Araxnoidit

Araxnoidit – beynin hörümçək torunabənzər qişasının autoimmun iltihabi zədələnməsi olub, orada bitişmələrin və sistlərin formalaşmasına gətirib çıxarır. Araxnoiditin XBT-10 üzrə kodu  G 03.9-dur.

     Araxnoidit termini ilk dəfə 1845-ci  ildə A. T. Tarasenkov tərəfindən istifadə edilmişdir. Serebral

araxnoiditin ətraflı təsvirini 1897-ci ildə alman həkimi G.Beninghaus vermiş və bu xəstəliyi “xarici seroz meningit” (meningitis serosa externa) adlandırmışdır.

     Prosesin yerləşməsindən asılı  olaraq, araxnoidit kliniki olaraq likvor-hipertenziv, nevrastenik və ya astenik sindromlarla və ocaqlı simptomlar (kəllə-beyin sinirlərinin zədələnmələri, piramidal çatışmazlıqlar, beyincik  pozuntuları) şəklində  özünü  göstərir. Araxnoidit diaqnozu anamnez, xəstənin nevroloji  və psixi statusu, Exo-EQ, EEQ, lümbal punksiya, oftalmoloji  və otolarinqoloji  müayinə, baş beynin MRT və KT, həmçinin KT sisternoqrafiya müayinələri əsasında təyin edilir. Araxnoidit iltihab əleyhinə, dehidratasion, allergiya əleyhinə, anti-epileptik, neyroprotektiv və sorucu preparatlardan ibarət olan dərman terapiyası kompleksi vasitəsilə müalicə olunur.

     Hal-hazırda nevrologiyada autoimmun məəli olan həqiqi araxnoidit və keçirilmiş kəllə-beyin travmaları  və neyroinfeksiyalardan (neyrosifilis, brüsellyoz, botulizm, vərəm və s.) sonra hörümçək torunabənzər qişada fibroz dəyişikliklər nəticəsində yaranan rezidual hallar ayırd edilir. Birinci halda, araxnoidit diffuz xarakter daşıyır və proqressivləşən və ya aralıq gedişə malik olur, ikinci halda – daha çox yerli xarakter daşıyır və proqrediyent gedişlə müşayiət olunmur. Mərkəzi sinir sisteminin üzvi xəstəlikləri arasında həqiqi araxnoidit  3-5%  təşkil edir (Lobzin V.S., 1983). Ən çox  araxnoidit uşaqlar və 40 yaşınadək gənclər arasında müşahidə olunur. Kişilər qadınlara nisbətən bu xəstəliyə 2 dəfə çox tutulurlar.       

     Etiologiya

     Xəstələrin təxminən 55-60% -də araxnoidit əvvəllər keçirimiş yoluxucu xəstəliklə əlaqəli olur. Çox zaman bu, virus infeksiyası: qrip, virus meningiti və meninqoensefaliti, suçiçəyi, sitomeqalovirus infeksiyası, qızılca və s. olur. Eləcə də kəllə nahiyəsində xroniki  irinli ocaqlar: periodontit, sinusit, tonzillit, otit, mastoidit də buna səbəb ola bilər. 30%  hallarda araxnoidit keçirilmiş kəllə-beyin travmalarının, daha çox subaraxnoidal qansızma və ya beyin əzilməsinin nəticəsində inkişaf edir. Qeyd etmək lazımdır ki, araxnoiditin inkişafetmə ehtimalı travmanın ağırlıq dərəcindən asılı deyil. 10-15%  hallarda isə araxnoiditin etiologiyasını dəqiq müəyyən etmək olmur.

     Araxnoiditin inkişafına səbəb olan amillərə xroniki yorğunluq, müxtəlif intoksikasiyalar (o cümlədən alkoqolizm), əlverişsiz iqlim şəraitində ağır fiziki iş, tez-tez baş verən kəskin respirator xəstəliklər, lokalizasiyasından asılı olmayan təkrari zədələr misal ola bilər.

     Patogenez

     Hörümçək torunabənzər qişa beynin sərt və yumşaq qişaları  arasında yerləşir. Bu qişa onların heç biri  ilə bitişik deyil, lakin yumşaq beyin qişasının baş beynin qabarıq səthindəki beyin qırışlarını  örtdüyü yerlərdə ona sıx söykənmişdir. Yumşaq qişadan fərqli olaraq hörümçək torunabənzər qişa beyin qırışlarına bitişmir və bu sahədə onun altında serebrospinal maye ilə dolu subaraxnoidal boşluqlar yaranır. Bu boşluqlar bir-biri  ilə və  IV mədəciyin boşluğu ilə əlaqəli olur. Subaraxnoidal boşluqlardan hörümçək torunabənzər qişanın qranulyasiyaları, eləcə də perivaskulyar və perinevral yarıqlar vasitəsilə kəllə boşluğundan serebrospinal mayenin axını həyata keçir.

     Müxtəlif etioloji  amillərin təsiri altında orqanizmdə öz hörümçək torunabənzər qişasına qarşı anticisimlər istehsal olunmağa başlanır ki, bu da onun autoimmun iltihabının – araxnoiditin yaranmasına səbəb olur. Araxnoidit hörümçək torunabənzər qişanın qalınlaşması və rənginin bulanması, onda birlədirici toxumanın bitişmələrinin və sistoz genişlənmələrin formalaşması  ilə müşayiət olunur. Araxnoidit zamanı  yaranan bitişmələr yuxarıda adları  çəkilən serebrospinal mayenin drenajı  yollarının obliterasiyasına gətirib çıxarır. Bunun nəticəsində ümumi beyin simptomlarının baş verməsinə səbəb olan hidrosefaliya və likvor-hipertenzion böhran inkişaf edir. Araxnoiditi müşayiət edən ocaqlı simptomatika bitişmələrdən altda yerləşən beyin strukturlarına qıcıqlandırıcı təsirin olması və onlarıın adheziv prosesə qoşulması ilə əlaqədardır.

     Təsnifat

     Kliniki praktikada araxnoidit lokalizasiyasına görə təsnif edilir. Serebral və spinal araxnoidit ayırd edilir. Serebral araxnoidit öz növbəsində, konveksital, bazilyar və arxa kəllə çuxurunun araxnoiditlərinə bölünür. Proses diffuz xarakterli olduqda bu cür təsnifat həmişə mümkün olmur.

     Patogenezin xüsusiyyətlərinə və morfoloji  dəyişikliklərə görə araxnoidit adheziv (yapışqan), adheziv-sistoz və sistoz formalara bölünür.

     Simptomlar

     Araxnoiditin kliniki şəkli, səbəbkar amilin təsirindən bir müddət sonra ortaya çıxır. Bu müddət, baş verən autoimmun proseslərlə şərtləndirilir və araxnoiditi törədən amildən asılı olaraq müxtəlif ola bilər. Belə ki, keçirilmiş gripdən sonra araxnoidit 3-12 aydan sonra, kəllə-beyin travmasından sonra isə orta hesabla 1-2  ildən sonra özünü göstərir. Tipik hallarada araxnoidit tədrici və az nəzərə çarpan başlanğıcla və asteniyaya və ya nevrasteniyaya xas olan simptomların: yorğunluq, halsızlıq, yuxu pozuntuları, əsəbilik, emosional labillik və s. yaranması və artması  ilə xarakterizə olunur. Bu fonda epileptik tutmaların meydana gəlməsi baş verə bilər. Vaxt keçdikcə araxnoiditi müşayiət edən ümumi beyin və yerli (ocaqlı) simptomlar ortaya çıxmağa başlayır.

     Araxnoiditin  ümumi  beyin  simptomları

     Serebral simptomatikanın yaranmasına likvorodinamikanın pozulması səbəb olur və əksər hallarda likvor-hipertenziv sindrom şəklində təzahür edir. 80%  hallarda araxnoiditli xəstələr kifayət qədər gərgin, yayılmış baş ağrısından şikayət bildirirlər ki, bu da daha çox səhər vaxtı  baş verməsi və öskürək, gücənmə və fiziki gərginlik zamanı  artması  ilə xarakterizə olunur. Kəllədaxili təzyiqin artması  ilə əlaqədar həmçinin göz almalarının hərəkətinin ağrı  hissi  ilə müşayiət olunması, gözlərdə təzyiq hissi, ürəkbulanma, qusma da müşahidə edilir. Araxnoidit tez-tez qulaqlarda küy, eşitmənin zəifləməsi, sistemsiz başgicəllənmə ilə müşayiət edilir ki, bu da xəstədə eşitmə ilə əlaqədar digər patologiyaların (koxlear nevrit, xroniki orta otit, adheziv otit, labirintit) inkar edilməsini tələb edir. Həddən artıq sensor oyanıqlıq (kəskin səslərə, səs-küyə və parlaq işığa dözümsüzlük), vegetativ pozuntular və vegetativ-damar distoniyası  üçün xarakterik olan vegetativ böhranların da yaranması  mümkündür.

     Araxnoidit tez-tez vaxtaşırı  meydana gələn likvorodinamik pozuntuların kəskin ağırlaşması  ilə müşayiət edilir ki, bu da likvorodinamik böhran: qəflətən baş verən və ürəkbulanma, başgicəllənmə və qusma ilə birgə rast gəlinən şiddətli baş ağrısı tutmaları  şəklində təzahür edir. Bu cür tutmalar ayda 1-2 dəfə (nadir böhranlı araxnoidit), ayda 3-4 dəfə (orta tezlikli böhranlarla keçən araxnoidit) və ayda 4 dəfədən çox (tez-tez böhranlarla keçən araxnoidit) baş verə bilər. Simptomların şiddətindən asılı  olaraq, likorodinamik böhranlar yüngül, orta ağırlıqlı və ağır dərəcələrə bölünür. Ağır likorodinamik böhran ümumi zəiflik və təkrar qusma ilə müşayiət olunur və 2 sutkaya qədər davam edə bilir.

     Araxnoiditin  ocaqlı  simptomları

     Araxnoiditin ocaqlı simptomatikası onun lokalizasiyasından asılı olaraq fərqlənə bilər.

     Konveksital araxnoidit əks tərəfdə bir və ya hər iki ətrafın hərəki fəaliyyətinin və hissiyyatının cüzi  və ya orta dərəcədə pozulması  ilə ortaya çıxa bilər. Bu lokalizasiyalı  araxnoiditlərin 35% -i epileptik tutmalarla müşayiət olunur. Adətən epileptik tutmaların polimorfizmi qeyd edilir. Birincili və ikincili generalizə olunmuş tutmalarla yanaşı, sadə və mürəkkəb tutmalar da müşahidə olunur. Tutmadan sonra müvəqqəti nevroloji  çatışmazlığın yaranması  mümkündür.

     Bazilyar araxnoidit yayılmış ola bilər və ya əsasən optiko-xiazmal nahiyədə, ön və ya orta kəllə çuxurunda lokallaşa bilər. Onun klinikası başlıca olaraq beyin əsasında yerləşən  I, III  və  IV kranial  sinir cütlərinin zədələnməsi şəklində təzahür edir. Piramid çatışmazlıq əlamətləri yarana bilər. Ön kəllə çuxurunun araxnoiditi  tez-tez diqqət və yaddaşın zəifləməsi, əqli  iş qabiliyyətinin azalması  ilə özünü göstərir. Optiko-xiazmal araxnoidit görmə itiliyinin proqressivləşən azalması və görmə sahələrinin daralması  ilə xarakterizə olunur. Bu dəyişikliklər çox vaxt ikitərəfli  olur. Optiko-xiazmal araxnoidit bu nahiyədə yerləşən hipofizin zədələnməsi ilə müşayiət olunarsa, baş beynin bu nahiyədə yerləşən hissələrinin şişinin endokrin və metabolik çatışmazlıqlarla təzahür edən əlamətlərini xatırladan formada meydana çıxa bilər.

     Körpü–beyincik bucağının araxnoiditi bir qayda olaraq eşitmə sinirinin zədələnməsi şəklində təzahür edir. Lakin, üçlü sinirin nevralgiyası ilə başlanması da mümkündür.

     Arxa kəllə çuxurunun araxnoiditi  baş beynin bu nahiyədə yerləşən şişlərinin təzahürlərini xatırladan ağır gedişə malikdir. Sonra üz sinirinin mərkəzi  nevritinin simptomları  yaranır. Böyük sisternanın araxnoiditi  zamanı  ön plana ağır likvorodinamik böhranlarla birgə yüksək dərəcədə ifadə olunmuş likvor-hipertenzion sindrom çıxır. Beyincik pozuntuları: koordinasiyanın pozulması, nistaqm və beyincik ataksiyası xarakterikdir. Böyük sisterna nahiyəsində olan araxnoidit okklüzion hidrosefaliyanın inkişafı  və sirinqomielitik sistin meydana gəlməsi ilə ağırlaşa bilər.

    Spinal araxnoidit

     Prosesin yayılmasına görə disseminə olunmuş, diffuz və məhdud növlərə bölünür. Kliniki təzahürləri  prosesin təbiətindən, yayılmasından və lokalizasiyasından asılı olur. Kəskin ifadə olunmayan naqil və seqmentar pozuntularla birgə kökcük ağrısı  sindromu  ilə xarakterizə olunur. Ayrı-ayrı  əzələlərin parezləri, yüngül dərəcəli mərkəzi parez və ya kortiko-spinal çatışmazlıq əlamətləri, seqmentar və ya naqil tipli  hissiyyat pozuntuları  qeyd edilir. Serebrospinal mayedə çox vaxt zülal-hüceyrə dissosiasiyası müəyyən edilir. Uşaqlarda nadir hallarda rast gəlinir.

     Diaqnoz

     Həqiqi  araxnoidit diaqnozunu nevropatoloq yalnız xəstənin hərtərəfli müayinəsindən sonra; anamnestik məlumatların müqayisəsi, nevroloji  müayinənin nəticələri və instrumental tədqiqatlardan sonra təyin edə bilər. Anamnezi toplayarkən xəstəliyin simptomlarının tədricən inkişafına və onların proqressivləşən xarakterinə, yaxın vaxtlarda keçirilmiş infeksiyalar  və ya kəllə-beyin travmalarının olmasına diqqət yetirilir.

     Nevroloji  statusun müayinəsi kəllə-beyin sinirlərinin pozuntularını  aşkar etməyə; ocaqlı nevroloji  çatışmazlıqları, psixo-emosional və mnestik pozuntuları  müəyyənləşdirməyə kömək edir.

     Araxnoiditin diaqnostikasında kəllənin rentgenoloji  müayinəsi az  informativdir. Bu metod yalnız uzun müddət davam edən kəllədaxili hipertenziyanın əlamətlərini: barmaq basıqlarını  və türk yəhərinin osteoporozunu aşkar edə bilər. Hidrosefaliyanın varlığı  barədə Exo-EQ-nin məlumatlarına əsasən fikir yürütmək olar. Konveksital araxnoiditi olan xəstələrdə EEQ-nin köməkliyi  ilə  ocaqlı  qıcıqlanma və epileptik fəallıq aşkar edilir.

    Araxnoiditə şübhəli xəstələr mütləq oftalmoloq tərəfindən müayinə edilməlidirlər. Arxa kəllə çuxurunun araxnoiditi  olan xəstələrin təxminən 50%-də oftalmoskopiya zamanı  görmə siniri diski  nahiyəsində durğunluq əlamətləri qeyd edilir. Optiko-xiazmal araxnoidit, perimetriya zamanı  görmə sahələrinin konsentrik və ya bitemporal daralmasının aşkar edilməsi və mərkəzi skotomaların mövcudluğu  ilə səciyyələnir.

     Eşitmə pozuntusu və qulaqdakı  küy,  LOR  həkiminin konsultasiyasına ehtiyac yaradır. Karlığın növü  və dərəcəsi kandar audiometriyasının köməkliyi iləəyyən edilir. Eşitmə analizatorunun zədələnmə səviyyəsini müəyyən etmək üçün  elektrokoxleoqrafiya, eşitmə potensiallarının tədqiqi, akustik impedansemetriya aparılır.

     Baş beynin KT  və  MRT müayinələri  həcmli  prosesləri (hematoma, şiş, beyin absesi) istisna etməyə, araxnoiditi müşayiət edən morfoloji  dəyişiklikləri (adheziv prosesləri, sistlərin olmasını, atrofik dəyişiklikləri) aşkar etməyə, hidrosefaliyanın xarakterini və dərəcəsini müəyyənləşdirməyə imkan verir. Subaraxnoidal boşluqların şəklindəki dəyişikliklər KT- sisternoqrafiya zamanı  aşkar edilə bilər.

     Lümbal punksiya kəllədaxili təzyiqin dərəcəsi haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Aktiv araxnoidit zamanı  serebrospinal mayenin tədqiqi, adətən zülalın miqdarının (0,6 q / l-ə qədər) və hüceyrələrin sayının çoxalmasını, eləcə də neyromediatorların (məsələn, serotonin) faizinin artmasını aşkar edir. Bu müayinə metodu araxnoiditi digər beyin xəstəliklərindən fərqləndirməyə kömək edir.

     Diferensial diaqnostika

     Araxnoidit diaqnozunu təyin edərkən, onu əsasən aşağıda sadalanan xəstəliklərdən ayırd etmək lazım gəlir:

–           Dağınıq skleroz;

–           Devik xəstəliyi;

–           Leber xəstəliyi;

–           Eklampsiya;

–           Ensefalit;

–           Baş beynin damarlarının anevrizması;

–           Retinoblastoma;

–           Xiazmanın sarkoidoz infiltrasiyası və ya şiş prosesi (hipоfizin adenoması, türk yəhəri qabarcığının meningeoması və ya kraniofaringeoma) və s.

     Bütün hallarda, araxnoidit diaqnozunun dəqiqləşdirilməsi kliniki, instrumental və laborator müayinələrin nəticələrinin diqqətli təhlilindən sonra baş verməlidir.

     Müalicə

     Araxnoiditin müalicəsi adətən stasionar şəraitində həyata keçirilir. Müalicənin effektivliyi xəstəliyin etiologiyasından və fəallıq dərəcəsindən asılıdır.

     Araxnoiditi olan xəstələrin dərman müalicəsi sxeminə aşağıdakı  preparatlar daxildir:

  • Qlükokortikosteroidlər

–           Prednizolon – sutkalıq doza 30 mq-a qədərdir. Müalicəvi effekt yarandıqdan sonra sutkalıq doza 10 mq-a qədər endirilir, sonra tədricən azaldılaraq tam kəsilir. Müalicə kursu 14 gündür;

–           Metilprednizolon – Başlanğıc doza sutkada 12-40 mq-dır. Müalicəvi effekt yarandıqdan sonra sutkalıq doza 4-12 mq-a endirilir, sonra tədricən azaldılaraq tam kəsilir.

  • Sorucu vasitələr

–           Pirogenal – günaşırı  əzələyə 25-50 MPD (minimal pirogen doza) yeridilir. Müalicə kursu 10-15 inyeksiyadır;

–           Lidaza (Hialuronidaza) – hər ampulun möhtəviyyatını  1 ml  0,5%-li  Novokain məhlulunda həll edib əzələ daxilinə vurmalı.

  • Antiepileptik preparatlar

–           Karbamazepin (Finlepsin, Teqretol) – 200 mq dozasında, sutkada 3 dəfə daxilə;

–           Levetirasetam – 500 mq dozasında, sutkada 2 dəfə, 1 tablet daxilə təyin edilir.

  • Dehidratasion preparatlar

Kəllədaxili təzyiqin artım dərəcəsindən asılı olaraq:

–           Mannitol – 15%-li  məhlulunu 5%-li Qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edib, 0,5-1,5 q/kq nisbətində vena daxilinə;

–           Asetazolamid (Diakarb) – 250 mq dozasında, 1 tablet daxilə;

–           Furosemid (Laziks) – 40 mq dozasında, sutkada 1 tablet daxilə və ya 2 ml 1%-li məhlulu əzələ daxilinə təyin edilir.

  • Neyroprotektorlar və metabolitlər

–           Pirasetam (Nootropil) – 5 ml 20%-li məhlulu venaya və ya 400 mq dozasında, sutkada 2 dəfə, 2 tablet və ya kapsul daxilə;

–           Mildronat (Meldonium) – 5 ml məhlulu, sutkada 1 dəfə venaya və ya 250 mq dozasında, sutkada 4 dəfə 1 kapsul daxilə;

–           Ginko biloba (Tanakan) – 40 mq dozasında, sukada 3 dəfə 1 tablet daxilə;

–           Serebrolizin – 2 ml əzələ daxilinə təyin edilir.

  • Allergiya əleyhinə preparatlar

–           Klemastin (Tavegil) – sutkada 2 dəfə, 1 mq-lıq tablet daxilə;

–           Loratadin (Klaritin) – 10 mq  dozasında, sutkada 1 tablet daxilə;

–           Mebhidrolin (Diazolin) – 100 mq dozasında, sutkada 2 dəfə, 1 draje daxilə təyin edilir.

  • Psixotrop pteparatlar

Antidepressantlar, trankvilizatorlar, sedativlər.

     Bioloji aktiv əlavələr

     Hal-hazırda tərkibində müxtəlif bioloji  aktiv maddələr olan preparatların geniş seçimi  mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji  aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin etiоlоgiyasını və patоgenezini nəzərə alaraq, оnun müalicəsi və prоfilaktikasında tərkibində aşağda sadalanan biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur:

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.

  • Tərkibində Kordiseps – yüksək effektli immuntənzimləyici vasitə və təbii antibiotik оlan preparatlar. Antioksidantdır, beynin və ürək əzələsinin oksigen aclığına davamlığını artırır.

  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.

  • Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.

  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ  turşuları  və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir.

  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.

  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.

  • Slimminq (arıqladan) çaylar – tərkibində orqanizm üçün vacib çоxsaylı maddələr: vitaminlər, minerallar və s. оlur. Orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.

     Araxnoiditin müalicəsində orqanizmdə mövcud olan irinli  infeksiya ocaqlarının (otit, sinusit və s.) sanasiyası vacib şərtlərdəndir.

     Cərrahi müalicə

     Ağır optiko-xiazmal araxnoidit və ya arxa kəllə çuxurunun araxnoiditi, görmənin proqressivləşən zəifləməsi və ya okklüzion hidrosefaliya hallarında  cərrahi müalicə üçün göstərişdir. Əməliyyatın əsas məqsədi likvor yollarının bərpası, sistlərin çıxarılması  və yaxınlıqda yerləşən beyin strukturlarının sıxılmasına gətirib çıxaran bitişmələrin aralanması ola bilər. Araxnoidit zamanı  hidrosefaliyanı  azaltmaq  üçün şuntlayıcı  əməliyyatların tətbiq olunması mümkündür. Sistoperitoneal, ventrikuloperitoneal və lümboperitoneal şuntlama əməliyyatlarının məqsədi serebrospinal mayenin alternativ xaric edilməsi yollarının yaradılmasıdır.

     Proqnoz və profilaktika

     Araxnoidit olduqca təhlükəli bir xəstəlik olduğundan, onun heç bir iz qoymadan keçib getmək ehtimalı  yoxdur. Ancaq həyati proqnozu olduqca əlverişlidir: əgər xəstəliyə vaxtında diaqnoz qoyulsa və müalicə kifayət qədər adekvat şəkildə başlanarsa, onda həyat üçün demək olar ki, heç bir təhlükə olmur. Lakin, xəstəliyin beyin hidrosefaliyası ilə ağırlaşmış variantı  istisna təşkil edir. Təəssüf ki, bu vəziyyətdə xəstənin həyatını  xilas etmək hər zaman mümkün olmur.

     Əksər hallarda, reabilitasiya kursundan sonra araxnoidit keçirmiş şəxs əmək qabiliyyətini tamamilə bərpa edə bilir. Sağlamlıq tam bərpa edilmədikdə, ona III qrup əlillik dərəcəsi təyin oluna bilər.

     Nadir hallarda (təqribən 10%  hallarda) araxnoiditin ağırlaşmış formasını  keçirmiş xəstələrdə epileptik tutmalar inkişaf edə bilər. Bu halda həmin şəxs həyatının qalan hissəsi üçün antikonvulsant preparatlar qəbul etməlidir. Bu vəziyyətdə ona  II qrup əlillik dərəcəsi təyin edilir.

     Təxminən 2%  hallarda bu xəstəlik görmə qabiliyyətinin azalmasına gətirib çıxarır. Bəzən xəstə tamamilə kor olur. Əlbəttə ki, bu vəziyyətdə həmin şəxs tamdəyərli  əmək qabiliyyətini itirir və ona  I qrup əlillik dərəcəsi təyin edilir.

     Araxnoidit keçirmiş şəxs sonradan müəyyən ehtiyat tədbirlərinə riayət etməlidir. Belə insanlar əmək şəraiti normal atmosfer təzyiqindən əhəmiyyətli dərəcədə fərqlənən, səs-küylü yerlərdə işdən imtina etməlidirlər. Bütün bu amillər xəstəliyin yenidən ortaya çıxmasına səbəb ola bilər.

     Keçirilmiş xəstəlikdən sonrakı  birinci  il ərzində bütün növ infeksiyalardan qorunmaq olduqca vacibdir. Əks təqdirdə araxnoiditin təkrari inkişaf ehtimalı çox yüksəkdir. Bu problemi həll etmək üçün immuniteti möhkəmləndirmək lazımdır. Bunu etmək üçün xüsusi müalicə kursu təyin edəcək həkim-immunoloqa müraciət etmək olar.

     Əlbəttə ki, araxnoidit sağlamlıq üçün ağır nəticələrə səbəb ola biləcək ciddi bir xəstəlikdir. Lakin, mütəxəssislərin yardımına vaxtında müraciət edilməsi  bütün riskləri  minimuma endirməyə kömək edəcəkdir. 

 

Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/09/07/meningit/
https://nevropatologiya.az/2021/09/07/ensefalit/
https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 22.08.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq