Spinal insult – onurğa beyni qan dövranının pozulmaları

 

Onurğa beyni qan dövranının pozulması (XTB-10 üzrə kodu G95.1) – o qədər də geniş yayılmadığna baxmayaraq, insan üçün olduqca təhlükəli və ağır bir xəstəlikdir. Onurğa beyni qan dövranının pozulmaları – onurğa beynini təchiz edən qan damarlarının patologiyaları və ya ekstravazal kompressiyası nəticəsində yaranan kəskin və xroniki qan dövranı xəstəlikləridir. Serebrospinal qan dövranının pozulmasının kliniki təzahürləri olaraq: para və tetraplegiya, parez, hissiyyatın müxtəlif növ pozulmaları, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması çıxış edə bilər. Onurğa beyninin damar pozuntularının diaqnostikasında onurğanın KT və MRT, angioqrafiya, serebrospinal mayenin analizi, elektroneyromioqrafiya (ENMQ) və digər metodlardan istifadə olunur.
Onurğa beyni qan dövranı pozulmaları, baş beyni qan dövranının pozulmalarına nisbətən əhəmiyyətli dərəcədə az rast gəlinən bir patologiyadır. Əgər onurğa beyni ilə baş beynin kütlə nisbətini (təxminən 1: 47-ə bərabər olur) nəzərə alsaq, bunun səbəbi aydın olur. Mərkəzi sinir sisteminin hemodinamikasının bütün kəskin pozulmaları arasında, spinal insultlar cəmi 1-1,5% hallarda baş verir. Çox vaxt bu xəstəlik, 30-70 yaş arasında olan şəxslərdə rast gəlinir. Kişilər və qadınlar eyni dərəcədə bu xəstəliyə məruz qalırlar. Spinal insultların böyük əksəriyyəti işemik təbiətli olur. Zədələnmələrin böyük bir hissəsi bel və aşağı-döş onurğa seqmentlərinin payına düşür.
Spinal insult, işemik və hemorragik olmaqla, 2 növə ayırd edilir.
Onurğa beyni qan dövranını normallaşdırmaq üçün dərman müalicəsi, bəzən isə – onurğa beyninin cərrahi revaskulyarizasiyası aparılır. Konservativ terapiya insultun növünə uyğun olaraq fərqli şəkildə aparılır. Trombun, anevrizmanın çıxarılması və damar bütövlüyünün bərpası məqsədilə cərrahi müdaxilə tələb olunur. Pozulmuş funksiyaları bərpa etmək üçün reabilitasiya tədbirləri aparılır.
Spinal insult, olduqca ağır və ən erkən bir müddət ərzində xəstəxanaya yerləşdirilməsini, kifayət qədər uzun bir müalicə tələb edən ciddi bir xəstəlikdir. Son nəticədə spinal insult əmək qabiliyyətinin uzun müddətə itirilməsinə və əlilliyə gətirib çıxara bilər.

Onurğa beyninin qanla təchizatı haqqında ümumi məlumat
Onurğa beyninin qan təchizatı 2 hövzədən həyata keçirilir: onurğa-körpücükaltı və aorta hövzələrindən. Onurğa-körpücükaltı hövzə, onurğa beyninin yuxarı şöbələrini: boyun və Th3-ə (üçüncü torakal seqment) qədər döş seqmentlərini qanla təchiz edir. Aortal hövzəsi isə, Th4 və ondan aşağıdakı döş seqmentlərini, bel və oma-büzdüm seqmentlərini qanla təchiz edir. Onurğa arteriyasından, körpücükaltı arteriyadan və aortadan kökcük-spinal arteriyaları ayrılır ki, onlar da bütün onurğa beyni boyu davam edən ön onurğa arteriyasını və 2 arxa onurğa arteriyalarını formalaşdırır.
Onurğa beyninin qan təchizatı çoxvariantlıdır, kökcük-spinal arteriyalarının sayı 5-16 arasında dəyişir. Ən iri ön kökcük-onurğa arteriyası (diametri 2 mm-ə qədər) bel qalınlaşması arteriyası və ya Adamkeviç arteriyası adlanır. Onun sıradan çıxması, ağır simptomlarla xarakterizə olunan bir klinik mənzərənin inkişafına səbəb olur. 1/3 halda Adamkeviç arteriyası, 8-10-cu döş seqmentindən başlayaraq, bütünlüklə onurğa beyninin aşağı hissəsini qidalandırır. Bəzi hallarda, bel qalınlaşması arteriyasından başqa, digər arteriyalar da mövcud olur: aşağı torakal kökcüklərdən biri ilə daxil olan kiçik bir arteriya və V bel və ya I oma kökcüyü ilə daxil olan, onurğa beyninin konusunu və epikonusunu qanla təchiz edən – Deproj-Qotteron arteriyası.
Ön onurğa arteriyası sistemi, onurğa beyni diametrinin 4/5 hissəsini: ön və yan buynuzları, arxa buynuzların əsaslarını, Klark sütünlarını, ön və yan sütunları, arxa sütunların ventral bölmələrini qanla təmin edir. Arxa onurğa arteriyaları – arxa sütunları və arxa buynuzların yuxarı hissəsini qanla təmin edir. Sistemlər arasında anastomozlar mövcuddur.

 

Onurğa beyninin angioarxitekturasını (quruluşunu) bilmək, onda yaranmış qan dövranı pozuntularının mexanizmlərini və klinik diaqnozu anlamaq üçün olduqca vacibdir.

Etiologiya
Onurğa beyninin qan təchizatının pozulmasına gətirib çıxaran bir çox səbəblər vardır. Xəstələrin əksəriyyətində onurğa beyninin işemik zədələnmələri (miyeloişemiya) və yalnız nadir hallarda qansızmalar (hematomiyeliyalar) inkişaf edir.
Spinal qan dövranının pozulmalarının bütün səbəblərini aşağıdakılara ayırd etmək olar:
Birincili damar zədələnmələri – miyeloişemiyanın təxminən 20% hallarının səbəbi olur. Bu zaman xəstəliyin əsasında damarın özünün patologiyası dayanır:
• ümumi somatik xəstəliklər – ateroskleroz, arterial hipertoniya, kəskin ürək çatışmazlığı, miokard infarktı və s.;
• damar patologiyaları və damar anomaliyaları – anevrizmalar, stenozlar, tromboz, emboliya, damarların əyriliyi və ilgəkvari olması, varikoz;
• vaskulit – infeksion-allergik, sifilis mənşəli, HİV infeksiyası və s. nəticəsində.

İkincili damar zədələnmələri – miyeloişemiyanın təxminən 75% hallarının səbəbi olur. Bu zaman xəstəliyin əsasında onurğa beynindən kənar proseslər dayanır:
• fəqərə sütununun xəstəlikləri – osteoxondroz, spondilolistez, vərəm spondiliti, anadangəlmə sinostoz;
• onurğa beyni qişalarının xəstəlikləri – araxnoidit, leptopaximeningit;
• onurğa beyninin və fəqərə sütununun şişləri.

Digər səbəblər:
• travmalar (o cümlədən, cərrahi müdaxilələr nəticəsində baş verənlər də daxil olmaqla – məsələn, kökcük-onurğa arteriyasının kəsilməsi ilə radikulotomiya, aortanın plastikası) – miyeloişemiyanın təxminən 5% hallarının səbəbi olur;
• qan xəstəlikləri: hemofiliya, leykemiya, koaqulopatiya, trombositemiya və s. qanın hemostatik mexanizmlərinin və reoloji xüsusiyyətlərinin pozulması ilə müşayiət olunur. Hemorragik spinal insult, kiçik bir damar zədələnməsi səbəbindən baş verən qanaxma, işemik spinal insult – güclənmiş trombəmələgəlmə nəticəsində yaranır;
• endokrin xəstəliklər.

Patogenez
Damarda qanın keçməsinin yerli pozulmaları (damarların obstruksiyası, kompressiyası, spazmı, partlaması səbəbindən), hipoksiyaya, qan təchizatı sahəsində neyronlarda maddələr mübadiləsinin pozulmasına, qansızma zonasının yaranmasına səbəb olur. Kəskin inkişaf zamanı, bu pozuntular kollateral qan dövranı, metabolik yenidənqurulma ilə kompensasiya olunmağa imkan tapmır. Bunun nəticəsində, onurğa beyninin müəyyən bir nahiyəsində neyronların disfunksiyası meydana gəlir. Sonradan geridönməz bir nevroloji çatışmazlığın meydana gəlməsi ilə nekroz zonasına (neyronların məhvi) çevrilən işemiya / hemorragiya zonası əmələ gəlir.

Onurğa beyni qan dövranı pozulmalarının təsnifatı

Onurğa beyni qan dövranının pozulmaları, gedişinə və xarakterinə görə aşağıdakı növlərə ayırd olunur:
1. Onurğa beyni qan dövranı çatışmazlığının başlanğıc təzahürləri.
2. Onurğa beyni qan dövranının kəskin pozlmaları:
• tranzitor (keçici) – onurğa beyni qan dövranının qəfil pozulması, meydana çıxdığı andan sonra ilk sutka ərzində bütün simptomlar yox olur: “düşən damla” sindromu, Unterharnşeydt sindromu, miyelogen fasiləli axsama, kaudogen fasiləli axsama;
• onurğa beyninin işemik insultu (trombotik, qeyri-trombotik, embolik, kompression);
• onurğa beyninin hemorragik insultu (hematomiyeliya, hematoraxis, spinal subaraxnoidal qansızma, epidural və subdural hematoma).
3. Xroniki – uzun müddət davam edən və tədricən inkişaf edən: xroniki miyeloişemiya.
4. Onurğa beyni qan dövranının pozulmalarının xarakteri aydınlaşdırılmamışdır.

Simptomlar
Onurğa beyni qan dövranının keçici (tranzitor) pozulmaları – onurğa beyni funksiyalarının 24 saat ərzində bərpa olunan, onurğa beyni qan dövranının kəskin pozulmasının hissiyyat pozulmaları (və ya onlar olmadan) ilə birgə paraparez və ya iflic, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması (və ya onlar olmadan) şəklində təzahür edən simptomlardır. Spinal qan dövranının müvəqqəti pozulmalarının aşağıdakı növ kliniki təzahürləri mövcud olur:
“Düşən damla” sindromu – başı geri dartan və ya kəskin şəkildə döndərən zaman meydana gələn onurğa beyni qan dövranının müvəqqəti pozulmasıdır. Bu halda xəstə, qəflətən ətraflarında yaranan kəskin bir zəiflik səbəbindən yıxılr, lakin bu zaman huşitirmə baş vermir. Çox vaxt boyun və ənsə nahiyələrində ağrı olur. Bir neçə dəqiqədən sonra tutma sona çatır və ətrafların əzələlərində güc bərpa olunur. Lakin xəstə başını növbəti dəfə kəskin döndərdikdə, tutma təkrarlana bilər. Bu cür vəziyyətlər onurğa beyninin boyun seqmentlərinin işemiyası səbəbindən meydana gəlir və boyun nahiyəsindəki onurğa arteriyalarının yüksək ifadə olunmuş aterosklerotik zədələnmələri, onurğa sütununun boyun şöbəsində ağır degenerativ-distrofik dəyişikliklər zamanı müşahidə olunur.
Unterharnşeydt sindromu – “düşən damla” sindromuna bənzər bir klinik mənzərəyə malikdir, lakin huşitirmə ilə xarakterizə olunur. Ətraflarda qəfil zəiflik tutması, başı kəskin döndərərkən baş verir və 2-3 dəqiqə ərzində huşun itirilməsi ilə müşayiət olunur. Tutmadan sonra xəstənin huşu, əzələ gücündən bir qədər əvvəl bərpa olunur və o, oyandıqdan sonra qolunu və ya ayağını tərpədə bilmir. 3-5 dəqiqədən sonra hərəkətlər bərpa olunur, bədən boyu zəiflik hissi qalır. Unterharnşeydt sindromu, onurğa beyni qan dövranının işemik pozuntularının təkcə onurğa beyninin boyun seqmentlərinə deyil, həm də yuxarıdan onlara bitişik olan beyin kötüyünə təsir edərkən meydana gəlir.
Miyelogen fasiləli axsama – aşağı ətraflarda tutmaşəkilli zəiflik olub, onların keyləşməsi, bəzi hallarda isə, qəfil və güclü bir şəkildə sidik və ya nəcis ifrazı etməyə qəfləti və güclü bir çağırışla müşayiət olunur. Tutmalar fiziki yüklənmələr zamanı və ya uzun məsafələri qət edərkən baş verir. 10 dəqiqəlik istirahətdən sonra bütün simptomlar aradan qalxır və xəstə öz yoluna davam edir. Bu cür xəstələr yeriyərkən ayaqlarının tez-tez çevrilməsini qeyd edirlər. Spinal qan dövranının pozulmasının bu variantı, tez-tez onu müşayiət edən bel ağrıları (lümbalgiya) və ya oturaq siniri boyunca ağrılar (lümboişalgiya) fonunda inkişaf edir. Bu halda, o, onurğa sütununun bel şöbəsində osteoxondroz və fəqərəarası disk yırtığının kökcük-onurğa arteriyalarından birini sıxması səbəbindən yaranır. Daha nadir hallarda, fasiləli axsama qarın aortasının şaxələrinin aterosklerotik zədələnmələri və ya spinal vaskulit səbəbindən meydana gəlir.
Kaudogen fasiləli axsama – yeriyərkən keyimə, “iynə batması” və “qarışqa gəzməsi” hissiyyatı şəklində paresteziya tutmaları ilə təzahür edir. Paresteziyalar ayaqların distal hissələrindən başlayır, daha yüksək səviyyəyə qalxır, qasıq nahiyəsini və cinsiyyət orqanlarını əhatə edir. Xəstə yeriməyə davam etməyə cəhd göstərdikdə, o zaman ayaqlarında kəskin bir zəifliyin olmasını qeyd edir. Qısamüddətli bir istirahətdən sonra bütün bu simptomlar yox olur. Bu tip onurğa beyni qan dövranı pozulması, bel səviyyəsində onurğa kanalının daralması üçün xarakterikdir. Bəzi hallarda, ayaqların zəifliyi və ağır paresteziya ilə xarakterizə olunan birləşmiş miyelogen və kaudogen fasiləli axsama rast gəlinir.
Onurğa beyni qan dövranının xroniki çatışmazlığı – müvəqqəti (tranzitor) pozuntularla başlaya, sonradan sabit bir üzvi mərhələyə keçə və işemik insultla başa çata bilər. Bu, pozulmuş onurğa beyni qan dövranının subkompensasiya olunmuş və ya dekompensasiya olunmuş mərhələləri ilə əlaqələndirilir. Subkompensasiya mərhələsində hərəki pozuntular (spastik, atrofik və qarışıq parezlər) qeyd olunur ki, bəzən bu simptomlara hissiyyatın və sfinkterlərin funksiyalarının davamlı olmayan pozulmaları da qoşulur. Bu zaman xəstələr, öz hərəki qabiliyyətlərini saxlamış olurlar. Dekompensasiya olunmuş mərhələdə hərəki pozuntular, spastik, atrofik və ya qarışıq para- və tetraparezlərin olması şəklində daha aydın təzahür edir. Bu hal, daha sabit hissiyyat və sfinkter pozuntuları ilə müşayiət oluna bilər. Belə xəstələrin tez-tez köməyə ehtiyacı olur. Aşağıda əsas sindromlar qeyd edilir:
• amiotrofik – ətrafların proksimal hissələrində yüksək dərəcəli əzələ atrofiyaları, hissiyyat pozuntuları;
• spastik-atrofik – ətrafların birində meydana çıxan zəiflik və atrofiya, sonradan əks tərəfə keçir. Əllərdə atrofiyanın, ayaqlarda isə spastikliyin tədricən artması, bəzən isə bulbar sindrom qeyd edilir. Hissiyyat pozutuları zəif təzahür edir;
• spastik – əllərdə və ayaqlarda uyuşma və yöndəmsizlik, oynaqlarda ağrılarla başlayır. Sonradan spastik tetraparez inkişaf edir. Hissiyyat pozlmaları kaudal istiqamətdə inkişaf edir, sonrakı mərhələlərdə – kiçik çanaq üzvlərinin funksiyalarının pozuntuları meydana gəlir.
Miyelopatiyanın bütün formaları üçün hərəki pozuntularının hissi pozuntulara nisbətən üstünlük təşkil etməsi xarakterikdir.
Xəstəliyin gedişi uzun müddət sabit qala bilər, letal sonluq isə, tənəffüs və ürək-damar sistemlərində yaranmış fəsadlar və ya digər sağalmaz xəstəliklər nəticəsində baş verir.
İşemik onurğa beyni insultu – Kişilərdə və qadınlarda eyni dərəcədə rast gəlinir. Çox vaxt bu xəstəlikdən 50 yaşdan yuxarı insanlar əziyyət çəkir, çünki onun əsas yaranma səbəbi onurğanın patologiyalarıdır.
Onurğa beyninin işemik insultunun bir neçə mərhələsi var:
1. Uzaq və yaxın öncədən xəbərvermə mərhələsi – infarktın inkişaf etməsindən bir neçə gün və ya həftə əvvəl, xəstəni ayaqlarında və ya əllərində qısamüddətli və keçici zəiflik şəklində hərəki pozuntular narahat etməyə başlayır (bu, onurğa-körpücükaltı və ya aorta hövzəsində məhz hansı damarın zədələnməsindən asılı olur). Zədələnmiş ətraflarda hissiyyat pozuntuları da: keyimə, “qarışqa gəzməsi” hissiyyatı, üşümə, yanma hissi, sadəcə olaraq əzələlərdə xoşagəlməz hissiyyat aşkar edilir. Bəzən sidik ifrazına imperativ çağırışlar, sidik ifrazının ləngiməsi və ya əksinə, tezləşməsi də ola bilər. Xəstəni, hissi kökcüklərin və onurğa beyni qişalarının qidalanmasının pozulması ilə əlaqədar, fəqərə sütunu nahiyəsində yaranan və sonradan yuxarı və ya aşağı ətraflara keçən ağrılar narahat edə bilər. İnsultun inkişafı ilə ağrı yox olur, bu da zədələnmiş ərazidə ağrı impulslarının ötürülməsində fasilənin yaranması ilə əlaqədar baş verir. Çox vaxt meyletdirici amillər: alkoqol istifadəsi, həddən artıq fiziki yüklənmələr, istiyə məruzqalma, onurğa sütununda kəskin hərəkətlər aşkar edilir.
2. İnfarktın inkişafı mərhələsi – bir neçə dəqiqə və ya bir neçə saat ərzində ətraflarda şiddətli əzələ zəifliyi (parez) inkişaf edir, bu ətraflarda hissiyyat itir, kiçik çanaq üzvlərinin fuksiyalarının kəskin dərəcəli pozulması meydana gəlir. Ağrı sindromu yox olur (səbəbləri yuxarıda təsvir edilmişdir). İnsult zamanı reflektor olaraq, baş beyində zədələnmə əlamətlərinin: baş ağrısı, başgicəllənmə, huşitirmə, ürəkbulanma və ümumi zəiflik müşahidə edilə bilər. Onurğa beyninin bu və ya digər nahiyəsinin zədələnməsinin kliniki şəkli, zədələnmiş damarın lokalizasiyasından asılı olur.
3. Sabitləşmə və geriyə inkişaf mərhələsi – simptomların inkişafı dayanır və adekvat müalicə fonunda geriyə inkişaf edir.
4. Rezidual hallar mərhələsi – insultun qalıq halları.

Onurğa beyninin hansı nahiyəsinin zədələnməsinə əsasən, aşağıdakı klinik sindromlar ayırd edilir:
• ən yuxarı hissələrdə ön onurğa arteriyasının zədələnməsi zamanı – spastik tipli tetraparez, bütün ətraflarda ağrı və temperatur hissiyyatının pozulması, V və XII cüt kəllə-beyin sinirlərinin zədələnmə əlamətləri;
• yuxarı boyun seqmentləri nahiyəsində ön onurğa arteriyasının zədələnməsi zamanı – yuxarıda təsvir olunduğu kimi, lakin kəllə-beyin sinirlərinin zədələnməsi olmadan;
• piramidaların kəsişməsi nahiyəsində ön onurğa arteriyasının zədələnməsi zamanı – krusiat hemiplegiya: patoloji ocaq tərəfində əlin, əks tərəfdə isə – ayağın parezi;
• subbulbar Opalski sindromu – patoloji ocaq tərəfində ətrafların parezi; sifətdə hissiyyatın pozulması; ataksiya və bəzən Klod-Bernard-Horner sindromu (ptoz, mioz, enoftalm). Əks tərəfdə – ətraflarda və gövdədə səthi hissiyyatın pozulması;
• Yan amiotrofik skleroz (YAS) tipli sindrom – yuxarı ətrafların periferik və ya qarışıq parezi, aşağı ətrafların spastik parezi, çiyin qurşağı əzələlərinin qeyri-iradi səyrimələri mümkündür;
• Personeyc-Terner sindromu – yuxarı ətraflarda şiddətli ağrılar, bu ağrılardan sonra iflic baş verir. İflicin inkişafından sonra, ağrılar yox olur;
• ön işemik poliomielopatiya sindromu – bir və ya hər iki əlin periferik parezi;
• işemik psevdosirinqomieliya sindromu – səthi hissiyyatın seqmentar pozulmaları və əzələlərin yüngül dərəcəli parezi;
• ön və yan ciyələrin kənar zonasının işemik sindromu – ətrafların spastik parezi, beyincik ataksiyası, hissiyyatın bir qədər zəifləməsi;
• yuxarı əlavə kökcük-onurğa arteriyasının (orta döş seqmentləri) zədələnməsi sindromu – ayaqların spastik parezi, məmələr səviyyəsindən aşağı ağrı və temperatur hissiyyatının pozulması, sidik ifrazının ləngimə tipində pozulması;
• Broun-Sekar sindromu – zədələnmə nahiyəsindən aşağıda, patoloji ocaq tərəfində hərəki pozuntular və dərin hissiyyatın pozulması, əks tərəfdə isə – ağrı və temperatur hissiyyatının pozulması;
• Adamkeviç arteriyası patologiyası – hər iki ayağın parezi, aşağı-döş seqmentlərdən başlayaraq, bütün növ hissiyyatın pozulması, kiçik çanaq üzvlərinin disfunksiyası. Yataq yaraları sürətlə inkişaf edir;
• İflic edən işias sindromu – aşağı əlavə kökcük-onurğa arteriyasının (Deproj-Qotteron arteriyası) zədələnməsi zamanı. Adətən, uzun sürən bir bel-oma radikulitinin fonunda inkişaf edir. Pəncənin sallanması ilə baldır əzələlərinin iflici şəklində təzahür edir. Parezin inkişafı ilə ağrı yox olur. Həmçinin, bel və ya oma seqmentləri səviyyəsindən başlayaraq, hissiyyatın pozulması da müşahidə edilir. Müayinə zamanı Axill refleksləri aşkar edilmir;
• konusun zədələnməsi sindromu (aşağı oma seqmentləri) – iflic olmur. Kiçik çanaq üzvlərinin funksiyalarının pozulmaları – sidik və nəcisi saxlaya bilməmək olur; xəstələr təbii ehtiyaclarını ödəmək çağırışını hiss etmirlər, sidik və nəcis keçməsini duymurlar;
• arxa onurğa arteriyasının patologiyası (Uilyamson sindromu) – ətraflarda sensitiv ataksiya ilə birgə dərin hissiyyatın pozulması və həmin ətraflarda mülayim dərəcəli parez inkişaf edir.
Onurğa beyninin damar sisteminin quruluşunda çoxsaylı variantların olması, zədələnmə ocağının diaqnostikasında çətinliklər yaradır, lakin savadlı bir mütəxəssis hər zaman düzgün diaqnoz qoya bilər.
Hemorragik onurğa beyni insultu – Hemorragik insultları, lokalizasiyasına görə 3 qrupa bölmək olar:
• hematomiyeliya;
• spinal subaraxnoidal qansızma;
• epidural hematoma.

Hematomiyeliya – onurğa beyninə, daha çox onun boz maddəsinə qansızmadır. Hematomiyeliya, çox vaxt qansızma nahiyəsində hissiyyatın seqmentar tipli pozuntuları və süst iflic; zədələnmə səviyyəsindən aşağı isə, hissiyyatın naqil tipli pozulmaları, mərkəzi parezlər və kiçik çanaq üzvlərinin disfunksiyası ilə müşayiət olunur.
Hematomiyeliya zamanı, gövdədə kəmərvari xarakterli kəskin ağrılarla birgə, bir və ya bir neçə ətrafda iflicin inkişafı meydana gəlir. İfliclər çox vaxt periferik (süst) xarakter daşıyır. Bu ətraflarda həmçinin, ağrı və temperatur hissiyyatının pozulması müşahidə edilir. Kütləvi qansızmalar zamanı, hissiyyatın pozulması və kiçik çanaq üzvlərinin disfunksiyası ilə birgə tetraparez inkişaf edə bilər. Klinik simptomların kombinasiyası, işemik insultda olduğu kimi, olduqca müxtəlif ola bilər. Hematomanın ölçüləri böyük rol oynayır: kiçik ölçülü hematomalar müalicə nəticəsində özündən sonra heç bir iz qoymadan aradan qalxa bilər; böyük ölçülü olanlar isə həmişə qalıq əlamətləri saxlayır.
Spinal subaraxnoidal qansızma (hematoraxis) – hemorragik onurğa beyni insultunun nisbətən nadir rast gəlinən bir növüdür və müxtəlif şəkildə təzahür edə bilir. Aparıcı simptom, təhrikedici bir amildən sonra qəfildən başlayan ağrıdır. Ağrı hissi, prosesin lokalizasiyasından asılı olaraq, kəmərvari xarakter daşıya, onurğa boyunca və ya ayaqlara yayılan kəskin ağrılar şəklində təzahür edə bilər. Daha sonra, bir neçə saat keçmiş, ümumi beyin əlamətləri: baş ağrısı, ürəkbulanma, qusma, bradikardiya, mülayim stupor, keylik də prosesə qoşula bilər. Bu zaman Kerniq meningeal simptomu, çox vaxt Laseq dartılma simptomu ilə müşayiət olunur, ənsə əzələlərinin sərtliyi isə ümumiyyətlə müşahidə edilmir.
Ocaqlı simptomlar onurğa beyni qişalarına qansızma zamanı, onun inkişafından əvvəl və ya müəyyən müddət sonra meydana çıxa bilər və patoloji ocağın lokalizasiya səviyyəsindən asılı olur:
– prosesin boyun və döş şöbələrində yerləşməsi zamanı, mərkəzi tetra və ya paraparez şəklində hərəki pozulmalar, naqil tipli hissiyyat pozulmaları və bəzən kiçik çanaq üzvlərinin mərkəzi tipli disfunksiyaları üstünlük təşkil edir;
– proses onurğa kanalının aşağı hissəsində yerləşdikdə, at quyruğunun zədələnməsinin klinik mənzərəsi qeyd olunur.
Spinal subaraxnoidal qansızma residivlərə meylli olur. Əksər xəstələrdə, o, etioloji amil aradan qaldırılana qədər 2 dəfədən 6 dəfəyə qədər təkrarlanır. Lümbal punksiyada serebrospinal mayedə qanın aşkar edilməsi, xəstəliyin diaqnostikasında mühüm rol oynayır.
Bu zaman onurğa beyninin subaraxnoidal boşluğuna qansızma baş verir. Daha çox halda, hematoraxisin səbəbi anormal bir damarın (anevrizma, malformasiya) partlaması, onurğa beyninin və ya fəqərə sütununun travmaları olur. Ağrı – periodik, pulsasiya edən, “xəncərvari” ola bilər, bir neçə gün və ya həftə davam edir.

Epidural hematoma – klinik şəkli 3 simptom qrupundan ibarətdir:
• fəqərə sütunu nahiyəsində kəskin lokal ağrılar. Bu ağrı, monotip, təkrarlanmağa meylli olur. Remissiya bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilir;
• kökcük ağrısı;
• onurğa beyninin sıxılması simptomları. Bu əlamətlər tədricən inkişaf edir.

Spinal qan dövranının pozulmalarının nevroloji ağırlaşmalarına – onurğa beyninin ödemi, somatik ağırlaşmalarına isə – yataq yaraları, sidik yollarının ikincili infeksiyaları və sepsis daxildir.

Diaqnostika
Diaqnostik tədbirlər anamnezin toplanmasından başlayır. Öncədən xəbərvermə mərhələsi, kəskin / yarımkəskin başlanğıc, simptomların inkişaf ardıcıllığı diaqnozun müəyyən edilməsində çox vacibdir. Nevroloji müayinə zamanı müəyyən edilmiş hərəki / hissi çatışmazlıq, nevroloqa topik diaqnozu təhmin etməyə imkan verir; onurğa beyni qan təchizatının fərdi variantlarının müxtəlifliyi, damarın okklüziyasının və ya partlamasının dəqiq yerini müəyyənləşdirməyi çətinləşdirir. Diaqnozu dəqiqləşdirmək üçün instrumental müayinələr aparılır:
• Onurğa sütununun tomoqrafiyası. Kompüter tomoqrafiyası – fəqərələrin yerdəyişməsini və zədələnməsini, sümük qəlpələrinin və osteofitlərin mövcudluğunu, fəqərəarası yarığın daralmasını müəyyən etməyə imkan verir. Fəqərə sütununun MRT-si – onurğa beynini daha yaxşı görüntüləyir; fəqərəarası disk yırtığı, onurğa kanalının kompressiyası, onurğa şişi, hematomanın diaqnozunu qoymağa kömək edir.
• Lümbal punksiya. Xəstələrin 30%-də serebrospinal mayenin müayinəsi anormallıq aşkar etmir. Patologiyanın inkişaf mərhələsində, əksər xəstələrdə zülalın konsentrasiyasının 3 q / l-ə qədər artması, 1 mkl-də 30-150 hüceyrə dərəcəsində pleositoz müşahidə olunur. Hemorragik variant, likvorun tərkibində eritrositlərin meydana gəlməsi ilə müşayiət olunur.
• Spinal angioqrafiya. Anevrizma, malformasiya, tromboz, damarın kənardan sıxılmasını müəyyən etmək üçün aparılır. Döş və bel şöbələrində onurğa beyni qan dövranının daha sadə, lakin daha az informativ bir müayinə metodu – aortanın və onun şaxələrinin ultrasəs doppleroqrafiyası (USDQ) metodudur.
• ENMQ (elektroneyromioqrafiya). Ayrı-ayrı əzələlərin innervasiyasının kliniki olaraq diaqnozu qoyula bilinməyən pozuntusunun aşkar olunması üçün lazımdır.
Səbəb ola biləcək fon patologiyasını müəyyən etmək üçün göstərişlərə əsasən: terapevt, kardioloq, endokrinoloq, hematoloq və digər mütəxəssislərin konsultasiyası aparılır.
Qanın şəkər, lipoprotein səviyyəsi, xolesterinə görə müayinəsi, koaquloqramın aparılması da diaqnozun dəqiqləşdirilməsinə köməklik göstərir.

Diferensial diaqnoz
Onurğa beyni qan dövranının pozulmasının diferensial diaqnostikası, aşağıda sadalanan xəstəliklərlə aparılmalıdır:
• kəskin miyelit;
• onurğa beyni şişi;
• infeksion miyelopatiya;
• sirinqomiyeliya;
• epidural abses və s.
Spinal insultun hemorragik və ya işemik təbiətli olmasının dəqiqləşdirilməsi, müalicə taktikasını təyin etmək üçün vacibdir.

Müalicə
Müalicə taktikası, patoloji prosesin dəqiq təbiətini və lokalizasiyasını müəyyən etdikdən sonra təyin olunur. Onurğa beyni qan dövranının pozulmasının müalicəsi, konservativ və cərrahi üsullar ilə aparılır.
Konservativ müalicə
Onurğa beyninin işemik insultunun dərman müalicəsində istifadə edilir:
1. Antikoaqulyantlar və antiaqreqantlar:
• Heparin – 5000 T.V. sutkada 4 dəfə dəri altına və ya vena daxili infuziya yolu ilə 1000 T.V. /saat sürətilə;
• Fenilin – sutkada 0,015-0,03 q dozasında tableti, daxilə;
• Klopidrogel (Plaviks)- 0,075 q dozasında, sutkada 1 dəfə daxilə;
• Kurantil (Dipiridamol) – 0,025-0,05 q dozasında, sutkada 3 dəfə daxilə;
• Sinkumar – 1-ci gün – birdəfəlik 8-16 mq, 2-ci gün – 4-12 mq, 3-cü gün – 6 mq. Dərman hər gün eyni vaxtda qəbul edilir. Protrombin indeksi 50%-dək düşəndən sonra 1-6 mq-lıq dəstəkləyici dozada qəbul edilir.

2. Vazoaktiv preparatlar:
• Vinposetin (Kavinton)- 0,01-0,02 q (2-4 ml 5%-li məhlulu) damcı üsulu ilə vena daxilinə və ya gündə 3 dəfə 0,005-0,01 q daxilə;
• Pentoksifillin (Trental, Aqapurin, Fleksital)- sutkada 1-2 dəfə, 0,1-0,2 q damcı üsulu ilə venaya və ya 0,2-0,4 q dozasında, sutkada 2-3 dəfə daxilə;
• Oksibral (Vinkanor) – sutkada 2 dəfə, 1 kapsuldan daxilə;
• İnstenon – sutkada 3 dəfə, 1 tablet daxilə və ya sutkada 1 dəfə 2 ml məhlulu əzələ daxilinə.

3. Ürək qlükozidləri:
• Korqlikon – 1 ml 0,06%-li məhlulu və ya
• Strofantin – 0,25-0,5 ml 0,05%-li məhlulunu 20 ml 40%-li Qlükoza məhlulunda həll edib vena daxilinə yeridilir.

4. Kollateral qan dövranını yaxşılaşdıran preparatlar:
• Aminofillin (Eufillin)- 10 ml 2,4%-li məhlulu birbaşa və ya 250 ml Natrium-xloridin izotonik məhlulunda damcı üsulu ilə venaya sutkada 2 dəfə;
• Papaverin – 2 ml 2%-li məhlulu əzələyə, No-şpa – 0,04-0,08 q dozasında, sutkada 2-3 dəfə daxilə və ya 2-4 ml 2%-li məhlulu əzələyə təyin edilir;
• Halidor – 100 mq-lıq tableti, sutkada 2 dəfə daxilə və ya sukada 2 dəfə 100 mq preparatı, 100-200 ml NaCl-in izotonik məhlulunda həll edib, damcı üsulu ilə vena daxilinə təyin edilir.
• Komplamin (Teonikol, Ksantinol nikotinat) – 0,15 q dozasında tabletləri sutkada 3 dəfə daxilə və ya 2 ml 15%-li məhlulu, sutkada 1-2 dəfə əzələyə təyin edilir.

5. Qanqlioblokatorlar:
venadaxili damcı üsulu ilə 50 ml fizioloji məhlulda:
• Benzoheksonium – 0,5-1 ml 2,5%-li və ya
• Pentaminin – 5%-li məhlulları, arterial təzyiqin 20-30% enməsinədək.

6. Neyroprotektorlar:
• Aktovegin – 250 ml 10-20%-li məhlulu venaya damcı üsulu ilə və ya 5 ml 4%-li məhlulu əzələyə;
• Serebrolizin – 10-60 ml 21,5%-li məhlulu 200 ml Natrium-xloridin izotonik məhlulunda həll edib, 1-1,5 saat müddətində damcı üsulu ilə venaya (müalicə kursu 10-25 prosedurdur), sonradan əzələyə 5-10 ml 20-30 gün ərzində;
• Nootropil (Pirasetam, Lusetam) – sutkada 4-12 q dozasında damcı üsulu ilə venaya və ya sutkada 3 dəfə, 0,4-0,8 q-dan daxilə;
• Riboksin – 10-20 ml 2%-li məhlulu venaya birbaşa və ya damcı üsulu ilə təyin edilir.

7. Angioprotektorlar:
• Askorutin – 2 tabletdən, sutkada 3 dəfə daxilə;
• Kalsium-dobezilat (Doksium, Etruval) – 0,25 q dozasında tableti, sutkada 3-4 dəfə daxilə;
• Trokserutin – 0,3 q dozasında sutkada 2 dəfə, 1 kapsul daxilə və ya 5 ml venaya.

8. Hemodilyusiya:
• təzə dondurulmuş plazma;
• aşağı molekulyar çəkili dekstranlar: Reopoliqlükin (Reomakrodeks) məhlulları, 400 ml, sutkada 1-2 dəfə venaya damcı üsulu ilə təyin edilir.

9. Ödem əleyhinə vasitələr:
• Laziks (Furosemid) – sutkada 1-2 dəfə, 1 ml 1%-li məhlulu əzələyə və ya venaya təyin edilir;
• Mannitol – 15%-li məhlulunu 5%-li Qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edib, 0,5-1,0 q/kq nisbətində vena daxilinə təyin edilir.

10. İltihab əleyhinə qeyri-steroid preparatlar:
• Diklofenak (Voltaren, Diklak) – 25 mq dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 3 ml 2,5%-li məhlulu əzələyə, 2%-li məlhəmi və ya 1%-li geli (Voltaren Emulgel) yerli olaraq;
• Selebreks – 100 mq-lıq dozada kapsulu, sutkada 2 dəfə daxilə;
• Nimesulid (Nimesil, Nayz). 100 mq dozasında tozunu suda həll edərək sutkada 2 dəfə daxilə, 100 mq dozasında tabletlər sutkada 2 dəfə daxilə, 0,1%-li geli yerli olaraq;
• İbuprofen (Nurofen, Dolgit) – 0,2 q dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 20%-li kremi (Dolgit) yerli olaraq təyin edilir.

11. Sinir-əzələ keçiriciliyini yaxşılaşdıran preparatlar:
Neyromidin – adətən müalicə kursu 30-60 gün ərzində, sutkada 2-3 dəfə 10-20 mq dozasında preparatın təyinindən ibarət olur.

12. Əzələ tonusunu azaltmaq üçün:
• Midokalm – 50 mq dozasında drajesi, sutkada 3 dəfə daxilə təyin edilir.
• Baklofen – 10 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin edilir.

13. B qrupu vitaminləri:
• Neyromultivit. 1 tablet, sutkada 2 dəfə daxilə;
• Milqamma (tableti və inyeksiya üçün məhlulu). 1 tabletdən, sutkada 2 dəfə daxilə və ya 2 ml məhlulu, sutkada 1 dəfə əzələyə təyin edilir.
14. Regenerasiyanı gücləndirən preparatlar:
• Şüşəvari cisim – dəri altına 2 ml;
• Aloe ekstraktı – dəri altına 1 ml;
• Plasenta ekstraktı – dəri altına 1-2 ml təyin edilir.

Hemorragik spinal insultun konservativ müalicəsində istifadə edilir:
1. Damar divarını gücləndirən, qanaxmanın təkrarlanmasının qarşısını alan dərmanlar:
• Disinon (Etamzilat-natrium)- venaya və ya əzələyə sutkada 4 dəfə, 250 mq dozasında təyin edilir;
• Kontrikal – 30000 T.V. dərhal, sonra isə sutkada 2 dəfə 10000 T.V. damcı üsulu ilə venaya təyin edilir;
• Kalsium-xlorid – 5-10 ml 10%-li məhlulu vena daxilinə;
• ε-aminokapron turşusu – sutkada 30 qr-dək (100-150 ml 5%-li məhlulu damcı üsulu ilə venaya, sonra daxilə qəbula keçmək).
• Vikasol – 1 ml 1%-li məhlulu əzələ daxilinə;
• Askorbin turşusu – 2ml 5%-li məhlulu venadaxili və ya əzələdaxili təyin edilir.

2. Vazospazmın qarşısını alan dərmanlar:
• Nimodipin (Nimotop) – müalicə 5-14 gün davam etdirilir. İlk 2 saat ərzində 5 ml 0,02%-li məhlulu, saatda 2 dəfə venaya tədricən yeridilir. 2 saatdan sonra dozanı saatda 10 ml-ə qədər artırır (təqribən 30 mq/kq) və hemodinamikaya nəzarət edirlər ki, arterial təzyiq kəskin şəkildə aşağı düşməsin. Preparat Natrium-xloridin izotonik məhlulunda və ya 5%-li Qlükoza məhlulunda həll edilərək venaya yeridilir. Profilaktika məqsədilə hemorragiyanın 4-cü günündən başlayaraq 21 gün ərzində preparatı 0,06 q dozasında (2 tablet) 4 saatdan bir daxilə təyin edirlər (sutkada cəmi 0,36 q).
• Verapamil – 40 mq dоzasında tabletləri, gündə 3 dəfə daxilə təyin edilir.

3. Neyroprotektorlar və angioprotektorlar.

Bioloji qida əlavələri
Hal-hazırda tərkibində müxtəlif bioloji qida əlavələri olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?
• Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
• Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
• Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
• Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.
• Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
• Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
• Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
• Slimminq (arıqladan) çaylar – tərkibində orqanizm üçün vacib çоxsaylı maddələr: vitaminlər, minerallar və s. оlur. Orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.

Bundan əlavə, insultun səbəbindən asılı olaraq, konservativ müalicədə aşağıda sadalanan vasitələr tətbiq edilir:
• zədələnmiş vertebral seqmentin immobilizasiyası;
• dartma;
• medikamentoz blokadalar;
• masaj;
• MBT (müalicəvi bədən tərbiyəsi);
• fizioterapiya metodları.

Cərrahi müalicə
Damarın partlaması, şişlə sıxılması, tromboemboliya hallarında cərrahi müalicə mümkündür. Əməliyyatları, göstəriş əsasında neyrocərrah və ya damar cərrahı həyata keçirir. Mümkün cərrahi müdaxilələrin siyahısına aşağıdakılar daxildir:
• Rekonstruktiv damar əməliyyatları: tromboembolektomiya, zədələnmiş damarın stentləşdirilməsi, damar divarı qüsurunun tikilməsi / klipləşdirilməsi.
• Angiodisplaziyanın aradan qaldırılması: malformasiyanın kəsilməsi, damarların bağlanması / sklerozlaşdırılması, anevrizmanın rezeksiyası.
• Kompressiyanın aradan qaldırılması: ekstra / intramedullyar onurğa şişinin çıxarılması, yırtıq zamanı diskektomiya, onurğa sütununun təsbit edilməsi.

Onurğa beyni qan dövranı pozulmasının müalicəsi bir neçə mərhələdən ibarətdir:
I Mərhələ – ixtisaslaşdırılmış nevroloji təcili yardım.
İşemik spinal insultun ən kəskin dövrünün ilk dəqiqələrində və saatlarında xəstələrə venadaxili spazmolitiklər, kollateral qan dövriyyəsini yaxşılaşdıran maddələr (Eufilin, Papaverin, Halidor) tətbiq olunur. Yüksək qan təzyiqi zamanı (200 mm. c. süt-dan yuxarı) qanqlioblokatorlar (Benzoheksonium, Pentamin) vurulur, intensiv ağrılar olduqda isə, analgetiklər və trankvilizatorlar tətbiq edilir.
Hemorragik xarakterli spinal insultlarda ilk saatlarda və günlərdə koaqulyantlar (kalsium-xlorid, ε – aminokapron turşusu, Vikasol) tətbiq edilir, lakin bu preparatlar 2-3 gündən artıq verilmir. Təkrari qansızma əlamətləri olmadıqda, müalicə sxeminə ödem əleyhinə və vazospastik dərmanlar, vitaminlər də əlavə olunur.

II Mərhələ – nevroloji və ya neyrocərrahiyyə xəstəxanasında və ya reanimasiya şöbəsində ixtisaslaşdırılmış müalicə.
• spazmolitiklər, kollateral qan dövriyyəsini və mikrosirkulyasiyanı yaxşılaşdıran (Reopoliqlükin, Komplamin);
• tromb olduqda, antikoaqulyantlar (Heparin, ilk 3 gün Fibrinolizin, sonra isə Fenilin və ya Sinkumar);
• ödem əleyhinə (Mannitol və ya Laziks);
• ürək-damar fəaliyyətini yaxşılaşdıran preparatlar (Strofantin, Korqlükon); tənəffüs fəaliyyətini tənzimləyən tədbirlər (nəmləndirilmiş oksigen, Kamfora, Kordiamin, ağciyərlərin süni ventilyasiyası);
• B qrupu və C vitaminləri;
• kortikosteroidlər (Deksametazon);
• onurğa beynindəki metabolik prosesləri yaxşılaşdıran preparatlar (Serebrolizin, Aktovegin).
Hemorrağik spinal insultlar zamanı, fiziki yüklənmələrə yol verməyən yataq rejiminə riayət olunmalıdır. Yataq rejiminin davametmə müddəti 8-10 həftə olmalıdır (trombum əmələ gəlməsi üçün tələb olunan vaxt).
Xəstəyə qulluğun təşkil edilməsinə xüsusi əhəmiyyət verilməlidir. Ciddi yataq rejiminə riayət olunması və onurğa beyninin funksiyalarının sıradan çıxması səbəbindən, qısa bir müddət ərzində yataq yaraları və hipostatik pnevmoniya prosesə qoşula bilər. Kiçik çanaq üzvlərinin fəaliyyətini təmin etməyə xüsusi diqqət yetirmək lazımdır. Bu mərhələdə, tromboflebitin (flebotrombozun) qarşısını almaq üçün, ayaqların passiv gimnastikası, onların yuxarı qaldırılmış vəziyyətdə saxlanılması və yüngül masajı məsləhət görülür.

Spinal insultların müalicəsində, xəstəyə yaxşı qulluq edilmədikdə bu xəstəliyin gedişini tez-tez ağırlaşdıran yataq yaralarının, pnevmoniyanın və urogenital infeksiyaların qarşısının alınması əsas rol oynayır.
Yataq yaralarından qorunmaq üçün alt paltarının təmizliyinə nəzarət etmək, bədəni kamfora spirti ilə silmək, dəri büküşlərinə talk tozu səpmək, xəstəni hər 1-1,5 saatdan bir yataqda çevirmək lazımdır. Yataq yaralarının qarşısını almaq üçün xüsusi alətlərdən – rezin dairə, həlqələrdən istifadə etmək olar.
Müstəqil surətdə sidik ifraz etmək mümkün olmadıqda, sidik kisəsinin kateterizasiyası aparılır, sidiyi saxlaya bilmədikdə isə sidik toplayıcısından istifadə olunur. Qalxan infeksiyanın qarşısını almaq üçün cinsiyyət orqanlarını təmiz saxlamaq lazımdır.
Pnevmoniyanın inkişafının qarşısını almaq üçün, hər saat 5 dəqiqə müddətində (yataq rejimi ərzində) tənəffüs məşqləri aparmaq lazımdır. Sonradan, rejimi genişləndirərkən dozalı fiziki fəaliyyət məsləhət görülür.

III mərhələ – erkən bərpa dövründə müalicə (nevroloji stasionarda). Vazodilatatorlar, vitaminlər, antikoaqulyantlar və antiaqreqantların, metabolik vasitələrin tətbiqi davam etdirilir. Hiperbarik oksigenasiya seansları aparılır, nekrotik ocağın rezorbsiyasına kömək edən dərmanlar tətbiq olunur (şüşəvari cisim, aloe, plasenta ekstraktı).

IV Mərhələ – ixtisaslaşdırılmış reabilitasiya mərkəzində müalicə.
Onurğa beyni qan dövranının pozulmasından sonra bərpa prosesi uzunmüddətli ola bilər. İlk 6 ay ərzində bu proses daha fəal olur. İlk növbədə, bu cür xəstələrin psixososial adaptasiyaya ehtiyacı olur, çünki spinal insult, onların adət etdiyi həyat tərzini kəskin şəkildə dəyişdirir. Spinal insultdan sonra bərpaolma uzun və zəhmətli bir prosesdir, bəzən itirilmiş funksiyaları bərpa etmək üçün illər lazımdır. Ancaq stasionar müalicədən sonra yüksək keyfiyyətli reabilitasiya tədbirləri xəstələrin əksəriyyətinin tamdəyərli həyata qayıtmasına imkan verir.
Əsas diqqət qeyri-medikamentoz müalicə vasitələrinə: MBT (müalicəvi bədən tərbiyəsi), əzələlərin masajı, fizioterapiya və balneoterapiyaya yönəldilir.
Reabilitasiya dövründə xəstəyə təkrari dərman müalicəsi kursları göstərişdir (ən azı 6 ayda bir dəfə).
Mühüm bir rol kineziterapiyaya – müalicəvi bədən tərbiyəsinin bir növünə aiddir. Xəstənin özü ayaqlarını tərpədə bilmədiyi dövrdə bu, passiv gimnastikadır. İradi hərəkətlər mümkün olduqda, artıq bu, statik və dinamik bir xarakterli xüsusi bir məşqlər olmalıdır (hər bir xəstə üçün reabilitoloq tərəfindən fərdi olaraq hazırlanması tövsiyə edilir).
Bir çox xəstələrə əlavə vasitələrin – əsaların, qoltuq ağaclarının, xüsusi longetlərin köməyi ilə hərəkət etməyi öyrənmək lazım gəlir. Bəzi hallarda ortopedik ayaqqabılara ehtiyac yarana bilər.
Bərpa dövründə masaj, çox yaxşı bir təsir göstərir. Təkrari aparılan kurslar, əldə edilən nəticəni daha da gücləndirir. Masajla yanaşı akupunkturdan da istifadə etmək olar.
Əzələ zəifliyi zamanı elektrostimulyasiyanın tətbiqi məsləhət görülür. Digər fizioterapevtik metodlar arasında aşağıda sadalananlar daha effektiv hesab olunur:
• maqnitoterapiya;
• sinusoidal modulyasiya edilmiş cərəyanlar (parez olduqda);
• ultrafonoforez və elektroforez;
• sualtı duş-masaj,
• hidrogen-sulfid və karbon-dioksid vannaları;
• parafin və ozokerit applikasiyaları və s.
Əmək terapiyası və peşə yönümü də reabilitasiya tədbirləri kompleksinə daxildir.
Əlbəttə ki, reabilitasiya tədbirlərinin ən bütöv kompleksi, sanator-kurort müalicəsi zamanı həyata keçirilir.

V Mərhələ – poliklinikanın reabilitasiya kabinetində müalicə.
Sonra xəstələr dispanser müşahidəsində olmalıdırlar. Kiçik çanaq üzvlərinin funksiyalarının normallaşması və onurğa beyni funksiyalarının pozulmasının mövcud qalıq halları zamanı, müalicə ixtisaslaşdırılmış sanatoriyalarda (Saki, Pyatiqorsk, Evpatoria və s.) aparılır.

Proqnoz və profilaktika
Onurğa beyni qan dövranının pozulması, baş beynin qan dövranının pozulması qədər həyat üçün təhlükəli patoloji hal deyil. Yalnız bədxassəli şişlər, ümumi ağır somatik fon və ikincili infeksiyanın prosesə qoşulması nəticəsində ölümcül sonluq baş verə bilər. Vaxtında aparılmış müalicə, simptomların sürətli reqressiyasına kömək edir. Zədələnmiş ərazinin genişliyi, müalicəyə başlamağın gecikdirilməsı və yanaşı patologiyalar, davamlı residual parezlərin, hissi pozuntuların və kiçik çanaq üzvlərinin disfunksiyaları nəticəsində xəstənin sağlamlıq durumunun natamam bərpa olunmasına və əlilliyinə səbəb ola bilər.
Onurğa beyni qan dövranının pozulmasının nəticələri olduqca müxtəlif ola bilər. Əhəmiyyətsiz ölçülü ocaqlar zamanı, vaxtında aparılmış konservativ və ya cərrahi müalicə nəticəsində 100% bərpaolma mümkündür, ancaq xəstə mütəmadi olaraq dispenser müşahidə altında olmalı və profilaktik müalicə kursları keçməlidir. Aparılmış müalicəyə baxmayaraq, xəstədə hərəki, hissi və kiçik çanaq üzlərinin fəaliyyətində pozuntular qalması şəklində daha az əlverişli nəticə də mümkündür. Aşağıda sadalanan pozuntular əlilliyə səbəb ola bilər:
• ətrafların (bir və ya bir neçə) parezi – əzələ zəifliyi qalır ki, bu da müstəqil hərəkət etməyi və özünəqulluğu çətinləşdirir
• hipesteziya və ya anesteziya sahələri – gövdədə və ya ətraflarda hissiyyat zəifləyir və ya heç olmur. Bu, həm səthi (ağrı, temperatur və ya toxunma) hissiyyat, həm də hissiyyatın daha mürəkkəb növləri, məsələn, lokalizasiya hissi, stereoqnoz (gözlər yumulu halda, əşyaların toxunmaqla tanınması), ikiölçülü fəza hissi (gözlər yumulu halda, bədən üzərinə çəkilən rəqəmlərin və ya hərfləri tanımaq qabiliyyəti) ola bilər. Bəzi xəstələr üçün bu, əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər – məsələn, dərzi və ya musiqiçi əllərində hissiyyat olmadıqda peşə bacarıqlarını yerinə yetirə bilmir;
• sidik ifrazının və defekasiyanın pozlmaları – bu problem xəstələr üçün xüsusilə ağrılıdır, çünki insanın intim sahəsinə təsir göstərir. Kiçik çanaq üzvlərinin disfunksiyaları, müxtəlif dərəcəli və xarakterli ola bilər: sidiyi saxlaya bilməmək, sidiyin daima damla-damla ifraz olunması, vaxtaşırı olaraq qeyri-iradi sidik ifrazı, sidik ifraz etmək üçün gücənməyə ehtiyacın olması, nəcisi saxlaya bilməmək və s.

Onurğa beyni qan dövranının pozulmasının profilaktikası – damar xəstəliklərinin vaxtında müalicəsi, malformasiyaların aşkarlanması və aradan qaldırılması, fəqərəarası disk yırtıqlarının müalicəsi, fəqərə sütununun travmalarının qarşısının alınmasına əsaslanır. Xəstəliyin yaranmasına səbəb ola bilən zərərli vərdişlərin aradan qaldırılması: aktiv həyat tərzini davam etdirmək, bədən çəkisini normallaşdırmaq, balanslaşdırılmış qida rejiminə riayət olunması, siqaretdən imtina və s. böyük əhəmiyyət kəsb edir.

 

 

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-kt-muayin%c9%99sinin-t%c9%99tbiqi-komputer-tomoqrafiyasi/

https://nevropatologiya.az/2021/09/08/mielit/

https://nevropatologiya.az/2021/08/24/onurga-beyninin-sisl%c9%99ri/

 

 

 

 

 

 “Geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Ktabcapi.az” nəşriyyatı, 2022) və “Müasir dövrün aktual sinir xəstəlikləri” (12768 N-li müəlliflik şəhadətnaməsi) kitablarından. Məqalə ilk dəfə 22.08.2019-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                                                       Fərhad  Əhmədov.  Həkim – nevropatoloq