Nevroloji xəstələrin diaqnostikasında pozitron emission tomoqrafiya (PET) müayinəsinin tətbiqi
Pozitron emission tomoqrafiya (digər adı – 2 fotonlu emission tomoqrafiya) – insanın və ya heyvanların daxili orqanlarının radionuklid tomoqrafiyası müayinə metodudur. Metod, pozitronların elektronlarla annihilyasiyası zamanı yaranan γ-kvant cütlərinin qeydiyyatına əsaslanır. Pozitronlar, müayinədən əvvəl xəstənin orqanizmə yeridilən radiofarmakoloji preparatın tərkibinə daxil olan radionuklidin pozitron β parçalanması zamanı meydana çıxır. Hər hansı bir maddədə (məsələn, orqanizmin toxumasında) dayanıb qalmış pozitronun, mühitin elektronlarından biri ilə annihilyasiyası, bir düz xətt üzrə əks istiqamətlərə yönələn bərabər enerjiyə malik olan 2 γ-şüası yaradır. Tədqiq olunan obyektin ətrafında yerləşdirilən çoxsaylı detektor dəsti və onlardan gələn siqnalların kompüter vasitəsilə emal edilməsi, skan edilən obyektdə radionuklidin paylanmasının 3-ölçülü rekonstruksiyasını yerinə yetirməyə imkan verir.
Demək olar ki, həmişə PET tomoqrafı, KT və ya MRT skaneri ilə birləşdirilir. PET müayinəsi, orqanizmin toxumalarının metabolik və funksional fəallığını öyrənmək üçün unikal bir üsuldur. Metod orqanizmin, ona daxil edilən radiofarmakoloji preparatları yaymaq və toplamaq qabiliyyətinə əsaslanır. Nevrologiya üçün baş beyində gedən maddələr mübadiləsinin tədqiqi, daha böyük əhəmiyyət daşıyır, çünki nukleotidlərin toplanmasında meydana çıxan dəyişikliklər, neyronal fəallığın pozulmalarından xəbər verir.
PET / KT onkoloji xəstəliklərin diaqnostikası üçün effektiv və müasir bir metoddur. Bu metod, pozitron emission tomoqrafiya (PET) və kompüter tomoqrafiyasının (KT) imkanlarını özündə birləşdirir və alınan təsvirlərin əsasında xoş və bəd xassəli şişləri bir-birindən yüksək ehtimallılıq dərəcəsi ilə ayırd etməyə imkan verir.
Müayinə üsulunun qısa tarixi
1950-ci illərin sonlarında Devid E. Kul, Lük Çapman və Roy Edvards emissiya tomoqrafiyası konsepsiyasını hazırlamışlar. Daha sonra onların işləri Pennsilvaniya Universitetində bir neçə tomoqrafiya cihazının tərtibatına və yaradılmasına gətirib çıxardı. Ötən əsrin 70-ci illərindən başlayaraq, tomoqrafik tədqiqatlar digər alimlər tərəfindən təkmilləşdirilmişdir.
Pozitron emission tomoqrafiya – nüvə təbabətinin fəal inkişaf edən diaqnostik və tədqiqat üsuludur. PET müayinəsinin aparılması üçün, müxtəlif radiofarmakoloji preparatlardan istifadə olunur. Diaqnostika, molekulyar səviyyədə hüceyrələrdə maddələr mübadiləsinin sürətinin qiymətləndirilməsinə əsaslanır və ölçüləri 4-5 mm-dən yuxarı olan bədxassəli şişlərin aşkar edilməsinə imkan verir. Daha kiçik ölçülü şişlərin aşkar edilməsinə müasir PET / KT skanerlərinin texniki göstəriciləri imkan vermir. PET / KT ultrasəs, rentgen şüaları, KT, MRT və digər görüntüləmə vasitələrindən istifadə edərək, aşkar edilə bilinməyən şiş ocaqlarının diaqnostikasını həyata keçirə bilər.
Bir çox hallarda PET müayinəsi, 18F-flüordezoksiqlükozanın yeridilməsi ilə aparılır. Bu preparat, xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq, müayinə ərəfəsində hazırlanır. Kliniki onkologiyada geniş istifadə olunan flüordezoksiqlükozanın (radioaktiv indikatoru – flüor-18, 18F, ing. abbr. FDG-PET) tətbiqi ilə PET-skanasiya, bir çox xəstəliklərin diaqnostikasında geniş istifadə edilir.
Radiofarmakoloji preparat olan 18F-flüordezoksiqlükoza – universaldır, o, quruluşca normal qlükozaya yaxın olduğu üçün, bütün hüceyrələr tərəfindən udulur. Şiş hüceyrələri, bu preparatı adi hüceyrələrə nisbətən daha tez udduğundan, skanasiya zamanı onlar daha aydın görünür. Preparat 24 saat müddətində xəstənin bədənindən xaric olunur.
18-FDQ bir sıra üstünlüklərə malikdir:
- uzunmüddətli dayanıqlılıq – onu yerli olaraq lazımi birləşmələrin hazırlanmasının mümkün olmadığı bölgələrdə diaqnostika müəssisələrinə çatdırmaq olar;
- xəstəni tələsmədən, ətraflı şəkildə müayinə etməyə imkan verir;
- universallığı – bədxassəli şişlərin əksər növlərinin (neyroendokrin şişlərdən və bəzi digər xərçəng növlərindən başqa) aşkar olunması üçün yararlıdır, dəqiq nəticələr əldə etməyə imkan
Xəstənin bədəninin skanasiyası zamanı, əldə edilən təsvirlərdə şiş hüceyrələri parlaq ləkələr şəklində görünür, bunun səbəbi, onların sağlam toxumalara nisbətən daha çox 18 FDQ udmasındadır. “Qaynar ocaqların” rəng dolğunluğuna, ölçüsünə, lokalizasiyasına və miqdarına əsasən, həkim yenitörəmənin bədxassəlilik dərəcəsi, ölçüləri və mərhələsi ilə bağlı fikir yürütmək imkanı əldə edir. PET müayinəsinə yazılarkən, biopsiyadan sonra həyata keçirilən şişin histoloji müayinəsinin nəticələrini təqdim etmək məsləhət görülür. 18 FDQ ilə keçirilən PET / KT müayinəsinin diaqnostik imkanları bədxassəli şişlərin nadir rast gəlinən hüceyrə formalarında (məsələn, neyroendokrin şişlər, karsinoid, bronxoalveolyar ağciyər xərçəngi və s.) məhduddur.
18F-flüordezoksiqlükoza ilə PET / KT-nin diaqnostik dəyəri, aşağıda sadalanan zaman intervallarına riayət etdikdə artır:
- şişin biopsiyasından 7-10 gün sonra;
- şüa terapiyasının sona yetməsindən 2-6 ay sonra;
- kimyəvi terapiyanın sona yetməsindən 2-3 həftə sonra;
- şişi aradan qaldırmaq üçün əməliyyatın keçirilməsindən 1-3 ay sonra.
PET müayinə metodunun üstünlükləri və mənfi cəhətləri
PET sistemləri universaldır, onlar pozitron şüalandırıcılarının bütün növlərindən istifadə edir. Onlar, texniki göstəricilərinin hesabına nəticələrin 100% dəqiqliyi ilə fərqlənir. Onlar istifadə üçün asandır, standart protokollara və keyfiyyətinə avtomatlaşdırılmış nəzarətə malikdir.
PET skanerlər, eyni zamanda məlumatları toplamaq və emal etmək, şəkilləri yenidən qurmaq, nəticələri təhlil etmək imkanı verir ki, bu da məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır.
Radioizotopların yarımçevrilmə dövrü kiçik olduğundan, müayinə zamanı xəstənin məruz qaldığı şüalanma çox azdır və orqanizmin normal proseslərinə təsir göstərmir. Bu, lazım gələrsə, müayinənin təkrarən aparılmasına imkan verir.
PET müayinəsi nəticəsində əldə edilən təsvirlər, əksər hallarda, işin nəticələrini diaqnoz üçün daha aydın göstərən rəng şkalasına uyğun olaraq təqdim olunur. Məsələn, sağlam toxuma enerji ehtiyatını artırmaq üçün qlükozadan istifadə edir və radioaktiv qlükozanın bir qismini özündə toplayır. Bədxassəli toxuma, sağlam toxumaya nisbətən daha çox qlükoza istehlak edir və PET təsvirində normal toxumaya nisbətən daha parlaq olur.
Müasir PET skanerlərin quruluşu, təkcə baş beynin deyil, həm də daxili orqanların müayinəsinin aparılmasına imkan verir ki, bu da bədxassəli dəyişikliklərin erkən aşkar edilməsi üçün olduqca vacibdir.
İzotopun paylanmasının doğru görüntüsünü əldə etmək üçün əsas şərtlərdən biri, müayinə zamanı onun yenidən bölüşdürülməməsidir. Bəzi hallarda, xəstənin orqanizmində kimyəvi tarazlıq pozulduqda, PET müayinəsi yanlış nəticələr verə bilər. Məsələn, şəkərli diabet xəstələrində qanda şəkərin və ya insulinin miqdarının yüksəkliyi, buna səbəb ola bilər.
PET-dən istifadə imkanları, tomoqrafların bahalı olması və onların siklotronun yaxınlığında yerləşdirilməsi zərurəti ilə məhdudlaşır. Yarımçevrilmə dövrü cəmi bir neçə saat olan yeni radiofarmakopreparatların yaradılması, bu problemi qismən həll etməyə imkan verir. Bundan əlavə, rubidium-82 radioizotopu (yarımçevrilmə dövrü 76 saniyə) siklotrondan istifadə etmədən də əldə edilə bilər.
PET müayinəsinin dəyəri, onu digər tədqiqat metodları (KT, MRT) ilə birgə tətbiq etdikdə artır.
PET müayinəsinin məqsədləri:
- xəstəliklərin erkən diaqnostikası;
- diferensial diaqnostika;
- xəstəliyin proqnozu;
- aparılan müalicənin effektivliyinin qiymətləndirilmə
Üstünlüklər və təhlükəsizlik
Metodun üstünlüyü, hüceyrə səviyyəsində maddələr mübadiləsinin qiymətləndirilməsidir. Bu zaman, kliniki təzahürlərin hələ mövcud olmadığı bir vaxtda, hər hansı bir orqanın funksional dəyişiklikləri, bəzi xəstəliklərin yaranması barədə fikir yürütməyə əsas verir. Müayinə zamanı, tədqiq olunan orqanizmin öz metabolitləri ilə yanaşı, onun metabolik proseslərinə daxil edilən müxtəlif radiofarmakoloji preparatlardan istifadə olunur. Maksimal dozada yeridilən radiofarmakoloji preparatın tətbiqindən sonra xəstənin məruz qaldığı şüalanma, orqanizmin flüoroqrafiya zamanı məruz qaldığı şüalanma ilə müqayisə edilə bilər, buna görə də PET müayinəsi nisbətən təhlükəsizdir.
Prosedur bir neçə üstünlüklərə malikdir:
- asimptomatik mərhələdə onkoloji şişlərin müəyyən edilməsi imkanı;
- metodun təhlükəsizliyi, ağrılı olmaması;
- cərrahi əməliyyata ehtiyac olmadan ambulator şəraitdə icra edilməsi;
- bədxassəli prosesin orqanizmdə yayılması barədə tam məlumatın əldə edilmə
Buna baxmayaraq, bu metodun öz əks-göstərişləri vardır.
Əks-göstərişlər və məhdudiyyətlər:
- hamiləlik;
- südvermə;
- şəkərli diabet (qanda şəkərin səviyyəsinin 11 mmol / l-dən çox olması);
- xəstənin ağır vəziyyəti, yanaşı patologiyaların dekompensasiyası (xroniki böyrək, qaraciyər çatışmazlıqları);
- müayinə prosedurunu axıradək gözləməyin mümkünsüzlüyü (ağrı sindromu, psixonevroloji pozuntular, klaustrofobiya və);
- kəskin infeksion xəstəliklər və xroniki iltihabi proseslərin kəskinləşmə
Hamilə qadınlara müayinə keçirilmir. Süd verən qadınlar, müayinənin keçirilməsindən sonra 1 sutka müddətinə əmizdirmənı dayandırmalıdırlar. Şəkərli diabeti və böyrək çatışmazlığı olan xəstələrdə, müayinə ehtiyatla aparılır, vərəm xəstəliyi prosedurun keçirilməsinə əks-göstərişdir. Qanda şəkərin səviyyəsi yüksək olarsa (8-11 mmol / l-dan artıq), müayinə həyata keçirilmir – ilk növbədə şəkərin miqdarı tənzimlənməlidir.
Nevrologiyada PET müayinə metodu, epilepsiya, şişlər və ruhi xəstəliklərin diferensiasiyası da daxil olmaqla, nevroloji xəstəliklərin aşkarlanması üçün istifadə olunur. PET, beyin qan dövranı, oksigen və qlükozanın mənimsənilməsi sürəti haqqında məlumat verir, digər fizioloji prosesləri əks etdirir. PET, həmçinin Parkinson xəstəliyinə səbəb olan, qocalıq ağıl zəifliyinə gətirib çıxaran baş beyin xəstəliklərini erkən mərhələlərində aşkar etməyə imkan verir. PET müayinəsinin köməyi ilə, həmçinin epilepsiyaya səbəb olan beyin nahiyələrini müəyyən etmək olar. Bu müayinələr əsasında, epileptogen zonaları aradan qaldırmaq üçün əməliyyatlar planlaşdırılır. KT və MRT-dən fərqli olaraq, PET müayinəsi zamanı, hüceyrə metabolizmi səviyyəsində funksional dəyişikliklər qiymətləndirilir. Bu, çox vacibdir, çünki çox vaxt funksional hüceyrə səviyyəsində yaranan dəyişikliklər, morfoloji dəyişikliklərdən əvvəl meydana çıxır. Buna görə də, nevrologiyada bir çox xəstəliklərin KT və MRT-yə nisbətən, PET müayinəsinin köməyi ilə daha əvvəl diaqnozu qoyulur.
Göstərişlər
- baş beynin şişləri;
- epilepsiya;
- serebrovaskulyar xəstəliklər;
- kəllə-beyin travmaları;
- demensiyaların diferensial diaqnostikası;
- hərəki pozuntuların qiymətləndirilməsi;
- degenerativ və demiyelinləşdirici xəstəliklər və digər nevroloji patologiyalar.
Beyin xərçəngi zamanı PET müayinəsi, aşağıda sadalanan nəticələrin əldə olunmasına imkan verir:
- baş beynin ocaqlı törəməsinin şiş mənşəli olmasının dəqiqləşdirilməsi;
- KT və ya MRT məlumatları aydın olmadıqda, şişlərin dəqiq sərhədlərinin və ölçüsünün təyin edilməsi;
- şişlərin bədxassəlilik dərəcəsinin müəyyənləşdirilməsi;
- stereotaksik biopsiya üçün hədəfin seçilməsi;
- şişin çıxarılmasının radikallıq dərəcəsinin qiymətləndirilməsi;
- şüa və kimyəvi terapiyanın effektivliyinin monitorinqi;
- metastazların və ilkin şiş ocaqlarının aşkar edilməsi;
- şiş prosesinin yayılma dərəcəsinin müəyyənləşdirilməsi;
- xoş və bədxassəli şişlərin diferensiasiyası;
- müalicə taktikasının planlaşdırılması.
Epilepsiya zamanı PET müayinəsi. Hal-hazırda dünyada epilepsiya xəstəliyinə tutulan təxminən 2 milyon insan vardır ki, onlardan 80000 nəfəri parsial epilepsiyadan əziyyət çəkir. Parsial epilepsiyanın tutmaları, dərman müalicəsinə pis tabe olur. Belə xəstələrin müalicəsi üçün seçim üsulu – baş beyində olan epileptogen ocağın fokal rezeksiyasıdır. Lakin bu ocaqları, adi müayinə üsullarının köməyilə dəqiq müəyyən etmək çətindir. Flüordezoksiqlükozanın köməyi ilə aparılan PET müayinəsi, qlükozanın istehlakının artımı və ya azalmasını qiymətləndirməyə və epileptogen ocaqların lokallaşdırılmasına imkan verir. Beləliklə, epilepsiya zamanı PET müayinəsi, aşağıda sadalananları əldə etməyə imkan verir:
- gicgah epilepsiyası zamanı epileptik ocağın lateralizasiyası;
- xəstəliyin gicgah epilepsiyası olmayan formalarında epileptik ocağın lokallaşdırılması;
- cərrahi əməliyyatdan sonrakı nevroloji çatışmazlığın profilaktikası məqsədilə, əməliyyatdan əvvəl funksional əhəmiyyətli sahələrin xəritələşdirilmə
Beyin qan dövranı pozulmaları zamanı PET müayinəsi – aşağıda sadalanan nəticələrin əldə olunmasına imkan verir:
- işemik insult ilə şişin diferensial diaqnostikası, hemorragik insult ilə şişə qansızmanın diferensial diaqnostikası;
- işemik insultda beyin toxumasının zədələnməsinin miqyasının təyin edilməsi;
- karotid stenozun hemodinamik və metabolik əhəmiyyətinin dərəcəsinin müəyyənləşdirilmə
Kəllə-beyin travmaları zamanı PET müayinəsi. Kəskin və uzaq dövrlərdə, xüsusilə də KT və ya MRT-də aşkar edilmiş struktur dəyişikliklərinin nevroloji simptomları tam olaraq izah edə bilmədiyi hallarda, beyin toxumasının zədələnmə dərəcəsinin və yayılmasının müəyyənləşdirilməsinə imkan verir.
Demensiya zamanı PET müayinəsi. Damar demensiyasını, digər növ demensiyalardan (Alzheymer və Pik xəstəlikləri) ayırd etməyə imkan verir. Məsələn, Alzheymer xəstəliyi, beynin gicgah-təpə şöbələrində qlükoza istehlakının azalması ilə xarakterizə olunur.
Şəkil 1. Normada (solda) və Alzheymer xəstəliyində (sağda) PET təsviri.
Hərəki pozuntuların qiymətləndirilməsi. Parkinson xəstəliyi, Hentinqton xəstəliyi, Turett sindromunun diaqnostikası çətin ola bilər. Bu xəstəliklərdə, bir çox hallarda KT və MRT görüntülərində dəyişiklik aşkar edilmir. F-DOPA ilə aparılan PET müayinəsində dopamin reseptorlarında preparatın toplanmasında dəyişikliklər müəyyən edilir: Parkinson xəstəliyində quyruqlu nüvənin və qabığın proyeksiyasında F-DOPA-nın fiksasiyasının azalması görüntülənir.
Xəstənin PET / KT müayinəsinin keçirilməsinə hazırlanması
PET / KT diaqnostika metodu, hüceyrələrdə gedən metabolizmin analizinə əsaslanır ki, bu prosesə də bir sıra xarici amillər təsir göstərir. Həkimin dəqiq məlumat əldə etməsi üçün müayinəyə hazırlanmaq lazımdır:
- prosedurun keçirilməsindən 2 sutka əvvəl alkoqoldan və tərkibində karbohidratlar olan qidalardan (tərkibində qlükoza, fruktoza, laktoza və mürəkkəb karbohidratlar olan hər bir şey: şirniyyat, yarmalar, un məmulatları, süd, şirin içkilər) imtina olunmalıdır;
- müayinəyə gəlməzdən ən azı 6 saat əvvəl qida qəbulu dayandırılmalıdır. Müayinə acqarına və yaxşı olardı ki, səhər tezdən aparılmalıdır;
- müayinədən əvvəl çoxlu miqdarda maye qəbul edilməlidir;
- PET / KT müayinəsindən 2 gün əvvəl soyuğa məruz qalmaq olmaz, fiziki yüklənmələr qadağandır – soyuq və intensiv hərəkət, orqanizmin toxumalarında gedən maddələr mübadiləsinə təsir göstərir;
- müayinə zamanı xəstənin əynində metallik elementləri (sancaq, düymə və) olmayan isti rahat paltar, ev ayaqqabıları olmalıdır. Paltarlar xəstə üçün narahatlıq törətməməlidir.
Müayinənin keçirilmə qaydası
PET / KT müayinəsi, 1 saatdan çox davam etmir, lakin xəstə, tibb müəssisəsində 2-5 saat sərf etməlidir: buraya müayinəyə hazırlıq və prosedurdan sonra istirahət də daxildir. Müayinədən əvvəl rahat paltar geyinmək və tərkibində metal olan bütün əşyaları çıxarmaq lazımdır.
Hazırlıq müddətində, xəstənin rahatlaşması, tərpənməz şəkildə uzanması lazımdır; söhbət etmək, oxumaq, mobil telefondan istifadə etmək olmaz. Hazırlıq müddətində hərəkətsizliyin saxlanılması olduqca vacibdir, bu, radiofarmakoloji preparatın düzgün paylanmasına və son nəticədə, patoloji ocağın keyfiyyətli təsvirinin əks olunmasına kömək edir. Müayinənin nəticələrinin keyfiyyətli alınması üçün, prosedurun keçirildiyi bütün vaxt ərzində tərpənməz vəziyyətdə qalmaq lazımdır (müayinə 20-dən 40 dəqiqəyə qədər davam edə bilər). Xəstənin səs-küydən uzaq bir palatada yerləşdirilməsi, daha yaxşı olardı.
Əgər uzun müddət ərzində hərəkətsiz vəziyyətdə qalmaq, ağrılı hissiyyata (sümüklərdə, oynaqlarda və ya əzələlərdə ağrı) səbəb olursa, bu barədə həkimə əvvəlcədən xəbər vermək lazımdır ki, o, xəstə üçün optimal bir müayinə rejimi seçsin.
Müayinə 2 mərhələdə keçirilir:
- Preparatın yeridilmə Xəstəyə venadaxili inyeksiya edilir. Prosedura ağrısızdır, bəzən istilik hissi ilə müşayiət olunur. Preparat, 1 saat ərzində bütün hüceyrələrə paylanır. Preparat yeridildikdən sonra sakitcə uzanmaq, hərəkət etməmək, danışmamaq və oxumamaq çox vacibdir (18-FDQ, fəal işləyən əzələlərdə toplanır ki, bu da müayinənin nəticələrinə təsir göstərə bilər). Hüceyrələrin görüntülənməsini yaxşılaşdırmaq üçün, təmiz su içmək məsləhət görülür.
- PET / KT skanasiya. Xəstəni tomoqrafa yerləşdirirlər. Burada, əvvəlcə bütün bədənin kompüter tomoqrafiyası, sonra isə pozitron emission tomoqrafiyası icra olunur. Bəzi hallarda əlavə olaraq, kontrast maddə yeridilir ki, bu da boşluqlu orqanların – bağırsaqların və damarların görüntülənməsini yaxşılaşdırır. Cihazın proqram təminatı, KT təsvirlərini PET təsvirlərin üzərinə əlavə edir ki, nəticədə toxumalarda olan quruluş, fizioloji və metabolik dəyişiklikləri qiymətləndirmək mümkün
PET müayinəsinin nəticələrinin qiymətləndirilməsi
Pozitron emission tomoqrafiyasının nəticələrini qiymətləndirməyin 2 üsulu vardır:
Vizual – yeridilən farmakoloji preparatın toplanma dərəcəsinə əsasən, patoloji metabolizmin lokalizasiyasını qiymətləndirməyə imkan verən xüsusi şkalaların köməyi ilə aparılr.
Polinukleotik – baş beynin 2 nahiyəsi arasında preparatın toplanması nisbətinə əsasən aparılır.
Prosedur tamamlandıqdan sonra, tibb işçilərinin icazəsi olmadan, müayinə keçirilən müəssisənin ərazisini tərk etmək olmaz, çünki bəzən müayinənin təkrarlanması lazım gələ bilər.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/
https://nevropatologiya.az/2021/09/13/alzheymer-x%c9%99st%c9%99liyi/
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk 16.07.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq