Nevroloji xəstələrin diaqnostikasında pozitron emission tomoqrafiya (PET) müayinəsinin tətbiqi

Pozitron  emission tomoqrafiya (digər adı – 2 fotonlu emission tomoqrafiya) – insanın  və  ya heyvanların daxili orqanlarının radionuklid tomoqrafiyası  müayinə metodudur. Metod, pozitronların elektronlarla annihilyasiyası zamanı  yaranan γ-kvant cütlərinin qeydiyyatına əsaslanır. Pozitronlar, müayinədən  əvvəl  xəstənin orqanizmə  yeridilən radiofarmakoloji preparatın tərkibinə daxil olan radionuklidin pozitron β parçalanması zamanı  meydana çıxır. Hər  hansı  bir maddədə (məsələn, orqanizmin toxumasında) dayanıb qalmış  pozitronun, mühitin elektronlarından biri  ilə annihilyasiyası, bir düz xətt  üzrə  əks  istiqamətlərə yönələn bərabər enerjiyə  malik olan 2  γ-şüası yaradır. Tədqiq olunan obyektin ətrafında yerləşdirilən çoxsaylı detektor dəsti  və onlardan gələn siqnalların kompüter vasitəsilə emal edilməsi, skan edilən obyektdə radionuklidin paylanmasının 3-ölçülü rekonstruksiyasını  yerinə  yetirməyə  imkan verir.

Demək olar ki,  həmişə  PET  tomoqrafı,  KT  və  ya  MRT skaneri  ilə birləşdirilir. PET müayinəsi, orqanizmin toxumalarının metabolik  və  funksional fəallığını  öyrənmək  üçün unikal  bir  üsuldur. Metod  orqanizmin,  ona daxil  edilən  radiofarmakoloji  preparatları  yaymaq  və  toplamaq qabiliyyətinə əsaslanır. Nevrologiya  üçün  baş  beyində  gedən maddələr  mübadiləsinin tədqiqi,  daha  böyük  əhəmiyyət  daşıyır, çünki  nukleotidlərin toplanmasında meydana çıxan  dəyişikliklər,  neyronal  fəallığın  pozulmalarından  xəbər  verir.

PET / KT  onkoloji  xəstəliklərin diaqnostikası üçün effektiv  və  müasir bir  metoddur. Bu metod, pozitron emission tomoqrafiya (PET) və kompüter tomoqrafiyasının (KT) imkanlarını özündə  birləşdirir və  alınan təsvirlərin əsasında xoş və bəd xassəli şişləri  bir-birindən  yüksək ehtimallılıq dərəcəsi  ilə  ayırd etməyə  imkan  verir.

 

     Müayinə  üsulunun  qısa  tarixi

1950-ci  illərin sonlarında  Devid E. Kul, Lük Çapman və  Roy Edvards  emissiya tomoqrafiyası konsepsiyasını hazırlamışlar. Daha sonra onların işləri Pennsilvaniya Universitetində bir neçə tomoqrafiya cihazının tərtibatına  və  yaradılmasına gətirib çıxardı. Ötən  əsrin  70-ci  illərindən başlayaraq, tomoqrafik  tədqiqatlar digər alimlər tərəfindən təkmilləşdirilmişdir.

 

Pozitron emission tomoqrafiya – nüvə təbabətinin fəal  inkişaf edən diaqnostik və tədqiqat üsuludur.  PET  müayinəsinin aparılması  üçün,  müxtəlif  radiofarmakoloji  preparatlardan istifadə olunur. Diaqnostika,  molekulyar səviyyədə  hüceyrələrdə  maddələr  mübadiləsinin sürətinin qiymətləndirilməsinə əsaslanır  və  ölçüləri  4-5 mm-dən  yuxarı  olan bədxassəli şişlərin aşkar edilməsinə  imkan verir. Daha  kiçik  ölçülü şişlərin aşkar edilməsinə müasir  PET / KT  skanerlərinin texniki  göstəriciləri  imkan  vermir.  PET / KT  ultrasəs, rentgen şüaları, KT, MRT  və  digər  görüntüləmə  vasitələrindən  istifadə edərək, aşkar  edilə bilinməyən  şiş ocaqlarının diaqnostikasını  həyata keçirə  bilər.

Bir  çox  hallarda  PET  müayinəsi,  18F-flüordezoksiqlükozanın  yeridilməsi ilə aparılır. Bu preparat, xəstənin fərdi  xüsusiyyətlərini  nəzərə  alaraq, müayinə  ərəfəsində hazırlanır.    Kliniki  onkologiyada  geniş  istifadə  olunan  flüordezoksiqlükozanın (radioaktiv  indikatoru – flüor-18, 18F, ing. abbr. FDG-PET)  tətbiqi  ilə  PET-skanasiya,  bir  çox  xəstəliklərin diaqnostikasında geniş  istifadə  edilir.

Radiofarmakoloji  preparat  olan  18F-flüordezoksiqlükoza – universaldır, o, quruluşca  normal qlükozaya  yaxın olduğu  üçün,  bütün  hüceyrələr  tərəfindən  udulur.  Şiş  hüceyrələri,  bu preparatı  adi  hüceyrələrə  nisbətən daha  tez  udduğundan,  skanasiya  zamanı  onlar  daha aydın  görünür.  Preparat  24  saat  müddətində  xəstənin  bədənindən  xaric  olunur.

18-FDQ  bir  sıra  üstünlüklərə  malikdir:

  • uzunmüddətli dayanıqlılıq – onu  yerli  olaraq  lazımi  birləşmələrin  hazırlanmasının mümkün  olmadığı  bölgələrdə  diaqnostika  müəssisələrinə  çatdırmaq  olar;
  • xəstəni tələsmədən,  ətraflı  şəkildə  müayinə  etməyə  imkan  verir;
  • universallığı – bədxassəli şişlərin  əksər  növlərinin (neyroendokrin  şişlərdən  və  bəzi digər  xərçəng  növlərindən  başqa) aşkar olunması  üçün  yararlıdır, dəqiq  nəticələr əldə  etməyə imkan

Xəstənin  bədəninin  skanasiyası  zamanı,  əldə  edilən təsvirlərdə  şiş hüceyrələri  parlaq ləkələr  şəklində  görünür,  bunun  səbəbi,  onların  sağlam toxumalara  nisbətən daha çox    18  FDQ  udmasındadır.  “Qaynar  ocaqların”  rəng  dolğunluğuna,  ölçüsünə,  lokalizasiyasına  və  miqdarına  əsasən,  həkim  yenitörəmənin  bədxassəlilik  dərəcəsi,  ölçüləri  və mərhələsi  ilə  bağlı  fikir  yürütmək  imkanı  əldə edir.  PET  müayinəsinə yazılarkən, biopsiyadan sonra  həyata  keçirilən şişin histoloji  müayinəsinin nəticələrini  təqdim etmək  məsləhət  görülür.  18 FDQ  ilə  keçirilən PET / KT müayinəsinin diaqnostik imkanları  bədxassəli şişlərin nadir rast gəlinən hüceyrə formalarında (məsələn, neyroendokrin şişlər, karsinoid, bronxoalveolyar ağciyər xərçəngi və s.) məhduddur.

     18F-flüordezoksiqlükoza  ilə  PET / KT-nin diaqnostik  dəyəri,  aşağıda sadalanan zaman intervallarına  riayət  etdikdə  artır:

  • şişin biopsiyasından 7-10 gün sonra;
  • şüa terapiyasının sona yetməsindən 2-6 ay sonra;
  • kimyəvi terapiyanın sona yetməsindən 2-3 həftə sonra;
  • şişi aradan qaldırmaq üçün əməliyyatın keçirilməsindən 1-3 ay sonra.

 

                    

                       PET  müayinə metodunun üstünlükləri  və  mənfi  cəhətləri

PET sistemləri universaldır, onlar pozitron şüalandırıcılarının bütün növlərindən istifadə edir. Onlar, texniki göstəricilərinin hesabına nəticələrin  100%  dəqiqliyi  ilə fərqlənir. Onlar  istifadə üçün asandır, standart  protokollara  və  keyfiyyətinə  avtomatlaşdırılmış nəzarətə  malikdir.

PET skanerlər, eyni  zamanda məlumatları toplamaq və emal etmək, şəkilləri yenidən qurmaq, nəticələri  təhlil etmək imkanı  verir ki, bu da məhsuldarlığı  əhəmiyyətli dərəcədə artırır.

Radioizotopların  yarımçevrilmə  dövrü  kiçik olduğundan, müayinə zamanı  xəstənin məruz  qaldığı  şüalanma çox azdır  və orqanizmin normal proseslərinə təsir göstərmir. Bu, lazım gələrsə,  müayinənin təkrarən  aparılmasına imkan  verir.

PET  müayinəsi nəticəsində əldə edilən təsvirlər, əksər hallarda, işin nəticələrini  diaqnoz üçün  daha aydın göstərən  rəng  şkalasına uyğun olaraq təqdim olunur. Məsələn, sağlam toxuma enerji  ehtiyatını artırmaq  üçün qlükozadan istifadə edir  və  radioaktiv qlükozanın bir qismini  özündə  toplayır. Bədxassəli toxuma, sağlam toxumaya nisbətən daha çox  qlükoza istehlak edir  və  PET  təsvirində normal toxumaya nisbətən daha parlaq olur.

Müasir  PET skanerlərin quruluşu, təkcə  baş  beynin deyil, həm də daxili orqanların müayinəsinin aparılmasına imkan  verir  ki, bu da bədxassəli  dəyişikliklərin erkən aşkar edilməsi  üçün olduqca vacibdir.

İzotopun paylanmasının doğru  görüntüsünü  əldə  etmək  üçün  əsas  şərtlərdən  biri, müayinə  zamanı  onun  yenidən bölüşdürülməməsidir. Bəzi  hallarda, xəstənin  orqanizmində kimyəvi  tarazlıq  pozulduqda, PET  müayinəsi  yanlış  nəticələr  verə  bilər. Məsələn, şəkərli  diabet xəstələrində  qanda  şəkərin  və  ya  insulinin miqdarının  yüksəkliyi,  buna səbəb ola bilər.

PET-dən  istifadə imkanları, tomoqrafların bahalı  olması  və  onların siklotronun  yaxınlığında yerləşdirilməsi zərurəti  ilə məhdudlaşır. Yarımçevrilmə  dövrü  cəmi  bir neçə  saat olan yeni radiofarmakopreparatların yaradılması, bu problemi qismən həll etməyə  imkan verir. Bundan  əlavə, rubidium-82 radioizotopu (yarımçevrilmə dövrü 76 saniyə) siklotrondan istifadə etmədən də  əldə edilə bilər.

PET  müayinəsinin dəyəri,  onu  digər  tədqiqat  metodları (KT, MRT) ilə birgə  tətbiq  etdikdə artır.

PET müayinəsinin məqsədləri:

  • xəstəliklərin erkən diaqnostikası;
  • diferensial diaqnostika;
  • xəstəliyin proqnozu;
  • aparılan müalicənin effektivliyinin qiymətləndirilmə

 

Üstünlüklər və təhlükəsizlik

Metodun üstünlüyü, hüceyrə  səviyyəsində  maddələr  mübadiləsinin qiymətləndirilməsidir. Bu  zaman,  kliniki  təzahürlərin  hələ  mövcud  olmadığı  bir vaxtda, hər hansı  bir orqanın funksional dəyişiklikləri,  bəzi  xəstəliklərin  yaranması  barədə  fikir  yürütməyə  əsas  verir. Müayinə  zamanı,  tədqiq olunan orqanizmin öz  metabolitləri ilə  yanaşı, onun  metabolik proseslərinə daxil edilən müxtəlif  radiofarmakoloji  preparatlardan istifadə olunur. Maksimal dozada  yeridilən  radiofarmakoloji  preparatın tətbiqindən sonra xəstənin məruz qaldığı  şüalanma, orqanizmin flüoroqrafiya zamanı  məruz qaldığı  şüalanma ilə  müqayisə edilə bilər, buna görə  də  PET müayinəsi nisbətən təhlükəsizdir.

Prosedur bir neçə üstünlüklərə malikdir:

  • asimptomatik mərhələdə onkoloji şişlərin müəyyən edilməsi imkanı;
  • metodun təhlükəsizliyi, ağrılı olmaması;
  • cərrahi əməliyyata ehtiyac olmadan ambulator şəraitdə icra edilməsi;
  • bədxassəli prosesin orqanizmdə yayılması barədə  tam məlumatın əldə  edilmə

 

Buna baxmayaraq,  bu metodun  öz  əks-göstərişləri  vardır.

Əks-göstərişlər  və  məhdudiyyətlər:

  • hamiləlik;
  • südvermə;
  • şəkərli diabet (qanda şəkərin səviyyəsinin 11 mmol / l-dən çox olması);
  • xəstənin ağır vəziyyəti, yanaşı  patologiyaların dekompensasiyası (xroniki  böyrək, qaraciyər  çatışmazlıqları);
  • müayinə prosedurunu  axıradək  gözləməyin  mümkünsüzlüyü (ağrı  sindromu, psixonevroloji  pozuntular,  klaustrofobiya  və);
  • kəskin infeksion  xəstəliklər  və  xroniki  iltihabi proseslərin kəskinləşmə

Hamilə qadınlara müayinə keçirilmir. Süd  verən qadınlar, müayinənin keçirilməsindən sonra 1 sutka müddətinə əmizdirmənı dayandırmalıdırlar. Şəkərli  diabeti və  böyrək  çatışmazlığı olan xəstələrdə, müayinə  ehtiyatla aparılır, vərəm  xəstəliyi  prosedurun  keçirilməsinə əks-göstərişdir. Qanda  şəkərin  səviyyəsi  yüksək olarsa (8-11 mmol / l-dan artıq), müayinə  həyata keçirilmir – ilk  növbədə  şəkərin  miqdarı  tənzimlənməlidir.

 

Nevrologiyada  PET  müayinə metodu,  epilepsiya, şişlər  və  ruhi  xəstəliklərin diferensiasiyası da daxil olmaqla, nevroloji  xəstəliklərin  aşkarlanması  üçün  istifadə olunur. PET,  beyin qan dövranı, oksigen və  qlükozanın  mənimsənilməsi sürəti  haqqında  məlumat verir, digər  fizioloji  prosesləri  əks etdirir. PET,  həmçinin  Parkinson  xəstəliyinə  səbəb olan, qocalıq  ağıl  zəifliyinə gətirib  çıxaran  baş  beyin  xəstəliklərini  erkən  mərhələlərində  aşkar  etməyə  imkan  verir. PET müayinəsinin  köməyi  ilə,  həmçinin  epilepsiyaya səbəb  olan beyin nahiyələrini  müəyyən etmək  olar. Bu  müayinələr  əsasında, epileptogen zonaları  aradan qaldırmaq  üçün əməliyyatlar  planlaşdırılır. KT  və  MRT-dən  fərqli  olaraq,  PET  müayinəsi zamanı, hüceyrə metabolizmi  səviyyəsində  funksional dəyişikliklər qiymətləndirilir. Bu, çox vacibdir, çünki  çox vaxt  funksional  hüceyrə  səviyyəsində  yaranan dəyişikliklər, morfoloji  dəyişikliklərdən  əvvəl meydana  çıxır. Buna  görə  də,  nevrologiyada  bir  çox  xəstəliklərin  KT  və  MRT-yə  nisbətən, PET  müayinəsinin  köməyi  ilə daha  əvvəl  diaqnozu qoyulur.

Göstərişlər

  • baş  beynin şişləri;
  • epilepsiya;
  • serebrovaskulyar xəstəliklər;
  • kəllə-beyin travmaları;
  • demensiyaların diferensial diaqnostikası;
  • hərəki  pozuntuların qiymətləndirilməsi;
  • degenerativ  və  demiyelinləşdirici xəstəliklər  və  digər nevroloji  patologiyalar.

 

     Beyin  xəəngi  zamanı  PET  müayinəsi, aşağıda  sadalanan nəticələrin  əldə  olunmasına imkan verir:

  • baş beynin ocaqlı  törəməsinin şiş mənşəli olmasının dəqiqləşdirilməsi;
  • KT və  ya  MRT  məlumatları  aydın olmadıqda, şişlərin dəqiq  sərhədlərinin  və ölçüsünün təyin  edilməsi;
  • şişlərin bədxassəlilik dərəcəsinin  müəyyənləşdirilməsi;
  • stereotaksik biopsiya üçün hədəfin  seçilməsi;
  • şişin çıxarılmasının radikallıq dərəcəsinin qiymətləndirilməsi;
  • şüa və  kimyəvi  terapiyanın  effektivliyinin monitorinqi;
  • metastazların və ilkin şiş ocaqlarının aşkar edilməsi;
  • şiş prosesinin yayılma dərəcəsinin müəyyənləşdirilməsi;
  • xoş və  bədxassəli şişlərin diferensiasiyası;
  • müalicə taktikasının planlaşdırılması.

 

     Epilepsiya  zamanı  PET müayinəsi.  Hal-hazırda  dünyada  epilepsiya  xəstəliyinə  tutulan təxminən  2 milyon  insan  vardır  ki, onlardan  80000  nəfəri  parsial  epilepsiyadan əziyyət çəkir. Parsial epilepsiyanın  tutmaları,  dərman  müalicəsinə  pis  tabe  olur. Belə  xəstələrin müalicəsi  üçün  seçim  üsulu – baş  beyində  olan epileptogen ocağın  fokal  rezeksiyasıdır. Lakin bu  ocaqları,  adi  müayinə  üsullarının  köməyilə  dəqiq  müəyyən  etmək  çətindir. Flüordezoksiqlükozanın köməyi  ilə  aparılan  PET  müayinəsi, qlükozanın  istehlakının artımı  və ya  azalmasını  qiymətləndirməyə  və  epileptogen ocaqların  lokallaşdırılmasına imkan  verir. Beləliklə, epilepsiya  zamanı  PET  müayinəsi,  aşağıda  sadalananları  əldə  etməyə imkan  verir:

  • gicgah epilepsiyası zamanı  epileptik ocağın lateralizasiyası;
  • xəstəliyin gicgah epilepsiyası olmayan formalarında epileptik ocağın lokallaşdırılması;
  • cərrahi əməliyyatdan  sonrakı  nevroloji  çatışmazlığın profilaktikası  məqsədilə, əməliyyatdan  əvvəl  funksional  əhəmiyyətli  sahələrin  xəritələşdirilmə

 

     Beyin qan dövranı  pozulmaları  zamanı  PET müayinəsi – aşağıda sadalanan nəticələrin əldə olunmasına imkan verir:

  • işemik insult ilə şişin diferensial diaqnostikası, hemorragik insult ilə şişə qansızmanın diferensial diaqnostikası;
  • işemik insultda beyin toxumasının zədələnməsinin miqyasının təyin edilməsi;
  • karotid stenozun hemodinamik  və  metabolik əhəmiyyətinin dərəcəsinin müəyyənləşdirilmə

 

     Kəllə-beyin travmaları  zamanı  PET müayinəsi.  Kəskin və uzaq dövrlərdə,  xüsusilə də  KT və  ya  MRT-də  aşkar edilmiş struktur dəyişikliklərinin  nevroloji  simptomları tam olaraq  izah edə  bilmədiyi  hallarda,  beyin  toxumasının zədələnmə  dərəcəsinin  və  yayılmasının müəyyənləşdirilməsinə  imkan  verir.

     Demensiya  zamanı  PET müayinəsi.  Damar demensiyasını, digər  növ  demensiyalardan (Alzheymer  və  Pik  xəstəlikləri) ayırd  etməyə  imkan  verir. Məsələn,  Alzheymer  xəstəliyi, beynin  gicgah-təpə  şöbələrində  qlükoza  istehlakının azalması  ilə  xarakterizə olunur.

Şəkil 1. Normada (solda) və  Alzheymer xəstəliyində (sağda)  PET  təsviri.

 

     Hərəki  pozuntuların qiymətləndirilməsi.  Parkinson xəstəliyi,  Hentinqton xəstəliyi, Turett sindromunun diaqnostikası  çətin ola bilər. Bu  xəstəliklərdə,  bir  çox  hallarda  KT  və  MRT görüntülərində  dəyişiklik  aşkar  edilmir. F-DOPA   ilə  aparılan  PET  müayinəsində  dopamin reseptorlarında  preparatın  toplanmasında dəyişikliklər  müəyyən  edilir: Parkinson xəstəliyində quyruqlu  nüvənin  və  qabığın  proyeksiyasında  F-DOPA-nın  fiksasiyasının azalması  görüntülənir.

 

Xəstənin  PET / KT müayinəsinin keçirilməsinə hazırlanması

PET / KT  diaqnostika metodu, hüceyrələrdə gedən  metabolizmin analizinə  əsaslanır ki,  bu prosesə  də  bir  sıra  xarici  amillər təsir göstərir. Həkimin dəqiq  məlumat  əldə  etməsi  üçün müayinəyə  hazırlanmaq  lazımdır:

  • prosedurun keçirilməsindən 2  sutka  əvvəl  alkoqoldan  və  tərkibində  karbohidratlar olan  qidalardan (tərkibində  qlükoza,  fruktoza,  laktoza  və  mürəkkəb  karbohidratlar olan hər  bir  şey:  şirniyyat,  yarmalar,  un  məmulatları,  süd,  şirin  içkilər) imtina olunmalıdır;
  • müayinəyə gəlməzdən  ən  azı  6  saat  əvvəl  qida  qəbulu dayandırılmalıdır. Müayinə  acqarına  və  yaxşı  olardı  ki, səhər  tezdən  aparılmalıdır;
  • müayinədən əvvəl  çoxlu  miqdarda  maye  qəbul  edilməlidir;
  • PET / KT müayinəsindən  2 gün  əvvəl  soyuğa  məruz  qalmaq  olmaz, fiziki yüklənmələr  qadağandır – soyuq  və  intensiv  hərəkət,  orqanizmin  toxumalarında gedən  maddələr  mübadiləsinə  təsir  göstərir;
  • müayinə zamanı  xəstənin əynində  metallik elementləri (sancaq, düymə  və) olmayan  isti  rahat  paltar,  ev  ayaqqabıları  olmalıdır. Paltarlar  xəstə  üçün narahatlıq törətməməlidir.

 

Müayinənin keçirilmə qaydası

PET / KT müayinəsi,  1 saatdan çox  davam etmir,  lakin  xəstə,  tibb  müəssisəsində 2-5  saat sərf  etməlidir: buraya  müayinəyə  hazırlıq  və  prosedurdan sonra  istirahət də  daxildir. Müayinədən  əvvəl  rahat  paltar  geyinmək  və  tərkibində  metal  olan  bütün  əşyaları çıxarmaq  lazımdır.

Hazırlıq  müddətində,  xəstənin  rahatlaşması,  tərpənməz  şəkildə  uzanması  lazımdır; söhbət  etmək, oxumaq,  mobil  telefondan  istifadə  etmək  olmaz.  Hazırlıq  müddətində hərəkətsizliyin  saxlanılması  olduqca  vacibdir, bu,  radiofarmakoloji  preparatın  düzgün paylanmasına  və  son  nəticədə,  patoloji  ocağın  keyfiyyətli  təsvirinin  əks  olunmasına  kömək  edir. Müayinənin  nəticələrinin  keyfiyyətli  alınması  üçün,  prosedurun  keçirildiyi  bütün  vaxt  ərzində  tərpənməz  vəziyyətdə  qalmaq  lazımdır (müayinə  20-dən  40 dəqiqəyə qədər  davam edə bilər).  Xəstənin  səs-küydən  uzaq  bir  palatada yerləşdirilməsi, daha  yaxşı  olardı.

Əgər  uzun  müddət  ərzində  hərəkətsiz  vəziyyətdə  qalmaq,  ağrılı  hissiyyata (sümüklərdə,  oynaqlarda  və  ya  əzələlərdə  ağrı)  səbəb  olursa,  bu  barədə  həkimə əvvəlcədən  xəbər  vermək  lazımdır  ki, o,  xəstə  üçün  optimal  bir  müayinə  rejimi  seçsin.

Müayinə  2  mərhələdə  keçirilir:

  • Preparatın yeridilmə  Xəstəyə  venadaxili  inyeksiya  edilir.  Prosedura  ağrısızdır, bəzən  istilik  hissi  ilə  müşayiət  olunur.  Preparat,  1 saat  ərzində  bütün  hüceyrələrə paylanır.  Preparat  yeridildikdən  sonra  sakitcə  uzanmaq,  hərəkət  etməmək, danışmamaq  və  oxumamaq  çox  vacibdir (18-FDQ, fəal işləyən əzələlərdə toplanır ki, bu da müayinənin nəticələrinə təsir göstərə bilər).  Hüceyrələrin  görüntülənməsini yaxşılaşdırmaq  üçün,  təmiz  su  içmək  məsləhət  görülür.
  • PET / KT skanasiya. Xəstəni  tomoqrafa  yerləşdirirlər. Burada,  əvvəlcə  bütün bədənin  kompüter  tomoqrafiyası,  sonra  isə  pozitron  emission tomoqrafiyası  icra olunur.  Bəzi  hallarda  əlavə  olaraq,  kontrast  maddə  yeridilir  ki,  bu  da  boşluqlu orqanların – bağırsaqların  və  damarların  görüntülənməsini  yaxşılaşdırır. Cihazın proqram  təminatı,  KT  təsvirlərini  PET  təsvirlərin  üzərinə  əlavə  edir  ki,  nəticədə toxumalarda  olan  quruluş,  fizioloji  və  metabolik  dəyişiklikləri  qiymətləndirmək mümkün

 

PET  müayinəsinin  nəticələrinin  qiymətləndirilməsi

Pozitron  emission  tomoqrafiyasının nəticələrini  qiymətləndirməyin  2  üsulu  vardır:

Vizual –  yeridilən  farmakoloji  preparatın  toplanma dərəcəsinə  əsasən,  patoloji metabolizmin  lokalizasiyasını  qiymətləndirməyə  imkan  verən  xüsusi  şkalaların  köməyi  ilə aparılr.

Polinukleotik – baş  beynin  2  nahiyəsi  arasında  preparatın  toplanması  nisbətinə  əsasən aparılır.

Prosedur  tamamlandıqdan sonra,  tibb  işçilərinin  icazəsi  olmadan,  müayinə  keçirilən müəssisənin  ərazisini  tərk  etmək  olmaz,  çünki  bəzən  müayinənin  təkrarlanması  lazım  gələ  bilər.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-kt-muayin%c9%99sinin-t%c9%99tbiqi-komputer-tomoqrafiyasi/

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/09/13/alzheymer-x%c9%99st%c9%99liyi/

 

 

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk 16.07.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq