Dağınıq skleroz

Dağınıq skleroz sinir sisteminin xroniki proqressivləşən xəstəliklərindəndir, daha çox gənc yaşlı  insanları zədələyir. Dağınıq skleroz sinir sisteminin xroniki demiyelinləşdirici xəstəliyidir. Xəstəlik autoimmun-iltihabi inkişaf  mexanizminə malikdir və onun yaranma səbəbləri hələ axıradək öyrənilməmişdir. Xəstəlik kifayət qədər yayılmış bir nozoloji  formadır və son illərdə onun daha da artmağa meylli olması  müşahidə edilməkdədir. Xəstəlik həmişə kəskin ifadə olunan simptomlarla dərhal özünü göstərmir, bununla yanaşı, onun spesifik klinik əlamətləri yoxdur ki, bu da onun diaqnostikasını xeyli çətinləşdirir. Müalicənin vaxtlı-vaxtında başlanması əmək qabiliyyətinin uzun müddət saxlanmasına və əlilliyin qarşısını almağa imkan verdiyindən dağınıq sklerozun ilkin təzahürlərini nəzərdən qaçırmamaq olduqca vacibdir. Dağınıq sklerоzun XBT-10 üzrə kоdu G-35-dir. Dağınıq skleroz xəstəliyi ilk dəfə 1868-ci  ildə Jan-Marten Şarko tərəfindən təsvir edilmişdir.

 

     Epidemiologiya

Dağınıq skleroz kifayət qədər geniş yayılmış bir xəstəlikdir. Dünyanın 2,5 milyon əhalisi dağınıq sklerozla xəstədir (FAQs about ms. National Multiple Sclerosis Society). Böyük sənaye bölgələrində və şəhərlərdə bu xəstəliyə tutulma göstəriciləri daha yüksəkdir. 2013-2017-ci illərdə Azərbaycan Respublikasında “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası  və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı” çərçivəsində aparılan tədqiqatlar nəticəsində 1214 nəfərə bu diaqnoz qoyulmuşdur.

Dağınıq skleroz adətən 30 yaş ərəfəsində başlanır, lakin uşaqlarda da rast gəlinə bilər. Birincili-proqressivləşən forması  daha çox 50 yaş ərəfəsində olan şəxslərdə rast gəlinir. Bir çox autoimmun xəstəliklər kimi, dağınıq skleroz da qadınlarda daha çox rast gəlinir və kişilərə nisbətən orta hesabla 1-2 il tez təzahür etməyə başlayır. Eyni zamanda, kişilərdə bu xəstəliyin əlverişsiz proqressivləşən gedişli forması daha çox  üstünlük təşkil edir.  Uşaqlarda cinsiyyətə görə xəstəliyin paylanma nisbəti  qızlarda 3, oğlanlarda  isə 1 hal təşkil edir. 50 yaşından sonra dağınıq sklerozla xəstələnmə hallarının sayı  kişilərlə qadınlar arasında təxminən bərabərləşmiş olur.

Dağınıq sklerozun yayılma ehtimalı  coğrafi  enliklə bağlıdır. Əsasən, dağnıq sklerozla xəstələnmə hallarının dərəcəsinə görə fərqlənən 3 zonanı  ayırd etmək qəbul edilmişdir (G. Kurtzke, 1964, 1980, 1993):

  • Yüksək risk – hər 100 min əhaliyə düşən 30 və ya daha çox xəstələnmə halları. Bu, bütün qitələrdə 30-cu paralelin şimalında yerləşən bölgələri əhatə edir;
  • Orta risk – hər 100 min əhaliyə düşən xəstələnmə halları 5-dən 29-a qədər təşkil edir. Azərbaycanın əhalisini də bu qrupa aid etmək olar;
  • Aşağı risk – hər 100 min əhaliyə düşən xəstələnmə hallarının sayı 5-dən azdır.

Dağınıq sklerozun inkişaf riski  təkcə yaşayış yeri ilə deyil, həm də müəyyən bir irqə, etnik qrupa mənsubiyyətlə də bağlıdır. Bu xəstəlik avropoid  irqinə mənsub olan insanların arasında daha geniş yayılmışdır. Dağınıq skleroz Yaponiya, Koreya və Çində nadir hallarda rast gəlinir: hər 100 min əhaliyə düşən xəstələnmə hallarının sayı  2-6 nəfər təşkil edir (Y.Kuroiva, L.Kurland, 1982; A.Sadovnick, G.Ebers, 1993) .

Son  illərdə dağınıq sklerozlu xəstələrin sayında artımın olması  müşahidə edilir ki, bunu həm xəstələnmə hallarının öz artımı, həm də onun diaqnostikasının asanlaşması ilə əlaqələndirmək olar. Bəzi  məlumatlara görə, yaxın ərazilərdə və ya  eyni  bir bölgənin ayrı-ayrı  hissələrində qeydə alınan epidemioloji  göstəricilər arasında əhəmiyyətli dərəcəli fərqlərin olması  müşahidə edilir.

 

     Etiologiya

Müasir təsəvvürlərə görə, dağınıq skleroz, multifaktorial xəstəliklərə aiddir, yəni onun yaranmasında eyni  zamanda bir neçə amilin müştərək rol oynaması  ehtimal edilir.

Ən mühüm amillər aşağıdakılar hesab olunur:

  • virus infeksiyası;
  • immun sisteminin irsi meyilliyi;
  • daimi  yaşayış yerinin coğrafi  xüsusiyyətləri.

 

     Virus infeksiyası

Dağınıq sklerozun “yavaş” (tədricən davam edən) infeksiyaların bir nəticəsi olması  güman edilir. “Yavaş” infeksiyaların xarakterik xüsusiyyətləri  bunlardır: uzun sürən latent (heç bir simptom olmayan) dövrünün  olması, seçilmiş olaraq eyni  orqan və sistemlərin zədələnməsi, yalnız  insanda və ya konkret  bir heyvan  növündə  inkişaf etməsi, daimi proqressivləşən gedişi.

Dağınıq sklerozun inkişafına səbəb olan konkret  bir  infeksiya növü, hələ ki, aşkar edilməmişdir, lakin bir çox virusların rolu müxtəlif faktlarla təsdiq edilmişdir: xəstəliyin başlanğıcının və ya kəskinləşməsinin virus infeksiyaları  ilə bağlı  olması, DS xəstələrinin qanında antiviral anticisimlərin yüksək titrlərinin aşkar edilməsi, eksperimentlərin köməyilə laborator şəraitdə virusların təsiri altında heyvanlarda DS-un törədilə bilməsi.

Dağınıq sklerozun inkişafında bir başlanğıc nöqtəsi kimi çıxış edə bilən infeksiya törədiciləri arasında retrovirusları, qızılca, herpes, məxmərək, parotit və Epşteyn-Barr viruslarını  qeyd etmək lazımdır. Çox güman ki, virus hələ uşaq yaşlarından orqanizmə daxil olur və sonradan, digər amillərin təsiri altında sinir hüceyrələrinin səthində immun iğtişaşları  törədir. İmmun sistemi  bu viruslara qarşı  anticisimlər istehsal etməyə başlayır. Lakin anticisimlər törədicinin özünə  deyil, təhlükə kimi qəbul etdikləri sinir liflərinin miyelin qişasına hücum edir. Nəticədə miyelin qişası  məhv edilir. Belə bir mexanizmi həyata keçirmək  üçün xüsusi bir irsi meylliyin olması lazımdır.

     İrsi meyllik

İndiyədək müəyyən edilmişdir ki, DS  ilə xəstələnmə halları  bu cür xəstə üzvü  olan ailələrdə, ümumi  populyasiyaya nisbətən 20-50 dəfə çox rast gəlinir. Bu, xüsusilə birinci  və  ikinci dərəcəli qohumlar (övladlar, qardaşlar, bacılar) üçün daha çox xarakterikdir. Ailəvi  DS  halları  xəstəliyin ümumi  sayının təxminən 10%-ni  təşkil edir.

Müəyyən edilmişdir ki, 6-cı  xromosomun bəzi genləri  DS  üçün  xarakterik olan  immun cavabının  xüsusiyyətinə görə məsuliyyət daşıyırlar. Qeyri-spesifik fermentlərin quruluşu və funksiyaları, immunoqlobulinlərin, miyelin zülalı  üçün məsuliyyət daşıyan digər genlər də xəstəliyin inkişafında iştirak edirlər. Yəni  bir şəxsdə xəstəliyin meydana çıxması  üçün, onda bir neçə genin müştərəkliyi  üst-üstə düşməlidir. Hesab edilir ki, hətta dağınıq sklerozun gediş xüsusiyyətləri də müəyyən irsi strukturlar tərəfindən kodlaşdırılmış olur.

     Coğrafi xüsusiyyətlər

Statistik tədqiqatlar müəyyən etmişdir ki, dağınıq sklerozun yayılması  az günəş işığı  olan (gündüz  saatları  qısa olan), yüksək rütubətli və sərin iqlimli yerlərdə, çay  vadilərində daha çoxdur.

Torpağında və təbii sularında mis, sink, kobaltın mövcudluğu; müəyyən bölgələrin qidalanma xüsusiyyətləri (inkişaf etmiş ölkələrdə zülalın və heyvani  yağların artıq miqdarda istehlak olunması) də həmçinin dağınıq skleroz hallarına təsir göstərir.

Qeyd olunmuşdur ki, ekvatordan daha uzaqda yerləşən şimal ölkələrində (bu fenomen “En dairəsi qradiyenti” adlanır), avropoid irqinə məxsus insanlar arasında xəstələnmə riski daha yüksəkdir. Almaniya, Avstriya, İsveçrə, Rusiya, Cənubi Avstraliya, ABŞ-ın şimalında dağınıq sklerozun  yayılma  dərəcəsi digər ölkələrə nisbətən xeyli yüksəkdir.

 

     Patogenez

Dağınıq skleroz autoimmun xəstəlikdir. Autoimmun xəstəliklər zamanı  orqanizm  özünün bəzi toxumalarını (bu halda sinir liflərinin əksəriyyətini örtən miyelin qişasını) “yad”  kimi qəbul edir və  onlara qarşı  anticisimlərlə mübarizə aparmağa başlayır. Anticisimlər miyelinə hücum edərək onu məhv edir, nəticədə sinir lifləri “çılpaqlaşır”. Bu vəziyyət artıq klinik cəhətdən başlanğıc simptomlarla təzahür edir. Bir müddət sinirlər  öz  funksiyalarını  yerinə yetirə bilir, lakin nəticədə müdafiəsiz qalmış  liflərin özləri  də məhv olur. Əgər miyelin qişasını  hələ  “təmir etmək”  mümkündürsə, sinir lifinin məhvi  geriyədönməz bir proses olur. Buna görə də, miyelin tamamilə məhv edilmədiyi halda sinirlərin funksiyaları  qismən bərpa oluna bilir, klinik simptomlar isə gah meydana çıxa, gah da yox ola bilər. Bu proses sinir liflərinə çatdıqda  isə, simptomlar artıq heç bir yerə yox olmayaraq, həmişəlik olaraq xəstəni müşayiət edir.

Miyelin qişası  və sinir lifləri üzərinə hücum bütün orqanizm boyunca aparıldığı və mərkəzi sinir sisteminin müxtəlif şöbələrində sinir  ötürücülərinin zədələnməsinə dair heç bir qanunauyğunluq olmadığı  üçün qeyd edilən pozuntular lokalizasiyasına görə səpələnmiş olur. Məhv  edilmiş strukturların yerində birləşdirici toxumadan ibarət olan çapıq yaranır. Xəstəliyin adı  da buradan götürülmüşdür: “dağınıq”  ifadəsi – yayılma yeri, “skleroz”  isə – çapıq mənasında  işlədilir. Xəstəliyin morfoloji  əsasında baş beynin və onurğa beyninin ağ maddəsinin miyelin qişasının məhvi (demiyelinizasiya) prosesi və onların yerində sklerotik düyünlərin meydana gəlməsi dayanır. Bu düyünlərin  ölçüləri, adətən, bir neçə millimetrdən bir neçə santimetrə qədərdir, lakin xəstəliyin inkişafı ilə onlar birləşərək iri düyünlərə də çevrilə bilər. Eyni  xəstələrdə, xüsusi araşdırma metodlarının köməyilə müxtəlif fəallıq dərəcəli – təzə və köhnə  düyünləri  aşkar etmək olur.

Patoloji  dəyişikliklərin belə bir gözlənilməz yerləşməsi, ilkin təzahürlər də daxil olmaqla, çox müxtəlif klinik əlamətlərin müşahidə olunmasına gətirib çıxarır, çünki sinir sisteminin hansı hissəsinin birinci  olaraq zədələnəcəyi məlum deyil. Bu, DS-un erkən təzahürlərinin diaqnostikasına maneçilik törədən daha bir aspektdir.

 

     Dağınıq sklerozun mərhələləri

     Dağınıq sklerozun başlanğıcı –  bu, xəstəliyin ilk meydana çıxan təzahürləridir.

     Kəskinləşmə  sabitləşmədən və ya vəziyyətin yaxşılaşmasından 1 ay və daha çox müddətdən sonra yeni simptomun və ya simptomlar qrupunun meydana gəlməsi, mövcud nevroloji simptomların daha da ağırlaşmasıdır. Kəskinləşmənin davametmə müddəti – 24 saatdan 8 həftəyədək çəkə bilər, bu dövrdə heç bir simptom geri sorulmur.

     Remissiya –  ən azı  24 saat davam edən simptomların kəskinliyinin azalması  və ya aydın şəkildə itməsidir. Remissiya müddəti 1 aydan çox davam etdikdə, o, dayanıqlı  hesab olunur.

     Xroniki proqressivləşmə  ən azı  2 ay ərzində stabilləşmə və ya yaxşılaşma olmadan simptomların ağırlıq dərəcəsinin artmasıdır.

     Stabilləşmə  ən azı  1 ay ərzində kəskinləşmələrin, remissiyaların və xroniki proqressivləşmənin olmamasıdır.

     “Yalançı  kəskinləşmə” (dekompensasiya) –  qızdırma  ilə müşayiət olunmuş  KRVİ (kəskin respirator  virus infeksiyası) fonunda və ya stressdən sonra əvvəllər mövcud olan simptomların kəskinləşməsi ilə birgə xəstənin vəziyyətinin qısamüddətli pisləşməsidir. Lakin meydana çıxmış nevroloji  simptomatika tezliklə geri  sorulur  və  ya  xəstənin vəziyyətinin ağırlığına ciddi  şəkildə təsir göstərmir. Belə hallarda, xəstənin vəziyyətinin pisləşməsi, yeni ocaqların yaranması  və ya mövcud olanların böyüməsi ilə bağlı deyil. Bu fenomen, daha çox, homeostazda baş verən müvəqqəti  dəyişiklik nəticəsində demiyelinizasiyaya uğramış sinir  lifi  boyunca  impulsların  ötəri  blokadası  ilə izah edilə bilər.

 

     Dağınıq sklerozun növləri

     Remittent  DS.  Xəstələrin əksəriyyətinə (təxminən 85%)  ilkin mərhələdə məhz bu diaqnoz qoyulur. Dağınıq sklerozun bu növü, ağırlaşmalar və remissiyalar (tam və ya qismən bərpaolunma) dövrlərinin növbələşməsi ilə xarakterizə olunur. Xəstəliyin bu növ gedişi zamanı remissiya müddəti  bir neçə ay və ya il davam edə bilər.

     İkincili-proqressivləşən DS.  Remittent DS diaqnozlu xəstələrin təxminən 50%-də təxminən 10 il sonra ikincili-proqressivləşən DS inkişaf edir və simptomlar dayanmadan ağırlaşmağa başlayır.

     Birincili-proqressivləşən DS.   Xəstələrin təxminən 15%-nə birincili-proqressivləşən DS diaqnozu qoyulur. Xəstəliyin bu növündə heç bir residiv və remissiya olmur, simptomlar isə davamlı surətdə inkişaf edir.

     Proqressivləşən-residivləşən DS.  Xəstələrin yalnız 6-10%-də bu növ DS diaqnozu təyin edilir. Birincili-proqressivləşən DS növündə olduğu kimi xəstəlik davamlı  şəkildə inkişaf edir, eyni zamanda  isə, simptomların proqressivləşməsi fonunda kəskin residivlər müşahidə edilir.

Həmçinin, gedişinə görə dağınıq sklerozun aşağıdakı  növləri  ayırd edilir:

     Xoşxassəli (mülayim kliniki gedişli).  Uzunmüddətli və dərin remissiyalarla xarakterizə olunur. Xəstəliyin başlanğıcından 15 il sonra demək olar ki, heç bir əlilliyə gətirib çıxarmır. Təxminən 20% hallarda rast gəlinir;

     Bədxassəli (Marburq  xəstəliyi).  Beyin kötüyünün böyük bir hissəsinin zədələnməsi də daxil olmaqla sürətli inkişaf edən ciddi pozuntularla (ölümlə nəticələnməyə qədər) müşayiət olunur. Təxminən 15%  hallarda rast gəlinir.

Dağınıq sklerozun aşağıda sadalanan variantları  xüsusi  olaraq qeyd edilir:

     Devik optikomiyeliti (Asiya  variantı).  Əsasən görmə sinirinin və onurğa beyninin zədələnməsilə davam edir;

     Şilder leykoensefaliti.  Uşaqlarda rast gəlinən demiyelinləşdirici xəstəlik olub, böyük, bir-birinə yapışan  ocaqların varlığı  ilə xarakterizə  edilir.

 

     Simptomlar

Xəstəlik əsasən gənc və orta yaşda (15 – 40 yaş) baş verir. Xəstəliyin bir xüsusiyyəti, sinir sisteminin müxtəlif hissələrinin eyni zamanda zədələnməsidir ki, bu da xəstələrdə müxtəlif nevroloji  simptomların meydana gəlməsinə gətirib çıxarır.

Xəstəlik bütün sinir sisteminə təsir etdiyindən, onun kliniki  təzahürləri olduqca müxtəlifdir. Zədələnmə ocaqları  sinir sisteminin müxtəlif şöbələrinə səpələnmiş olur, bu yerlərdə sinir toxuması  birləşdirici toxuma ilə əvəz olunur və bu nahiyənin yerinə yetirdiyi funksiyalar itirilmiş olur. Bu səbəbdən, dağınıq sklerozun klinik təzahürlərini sinir sisteminin zədələnmiş nahiyələrinə uyğun olaraq sistemləşdirirlər.

Dağnıq sklerozun tipik simptomları  ilə yanaşı  atipik simptomları  da mövcuddur ki, nadir halda  rast gəlinmələrinə baxmayaraq, onları  qətiyyən nəzərdən qaçırmaq olmaz. Adətən eyni bir  xəstədə zədələnmə prosesinin səpələnmiş olması  səbəbindən, müxtəlif funksional sistemlərin pozulması  əlamətləri müşahidə edilir.

     Tipik təzahürlər

Bu simptomlar sinir sisteminin ötürücü  yollarının zədələnməsinin təzahürləridir. Bunlar dağınıq sklerozun “klassik” simptomlarıdır.

     Hərəki pozuntular

Bu simptomlar qrupuna  85-97%  hallarda baş verən, yəni  demək olar ki, hər bir xəstədə müşahidə  edilən piramid yolların zədələnməsi aid edilir. Bu əlamətlər aşağıda sadalananlar ola bilər:

  • parezlər və ya iflic – ətraflarda əzələ gücünün azalması  və ya tam itməsi. Ən çox aşağı ətraflar zədələnir. Xəstəlik inkişaf etdikcə, parezlər bütün dörd ətrafın zədələnməsinə qədər yayıla bilər;
  • vətər reflekslerinin güclənməsi, səthi reflekslərin isə zəifləməsi və ya tamamilə itməsi (bu əlamət qarın refleksləri üçün xüsusilə xarakterikdir);
  • patoloji  simptomların – Babinski, Qordon, Bexterev, Jukovski  və s. qeyd olunması;
  • əzələ tonusunun artması, əzələlərin spastikliyi. İstirahət halında  əzələlər gərgin, toxunuş zamanı  bərk olur. Əzələ zəifliyi  ilə birgə bu simptom əgər ayaqlarda  yaranarsa, xəstənin yeriməsinə, əllərdə yaranarsa, onun adi  məişət  özünəxidmət hərəkətlərini yerinə  yetirməsinə maneçilik törədə bilər;
  • reflekslərin həddindən artıq artım dərəcəsi hesab edilən ayaq pəncələrinin, əllərin və diz qapaqlarının klonuslarının yaranması.

     Koordinasiya sisteminin (beyincik yollarının) zədələnməsi

Xəstələrin 62-87%-də bu cür simptomlar inkişaf edir:

  • yerişin pozulması – xəstə hətta düz bir səthdə belə səndələyir, onu sanki bir tərəfdən digər tərəfə  “dartırlar”. Daha sonrakı  mərhələlərdə xəstəlik yıxılmalarla müşayiət olunur  və ya ümumiyyətlə hərəkət etməyin mümkünsüzlüyünə gətirib çıxarır;
  • əzələ tonusunun azalması – beyinciyin zədələnməsinin xarakterik əlamətidir. Əgər hərəki  sistemin zədələnməsi  üstünlük təşkil edərsə, tonus artacaq. Beyinciyin zədələnməsi  üstünlük təşkil edərsə, əzələ tonusu  azalmış olacaq;
  • hədəfdən yayınma – hər hansı  bir məqsədyönlü hərəkət öz hədəfinə çatmır. Xəstədən gözləri bağlı halda barmağı  ilə burnunun ucuna toxunmağı  xahiş etdikdə, o, bunu  edə bilmir, barmağı  ilə yanağına, burun qanadına və hətta gözünə toxunur. Bu cür pozuntular  özünəxidmət, qida qəbulu və s. hərəkətlərin icrasına mane olur;
  • nitq  pozuntusu – xəstənin danışığı  qırıq-qırıq, hecavi  olur. Yəni, sözlər hecalara bölünür ki, onlar da ayrı-ayrı və hər biri  vurğu ilə tələffüz edilir;
  • xəttin pozulması – qeyri-səlis olur, cızıqdan kənara çıxır;
  • hərəkətləri  yerinə yetirərkən başın və ətrafların titrəməsi;
  • nistaqm – bəzən o dərəcədə ifadə olunmuş olur ki,  “gözün titrəməsi” təəssüratı yaradır. Bu səbəbdən görmə qabiliyyəti zəifləyə bilər.

 

     Beyin kötüyünün və kəllə-beyin sinirlərinin zədələnməsi

36-81% hallarda qeyd edilir:

  • gözlərin yanlara, yuxarı  və aşağı hərəkətliliyinin məhdudlaşması;
  • çəpgözlük, əşyaların ikiləşməsi;
  • göz almalarının müştərək hərəkətlərinin pozulması: məsələn, yuxarı  baxarkən gözün biri yuxarıya  baxırsa, digəri kənara meyl edir. Bu simptom nüvələrarası  oftalmoplegiya adlanır;
  • üz  əzələlərinin zəifliyi (üz sinirinin parezi) – sifət əyilmiş olur, zədələnən tərəfdə olan göz tamamilə bağlanmır, həmin gözdən yaş  ifrazının güclənməsi müşahidə edilir, qida və su ağızdan tökülür, gülümsəmək mümkün olmur və s;
  • sifət nahiyəsində üçlü sinirin nevralgiyası  tipli ağrılar;
  • nitqin qeyri-səlis, tıntın olması; qida qəbulu  zamanı  çeçəmə; yeməyin və suyun buruna düşməsi; udma aktının pozulması – psevdobulbar simptomlar (kortiko-nuklear yolların ikitərəfli zədələnməsi zamanı  meydana gəlir);
  • retrobulbar nevritin inkişafı – dağınıq skleroz  zamanı  çox tez-tez rast gəlinir (çox zaman xəstəliyin başlanğıc əlamətlərindən olur). Görmə  itiliyinin azalması, rəngləri ayırmaq qabiliyyətinin pozulması  ilə birgə meydana çıxır. Görüntünün parlaqlığı  və kontrastlığı arasında fərq itirilməyə başlayır. Görmə sahəsində xəstə qara nöqtələr, boz ləkələr görür, bəzən onda borudan baxırmış kimi  hissiyyatı  yaranır. Görmə sahələrinin yarısı  itə bilər. Bəbəklərin işığa reaksiyaları  pozulmuş olur. Göz dibinin müayinəsi zamanı  görmə siniri diskinin solğunlaşması (xüsusilə onun gicgah paylarının) aşkar edilir, görmə sinirinin atrofiyası  inkişaf edir.

     Hissiyyat pozulmaları

56-92% hallarda rast gəlinir:

  • dərin hissiyyatın pozulması – orqanizm əzələlərin, vətərlərin, oynaqların üzərində nəzarətdən məhrum olur. Beyin bu strukturlardan impulslar almır. Bu tip pozuntular səbəbindən xəstə hərəkət etdiyi səthi hiss etmədiyinə görə, onun yerişi daha da pisləşir;
  • paresteziyaların (“qarışqa gəzməsi”, qaşınma, yanma, keyimə və s. hissiyyatın) olması;
  • ağrı və istilik hissiyyatını  itirən sahələr – xəstə isti və soyuq arasında, toxunma və iynə batırılması  arasında fərqi hiss etmir;
  • əzələlərin, onurğanın ağrıları.

     Kiçik çanaq üzvlərinin funkiyalarının pozulması

26-53%  hallarda rast gəlinir:

  • sidik  ifrazının pozulması – sidik ifrazının ləngiməsi və ya əksinə, sidiyi saxlaya bilməmək. Sidiyin daimi  olaraq damcı-damcı  gəlməsi və ya sidik kisəsinin vaxtaşırı  olaraq heç bir çağırış olmadan dolduqca  öz-özünə  boşalması  baş verə bilər;
  • defekasiya aktının pozulması. Daha çox xəstəliyin sonrakı  mərhələləri üçün xarakterikdir. Sidik  ifrazının pozuntuları  kimi, qəbizlik və ya nəcisi saxlaya bilməmək halları  mümkündür;
  • cinsi funksiyanın pozulması – erektil disfunksiya (impotensiya), orqazmın olmaması, libidonun zəifləməsi. Qadınlarda menstrual dövr pozulur.

     Neyropsixoloji simptomlar

Bu cür pozuntular 65-95%  hallarda aşkar olunur:

  • astenik sindrom – artan yorğunluq, zehni  və fiziki gücün tez tükənməsi;
  • diqqətin, yaddaşın, təfəkkürün pozulması;
  • depressiya və ya eyforiya;
  • qıcıqlanma, əsəbilik, isterik tutmalar;
  • xroniki  yorğunluq sindromu.

     Atipik təzahürlər

Dağınıq skleroz xəstələrinin yalnız 5-20%-də müəyyən edilir:

  • vegetativ pozuntular (ürəkbulanma və qusma ilə birgə rast gəlinən başgicəllənmə tutmaları, simpato-adrenal böhranlar, bradikardiya və arterial təzyiqin aşağı düşməsi);
  • epileptik tutmalar;
  • hıçqırıq, öskürək, əsnəmək tutmaları, əzələ spazmları;
  • başgicəllənmə və karlıqla birgə qeyd olunan nitq qabiliyyətinin kəskin şəkildə itirilməsi epizodları;
  • Lermitt simptomu: başı  irəli əyərkən onurğa sütunu boyunca elektrik cərəyanının keçməsi hissi.

DS  zamanı  müşahidə olunan nistaqm, intension tremor və hecavi nitqdən ibarət əlamətlərin cəmi  Şarko  triadası  adlanır. Görmə sinirlərinin disklərinin bitemporal solğunlaşması və ya onların atrofiyası, qarın reflekslərinin itməsi Şarko triadasında sadalanan 3 əlamətlə birgə Marburq pentadası  adlanır.

Dağınıq sklerozun gedişi  adətən kəskinləşmələrin və remissiyaların bir-birini əvəz etməsini nəzərdə tutur. Bir sıra hallarda xəstəlik lap başlanğıcından sabitləşmə və vəziyyətin yaxşılaşması anları  olmadan, bəzən isə simptomların davamlı inkişafı şəklində baş verir.

 

     Diaqnoz

Dəqiqliklə dağınıq skleroz diaqnozu orta hesabla bu xəstəliyin ilk simptomlarının meydana çıxmasından 2-3 il sonra qoyulur. Xəstəliyin retrospektiv təhlilindən aşkar edildiyi kimi isə, dağınıq skleroz diaqnozu qoyulmuş xəstələrin təqribən yarısı  artıq 5 ildən artıq bir müddət ərzində həmin xəstəliyə tutulmuş olurlar.

DS diaqnozu mərkəzi sinir sisteminin müxtəlif nahiyələrində periodik olaraq təkrarlanan beynin ağ maddəsinin ocaqlı  zədələnməsi simptomları  olan gənc xəstələrdə asanlıqla təyin edilə bilir. Dağınıq sklerozun diaqnostikası  xəstəliyin başlanğıc dövründə və  ilkin-proqressivləşən gedişi zamanı (bəzən belə hallarda xəstələrdən diqqətlə anamnez topladıqda, onlarda əvvəllər də DS-un kəskinləşməsi əlamətlərinin olmasını  müəyyən etmək olur), həmçinin mərkəzi  sinir sisteminin zədələnməsinin obyektiv əlamətləri olmadan yalnız  zəif ifadə olunmuş pozuntularla (məsələn, yalnız hissiyyat pozutuları  ilə) təzahür etdikdə kifayət qədər çətinləşir.

Dağınıq sklerozun diaqnostikası  üçün aşağıdakı  tədbirlər həyata keçirilməlidir:

  • Anamnestik məlumatların toplanması

Dağınıq sklerozun ilk əlamətləri xəstənin birinci dəfə həkimə müraciət etməsindən bir neçə il əvvəl meydana çıxa bilər. Buna görə də, DS-a  şübhəli xəstədən anamnezin toplanması  zamanı  ona məqsədyönlü  şəkildə əlavə suallar vermək, bu barədə əlavə məlumat verə bilən yaxınları  ilə söhbət etmək olduqca vacibdir. Əksər xəstəliklər kimi, DS-un düzgün diaqnostikası  istiqamətində ilk addım – anamnestik məlumatların diqqətlə toplanması və ətraflı təhlilidir. Dağınıq sklerozun ilk həmləsinin yaranma vaxtını  və bu həmlənin təzahür  formasını  müəyyən etmək olduqca vacibdir ki, bu da həmişə asan olmur.

  • Klinik simptomların aşkar edilməsi üçün nevroloji müayinə

DS xəstəliyinə şübhəli  xəstənin klinik müayinəsi zamanı  onu  tam və diqqətli nevroloji müayinədən keçirmək lazımdır ki, hətta vibrasiya hissiyyatının cüzi azalması, rəngduyma qabiliyyətinin azacıq pozulması, kobud  ifadə olunmamış nistaqm, səthi qarın reflekslərinin itməsi kimi  xırda əlamətlər nəzərdən yayınmasın.

Müayinələr arasında göz dibinin müayinəsi və görmə sahələrinin müəyyən edilməsi də daxil olmaqla okulistin müayinəsi  xüsusi diaqnostik əhəmiyyət kəsb edir;

  • MRT müayinəsi                                                                   

Ən həssas üsul, dağınıq skleroz ocaqlarını  aşkar etmək üçün KT-dən 10 dəfə daha təsirli olan sadə və ya kontrast maddələrinin tətbiqi ilə aparılan MRT müayinəsidir. Dağınıq sklerozun diaqnostikasında MRT müayinəsinin həssaslığı 95-99%-ə  qədər qiymətləndirilir və beləliklə, MRT  zamanı  baş beyin və onurğa beynində xarakterik dəyişikliklərin aşkar edilməməsi, yüksək etibarlılıq dərəcəsilə bu diaqnozu təsdiq və ya inkar etməyə əsas verir.

MRT-nin geniş tətbiqi dağınıq sklerozun diaqnozunu radikal bir şəkildə asanlaşdırmışdır.

MRT müayinəsində demiyelinləşmə ocaqları  T1 rejimində aşağı  sıxlıqlı sahələr və T2 rejimində yuxarı  sıxlıqlı zonalar kimi aşkar edilir.

İltihab və ödem sahəsindən T1-lə əlaqəli təsvirlərə gələn siqnalları  gücləndirən Maqnevist, Omneksan və ya Qadolinium əsasında hazırlanan digər paramaqnit kontrast maddələrin tətbiqi ilə həyata keçirilən MRT müayinəsi  yüksək informativliyə malikdir. Bu zaman demiyelinləşmə ocaqlarının yetişmə dərəcəsini diferensiasiya etmək mümkün olur. Yeni ocaqlarda kontrast maddənin toplanması baş verir; köhnə ocaqların ölçülərinin böyüməsi isə bu maddənin periferiya boyunca toplanması ilə müşayiət olunur (Katz D et al., 1993). Kontrastlaşdırma ilə aparılan MRT müayinəsi patoloji prosesin aktivləşməsini obyektiv qiymətləndirməyə imkan verir. Bu metod, xüsusilə dinamikada istifadə olunduqda daha faydalıdır.

DS-un diaqnostik meyarlarına cavab verən xəstələrin 95%-dən çoxunda MRT müayinəsinin nəticələrində patoloji dəyişikliklər müşahidə edilir.

DS  üçün tipik olan ocaqların  ölçüsü  adətən 3 mm  və ya daha böyük olur. Bu ocaqları periventrikulyar, döyənək cisimdə (xarakterik “Douson barmaqları”), beyin kötüyündə, beyincikdə, onurğa beynində və görmə sinirində aşkar etmək olar.

  • Törənmiş potensialların tədqiqi

DS  zamanı  törənmiş potensialların (TP) tədqiqi  vizual, eşitmə, somatosensor və hərəki yollarla sinir impulslarının ötürülməsinin ləngiməsini və ya pozulmasını müəyyən etməyə imkan verir.

Bu müayinə zamanı  təkrari, eyni tipli qıcıqlar tətbiq edilir və kompüter ortalamasının köməyilə bu qıciqlara cavab olaraq sinir sisteminin müxtəlif nahiyələrində yaranan elektrik siqnalları  qeydə alınır.

Dağınıq sklerozlu xəstələrin 80-90%-də törənmış potensialların bir və ya bir neçə tipinin dəyişiklikləri müşahidə edilir.

TP-ın tədqiqi bəzi hallarda dağınıq skleroz zamanı  hətta bu xəstəliyin aydın kliniki  təzahürü olmadıqda belə, patoloji  prosesin yerini  və həcmini müəyyən etməyə kömək edir.

Bu müayinə metodunun nəticələri, dağınıq sklerozlu  xəstələrdə mərkəzi  sinir sisteminin bəzi strukturlarının zədələnməsi əlamətləri olduğu halda, onun digər strukturlarının xarakterik simptomlar olmadan zədələnməsi aşkar edildikdə çox qiymətlidir. Yaxud, xəstə şikayət bildirdikdə, lakin müayinə zamanı  obyektiv simptomatika qeydə alınmadan nevroloji  pozuntular aşkar edildikdə, TP -ın tədqiqinin nəticələri diaqnozun dəqiqləşdirilməsi işinə olduqca böyük köməklik göstərir.

TP-ın  latent dövrlərinin uzanması  sinir impulslarının miyelinsizləşmiş liflər boyunca normal qaydada deyil, sıçrayaraq yayılması  səbəbindən baş verir.

TP-a  cavabın latent dövrlərinin uzanması dağınıq skleroz zamanı  patologiyanın ən erkən əlaməti  hesab olunur, xəstəliyin son mərhələlərində isə cavablar tamamilə yox ola bilər.

Vizual TP-nın tədqiqi çox yüksək həssaslığa malikdir. Retrobulbar nevrit zamanı  MPT müayinəsi  yalnız 80%-ə  yaxın hallarda görmə sinirinin zədələnməsini aşkar edə bilirsə, vizual  TP müayinəsi zamanı  isə bu göstərici 100%-ə  çatır. Ümumiyyətlə isə, dağınıq skleroz  hallarının 75-97%-də  vizual  TP, 96%-də  somatosensor TP, 30-67%-də  isə beyin kötüyünün eşitmə TP-ı dəyişilmiş olur.

  • Serebrospinal mayenin tədqiqi

Dağınıq skleroz zamanı serebrospinal mayedə aşağıdakı  dəyişikliklər qeyd edilir:

  • limfositoz;
  • oliqoklonal anticisimlər;
  • immunoqlobulinlərin konsentrasiyasının artması.

Adətən likvorda hüceyrələrinin sayı  20 mkl-1-dən artıq olmur, lakin dağınıq sklerozun başlanğıcında 50 mkl-1 -ə  çata və hətta ondan yuxarı  da ola bilər. Limfositozun 75 mkl-1-dən yuxarı  olması  və onurğa beyni mayesində neytrofillərin görünməsi  DS  üçün  xarakterik deyil.

Sitoz proqressivləşən gedişli yaşlı  xəstələrə nisbətən remissiyalı  gedişli gənc xəstələrdə daha çox rast gəlinir.

Zülalın konsentrasiyası  adətən normaldır və  yalnız bəzən cüzi miqdarda artmış olur.

DS diaqnozunu təsdiq edən ən qəti sübut – miyelin zülallarına oliqoklonal anticisimlərin (OAC) müəyyən edilməsi və qan zərdabı ilə müqayisədə serebrospoinal mayedə immunoqlobulin G-nin konsentrasiyasının artması  hesab edilir.

Dağınıq skleroz zamanı  80%  hallarda onurğa beyni mayesində (OBM) zülalların normal konsentrasiyası  fonunda  İgG-nin miqdarının artması  qeyd edilir. DS xəstəliyində mərkəzi sinir sistemində İgG-nin konsentrasiyasının artması – spesifik autoimmun İgG-anticisimlərinin titrinin artması  prosesini əks etdirir.

Oliqoklonal anticisimlər (OAC) 90-95% hallarda xəstələrdə təyin edilir. Xəstəliyin başlanğıcında onlar olmaya da bilər, lakin bir dəfə yarandıqdan sonra onlar həmişəlik orqanizmdə qalmış olur. OAC-in miqdarı  xəstəliyin fəallıq dərəcəsi ilə mütənasib olmur.

Kortikosteroidlərin istifadəsi immunoqlobulin G-nin konsentrasiyasının azalmasına gətirib çıxarır, lakin OAC-nin miqdarına təsir göstərmir.

Lakin qeyd etmək lazımdır ki, OBM-nin tərkibində dəyişikliklərin olması dağınıq skleroz üçün spesifik hesab olunmur.

 

     Diferensial diaqnoz

Dağınıq skleroz dianozunu təyin edərkən, onu  aşağıda sadalanan xəstəliklərdən ayırd etmək lazımdır:

     Vaskulitlər

  • Şeqren sindromu;
  • Düyünlü periarteriit;
  • Sistemli qırmızı qurdeşənəyi;
  • Vegener qranülomatozu;
  • İrihüceyrəli arteriit.

Digər  damar xəstəlikləri

  • Protrombotik hallar;
  • Bisvangerin subkortikal arteriosklerotik ensefalopatiyası;

İltihabi xəstəliklər

  • Kəskin yayılmış ensefalomielit;
  • Sarkoidoz;
  • Bexçet xəstəliyi;
  • Paraneoplastik sindromlar;
  • Xroniki iltihabi  demiyelinləşdirici polineyropatiya;
  • Kəskin iltihabi polineyropatiya (Giyen-Barre).

İnfeksiyalar

  • Virus ensefalitləri;
  • Neyroborrelioz;
  • QİÇS;
  • Neyrosifilis;
  • Yarımkəskin sklerozlaşdırıcı panensefalit;
  • Proqressivləşən məxmərək ensefaliti;
  • Xroniki göbələk meningitləri;
  • Proqressivləşən çoxocaqlı leykoensefalopatiya;
  • Vərə

     İrsi xəstəliklər

  • Adrenoleykodistrofiya;
  • Leberin vizual atrofiyası;
  • Spinoserebellyar degenerasiya;
  • Mitoxondrial ensefalopatiyalar;

     Digər xəstəliklər

  • Onurğa beyninin yarımkəskin kombinə olunmuş degenerasiyası (B12 vitamini çatışmazlığı);
  • Arnold-Kiari malformasiyası;
  • Onurğa beyninin ekstra- və intramedullyar kompression zədələnmələri;
  • Baş beynin şişləri;
  • Baş beyinə yayılan metastazlar.

Çox  vacibdir ki, dağınıq skleroz diaqnozu  həmişə ən axırda, sinir sisteminin buna oxşar çoxocaqlı  zədələnməsinin digər səbəbləri istisna olunduqdan sonra qoyulmalıdır.

 

     Müalicə

Effektiv müalicə taktikasının seçilməsi üçün hər bir konkret şəxsdə xəstəliyin gedişinin bir çox aspektini nəzərə almaq lazımdır. Bütün xəstələrdə simptomlar (və ya simptomların kombinasiyası) müxtəlif olduğundan, dağınıq sklerozun müalicəsi də çox fərdidir. Lakin bəzi ümumi müddəalar var ki, onlara DS olan bütün xəstələrə müalicə təyin edərkən riayət olunmalıdır:

  • müalicəyə mümkün qədər tez başlanılması;
  • dərman vasitələrinin daim qəbul olunması (növbəti kəskinləşmənin qarşısını almaq və proqressivləşməni yavaşıtmaq üçün hətta remissiyalar zamanı da);
  • yeni zədələnmələrin yaranmasına imkan verməmək məqsədilə autoimmun iltihabi prosesin qarşısını alan dərmanların istifadəsi;
  • daha böyük müalicəvi effektə nail olmaq üçün müxtəlif dərman vasitələrinin birgə tətbiq edilməsi.

Bütün müalicə vasitələri 2 qrupa bölünür: patogenetik (dağınıq sklerozun inkişaf mexanizminə təsir göstərir) və simptomatik müalicə vasitələri. Bundan əlavə, kəskinləşmə və remissiya mərhələlərində aparılan müalicə taktikası bir-birindən xeyli fərqlənir.

     Patogenetik müalicə

Patogenetik müalicə həm xəstəliyin başlanğıcında, həm kəskinləşmə, həm də remissiya mərhələlərində aparılır. Bu cür müalicənin məqsədi autoimmun iltihabi prosesi dayandırmaq və miyelin qişasının məhvinin qarşısını almaqdır.

     Kəskinləşmə mərhələsi

Bu mərhələdə tətbiq olunmalıdır:

  • Kortikosteroidlərlə puls-terapiya – hormonların böyük dozasının qısa müalicə kursu ərzində vena daxilinə yeridilməsindən ibarətdir. Adətən Metilprednizolondan (Metipred, Solu-Medrol) istifadə edilir. Preparat sutkada 1 dəfə (günün birinci yarısında), 500-1000 mq dozasında, 200-400 ml fizioloji məhlulda vena daxilinə damcı üsulu ilə (dəqiqədə 25-30 damcı sürətilə) 3-7 gün ərzində yeridilir. Dərmanla müalicə kursunun müddəti və dozası nevroloji  pozuntuların dərəcəsindən asılıdır. Metilprednizolonun əlavə təsirlərinin qarşısını almaq məqsədilə təyin edilir:
  • Kalium preparatları (Asparkam, Panangin) və kalium duzları ilə zəngin pəhriz (banan, bişmiş kartof, alma, kişmiş);
  • mədənin selikli qişasını qoruyan preparatlar (Ranitidin, Simetidin, Almagel, Fosfolügel);
  • antibiotiklər (hormonların bədənin müdafiə qabiliyyətini azaltması səbəbindən, prosesə infeksiya qoşula bildiyindən).

Puls terapiyasından sonra Metilprednizolonu tablet şəklində qəbul etməyi davam edirlər. Metilprednizolonun verilməsi 24 mq dozadan başlanır, tədricən preparatın qəbulu ləğv edilir;

Əgər puls-terapiyanın tətbiqi mümkün deyilsə, bu zaman Deksametazondan  istifadə edilir. Deksametazon sutkada 1 dəfə, vena daxilinə və ya əzələyə 128 mq-dan başlayaraq (simptomların ağırlıq dərəcəsindən asılı olaraq 64 mq, 32 mq da ola bilər) tədricən, 2 gündən bir dozanı  ikiqat azaltmaqla (2 gün 64 mq, növbəti  2 gün 32 mq, növbəti  2 gün 16 mq və s., preparatı tədricən ləğv edənədək) təyin edilir.

  • Plazmaferez – qan plazmasının içərisində sirkulyasiya edən anticisimlərdən təmizlənməsi. Müalicə kursu təxminən 2 həftə çəkir: bu müddət ərzində 3-5 prosedur (bir neçə gün fasilə verməklə) həyata keçirilir. Bəzən plazmaferez hormonlarla puls-terapiya ilə birgə aparılır.
  • Venadaxili yeritmək üçün İnsan immunoqlobulini (Sandoqlobulin, Pentaqlobulin) – ardıcıl olaraq, sutkada 200-400 mq/kq dozasında dəqiqədə 20 damcı sürətilə təyin edilir.
  • Dağınıq sklerozun davamlı inkişafı zamanı, hormonal terapiyanın effekti olmadıqda autoimmun prosesi yatırmaq məqsədilə Sitostatiklər (Azatioprin, Siklofosfamid, Siklosporin A, Metotreksat və s.) tətbiq olunur. Lakin sitostatiklərin tətbiqinin mənfi tərəfi də var: onlar orqanizm üçün yüksək dərəcədə toksikidirlər. Bu preparatların çoxlu ağır əlavə təsirləri vardır. Onlar qan hüceyrələrinin miqdarının kəskin azalmasına gətirib çıxarır (bu isə anemiyanın inkişafı, qanın laxtalanmasının pozulması, bədənin müdafiə qabiliyyətinin azalması  ilə müşayiət olunur), dərman hepatiti yaradır, saçların tökülməsinə və dispeptik halların əmələ gəlməsinə səbəb olur.
  • Antiaqreqantlar və qan təchizatını yaxşılaşdıran preparatlar
  • Dipiridamol (Kurantil) – 25 mq dozasında, 1 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Pentoksifillin (Trental) – 100 mq dozasında, 1 tabletdən, sutkada 3 dəfə yeməkdən sonra daxilə təyin edilir.
  • Antiviral preparatlar – Herpes virusuna yüksək titrlər aşkar edildikdə:
  • Zoviraks (Asiklovir) – 200 mq dozasında, 1 tabletdən, 4 saatdan bir olmaqla, sutkada 5 dəfə daxilə. Müalicə kursu 5 gündür.
  • Valtreks – 500 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə. Müalicə kursu 3-5 gündür.
  • İnterferon  induktorları
  • Sikloferon – 150 mq dozasında tabletləri, xüsusi sxem üzrə: 2-4 tabletdən xəstəliyin 1, 2, 4, 6, 8, 11, 14, 17, 20 və 23-cü günləri daxilə təyin olunur. Müalicə kursu ərzində cəmi 20-40 tablet qəbul edilir.
  • Amiksin – 125 mq dozasında tabletləri: ilk 2 gün sutkada 1 tablet, sonra isə 48 saatdan bir 1 tablet daxilə təyin edilir. Ümumi kursun dozası, xəstəliyin ağırlığından asılı olaraq 10-20 tablet təşkil edir.

 

     Remissiya

Dağınıq skleroz, hətta remissiya mərhələsində də daimi müalicə tələb edən bir xəstəlikdir. Bu mərhələdə klinik əlamətlər azala, xəstənin ümumi vəziyyəti yaxşılaşa bilər, lakin miyelin qişasının məhvolma prosesi davam edəcək. Autoimmun prosesi dayandırmaq, xəstəliyin proqressivləşməsinin qarşısını almaq, əlilliyin inkişafını  ləngitmək məqsədilə xüsusi qrup dərman vasitləri – preventiv (immuntənzimləyici) terapiya tətbiq edilir. Dünya səviyyəsində aparılmış tədqiqatlar bu preparatların dağınıq sklerozun müalicəsində effektivliyini sübut etmişdir. Bunlar β-interferon preparatları (Avoneks, Betaferon, Rebif) və Qlatiramer-asetatdır (Kopakson). Dərman seçimi onun təsir mexanizmindən, xəstəliyin mərhələsindən və xəstənin maddi  imkanlarından asılıdır. Bu preparatların tətbiqi aşağıdakı qaydada həyata keçirilir:

  • Avoneks 6 mln B.V. (beynəlxalq vahid), həftədə 1 dəfə, əzələ daxilinə;
  • Rebif 6  və ya 12 mln B.V, həftədə 3 dəfə, dəri  altına;
  • Betaferon 8 və ya 16 mln B.V, günaşırı  dəri altına;
  • Kopakson hər gün 20 mq dozasında daxilə təyin edilir.

Bu qrup dərman vasitələri üçün  onların bacardıqca erkən müddətdə qəbul edilməsinə başlamaq çox vacibdir. Dağınıq skleroz diaqnozu təyin olunan kimi dərhal  bu preparatların qəbuluna başlamaq və onları  fasiləsiz, davamlı  olaraq qəbul etmək lazımdır. Bu, yeni kəskinləşmələrin yaranmasına mane olmağa və bu səbəbdən xəstədə yeni funksional pozuntuların qarşısını  almağa imkan verir. Beləliklə, xəstə uzun müddət əmək qabiliyyətini saxlayır və sosial aktiv olaraq qalır. Bu isə, hal-hazırda dağınıq sklerozun müalicəsində ən çox can atılan məqsəddir, çünki  bu xəstəliyin tam müalicəsi hələ ki, mümkün deyil.

     Simptomatik müalicə

Bu müalicə növü dağınıq skleroz zamanı  artıq meydana çıxmış simptomların şiddətini azaltmaq məqsədilə müxtəlif dərman vasitələrinin istifadə edilməsindən ibarətdir. Simptomatik müalicə həm kəskinləşmə, həm də remissiya mərhələlərində aparılır. Müalicə simptomlara əsasən aparılır:

  • Spastiklik (əzələ tonusunun artması)
  • Sirdalud (Tizanidin, Tizalud) – 2 mq dozasında, 1-2 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Baklofen – 10 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə;
  • Klonazepam – 1 mq dozasında, 1 tabletdən, sutkada 2-3 dəfə daxilə;
  • MBT (müalicəvi bədən tərbiyəsi);
  • Nöqtəvi masaj;
  • Botulotoksin inyeksiyaları;
  • Hiperbarik oksigenasiya seansları.
  • Əzələ zəifliyi
  • Neyromidin – 20 mq dozasında, 1 tabletdən, sutkada 3-5 dəfə daxilə. Müalicə kursu 2 aydır;
  • Qlisin – 100 mq dozasında, 1 tabletdən sutkada 3 dəfə dil altına ;
  • Serebrolizin – 2 ml əzələ daxilinə. Müalicə kursu 20 gündür;
  • Qliatilin – 400 mq dozasında, 1 kapsuldan, sutkada 2 dəfə daxilə;
  • B qrupu vitaminlə
  • Başgicəllənmə
  • Betaserk (Vestibo, Vestinorm) – 16 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə;
  • Fezam – 1 kapsuldan, sutkada 3 dəfə daxilə;
  • Stugeron forte – 75 mq dozasında, 1 kapsuldan, sutkada 2 dəfə daxilə;
  • Tiosetam – 2 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Nikotinamid – 1 ml 1%-li məhlulu dəri  altına təyin edilir;
  • Sidik ifrazı funksiyasının pozulması
  1. Ümumi tövsiyələr:
  • Maye qəbulu rejiminin normallaşdırılması;
  • Kofein və spirtli içkilərin qəbulundan imtina;
  • sidik kisəsinin maqnit və elektrik stimullaşdırılması;
  • çanaq əzələlərinin məşq etdirilmə
  1. b) sidiyi saxlaya bilmədikdə:
  • Driptan – 5 mq dozasında, 1 tabletdən, sutkada 2-3 dəfə daxilə;
  • Adiuretin – 0,01%-li məhlulu, sutkada 2 dəfə, buruna 1-4 damcı  damızdırmalı;
  1. c) sidik ifrazı  ləngidikdə:
  • Neyromidin,
  • Koordinasiya pozulduqda
  • β-blokatorlar: Propranolol (Anaprilin, İnderal) – 40 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə;
  • Kiçik dozalarda antidepressantlar. Məsələn: Amitriptilin;
  • Vitamin B6 – 1 ml 5%-li məhlulu, əzələyə;
  • Magne-B6 – sutka ərzində 6-8 tablet daxilə;
  • Qlisin;
  • Vestibulyar adaptasiyanı artırmaq  üçün MBT  üsulları.
  • Tremor

Karbamazepin (Teqretol, Finlepsin) – 200 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə təyin edilir.

  • Metabolik terapiya
  • Serebrolizin;
  • Nootropil – 0,4 q dozasında, 1 kapsuldan, sutkada 3 dəfə daxilə;
  • Ensefabol – 0,1 q dozasında, 1 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Qlütamin turşusu – 250 mq dozasında, 2 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Metionin – 250 mq dozasında, 2 tabletdən, sutkada 3 dəfə daxilə;
  • B qrupu vitaminləri (Neurobeks, Milqamma, Neyrorubin);
  • Vitamin C – 2 ml 5%-li məhlulu, əzələ daxilinə;
  • Vitamin E (Tokoferol asetat) – 1 ml 10%-li məhlulu, əzələ daxilinə;
  • Qlisin;
  • Essensiale forte – 300 mq dozasında, 1 kapsuldan, sutkada 3 dəfə daxilə;
  • Lipoy turşusu (Tioktasid) – 25 mq dozasında, 1 tabletdən, sutkada 3 dəfə daxilə və ya 2 ml 0,5%-li  məhlulu əzələ daxilinə təyin edilir.

 

  • Xroniki yorğunluq
  • Semaks – 0,1%-li və ya 1%-li məhlulları, sutkada 3 dəfə, hər dəfə buruna 2-3 damcı damızdırmalı;
  • Fluoksetin (Prozak) – 20 mq dozasında, sutkada 1 dəfə 1 kapsul daxilə təyin edilir.
  • Sertralin (Serlift, Zoloft) – 50 mq dozasında, 1 tabletdən, sutkada 1 dəfə daxilə;
  • Stimol – 10 ml dozasında, sutkada 3 dəfə, 1 paketin möhtəviyyatını ½ stəkan suda həll edib içməli;
  • Enerion – 200 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə;
  • Jenşen ekstraktı – 0,4 q dozasında, 2 kapsuldan, sutkada 2 dəfə daxilə;
  • Eleuterokokk ekstraktı – 25-30 damcı, sutkada 2-3 dəfə daxilə;
  • Kəllədaxili təzyiqin artması ilə bağlı  baş ağrıları
  • Diakarb – 250 mq dozasında, 1 tablet, sutkada 1-2 dəfə, 2 gün ərzində;
  • Qliserin – şam şəklində, axşamlar rektal olaraq təyin edilir;
  • Magne-B6;
  • Maqnezium-sulfat – 10 ml 25%-li  məhlulu, sutkada 1 dəfə əzələ daxilinə;
  • L-lizin essinat – 5-10 ml məhlulu 15-50 ml  0,9%-li  NaCl məhlulunda həll edib, sutkada 2 dəfə venaya yeritmə Müalicə kursu xəstənin vəziyyətindən asılı olaraq 2-8 gün davam edir;
  • Siklo 3 fort – sutkada 2-3 kapsul daxilə təyin olunur.
  • Paroksizmal ağrılar və hallar (trigeminal nevralgiya, Lermitt simptomu, paresteziyalar)
  • Karbamazepin (Finlepsin);
  • Difenin – 117 mq dozasında, sutkada 2-3 dəfə, ½ tablet daxilə;
  • Konvulsofin (Depakin) – 200 mq dozasında, 1 tabletdən, sutkada 2-3 dəfə daxilə;
  • Qabapentin (Qabaqamma, Neyrontin) – 300 mq dozasında kapsullar, 1 kapsuldan sutkada 2 dəfə daxilə;
  • Preqabalin (Lirika) – 150 mq dozasında, 1 kapsuldan, sutkada 2 dəfə daxilə;
  • Lamotricin – 25 mq dozasında, 1 tabletdən, sutkada 2 dəfə daxilə təyin edilir;
  • Depressiya
  • Koaksil (Tianeptin) – 12,5 mq dozasında, 1 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Amitriptilin – 25 mq dozasında, 1 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Lerivon – 30 mq dozasında, 1 tabletdən, sutkada 1 dəfə daxilə;
  • Fluoksetin (Prozak).

 

     Reabilitasiya

Dağınıq sklerozun müalicəsində xəstələrin reabilitasiyasına xüsusi diqqət yetirilir. Müalicə kompleksinə dərman preparatlarından əlavə, hərəki pozuntuların və fəzada koordinasiyanın tənzimlənməsi, incə hərəkətlərin məşq etdirilməsi, yaddaş funksiyasının və diqqətin cəmləşdirilməsinin bərpası, eləcə də nitqin, udma aktının və digər funksiyaların pozulmalarının aradan qaldırılması daxildir. Dağınıq skleroz xəstələrinin reabilitasiyasında aşağıdakı metodlardan istifadə edilir:

Kineziterapiya  incə hərəki bacarıqların bərpasına kömək edir, spazmları  aradan qaldırır və hərəkətlərin koordinasiyasını bərpa edir. Kineziterapevt həmçinin xəstəyə mimiki artikulyasiya gimnastikasını da öyrədir.

Mexanoterapiya  xüsusi trenajorların vasitəsilə koordinasiyanın və dayanıqlığın, eləcə də oynaqlarda hərəkətliliyin erkən və ağrısız bərpası, həmçinin uzunmüddətli  immobilizasiya ilə bağlı  ağırlaşmaların qarşısını almağa   kömək edir.

Loqoped  ilə məşğələlər nitq pozuntularında reabilitasiya üçün çox vacibdir.

Neyroterapiya  xəstədə adətən şüura tabe olmayan fizioloji  funksiyaları  idarə etmək qabiliyyətini formalaşdırmaqdan ibarətdir. Kompüterləşdirilmiş sistemlərin köməyilə hətta  iflic vəziyyətində olan xəstələr belə kommunikasiya və hərəkət etmək şansı  qazanırlar. Neyropsixoloq  virtual reallıq cihazından istifadə edir ki, onun hesabına xəstənin eşitmə və məkan koordinasiyası qabiliyyəti məşq etdirilir.

Psixoterapiya  ruhi  qeyri-sabitliyi, nevrozları, əhval-ruhiyyənin kəskin enməsini aradan qaldırmağa yönəlmişdir. Art-terapiya kursları  emosional stabilləşdirmə üçün lazımlıdır və xəstələrdə nitq qabiliyyətini bərpa etməyə kömək edir. Kliniki psixoloq, psixoterapevt xəstənin emosional fonunu tənzimləyir; ona ətrafdakılar və öz orqanizmi  ilə konstruktiv dialoq qurmağı öyrədir; psixoloji  travmaların öhdəsindən gəlməyə, status-kvonu qəbul etməyə və  özünün acizliyi və yararsızlığı  barədə fikirlərindən xilas olmağa kömək edir.

Müalicəvi  bədən tərbiyəsi (MBT)  dağınıq sklerozu olan xəstənin vəziyyətini, əgər o, özünü həddən artıq yormazsa, əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Masaj  qan dövranını  yaxşılaşdırmaq üçün lazımdır və motor bacarıqlarını  inkişaf etdirmək, bədənin həssaslığını  oyatmaq və əzələ tonusunu bərpa etmək məqsədilə həyata keçirilir.

Erqoterapiya  dağınıq sklerozun müalicəsində sosial uyğunlaşma məqsədi daşıyır. Bu metodun məqsədi xəstəyə tez bir zamanda fəal  həyat tərzinə və  özünəxidmətə qayıtmağa kömək etməkdir.

Dağınıq sklerozun müalicəsinin effektivliyi müxtəlif amillərdən: xəstəliyin formasından, müalicənin başlanma vaxtından, funksional pozuntuların ağırlıq dərəcəsindən, xəstənin psixoloji xüsusiyyətlərindən, onu əhatə edən mühitdən və bir çox digər səbəblərdən asılıdır. Reabilitasiya, əlbəttə ki, bahalı  müalicə üsuludur, lakin bu  üsul xəstənin özünü  yenidən cəmiyyətin tamhüquqlu bir üzvü  kimi hiss edə bilməsi üçün çox vacibdir. Bunu həm xəstənin özünün, həm də onun köməyinə ehtiyacı olduğu yaxınlarının yadda saxlamağı lazımdır.

 

     Pəhriz

Dağınıq sklerozun müalicəsində qidalanma xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçılar DS və qidalanma xüsusiyyətləri arasında bir əlaqənin olmasına diqqət yetirmişlər. Xəstəlik daha çox ət istehlak etdikdə meydana çıxır, tərəvəz və balıq yeməklərinin qida rasionuna daxil edilməsi isə profilaktik təsir göstərir.

Alimlər bu faktı  ətin, qaymağın, yumurta sarısı  və ya kərə yağının tərkibində xüsusi maddənin – araxidon turşusunun olması  ilə izah edirlər. Araxidon turşusu orqanizmdə  iltihabi reaksiyaları  işə salır, dağınıq sklerozun inkişafı  isə, bildiyimiz kimi, sinirlərin miyelin qişalarında iltihabdan başlayır. Bitki mənşəli qidaların tərkibində bu maddə yoxdur. Balıq yağı  və bitki yağları  iltihabi prosesin inkişafına mane olur.

DS xəstələri üçün düzgün qidalanmanın məqsədi orqanizmdə araxidon turşusunun səviyyəsini azaltmaqdır. Yemək kifayət qədər olmalı, ancaq çox yüksək kalorili deyil, yalnız normal  çəki verməyə  imkan yaratmalıdır. Sənaye istehsalı olan ağır yağların və heyvani  mənşəli yağların istehlakını kəskin şəkildə azaltmaq lazımdır. Şokoladda, süd yeməklərində və şirniyyatda olan “gizli” yağlara da xüsusi diqqət yetirmək lazımdır.

DS xəstələri üçün tərtib edilən pəhriz rejimlərindən ən effektiv olanlar  Svank və Embri pəhrizləri  hesab olunur ki, aşağıda onlar barəsində ümumi məlumatlar verilir:

     Svank pəhrizi

Süd məhsullarının, dənli və ya tərkibində qlüten olan məhsulların istehlak edilməsində məhdudiyyət yoxdur. Yalnız xəstədə allergiyaya səbəb ola bilən qida məhsullarının istifadəsindən çəkinmək tövsiyə olunur.

Həkim Svank tərəfindən dağınıq sklerozlu 144  xəstə üzərində  aparılan bir araşdırmaya görə, bu pəhrizə riayət edən şəxslərin səhhətində 34 il ərzində əhəmiyyətli bir pisləşmə qeyd edilməmişdir. Əlavə tədqiqatlar göstərmişdir ki, 44 il  ərzində də bu xəstələrin vəziyyəti  pəhrizə əməl etməyənlərdən fərqli olaraq, əhəmiyyətli dərəcədə dəyişməmişdir.

O, sübut etmişdir ki, doymuş yağları, yağlı  ətləri məhdudlaşdıran, lakin taxıl, meyvə, tərəvəz ilə zəngin olan bir pəhriz DS-u olan insanlara uzun və aktiv bir həyat sürməyə  imkan verir. Bundan əlavə, istehlak edilən yağların miqdarının hesablanması  ilk baxışda çətin görünsə də, bu pəhrizə  riayət etmək çox asandır:

  • Doymuş yağların istehlakının gündə 15 qr-dan çox olmaması.
  • Doymamış yağlar (bitki yağlarının müxtəlif növləri) gündə 20-25 qram olmalıdır.
  • Pəhrizin ilk ilində qırmızı  ət istehlak edilməməlidir, daha sonra həftədə 1 dəfə  85 qramdan artıq olmamaq şərtilə yeyilə bilər.
  • Tərkibində 1%-dən çox yağ olmayan süd məhsulları.
  • Tərkibində doymuş yağlar olan yarımfabrikat məhsulların istehkakı qadağandır.
  • Gündəlik olaraq, multivitamin və mineral kompleksləri ilə birlikdə balıq yağı (1 çay qaşığı və ya  ekvivalent miqdarda kapsul) kimi omeqa-3 mənbəyini  istifadə etmək məsləhət görülür.
  • Tərkibində kofein olan məhsullar (qəhvə, çay, kola) sutkada 3 fincandan artıq içilməməlidir.
  • Spirtli içkilərdən axşamlar 1 qədəh şərab və ya kokteyl içmək olar.

 

     Embri pəhrizi

Bu pəhrizin məqsədi molekulyar quruluşu insan bədəninin miyelininə bənzər olan və bu səbəbdən autoimmun mexanizmləri işə sala biləcək ərzaq məhsullarının istehlakını dayandırmaqdır. Bunlara süd məhsulları, qlüten və paxlalılar daxildir.

Bir şəxsin allergiyası olmadığı təqdirdə, yumurtanın və mayanın istehlakına məhdud miqdarda icazə verilir. Əvvəlcə bu pəhriz adi qidalanma ilə müqayisədə olduqca sərt görünə bilər, amma ona riayət olunması  tədricən xəstə üçün asanlaşır.

     Qadağan edilir:

  • Tərkibində autoimmun reaksiyalara səbəb ola biləcək zülalları olan ərzaqlar. Bunlar:
  • bütün süd məhsulları (süd, yağ, pendir, yoqurt və);
  • tərkibində qlüten olan taxıl məhsulları (buğda, çovdar, arpa və);
  • paxlalılar (lobya, soya, yerfındığı, noxud);
  • Kliniki olaraq təzahür edən və ya yalnız qan testləri ilə aşkar olunan allergik reaksiyalara səbəb ola biləcək məhsullar. Bu məhsullar bağırsaq keçiriciliyini və  immun reaktivliyini  artıra bilər.
  • Şirniyyat, qazlı içkilər (Coca-Cola, Pepsi və s.) və tərkibində yüksək miqdarda şəkər olan hər hansı  digər qida məhsulları. Bu məhsullar bağırsaq mikroflorasına təsir edə bilər ki, bu da duru nəcisin yaranmasına və immun reaktivliyinin artmasına səbəb ola bilər.

     Məhdudlaşdırılır:

  • Doymuş yağları  olan yeməklər. Həftədə yalnız 1 dəfə qida rasionuna qırmızı  ət daxil etmək olar.
  • Marqarində, salat yağında və bişmiş məhsullarda olan 6-omeqa-doymamış yağların qəbulu. Yağ ehtiyacını təmin etmək üçün zeytun yağı istifadə edin.
  • Qarğıdalı və yulaf kimi qlütensiz dənli bitkilər. Əsasən düyüdən istifadə edin, lakin onun istifadəsində də həddi aşmaq olmaz.
  • Spirtli  içkilərin qəbulu. Hər şeydən yaxşısı, az miqdarda şərab içmək və pivənin tam istisna edilməsi məsləhət görülür.

     Artırmaq:

  • Zülalın bərpası üçün toyuq (dərisiz döş əti), digər quş əti və balıq yeyilməlidir. Skumbriya və qızıl  balıq 3-omeqa-doymamış yağ turşuları  ilə zəngindir.
  • Tərkibində karbohidratlar və lifləri olan tərəvəz və meyvələrin qida rasionuna daxil edilməsi.
  • İmmun sisteminin özünütənzimləməsini təmin etmək, antioksidant fəaliyyəti artırmaq və çatışmazlıqlara yol verməmək üçün müxtəlif qida əlavələrinin qəbul edilməsi.

     Əlavə qida amilləri

DS üçün qidalanma strategiyasının əhəmiyyətli bir hissəsi gündəlik qida rasionuna biоlоji qida əlavələrinin  daxil edilməsidir. Tərkibində vitaminlər, antioksidantlar və probiotiklər olan biоlоji qida əlavələrinin xəstələrin qida rasionuna daxil edilməsi, dağınıq sklerozun müalicəsinin effektivliyinə yaxşı  təsir göstərmiş olur. Aşağıda sadalanan tərkibli preparatlar bu sahədə xüsusi əhəmiyyət kəsb edir:

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibi  ionlaşmış kalsium, vitaminlər, minerallar, doymamış yağlar və digər faydalı maddələrdən ibarət оlan preparatlar. Sümük-qığırdaq sistemini də möhkəmləndirir, əzələlərin fəaliyyətini gücləndirir.
  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.

 

     Proqnoz və prpfilaktika

Dağınıq skleroz xəstələrinin ömrünün uzunluğuna bir çox amillər təsir edir:

  • xəstəliyin başlanğıcında həmin şəxsin yaşı;
  • diaqnozun vaxtında qoyulması;
  • xəstəliyin gediş növü;
  • xəstənin profilaktik müalicə alması;
  • DS-un ağırlaşmalarının (yataq yaraları; sidik yollarının, ağciyərlərin və s. infeksiyaları) inkişafı;
  • yanaşı  xəstəliklərin olması.

Dağınıq sklerozlu xəstələrin həyat müddətinə vaxtında diaqnozun qoyulması  bir çox digər xəstəliklərdə оlduğundan daha çox təsir göstərir. Çox halda bu xəstəliyin ilk simptomları  xəstə tərəfindən nəzərə  çarpmaya bilər və o, tibbi  yardım  üçün həkimə müraciət etmir. Bu səbəbdən xəstə aktual müalicə almır. Əgər xəstəliyin lap əvvəlində müalicəyə başlanarsa, bu, həyat  keyfiyyətini əhəmiyyətli  dərəcədə yaxşılaşdırar, bir çox  hallarda xəstəliyin inkişafını  dayandırar, əlilliyin qarşısını  alar və həyat müddətini uzatmış olar.

XX əsrin əvvəllərində dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər xəstəliyin əlverişli gedişi halında maksimum 30 il  yaşayırdılar. XXI əsrdə onların həyat müddəti  əhəmiyyətli dərəcədə artmışdır.

Xəstəliyin remittent forması  həmişə daha əlverişli proqnoza malikdir. Təxminən 70%  hallarda belə xəstələrdə qısamüddətli kəskinləşmələr uzun sürən remissiyalarla əvəz olunur ki, bu  dövr  ərzində  itirilmiş funksiyaların bərpası baş verir.

Birincili proqressiv formada proqnoz həmişə əlverişsiz olur. Bu, ilk növbədə nadir və qısamüddətli remissiyalar və sürətlə artan əlillik dərəcəsi ilə bağlıdır.

DS  zamanı  bəzi əlamətlərə əsasən bu xəstəliyin proqnozu barəsində müəyyən fikir yürütmək olar:

     Xoşxassəli  gedişin  əlamətləri:

  • ilk simptomlar 30 yaşından əvvəl yaranır;
  • qadın cinsinə mənsubiyyət;
  • ilk simptomlar görmə problemləri şəklində təzahür edir;
  • ilk kəskinləşmədən sonra tam remissiya baş verir;
  • ilk və ikinci kəskinləşmə arasında fasilə ən azı  2 il çəkir;
  • xəstəliyin ilk 2 ili ərzində xəstədə yalnız bir kəskinləşmə baş verir;
  • ilk 3 ildən sonra nevroloji çatışmazlıq yüngül dərəcədə ifadə olunmuş olur.

     Əlverişsiz gedişin əlamətləri:

  • ilk simptomlar 40 yaşdan sonra təzahür edir;
  • kişi cinsinə mənsubiyyət;
  • ilk simptomlar ruhi xəstəliklər, hərəkətlə bağlı  problemlər şəklində ifadə olunur və bir neçə simptomun təzahürü ilə xarakterizə  edilir;
  • ilk kəskinləşmədən sonra tam bərpa baş vermir;
  • birinci və  ikinci kəskinləşmə arasındakı  remissiya müddəti 1 ildən azdır;
  • ilk 2 il ərzində xəstədə 2-dən çox kəskinləşmə baş verir;
  • ilk 2 ildən sonra nevroloji  pozuntular kifayət qədər aydın şəkildə ifadə olunmuş olur.

Əlverişsiz amillər  üstünlük təşkil edirsə, dağınıq sklerozun ikincili-proqressiv formaya keçməsi ehtimalı yüksək olur. Bu vəziyyətdə proqnoz daha əlverişsizdir.

Dağınıq sklerozun kəskinləşməsinə səbəb olan bir sıra xarici  amillər vardır ki, onlardan mühafizə  olunmaqla bu xəstəliyin gedişini xeyli yüngülləşdirmək olar:

  1. Yüksək temperatur və birbaşa günəş şüalarına məruz qalmaq.
  2. Aşağı temperatur da təhlükəli ola bilər.
  3. Böyük fiziki və ya zehni yüklənmələr.
  4. Stress və həddindən artıq həyəcan.
  5. İltihabi xəstəliklər.
  6. Spirtli içkilərin həddən artıq qəbulu.

Dağınıq sklerozu tamamilə müalicə edən dərman preparatı  hələ ki yoxdur. Lakin bu sahədə elmi  tədqiqatlar davam edir  və hər il kəskinləşmələrin sayının azaldılması, həmçinin simptomatik müalicə  üçün nəzərdə tutulan yeni-yeni dərman preparatları  sintez edilir. Düzgün qidalanma və mülayim fiziki məşqlər xəstəliyin tam müalicəsi tapılana qədər daha aktiv bir həyat  tərzini qorumağa kömək edəcəkdir.

 

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/polineyropatiya/

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/09/15/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-tor%c9%99dilmis-potensiallar-tp-metodunun-t%c9%99tbiqi/

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 06.09.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq