdirən vasitələr təklif olunur.

 

Farmakoloji preparatlar

Alzheymer xəstəliyinin dərman preparatları ilə müalicəsi xəstənin zəkasını və yaddaşını bərpa etmək məqsədi daşıyır. Həmçinin patologiyanın tipik simptomları: depressiv vəziyyət, həyəcanlılıq, hallüsinasiyaların meydana çıxması ilə də mübarizə aparılır. Alzheymer xəstəliyinin dərman müalicəsində aşağıdakı qrup preparatlar tətbiq olunur:

  • Xolinesterazanın inhibitorları –  dərman müalicəsinin əsasını təşkil edir. Patologiya, yaddasaxlama qabiliyyətini idarə edən bir maddənin – asetilxolinin çatışmazlığından qaynaqlanır. Bu qrupdan olan preparatlar həmin amin turşusunun parçalanmasını ləngidir və onun toplanmasına səbəb olur. Xəstəliyin başlanğıc və orta mərhələlərdə inkişafı Rivastiqmin, Qalantamin tərəfindən effektiv bir şəkildə dayandırılır. Donepezil ağır hallarda təyin edilir. Həkimin təyin etdiyi dozalamaya riayət edildikdə xəstələrin əksəriyyəti müalicəni yüngül keçirir.

Rivastiqmin: tabletləri – əvvəlcə 1,5 mq dozdasında, sutkada 2 dəfə təyin edilir, sonra doza tədricən artırılır və dəstəkləyici doza 2 dəfəyə təyin olunmaqla, 1,5-6 mq təşkil edir;

Plastır forması (Ekselon) – sutkada 1 dəfə tərkibində 4,6 mq preparat olan (6 mq/sut dozasında tabletə uyğundur) plastır dəriyə yapışdırılır.

Qalantamin – 4 mq dozasında tabletləri, sutkada 4 dəfə, ½ tabletdən daxilə;

Donepezil (Alzepil, Arisept) – sutkada 5 mq dozasında daxilə təyin edlir.

  • Memantin –  Alzheymer xəstəliyinin müalicəsində geniş istifadə olunan digər bir dərman preparatıdır. Patologiya baş beynin qabığının zədələnməsinə səbəb olan glütamatın yüksək konsentrasiyasına gətirib çıxarır. Memantin glütamatın dağıdıcı təsirinin intensivliyini azaltmağa imkan verir və xəstənin özünə qulluq edə biləcəyi vaxtı artırır. Əsasən, preparat orta və ağır mərhələlərin müalicəsində istifadə olunur, onun təyin edilməsi barədə qərar yalnız həkim tərəfindən verilə bilər.

Preparat gündə bir dəfə, eyni zamanda, çeynəmədən, qida qəbulundan asılı olmayaraq bol maye içməklə daxilə qəbul edilməlidir. Maksimal sutkalıq dozası  20 mq-dır.

Dozalama rejimi fərdi olaraq təyin edilir. Minimum təsirli dozaların təyin edilməsi ilə müalicəyə başlamaq tövsiyə olunur. Arzuolunmaz əlavə təsirlərin yaranma riskini azaltmaq üçün sabit bir dozanın seçimi aşağıdakı sxemə əsasən, ilk üç həftə ərzində həftədə 5 mq titrləmə artırmaqla aparılır:

1-ci həftə (1-7 gün): yeddi gün ərzində hər gün 5 mq.

2-ci həftə (8-14 gün): yeddi gün ərzində hər gün 10 mq.

3-cü həftə (15-21 günlər): yeddi gün ərzində hər gün 15 mq.

4-cü həftədən başlayaraq: hər gün 20 mq.

Müsbət terapevtik effekt artıq müşahidə edilmədikdə və ya xəstədə bu preparata qarşı dözümsüzlük olarsa, preparatın istifadəsi dayandırılmalıdır.

  • Antioksidantlar –  hemodinamikaya və mikrosirkulyasiyaya müsbət təsir göstərir. Onların köməyilə xəstənin özünə qulluq edə biləcəyi müddət artır.
  • Psixotrop dərmanlar –  xəstədə depressiya və yuxu problemi kimi geniş yayılmış təzahürlərin mövcud olduğu hallarda təyin edilir. Neyroleptiklər, trankvilizatorlar və antidepressantlar simptomları yüngülləşdirməyə və ya aradan qaldırmağa kömək edir.
  • Trankvilizatorlar – düşüncə prosesinə və yaddaşın fəaliyyət göstərməsinə təsir etmədən, emosional gərginliyi aradan qaldıra və ya yüngülləşdirə bilər. Həmçinin bu qrupdan olan preparatlar rahatlaşdırıcı təsirə malikdir və qıcolma əleyhinə effektivdir. Onların qəbul edilməsi, əlavə təsirləri olması səbəbindən həkimin tövsiyələrinə dəqiq riayət edilməsini tələb edir.
  • Neyroleptiklər – psixopatik hallar zamanı  təyin edilir, lakin demensiyanın təzahürlərini aktivləşdirə bilər.
  • Antidepressantlar – xəstəni xroniki narahatlıq və ya apatiyadan azad etmək üçün təyin edilir.

Alzheymer xəstəliyinin yuxarıdakı əlamətləri olmadıqda və ya praktik olaraq görünmədiyi təqdirdə bu qrupdan olan preparatlar təyin edilmir.

 

Qeyri-medikamentoz vasitələr

Dərman müalicəsi mütləq psixososial müalicə ilə tamamlanır. Aşağıdakı üsullar tətbiq olunur:

  • koqnitiv;
  • emosional;
  • stimullaşdırıcı;
  • davranış.

Yuxarıda göstərilən metodlara əsaslanan kompleks yanaşma, Alzheymer xəstəliyinin təzahürlərinin intensivliyinin azalmasını  və xəstənin vəziyyətinin yaxşılaşmasını  təmin edir. Bəzi hallarda, hətta patologiyanın inkişafı nəticəsində itirilmiş bacarıqları  qismən bərpa etmək və insanın ən azı qismən özünə qulluq etmək qabiliyyətini bərpa etmək mümkündür. Bu məqsədlə art terapiya, musiqi terapiyası, heyvanlarla terapevtik əlaqə seansları (pet terapiya) və bir çox başqa metodlardan istifadə olunur.

 

     Pəhriz rejimi

Alzheymer xəstəliyindən əziyyət çəkən şəxs üçün pəhriz, praktiki olaraq farmakoloji dərmanlar qədər vacibdir. Menyunun düzgün tərtib olunması  yaddaşı aktivləşdirməyə, diqqətin cəmləşdirilməsi qabiliyyətini artırmağa imkan verir, beyin fəaliyyətinə müsbət təsir göstərir.

Əsasları aşağıda təqdim olunan düzgün qidalanma rejimi, demensiyanın profilaktikası üçün bir vasitə də hesab edilə bilər:

  • Antioksidantlar –  qarğıdalı, kərəviz, ispanaq şəklində qida rasionuna daxil edilir, bal da həmçinin olduqca faydalıdır. Hind ədviyyatlarından olan kurkumadan alınan kurkumin də güclü təsir göstərir (antioksidant, immunostimulyasiya edən, iltihab əleyhinə).
  • Omega-3 –  hematopoezin bərpası üçün ən effektiv lipidlərdir. Bu maddələr həmçinin yaddaşın vəziyyətinə müsbət təsir göstərir və zəkanın məhv edilməsini dayandırır. Zeytun yağı, qoz, dəniz məhsullarından bu qiymətli elementləri əldə etmək olar. Dəniz məhsulları əsasında Aralıq dənizi pəhrizinin vaxtaşırı saxlanılması da çox faydalıdır.
  • Amin turşuları –  beynin fəaliyyətini bərpa etməyə və sinir hüceyrələrinin vəziyyətini yaxşılaşdırmağa kömək edir. Orqanizmin müntəzəm surətdə triptofan və fenilalaninlə təmin olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Tər meyvə-tərəvəz, qoz-fındıq, göyərti və süd məhsulları bu maddlərlə zəngindir.
  • Bağırsaq fəaliyyətini normallaşdıran məhsullar  da çox vacibdir. Menyuda mütləq yağsız ət, yumurta, qaraciyər və dənli bitkilər olmalıdır.

Alzheymer xəstəliyindən əziyyət çəkən şəxslərin qida rasionundan tamamilə çıxarılması və ya heç olmazsa sayının azaldılması arzu olunan məhsullar da həmçinin mövcuddur. Xəstəyə aşağıdakı məhsulların istehlakı  əks-göstərişdir:

  • yağlı ət;
  • un məhsulları;
  • şəkər;
  • kəskin ədviyyatlar və souslar.

Ümumiyyətlə, qida rasionuna daxil olan ərzaq məhsullarında karbohidrat və yağların səviyyəsini daim nəzarət altında saxlamaq lazımdır.

Düzgün tərtib olunmuş maye qəbulu rejimi də vacib rol oynayır. Maye çatışmazlığı  baş beynin vəziyyətinə mənfi təsir göstərir. Alzheymer xəstəliyi olan şəxs gündə ən az 2 litr təmiz su içməlidir. Qida rasionuna yaşıl çay əlavə etmək də məsləhət görülür, təzə sıxılmış şirələr olduqca faydalıdır.

Xəstə üçün qidanın kiçik porsiyalarla hazırlanması  məsləhətlidir, qidalanma prosesi tələsmədən aparılmalıdır. Xəstəlik ağır bir forma alarsa, udma aktı ilə bağlı çətinliklərin meydana çıxması mümkündür. Buna görə də Alzheymer xəstələri üçün ən yaxşı  qida forması – onun sıyıq şəklində olmasıdır.

 

     Kötük hüceyrələri ilə müalicə

Kötük hüceyrələri Alzheymer xəstəliyi ilə mübarizədə yeni bir yanaşmadır. Patologiya, nəticədə baş beynin məhvinə gətirib çıxaran sinir hüceyrələrinin sürətli ölümü ilə bağlıdır. Bu texnologiyanın mahiyyəti, demensiya nəticəsində zərər görmüş hüceyrələrin əvəzinə sağlam hüceyrələrin istifadəsindən ibarətdir. Beyin toxumasına daxil olan yeni hüceyrələr “təmir” prosesini stimullaşdıran bir element istehsal edir. Nəticədə sinir hüceyrələrinin bərpa olunması, beyin fəaliyyətinin “yenidən işə düşməsi” və xəstəliyin əlamətlərinin aradan qaldırılması baş verir.

Bu cür müalicənin öz qarşısında qoyduğu əsas məqsəd – xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, zehni fəaliyyətini normallaşdırmaqdır. Faktiki surətdə, insan böyük uşağa çevrilir və onun vəziyyəti aşkar şəkildə yaxşılaşır. Kötük hüceyrələri ilə müalicə, həmçinin xəstənin ömrünü də uzadır.

Alzheymer xəstəliyinə qarşı mübarizə vasitəsi olaraq istifadə edilən autoloji kötük hüceyrələri, xəstənin özündən və ya donordan (yaxın qohumdan) götürülmüş materialdır. Punksiya üsulu ilə kiçik miqdarda (100-150 ml) sümük iliyi götürülür. Bu prosedur xəstənin vəziyyətindən asılı olaraq 2-4 dəfə təkrarlanır, arada 3 aya qədər fasilə verilməlidir.

Kötük hüceyrələrinin istifadəsinə əsaslanan metodun mənfi tərəfi, bədxassəli şişlərin meydana gəlməsi də daxil olmaqla fəsadların yüksək dərəcədə meydana çıxması ehtimalıdır.

Alzheymer xəstəliyi əleyhinə peyvənd varmı?

Alzheymer xəstəliyindən əziyyət çəkən xəstələrin tam müalicəsi probleminin həlli uğrunda dünyanın bir çox alimləri çalışırlar. İlk dəfə ABŞ-dan olan alimlər “peyvənd” in ixtirası ilə maraqlanmışlar. Onların təklif etdiyi metod, immun proseslərini stimullaşdırmaqla patoloji törəmələrin məhvinə əsaslanır. İsveçdən olan mütəxəssislər də anormal zülalın effektiv şəkildə aradan qaldırılması üçün bir sistem üzərində işləyirlər. Aparılan tədqiqatlar artıq xəstəliyin inkişafını  ləngitməyə imkan versə də, hələlik tam sağalmağa gətirib çıxarmır.

İnnovasion texnologiyaların inkişafının bəhrəsi olan yeni vaksinsiaya üsuluna – daşıyıcı molekul şəklində təqdim olunan kiçik amin turşuları elementləri daxildir. Molekulyar mimikriya orqanizmdən immun cavabın əldə edilməsinə imkan verir. Elmi ictimaiyyət arasında böyük səs-küyə səbəb olmuş bu üsul, artıq tədqiqatların ilk mərhələsindən keçmişdir və onun nəticələrini uğurlu adlandırmaq olar.

 

     Proqnoz

Hətta düzgün və vaxtında müalicənin aparılması belə Alzheymer xəstəliyini ölümcül təhlükəli patologiya statusundan məhrum etmir. Statistikaya görə, demensiyanın bu formasından əziyyət çəkən xəstələr diaqnoz qoyulduğu andan sonra 8-10 ildən artıq ömür sürmürlər. Xəstəliyin təzahürlərinin xarakteri müxtəlifdir, uzun müddət sabitləşmə və ləng inkişaf variantları da mümkündür. Həkimlərin fikrinə görə, çox vaxt patologiyanın özü deyil, onun fonunda meydana çıxan xəstəliklər: infeksiyalar, pnevmoniya və s. ölümə səbəb olur.

Düzgün müalicə və lazımi qayğının göstərilməsi Alzheymer xəstəliyi olan insanın ömrünü uzadır. Ola bilsin ki, gələcəkdə bu xəstəlik əleyhinə peyvənd icad ediləcəkdir.

    

     Profilaktika

Alzheymer xəstəliyinin əsas amillərindən olan irsiyyət aradan qaldırıla bilməz, qocalma əleyhinə də heç bir şey etmək olmaz. Lakin hər kəs bu xəstəliyin yaranma təhlükəsini azalda bilər.

Alzheymer xəstəliyinin profilaktikası üçün nəzərdə tutlan tədbirlər çox sadədir. Yalnız aşağıdakı qaydalara riayət etmək lazımdır:

  • Qanda şəkərin miqdarının, arterial təzyiqinin göstəriciləri.  Parametrlər nəzarət altında saxlanılır, lazım olduqda dərmanlar vasitəsilə tənzimlənir.
  • Uzunmüddətli gəzintilər.  Təmiz havada uzun müddət qalmağın gündəlik xarakter daşıması məsləhət görülür.
  • Zehni inkişaf üçün məşqlərin keçirilməsi.  Riyazi məsələlərin həlli (kalkulyatordan istifadə etmədən), bulmacaların, krossvordların tapılması (tərtib edilməsi) və digər məntiqi çalışmaların icra edilməsi. İnsanın ictimai fəaliyyətdə yaxından iştirak etməsi, müxtəlif növ ictimai funksiyaları  yerinə yetirməsi də həmçinin faydalıdır.
  • Yaddaşın gücləndirilməsi.  Xarici dillərin öyrənilməsi, şeirlərin əzbərlənməsi, hekayələrdən parçaların yadda saxlanılması. Gündəlik və bloknotdan istifadə etmək əvəzinə xüsusi texnikaların (məsələn, assosiasiyaların fikirləşib tapılması) istifadəsi.
  • Gün rejiminin düzgün tərtib edilməsi.  Əmək və istirahətin növbələşdirilməsi, həddən artıq yorulmağa yol verilməməsi.
  • Sağlam yuxu.  Yuxu müddəti 7-8 saat olmalıdır. Bu, sinir hüceyrələrində meydana gələn β-amiloid zülalının konsentrasiyasının azalmasını təmin edir. Bu zülalın beyin toxumasında konsentrasiyası patologiyanın inkişaf etməsi təhlükəsini artırmış olur.
  • Mötədil fiziki fəaliyyət.  Üzgüçülük hovuzlarında çimmək, uzunmüddətli gəzintilər, sadə (lakin müntəzəm) gimnastika. Yavaş və sürətlənmiş templi gəzintilərin növbələşdirilməsi xüsusilə faydalı hesab olunur. Fiziki fəallıq qan dövranına müsbət təsir göstərir və beyin fəaliyyətini aktivləşdirir.

Alzheymer xəstəliyinin profilaktikası üçün üçün aşağıdakı  risk faktorlarının aradan qaldırılması çox vacibdir:

  • Tütün məmulatları, həmçinin çox miqdarda istehlak olunan spirtli içkilər.
  • Tərkibində həddindən artıq miqdarda heyvani yağlar, “yanlış” karbohidratlar (xəmir, şirniyyat) olan qeyri-sağlam ərzaqlar. Gündəlik qida rasionunda vitaminlərin olmaması.
  • 8 saatlıq yuxuya müntəzəm şəkildə laqeyd yanaşmaq.
  • Stresli hallar.
  • Bədən çəkisinin artıq olması.
  • Havalandırılmayan yerlərdə uzun müddət qalmaq.

Yuxarıda sadalanan qaydaların hamısı yalnız Alzheymer xəstəliyinin şərti profilaktikası hesab edilə bilər. Bu xəstəliyin zəmanətli profilaktikası hələ ki, mövcud deyil.

Nəticədə qeyd etmək lazımdır ki, düzgün həyat tərzinə riayət etmək və öz sağlamlığına diqqətlə yanaşmaq, Alzheymer xəstəliyinin inkişaf riskini azaltmağa və ya erkən mərhələlərində aşkara çıxarılmasına kömək edə bilər.

                

 

    

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/

https://nevropatologiya.az/2021/08/16/parkinson-x%c9%99st%c9%99liyi-v%c9%99-parkinsonizm-sindromu/

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

 

 

 “Geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Ktabcapi.az” nəşriyyatı, 2022) və “Müasir dövrün aktual sinir xəstəlikləri” (12768 N-li müəlliflik şəhadətnaməsi) kitablarından. Məqalə ilk dəfə 25.12.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

 

                  Fərhad Əhmədov. Həkim – nevropatoloq