Meningit
Meningit – onurğa beyni və ya baş beynin qişalarının infeksion iltihabı xəstəliyidir. Meningitlərin XBT-10 üzrə kodu G0-G3-dür.
Meningitin əsas simptomları – baş ağrısı, yüksək bədən temperaturu, huşun pozulması, işığa və səsə həssaslığın artması, boyunda keyimə hissidir.
Meningitin inkişafının əsas səbəbləri viruslar, bakteriyalar və göbələklərdir. Çox vaxt bu xəstəlik digər infeksion xəstəliklərin ağırlaşması olur və tez-tez ölümcül nəticələrə gətirib çıxarır. Xüsusilə, əgər onun səbəbi bakteriyalar və göbələklər olursa.
Meningitin müalicəsinin əsasında xəstəliyin törədicisindən asılı olaraq antibakterial, antiviral və antifungal terapiya dayanır. Müalicə mütləq stasionar şəraitdə aparılmalıdır.
Uşaqlarda və kişilərdə meningit daha çox yayılmışdır. Xəstələrin sayı payız-qış mövsümündə, xüsusilə noyabr-aprel ayları arasında daha da artır. Bu, temperaturun dəyişməsi, hipotermiya, təzə meyvə və tərəvəzin azlığı, çox sayda insan olan otaqlarda ventilyasiyanın çatışmazlığı kimi amillərdən asılıdır.
Alimlər həmçinin xəstəliyin 10-15 illik dövrülülüyünü də fərqləndirirlər ki, bu zaman xəstələrin sayı xüsusilə artır. Qeyd edilmişdir ki, qeyri-kafi sanitariya şəraiti olan ölkələrdə (Afrika, Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Amerika) meningit xəstələrinin sayı Avropaya nisbətən 40 dəfə çoxdur.
Etiologiya
Meningitin birinci amili və əsas səbəbi müxtəlif infeksiyaların orqanizmə, qana, serebrospinal mayeyə və baş beyinə və onurğa beyninə daxil olmasıdır.
Meningitin ən çox yayılmış törədiciləri aşağıdakılardır:
Viruslar – enteroviruslar, exoviruslar (ECHO – Enteric Cytopathic Human Orphan), Koksaki virusu;
Bakteriyalar – pnevmokokklar (Streptococcus pneumoniae), meninqokokklar (Neisseria meningitidis), B qrup streptokokklar, stafilokokklar, Listeria monocytogenes, Propionibacterium acnes, b tip hemofil çöpləri (Hib), bağırsaq çöpü (Escherichia coli), vərəm mikobakteriyaları, diplokokklar;
Göbələklər – Cryptococcus neoformans, Coccidioides immitis və Candida cinsindən olan göbələklər;
İbtidailər – amöb, malyariya plazmodiumu, Toxoplazma gondii.
Yoluxma hava-damcı (asqıraq, öskürək zamanı), fekal-oral və məişət-kontakt yolları ilə, eləcə də doğuş zamanı, həşəratların (ağcaqanad, gənə) və gəmiricilərin dişləməsi, çirkli qida və suyun istifadəsi yolları ilə baş verir.
Meningitin inkişafına səbəb olan ikinci amil orqanizmi infeksiyalardan qorumaq funksiyasını yerinə yetirən immun sisteminin zəifləməsidir.
İmmun sistemini aşağıdakı səbəblər zəiflədə bilər:
– keçirilmiş xəstəliklər (xüsusilə yoluxucu təbiətli): qrip, otit, tonzillit, faringit, pnevmoniya, kəskin respirator xəstəliklər və s.);
– xroniki xəstəliklərin olması, xüsusilə – vərəm, HİV infeksiyası, sifilis, brüsellyoz, toksoplazmoz, sarkoidoz, qaraciyərin sirrozu, sinusitlər və şəkərli diabet;
– stress;
– dietalara düzgün riayət olunmaması, hipovitaminoz;
– müxtəlif travmalar, xüsusən başın və onurğanın;
– orqanizmin soyuğa məruz qalması;
– spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə olunması;
– dərman maddələrinin nəzarətsiz istifadə edilməsi.
Patogenez
Beyin qişalarının infeksiyasının bir neçə yolu vardır:
- hematogen, limfogen, perinevral, platsenta vasitəsilə;
- kontakt – törədicilərin beyin qişalarına paranazal sinuslarda (sinusogen meningit), orta qulaqda və ya məməyəbənzər çıxıntıda (otogen meningit), dişlərin xəstəlikləri zamanı üst çənədə (odontogen meningit), göz almasında və s. nahiyələrdə irinli proseslər zamanı yayılması;
- açıq kəllə-beyin və fəqərə sütunu-onurğa beyni travmaları, likvoreya ilə müşayiət olunan kəllə əsasının sınıqları və çatları zamanı.
Meningit bakteremiyanın əsas və ya yeganə təzahürü ola bilər. Meningit zamanı infeksiyanın törədicilərinin giriş qapısı burun-udlağın (nazofaringitin, tonzillitin yaranması ilə), bronxların (bronxitlə), mədə-bağırsaq yolunun selikli qişaları olub, onların funksiyalarının pozulmasına, sonradan isə hematogen və ya limfatik yolla törədicilərin beyin qişalarına yayılmasına gətirib çıxarır. Meningitin klinik təzahürlərinin patogenetik mexanizmlərinə beyin qişalarının və onlara bitişik olan beyin toxumasının iltihabı və ödemi, beynin və meningeal qan damarlarında mikrosirkulyasiyanın pozulması, beyin ödeminə və kəllədaxili təzyiqin yüksəlməsinə gətirib çıxaran serebrospinal mayenin hipersekresiyası və sorulmasının yavaşıması daxildir. Beyin qişalarının hissi reseptorlarının və qişaları dəlib keçən kəllə-beyin və onurğa beyni sinirlərinin qıcıqlanmasının da həmçinin özünəməxsus klinik təzahürləri vardır.
Patomorfologiya
Kəskin irinli meningitlərdə patoloji dəyişikliklər törədicidən asılı deyil. Törədicinin qan və ya limfa axını vasitəsilə beyin qişalarına nüfuz etməsilə onların iltihabı tez və diffuz bir şəkildə baş beynin və onurğa beyninin bütün subaraxnoidal boşluqlarına yayılır. Məsələn, pnevmokokk meningitində subaraxnoidal boşluq yaşıl-sarı irinli ekssudatla dolur. Lokal infeksiya zonasında irinli iltihab daha məhdud ola bilər. Beyin qişalarının və beyin maddəsinin ödemi müşahidə edilir. Kortikal venalar qanla dolu olur. Bəzən daxili hidrosefaliya səbəbindən beyin qırışları qalınlaşır. Makroskopik olaraq, beyin qişalarında iltihabi infiltrasiya aşkar edilir: erkən mərhələlərində polinuklearlardan ibarət olur, sonra isə limfositlər və plazma hüceyrələri də tapılır. Daxili hidrosefaliya ən çox beyincik-beyin sisternasının iltihabi adheziyası ilə bağlı olur ki, bu da serebrospinal mayenin axınına maneçilik törədir. Seroz meningitlər zamanı beyin qişalarının və beyin maddəsinin ödemi, likvor boşluqlarının genişlənməsi qeyd edilir.
Meningitin təsnifatı
Meningitin təsnifatı bu xəstəliyin aşağıdakı növlərini əhatə edir:
Etioloji:
Virus menungiti: Xəstəliyə səbəb müxtəlif virusların: enteroviruslar, exoviruslar, Koksaki virusunun orqanizmə daxil olmasıdır. Nisbətən yüngül gedişi ilə, güclü baş ağrıları, ümumi zəiflik, bədən temperaturunun artması və şüur pozulmasının olmaması ilə xarakterizə olunur.
Bakterial meningit: Xəstəliyin səbəbi orqanizmə bakteriyaların, ən çox pnevmokokklar, B qrup streptokokklar, meninqokokklar, diplokokklar, hemofil çöpləri, stafilokokklar və enterokokkların düşməsidir. Güclü ifadə olunmuş gedişi ilə, intoksikasiya əlamətləri ilə, yüksək hərarət, sayıqlamalar və digər klinik təzahürləri ilə səciyyələnir. Bir çox hallarda letal sonluqla nəticələnir.
Fungal meningit: Xəstəliyə səbəb göbələklərin: Cryptococcus neoformans, Coccidioides immitis və Candida cinsindən olan göbələklərin orqanizmə daxil olmasıdır.
Protozoal meningit: Baş beyin və onurğa beyninin ibtidai canlılar, məsələn amöb; malyariya, toksoplazmoz törədiciləri tərəfindən zədələnməsidir.
Qarışıq meningit: Baş beyin və onurğa beyni qişalarının iltihabının səbəbi müxtəlif etiologiyalı infeksiyaların orqanizmə eyni zamanda təsiri ola bilər.
Qeyri-spesifik meningit: Xəstəliyin etiologiyası tam olaraq müəyyən edilməmişdir.
Mənşəyinə görə:
Birincili meningit – xəstəlik müstəqildir, yəni onun inkişafı digər orqanlarda infeksiya ocaqları olmadan baş verir.
İkincili meningit – xəstəlik digər infeksion xəstəliklərin: vərəm, qızılca, parotit, sifilis, QİÇS və s. fonunda inkişaf edir.
İltihab prosesinin xarakteinə görə:
İrinli meningit. Beyin qişalarında irinli proseslər və ağır gedişi ilə xarakterizə olunur. Əsas səbəbi bakterial infeksiyadır. İrinli meningitlər qrupuna törədicidən asılı olaraq aşağıdakılar daxildir:
- Meninqokokk;
- Pnevmokokk;
- Stafilokokk;
- Streptokokk.
Seroz meningit . Beyin qişalarında irinli ocaqların olmaması və iltihabi prosesin daha az şiddətli bir gedişi ilə xarakterizə olunur. Əsas səbəbi virus infeksiyasıdır. Seroz meningit qrupuna törədicidən asılı olaraq aşağıdakılar daxildir:
- Vərəm;
- Sifilis;
- Qrip;
- Enterovirus;
- Parotit və s.
Xəstəliyin gedişinə görə:
- İldırımsürətli (fulminant). Yoluxma və xəstəliyin inkişafı olduqca sürətli baş verir. Xəstə yoluxduqdan sonra ilk gündəcə ölə bilər.
- Kəskin meningit. Yoluxduqdan bir neçə sutka keçmiş kəskin bir klinik şəkil və gedişlə müşayiət edilir. Sonra xəstə ölə bilər.
- Xroniki meningit. İnkişaf tədricən, simptomatikanın güclənməsi şəklində baş verir.
Prosesin yayılmasına görə:
- Bazal – iltihab baş beynin əsasında cəmləşmiş olunur.
- Konveksital – iltihab baş beynin qabarıq hissələrində cəmləşmiş olunur.
- Total – iltihab beynin bütün hissələrini əhatə edir.
- Spinal – iltihab onurğa beyni əsasında cəmləşmiş olunur.
Lokalizasiyasına görə:
- Leptomeningit – iltihabi proses baş beynin və onurğa beyninin yumşaq və hörümçək torunabənzər qişalarını əhatə edir.
- Paximeningit – iltihabi proses beynin sərt qişasını əhatə edir.
- Panmenigit – Proses eyni zamanda beynin bütün qişalarını əhatə edir.
Tibbi praktikada “meningit” termini altında beynin yumşaq qişalarının zədələnməsini nəzərdə tuturlar.
Ağırlıq dərəsinə görə:
- yüngül dərəcəli;
- orta- ağır dərəcəli;
- ağır dərəcəli.
Meningitin inkubasiya dövrü
Meningitin inkubasiya dövrü, yəni yoluxma anından xəstəliyin ilk əlamətlərinin təzahürünə qədər olan müddət, xəstəliyin törədicisinin növündən asılıdır, lakin əsasən, 2 gündən 4 günə qədər olur. Lakin inkubasiya dövrü bir neçə saatla 18 gün arasınada dəyişə bilər.
Meningitin simptomları
Baş beynin və onurğa beyninin bu xəstəliyinin bütün əlamətləri yoluxucu xəstəliyin təzahürlərinə uyğun gəlir. İnfeksiyanı dayandırmaq və xəstəliyin ağırlaşmasına yol verməmək məqsədilə qiymətli vaxtı itirməmək üçün meningitin ilk əlamətlərinə diqqət yetirmək çox vacibdir.
Ümumiyyətlə, meningitin bütün simptomları 3 qrupa bölünür: ümumi infeksion, ümumi beyin və meningeal simptomlar.
Ümumi infeksion əlamətlər: spesifik deyil. Yəni onların varlığı hələ meningitin olmasını təsdiqləmir. Bu əlamətlər yalnız xəstəliyin infeksion başlanğıcından xəbər verir. Ümumi infeksion əlamətlərə aşağıdakı simptomlar aid edilir:
- bədən hərarətinin kəskin artması (40 ° C-yə qədər), titrətmə;
- əzələ ağrıları, oynaqlarda ağrıların olması;
- zökəm, boğazın qızarması və asqırmaq kimi kataral hallar;
- iştahanın olmaması;
- sifətin qızarması;
- bəzən çəhrayı və ya qırmızı rəngli səpgilər qeyd edilir ki, onlara təzyiq etdikdə yox olur və bir neçə saatdan sonra xırda göyərmələr şəklində yenidən təzahür edir;
- diareya (əsasən uşaqlarda);
- ümumi zəiflik, halsızlıq;
- taxikardiya və tənəffüsün tezləşməsi;
- limfa vəzilərinin böyüməsi;
- qanda infeksiya prosesinə uyğun dəyişikliklər (EÇS-in yüksəlməsi, leykositlərin sayının artması və s.).
Ümumi beyin əlamətləri də meningit üçün spesifik deyil. Bunlara aşağıdakı simptomlar aid edilir:
- Baş ağrısı. Meningit zamanı baş ağrıları çox güclü olur və bütün başı əhatə edir, xəstələr daxildən gözlərinə təzyiq olmasını hiss edirlər. Baş ağrılarının mənbəyi beyin qişalarının qıcıqlanması, iltihab nəticəsində kəllədaxili təzyiqin artmasıdır. Meningit zamanı baş ağrısının xarakterik cəhəti, ağrılar yüksək həddə çatanda qusmanın baş verməsidir.
- Qusma. Qusma ürəkbulanma olmadan baş verir, bir neçə dəfə təkrar olunur və yüngülləşmə gətirmir. Bu cür qusma “beyin” qusması adlanır.
- Huşun pozulması. Bu simptomun təzahürü meningitin ağırlıq dərəcəsindən asılıdır. Yüngül formalarda huşun pozulması baş verməyə də bilər. Ağır formalı meningitlərdə huşun kəmiyyət (keylik, sopor, koma) və keyfiyyət (hallüsinasiyalar, sayıqlama, psixomotor oyanıqlıq, oneyroid) pozulmaları müşahidə edilir.
- Generalizə olunmuş qıcolma tutmaları. Bu simptom da beyin qişalarının qıcıqlanması və kəllədaxili təzyiqin artması səbəbindən meydana çıxır. Bəzən epileptik tutmalar qəflətən, meningitin digər simptomlarının olmaması fonunda baş verir.
- Göz dıbində durğunluq əlamətləri.
Meningeal simptomlar: Bunlar beyin qişalarının zədələnməsinin məxsusi kliniki əlamətləridir. Ayrı-ayrılıqda 1-2 meningeal simptomun aşkar edilməsi hələ meningit diaqnozunu təsdiq etməyə əsas vermir, çünki bu əlamətlər sinir sisteminin digər patologiyaları zamanı da (məsələn, subaraxnoidal qansızmalarda) rast gəlinə bilər. Lakin eyni bir xəstədə bu simptomların bütöv bir kompleksinin aşkar edilməsi meningit diaqnozunu tam əminliklə təsdiqləməyə imkan verir. Əgər xəstədə meningeal simptomlarla yanaşı ümumi infeksion və ümumi beyin əlamətləri də aşkar edilərsə, o zaman ilkin diaqnoz tam təsdiqlənə bilər. Meningeal simptomlara aşağıdakılar aid edilir:
- “yorğan” simptomu – ümumi hiperesteziyanın nəticəsidir. Xəstə hətta isti otaqda belə, yorğana bükülmüş, başını bürümüş vəziyyətdə qala bilir. Xəstə hətta huşsuz vəziyyətdə olduqda da yorğanı tutub saxlayır və onun üstündən götürülməsinə müqavimət göstərir;
- ənsə (boyun) əzələlərinin rigidliyi. Boyun əzələlərinin reflektor gərginləşməsi səbəbindən xəstənin boynunu passiv şəkildə aşağı əydikdə, bu hərəkətə müqavimət hiss edilir, xəstənin çənəsi isə sinəsinə bir neçə barmaq çatmır. Bəzən xəstədə bu simptom o dərəcədə güclü ifadə olunur ki, sakit halda onun boynu arxaya qanrılmış olur və sanki “balışın içində batır”. Qeyd etmək lazımdır ki, xəstədə boynun yanaşı patologiyası və hərəkət məhdudluğu olduğu hallarda bu simptom informativ hesab edilmir;
- hiperesteziya (işığa, səsə, toxunmaya həssaslığın artması);
- meningitik poza (“tazı” pozası). Ayrı-ayrı əzələ qruplarının reflektor gərginləşməsi səbəbindən onurğa sütunu qövs şəklini alır, baş arxaya çevrilir, ayaqlar qarına doğru yığılmış olur;
- “qayığabənzər” qarın simptomu. Qarın qeyri-iradi olaraq içəri dartılır. Bəzi alimlər bu simptomu meningitik pozanın bir hissəsi hesab edirlər;
- üçlü sinirin innervasiyası nahiyələrinə, qaşların ortasına və ya gözün altına təzyiq edən zaman ağrının yaranması;
- Kerniq simptomu: budun arxa qrupu əzələlərində gərginliyin olması səbəbindən bud-çanaq və diz oynaqlarında bükülmüş ayağın diz oynağında açılmasının mümkün olmaması. Bu zaman baldırın bükücü əzələlərinin gərginliyi diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, bu simptom yaşı 3 aya qədər olan körpələrdə fizioloji sayılır;
- Brudzinski simptomları:
1) Yuxarı Brudzinski simptomu: başı passiv şəkildə aşağı əyməyə çalışarkən ayaqların bükülməsi və qarına doğru yığılması;
2) Orta Brudzinski simptomu: qasığa təzyiq etdikdə ayaqların bud-çanaq və diz oynaqlarında bükülməsi və qarına doğru yığılması;
3) Aşağı Brudzinski simptomu: bir ayaqda Kerniq simptomunu yoxlayarkən, digər ayağın bud-çanaq və diz oynaqlarında bükülərək qarına doğru yığılması.
4) Yanaq Brudzinski simptomu: yanağa almacıq qövsünün üzərində təzyiq etdikdə həmin tərəfdə qol dirsəkdən bükülür, çiyin qalxır;
- Bexterev simptomu: almacıq qövsünü tıqqıldatmaq üz əzələlərinin təqəllüsünə səbəb olur;
- Pulatov simptomu: kəlləni tıqqıldatmaq ağrıya səbəb olur;
- German simptomu: arxası üstə, ayaqlarını qabağa uzatmış vəziyyətdə olan xəstənin başını passiv surətdə aşağı əydikdə ayağın baş barmağının açılması müşahidə olunur. Bu simptomun digər bir variantında açılmış ayağı bud-çanaq oynağında passiv şəkildə bükməyə çalışarkən ayağın baş barmağının açılması müşahidə olunur;
- Giyen simptomu: xəstənin bir ayağında budun ön səthinin əzələlərini əllə sıxdıqda onun digər ayağının qeyri-iradi olaraq bükülməsi müşahidə olunur;
- Lafor simptomu: sifət cizgilərinin kəskinləşməsi;
- Flataunun bəbək simptomu: xəstənin başını passiv şəkildə aşağı əydikdə onun bəbəklərinin genişlənməsi müşahidə edilir;
- Boqolepov simptomu: xəstədə Kerniq və Giyen simptomlarını yoxlayarkən (hətta huşsuz vəziyyətdə belə), sifətində ağrı ifadəsinin yaranması;
- Bikkel simptomu: xəstədən qollarını dirsəkdən bükməyi və həkimin hərəkətlərinə mane olmamağı xahiş edirlər. Xəstənin qollarını açmağa cəhd etdikdə həkim müqavimət hiss edir və qolları açmaq mümkün olmur;
- Mandanezi simptomu: xəstənin göz almalarına təzyiq etdikdə, sifət əzələlərinin gərginliyi müşahidə olunur;
- Levinson simptomu: xəstə müstəqil şəkildə başını aşağı əyməyə cəhd etdikdə ağzı açılır;
- Mendel simptomu: xarici qulaq keçəcəyi nahiyəsinə təzyiq etdikdə ağrı yaranır;
- Lesaj simptomları: körpə uşaqlarda əmgək şişkin, gərgin olur və pulsasiya edir. Əgər onu qoltuqlarından tutub yuxarı qaldırsaq, bu zaman körpə başını geri əyir, onun ayaqları isə reflektor olaraq qarnına tərəf yığılır.
Qeyd etmək lazımdır ki, yuxarıda təsvir olunan meningeal simptomların hamısı eyni zamanda müşahidə edilmir. Onların təzahürü ümumi infeksion və ümumi beyin simptomlarının arxasında “gizlənə” bilər. Huşun pozulması zamanı onların çoxu öz əhəmiyyətini itirir. Meningeal simptomların özəlliyi onların dinamik olmasıdır. Yəni, onlar çox qısa bir müddət ərzində təzahür edə bilər. Məsələn, ilkin müayinə zamanı həkim meningeal simptomları aşkar etməyə bilər, lakin bir neçə saatdan sonra, təkrari müayinə zamanı onlar meydana gələcək.
Meningitin qeyri-spesifik simptomları arasında seçilir:
- görmə funksiyasının zəifləməsi, ikigörmə, çəplik, nistaqm, ptoz;
- eşitmənin zəifləməsi;
- üz əzələlərinin parezi;
- qarında ağrılar, qəbizlik;
- taxikardiya və ya bradikardiya;
- yüksək qan təzyiqi;
- uveit;
- yuxululuq.
Meningitin kliniki şəkli daha çox onun törədicisindən asılı olur. Məsələn, meningeal simptomlar və bütün bədənə yayılmış hemorragik səpkilər meninqokokk infeksiyası üçün xarakterikdir. Bütün bunlar diaqnozun qoyulmasına və etiotrop müalicənin təyin olunmasına böyük köməklik göstərir.
Meningitin ağırlaşmalarından aşağıda sadalananlar daha çox rast gəlinir:
- eşitmə qabiliyyətinin itirilməsi;
- epilepsiya;
- hidrosefaliya;
- uşaqların normal zehni inkişafının pozulması;
- endokardit;
- irinli artrit;
- qanın laxtalanmasının pozulması;
- letal sonluq.
Meningitin diaqnostikası
Meningitin diaqnostikasına aşağıdakı müayinə metodları daxildir:
- Qanın ümumi analizi;
- Qanın biokimyəvi analizi;
- Serebrospinal mayenin müayinəsi;
- Polimeraza zəncirvari reaksiyası (PZR);
- Serodiaqnostika;
- Maqnit-rezonans tomoqrafiyası (MRT);
- Kompüter tomoqrafiyası (KT);
- Elektroensefaloqrafiya (EEQ).
Tədqiqat materialı olaraq punksiya vasitəsilə onurğa kanalından alınan onurğa beyni mayesindən istifadə edilir.
Qanın ümumi analizində iltihab əlamətləri aşkar olunur, yəni:
– Leykositoz. Leykotsitlərin sayının artması 9 x109-dan çoxdur. Bakterial meningit zamanı neytrofillərin hesabına 20 – 40 x 109 göstəricisi müşahidə edilir.
– Leykopeniya. Leykositlərin sayı 4 x 109-dan az olur. Bəzi viral meningitlər zamanı müşahidə olunur.
– Leykositar formulun sola yerdəyişməsi – yetişməmiş leykositlərin sayının artması, mielositlərin və metamielositlərin müşahidə edilməsi. Bu dəyişiklik xüsusilə bakterial meningitdə daha çox rast gəlinir.
– EÇS –in (eritrositlərin çökmə sürəti) artması – saatda 10 mm-dən çoxdur.
Bəzən anemiya ola bilər:
– Hemoqlobinin konsentrasiyasının qanın hər litri üçün 120 qr-dan aşağı olan bir azalması;
– Eritrositlərin ümumi sayı 4 x 1012-dan azdır.
Ağır hallarda:
– Trombositopeniya. Trombositlərin sayının 150 x 109 -dan az olmasıdır. Meninqokokkal meningit zamanı müşahidə olunur.
Qanın biokimyəvi analizi
Qanın biokimyəvi analizindəki dəyişikliklər turşu-qələvi balansının pozulmasını əks etdirir. Bir qayda olaraq, bu, balansın turşuluğa doğru dəyişməsi, yəni asidoz şəklində təzahür edir. Bu zaman kreatinin (100 – 115 μmol / litr) və sidik cövhərinin (7,2 – 7,5 mmol / litrdən yuxarı) konsentrasiyası artır; kalium, natrium və xlorın balansı pozulur.
Lateks testləri, PZR metodu
Meningitin törədicisini dəqiq təyin etmək üçün lateks-aqlütinasiya və ya polimeraza zəncirvari reaksiyası (PZR) üsullarından istifadə olunur. Onların mahiyyəti serebrospinal maye içərisində olan törədicinin antigenlərini müəyyən etməkdir. Bu zaman yalnız törədicinin növünü deyil, həm də tipini müəyyənləşdirmək mümkün olur.
Lateks-aqlütinasiya üsulu 10-20 dəqiqə çəkir və aqlütinasiya reaksiyası (yapışma) göz önündə, saniyələr ərzində baş verir. Bu üsulun zəif cəhəti – aşağı həssaslıqdır.
PZR metodu ən yüksək həssaslığa (98-99%) malikdir və onun spesifikliyi 100%-ə çatır.
Serebrospinal punksiya
Meningitin diaqnostikasında serebrospinal punksiya məcburidir. Bu metod xüsusi iynənin vasitəsilə bel nahiyəsi səviyyəsində onurğa beyninin yumşaq və hörümçək torunabənzər qişalarının arasındakı sahəyə daxil olmaqdan ibarətdir. Bu zaman müayinə üçün onurğa beyni mayesi götürülür. Meningitin diaqnozu serebrospinal mayedə olan iltihabi dəyişikliklərə əsaslanır. Meningit zamanı onurğa beyin mayesində hüceyrələrin sayının artması (pleositoz) aşkar edilir. Əgər meningeal sindrom meningitin deyil, beyin qişalarında digər amillərin (intosikasiyalar, qişalara qan sızması, şişlər) təsiri nəticəsində yaranırsa, bu vəziyyəti meningizm adlandırırlar.
Likvorun rənginin bulanması adətən irinli meningitin olmasından xəbər verir. Bu zaman likvorun rəngi çirkli-yaşıl ola bilər. Xüsusilə güclü ifadə olunmuş pleositoz irinli meningitlər zamanı rast gəlinir. Bu zaman likvorun hüceyrə tərkibinə əsasən meningitin xarakteri barəsində fikir yürütmək olar. Seroz və vərəm mənşəli meningitlərdə 1 ml likvorda normal halda rast gəlinən 3-5 hüceyrə əvəzinə onlarla, hətta yüzlərlə hüceyrə aşkar edilir ki, bunların da əksəriyyəti limfositlərdən ibarət olur. İrinli meningitlərin kəskin mərhələsində 1 ml likvorda minlərlə, hətta on minlərlə hüceyrə aşkar olunur ki, onların da arasında neytrofillər üstünlük təşkil edir. Meningitlər zamanı likvorda hüceyrə-zülal dissosiasiyası, yəni zülalların miqdarının normal və ya mülayim dərəcədə artması fonunda hüceyrələrin sayının əhəmiyyətli dərəcədə çoxalması müşahidə olunur.
Likvorun tərkibində olan şəkərin və xloridlərin barəsində məlumat mühüm kliniki əhəmiyyətə malikdir. Onların miqdarının azalmasına daha çox meningitlərdə, o cümlədən vərəm mənşəli meningitlərdə rast gəlinir. Likvorda şəkərin və xloridlərin miqdarının azalması pis proqnostik əlamət hesab olunur. Vərəm mənşəli meningitdə likvorda 1 sutkadan sonra nazik pərdə – “hörümçək toru“ aşkar etmək olar. Bəzən qabaqcadan rənglənmiş likvorda mikroskop vasitəsilə bakteriyaları (əsasən vərəm mikobakteriyalarını) aşkar etmək olur.
İrinli meningitlərdə törədicinin növünü və onun antibiotiklərə həssasliğını müəyyənləşdirmək üçün likvorun qidalı mühitlərdə əkilməsi məqsədəuyğundur (A.M. Pulatov, A.S. Nikiforova).
İnstrumental müayinə metodları:
Elektroensefaloqrafiya
EEQ-nin tətbiqi üçün göstəricilər aşağıdakılardır:
- epilepsiya tutmaları;
- naməlum etilogiyalı qıcolma tutmaları;
- baş ağrısı, başgicəllənmə və naməlum etiologiyalı nevroloji pozuntular tutmaları;
- yuxu və oyaqlıq pozuntuları, dəhşətli yuxular, lunatizm;
- beyin maddəsində olan travmalar, şişlər, iltihabi proseslər və qan dövranı pоzulmaları.
Meningit zamanı EEQ baş beynin bioelektrik fəallığında diffuz azalma olduğunu göstərir. Bu tədqiqat meningitdən sonrakı qalıq halları və ağırlaşmalar zamanı, daha dəqiq desək, epilepsiya tutmaları və tez-tez baş verən qıcolmalar vaxtı istifadə olunur. EEQ hansı beyin strukturlarının zədələndiyini və tutmaların növünü müəyyənləşdirməyə kömək edir. Meningitin digər hallarında bu tədqiqat növü informativ deyildir. O, yalnız beyin strukturlarının zədələnməsini təsdiqləyir.
Kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya
KT müayinəsində beyin strukturları, yəni beyinin boz və ağ maddəsi, beyin damarları, beyin qişaları, kəllə-beyin sinirləri və damarları tədqiq olunur. Beləliklə, meningitin əsas sindromu – kəllədaxili təzyiqin artması sindromu və onun nəticəsi olan baş beynin ödemi aşkar edilir. KT-də ödemli toxuma lokal, diffuz və ya periventrikulyar (mədəciklər ətrafında) şəklində ola bilən aşağı sıxlıqla xarakterizə olunur. Yüksək ifadə olunmuş ödem zamanı mədəciklərin genişlənməsi və beyin strukturlarının yerdəyişməsi müşahidə edilir. Meninqoensefalit zamanı azalmış sıxlığı olan heterogen sahələr aşkar edilir ki, bunlar da çox vaxt artmış sıxlıq zonası ilə məhdudlaşır. Əgər meninqoensefalit kəllə-beyin sinirlərinin zədələnməsi ilə təzahür edirsə, o halda KT zamanı nevritin əlamətləri aşkar edilir.
Kompüter tomoqrafiyası metodu meningit və baş beyin həcmli proseslərinin diferensial diaqnostikasında çox vacibdir. Bu halda spinal punksiya əvvəlcə əks-göstərişdir və yalnız kompüter tomoqrafiyasından sonra aparılır.
Lakin, informativlik baxımından KT müayinəsi MRT müayinəsindən geri qalır. MRT həm beyin toxumalarında, həm də beyin qişalarında iltihabi prosesləri aşkar edə bilir.
Müalicə
Meningitin müalicəsi kompleks şəkildə aparılır və aşağıdakı müalicə tədbirlərindən ibarətdir:
- Xəstənin hospitalizasiyası;
- Yataq və yarımyataq rejimi;
- Törədicilərin növünə görə dərman terapiyası:
– antibakterial terapiya;
– antiviral terapiya;
– antifungal terapiya;
- Detoksikasion müalicə;
- Simptomatik müalicə.
Xəstənin hospitalizasiyası və yataq rejimi.
Meningit həyat üçün təhlükəli bir xəstəlik olduğundan onun müalicəsi yalnız stasionar şəraitində həyata keçirilir. Bundan əlavə, bu xəstəliyin törədiciləri çoxsaylı mikrob növləri olduğundan, onların hər birinin müalicəsi də ayrı-ayrı qruplara məxsus dərman preparatları vasitəsilə həyata keçirilir. Burada kor-koranə müalicə aparmaq xəstənin həyatı hesabına başa gələ bilər.
Stasionar şəraitində xəstə parlaq işıqdan və səs-küydən təcrid edilir, dərmanların verilməsinə həkimlər tərəfindən nəzarət olunur və lazım gəldikdə reanimasiya tədbirləri həyata keçirilir.
Dərmanlarla müalicə (meningit əleyhinə preparatlar)
Antibakterial terapiya
Antibiotiklər bakterial mənşəli meningit və ya xəstəliyin irinli forması zamanı təyin edilir. Meningit zamanı tətbiq edilən antibiotiklər arasında aşağıdakıları qeyd edə bilərik:
– Penisillinlər – doza, müalicənin başlanğıcında bədən kütləsinin hər 1 kq-na sutkada 260 000-300 000 TV – əzələ daxilinə təşkil edir, müalicənin başlanğıcında dərman hər 3-4 saatdan bir yeridilir.
– Ampisillin – müalicə dozası 4-6 qəbula 1 kq bədən çəkisinə sutkada 200-300 mq təşkil edir.
– Sefalosporinlər: Seftriakson – (uşaqlara sutkada bədən çəkisinin hər 1 kq-na 50-80 mq olmaqla 2 dəfəyə; böyüklərə – sutkada 2 qram). Sefotaksim (sutkada bədən çəkisinin hər 1 kq-na 200 mq olmaqla, 4 qəbula bölməklə).
– Karbapenemlər: Meropenem (1 kq bədən çəkisinə sutkada 40 mq, 8 saatdan bir, maksimal doza – sutkada 6 q);
Vərəm meningiti zamanı aşağıdakı preparatlar təyin edilir: İzoniazid, Streptomisin, Etambutol. Bakterisid təsiri artırmaq üçün bu kompleksə Pirazinamid və Rifampisin əlavə edilir.
Antibiotiklərin qəbul kursu 10-17 gündür.
Antiviral terapiya
Virus meningitinin müalicəsi adətən simptomatik terapiyadan ibarətdir – analgeziya, bədən temperaturunun aşağı salınması, rehidratasiya, detoksikasiya. Müalicənin klassik sxemi soyuqdəymənin müalicəsinə bənzəyir.
Əsasən virus meningitinin müalicəsi üçün aşağıdakı dərman qruplarının kombinasiyası nəzərdə tutulur: İnterferon + Qlükokortikosteroidlər.
Əlavə olaraq barbituratlar, nootrop preparatlar, B qrupu vitaminləri, tərkibində böyük miqdarda vitaminlər, xüsusilə C vitamini olan zülal diyetası, müxtəlif antiviral preparatlar (virusun növündən asılı olaraq) təyin edilir.
Antifungal terapiya
Göbələk mənşəli meningitin müalicəsi adətən aşağıdakı preparatların qəbulundan ibarətdir:
Kriptokokk və kandidoz meningit zamanı (Cryptococcus neoformans və Candida spp) Amfoterisin B + 5-Flusitozin.
Amfoterisin B-nin dozası sutkada hər 1 kq-a 0,3 mq təşkil edir.
5-Flusitozinin dozası sutkada 1 kq-a 150 mq-dır (4 dəfəyə).
Əlavə olaraq, Flukonazol da təyin edilə bilər.
Detoksikasion terapiya
Orqanizmi zəhərləyən, əlavə olaraq immun sistemi və digər orqan və sistemlərin funksiyasını zəiflədən infeksiya tullantılarının (toksinlərin) bədəndən çıxarılması üçün detoksikasion terapiyadan istifadə edilir.
Bədəndən toksinləri çıxarmaq üçün Atoksil və Enterosgel preparatlarından istifadə edilir.
Eyni məqsəd üçün bol içki, xüsusilə tərkibində C vitamini olan: itburnu dəmləməsi, moruq və limonlu çay, mors təyin olunur.
Simptomatik müalicə
Allergik reaksiyalar zamanı antihistamin preparatları: Suprastin, Klaritin təyin edilir.
Ürəkbulanma və qusma zamanı Motilium və Serukal preparatları təyin edilir.
Bədən temperaturunun 39 ° C-dən yuxarı qalxdığı zaman iltihab əleyhinə preparatlar: Diklofenak, Nurofen, Parasetamol məsləhət görülür.
Güclü qıcıqlanma və həyəcan zamanı xəstələrə sedativ preparatlar: Valerian ekstarktı, Tenoten vermək lazımdır.
Ödemləri, o cümlədən baş beynin ödemlərini azaltmaq üçün diuretiklər nəzərdə tutulur: Diakarb, Furosemid, və s.
Serebrospinal mayenin keyfiyyətini və funksionallığını artırmaq üçün Sitoflavin təyin edilir. Sitoflavin – 10 ml məhlulu 100-200 ml NaCl-in izotonik məhlulunda və ya 5%-li Qlükoza məhlulunda həll edib, sutkada 1 dəfə damcı üsulu ilə vena daxilinə və ya 2 tableti, sutkada 2 dəfə daxilə təyin edirlər. Sitoflavin məhlulu ilə müalicə kursu 10 gün, tabletlərlə isə 25 gün təşkil edir.
Bioloji aktiv əlavələr
Hal-hazırda tərkibində müxtəlif bioloji aktiv maddələr olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin etiоlоgiyasını və patоgenezini nəzərə alaraq, оnun müalicəsi və prоfilaktikasında tərkibində aşağda sadalanan biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur:
- Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
- Tərkibində Kordiseps – yüksək effektli immuntənzimləyici vasitə və təbii antibiotik оlan preparatlar. Antioksidantdır, beynin və ürək əzələsinin oksigen aclığına davamlığını artırır.
- Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
- Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.
- Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
- Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
- Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
- Slimminq (arıqladan) çaylar – tərkibində orqanizm üçün vacib çоxsaylı maddələr: vitaminlər, minerallar və s. оlur. Orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.
Proqnoz
Həkimə vaxtında müraciət etmək, dəqiq diaqnoz və düzgün müalicə sxemi meningitin tam müalicə olunmaq şansını artırır. Həkimə nə qədər tez müraciət etmək və müalicə rejiminə ciddi riayət olunması xəstənin özündən asılıdır. Nəzərə alsaq ki, əksər hallarda meningitlər meninqokokkların səbəbindən törənir, onun pognozunu ilk növbədə nəzərdən keçirmək lazımdır. Xəstəliyin bu növünün letal sonluqla bitməsi hətta müasir müalicə vasitələrinin olduğu dövrdə belə kifayət qədər yüksək olaraq qalır. Penisillin sırası antibiotiklərinin, sefalosporinlərin və sulfanilamidlərin kəşfinə qədər meninqokokk mənşəli meningitlərdə ölüm halları təxminən 75% təşkil edirdi. Hal-hazırda ölüm halları xəstərin 8%-dən 25%-ə təşkil edir ki, bu özü də yüksək letallıq dərəcəsi hesab olunur. Lakin müasir antibakterial müalicə üsulları ölüm hallarının və xəstəliyin digər ağırlaşmalarının (demensiya, beyin ödemi, iflic, epilepsiya və s.) yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Virus və vərəm mənşəli meningitlərin proqnozu daha nikbindir. Sağaldıqdan sonra simptomatika periodik olaraq (2-3 aya qədər) təzahür edə bilər. Seroz meningitlərdə tam sağalma 1 həftə ərzində baş verir.
Profilaktika
Meningitlərin profilaktikası spesifik və qeyri-spesifik olmaqla 2 yerə bölünür.
Meningitin spesifik profilaktikası vaksinasiyalardan ibarətdir. Peyvəndlərin vurulması meningitin əsas formalarına yoluxmaq riskini əhəmiyyətli dərəcədə azaldan müasir təbabətin ən əhəmiyyətli nailiyyətlərindəndir. Hal-hazırda bir neçə peyvənd növü vardır ki, onların təhsil müəssisəsində oxuyan uşaqlara, insanlarla bilavasitə kontaktda olan yaşlı əhaliyə və 60 yaşdan böyük şəxslərə vurulması mütləq şəkildə həyata keçirilməlidir. Meningitin potensial törədicilərindən hemofil infeksiya, pnevmokokk, meninqokokk, qızılca, məxmərək və parotit əleyhinə peyvəndlər icra olunur. Suçiçəyi barəsində əksər mütəxəssislər hesab edirlər ki, uşaqlar üçün onu kiçik yaşlarında keçirmək, peyvənd olunmaqdan daha məqsədəuyğundur. Meningitin yaranması üçün təhlükə insanın suçiçəyi xəstəliyini uşaq vaxtı keçirmədiyi halda meydana çıxır.
Meningitin qeyri-spesifik profilaktikası aşağıdakı qoruyucu tədbirləri əhatə edir:
- şəxsi gigiyena qaydalarına riayət etmək;
- meningitə yoluxmuş insanlarla sıx təmasdan qaçmaq;
- vitaminlər və minerallarla zənginləşdirilmiş ərzaqlardan istifadə etmək;
- mövsümi KRX xəstəliklərinin epidemiyaları dövründə, çox sayda insan olan yerlərdə, xüsusən də qapalı məkanlarda qalmamaq;
- həftədə ən azı 2-3 dəfə nəm təmizləmə həyata keçirmək;
- orqanizmin möhkəmləndirilməsi (əgər heç bir əks-göstəriş yoxdursa);
- stressdən, bədənin hipotermiyasından qorunmaq;
- daha çox hərəkət etmək, idmanla məşğul olmaq;
- müxtəlif xəstəlikləri, xüsusən yoluxucu xarakterli xəstəlikləri axıradək müalicə etmək vacibdir ki, onlar xroniki formaya keçməsin;
- spirtli içkilərdən, tütün məmulatlarından, narkotik maddələrdən istifadə etməmək;
- həkimin məsləhəti olmadan, özbaşına olaraq dərman maddələrini, xüsusilə də antibakterial və iltihab əleyhinə preparatları qəbul etməmək.
Bütün bu tədbirlərə riayət olunması meningitin yaranma ehtimalını əhəmiyyətli dərəcədə aşağı endirir.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/09/07/ensefalit/
https://nevropatologiya.az/2021/09/08/mielit/
“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2018-ci ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq