Nevroloji xəstələrin diaqnostikası zamanı hansı hallarda KT, hansı hallarda isə MRT müayinəsinin aparılması daha məqsədəuyğun hesab edilir?

     KT  ilə  MRT  arasında olan  əsas fərq,  bu  cihazlarda  istifadə olunan müxtəlif  fiziki hadisələrdədir.  Kompüter tomoqrafiyası  müayinəsində  bu – maddənin fiziki  vəziyyəti barədə  təsəvvür  verən  rentgen  şüalanmasıdır.  Maqnit-rezonans  tomoqrafiyasında  isə – sabit və  pulsasiya edən  maqnit sahələri,  həmçinin  protonların (hidrogen atomlarının) paylanması  barədə  məlumat  verən,  radiotezlikli şüalanmadır.

KT  müayinəsində  həkim  yalnız  toxumanı  görmür,  həm də  onların  xəstəliklər  zamanı  dəyişən  rentgenoloji  sıxlığını  tədqiq  edə  bilir;  MRT  müayinəsində  isə  həkim  şəkilləri yalnız  vizual  olaraq  qiymətləndirir.  Çox  vaxt  müalicə  həkimi  özü   MRT  ya  da  KT müayinəsini  təyin  edir,  lakin  bir  qayda  olaraq,  o,  radioloq  ilə  məsləhətləşdikdən sonra müayinə  növünü  seçsə,  daha  yaxşı  olardı:  bir  sıra  hallarda,  bahalı  MRT  əvəzinə  daha ucuz,  lakin  ondan  heç  də  az  informativ  olmayan  kompüter  tomoqrafiyasından  istifadə etmək  olar.

Ümumiyyətlə,  MRT  yumşaq  toxumaları  daha  yaxşı  ayırd  edir.  Bu  zaman  sümüklər görünməyə  də  bilər – kalsiumdan  rezonans  olmur  və  MR-tomoqrammalarda  olan  sümük toxuması,  yalnız  dolayı  şəkildə  görünür.  Qeyd  etmək olar  ki,  hazırda  MRT  müayinəsi  beyin strukturlarının  diffuz  və  ocaqlı  zədələnmələrində,  onurğa  beyninin  və  kraniospinal  qovşağın  patologiyasında (burada  KT  müayinəsi  tamamilə  informativ  deyil), qığırdaq toxumasının  zədələnməsində  daha  informativdir.  KT  müayinəsinə,  döş qəfəsinin, qarnın, çanağın,  kəllə  əsasının  xəstəliklərinin  diaqnostikasında  üstünlük  verilməlidir. Bəzi  hallarda, diaqnozun  dəqiqləşdirilməsi  üçün  eyni  vaxtda  MRT  və  KT-yə  müraciət  edilməlidir.

MRT  daha  informativdir:

  • KT-də, onun  tətbiqi  göstərildikdə  kontrast  maddəsinə  qarşı  dözümsüzlüyün olması;
  • beyin şişi, beyin  toxumasının iltihabı, insult, dağınıq skleroz;
  • onurğa beyninin bütün  zədələnmələri,  əsasən  gənc  və  yetkin  insanlarda qeyd  olunan  onurğa  sütununun  xəstəlikləri;
  • göz yuvasının  tərkibi,  hipofiz,  kəllədaxili  sinirlər;
  • oynaqların səthi,  bağ  aparatı,  əzələ  toxuması;
  • xərçəngin mərhələsinin  təyini (kontrast  maddənin,  məsələn, qadoliniumun tətbiqi  ilə).

 

     KT  müayinəsi daha çox informativdir:

  • kəskin kəllədaxili hematomalar, beynin və kəllə sümüklərinin travmaları;
  • beyin şişləri, beyin qan dövranı pozulmaları;
  • kəllə əsasının, burunətrafı ciblərin, gicgah sümüklərinin zədələnmələri;
  • üz skeletinin, dişlərin, çənələrin, qalxanabənzər və  qalxanabənzərətraf  vəzilərin zədələnmələri;
  • istənilən lokalizasiyalı damarların anevrizması  və  aterosklerotik zədələnmələri;
  • sinusitlər, otitlər, gicgah sümüklərinin piramidalarının zədələnmələri;
  • osteoporoz, onurğa sütununun degenerativ  və  distrofik  xəstəlikləri, skolioz  və olmaqla  onurğa  xəstəlikləri;
  • ağciyər xərçəngi,  vərəm,  pnevmoniya, döş  qəfəsi  və  divararalığının  patologiyası üçün  şərh  edilməsi  çətin  olan döş  qəfəsinin  rentgenoqrammalarının aydınlaşdırılması  zamanı  üstünlük verilir;
  • reklinik mərhələdə  periferik ağciyər  xərçəngini  axtarmaq,  ağciyər  toxumasında interstisial dəyişikliklərin, fibrozun  aşkar  edilməsi  üçün  ən  həssas  üsuldur;
  • qarnın daxilində  meydana  çıxan  patoloji  dəyişikliklərin  demək  olar  ki,  bütün spektri;
  • sümüklərin zədələnmələri  və  xəstəlikləri;  metal  implantları  olan  xəstələrin müayinəsi (oynaqlar, daxili  və  xarici  fiksasiya  cihazları  və  );
  • əməliyyatdan əvvəl  3-fazalı  angioqrafiya  ilə  birgə  msKT (multispiral  kompüter tomoqrafiyası) cərrahi  müdaxilə  zonasında  optimal  anatomik  şəkli  əldə  etməyə  və qarın  boşluğu  üzvlərində  olan  patoloji  proseslərin  əksəriyyətini  aşkar  etməyə imkan

Xatırladaq  ki,  MRT  müayinəsi,  daimi  aparaturanın  və  digər  korreksiyaların tələb olunduğu  mühüm  funksiyalarının  ağır  pozulmaları  olan  xəstələrdə,  eləcə  də  qapalı  yerlərdən  qorxusu (klaustrofobiya) olan  və  qeyri-adekvat  davranışlı  xəstələrdə  həyata keçirilə  bilməz.  KT  müayinəsi  üçün  belə  bir  əks-göstəriş  yoxdur.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/08/16/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99sind%c9%99-kt-muayin%c9%99sinin-t%c9%99tbiqi-komputer-tomoqrafiyasi/

https://nevropatologiya.az/2021/08/20/rentgen/

 

 

 

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2019-cu ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq