Beyin qan dövranının keçici pozulmaları
Beyin qan dövranının keçici pozulmaları (BQDKP) baş beynin qısamüddətli tranzitor işemiyası olub, ocaqlı və ümumi beyin simptomları ilə müşayiət olunması, əlamətlərin başlamasından sonra 24 saat ərzində tamamilə yox olması ilə xarakterizə olunur. BQDKP-nın növündən və lokalizasiyasından asılı olaraq kliniki təzahürləri müxtəlif olur. Diaqnostika retrospektiv olaraq həyata keçirilir və nevroloji, oftalmoloji, kardioloji müayinələrin; baş beynin qan təchizatının müayinəsinin (ultrasəs doppleroqrafiya, dupleks görüntüləmə, maqnit-rezonans angioqrafiya); fəqərə sütununun rentgenoqrafiyası və kompüter tomoqrafiyası və s. müayinələrin köməyi ilə aparılır. BQDKP-nın müalicəsi baş beynin qan təchizatının və metabolizminın normallaşmasına, residivlərin profilaktikasına və insultların yaranmasının qarşısının alınmasına yönəlmişdir. Böyük arteriyaların hemodinamik əhəmiyyətli okklüziyası zamanı angiocərrahların vasitəsilə aparılan cərrahi müalicənin tətbiqi mümkündür.
Beyin qan dövranının keçici pozulması işemik insulta bənzər etiologiyaya və inkişaf mexanizminə malikdir. Onun işemik insultdan fərqli xüsusiyyəti qısa müddətli (1 sutkadan çox olmayan) olması və bütün meydana gələn simptomların tranzitor xarakter daşımasıdır. Dünya nevroloji praktikasında belə qəbul olunmuşdur ki, əgər beyin qan dövranının kəskin pozulmalarının (BQDKP) klinik təzahürləri 24 saatdan çox müddət davam edərsə, bu hal artıq insult hesab edilməlidir. Xəstəliyin XBT-10 üzrə kodu G45 və I67.4-dür.
Beyin qan dövranının keçici pozulmalarına tranzitor işemik həmlə (TİH) və hipertenziv ensefalopatiya aid edilir. BQDKP beyin qan dövranı pozulmalarının ən geniş yayılmış növlərindən biridir. Lakin xəstəlik haqqında dəqiq statistik məlumatlar əldə etmək bir qədər çətinlik törədir. Çünki, bir tərəfdən xəstələrin çoxu vaxtında tibbi yardım almaq üçün həkimə müraciət etmirlər, digər tərəfdən isə həkimlər üçün yalnız anamnestik məlumatlar əsasında BQDKP diaqnozunu təyin etmək çətindir.
Etiologiya və patogenez
BQDKP-nın əsasında baş beyni qanla təmin edən arteriyalarda qan axınının azalması dayanır. Həmin dissirkulyator dəyişikliklərinə səbəb olan bir çox amillər mövcuddur. Bunların içərisində ilk yeri ateroskleroz və arterial hipertenziya tutur. Etioloji amillərə həmçinin, şəkərli diabet, infeksion-allergik və sistemli vaskulitlər (Kavasaki xəstəliyi, düyünlü periarteriitlər, Veqener qranülomatozu), damarların kollagenozlar nəticəsində zədələnməsi də daxildir. Damarların anadangəlmə anomaliyaları – patoloji əyrilik, hipoplaziya da müəyyən rol oynayır.
Bu zaman BQDKP-nın yaranmasının başlıca patogenetik mexanizmi arteriya-arterial emboliyadır. Embollar patoloji dəyişikliyə uğramış damarın divarında yaranan trombun hissəcikləri və ya dağılmış aterosklerotik düyünün bir parçası ola bilər. Embolun mənbəyi rolunu ürək boşluğunda anadangəlmə və ya qazanılmış qüsurlar, miksoma, infarktdan sonrakı anevrizma nəticəsində yaranan tromblar oynaya bilər. İri arteriyada meydana çıxan embol, qan axını ilə beyin damarlarının terminal şöbələrinə daxil olaraq onların okklüziyasına və beynin müvafiq bölgəsinin qanla təchizinin kəskin azalmasına səbəb olur.
BQDKP yuxu arteriyalarının okklüziyası zamanı dəfələrlə baş verə bilər. Hipertenziv ensefalopatiyanın etioloji faktorları serebral arteriyaların spazmı və qanın venalarda toplanmasıdır. Vertebrobazilyar hövzədə BQDKP onurğanın boyun şöbəsinin qeyri-sabitliyi, osteoxondroz, boyun spondilozu, onurğa sütünunun travmaları nəticəsində onurğa arteriyasının sıxılması nəticəsində baş verir. Bəzi hallarda BQDKP-na səbəb kəskin qanaxma, miokard infarktı, ağır aritmiya kimi səbəblərdən yaranan kəskin arterial hipotenziyaların nəticəsində inkişaf edən kompensator arterial spazm olur. Körpücükaltı arteriyanın okklüziyası zamanı BQDKP “oğurlanma” mexanizmilə inkişaf edə bilər ki, bu zaman əlin kollateral qan təchizatı baş beynin qanla təchizatını zəiflətmək hesabına vertebrobazilyar hövzə vasitəsilə həyata keçirilir.
BQDKP zamanı serebral işemiyanın qısa müddət davam etməsini təmin edən əsas patogenetik mexanizm yaxşı inkişaf etmiş kollateral qan dövranı sistemidir. Bu sistemin sayəsində arterial okklüziya zamanı qan axını alternativ kollateral yollarla elə sürətlə təşkil olunur ki, işemiya sahəsinin lazımi dərəcədə qanla təchizatını və okklüziyadan sonra 1 sutka ərzində öz funksiyalarını tam bərpa etməsini təmin edir. Bu baş vermədikdə, işemiyaya məruz qalmış beyin hüceyrələrində geriyədönməz dəyişikliklər yaranır ki, nəticədə həmin proses daha sabit nevroloji pozulmalara gətirib çıxarır və artıq işemik insult kimi qiymətləndirilir.
BQDKP-nın simptomları
Adətən qəfil başlanğıc və kəskin inkişafla xarakterizə olunur.
Tranzitor işemik həmlənin (TİH) ümumi beyin simptomları baş ağrısı, yorğunluq, ürəkbulanma (qusma da ola bilər), dumanlı görmə, vegetativ-damar reaksiyaları (sifətin qızarması, titrətmə, tərləmə və s.), şüurun qısamüddətli pozulması şəklində təzahür edir. Ocaqlı simptomatika bütünlüklə işemik prosesin yerləşdiyi nahiyədən asılı olur. Orta hesabla, TİH bir neçə dəqiqədən bir neçə saata qədər davam edir. Pozulmuş nevroloji funksiyaların bir sutka ərzində tam bərpası patoqnomikdir.
DYA (daxili yuxu arteriyası) sistemində T İH işemiya ocağına əks (heterolateral) tərəfdə ətrafların və ya sifətin dərisinin ayrı-ayrı sahələrini əhatə edən müxtəlif variantlı hipesteziyası və / və ya paresteziyası zonaları ilə xarakterizə olunur. Yerli əzələ qruplarını və ya bir ətrafı əhatə edən mərkəzi parezlər müşahidə edilə bilər. Daha az hallarda hemihipesteziya və hemiparezlər qeyd edilir. Əzələ gücü adətən mülayim dərəcədə azalır. Anizorefleksiya xarakterikdir, bəzən Rossolimo və Babinski patoloji refleksləri qeyd olunur. Tez-tez afaziya və ya dizartriya müşahidə olunur. Bir gözdə görmə itiliyinin azalması və ayrı-ayrı hallarda generalizə olunmuş tutmalara çevrilən Cekson tipli epilepsiya tutmalarının olması mümkündür.
Vertebrobazilyar hövzə sistemində TİH qulaqlarda küylə (tinnitus) birgə rast gəlinən başgicəllənmə; vegetativ pozuntular; vestibulyar ataksiya (hərəkətlərin diskordinasiyası, yeriyərkən ləngər vurmaq, Romberq vəziyyətində dayanıqsızlıq və s.); metamorfopsialar, fotopsiyalar və görmə sahələrinin sıradan çıxması kimi müxtəlif görmə pozuntuları şəklində təzahür edir. Üfüqi nistaqm qeyd edilir. Dizartriya, disfoniya, diplopiya, disfaqiya, alternik sindromların yaranması mümkündür. Vertebrobazilyar hövzədə TİH adətən intensivliyi başın hərəkətlərindən asılı olan ənsə nahiyəsindəki baş ağrıları ilə müşayiət olunur.
Beyin kötüyü nahiyəsində TİH sistemli başgicəllənmə, göz əzələlərinin parezi, eşitmənin zəifləməsi, ikigörmə ilə təzahür edir. Udmanın və artikulyasiyanın keçici pozuntuları, hemianopsiya, sifətin dərisinin yerli hipesteziyası yarana bilər. Uzunsov beyin nahiyəsində (retikulyar formasiya, aşağı zeytunlar) TİH zamanı drop-hücumları – kəskin əzələ zəifliyi səbəbindən keçici hərəkətsizlik paroksizmləri qeyd edilir. Gicgah payının medial nahiyəsinin TİH zamanı qısamüddətli Korsakov sindromu – zamanda və məkanda bələdliyin itirilməsi ilə birgə cari hadisələrlə əlaqəli yaddaşın pozulması müşahidə olunur.
Qeyd etmək lazımdır ki, eyni zamanda baş beynin bir neçə arteriyasının stenozu baş verə bilər ki, bu da bir neçə damar hövzəsində TİH-in meydana gəlməsinə səbəb olur. Belə hallarda TİH-in klinik təzahürləri işemik prosesə cəlb olunmuş bütün beyin bölgələrinin zədələnməsi simptomlarını özündə birləşdirir.
Hipertonik ensefalopatiya. Baş beynin damar mənşəli patologiyalarının müxtəlif formaları arasında bədxassəli hipertoniya fonunda inkişaf edən kəskin hipertonik ensefalopatiya xüsusi yer tutur. Hipertenziv ensefalopatiya nadir hallarda rast gəlinir və böyrək hipertoniyasını, eklampsiyanı, essensial hipertoniyanı müşayiət edir. Hipertonik ensefalopatiya arterial təzyiqin 200 mm c. süt.-dan yuxarı qalxması zamanı inkişaf edir. Hipertonik ensefalopatiyanın klinik şəkli, ilk növbədə, kobud ifadə olunmuş ümumi beyin simptomlarından ibarətdir. İlk plana sıxıcı və dözülməz xarakterli diffuz baş ağrısı çıxır və ağrılar tez-tez ürəkbulanma və qusma, başda küy hissiyyatı, əsasən sistemsiz başgicəllənmə, göz önündə “pərdə” və ya “nöqtələr” olması ilə müşayiət olunur.
Vegetativ-damar çatışmazlıqları əlamətləri: sifətin hiperemiyası və ya solğunluğu, hiperhidroz, ürək nahiyəsində ağrılar, taxikardiya, ağızda quruluq və s. geniş ifadə olunmuşdur. Daha ağır hallarda, huşun pozulması, keylik, yuxululuq, psixomotor oyanıqlıq, zamanda və məkanda bələdliyin pozulması, eləcə də generalizə olunmuş epileptik tutmalar qeyd edilir. Meningeal simptomlar da rast gəlinə bilər.
Görmə siniri diskinin ödemi yaranır. Hipertenziv ensefalopatiyanın ocaqlı simptomlarından tez-tez keylik; “iynə batması” hissiyyatı; əllər, sifət və dil nahiyəsində (bəzən hemitipli) ağrı hissiyyatının zəifləməsi qeyd edilir. Nadir hallarda hərəki pozuntular (daha çox əldə) müşahidə edilir. Qeyd etmək lazımdır ki, kəskin hipertonik ensefalopatiyada ocaqlı mikrosimptomlar çox vaxt qeyd edilmir, əsas klinik təzahürlər isə ümumi beyin simptomları ilə təmsil olunur. Kəskin hipertonik halların təkrarlanması zamanı xəstələrdə dayanıqlı ocaqlı simptomlar inkişaf edə bilər. Bu simptomlar tez-tez səpələnmiş, lakin müxtəlif damar hövzələri nahiyəsində və əsasən yarımkürə lokalizasiyalı olur. Xroniki hipertenziv ensefalopatiya inkişaf edir ki, bu da böhranlararası dövrdə müəyyən dərəcədə beyin şişlərinin kliniki şəklini xatırlada bilər. Hipertenziv ensefalopatiya – baş beynin ağır proqrediyent xəstəliyi olub, bir qayda olaraq xəstənin əlilliyinə gətirib çıxarır. Hipertenziv ensefalopatiyanın ilk epizodunun adətən əlverişli sonluğu olur, lakin nadir hallarda ölümlə də nəticələnə bilər.
BQDKP-ın diaqnostikası
Xəstələr nadir hallarda bilavasitə BQDKP zamanı nevropatoloq tərəfindən müayinə edilirlər. Nevropatoloqun qəbuluna daha çox BQDKP-nı artıq keçirmiş xəstələr müraciət edirlər. İşemik epizod faktı həmçinin sahə terapevti və ya təcili yardım həkimi tərəfindən də təyin edilə bilər. Bəzi xəstələr BQDKP keçirmələri barəsində hətta heç bilmirlər də, ancaq ətraflı anamnezin toplanması keçmişdə oxşar halların keçirilməsini aşkar etməyə imkan verir. Anamnezində BQDKP-nın keçirilməsinin müəyyən edilməsi xəstənin sonrakı müalicə taktikasının seçilməsində vacib rol oynayır.
Keçirilmiş BQDKP-dan sonra xəstənin nevroloji statusunda adətən nəzərəçarpan patologiya aşkar edilmir. Əlavə müayinələrin təyin edilməsi mütləq lazımdır.
Müayinənin ümumi mahiyyəti:
Əsas:
- Qanın ümumi analizi;
- Qanın biokimyəvi analizi;
- Koaquloqramma;
- Qanda lipid spektrinin və xolesterinin təyini;
- Onurğanın boyun nahiyəsinin rentgenoqrafiyası və KT müayinəsi;
- Braxiosefalik nahiyənin və transkranial ultrasəs doppleroqrafiyası (USDQ);
- Beyin damarlarının reoensefaloqrafiyası (REQ);
- Kardioloqun müayinəsi (EKQ, Exo KQ, arterial təzyiqin sutkalıq monitorinqi);
- Oftalmoloqun baxışı (perimetriyanın və oftalmoskopiyanın keçirilməsi);
- Endokrinoloqun müayinəsi (qanda şəkərin müayinəsi);
- Baş beyinin MRT müayinəsi;
Genişlənmiş (göstəricilərə görə):
- MRT angioqrafiya;
- EEQ;
- Ətrafların elektromioqrafiyası (EMQ);
Baş beyni qidalandıran magistral damarların trombozu aşkar edidikdə cərrahi müalicənin məqsədəuyğunluğunu müəyyən etmək üçün angiocərrahın müayinəsi məsləhət görülür.
Müayinələrin təqribi aparılma müddəti 1 gündən 7 günədək olmalıdır.
BQDKP-nın müalicəsi
BQDKP-nın müalicəsi patogenetik mexanizmləri və tranzitor işemiya ilə ağırlaşan əsas xəstəliyi nəzərə almaqla həyata keçirilir. Müalicə BQDKP-nın təkrarlanmasına və serebral insultun inkişafına mane olmaq məqsədi ilə aparılmalıdır. Yüngül hallarda (bir neçə dəqiqə ərzində beyin qan dövranı pozuntuları əlamətlərinin yox olması) xəstələrin poliklinika şəraitində müalicə olunması mümkündür. 1 saatdan çox davam edən və təkrar pozuntular baş verən BQDKP-nın ağır hallarında, müalicə stasionar şəraitdə aparılmalıdır.
Müalicənin məqsədi beyin qan dövranının (kollateral qan dövranının) yaxşılaşdırılmasını, beyində mikrosirkulyasiyanın və metabolizmin gücləndirilməsini, beyin ödeminin aradan qaldırılmasını nəzərdə tutur.
Beyin qan dövranının yaxşılaşdırılması üçün arterial təzyiqin normallaşdırılması və ürək fəaliyyətinin gücləndirilməsi göstərişdir. Bu məqsədlə 1 ml 0,06%-li Korqlikon və ya 0,25-0,5 ml 0,05%-li Strofantin məhlulu 20 ml 40%-li Qlükoza məhlulunda həll edib vena daxilinə yeridilir. Arterial təzyiqin aşağı salınması üçün 2-3 ml 1%-li Dibazol məhlulu vena daxilinə və ya onun 2%-li məhlulundan 2-4 ml əzələ daxilinə; 2ml 2%-li Papaverin hidroxlorid məhlulu vena daxilinə; 2ml 2%-li Noşpa məhlulu əzələ daxilinə və ya 10 ml 25%-li Maqnezium sulfat məhlulu əzələ daxilinə yeridilir.
Mikrosirkulyasiyanı və kollateral qan dövranını yaxşılaşdırmaq üçün qanın formalı elementlərinin aqreqasiyasını azaldan preparatlardan istifadə edilir. Sürətli təsir göstərən antiaqreqantlara Reopoliqlükin (vena daxilinə 400 ml, damcı üsulu ilə), Eufillin (10 ml 2,4%-li məhlulu 20 ml 40%-li Qlükoza məhlulu ilə birgə vena daxilinə) və s. aid edilir. BQDKP-nın ağır forması ilə xəstə olan şəxslərə ilk 3 gün antiaqreqantların parenteral yolla yeridilməsi məsləhət görülür. Sonra isə 0,5 q dozasında Asetilsalisil turşusunu 1 il ərzində gündə 2 dəfə yeməkdən sonra qəbul etmək məsləhət görülür. Əgər işemik həmlələr təkrarlanarsa, o zaman hüceyrə aqreqantlarının (mikroembolların) yaranmasının qarşısının alınması, deməli BQDKP-nın təkrarlanmasının və insultun profilaktikası üçün bu preparatın 2 il ərzində qəbul edilməsi mühümdür. Asetilsalisil turşusunun istifadəsi üçün əks-göstərişlərin (məsələn, mədə xorası) olması zaman 0,5 q dozasında Bromkamfora preparatını gündə 3 dəfə daxilə qəbul etmək məsləhət görülür. Bu prepatat nəinki trombositlərin aqreqasiyasını azaltmaq, həm də qanın formalı elementlərinin dizaqreqasiyasını sürətləndirmək xüsusiyyətinə malikdir.
Beyin ödemi zamanı dehidratasion müalicə aparılır: ilk sutka ərzində Furosemid (Laziks) – oral yolla 40 mq və ya vena (və ya əzələ) daxilinə 20 mq tətbiq edilir.
Beyində metabolizmin yaxşılaşdırılması üçün Aminalon, Serebrolizin, B qrupu vitaminləri təyin edilir.
Sistemli başgillənmə tutması zamanı simptomatik terapiya məqsədilə atropinəbənzər preparatların: Belloid, Bellataminal; həmçinin Sinnarizin (Stugeron), Diazepam (Seduksen) və Aminazinin tətbiqi məsləhət görülür. 7-20 gün ərzində sedativ terapiyanın (Valerian ekstraktı, Tazepam, Trioksazin, Oksazepam, Elenium və s.) tətbiq edilməsi məqsədəuyğundur.
Qanda xolesterinin miqdarını tənzimləmək məqsədilə statinlər: Atorvastatin, Rozuvastatin, Simvastatin, Lovastatin və s. təyin olunur. Atorvastatin (Atoris, Torvakard) – 20 mq dozasında tabletləri, sutkada 1 dəfə; Rozuvastatin (Mertenil, Rozukard) – 10 mq dozasında tabletləri, sutkada 1 dəfə; Simvastatin (Zokor) – 10 mq dozasında tableti, sutkada 1 dəfə; Lovastatin (Mevakor) – 40 mq dozasında tableti, sutkada 1 dəfə daxilə təyin edilir. Orqanizmdə xolesterinin sintezi başlıca olaraq gecə vaxtı getdiyindən, statinləri axşam saatlarında qəbul etmək məsləhət görülür.
Bioloji aktiv əlavələr
Hal-hazırda tərkibində müxtəlif bioloji aktiv maddələr olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?
- Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antikоsidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
- Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
- Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
- Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.
- Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
- Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
- Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
- Slimminq (arıqladan) çaylar – tərkibində orqanizm üçün vacib çоxsaylı maddələr: vitaminlər, minerallar və оlur. Orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.
Cərrahi müalicə
Yuxu arteriyasının divarının 70% -dən çox hissəsinin stenozu diaqnozunun təyini cərrahi müalicə üçün bir göstəricidir. Optimal cərrahi taktikanın: eversion və ya klassik karotid endarterektomiya, stentləşdirmə, protezləşdirmə, karotid-körpücükaltı şuntlama və s. seçimi fərdi qaydada həyata keçirilir. Əgər göstəriş olarsa, vertebral arteriyanın stentləşdirilməsi və ya protezləşdirilməsi də həyata keçirilir.
Proqnoz
Nevroloji çatışmazlığın tam aradan qaldırılması baxımından, BQDKP-nın əlverişli bir proqnozu vardır. BQDKP üçün xarakterik olan təkrarlanmağa meyllilik əlverişsiz proqnoz hesab olunur. Residivlərin başvermə tezliyi ildə bir neçə dəfəyə çata bilər. BQDKP-nın hər bir növbəti epizodu işemik insultun yaranma ehtimalını daha da artırır. Daxili qulaq arteriyası hövzəsində BQDKP ən əlverişli proqnoza malikdir. Karotid hövzədə patologiyanın yerləşməsi zamanı proqnoz vertebrobazilyar nahiyədə olan BQDKP-na nisbətən daha pisdir. Adətən bu cür xəstələrdə, ilk 1 il ərzində insult meydana gəlir.
Profilaktika
BQDKP-nın profilaktikası damarların vəziyyətinə mənfi təsir göstərən amillərin aradan qaldırılmasına yönəldilmiş sağlam həyat tərzinə riayət edilməsindən ibarətdir:
- Arterial təzyiqə nəzarət (sistolik qan təzyiqinin 140 mm. c. süt.-dan aşağı, diastolik qan təzyiqinin isə 90 mm. c. süt.-dan aşağı səviyyədə saxlanılması);
- Siqaretdən imtina olunması;
- Spirtli içkilərin qəbulunun məhdudlaşdırılması. Qeyd etmək lazımdır ki, az miqdarda spirtli içkilərin qəbulu (məsələn, gündə 1 stəkan şərab içmək) insult riskini azaldır;
- Qanda lipid səviyyəsinin tənzimlənməsi;
- Qanda şəkərinin səviyyəsinin tənzimlənməsi;
- Müntəzəm fiziki fəaliyyət.
Təkrarlanan beyin qan dövranı pozuntularının qarşısının alınması üçün antihipertenziv preparatların, statinlərin və antiaqreqantların daimi qəbulu məsləhət görülür. 3-6 aydan bir lipid spektrinə nəzarət, qanın biokimyəvi müayinəsi, braxiosefal nahiyənin USDQ-sı, terapevtın müayinəsindən ibarət olan sağlamlıq durumunun monitorinqi aparılmalıdır. BQDKP-nın ikincili profilaktikası nevropatoloqun dinamiki nəzarəti və damar terapiyası kurslarının bir neçə dəfə təkrarlanmasından ibarətdir.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/20/dissirkulyator-ensefalopatiya/
https://nevropatologiya.az/2021/09/04/isemik-insult/
“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2018-ci ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq