Fəqərəarası diskin yırtığı

     Fəqərəarası diskin quruluşu  

Fəqərəarası disk, iki qonşu fəqərə arasında yerləşən yastı  formalı qığırdaqdan ibarətdır. Fəqərəarası disk dayaq və amortizasiya funksiyalarıını daşıyır, onurğa sütununun müəyyən hərəkətliliyini təmin edir. Diskin xarici tərəfini kollagen liflərin kəsişməsindən ibarət olan fibroz həlqə təşkil edir.

Fibroz həlqənin içərisində qığırdaq hüceyrələrindən, az miqdarda kollagen liflərindən və daxilində rütubəti saxlaya bilən çox miqdarda hüceyrəarası  maddədən ibarət olan pulpoz nüvə yerləşir. Çoxsaylı klinik araşdırmalar göstərir ki, diskin nüvəsi və onu əhatə edən toxumalar arasında daimi və aktiv maye mübadiləsi mövcuddur.

     Fəqərəarası  diskin distrofik dəyişikliklərinin növləri

Fəqərəarası diskin yırtığı patoloji hal olub, zədələnmiş və dəyişikliyə uğramış pulpoz nüvənin bir hissəsinin fibroz həlqənin yarığından kənara çıxaraq onun cırılmasına və ya normal  fizioloji hüdudlarından kənara çıxmasına səbəb olur, onurğa kanalının boşluğuna düşür və ya fəqərənin cisminə nüfuz edir. Əgər fibroz halqanın tamlığı  pozulmayıbsa, onun dəyişikliyə məruz qalmış pulpoz nüvənin parçalarının təsiri  nəticəsində qabarması diskin protruziyası  kimi qiymətləndirilir. Tez-tez “protruziya”  termini yırtığın ölçüsünü göstərmək üçün istifadə olunur ki, bu da vəziyyətin yanlış təfsirinə gətirib çıxarır.

Qeyd etmək lazimdir ki, fəqərəarası  diskin bədən ağırlığının təsiri altında baş verən və bir qayda olaraq, ölçüsü 3 mm-dən yuxarı  olmayan fizioloji qabarması  mövcuddur. Lakin əgər diskin qabarması  daha böyükdürsə, onurğa kanalının daralmasına gətirib çıxarırsa və  fəqərə sütunu hərəkət edərkən ölçüsünü dəyişmirsə – bu  artıq patoloji  bir protruziya hesab olunur. Fəqərəarası  diskin protruziyası  onurğa kanalının diametrinin ¼-ni keçdiyi və ya onurğa kanalının en kəsiyinin kritik səviyyəyə – 10 mm-dək daralmasına səbəb olduğu hallarda kliniki nöqteyi-nəzərincə əhəmiyyətli hesab edilir. XBT-10  üzrə xəstəliyin kodu M51.2-dir.

Beləliklə, “disk yırtığı” diaqnozu pulpoz nüvənin parçalarının fibroz həlqənin tamlığını pozaraq onun hüdudlarından kənara çıxması  və ya fəqərə cisminin daxilinə nüfuz etməsi vəziyyətinə şamil edilir.

Fəqərəarası diskin yırtığı hər  100 min nəfərdən 100-də rast gəlinir. Bu xəstəlik ən çox 30-50 yaşlı insanlarda baş verir.

Yırtığın sekvestrinin düşməsi istiqamətinə əsasən ayırd edilir:

  • Ön-yan yırtıqlar: onlar onurğanın ön uzun bağına nüfuz edir, hərəki  və  hissi pozuntulara səbəb olmur. Simpatik paravertebral zəncirinin prosesə cəlb olunması  zamanı  simpatalgik sindrom törədə bilə
  • Arxa-yan yırtıqlar: məhz onlar onurğa kanalının daxili üçün təhlükə yaradır  və ciddi nevroloji  pozuntulara səbəb olur.

 

Orta xəttə münasibətinə görə ayırd edilir:

  • median yırtıqlar: tez-tez böyük ölçülü olur, bəzən subaraxnoidal boşluğa nüfuz edə bilər, bu zaman sekvestrin bir hissəsi onurğa beyni məkanı boyunca hərəkət edə bilə Bu yırtıqlar, boyun və döş şöbələrində onurğa beynini,  bel səviyyəsində isə at quyruğunu sıxaraq parezlərə və kiçik çanaq üzvlərinin funksiyalarının pozulmasına səbəb olur. Tez-tez  bu  yırtıqlar xroniki  ağrı  prosesinə səbəb olur.
  • paramedian yırtıqlar: onlar xüsusilə 2 aşağı bel diskləri səviyyəsində onurğa beyni kökcüklərinin zədələnməsi nəticəsində radikulyar sindroma səbəb olur.
  • lateral yırtıqlar: fəqərəarası dəliklərdə yerləşir və orada olan sinir kökcüklərinin sıxılmasına səbəb olur. Bəzən onlar onurğa beyninin infarktına səbəb ola bilən ön köcük arteriyasını sıxa bilir.
  • Şmorl yırtıqları (fəqərə cisimlərinin yırtıqları): daha çox gənc yaşlarda rast gə Bu yırtıqların tək-tək rast gəlinən formaları osteoxondrozun və ya travmanın olmasından xəbər verir. Çox hallarda onlar simptomsuz keçir və rentgenoloji  müayinələr zamanı təsadüfən aşkar edilir. Şmorl yırtığı (Şmorl düyünü) rentgenoloji  termin olub, ilk dəfə 1927-ci  ildə alman alimi və həkimi  Xristian Şmorl  tərəfindən təsvir edilmişdir. Şmorl yırtığı  fəqərəarası diskin daha çox məşhur olan onurğa beyin kanalına və ya sinir dəliklərinə nüfuz edən üfüqi  yırtıqlarından fərqli olaraq, qapayıcı  lövhəciyin qığırdaq toxumasının sümüyün süngər maddəsinə, yuxarı  və ya  aşağı  fəqərə cisminin daxilinə nüfuz etməsidir. Ən çox irsi xarakter daşıyır və ya uşağın sürətli  böyüməsi zamanı  uşaqlıq dövründə təzahür edir. Uşağın boyu artdıqca, yumşaq toxumalar da böyüməyə imkan tapır, lakin sümük toxumasının inkişafı  bir qədər geri qalır. Nəticədə fəqərə cisminin süngər maddəsində boşluqlar yaranır ki, vaxt keçdikcə buraya qığırdaq toxuması daxil olur. Şmorl yırtıqları  daha çox fəqərə sütununun döş və bel şöbələrində (kürəyin  orta və ya aşağı  hissəsində) rast gəlinir.

 

Kliniki praktikada fəqərəarası disk yırtıqlarının aşağıdakı  inkişaf mərhələləri qeyd olunur:

  1. Cüzi qabarma – degenerativ dəyişikliklərin inkişafı  ilə xarakterizə olunur. Fəqərəarası diskin qabarmasının ölçüsü 2-3 mm olur.
  2. Protruziya – pulpoz nüvənin fibroz halqanın sərhəddindən kənara çıxması  baş vermədən fəqərəarası  diskin  4-5 mm-dən 15 mm-ə qədər qabarması.
  3. Ekstruziya – degenerativ dəyişkən pulpoz nüvə fibroz halqanın sərhəddindən kənara çıxır, çox vaxt disk fraqmentinin damla şəklində sallanması müşahidə olunur.
  4. Sekvestrasiya – pulpoz nüvənin maddəsinin onurğa kanalına düşməsidir.

 

Daha çox bel şöbəsində disk yırtığına rast gəlinir (80%), döş şöbəsində yırtıqların ən az hissəsi (təxminən 1%) rast gəlinir. Boyun şöbəsinin disk yırtıqları  19%  hallarda rast gəlinir.

 

     Fəqərəarası disk yirtıqlarının səbəbləri

 

Fəqərəarası disk yırtıqları  onurğanın osteoxondrozunun ən geniş yayılmış ağırlaşmalarından hesab olunur. Onun yaranmasına səbəb olan amillər aşağıdakılardır:

 

  • qamətin düzgün olmaması (skolioz, kifoskolioz), yaxşı  inkişaf etməmiş əzələ korseti, patoloji  hərəki və mövqe (pozisiyon) stereotipləri;
  • hipodinamik həyat tərzi, uzun müddət eyni  vəziyyətdə qalma, statik yüklər;
  • idmanın güc və kontakt növləri, ağırlıqların düzgün qaldırılmaması;
  • travmalar;
  • sümük, qığırdaq, birləşdirici toxumaların, onurğa sütununun anadangəlmə inkişaf anomaliyaları;
  • yaş dəyişiklikləri, osteoporoz.

 

     Simptomlar

Bütün simptomları 2 qrupa bölmək olar: qıcıqlanma və zədələnmə simptomları.

Onurğa beyninin və sinir kökcüklərinin qıcıqlanması zamanı  müxtəlif şiddət dərəcəli, lokal və ya qıcıqlanmış kökcüyün gedişi boyu yayılmış ağrı  sindromu inkişaf edir. Tez-tez paresteziya, ətraflarda uyuşma hissləri kimi hissiyyat pozuntuları  yaranmış olur. Bu zaman dərin və vibrasiya hissiyyatı  zəifləyir, vətər refleksləri güclənə bilir.

Sinir sisteminin strukturlarının üzvi  zədələnmələri zamanı  funksiyaların itməsi əlamətləri: taktil və ağrı  hissiyyatının anesteziyaya qədər azalması, zədələnmiş kökcüklərin innervasiya etdiyi əzələlərin atrofiyaları  və gücünün azalması, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması, xroniki  ağrı  sindromu meydana çıxır. Nevroloji müayinə  zamanı  vətər reflekslərinin azalması  və ya tamamilə itməsi, patoloji reflekslərin meydana gəlməsi qeyd olunur.

     Boyun şöbəsində fəqərəarası disk yırtığının simptomları

Boyun şöbəsinin disk yırtığı  üçün xarakterik olan simptomlardan biri də boyun sinirinin sıxılması nəticəsində yaranan əldə ağrının olmasıdır. Ağrı  gözlənilməz xarakter daşıyır. Ağrı çiyindən biləyədək yayılmış olur. Bəzən keylik və “iynə batması” hissləri də qeyd edilir. Boyun nahiyəsində fəqərəarası  diskin yırtıqları  ən çox C5-C6 / C6-C7 nahiyələrdə qeyd edilir. C4-C6 nahiyələrində disk yırtıqları  daha az,  C7-T1  nahiyələrində isə ən nadir hallarda rast gəlinir. Boyun şöbəsinin fəqərəarası  disk yırtıqlarının xarakterik cəhəti, onların kiçik  ölçülü  olması və onurğa  beyni sinirlərinə yaxın yerləşmələridir ki, bu səbəbdən də hətta kiçik ölçülü  qabarma zamanı  belə sinirin sıxılması və ağrının meydana gəlməsi ehtimalı yaranır.

C4-C5  səviyyəsində, sinir kökcüyünün 5-ci disk yaxınlığında yerləşdiyi nahiyədə yuxarı  qol nahiyəsində yerləşən deltavari əzələdə zəiflik qeyd edilir. Həmçinin, xəstə çiyin nahiyəsində lokalizasiyalaşmış güclü ağrı  hissiyyatı  ilə  üzləşir.

Disk yırtığı  C5-C6 səviyyəsində, sinir kökcüyünün 6-cı  disk səviyyəsində yerləşdiyinə görə, baş  verdikdə xəstədə bazunun ikibaşlı  əzələsinin, həmçinin bilək əzələlərinin zəifliyi qeyd edilir. Xəstədə ağrı, keylik və “iynə batması” hissiyyatı  kimi simptomların baş barmaq istiqamətində yayılması  qeyd edilir.

C6-C7 səviyyəsində, sinir kökcüyünün 7-ci disk nahiyəsində yerləşdiyindən yırtıq olduğu zaman xəstələr bazunun üçbaşlı  əzələsində zəiflik hiss edirlər ki, bu proses sonradan said nahiyəsinə də yayılır, əlavə olaraq barmaqların açıcı  əzələlərinə də təsir göstərir. Yuxarıda təsvir edilən hissiyyat pozuntuları  orta barmağa da yayılmış olur.

C7-T1 səviyyəsində, sinir kökcüyünün 8-ci diskin yaxınlığında yerləşməsinə görə, yırtıq olan zaman xəstə əlini sıxdıqda zəiflik yaranır. Xəstə yuxarıda qeyd edilən hissiyyat pozuntularının olmasını  qeyd edir və bu təzahürlərin bazudan əlin çeçələ barmağnadək yayıldığını bildirir.

Boyun şöbəsində olan fəqərəarası  disk yırtıqlarının digər simptomlarına başgicəllənməsi, arterial təzyiqin yüksəlməsi, baş ağrılarının başgicəllənməsi və arterial təzyiqin yüksəlməsi ilə birgə rast gəlinməsini aid etmək olar.

     Döş şöbəsində fəqərəarası disk yırtığının simptomları

Bir qayda olaraq, döş şöbəsində baş verən fəqərəarası  yırtıqlar kürəyin yuxarı  nahiyəsində ağrı  ilə müşayiət olunur, asqıraq və öskürək nəticəsində ağrıların güclənməsi qeyd edilir. Qeyd etmək lazımdır ki, yaranan ağrılar məhz fəqərəarası  disk yırtığının nətisəndə yaranmaya da bilər, bu halda ağciyər, ürək, böyrək, mədə-bağırsaq sistemlərində yaranan pozuntular və dayaq-hərəkət sisteminin vəziyyətinə təsir edə biləcək digər xəstəlikləri fərqləndirmək lazımdır. Bu ağrılara səbəb ola biləcək oxşar simptomatikaya malik olan onurğanın çoxsaylı digər xəstəliklərini: şişlər, infeksiyalar, onurğanın osteoporoz mənşəli sınıqları, maddələr mübadiləsində baş verən müəyyən pozuntuları  və s. də nəzərdən qaçırmaq olmaz. Fəqərəarası  disk yırtığının onurğa beyninə təsiri nəticəsində mielopatiyanın (onurğa beyninin disfunksiyası) meydana çıxması mümkündür ki, bu da ciddi  hissiyyat pozuntularının, hərəkətlər zamanı  tarazlığın pozulmasının, aşağı  ətraflarda əzələ zəifliyinin, sidik  kisəsi  və ya bağırsaq problemlərinin yaranmasına səbəb olur. Xəstəliyin bilavasitə simptomatikası  yırtığın ölçülərindən və onun yerləşməsindən (lateral, mərkəzi  və ya mərkəzi-lateral) asılı  olaraq müəyyən edilir.

Mərkəzi yırtıq – ağrının meydana çıxması, bir qayda olaraq, onurğanın yuxarı nahiyəsində qeyd edilir və sonradan miyelopatiyaya gətirib çıxarır. Yırtığın ölçülərini  və onun onurğa beyninə göstərdiyi  təzyiqi  nəzərə alaraq, xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilir. Döş şöbəsində onurğa  beyni  kiçik  ölçülü  azad məkanla əhatə olunmuşdur. Yaranmış yırtıq onurğa beyninə müəyyən bir təzyiq göstərməyə başlayır ki, bu da  öz növbəsində, sinir uclarında qeyd edilən disfunksiyaya gətirib çıxarır. Bundan əlavə, bəzən belə  yırtıqlar aşağı  ətraflarda  iflicin meydana gəlməsinə səbəb ola bilər.

Yan yırtıq – yırtığın sinir kökcüklərini sıxması  döş qəfəsi və qarın boşluğu nahiyələrində yaranan şiddətli ağrı şəklində təzahür edir.

     Mərkəzi-yan yırtıq –  yırtığın bu cür yerləşməsi zamanı  müxtəlif nahiyələrdə ağrı, keylik hissiyyatı  və s. şəklində ən müxtəlif simptomların meydana çıxmasına səbəb olur.

     Bel  şöbəsində fəqərəarası  diskin yırtığının simptomları

Bu şöbədə fəqərəarası  disk yırtığının əsas simptomu onurğa, daha dəqiq desək bel qurşağı nahiyəsində lokallaşmış ağrının yaranmasıdır. Yırtığın  ölçüləri  böyük  dərəcəyə çatana qədər  və onurğa  beyni  sinirlərinin kökcüklərinə təzyiqi cüzi  olduqca (bütün bunlar xəstəliyin ilkin mərhələsini xarakterizə edir) xəstə bel qurşağında küt  və daimi  olmayan ağrılar (həmçinin lümbaqo kimi tanınan) hiss edir. Uzunmüddətli qaçmaq, öskürək, oturmaq, ayaq üstə dayanmaq və asqırmaq ağrıların artmasına gətirib çıxarır (bu təzahür sabit olmur, ağrı  sonradan yox olur). Xəstəliyin başlanmasından bir müddət sonra yırtığın ölçüsünün böyüməsi və ya onun fibroz  həlqənin sərhəddini qəflətən keçməsi ağrının güclənməsinə və aşağı  ətrafa: bud və ya sağrı  nahiyəsinə yayılmasına gətirib çıxarır. Bu isə, öz növbəsində, radikulit olaraq qiymətləndirilir  və onun gedişi işalgiya ilə: tez-tez təzahür edən güclənmiş ağrılarla müşayiət olunur. Əsasən, bu cür ağrılar bədənin mövqeyinin qəflətən dəyişməsi və ya  ağır yük qaldırılması nəticəsində baş verir. Ağrı ilə yanaşı, tez-tez keyimə kimi bir əlamət də qeyd edilir. Bu əlamət, bir və ya hər iki ayağı  əhatə edə bilər, bu zaman onun gedişi xarakterik zəiflik və “iynə batması” hissiyyatı  ilə müşayiət olunur. Keyimənin yaranması, onurğa beyni sinirlərinin kökcüklərinin disk yırtığı  tərəfindən sıxıldığını  göstərir. Bel şöbəsində fəqərəarası  disk yırtığı üçün xarakterik olan yuxarıda sadalanan simptomlarla yanaşı, xüsusilə də bel qurşağı nahiyəsində hərəkət məhdudluğu qeyd edilir. Bir qayda olaraq, şiddətli ağrı öz növbəsində kürək  əzələlərində gərginlik yaradır və bu da ona gətirib çıxarır ki, xəstə sadəcə olaraq tam şəkildə onurğasını  düzəldə bilmir. Nəticədə, yırtıq meydana gəldikdən müəyyən bir müddət sonra (6-12 ay ərzində), xəstədə qamətin pozulması (kifoz və ya skolioz) qeyd edilir.

Yuxarıda sadalanan simptomlarla yanaşı, bəzi  hallarda, fəqərəarası  disk yırtığının təsiri fonunda meydana gələn kiçik çanaq üzvlərinin funksiyalarının pozulması: sidik  ifrazının və defekasiyanın pozulması, impotensiya kimi əlamətlər qeyd edilir.

 

     Diaqnoz və diferensial diaqnostika

Dəqiq diaqnoz qoymaq üçün həkim ilk növbədə obyektiv müayinə keçirir və sonra əlavə diaqnostik üsulları  təyin edir.

Onurğa sütununda ağrı  olduğu  zaman  mütləq həkimə müraciət etmək lazimdir. Fəqərəarası disk yırtığından əlavə, bu  nahiyədə  ağrıların əmələ gəlməsinə səbəb olan bir çox digər etioloji  amilləri də fərqləndirmək lazım gəlir.

Düzgün  kliniki  diaqnoz qoymaq  üçün həkim müayinəsi çox vacibdir. Həkim xəstənin şikayətlərinə və  anamnezinə çox diqqətlə yanaşmalıdır. Ağrının yayılma dərəcəsini, hərəki  və hissi pozuntuların mövcudluğunu, ağrı  hissiyyatının sutkanın hansı  saatlarında ən yüksək həddə çatmasını, ağrının lokalizasiyası  və xarakterini, hansı vəziyyətdə ağrının güclənməsini və ya zəifləməsini aydınlaşdırmaq lazimdir. Xəstəliyin başlanğıcını, səbəb ola biləcək amilləri, simptomların inkişaf dinamikasını  tapmaq da eyni dərəcədə vacibdir. Xəstənin həyat tərzini, iş şəraitini  də ətraflı  şəkildə aydınlaşdırmaq lazimdir. Sonra reflekslərin, hissiyyatın, əzələlərin gücünün  və  tonusunun müayinəsi, dartılma simptomlarının və patoloji  reflekslərin olub-olmamasını  yoxlamaqdan  ibarət olan nevroloji  müayinə gəlir. Bundan sonra, onurğa sütununun biomexanik pozuntularını, trigger (tətik) nöqtələrini, əzələ tonusunun yenidən paylaşdırılmasını təyin etmək məqsədilə xəstənin palpasiyası  icra edilməlidir. Belə bir araşdırmanı  apararaq, şikayət və  anamnezləri  ətraflı  şəkildə təhlil etdikdən sonra  həkim ilkin diaqnoz qoya bilər.

Növbəti addım rentgenoqrafiyadır. Bu üsul yırtığın mövcudluğu, ölçüsü və yeri  barədə dəqiq bir cavab vermir. Ancaq zədələnmiş seqmentə işarə edən rentgenoloji  əlamətlər olur. Bu tədqiqat metodu daha çox araşdırıcı  xarakter daşıyır, onun qiyməti bahalı  deyil, amma rentgenoqrafiya gələcəkdə hansı  tədqiqatlara ehtiyac olduğunu müəyyən etməyə imkan verir və diaqnozun erkən mərhələsində digər patologiyaların fərqləndirilməsinə kömək edir.

Bu mərhələdə, eyni zamanda revmotestlər də daxil olmaqla qanın klinik  müayinəsini aparmaq məsləhətdir. Bu, iltihab və ya revmatoloji xəstəliklərin təsdiqinə və ya istisna edilməsinə kömək edəcəkdir.

     Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiya (MRT)  müayinələri  yırtığın varlığının, ətraf strukturlara münasibətinin, protruziyanın  ölçüsünün, pulpoz  nüvənin vəziyyətinin ən dəqiq şəkildə görüntülənməsinə  imkan verir. KT sümük strukturlarını  daha aydın  görməyə  imkan verir, onurğa beyninin vəziyyətini  isə o, daha pis əks etdirir. Lakin bu üsul  MRT  ilə müqayisədə daha ucuzdur. MRT  müayinəsi  KT-dən bahalı  olmasına baxmayaraq, fəqərəarası  disk yırtığı barəsində daha dəqiq məlumat əldə etməyə imkan verir və onurğa beyninin patoloji  prosesə qoşulub-qoşulmamasını aydınlaşdırmağa yardım edir.

Fəqərəarası  disk yırtıqlarını  onurğanın və onurğa beyninin şişləri, digər etiologiyalı neyropatiyalar, tunel sindromları, osteoartritlər, sinovial sistlər və digər xəstəliklərlə diferensiasiya etmək lazım gəlir. KT və MRT müayinələri  bu xəstəliyin diferensial diaqnostikasında xüsusilə mühüm əhəmiyyət kəsb edir.

 

     Müalicə

Disk yırtıqları  nəticəsində meydana gələn ağrı  və nevroloji  sindromların ilkin təzahürləri zamanı  farmakoterapiyadan istifadə edilir. Bu məqsədlə analgetiklər, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar, vitamin terapiyası, xondroprotektorlar, miorelaksantlar, qan dövranını  yaxşılaşdıran preparatlar istifadə edilir. Dərman müalicəsinin fizioterapiya  ilə birgə tətbiqi  yaxşı  effekt verə bilər. Diadinamik cərəyanlar, maqnitoterapiya kimi üsullar özlərini  çox yaxşı  tərəfdən göstərmişdir. Elektroforez vasitəsilə zədələnmiş nahiyəyə müəyyən dərman preparatlarının  yeridilməsi  üsulu da çox effektiv hesab olunur.

Ağrı  sindromunun şiddətinin azaldığı  zaman manual terapevtin və masajistin köməyindən də istifadə etmək olar. Postizometrik relaksasiya, sualtı  və quru dartma kimi  üsullardan istifadə etmək də çox  faydalıdır. Əlbəttə ki, düzgün qamətin və əzələ korsetinin formalaşması məqsədilə müalicəvi bədən tərbiyəsinin (MBT) tətbiq olunmasının da böyük əhəmiyyəti vardır. Akupunktur haqqında da unutmaq lazım deyil.

Fəqərəarası  disk yırtıqlarının cərrahi  müalicəsi üsulları  da vardır. Bu cür əməliyyatlar üçün göstərişlər çox məhduddur: parezin artması, kiçik çanaq  üzvlərinin  funksiyalaranın pozulması, ağrı  sindromunu aradan qaldırmağın mümkün olmaması. Bəzi  həkimlər hesab edirlər ki, yırtığın sekvestrasiyası  da cərrahi müdaxilə üçün göstəricidir. Cərrahiyyə müalicəsinin bir neçə üsulu vardır  və hər bir xəstə üçün  ayrı-ayrılıqda ən uyğun üsul seçilməlidir.

Adları  çəkilən müalicə üsullarından hər biri  həyat tərzində dəyişiklik, fiziki və statik fəaliyyətin doğru  stereotiplərinin formalaşdırılması, özü  üzərində  işləməyi nəzərdə tutur. Bunlar olmadan aparılan müalicənin effekti olmayacaq və xəstəlik geri qayıda bilər.

Yuxarıda sadalanan müalicə üsullarının əksəriyyəti barəsində “Onurğanın osteoxondrozu” mövzusuna həsr edilmiş bölmədə geniş məlumat verilmişdir. Qeyd etmək lazımdır ki, fəqərəarası  disk yırtığının müalicəsində tətbiq olunan dərman preparatlarının dozası  və digər müalicə  üsulları  onurğanın osteoxondrozunun müalicəsində tətbiq olunan vasitələrlə demək olar ki, eynilik təşkil edir. Odur ki, yuxarıda  deyilənləri nəzərə alaraq, bu bölmədə yalnız fəqərəarası  disk yırtıqlarının müalicəsində dərman blokadalarının tətbiqindən və cərrahi müalicə  üsullarından söhbət açılacaqdır.

 

     Blokadaların fəqərəarası disk yırtıqlarının müalicəsində tətbiqi

Kökcük və digər etiologiyalı ağrıların müalicəsi çox çətin, lakin vacib vəzifələrdən biridir. Ağrı sindromunun aradan qaldırılması nə qədər effektiv olarsa, xəstədə müalicənin effektivliyi ilə bağlı  bir o qədər böyük inam hissi yaranar.

Vertebrologiyanın müasir anlayışlarına görə, onurğada və ya ətraflarda olan kəskin ağrı tezliklə aradan qaldırılmalıdır. Ağrı  amilinin xronikiləşməsi halında psixogen pozuntular inkişaf edə bilər ki, bu da klinik simptomlarla birləşdikdə, müalicə prosesini çətinləşdirir və bərpa proqnozunu  pisləşdirir. Buna görə də blokada, palliativ olsa da, vertebral ağrının müalicəsinin ən qısa və ən təsirli üsuludur.

Blokada – ağrı  refleksi qövsündə olan həlqələrdən birinin müvəqqəti olaraq aradan qaldırılmasıdır. Müalicəvi dəyərindən başqa, blokadaların diaqnostik əhəmiyyəti də vardır. Bəzən klinik simptomlar təkrarlana bildiyindən, obyektiv məlumatlar və klinik təzahürlər arasındakı  əlaqələr aydın olmur ki, bu səbəbdən də həkim üçün dəqiq diaqnoz qoymaq çətinlik törədir. Belə bir hal ola bilər ki, nevroloji  simptomlar onurğanın MRT və ya KT kimi dəqiq müayinə üsulları  vasitəsilə öz təsdiqini tapmır. Digər hallarda isə əksinə, MRT və KT müayinələrinin göstəricilərinin klinik təsdiqi olmur. Belə vəziyyətlərdə selektiv blokadanın keçirilməsi ağrının səbəbini dəqiq bir şəkildə təyin etməkdə böyük köməklik göstərə bilir.

Ağrı  xüsusi anatomik strukturların anesteziyası nəticəsində azalırsa, bu, onların ağrının mənbəyi  olduğunu sübut edir. Selektiv  inyeksiyanı  dəqiq müəyyən edilmiş nöqtələrə, müəyyən bir nahiyəni  və ya oynaq və oynaq kapsulu kimi  anatomik bölgələri  innervasiya edən sinirin yerli  anesteziyası məqsədilə tətbiq edərək, bu sahədə olan bütün afferent nosiseptorları blokada edirlər.

Yerli  anesteziyaya kortikosteroidlər də əlavə olunarsa, selektiv inyeksiya onun daha uzunmüddətli  təsirini təmin edə bilər.

Oynaqlar ənənəvi müalicə üsullarına: dərman, istirahət, fizioterapiya  və s. cavab vermədikdə oynaqdaxili  steroid inyeksiyaları  iltihabı  və onunla əlaqədar meydana çıxan narahatlığı azalda bilər.

Ağrı  sindromunun aradan qaldırılmasından əlavə, blokadalar həmçinin regional vazodilatasiyaya, neyrotrofik funksiyanın yaxşılaşmasına gətirib çıxarır.

     Müalicəvi blokadalar

Müalicəvi blokadalar –  ağrı  sindromunun meydana gəlməsinə səbəb olan patoloji  ocağa dərman  preparatlarının yeridilməsinə əsaslanan, ağrı və nevroloji  xəstəliklərin digər təzahürlərini  müalicə edən effektiv bir üsuldur. Digər üsullar (dərman, fizioterapiya, masaj, manual terapiya, akupunktur) ilə müqayisədə, müalicəvi  blokadalar uzun müddət ərzində isifadə olunmasa da (100  ildən də az), ağrıdan xilas olmaqda  özünü  çox effektiv bir müalicə metodu kimi təsdiq etmişdir.

Dərman blokadasının məqsədi ağrının səbəbini aradan qaldırmaqdır. Ağrıların aradan qaldırılması  kifayət qədər tez; minimal dərəcədə əlavə təsirlər, maddi  və  vaxt  xərcləri  ilə aparılmalıdır. Bütün bu şərtlərə terapevtik blokadalar metodu tam şəkildə uyğun gəlir.

     Müalicəvi  blokadaların digər  üsullardan  üstünlüyü:

  • Yaxşı və sürətli  ağrıkəsici  effekt onunla əldə edilir ki, dərman vasitələri birbaşa olaraq ağrını  yayan sinirlərə və onların ucluqlarına təsir edir.
  • Əlavə təsirlərin yaranma ehtimalının az olması. Çünki, müalicəvi blokada zamanı dərman preparatları  əvvəlcə birbaşa olaraq patologiya ocağına düşür, yalnız bundan sonra  ümumi qan dövranına keçir.
  • Ağrı sindromunun hər yeni kəskinləşməsi zamanı  müalicəvi blokadaların tətbiqinin mümkün olması.
  • Müalicəvi blokadaların müsbət terapevtik effekti.
  • Onlar patoloji ağrı  ocağında əzələ gərginliyini, damar spazmını, iltihabi reaksiyanı  və ödemi  azaltmağa qadirdir.

    

     Onurğanın blokadasının səbəbləri:

Blokadanın istifadəsi üçün əsas göstərici ağrının olmasıdır.

Bu simptom aşağıdakı  xəstəlikləri xarakterizə edir:

  • nevralgiya;
  • üz, baş ağrısı;
  • onurğanın müxtəlif şöbələrinin osteoxondrozu;
  • fəqərəarası disklərin yırtıqları;
  • periferik sinirlərin sıxılması;
  • oynaqların xəstəliklə

 

     Onurğanın blokadasının keçirilməsinə əsas göstərişlər:

  • yuxarı və ya aşağı  ətraflara yayılan onurğa nahiyəsindəki kəskin ağrılar;
  • hərəkətə mane olan ağrılar;
  • xəstəliyin neqativ istiqamətdə inkişafı nəticəsində əlilliyin yarana bilməsi ehtimalı.

    

     Blokadaların aparılmasına əks-göstərişlər:

Vertebral blokadaların aparılmasına ən çox əks-göstərişlər aşağıdakılardır:

  • yüksək qanaxmalara meyllik (hemofiliya, trombositopeniya və qan sisteminin digər patologiyaları, antikoaqulyantların qəbulu);
  • inyeksiya yerində dərinin yerli  infeksiyaları, ümumi  infeksion xəstəliklər (patoloji mikroorqanizmlərin yüksək yayılmaq riski);
  • xəstənin ümumi vəziyyətinin ağır olması, huşun itməsi;
  • istifadə edilməsi planlaşdırılan dərmanlara qarşı həssaslıq;
  • kortikosteroidlərin istifadəsinə ümumi əks-göstərişlər;
  • ürək xəstəlikləri, xüsusilə aritmiyalar, çünki lokal anesteziya ürək ritminə təsir göstərir;
  • miasteniya;
  • arterial hipotoniya;
  • anamnezdə epileptik tutmanın olması;
  • ruhi xəstəliyin olması;
  • uşaq yaşı;
  • hamiləlik və südvermə müddəti;
  • qaraciyərin ağır zədələnmələ

 

     Mümkün ola bilən ağırlaşmalar

Blokadaların növündən asılı  olmayaraq, onların hamısının ağırlaşma riski  mövcuddur. Təcrübəli  həkim, əməliyyat üçün steril şərtlər, məlumatlı və hazırlanmış bir xəstə risk və mənfi nəticələrin yaranma ehtimalını azaldan şərtlərdir.

Onurğanın blokadasının ağırlaşmaları:

  • qanaxmalar;
  • inyeksiya sahəsinin, eləcə də onurğa beyni qişalarının infeksiyaları;
  • iynə düzgün yeridilmədikdə yumşaq toxumaların (bağlar, əzələlər, sinir lifləri, damarlar) zədələnməsi;
  • allergik reaksiyaların inkişafı;
  • yerli anesteziyanın tətbiqi  ilə bağlı  özünəməxsus ağırlaşmalar;
  • kortikosteroidlərin istifadəsi ilə bağlı özünəməxsus ağırlaşmalar.

 

     Blokadalar zamanı istifadə edilən dərmanlar

Dərman maddələrinin blokadada istifadə edilməsindən asılı olaraq, ayırd edilir:

  • birkomponentli, 1 dərman preparatı istifadə edildikdə;
  • ikikomponentli, 2 dərman preparatı tətbiq edildikdə;
  • çoxkomponentli, inyeksiya 3 və daha artıq dərman preparatından ibarət olduqda.

 

     Yerli anestetiklər

Bu dərmanlar bütün növ blokadalar üçün istifadə olunur (tək, cüt və çoxkomponentli). Sinir lifləri ilə təmasda olduqda, sinir impulslarının ötürülməsini gecikdirir və beləliklə, ağrı  refleksini və tətbiq sahəsindəki digər hissiyyat növlərini də “söndürür”.

Yerli anestetiklərin nümayəndələri:

  1. Novokain – Novokain blokadası  daha çox  istifadə olunur. 0,25%, 0,5%, 1% və 2%-li məhlulları  mövcuddur. Anesteziyanın təsiri preparat yeridildikdən 2-5 dəqiqədən sonra başlanır və 1-2 saat davam edir. Bu, ağrılı impulsları  kəsmək və xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün kifayətdir.
  2. Lidokain – bu anestetik Novokaindən sonra tətbiq olunmasına görə 2-ci yerdədir. Yüksək terapevtik indeksə və fəaliyyətin sürətli başlanğıcına malikdir. Təsir müddəti 2-3 saat davam edir.
  3. Merkain (Bupivakain) – bu yerli anestetikin təsiri bir qədər gec başlayır (10-20 dəqiqəyə), lakin effekt müddəti 3-5 saat təşkil edir. Merkainin əlavə təsirləri  inkişaf etdirmək riski daha çoxdur, xüsusilə də bu, onun ürəyə toksiki  təsiri  ilə bağlıdır.

Anestetiklərin dozası  və konsentrasiyası, eləcə də uyğun gələn konkret preparat yalnız həkim tərəfindən seçilir. Yerli  anestetiklərə allergik reaksiyaların geniş yayılması  səbəbindən, inyeksiyadan əvvəl həssaslığa qarşı sınağın aparılması məcburidir.

     Qlükokortikosteroidlər

Bunlar ağrını, ödemi  və  iltihabı  tez aradan qaldıran güclü  iltihab əleyhinə təsir göstərən preparatlardır. Bundan başqa, onlar anti-allergik təsir də göstərir. Əksər hallarda bu qrupdan olan preparatların tək halda inyeksiyaları  oynaqların patologiyası  zamanı  istifadə olunur. Onurğa  nahiyəsində ağrılar zamanı  qlükokortikosteroidlər daha yaxşı  terapevtik effekt göstərməsi, həmçinin Novokain, Lidokain və digər anestetiklərə allergik reaksiyanın inkişafının qarşısını  almaq  üçün  yerli  anestetiklərlə birgə tətbiq edilir.

Onurğanın blokadası  üçün tətbiq edilən qlükokortikosteroidlərin nümayəndələri:

  1. Hidrokortizon – suspenziya şəklində buraxılır, çünki suda həll olmur. İnyeksiyadan əvvəl, onu  anestetiklə tamamilə qarışdırırlar. Nevral blokadalar üçün uyğundur.
  2. Deksametazon – tez təsir etməyə başlayır, lakin effekti  uzun sürmür. Oynaqların və yumşaq toxumaların blokadası  üçün uygundur.
  3. Depo-medrol – Metilprednizolonun uzunmüddətli təsir edən formasıdır. Bu preparat, oynaqların və yumşaq toxumaların blokadaları  üçün istifadə olunur. Epidural blokadalarda ehtiyatla  istifadə olunur, çünki araxnoiditin inkişafına səbəb ola bilər.
  4. Diprospan qlükokortikosteroidlərin uzunmüddətli təsir edən nümayəndəsidir. Onurğanın və oynaqların patologiyalarında yaranan ağrıları  aradan qaldırmaq  üçün ideal hesab olunur. Həm sinir, həm də yumşaq toxumaların blokadalarında tətbiq olunur.
  5. Kenaloq – uzunmüddətli  təsirə malik olan kortikosteroiddir, oynaqların  və  onurğa sütununun blokadası  üçün istifadə olunur. Kenaloqun inyeksiyaları  arasında ən azı  2 həftə fasilə gözləmək məsləhətdir.

 

     Digər preparatlar

Bütün digər preparatlar müvafiq olaraq əlavə maddələr kimi  istifadə olunur, onlar çoxkomponentli blokadaların bir hissəsi kimi tətbiq edilir, onurğa sütununda yaranan ağrıları aradan qaldırmaq üçün müstəqil dəyərə malik deyil.

Ən çox istifadə olunur:

  • B qrupunun vitaminləri (B1 və B12),
  • ATF,
  • Lidaza,
  • Platifillin,
  • Trombolizin,
  • Rumalon,
  • Papain,
  • Voltaren və başqaları.

 

     Blokadların növləri

Bu müalicə üsulunun bir çox növü vardır. Yalnız ixtisaslı həkim xüsusi klinik vəziyyətə və izlənilən hədəfə əsasən onlardan müvafiq olanını seçir.

Hansı növ blokadalar istifadə olunur?

  • Transforaminal blokada zamanı, inyeksiya sinirin onurğa sütunundan çıxdığı nöqtəyə edilir;
  • İntralaminar blokada zamanı inyeksiya dəqiqliklə fəqərə çıxıntıları arasına edilir;
  • Epidural blokada zamanı anestezioloq inyeksiyanı  fəqərəarası  nahiyəyə Eyni zamanda, iynənin nüfuzetmə  yerini və dərmanın yayılmasını  izləmək üçün bir kontrast maddə yeridilir. Epidural blokada müvəqqəti, lakin çox güclü təsirə malikdir.

Blokadalar tətbiqedilmə nahiyəsinə və istifadə olunan dərmanlara görə fərqlənə bilir. Hər bir halda, qərar yalnız fərdi olaraq və yırtığın dərəcəsinə uyğun olaraq qəbul edilir. Ağrı  mənbəyini dərhal  zərərsizləşdirmək üçün proseduru tez bir zamanda həyata keçirmək vacibdir. Çünki  kəskin ağrının  olması  fəqərəarası disk yırtığının və ya onurğanın digər xəstəliklərinin sоnrakı müalicəsinin aparılması  üçün birbaşa əks-göstərişdir.

     İntralaminar blokada çıxıntıların arasından keçən mərkəzi  xətt boyunca aparılır.

     Transformaminal blokada zamanı  inyeksiya bilavasitə sinir uçlarınının çıxdığı  dəliklərə edilir. Hər  iki  prosedur onları  icra edən mütəxəssisdən maksimum dəqiqlik və böyük təcrübə tələb edir.

     Epidural blokada.  Bu, ağır və aqressiv ağrılar zamanı  tətbiq edilən xüsusi bir blokadadır. Bu blokada zamanı  dərman maddələrinin təsiri toxumaların dərin təbəqələrinə doğru yönəldilmiş olur. İnyeksiyalar xüsusi avadanlıqların nəzarəti  altında və kontrast maddənin istifadəsi ilə yüksək dərəcəli mütəxəssislər tərəfindən aparılır. Prosedur zamanı  mütəxəssis yalnız  iynənin nüfuz  etdiyi  yerləri  deyil, eyni  zamanda dərman preparatlarının qana necə düşməsini və qan axını  vasitəsilə yayılmasını  da görür. Həkim dərman  maddələrinin onurğaya  nüfuz  etməsini və bədəni  tərk etməsini müşahidə edir. Prosedur təxminən 1 saat davam edir, lakin xəstəni arzuolunmaz nəticələrdən qorumaq üçün o, daha bir neçə saat nəzarət altında qalır. Bundan sonra xəstə yaşadığı  rayon mütəxəssisinin nəzarəti altında olmaq şərtilə evə buraxılır.

     Paravertebral blokadaların  toxuma və ya sinir strukturlarına təsirinə görə növləri:

  1. Toxumaların blokadası – inyeksiya onurğa sütununun zədələnmiş seqmentini əhatə edən yumşaq toxumalarda aparılır.
  2. Reseptorların blokadası – inyeksiyalar dərinin, əzələlərin, vətərlərin, bağların bioloji aktiv nöqtələrinə edilir.
  3. Naqil blokadaları – sinir lifləri  blokada edilir, dərman maddələri  epi- və peridural, peri- və paranevral, paravaskulyar  ola  bilər.
  4. Qanqlionar – inyeksiya sinir düyünlərinə və kələflərinə edilir.

 

     Blokadanın aparılması  texnikası

Onurğanın fəqərəarası  diskinin yırtığı  zamanı  blokada necə həyata keçirilir: xəstə kəskin ağrıya səbəb olmayan bir vəziyyətdə çarpayıya yerləşdirilir. Həkim inyeksiya yerini müəyyənləşdirir. Əzələ qatının müxtəlif yerlərində bir neçə inyeksiya aparılır. Ən güclü ağrının yeri anesteziya olunur, spazm keçir. Blokadanın müsbət təsiri 1 aya qədər davam edə bilər. Bəzi hallarda  ağrı  tam keçib getmir, yalnız sakitləşmiş olur. Bu halda prosedur bir neçə dəfə təkrarlanır.

Sonra dərmanlar ən ağrılı şöbələrə inyeksiya edilir. Bu, spazmı  aradan qaldırmağa, kəskin ağrıları  yox  etməyə və hərəkətliliyi  artırmağa kömək edəcəkdir. İnyeksiya nahiyəsi antiseptiklə işlənir. Anesteziya fəqərələrin hər iki tərəfində icra edilir. İnyeksiya məhlulu daha çox Novokain və Hidrokortizondan ibarət olur.

Boyun fəqərələrinin blokadası, II-VII  fəqərələr səviyyəsində, lateral tərəfdən yanaşmaqla aparılır. Anestezioloqun vəzifəsi onurğa sütunu boyunca hər 1,5 santimetrdən bir, bir neçə inyeksiya etmək və bu zaman iynəni 2-3 sm dərinliyə yeritməkdir. Bu müddət ərzində xəstə səbirli  olmağa çalışır, həkimə kömək edir, başını  inyeksiyaya əks istiqamətə çevirir.

Döş fəqərələrinin blokadası  I-XII  döş fəqərələri səviyyəsində aparılır.

Bel şöbəsindəki fəqərəarası  yırtıqlarda blokadanı  icra edərkən, xəstəni arxası  üstə taxtın üzərində təsbit edirlər. Anestezioloq yüngül  hərəkətlərlə kürəyin ağrılı  nahiyəsini  palpasiya edərək ağrı  hissinin daha güclü  olduğu yerləri  müəyyən edir. İnyeksiya  üçün optimal yer taparaq dərini  antiseptiklə işləyir və inyeksiya nahiyəsini  anesteziya edir. Sonra  fəqərənin ox çıxıntısından 4 sm uzaqlaşaraq, iynəni  ehtiyatla köndələn çıxıntıya yeridir. Əvvəlcə iynə axıradək yeridilir, sonra qismən çıxarılaraq köndələn çıxıntıya doğru 2 sm-ə qədər istiqamətləndirilir.

Blokadanı  icra etmək üçün mütəxəssis onurğa sütununun hər iki tərəfində 6 nöqtə seçir. Nöqtələrin dəqiq yeri xəstədə olan ağrının dərəcəsindən asılıdır. Səhvlərə yol verməmək  üçün bütün proses rentgen cihazları  vasitəsi ilə idarə olunmalıdır. Blokada düzgün aparıldığı təqdirdə, xəstə yaxın vaxtlarda  güclü  ağrıkəsici  effekti hiss edəcək. Əzələlərin spazmı  aradan qaldırılacaq, ödem yox olacaq, iltihab prosesi  azalacaqdır.

Müalicəvi  təsir anestetikin təsiri keçənə qədər – təxminən 3  həftə davam edəcək. Fəqərəarası  disk yırtığının dərman blokadası  bir neçə dəfə icra edilə bilər. Adətən, ağrıları aradan  qaldırmaq  üçün  1 blokada proseduru  kifayət edir, bəzən 4-5  günlük fasilələrlə  2-15 inyeksiyadan  ibarət müalicə kursu  aparıla bilər. Müasir tövsiyələrə əsasən, belə bir müalicəni ildə  4 dəfədən artıq keçirmək məsləhət görülmür.

Hər hansı  bir blokada yalnız  mütəxəssislər tərəfindən aparılmalıdır, çünki  bu, sırf  tibbi manipulyasiyadır. Bir qayda olaraq bu cür müalicə ilə nevropatoloqlar, neyrocərrahlar, vertebroloqlar, travmatoloq-ortopedlər məşğul olurlar. Bu manipulyasiyanı  icra edən mütəxəssis, onurğa sütununun anatomiyası  və  topoqrafiyası  barəsində mükəmməl biliklərə malik olmalı, blokadaların həyata keçirməsinə aid göstərişləri və əks-göstərişləri bilməli, mümkün ola biləcək ağırlaşmalar və onları  aradan qaldırmaq yollarından xəbərdar olmalıdır.

Bu, məsuliyyətli  bir  tibbi  manipulyasiya  olduğundan, kiçik  əməliyyatxanada və ya steril bir sarğı otağında ciddi aseptik şəraitdə həyata keçirilməlidir. Xəstə inyeksiyadan əvvəl prosedurun keçirilməsinə yazılı  razılıq verməli, bütün mümkün nəticələr və ağırlaşmalar barədə xəbərdar edilməlidir.

Bir nəticəyə gəlmək olar ki, onurğanın blokadası  onurğa sütununun patologiyası  ilə  əlaqədar yaranan ağrıdan xəstəni  azad etmək üçün effektiv və sürətli  bir vasitədir. Lakin heç zaman bu prosedura səhlənkar yanaşmaq olmaz, çünki  bu, ciddi  bir manipulyasiyadır  və onun tətbiq qaydalarının pozulması  ağır  nəticələrə və  hətta  ölümə  səbəb ola bilər.

 

     Fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsi

Fəqərəarası disk yırtığının aradan qaldırılması üçün aparılan əməliyyat – diskin fibroz həlqəsinin yırtılması nəticəsində yerini dəyişmiş pulpoz nüvənin  korreksiyası  və bərpası məqsədi daşıyan bu və ya digər cərrahi əməliyyat növüdür.

Daha çox onurğanın bel-oma (48% hallarda), ondan bir qədər az boyun (46% hallarda) və nadir hallarda döş  səviyyəsində (6% hallarda) fəqərəarası disk yırtığını  cərrahi üsulla aradan qaldırmaq lazım gəlir.

Fəqərəarası disk yırtığı nadir hallarda (təxminən 10% hallarda) cərrahi əməliyyat vasitəsilə aradan qaldırılmasını tələb etdiyinə baxmayaraq, bu əməliyyatlar müntəzəm şəkildə həyata keçirilir və ildən-ilə xəstələr üçün bu növ əməliyyatların daha təhlükəsiz və az travmatik keçirilməsinə imkan verən yeni  metodlar işlənib hazırlanır.

 

     Cərrahi əməliyya göstərişlər:

Cərrahi əməliyyat üçün göstərişlər aşağıdakılardır:

  • Yırtığın sekvestrasiyası və onurğa beyninə sıxıcı təsir göstərməsi. Bu hal cərrahi müdaxilənin həyata keçirilməsi üçün mütləq göstəriş sayılır, çünki nəticədə kiçik çanaq  üzvlərinin funksiyalarının çoxsaylı  pozulmalarına və ətrafların  iflicinə səbəb ola bilər. Bu vəziyyətin ağrlaşmaları  arasında: budun arxa səthinə və kiçik çanaq nahiyəsinə yayılan və  öskürək  zamanı güclənən şiddətli ağrılar, sidik və nəcisi saxlaya bilməmək, reproduktiv funksiyaların pozulması, impotensiyanı  qeyd etmək olar. Belə bir vəziyyət həkimlər tərəfindən at quyruğunun sıxılması kimi  xarakterizə olunur.
  • Nevroloji pozuntuların inkişafı.
  • Dərman vasitəsi ilə aradan qaldırıla bilməyən davamlı ağrı sindromu.
  • Konservativ müalicənin 4 ay ərzində təsirinin olmaması.

Xəstəni əməliyyata göndərmək və ya göndərməmək barədə qərar, onun sağlamlıq vəziyyəti haqqında  bütün lazımi məlumatları  əldə etdikdən sonra bir neçə həkim tərəfindən qəbul edilir. Rentgenoqrafiya, KT və ya MRT, EKQ və qan testlərinin nəticələri  əməliyyatın keçirilməsinə dair son qərarın  verilməsinə təsir göstərir.

     Fəqərəarası  disk yırtığının aradan qaldırılması  üsulları:

     Disk yırtığının soyuq plazma vasitəsilə nukleoplastikası

Bu üsul, yırtıq toxumasının soyuq plazmaya məruz qalmaqla çıxarılmasından ibarətdir. Soyuq plazma zədələnmiş toxumalara nazik bir iynə vasitəsilə çatdırılır və ultra-aşağı temperaturun təsiri ilə yırtıq toxuması  məhv edilir.

Bu üsulun üstün cəhətləri  çoxdur: ağrı  hissiyyatının ani olaraq yox edilməsi, əməliyyatın qısa müddət (30 dəqiqə) davam etməsi. Əməliyyat ambulator şəraitdə icra olunur ( xəstəxanaya getməyə ehtiyac yoxdur), reabilitasiya lazım deyil.

Ancaq bu üsulun çox əhəmiyyətli bir mənfi  cəhəti – yırtığın təkrarlanma ehtimalının yüksək olmasıdır.

     Disk  yırtığının hidroplastikası

Xüsusi kanyulanın köməyilə yırtıq olan yerə nukleotom birləşdirilir ki, onun içərisi ilə yüksək təzyiqli fizioloji məhlul axaraq fəqərəarası  yırtığa çatdırılır. O, çapıq izi  qoymadan yırtıq toxumalarını  yuyub aparır. Hidroplastikanın  üstünlükləri  az travmatikliyi, nekrozun qarşısını almağın mümkünlüyü, xəstəni  ağrı  hissiyyatından xilas etməsidir.

Lakin hidroplastika əməliyyatı, yalnız yırtığın ölçüləri  kiçik olduqda (6 mm-dən böyük olmadıqda) həyata keçirilə bilər. Əlavə olaraq, bu əməliyyatın icra edilməsinə digər əks-göstərişlər də vardır: fibroz  həlqənin əhəmiyyətli dərəcəli zədələnməsi, təsir nahiyəsində infeksion proseslərin olması, onkoloji  xəstəliklər.

     Disk  yırtığının mikrocərrahi  üsulla xaric edilməsi

Mikrocərrahi  müalicədə xüsusi alətlər və mikroskopdan istifadə edilir. Bu üsul yırtığın hamısının və ya onun fəqərə kanalında yerləşən hissəsinin çıxarılmasına imkan verir.

Cərrahi müdaxiləyə qabaqcadan hazırlanmaq tələb olunur. Bunun üçün  8 saatlığa qidadan imtina etmək,  MRT müayinəsindən  və anestezioloqun baxışından keçmək lazımdır.

Əməliyyatın mahiyyəti aşağıdakılardan ibarətdir: dəridə kəsik aparılır, fəqərəarası  diskin toxumalarına çıxış təmizlənir, onun sinir kökcüyü altında olan hissəsi çıxarılır, əməliyyat nahiyəsi  mümkün residivlərin qarşısını  almaq və tezliklə sağalmaq məqsədilə lazerlə şüalandırılır. Sonra kəsik tikilir. Boyun şöbəsində, çox vaxt çıxarılmış qığırdağın protezlə əvəz edilməsi tələb olunur.

Xəstəyə, huşu bərpa edildikdən sonra qalxmaq və gəzmək lazımdır. Xəstə 2 ay ərzində diskin yerindən  asılı  olaraq yarımsərt  korset və ya  Şants yaxalığı  gəzdirməlidir. Fiziki  fəaliyyətə əməliyyatdan 1 ay sonra, fiziki  olmayana  isə – 1 və ya 2 həftədən sonra icazə verilir.

     Disk  yırtığının lazerlə xaric edilməsi

Yırtığın lazer vasitəsilə çıxarılması dəyişikliklərə məruz qalan disklərin vaporizasiyası (buxarlandırılması)  və ya yenidən qurulması məqsədini daşıyır.  Vaporizasiyadan söhbət açdıqda, o, zədələnmiş diskin lazer toplusu ilə məhv edilməsi anlamını daşıyır. Diskin hüceyrələrinin buxarlanması  hesabına onun  ölçüləri  azalır və o, artıq sinir uclarını  və ətraf toxumaları  sıxmır. Bu üsul, disk yırtığı olan 50 yaşınadək şəxslər üçün tətbiq olunur.

Yaş məhdudiyyətləri  onunla  əlaqədardır ki, insanlarda yaş keçdikcə onurğa sütununda və yırtıq toxumasında degenerativ dəyişikliklər baş verir ki, lazer şüasının köməyilə  onları dayandırmaq sadəcə olaraq  mümkün deyil. Anesteziya – yerlidir, əməliyyatın vaxtı – 1 saatdan çox davam etmir. Xəstə təxminən 2 saat həkim nəzarəti altında xəstəxanada qaldıqdan sonra evə buraxılır. Lazer vaporizasiyasının  üstünlüyü  ondan  ibarətdir ki, çıxarılmış yırtığın yerini birləşdirici  toxuma tutur və bu da sonradan yırtığın yenidən əmələ gəlməsinə mane olur.

     Diskin  lazer rekonstruksiyası

Lazerin  istifadəsilə aparılan  cərrahiyyə müdaxiləsinin  başqa bir variantı  diskin yenidən qurulmasıdır. Bu müalicə üsulunun mahiyyəti  qığırdağın böyüməsi  üçün onun  isidilməsindən ibarətdir. Toxumalar mikroçatları doldurur  və nəticədə ağrılar yox olur. Bu üsulun xəstəliyin inkişafının erkən mərhələlərində istifadə edilməsi daha məqsədəuyğundur.

     Disk  yırtığının endoskopiyası

Fəqərəarası  disk yırtıqlarının endoskopik üsulla çıxarılması zamanı xüsusi bir cihazdan – endoskopdan istifadə edilir. Yırtıq yan fəqərəarası dəlik vasitəsilə xaric edilir. Endoskopun borusunu yerləşdirmək üçün dəridə kəsik aparılır, diskə çatmaq üçün bütün toxumalar aralanır. Baş verən hadisələr monitorun ekranında əks olunduğundan, həkim bütün prosesi  nəzarət altında saxlaya bilər. Diskin yırtığı və pulpoz  nüvə onurğa sütununa toxunmadan çıxarılır, əməliyyat yeri  lazerlə şüalanır.

Anesteziya üsulu yerli narkoz – epidural anesteziyadır. Əməliyyat müddəti orta  hesabla 40 dəqiqə çəkir, ən ağır hallarda 2 saata qədər davam edə bilər. Xəstə 3 günə qədər stasionar şəraitində qalmalıdır, sonra o, evə buraxılır  və ağır olmayan fiziki  işlə məşğul olmaq imkanına malik olur. 1,5 aydan sonra xəstə öz normal  həyatına qayıda bilər.

     Fəqərəarası sinirlərin destruksiyası

Radiotezlikli destruksiya. Fasetli (ağrı) sindromda istifadə olunur və xüsusi elektrodların vasitəsilə  termokoaqulyasiya  üsulu  ilə sıxılmağa məruz qalmış sinirin blokadasından ibarətdir.

Bu metodun çatışmazlıqlarından biri  – ağrı  hissiyyatının təkrar yarana bilməsidir, lakin müəyyən bir müddətdən sonra bu müalicə üsulunun tətbiqi təkrarlana bilər. Xəstə müdaxilənin icra  olunmasından 1 saat sonra evə buraxılır. Əks-göstərişlər arasında: narkotik, alkoqol və dərman  asılılığı, qan dövranı  pozuntuları, yaş məhdudiyyəti (75-dən çox və 18 yaşından kiçik) və s. qeyd etmək olar.

     Disk  yırtığının vertebroplastikası (sklerozlaşdırılması)

Verteboplastika protuziyaların böyüməsini və fəqərəarası  diskin yırtığına transformasiyasını dayandırmağa  imkan verən az travmatik prosedurlara aiddir. Sklerozlaşdırmanı  sinir lifləri zədələnməmiş icra etmək vacibdir.

Anesteziya yerli  olaraq aparılır. Əməliyyatın mahiyyəti  infraqırmızı  lazerdən gələn impulslarla stabilləşdirilən modelləşdirici qatqının spinal kateter vasitəsilə zədələnmiş nahiyəyə yeridilməsindən ibarətdir. Qarışıq bərkidikdən sonra çatlar və lakunalar doldurulur və təsbit olunur.

Üçqat sklerozlaşdırmaya 10  il  və ya daha çox müddətə zəmanət verilir, lakin MRT müayinəsi ən  azı  5 ildən bir keçirilməlidir, çünki  yırtıqlar digər yerlərdə  yarana bilər.

     Disk yırtığının  laminektomiyası

Fəqərəarası  disk yırtığının laminektomiya üsulu  ilə aradan qaldırılması  son vaxtlara qədər Azərbaycanda ən geniş yayılmış cərrahi  müdaxilə üsulu olmuşdur. Bu cür əməliyyatın mahiyyəti ondan  ibarətdir ki, sinir kökcüyünün altında yerləşən fəqərənin sümük toxuması  hissəsi və fəqərəarası  diskin bir hissəsi xaric edilir. Nəticədə – sinir ətrafındakı  böyük bir məkanın meydana gəlməsi, onun qan təchizatının bərpa olunması  və ağrıların aradan qalxması baş verir.

Bu  əməliyyatı  yerinə yetirmək üçün ümumi anesteziyanın tətbiqi tələb olunur, əməliyyatın özü 3 saata qədər davam edə bilər. Əməliyyata nəzarət rentgen şəkillərinin köməyi ilə həyata keçirilir. Xəstə 5 günə qədər xəstəxanada qalır. Xəstənin yaşından, əməliyyatın ağırlıq dərəcəsindən və s. asılı olaraq hərəkətlilik məhdudiyyəti üçün müddət  fərdi qaydada müzakirə edilir.

     Disk yırtığının disektomiyası

Disektomiya, qırıntılar olduqda və ya yırtığın sekvestrasiyası zamanı  kiçik çanaq üzvlərinin funksiyalarının pozulması  baş verdiyi  təqdirdə, böyük ölçülü yırtıqları  aradan qaldırmaq üçün klassik bir üsuldur. Disektomiyanın icra edilməsi  üçün  ümumi  anesteziyanın tətbiqi  tələb olunur. Əksər hallarda cərrahlar onurğa beyninə və  ötürücü sinirlərə təzyiq göstərən diski bütövlükdə və ya onun əksər hissəsini xaric edirlər. Əgər zədələnmiş disk xaric edilməzsə, onda remissiya ehtimalı  saxlanmış olur. Diskin olmaması  səbəbindən fəqərələrin hərəkətliliyini itirməmək üçün həmin yerə titan ərintilərindən hazırlanmış xüsusi protez  yerləşdirilir. Bundan əlavə, disklərin sümüklərdən (əsasən qalça sümüyündən) ibarət plastikası  da tələb olunur.

Xəstə orta hesabla, 5 gün  yataq rejiminə  riayət etməlidir. Nəqliyyat vasitələrindən istifadə edilməsi, aktiv fiziki  fəaliyyət, ağır çəkilərin qaldırılması – bütün bunlar 30 gün ərzində xəstəyə qəti  surətdə qadağandır. Əməliyyatdan sоnra bir neçə gün ərzində, sağalma prosesinin sürətləndirilməsinə kömək etmək məqsədilə korsetin gəzdirilməsi vacibdir.

Bunu bilmək vacibdir ki, disektomiya yalnız konservativ müalicə üsulları  kömək etmədikdə və digər əməliyyatların həyata keçirilməsinin mümkün olmadığı  halda həyata keçirilir. Bu əməliyyat zamanı  qanaxma və infeksiyalaşma riski  mövcuddur, üstəlik tez-tez onun nəticəsində fəqərələr hərəkətsiz şəkildə birləşir ki, bu da başqa bir şöbədə yırtığın meydana gəlməsi təhlükəsi yaradır.

 

     Fəqərəarası  disk yırtığının aradan qaldırılması  əməliyyatının nəticələri

Fəqərəarası  disk yırtığının aradan qaldırılması  üçün aparılan istənilən cərrahi müdaxilənin nəticələri  müsbət və mənfi  olaraq 2 yerə bölünür.

     Üstünlüklər arasında:

  • ağrı sindromunun yox edilməsi;
  • xəstəliyin tamamilə aradan qaldırılması ehtimalı;
  • tez bir müddətdə normal iş rejiminə qayıtmaq;
  • qısamüddətli reabilitasiya dövrü.

Hətta minimal  invaziv  prosedurlardan sonra yarana biləcək ağırlaşmalar arasında aşağıdakı halları  qeyd etmək olar:

  • onurğa beyin qişalarının zədələnməsi və serebrospinal mayenin sızması riski;
  • toxumalar tam sağalana qədər yataqda qalmaq məcburiyyəti;
  • zədələnmiş diskin iltihabı;
  • qanaxmanın inkişafı;
  • infeksiya riski;
  • sinir kökcüyünün  zədələnməsi;
  • nəcis və sidik ifrazına nəzarətin itirilməsi;
  • xəstəliyin təkrarlanması riski;
  • onurğanın digər hissələrində yırtığın inkişafı.

Məhz bu səbəblərə görə cərrahiyyə müdaxiləsinin aparılması  barədə qərarın çıxarılması diqqətlə  ölçülüb-biçilməli və xəstənin hərtərəfli müayinəsindən sonra dəqiqləşdirilməlidir.

 

     Cərrahi əməliyyatla bağlı ən çox yaranan suallar

Əməliyyatdan əvvəl və sonra xəstələrdə bir çox suallar yaranır. Xəstələri ən çox narahat edən suallar bunlardır:

     Yırtıq aradan qaldırıldıqdansonra nə vaxt oturmaq olar?

Əməliyyatdan ən azı  6 həftə sonra icazə verilir. Belə bir məhdudiyyət onunla bağlıdır ki, zədələnmiş toxumaların çapıqlaşması  tələb olunur, çapıq  özü  sağalmalıdır, bu müddət ərzində sinir ucluqları  yenidən bərpa olur, onurğa sütununun funksiyaları  maksimal dərəcədə işə düşür. Buna görə də xəstənin onurğa sütununun zədələnmiş hissəsi  üçün ən əlverişli şərait yaratmaq, onu əlavə gücə düşmələrdən qorumaq vacibdir. Oturmağa  icazə verildikdə, xəstə bu vəziyyətdə yarım  saatdan çox müddətdə qalmamalıdır. 10 dəqiqə  ərzində fasilə vermək lazımdır ki, bu müddətdə də xəstə ayaq  üstə dayanmalı  və ya uzanmalıdır.

     Fəqərəarası  disk yırtığı  aradan qaldırıldıqdan nə qədər sonra hamilə qalmaq olar?

Qadınlar, yırtıq aradan qaldırıldıqdan sonra hamilə qala bilmələrinə görə narahat olmamalıdırlar. Lakin bu, yalnız onurğa sütunu tam bərpa edildikdən sonra edilməlidir. Bir qayda olaraq, bərpa prosesi 1 il davam edir. Bu müddətdən sonra KT və ya MRT daxil olmaqla lazımi  bütün müayinələrdən keçmək lazımdır. Əgər yeni bir yırtıq meydana gəlməyibsə və əməliyyat yeri  sağalıbsa, bu zaman yaxın gələcəkdə hamiləliyi planlaşdırmaq olar. Buna baxmayaraq, 1 il  gözləmək, qadın üçün ağırlaşmalar olmadan hamiləliyi  keçirmək üçün lazım olan məcburi  bir müddətdir.

     Disk  yırtığı  aradan qaldırıldıqdan sonra ayağın keyiməsi

Əməliyyatdan sonra baş verən ağırlaşmalar arasında ən çox rast gələn əlamət ətrafın keyiməsidir. Çox vaxt bu hissiyyat bərpa dövrü  bitdikdən sonra keçib gedir. Bəzi  hallarda sinir kökcüyünun  uzun müddət yırtıq tərəfindən sıxılması səbəbindən artıq əməliyyata qədər hissi liflərin tamamilə məhv olması baş verir. Buna görə də, ətrafda keylik hissi yaranarsa, mütləq əlavə müalicə kursu keçmək lazımdır ki, onun nəticəsində də hissiyyatın bərpa olunması mümkün ola bilir. Müalicə kursu neyrostimulyatorların, fizioterapiyanın, masajın qəbulundan ibarət olur.

     Əməliyyat nə qədər davam edir?

Əməliyyatın nə qədər davam edəcəyi  ilə bağlı  sualın cavabı  hansı  üsulun seçilməsindən asılıdır. Soyuq plazma nukleoplastikası və yırtığın lazer vasitəsilə aradan qaldırılması  30 dəqiqəyə qədər, hidroplastika – 20 dəqiqəyə qədər, mikrodiskektomiya və endoskopiya –  2 saata qədər, fəqərəarası  sinirlərin destruksiyası 1 saatdan çox olmayaraq, verteboplastika – 1 saata qədər, laminektomiya və disektomiya – 3 saata qədər davam edir. Əməliyyatın mürəkkəbliyindən asılı  olaraq, vaxt qısaldıla və ya bir qədər artırıla bilər.

     Əməliyyatdan neçə gün sonra tikişləri  islatmaq (çimmək) olar?

Tikişləri  nəmləndirməyin mümkün olması  vaxtını adətən müalicə həkimi təyin edir. Ümumiyyətlə, sarğı  çıxarılmazdan əvvəl bunu etmək məsləhət görülmür. Adətən, əməliyyatdan 2  sutka keçdikdən sonra ağırlaşmalar olmadıqda, xəstələrə infeksiya riski olmadan duş qəbul etməyə icazə verilir. Buna baxmayaraq, mümkün olan fəsadların inkişafının qarşısını  almaq üçün ilk növbədə həkimlə məsləhətləşmək lazımdır.

     Yırtığın aradan qaldırılmasından sonra  idmanla məşğul olmaq və cinsi əlaqə

Fəqərəarası  disk yırtığı  olan şəxslərə ağır fiziki  idmanla məşğul olmaq ümumiyyətlə qadağandır. İdman fəaliyyəti  ilə məşğul olmaq, bir qayda olaraq, 3 aya qədər məhdudlaşdırılır. Lakin müalicəvi  bədən tərbiyəsi kompleksinə daxil olan minimal idman hərəkətlərinə əməliyyatdan artıq bir neçə gün keçdikdən sonra başlamaq lazımdır. Bu hərəkətlər kompleksi müalicə həkimi tərəfindən seçilməli və onlar ciddi şəkildə tənzimlənməli və dozalaşdırılmalıdır.

Cinsi əlaqəyə gəldikdə isə, artıq əməliyyatdan 1 həftə sonra ehtiyatlı  şəkildə cinsi əlaqəyə girmək mümkündür.

     Disk  yırtığı  aradan qaldırıldıqdan sonra xəstələrə  əlillik  dərəcəsi  verilirmi?

Əməliyyatdan sonra əlillik dərəcəsi almaq olar, ancaq onu xüsusi  ağır hallarda təyin edirlər. Əlillik dərəcəsi almaq üçün, xəstə ağır əməliyyat keçirdikdən sonra həkimi tərəfindən tibbi əmək ekspertizası komissiyasına (TƏEK) göndərilir. Əlillik dərəcəsi, adətən ömürlük verilmir. Çox vaxt bərpa  müddəti bitdikdən sonra əlillik dərəcəsi ləğv edilir.

 

     Fəqərəarası  disk  yırtığının  xaric  edilməsindən  sonra reabilitasiya

Reabilitasiya əməliyyatın mürəkkəbliyindən, eləcə də xəstənin sağlamlıq durumundan asılıdır. Bununla belə, heç bir halda reabilitasiya tədbirlərindən imtina etmək olmaz.

Ümumi tövsiyələr aşağıdakılardır:

  • xəstəyə ən azı 1,5 ay oturmaq qadağandır;
  • kəskin hərəkətlərdən: hoppanmaq, gövdənin burulması, zərbələr və çəkinmək lazımdır;
  • müvəqqəti olaraq (3 ayadək) nəqliyyat vasitələrindən istifadə olunmasını məhdudlaşdırmaq lazımdır. Daşınmanın qarşısını  almaq mümkün deyilsə, xəstə bunu uzanmış  halda etmə Onurğa sütununa  isə  korset şəklində dəstək lazımdır.
  • ağır yük qaldırmaq qadağandır. Bu məhdudiyyət 2 kq-dan artıq olan yüklərə aid edilir. Daşınan yük hər iki əl arasında bərabər paylanmalıdır.
  • onurğa sütununu yarım saatdan artıq gücə salmaq məsləhət deyil. Mütləq üfüqi vəziyyətə  keçməklə  fasilələr vermək lazımdır.

Sonrakı  reabilitasiya müddəti müalicəvi bədən tərbiyəsi (MBT) kompleksi, fizioterapevtik prosedurların keçirilməsi və sanator-kurort müalicəsindən ibarətdir.

     Disk  yırtığı  aradan qaldırıldıqdan sonra korsetin  istifadə  olunması

Korset möhkəm və immobilizasiya edən olmalıdır ki, onurğa sütununu sabit vəziyyətdə saxlasın və yırtıq aradan qaldırıldıqdan sonra onun tamdəyərli şəkildə bərpa olunmasına imkan versin. Korseti  6  saatdan artıq gəzdirmək məsləhət görülmür. Uzanmaq lazım gəldikdə, sərt bandaj  çıxarılmalıdır.

 

     Proqnoz və profilaktika

1 ay ərzində adekvat konservativ müalicə alan xəstələrin təxminən yarısını  artıq fəqərəarası disk yırtığı narahat etmir. Digər hallarda, bunun üçün 2-6 ay arasında dəyişən daha uzun bir müddət tələb olunur, tam bərpa üçün isə 2 ilədək vaxt tələb oluna bilər. “İdeal”  halda qabarmış pulpoz nüvə rezorbsiya prosesləri nəticəsində geri  sorulur və fəqərəarası  disk yırtığının ölçüsü azalır. Bu proses təxminən 1/3 hallarda 1 il çəkir, lakin 5-7  ilədək davam edə bilər. Uzunmüddətli mielopatiya hallarında əlverişsiz proqnoz meydana gəlir. Bu halda hətta disk yırtığının cərrahi  yolla çıxarılmasından sonra da nevroloji  çatışmazlıq qalmaqda davam edir və xəstələrin əlilliyinə səbəb olur.

Fəqərəarası  disklərin yırtıqlarının profilaktikası  üçün nəzərdə tutulan tədbirlər 2 qrupa bölünür:

  • əgər fəqərəarası disk yırtığı artıq yaranmışdırsa;
  • fəqərəarası disk yırtığının yaranmasının qarşısını  almaq üçün.

     Birinci qrup tədbirlər

     Bu vəziyyətdə profilaktikanın məqsədi ağrı epizodları  arasındakı  fasilələrin artırılmasıdır.

Fəqərəarası  disk yırtıqlarının ağırlaşmalarının qarşısını  almaq üçün ilk növbədə zəruridir:

  • xəstəliyin ilk simptomları  yaranan zaman vaxtında həkimə müraciət etməli;
  • optimal əzələ korsetinin yaradılması. Adətən, fəqərəarası  disk yırtığının müalicə kursundan sonra bütün xəstələrə zəif əzələləri  gücləndirən və əldə edilən nəticələri qoruyub  saxlayan xüsusi bədən tərbiyəsi təyin edilir;
  • onurğanın  üzərinə düşən yükün azaldılması. Həyat tərzimiz tez-tez bizə peşə xəstəlikləri qazandırır, ağır fiziki iş isə ilk növbədə, fəqərəarası  disk yırtığının əmələ gəlməsinə təsir göstərir;
  • pis vərdişlərdən qurtulmağa cəhd göstərmək. Siqaretdən istifadə edilməsi damarların daralmasına və nəticədə bütün orqan və toxumaların, o cümlədən də fəqərəarası disklərin qidalanmasının pozulmasına səbəb olur. Spirtli  içkilərin qəbulu isə ümumiyyətlə  orqanizmə böyük ziyan vurur;
  • normal  yataq rejiminin təşkili. Bəzən hələ xəstənin ilk müayinəsi zamanı  məlum olur ki, onun narahat döşəyi və ya yastığı var və bu amilin aradan qaldırılması fəqərəarası  disk yırtığının yaranması  ehtimalını  xeyli azaltmış olur;
  • kəskin hərkətlər etməmək. Heç vaxt irəli uzanmış əllərlə yük qaldırmaq olmaz. Qabağa əyilməklə dönmə hərəkətlərinə yol verməməli. Yükü yerdən qaldırmaq üçün əvvəlcə oturmaq, yükü götürmək və yüklə birlikdə ayağa qalxmaq lazımdır. Yataqdan qalxdıqda böyrü  üstə çevrilmək, ayaqları  dizdən bükmək, onları  çarpayının kənarından sallamaq, əllərlə yataqdan itələnərək düzgün şəkildə ayağa qalxmaq lazımdır. Bu gündəlik hərəkətlər disk yırtığının böyüməsinin qarşısını  almağa kömək edəcəkdir.

 

     İkinci qrup tədbirlər

Əgər fəqərəarası disk yırtığı hələ yaranmayıbsa:

  • skoliozun, osteoxondrozun, yastıayaqlılığın, uşaqlarda bud-çanaq oynağının displaziyasının və dayaq-hərəkət sisteminin bəzi digər xəstəliklərinin vaxtında müalicə olunması;
  • pəhriz rejiminə riayət etmək. Fəqərəarası disk yırtığı  zamanı  təyin edilən pəhriz onurğanın  osteoxondrozu zamanı  təyin edilən pəhriz rejimi ilə demək olar ki, eynilik təşkil edir;
  • müntəzəm normallaşdırılmış fiziki yük. Onurğanın, xüsusən də onun bel şöbəsinin fəqərəarası disk yırtıqlarının müalicəsində və qarşısının alınmasında kömək edir.
  • bəzi idman növləri (sui-istifadə etmədikdə):  üzgüçülük, gimnastika, qaçmaq, piyada gəzintilər, velosiped sürmək və s. Əgər orqanizm sağlamdırsa və heç bir çatışmazlığı yoxdursa, idmanın bütün növləri  faydalıdır. Əks halda onlar zərər verə və ya xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

Fəqərəarası  disk yırtığının qarşısının alınması və müalicəsinin digər mümkün üsulları  haqqında bilavasitə müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/24/osteoxondroz/

 https://nevropatologiya.az/2021/08/17/mrt-muayin%c9%99si/

https://nevropatologiya.az/2021/08/24/nevroloji-x%c9%99st%c9%99l%c9%99rin-muayin%c9%99si/

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 27.07.2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq