Miqren, Miqrenin müalicəsi
Miqren və ya hemikraniya – irsi meylli nevroloji xəstəlik olub, travmalar, şişlər və ya insult ilə əlaqəli olmayan artan pulsator baş ağrısı şəklində özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə miqren, gərginlik baş ağrısından sonra baş verən spontan baş ağrılarının əsas səbəbi və insanın sosial adaptasiyasını ən çox pozan 19 xəstəlikdən biridir. Bəzən miqren zamanı əmək qabiliyyətinin itirilməsi o dərəcəyə gəlib çatır ki, xəstəyə əlillik dərəcəsi təyin edilir. XBT–10 üzrə kodu G43.0-dır.
Miqrenin diaqnostikası və müalicəsi üçün xərclənən vəsaitin miqdarı ürək-damar xəstəliklərinin müalicəsinə sərf edilən maliyyə xərcləri ilə müqayisə edilə bilər. Bu halda həkimin vəzifəsi – dəqiq diaqnoz qoymaq; miqren tutmalarının baş ağrılarının digər formalarından diferensiasiyası; qeyri-spesifik analgetiklər, triptanlar və β-blokatorlar da daxil olmaqla optimal dərman təyini rejiminin seçilməsidir. Həkimin daimi nəzarəti, hər bir fərdi halda tutmanı aradan qaldırmaq üçün dəqiq bir plan hazırlamağa kömək edir. Xəstəliyin şiddəti tutmaların tezliyi və intensivliyi ilə müəyyən edilir. Yüngül formalı miqrendə tutmalar ildə bir neçə dəfə, ağır formalarda – gündəlik baş verir. Lakin miqren tutmalarının ayda 2-dən 8 dəfəyədək baş verməsi xəstəliyin ən geniş yayılmış forması hesab olunur.
Etiologiya və patogenez
Miqren nevroloji xəstəliklərə aiddir, buna görə də onun baş verməsinə aşağıdakı patologiyalar səbəb ola bilər:
- kəllədaxili təzyiqin artması;
- baş və boyun əzələlərinin spazmları;
- onurğanın boyun nahiyəsinin osteoxondrozu;
- qlaukoma;
- arterial təzyiqin nasazlığı, arterial hipertoniya.
Miqren necə meydana gəlir və onun inkişafına nə kömək edir?
- Miqrenoz ağrılar beyinin sərt qişasının serebral damarlarının genişlənməsinə gətirib çıxaran damar patologiyası nəticəsində baş verir. Bu damarlar qeyri-bərabər şəkildə genişlənərək, onların yaxınlığında yerləşən sinir hüceyrələrinə təzyiq göstərir.
- Qan damarlarının daralması nəticəsində yaxın toxumalarda qan dövranı pozulur ki, bu da ağrı sindromunun yaranmasına səbəb ola bilər.
- Sistem xəstəlikləri, metabolizmin pozulması və ya mərkəzi sinir sisteminin patologiyası da miqrenin inkişafına səbəb ola bilər.
- Miqrenli xəstələrin 70%-də bu xəstəliyə irsi meyllik qeyd edilir. Onların valideynlərində də oxşar patologiyanın olması məlum olur.
Miqren zamanı ağrınin inkişaf mexanizmi tam olaraq tədqiq olunmamışdır, bu barədə bir neçə nəzəriyyə mövcuddur.
Serotonin – miqrenin səbəbi kimi.
Serotonin damarların spazmına səbəb olan və sinir impulslarının düzgün ötürülməsi üçün vacib olan bir neyrotransmitterdir. Serotoninin səviyyəsinin kəskin artması nəticəsində kəllədaxili damarların spazmı yaranır ki, bunun nəticəsində də həmin spazm yaranan nahiyədə miqrenoz ağrı meydana çıxır. Bu damarlarda ağrı reseptorları yoxdur, amma çox miqdarda serotoninin ifrazı zamanı orqanizm onu parçalayan maddələr istehsal etməyə başlayır. Bunun nəticəsində onların tonusu normallaşır, ancaq eyni zamanda, daxilində ağrı reseptorları olan gicgah nahiyəsinin səthi damarları genişlənir. Qan axınının zəifləməsi və damarların genişlənməsi nəticəsində ağrı impulsları yaranır ki, bu da miqrenoz ağrıların əmələ gəlməsinə səbəb olur.
Serotoninin səviyyəsi normallaşdıqdan sonra tutma keçib gedir. Ağrı yaranmasının serotonin nəzəriyyəsinə görə, bu prosesdə ağrı neyropeptidlərinin sintezinə məsul olan trigeminovaskulyar sistemin fəaliyyəti mühüm rol oynanır. Bu, miqrenoz tutmaların adətən beyin qabığının yüksək oyanıcıllığı ilə fərqlənən insanlarda daha çox baş verməsi faktını izah edir.
Hipotalamus və miqren
Hipotalamus endokrin sisteminin tənzimlənməsini təmin edir. Beynin bu şöbəsində aclıq, susuzluq, damar tonusu və bir çox digər mərkəzlər yerləşir. Buna görə də, miqren zamanı yaranan paroksizmal baş ağrısının hipotalamusla əlaqəli olması və xarici qıcıqlara reaksiya kimi meydana çıxması ehtimal edilir.
Müasir araşdırmalara görə, miqren tutmaları hipotalamusun aktivliyinin artması fonunda baş verir. Gələcəkdə bu kəşfi əsas götürərək, miqrenin müalicəsi üçün daha effektiv preparatların hazırlanması mümkündür.
Miqrenə təhrikedici amillər
- Qida faktorları. Qidanın tərkibində olan bəzi maddələr və ya qidalanma rejiminin özü miqrenoz tutmaların yaranmasına səbəb ola bilər. Tərkibində hətta zəif miqdarda alkoqol olan şərab və ya pivə, miqrenə səbəb ola bilər. Bundan əlavə, tərkibində dad əlavələri, qlutamat natrium, aspartam və kofein olan qida məhsullarından uzaq durmaq məsləhətdir. Kofein və ya onun olmaması miqren üçün bir risk faktorudur. Belə ki, qəhvə və ya tərkibində kofein olan məhsullardan çox istifadə edən bir şəxsdə orqanizmə daxil olan kofeinin miqdarının kəskin azalması miqren tutmasının inkişaf etməsinə səbəb ola bilər. Menyuda olan şokolad, sitrus meyvələri, kakao, fındıq, kifli pendirlər tərkiblərində feniletaminin və tiraminin mövcud olması səbəbindən oxşar reaksiyalar törədə bilər.
Qida vasitəsilə orqanizmə daxil olan digər provakasiya törədici maddələr:
- Qlüten – buğda, arpa, yulaf, çovdar və onlardan hazırlanan məhsullar (sıyıqlar, keks, tortlar, pivə);
- Salisilatlar – qara və yaşıl çay, nanə, ədviyyat;
- Nitratlar – istixana tərəvəzləri və meyvələri, göyərti (marul, ispanaq, cəfəri, kəröviz).
Bununla belə, bir çox hallarda, miqrenin inkişaf mexanizminə ərzağın özü deyil, onun qəbuledilmə tezliyi və miqdarı təsir göstərir. Beləliklə, tutma ciddi bir pəhrizin fonunda və ya qida qəbulundan birinin, məsələn, səhər yeməyinin ötürülməsi zamanı baş verə bilər.
- Hormonal amillər. İlk növbədə bu, qadınlar arasında geniş yayılmış menstrual miqrenə aiddir. Tutmanın inkişafına qandakı esterogenin səviyyəsində olan dəyişikliklər təsir edir. Onu reproduktiv üzvlərin müalicəsində tətbiq edilən əvəzedici hormonoterapiya, oral kontraseptivlər, ovulyasiya və ya aybaşı prosesləri törədə bilər.
- Ətraf mühit amilləri. Mövsümi dəyişikliklər; temperaturun, atmosfer təzyiqinin və rütubətin dəyişilməsi, bürkü və ya şaxta, otağın havasının dəyişdirilməməsi provokativ amillər kimi çıxış edə bilər. Eyni sözləri səs-küy, gözlənilməz gur səslər; görmə reseptorlarını qıcıqlandıran sayrışan parlaq işıqlar və flüoressent işıqlanma barəsində də demək olar.
- Yuxu rejimi. Xüsusilə bu, yuxu miqreninə aiddir – tutma yuxusuzluq fonunda və ya həddən artıq yatmaq nəticəsində inkişaf edə bilər. Yuxuya gec getmək və ya yuxudan gec oyanmaq, saat qurşaqlarının dəyişməsi, yuxusuz gecələr – bütün bu amillər miqrenin yaranmasına səbəb ola bilər.
- Daxili amillər. Servikal osteoxondroz nəticəsində onurğa sütununda yaranan xroniki ağrı səbəbindən miqren tutmaları meydana çıxa bilər. Bundan əlavə, daxili provokatorlar kimi orqanizmdə maqnezium və dəmir çatışmazlığı, qanda qlükozanın səviyyəsinin kəskin azalması, anemiya çıxış edə bilər.
- Dərman qəbulu . Hormonal preparatlardan əlavə olaraq, Rezerpin, Nitroqliserin, Ranitidin, Hidralazin, dərmanların tərkibində olan histamin də miqrenin yaranmasına səbəb ola bilər.
- Psixofizioloji amillər. Emosional yüklənmələr; uzunmüddətli gərginlik; əsəblərin cilovlanmaması; narahatlıq və qorxu tutmaları; uzunmüddətli stressdən sonra birdən-birə rahatlanma; həm mənfi, həm də müsbət emosiyaların daxildə boğulması. Psixofizioloji provokatorlar iddialı, bir də özünə qarşı həddən ziyadə tələbkar olan insanlarda miqrenin yaranmasına səbəb olur.
- Digər amillər. Kəllənin travmaları və digər mənşəli zədələnmələri; həddən artıq fiziki gərginlik, o cümlədən aktiv cinsi fəaliyyət; yorğunluq; yerdəyişmə ilə bağlı ətraf şəraitin kəskin dəyişməsi.
Miqrenin növləri
Miqren ilk öncə auralı və aurasız (sadə) olmaqla 2 növə ayrılır. Kliniki praktikada, əsasən, aşağıdakı tip miqren növləri tanınır:
- Panik – bu tip miqren boğulma, titrətmə, taxikardiya, sifətin şişməsi kimi simptomlar ilə xarakterizə olunur.
- Xroniki miqren – tutmalarının müntəzəmliyi və onların hər növbəti baş verdiyi zaman ağrıların intensivliyinin artması ilə xarakterizə olunur. Xroniki miqren diaqnozunu, tutmalar 3 ay müddətində, ayda 15 dəfə təkrarlanarsa təyin etmək olar.
- Menstrual miqrenlər – miqren tutmaları qanda esterogenin səviyyəsindən asılıdır, buna görə də menstrual dövrlə bağlı olaraq meydana çıxır.
- Yuxu miqreni – onun təzahürü insanın yuxu rejimindən asılıdır və yuxu zamanı və ya yuxudan oyandıqdan sonra baş verir.
- Oftalmoplegik miqren – miqrenin bu çox nadir növü adətən, gənc yaşlı xəstələrdə rast gəlinir. Ağrı bir göz ətrafında cəmləşir və bir qayda olaraq, adi miqrenə nisbətən daha az intensivlikli olur. Bu forma qusma, ikigörmə, göz qapaqlarının enməsi və göz əzələlərinin iflici ilə müşayiət oluna bilər. Tutmalar bir neçə saatdan bir neçə aya qədər davam edə bilər.
- Vestibulyar miqren – bu zaman epizodik başgicəllənmələri yaranır ki, onlar da həm ayrı olaraq, həm də baş ağrıları və miqrenin digər simptomları ilə birgə inkişaf edə bilər.
- Ailəvi hemiplegik miqren – bu, miqrenin çox nadir irsi forması olub, müvəqqəti birtərəfli iflic, görmə ilə problemlər və başgicəllənmə törədə bilər. Bu simptomlar baş ağrısından təxminən 10-90 dəqiqə əvvəl meydana çıxır.
Simptomlar
Tibbi araşdırmalara əsasən, qadınlar daha tez-tez miqren xəstəliyinə məruz qalırlar. Qadınlarda ayda orta hesabla 7 tutma, kişilərdə isə 6 tutma baş verir. Qadınlarda tutmanın orta davametmə müddəti 7,5 saat, kişilərdə isə 6,5 saatdır. Qadınlarda tutmanın səbəbləri daha çоx atmosfer təzyiqinin, havanın temperaturunun dəyişməsi və digər iqlim dəyişiklikləridirsə, kişilərdə – gərgin fiziki iş fəaliyyətidir. Miqreni müşayiət edən simptomlar da ayırd edilir: bu, kişilərdə daha çox fotofobiya və depressiya, qadınlarda isə tez-tez ürəkbulanma halları və qoxubilmənin pozulmasıdır.
- Miqren tutmalarının baş verəcəyindən xəbər verən əlamətlər və ya prodrom – zəiflik, səbəbsiz yorğunluq hissi, konsentrasiyanın zəifləməsi, diqqətin pozulması şəklində özünü göstərir. Tutmalardan sonra bəzən bir postdrom – yuxusuzluq, zəiflik, dəri örtüyünün solğunlaşması müşahidə olunur.
- Miqrenoz baş ağrısının xarakteri digər mənşəli baş ağrılarından fərqlənir – gicgahlardan başlayaraq, pulsasiya edən və sıxıcı ağrı, tədricən başın bir yarısını əhatə edərək, alın və göz nahiyələrinə yayılır.
- Birtərəfli ağrı, tutmadan-tutmayadək növbələşərək başın gah sol, gah da sağ tərəfini və ya ənsə nahiyəsini əhatə edir.
- Miqren zamanı həmişə bir və ya bir neçə müşayiətedici simptomlar -fotofobiya; ürəkbulanma; qusma; səsdən qıcıqlanma; iybilmənin, görmə və diqqətin zəifləməsi müşahidə olunur.
- Qadınlarda rast gəlinən miqren xəstələrinin 10%-də, tutmalar menstruasiya zamanı baş verir və başlandıqdan sonra bir və ya iki gün davam edir. Bu xəstəliyi olan bütün qadınların 1/3-i məhz menstrual miqrendən əziyyət çəkir.
- Adətən uşaqlarda miqren zamanı yanaşı simptom kimi yuxululuq qeyd edilir və tutmalar yuxudan sonra keçib gedir. Kişilərdə miqren ağır iş gördükdən sonra inkişaf edir. Hərəkət və ya gəzinti zamanı, ağır yük qaldırdıqda, pilləkənlə qalxanda ağrı artır.
- Hormonal tarazlığa təsir edən oral kontraseptivlərin və digər dərmanların qəbulu, eləcə də əvəzedici hormonoterapiya tutmaların başvermə riskini əhəmiyyətli dərəcədə artıraraq, 80% hallarda onların intensivliyini gücləndirir.
- Əsəbilik, narahatlıq, yorğunluq, yuxusuzluq, dərinin solğunluğu və ya əksinə – qızarmağı, narahatlıq və depressiya miqrendə yanaşı gedən simptomlar olub, hər bir fərdi halda özünü göstərə və ya göstərməyə bilər.
- Gicgah nahiyəsində arteriyalar gərgin olur və güclənmiş şəkildə pulsasiya edir, ağrı və gərginlik hərəkət zamanı artır. Bu səbəbdən xəstələr tutma periodunu yataq şəraitində, sakit və qaranlıq bir yerdə keçirirlər ki, xarici qıcıqların sayını minimuma endirsinlər.
- Ürəkbulanma – miqrenoz baş ağrılarını digər mənşəli baş ağrılarından fərqləndirməyə kömək edən mühüm bir simptomdur. Bu əlamət həmişə tutmaları müşayiət edir və bəzən o qədər güclü ifadə olunur ki, qusmaya gətirib çıxarır. Bu zaman xəstənin vəziyyəti subyektiv şəkildə yüngülləşir, o, bir neçə dəqiqə ərzində özünü daha rahat hiss edir. Əgər qusma rahatlıq gətirməzsə və ağrı bir neçə gün ərzində azalmazsa, bu, miqrenoz statusun əlaməti ola bilər və stasionar şəraitdə müalicə tələb edir.
Miqren zamanı auranın simptomları:
- nitqin pozulması (bərpaolunan) – bir cümləni tələffüz etmək, fikrini ifadə etmək mümkün deyil;
- vizual aura – gözlərin qarşısında ləkələrin, nöqtələrin, zolaqların, dumanın yaranması; obyektlərin cizgilərinin bulanıqlaşması;
- keylik, ətraflarda iynə batması hissiyyatı, taktil hissiyyatın pozulması.
Baş ağrısı auradan bir saat sonra və ya daha az müddət ərzində, bəzən aura zamanı baş verir; gəzinti və digər fiziki fəaliyyət zamanı güclənir; birtərəfli olur və ürəkbulanma, fonofobiya, fotofobiya ilə müşayiət olunur. Tutma 4 saatdan 3 günə qədər davam edir.
Auralı miqren 4 mərhələdən ibarət olan dəqiq bir struktura malikdir. Onların təzahür müddəti və intensivliyi vəziyyətdən asılı olaraq dəyişir:
- Başlanğıc əlamətlər mərhələsi: Bu mərhələ prodromal mərhələ də adlanır. Xəstələr tutmanın yaranmasını hər kəs üçün fərqli olan bir simptomlar kompleksinə əsasən təyin edə bilərlər. Ən çox yayılmış təzahürlər yuxululuq, yorğunluq, əsəbilik və diqqətin cəmləşdirilməsinin çətinləşməsidir. Bəzi xəstələrdə prodrom, əksinə, fəaliyyət aktivliyinin artması, yuxusuzluq, iştahın artması ilə özünü göstərir. Bu mərhələdən sonra aura başlayır. Əgər miqren aurasızdırsa, o zaman adətən, prodromal əlamətlər də qeyd olunmur.
- Aura mərhələsi: Aura tutma başlamazdan əvvəl beyində baş verən dəyişiklikləri əks etdirir. O, yalnız miqrenin 1/3 hallarında baş verir. Hətta eyni bir xəstədə aura, yalnız tutmadan tutmaya baş verir və həmişə eyni şəkildə təzahür etmir. Onun əlamətləri ağrılı keçmir, lakin xəstədə qorxuya səbəb ola bilər, xüsusən ilk dəfə baş verdikdə. Belə ki, vizual aura – gözün qarşısında ləkələrin və görmə şəklini təhrif edən əyri naxışların yaranması; duman və əşyaların silinmiş təsvirləri; əşyaların ölçü və nisbətlərinin dəqiq müəyyən edilə bilməməsi – insanlarda narahatlıq, görmənin vəziyyəti üçün bir təşviş hissi yarada bilər. Taktil, eşitmə, iybilmə duyğularının təhrif olunması da aura mərhələsi üçün xarakterikdir. Ətraflarda keylik və iynə batması hissi yarana bilər, bu, adətən barmaqların ucundan başlayır və tədricən, yanaqlar və sifət daxil olmaqla, başa qədər yayılır. Bu zaman, keylik bədənin yalnız bir yarısında – ağrı olan tərəfə əks nahiyədə qeyd edilir. Əgər miqren tutması zamanı ağrı başın sol tərəfini əhatə edirsə, o zaman bədənin sağ tərəfi keyiyir və əksinə. İnsanın gündəlik fəaliyyəti ilə məşğul olmasına, işləməsinə və bəzən danışmasına mane olan diqqət və fikrinin cəmləşməsinin pozulması yarana bilər. Mərhələnin müddəti 10 dəqiqədən yarım saatadək çəkir, bəzi hallarda aura bir neçə saat davam edə bilər.
- Miqrenin ağrı mərhələsi: Xəstə üçün ən çətin mərhələ olub, bir neçə saatdan 2-3 günədək davam edə bilər. Ağrının artması sürətli olub 10 dəqiqə ərzində inkişaf edə bilər. Ağrının kəsilməsi isə tədricən, bir neçə saat ərzində baş verə bilər. Bu mərhələdə ağrının intensivliyini azaltmaq və xəstənin vəziyyətini yüngülləşdirmək üçün, ona üfüqi vəziyyətdə qalmaq; hərəkətliliyini maksimal dərəcədə məhdudlaşdırmaq; başını soyuq dəsmalla bürümək; işıqdan və gur səsdən qorunmaq lazımdır. Miqren tutmasını dayandırmaq üçün müalicə həkimi dərmanlar – analgetiklər və ya triptanlar təyin edir ki, onları da ağrı mərhələsinin başlanğıcında qəbul etmək lazımdır.
- Tutmadan sonrakı mərhələ: ona rahatlaşma dövrü də deyilir – xəstə prodromal mərhələsini xatırladan təəssüratlar – əsəbilik və qıcıqlanma, yorğunluq, üzgünlük, ətraflarında zəiflik kimi hisslər yaşayır. Ümumiyyətlə, bütün bu simptomlar 24 saat ərzində keçib gedir. Bu müddəti yuxuda keçirmək məsləhətdir.
Tutmaların intensivliyinin artması, onların qısamüddətli sakitləşmə periodundan sonra dalbadal təkrarlanması zamanı xəstəyə miqrenoz status diaqnozu qoyulur. Miqrenoz status – ürək ritminin yavaşıması, beyin qişalarının qıcıqlanması, ağrının intensivliyinin zərrə qədər də azalması baş vermədən davamlı qusma halları kimi simptomlarla xarakterizə olunur. Bu vəziyyətdə xəstə əmək qabiliyyətini tamamilə itirir və həkim nəzarəti altında stasionar şəraitdə müalicə edilməlidir.
Miqrenlə əlaqəsi olmayan, daimi və ya vaxtaşırı yaranan birtərəfli baş ağrılarının səbəbi vaxtı itirmədən müvafiq mütəxəssis tərəfindən araşdırılmalıdır. Bu cür ağrılar beynin üzvi xəstəlikləri üçün xarakterikdir və erkən diaqnozun qoyulması, müalicənin effektivliyini xeyli artıra bilər.
Diaqnostika
Miqrenin müalicəsi diaqnozu dəqiqləşdirmədən qətiyyən yolverilməzdir. Dəqiq diaqnoz qoyulmadan özünümüalicə aparmaq təhlükəlidir – bu, yanlış dərman qəbulu nəticəsində meydana çıxan ağrıların yaranmasına səbəb ola bilər.
Diaqnoz qoymaq üçün həkimə xəstəliyin kliniki mənzərəsi, anamnezi, tutmaların tezliyi və davametmə müddəti barəsində məlumatları bilmək vacibdir. Çətin hallarda, həkim baş beynin və onurğanın boyun nahiyəsinin MRT-si, reoensefaloqrafiya müayinələrinin keçirilməsini tələb edə bilər.
Diferensial diaqnostika
Miqrenoz baş ağrılarını kəllədaxili təzyiqin artması, araxnoidit, araxnoidal sist, baş beynin şişləri və digər mənşəli baş ağrılarından ayırd etmək lazım gəlir. İlk növbədə isə miqrenoz baş ağrılarını gərginlik baş ağrılarından fərqləndirmək lazımdır.
Miqren zamanı müşahidə edilən baş ağrısını gərginlik baş ağrısından necə ayırd etmək olar?
- Gərginlik baş ağrısında ağrılar daha az intensivlikli olur.
- Ağrının xarakteri – pulsasiyaedici deyil, başı bir halqa kimi sıxan şəkildə olur. Buna “nevrastenik dəbilqəsi” də deyilir.
- İkitərəfli baş verir.
- Fiziki gərginlik zamanı artmır.
Gərginlik baş ağrısının yaranmasında trigger amili kimi daimi emosional gərginlik, stress, narahat vəziyyətlərdə uzun müddət qalmaq nəticəsində baş beynin qan dövranının pozulması kimi hallar böyük rol oynaya bilər. Bu tip baş ağrısında da miqrendə olduğu kimi fotofobiya, ürəkbulanma müşahidə edilə bilər.
Müalicə
Miqrenin müalicəsində 2 yanaşma tətbiq olunur: birinci yanaşma tutmanın qarşısının alınmasına və xəstənin vəziyyətinin yaxşılaşdırılmasına doğru yönəldilmişdirsə, ikinci yanaşma residivin qarşısını almaq məqsədi daşıyır.
Tutmanı dəf etmək üçün nevropatoloq, onların yaranma intensivliyindən və davametmə müddətindən asılı olaraq analgetiklər təyin edir. Miqrenin davametmə müddəti 2 sutkadan artıq olmayan, zəif və orta ağırlıqlı formalarında aşağıda sadalanan analgetiklər təyin olunur:
- Nimesil, iltihab əleyhinə qeyri-steroid preparat kimi, tutma zamanı xəstənin vəziyyətini yüngülləşdirmək üçün nəzərdə tutulur; xəstədə qaraciyər xəstəliyi və ya böyrək çatışmazlığı varsa Parasetamol tövsiyə edilmir; Aspirinin təyini qanın laxtalanmasının pozulmaları və həzm sisteminin xəstəlikləri zamanı əks-göstərişdir.
- Kodein, Fenobarbital, Parasetamol, Metamizol-natrium miqren əleyhinə nəzərdə tutulmuş kombinə edilmiş preparatların tərkibinə daxildir və istifadələrinə çoxlu əks-göstərişlər vardır. Onlardan nəzarətsiz istifadə olunması dərman mənşəli ağrı sindromunun yaranmasına səbəb ola bilər.
- Tutma müddəti 2 gündən artıq davam edərsə, onun qarşısının alınması məqsədilə triptanlardan istifadə olunur.
- Köməkci dərmanlar kimi Domperidon və Xlorpromazin kimi psixotrop təsirləri olan preparatlar tətbiq olunur. Domperidon (Motilium) – 10 mq dozasında tabletləri, sutkada 3 dəfə, yeməkdən əvvəl daxilə təyin olunur. Xlorpromazin (Aminazin) – 25 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin olunur.
- Botoks inyeksiyaları hazırda yaşlılarda xroniki miqrenlərin profilaktikası üçün tövsiyə edilir. Botoks baş və boyun nahiyələrinə 12 həftədən bir, bir neçə inyeksiya şəklində tətbiq edilir. Bu inyeksiyalar gələcəkdə baş ağrısının simptomları zamanı kömək edə bilər. Botoks xroniki miqren zamanı ən yaxşı effekt verir. Digər miqren növlərində onun effektivliyi hələ ki, sübuta yetirilməyib. Bu üsulun ən geniş yayılmış əlavə təsiri – baş və boyun ağrılarıdır.
Miqren əleyhinə ən müasir preparatlar olan triptanlar (Sumatriptan, Zolmitriptan, Naratriptan və s.) təqribən 20 il əvvəl sintez edilmişdir. Onlar serotonin törəmələri olub, kompleks şəklində təsir göstərir:
- üçlü sinir – hissiyatın azaldlması, ağrıkəsici effekt;
- serebral damarlar – digər damarlara təsir etmədən yalnız ağrını törədən beynin damarlarının pulsasiyasını azaldır;
- reseptorlar və ağrı neyropeptidləri – neyropeptidlərin miqdarını azaldaraq, ağrını aradan qaldırır.
Aura ilə baş verən miqren tutmaları Papazolun dərhal qəbulu nəticəsində aradan götürülə bilər. Xəstənin vəziyyətini yüngülləşdirməyə barokamera, fərdi olaraq isti və ya soyuq vannalar kömək edir.
Miqrenoz tutmanı necə tez aradan qaldırmaq olar?
Kəskin miqren tutması zamanı tövsiyə edilir:
- Ağrıkəsicilərinin, qusma əleyhinə preparatların və qeyri-steroid iltihab əleyhinə preparatların kombinə olunmuş şəkildə tətbiqi tutmaların 40%-ə qədərinin təsirini dayandırmağa imkan verir.
- Zolmitriptan – 2,5 mq dozasında qəbul edilərək yüksək analgetik təsir göstərir.
- Sumatriptan – 50 mq, lazım gələrsə 100 mq dozasında daxilə təyin edilir. Qəbuldan 4 saat sonra təsir göstərməyə başlayır, 80% hallarda effektivdir. Preparatın qəbulundan sonra miqrenin simptomları itmir və ya azalmırsa, tutmanı dayandırmaq üçün onu təkrarən təyin etmirlər. Qusma ilə müşayiət olunan ağır tutmalarda, dərialtı yolla yeridilir. Effektin sürətlə başlaması üçün sprey şəklində tətbiq olunur.
- Naratriptan – 2,5 mq dozasında residiv ehtimalını azaldır və çox az əlavə təsiri vardır.
- Erqotamin – nadir hallarda istifadə edilir, daha çox triptanlar istifadə olunur. Tərkibində Erqotamin olan preparatlar, o cümlədən qan damarlarının tərkibində olan saya əzələləri sıxır və bu səbəbdən miqren zamanı faydalıdır. Erqotaminin aşağıdakı preparatları daha çox tətbiq olunur:
Dihidroerqotamin. Bu preparat evdə icra edilə biləcək bir şəkildə: burun spreyi (Miqranal) və ya inyeksiya yolu ilə tətbiq olunur. Miqrenin ağır tutmaları zamanı 1 ml 0,1%-li məhlulu əzələ daxilinə yeridilir, lazım gəldikdə isə həmin dozada inyeksiya təkrar edilir. Miqrenin profilaktikası məqsədilə səhər və axşam 1 tablet (2,5 mq) və ya 20 damcı 0,2%-li məhlulu sutkada 2-3 dəfə daxilə təyin edilir;
Erqotamin dil altına qoyulan tablet və rektal şam şəklində istehsal olunur. Erqotaminin həb şəklində olan bəzi növlərinin tərkibində Kofein də olur. Təxmin olunan tutmadan bir neçə saat əvvəl 0,1%-li məhlulundan 15-20 damcı daxilə qəbul edirlər. Həmçinin, ağrı tutması zamanı dil altına 2-4 mq (2-4 tablet) qoymaq, 2 saatdan sonra ağrı azalmazsa 2 mq da əlavə olaraq qəbul etmək olar. Preparatı sutkada 10 mq-dan artıq qəbul etmək olmaz. Ağır miqren tutması zamanı 0,5-1 ml 0,05%-li məhlulunu əzələ daxilinə vururlar. Erqotaminin rektal formaları triptanların rektal formalarından da effektiv təsir göstərir. Erqоtamini venadaxili, oral və burun spreyi şəklində də tətbiq edirlər. Erqotamin həmçinin miqrenoz statuslu və tez-tez baş ağrıları olan xəstələr üçün də faydalı ola bilər.
Miqrenoz status zamanı müalicə stasionarda aparılır. Vena daxilinə (damcı üsulu ilə) 50-70 mq Prednizolonun həll olan preparatı – Prednizolon hemisuksinat yeridilir. Ampulun tərkibində olan 0,025 q preparatı qabaqcadan 35-37°C temperaturuna qədər isidilmiş 5 ml inyeksiya üçün suda həll edirlər; damcı şəklində yeridilmək üçün əldə olunmuş məhlulu 250-500 ml Natrium-xloridin izotonik məhlulunda, 5%-li Qlükoza məhlulunda və ya Poliqlükində durulaşdırırlar. Venadaxili damcı üsulu ilə həmçinin Dihidroerqotamin və Asetil salisil turşusunun inyeksion preparatı olan Aspizol da yeridilir. Aspizolun yeni hazırlanmış məhlulunu həmçinin əzələnin dərin qatlarına da yeritmək olar. Aspizolu venadaxilinə damcı üsulu ilə yeritmək üçün onun məhlulunu 250 ml Natrium xloridin izotonik məhlulunda, 5%-li Qlükoza məhlulunda və ya Poliqlükində durulaşdırırlar. Dehidratasion dərmanlar (Furosemid), neyroleptiklər (Aminazin, Haloperidol, Tioridazin), Diazepam, antihistamin, yuxugətirici və qusmaəleyhinə preparatlar da tətbiq edirlər. Yerli anesteziya məqsədilə Bupivakain hidroxloridin 0,25%-li məhlulunu (0,1-0,2 mq/kq) 10%-li Qlükoza məhlulunda həll edib 30 dəqiqə müddətində vena daxilinə infuziyası təklif olunur. Eufillinin Qlükoza, dehidratasiyaedici və antihistamin preparatlarla birgə venadaxili inyeksiyaları yaxşı effekt verir. Miqrenoz status zamanı onurğa beyin mayesində laktatın səviyyəsinin artımı ilə əlaqədar olaraq Natrium bikarbonatın vena daxilinə damcı üsulu ilə yeridilməsi məsləhət görülür. Narkotik analgetiklər adətən effektiv olmur və tez-tez qusmanı gücləndirir (V.N. Ştok).
Proqnoz
Bir çox xəstələrdə illər ötdükdən sonra miqren remisiya mərhələsinə keçə və hətta tamamilə yox ola bilər. Bu, xüsusilə menopauzadan sonra estrogenlərinin səviyyəsi aşağı düşən yaşlı qadınlara aiddir. Ancaq bir çox hallarda ağırlaşmalar meydana gəlir.
Belə ağırlaşmalardan biri 50 yaşınadək olan insanlarda ürək xəstəliklərinin və insultların yaranma riskidir. Auralı miqrenlər aurasız miqrendən daha təhlükəlidir, xüsusilə bu, qadınların sağlamlıq durumu üçün əhəmiyyət daşıyır.
Miqrenli xəstələrin daimi emosional stress keçirmələri səbəbindən onların həyat keyfiyyətinin aşağı enməsinə də xüsusi diqqət vermək lazımdır. Daimi stress xəstələrin şəxsi həyatına, əmək məhsuldarlığına mənfi təsir göstərir. Miqreni olan insanlar ünsiyyətdən qaçır və tez-tez panik hücumlara, narahatlığa və depressiyaya meylli olurlar.
Uzunmüddətli proqnoz hər bir xəstənin öz fərdi xüsusiyyətlərindən asılıdır. Bununla birlikdə, hər bir miqren tutmasından sonra proqnozun pisləşməsi və xronik miqrenin inkişaf riskinin artdığını göstərən məlumatlar mövcuddur.
Profilaktika
Miqreninin profilaktikası üçün ümumi qaydalar aşağıdakılardan ibarətdir:
- Ürək çatışmazlığı və ya bronxial astması olan xəstələrdə tutmaların qarşısını almaq üçün Metaprolol, Timolol və ya digər β-blokatorlar isifadə edilir. Metaprolol (Eqilok) – 50 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin edilir. Timolol (Oftan) – 0,25%-li məhlulundan, sutkada 2 dəfə, gözə 1 damcı damızdırmalı.
- Valproat natrium və Pizotifen preparatlarının tətbiqi, yuxululuğa və bədən çəkisinin artmasına səbəb olduqları üçün məhdudlaşdırılmışdır.
- Aspirin miqrenin profilaktikası üçün nadir hallarda istifadə olunur, çünki bu məqsəd üçün onun təsdiq olunmuş dozası müəyyənləşdirilməmişdir.
- Amitriptilin stressin səbəb olduğu miqren tutması zamanı ağrıları azaltmağa kömək edir.
- Alkoqol və nikotinin damar sisteminə olan dağıdıcı təsiri miqren tutmasının yaranmasına və ağrı intensivliyinin artmasına səbəb olur, bu səbəbdən də miqrenin profilaktikasında zərərli vərdişlərdən imtina olunması böyük əhəmiyyət kəsb edir.
- Energetik içkilər, qəhvə və tərkibində böyük miqdarda kofein olan digər məhsullar qida rasionundan kənarlaşdırılmalıdır. Kofein insan bədəninə stimullaşdırıcı təsir göstərir ki, bu da orqanizmi normal vəziyyətdə olduğuna nisbətən daha ağır yüklənməyə təşviq edir.
- Orqanizmin istirahət və bərpası prosesinin daha da intensiv keçməsi üçün yuxu rejiminə ciddi nəzarət edilməlidir. Ən mühüm dövr 20:00-dan gecə yarısına qədərdir, bu vaxt yuxuda keçirilməlidir. Bir adam gecə saat 3-ə və ya daha uzun müddətə qədər oyaq qalarsa, onun enerji resurslarının sərf olunması nəzərəçarpacaq dərəcədə artır və orqanizmin gücü nəinki bərpa edilmir, əksinə, daha da tükənir.
- Aterosklerozun inkişafına səbəb olan məhsulları – fast food; hisə verilmiş qidalar; konservantlar, aromatizatorlar və dad əlavələri qatılmış ərzaqları qida rasionunuzdan çıxarın. Onların istifadəsi nəinki ürək-damar sisteminin xəstəliklərinin yaranmasına səbəb olur, həm də miqrenoz tutmaya gətirib çıxara bilər.
- Yüngül fiziki fəaliyyət, açıq havada gəzintilər orqanizmi məşq etdirir, onu stressə qarşı daha dözümlü edir və tutmanın yaranma ehtimalını azaldır.
- Zehni fəaliyyətinizin intensivliyini tənzimləyin, bədəninizi həddən artıq yükləməyin, emosional gərginliyin və sinir böhranlarının yaranmasına imkan verməyin ki, tutmaların əmələ gəlmə ehtimalı minimuma ensin.
Miqrenin müalicəsinin müasir metodları insanların əksəriyyətinə xəstəliyin öhdəsindən gəlməyə kömək edir. Bundan əlavə, miqren əleyhinə daim yeni vasitələr işlənib hazırlanmaqdadır.
Digər məqalələrimizə keçid:
https://nevropatologiya.az/2021/08/16/nevrozlar/
https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/
“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 09.01.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq