Nevroloji xəstələrin diaqnostikasında Doppler ultrasəs müayinəsinin tətbiqi

USDQ (ultrasəs  doppleroqrafiya) – xüsusi bir instrumental, qeyri-invaziv müayinə üsuluna aid olub, nevropatoloqlar tərəfindən geniş istifadə olunur. Bu metod, səthi yerləşən əsas arteriyalarda və  venalarda qan axını  göstəricilərinin real  vaxt  rejimində  qiymətləndirilməsinə imkan  verir.  Nevrologiyada, boynun  magistral  damarlarının USDQ  və transkranial  USDQ-dan  istifadə olunur.

 

USDQ-nın iş prinsipi

USDQ (Doppler ultrasəs) metodunun əsasında  Doppler effekti  dayanır. Bu effekt, 1842-ci ildə  Avstriya alimi  Kristian İohann Doppler tərəfindən kəşf edilmişdir. XX əsrin  80-cı  illərinin ortalarından  başlayaraq, bu metoddan təbabətdə  geniş  surətdə  istifadə  olunmağa başlanmışdır. Şüalanma mənbəyi  və  ya  qəbuledicinin hərəkəti  zamanı, müşahidəçi (qəbuledici) tərəfindən qəbul  edilən dalğaların tezliyində  və  ya  uzunluğunda olan dəyişikliklər Doppler effekti  adlanır. USDQ-da  qanın  formalı  elementləri, hərəkət  edən  obyekt  kimi çıxış  edir. Onlardan əks  olunan  ultrasəs  dalğaları  sensor tərəfindən tutulur. Sensor, ölçmə zamanı  tərpənməz  qalır  və  2  piezo-kristal  sayəsində  həm  şüalanma  mənbəyi, həm də qəbuledici  kimi  çıxış edir.

USDQ,  qan  axınının keyfiyyət (audiovizual) və  kəmiyyət  cəhətdən qiymətləndirilməsini aparmağa  imkan verir. Doppler effektini qeydə  almaq  üçün, müayinə  olunan damar  istiqamətində göndərilən ultrasəsdən  istifadə  olunur. Hərəkət  edən eritrositlərdən əks  olunaraq, cihaz  tərəfindən qəbul  olunan  ultrasəs, müvafiq  surətdə  öz  tezliyini  dəyişir  ki,  bu  da böyük  və  orta  kalibrli  damarlarda, onların müayinə olunan  hissəsində  qanın  hərəkət  sürəti, qan  axınının  istiqaməti, müəyyən  sürətlə  hərəkət edən  qan  kütlələrinin  həcmi  haqqında  məlumat  əldə etməyə  və  bu  parametrlərə  əsaslanaraq, qan  dövranının  pozulması, damar  divarının vəziyyəti,  aterosklerotik stenozun olması  və  ya  qan  damarlarının tutulması  barədə mülahizələri  əsaslandırmaq,  həmçinin  kollateral  qan  dövranını  qiymətləndirməyə  imkan verir. Lakin  USDQ,  damarların vəziyyətini, divarlarının  strukturunu  və  mövcud  funksional  pozuntuların  səbəblərini tamamilə aydınlaşdırmağa  imkan  vermir.

Əlavə  bir  təkmilləşdirilmiş dupleks  metodu da  mövcuddur  ki, onun  vasitəsilə  aparılan müayinə,  bilavasitə  arteriyanı, onun  formasını  və  gedişini  görməyə;  onun  en  kəsiyinin  və divarının  vəziyyətini  qiymətləndirməyə;  düyünləri,  trombları  və  stenoz  zonasını  görməyə imkan  verir.

Ən  müasir  sistemlərdə  tripleks  skanninqdən  istifadə  edilir  ki,  burada  da  damarın          2-ölçülü  təsvirinin və  Doppler  rəngli  güc  xəritəsinin, Doppler  siqnalının  tezliyinin  və fazasının  kompüter-televizion uyğunlaşdırılması  yolu  ilə  müayinə  olunan damarın  məcrasında  qan  axınının  sürəti  və  həcmi  haqqında, onun  real  təsvirində  ətraflı  məlumat əldə  etmək  mümkün  olur.

USDQ  müayinəsi  nəticəsində  əldə  edilən  məlumatların  əsas  qeydəalınma  üsulu – doppleroqramdır.

 

     USDQ-nın üstün və mənfi cəhətləri

USDQ  müayinə  metodu  radiasiyaya  səbəb  olmur, ağrısızdır, xüsusi  hazırlıq  tələb  etmir və  yaş  məhdudiyyətləri  yoxdur. Bu  müayinə  üsulu,  qeyri-invazivdir, çünki  onun  aparılması  hər  hansı  bir  preparatın  və  kontrast  maddələrin  tətbiq  edilməsini  tələb  etmir, yalnız  xarici  sensor  istifadə  olunur. USDQ,  real  zaman  rejimində  qan  axınının  xarakterini  və ekstrakranial  damarların  okklüziya  səviyyəsini  qiymətləndirməyə  və  beynin  qan  təchizatının  çatışmazlığının  səviyyəsini  müəyyənləşdirməyə  imkan  verir. Bu  müayinəni, əgər kliniki  göstərişlər  olarsa, xəstənin  ağır  vəziyyətində  də  həyata  keçirmək  mümkündür.

Eyni  zamanda, USDQ,  damar  stenozunun  səbəblərini  görüntüləməyə, damar  divarının  və ətraf  toxumaların  vəziyyətinin  qiymətləndirməsinə  imkan  vermir. Bu  müayinə  metodu angioqrafiyanı,  MRT  və  ya  KT-ni  əvəz  edə  bilmir. Lakin  hal-hazırda  USDQ,  çox  vaxt damarların  dupleks  və  tripleks  müayinəsinin  tərkib  hissələrindən  biri  olur  ki, bu  da ultrasəsin diaqnostik  imkanlarını  genişləndirir.

 

Xəstəni  USDQ-ya  yönəldərkən,  nevroloq  tələb  olunan  müayinənin  həcmini  müəyyən edir. Daha  çox  boynun  magistral  arterleriyalarının (ön  və  arxa  qruplar) funksional keçiriciliyinin qiymətləndirilməsi  aparılır. Lakin  müayinə  protokoluna  həmçinin, transkranial və  periorbital  USDQ-nin  və  əsas  venalar  vasitəsilə  qan  axınının  müəyyənləşdirilməsini də əlavə  etmək  mümkündür.

Yaşlı  insanda baş  və  boyun damarlarının  USDQ-sı  zamanı,  aşağıda sadalanan damarların təqiqi  mümkündür:

  • onurğa arteriyaları;
  • karotid hövzənin  arteriyaları (körpücükaltı, ümumi  yuxu, xarici  və  daxili  yuxu);
  • bloküstü arteriyalar;
  • kəllədaxili yerləşən  damarlar (ön, orta  və  arxa  serebral  arteriyalar, ön  və  arxa birləşdirici  arteriyalar, əsas  arteriya  və  onurğa  arteriyasının bir  hissəsi);
  • göz yuvasının arteriyaları;
  • vidaci və  körpücükaltı  arteriyalar;
  • göz yuvası  venası;
  • vertebral venoz  kələ

Transkranial  USDQ  müayinəsi  vasitəsilə  erkən  yaşlı  uşaqlarda, əlavə  olaraq  beynin  dərin venalarında da:  orta  beyin, Qalen  venası, Rozentalın bazal  venalarında qanın axınını  qiymətləndirmək olar.

 

     USDQ  müayinəsinə  göstərişlər

Müayinənin  keçirilməsinə əsas  göstərişlərdən  biri  də  damarların  yayılmış aterosklerozunun  əlamətləridir. Baş  və  boyun  damarlarının  USDQ  müayinəsi, damar xəstəliyinin inkişafı  üçün  risk  qrupuna  daxil olan  insanlar  üçün  istifadə  edilə  bilər. Bu müayinə, həmçinin  çox  vaxt  proqressivləşən  serebrovaskulyar  xəstəliklərin  və  damar patologiyalarının səbəbi  olan  magistral  damarlar  vasitəsilə  qan  axınının  çatışmazlığını  aşkar etməyə  imkan  verir. Venoz  qan  dövranını  qiymətləndirərkən,  həcmli  törəmələrin formalaşmasının əlamətlərini  və  mövcud  hidrosefaliya  üçün  kompensasiya  dərəcəsini  aşkar etmək  olar.

Nevrologiyada  USDQ-nın  keçiriməsinə  göstərişilər:

  • beyin qan dövranının  kəskin  və  xroniki  pozuntularının klinik  əlamətləri, müxtəlif simptomlarla təzahür  edən  tranzitor  işemik  həmlələr;
  • davamlı və  ya  təkrarlanan  sefalgik sindrom;
  • getdikcə inkişaf  edən  koqnitiv  çatışmazlıq;
  • huşitirmə və  sinkopal  halları;
  • müxtəlif xarakterli  başgicəllənmə  və  ataksiya;
  • vertebrobazillyar hövzədə  qan  dövranının  pozulması  ehtimalı, onurğa  arteriyası  sindromu;
  • ürəyin işemik  xəstəliyi, sistemli ateroskleroz  əlamətləri;
  • arterial hipertoniya  xəstəliyi;
  • əllərdə arterial  təzyiqin  və  nəbzin  asimmetriyasının aşkar  edilməsi;
  • oftalmoloji patologiya  ilə  əlaqəli  olmayan  kəskin  vizual  pozuntular;
  • anevrizmaya şübhənin  yaranması;
  • davamlı, dərman tənzimlənməsinə  tabe  olmayan  yuxu  pozulmaları;
  • onurğa sütununun  boyun  şöbəsində  nəzəçarpacaq  dərəcəli  degenerativ-distrofik dəyişikliklər;
  • baş və  boyun  travmalarından,  neyrocərrahiyyə  əməliyyatlarından  sonrakı  vəziyyət;
  • damar divarında  sistemli  dəyişikliklərlə  baş  verən  şəkərli  diabet, vaskulit  və  digər xəstəliklə

USDQ  həmçinin, ağırlaşmalarla keçən  doğuşdan sonra  yenidoğulmuşların, nevroloji statusunda patologiyalar qeyd  edilən  və  hidrosefalik  sindrom  əlamətləri  olan  uşaqların skrinninq  müayinəsi  kimi  də  geniş  şəkildə  istifadə  olunur.

 

USDQ-nın  keçirilmə  texnikası

Boyun  damarlarının doppleroqrafiyası,  dəri  vasitəsilə  həyata  keçirilir, xəstə,  baş  tərəfi üfüqi  səviyyəyədək  endirilən başlığı  olan  taxt  üzərində  yerləşdirilir. Cihazın  sensoru  tədqiq olunan damarın  proyeksiyasında yerləşdirilir  və  siqnalın  keçirilməsini  yaxşılaşdırmaq  üçün kontakt  geldən  istifadə  edilir. Sensorun  dəri  səthinə  enmə  nöqtəsi  üçün  optimal  olaraq  45°  qəbul  edilir,  həkim  zəruri  hallarda  kiçik  hərəkətlərlə  maksimal  dərəcədə  təmiz  və aydın  səslənən  siqnalı  əldə  etmək  üçün  onun  mövqeyini  tənzimləyir.

USDQ  zamanı,  ayrı-ayrı  damarların  qan  axınının normativ  orta  göstəricilərindən kənara çıxmaları  və  qanla  dolmasının simmetrikliyi  qiymətləndirilir. Həmçinin,  müayinə  zamanı funksional  sınaqlar da  istifadə  edilə  bilər  ki,  bu  da  tənzimləyici-kompensasiya mexanizminin pozulmalarını  və  kollateral damar  şəbəkəsinin  vəziyyətinin  dolayı  əlamətlərini  aşkar  etməyə  kömək  edir. Bu  sınaqlar,  magistral  ekstrakranial  damarlar vasitəsilə  əsas  qan  axınının  parametrlərini  müəyyən  etdikdən  sonra  həyata  keçirilir. Funksional  sınaqlara  müəyyən  arteriyaların  qısa  müddətli  sıxılması (kompressiyası),  bazu arteriyasının  tanometrin  manjeti  vasitəsiə  sıxılması, başı  intensiv  şəkildə  döndərmək, öksürmək,  tənəffüsün  dərinliyinin  və  tezliyinin dəyişməsi  aid  edilə  bilər. Ən  çox kompression sınaqdan  istifadə  edilir.

Yaşlı  insanlarda  transkranial  USDQ,  yalnız  sensoru  başın  müəyyən  hissələrinə – akustik pəncərələr  adlanan  yerlərə  tətbiq  edildikdə  mümkündür. Bunlar  kəllə  sümüklərinin  ən nazik  qalınlığı  və  sıxlığı  olan  sahələri  və  ya  təbii  dəliklərin  yerləşdiyi  nahiyələrdir. Bunlar – gicgah  sümükləri, göz  yuvaları  və  atlanto-oksipital bitişmənin  yerləşdiyi  suboksipital nahiyəsidir. Bir  yaşınadək  olan  uşaqlarda,  transkranial  USDQ,  həmçinin  böyük  və  kiçik əmgək  və  kəllə  sümükləri  arasındakı  tikişlər  vasitəsilə də  həyata  keçirilir  ki, bu  da müayinənin  informativliyini  əhəmiyyətli  dərəcədə  artırır.

Beyin  qan  dövranının  özünütənzimləmə  dərəcəsini  qiymətləndirmək  üçün, ortostatik  və antiorstostatik funksional  sınaqları  və  ümumi  yuxu  arteriyasının qısamüddətli  sıxılması həyata  keçirilir. Transkranial  USDQ  zamanı  tənəffüs  testləri  və  bəzi  dərman  preparatları (məsələn, Nitroqliserin) də  istifadə  edilə  bilər.

Stenoz  zamanı,  stenoza  məruz  qalmış  nahiyədə qanın hərəkət  sürəti, stenozun  dərəcəsinə mütənasib  şəkildə  artır. Boyun-baş  arteriyalarının  arterial  mənfəzinin  tam  müayinəsinə əsas  magistral  damarların: ümumi,  xarici  və  daxili  yuxu;  sağ  və  sol  onurğa;  həmçinin  göz arteriyasının  şaxələri  və  şaxələri  ilə  birlikdə  üz  arteriyasının dopplerosonoqramının  qeyd olunması  daxil  edilir.  Ehtiyac  yarandıqda  və  cihazda  müvafiq  proqram  təminatı  mövcud olarsa, Doppler  xəritəsi  qurulur.

Daxili  yuxu arteriyasının stenozu  əlamətləri, xarici  yuxu  və  göz  arteriyalarının şaxələrində qan axınının dəyişilməsidir. Normal  halda  bloküstü  və  supraorbital  arteriyalarda qan  axını kəllənın  daxilindən  xaricinə  doğru  yönəldilir. Daxili  yuxu  arteriyasının tam okklüziyası  zamanı  arteriya qan axınının  istiqaməti  dəyişir. Bu  halda, üz  arteriyasının gicgah  sümüyünün almacıq  çıxıntısının yaxınlığında sıxılması  zamanı  qan axınının istiqamətinin əks  istiqamətə dəyişməsini  əks  etdirən  Doppler  siqnalının təhrif  olunması  baş  verir. Doppler  spektrinin dəyişməsindən  əlavə, daxili  yuxu  arteriyalarının  tam okklüziyası  zamanı,  onun  qan  axını xəritələrində  amputasiyası  şəkli  müşahidə  edilə  bilər. Nümayişkaranəliyinə  baxmayaraq, bu xüsusiyyət  kifayət  qədər  etibarlı  deyil,  çünki  Doppler  siqnallarının  qəbulunda  fasilələrin yaranması, həm də  bəzi  metodiki  və  texniki  səbəblərdən  də  baş  verə  bilər.

Vertebral  arteriyaların  müayinəsində də  eyni  diaqnostik  meyarlardan istifadə edilir. Qeyd etmək  lazımdır ki,  burada  dopplerosonoqrafiyanın  imkanları,  vertebral  arteriyaların  böyük fərdi  dəyişkənliyi  və  onların  sümük  kanallarında  və  boyun  toxumalarında  dərin  yerləşməsi səbəblərindən məhduddur. Bunları  nəzərə  alaraq, birbaşa  zondlama  yolu  ilə  qan axınının vəziyyətinə  dair  əldə  olunmuş  doppleroqrafik  məlumatları  ehtiyatla  və klinik təzahürləri nəzərə  almaqla  qəbul  etmək  lazımdır.

Kəllədaxili  damarlarda qan dövranı  pozulmalarının diaqnostikası  üçün, onların  transkranial doppleroqrafiyasından  istifadə  edirlər. Onların  zondlanması,  “akustik pəncərələr” – sümüyün qalınlığının az  olduğu  sahələr (gicgah  pəncərəsi)  və  ya  sümüklərin arasında olan  təbii dəliklər  (orbital  və  suboksipital  pəncərələr)  vasitəsilə  həyata  keçirilir. Gicgah  pəncərəsi vasitəsilə  daxili  yuxu;  orta,  ön  və  arxa  beyin  arteriyasının  başlanğıcını  və  böyük  beynin arterial  dairəsi  zondlaşdırılır. Orbital  pəncərə  vasitəsilə – göz  arteriyası  və  daxili  yuxu arteriyasının  sifonu, suboksipital  pəncərə  vasitəsilə  isə – vertebral  və  bazillyar  arteriyalar zondlaşdırılır.  Zondlanmanın dərinliyini, vəziyyətini  və  sensorun  əyilmə  istiqamətini dəyişməklə,  fəza  anlayışlarından  istifadə  etməklə,  optimal  dərəcədə  ifadə  olunmuş  Doppler  siqnalını  tapır  və  müayinə  olunan  damarı   müəyyənləşdirirlər. Kəllədaxili arteriyaların  vəziyyətini  qiymətləndirməklə  yanaşı, transkranial  doppleroqrafiya  kəllədaxili qan  dövranının  dəyişikliklərinin  xarakteri,  o  cümlədən  baş  beyni  qidalandıran  kəllədaxili damarların  stenozu  və  trombozu  zamanı  kollateral  qan  dövranı  haqqında  əlavə  məlumat verir.

USDQ  nəticələrini  təsvir  edərkən,  həkim  müəyyən  arteriyalarda  qan  axınının faiz nisbətində  ifadə  olunmuş  catışmazlığını, onun  simmetrikliyini  və  okklüziyanın  ehtimal  edilən  səviyyəsini  göstərir.

 

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/

https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/

https://nevropatologiya.az/2021/09/08/bqdkp/

 

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 17.10.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq