Miqren, Miqrenin müalicəsi

    Miqren və ya hemikraniya – irsi meylli nevroloji  xəstəlik olub, travmalar, şişlər və ya insult ilə əlaqəli olmayan artan pulsator baş ağrısı şəklində özünü  göstərir. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə miqren, gərginlik baş ağrısından sonra baş verən spontan baş ağrılarının əsas səbəbi və insanın sosial adaptasiyasını  ən çox pozan 19 xəstəlikdən biridir. Bəzən miqren zamanı  əmək qabiliyyətinin itirilməsi o dərəcəyə gəlib çatır ki, xəstəyə əlillik dərəcəsi  təyin edilir. XBT–10 üzrə kodu G43.0-dır.

Miqrenin diaqnostikası  və müalicəsi üçün xərclənən vəsaitin miqdarı  ürək-damar xəstəliklərinin müalicəsinə sərf edilən maliyyə xərcləri ilə müqayisə edilə bilər. Bu halda həkimin vəzifəsi – dəqiq diaqnoz qoymaq; miqren tutmalarının baş ağrılarının digər formalarından diferensiasiyası; qeyri-spesifik analgetiklər, triptanlar və  β-blokatorlar da daxil olmaqla optimal dərman təyini rejiminin seçilməsidir. Həkimin daimi nəzarəti, hər bir fərdi  halda tutmanı aradan qaldırmaq üçün dəqiq bir plan hazırlamağa kömək edir. Xəstəliyin şiddəti tutmaların tezliyi  və intensivliyi ilə müəyyən edilir. Yüngül formalı  miqrendə tutmalar ildə bir neçə dəfə, ağır formalarda – gündəlik baş verir. Lakin miqren tutmalarının ayda  2-dən 8 dəfəyədək baş verməsi  xəstəliyin ən geniş yayılmış forması  hesab olunur.

 

     Etiologiya və patogenez

Miqren nevroloji  xəstəliklərə aiddir, buna görə də onun baş verməsinə aşağıdakı patologiyalar səbəb ola bilər:

  • kəllədaxili təzyiqin artması;
  • baş və boyun əzələlərinin spazmları;
  • onurğanın boyun nahiyəsinin osteoxondrozu;
  • qlaukoma;
  • arterial təzyiqin nasazlığı, arterial hipertoniya.

 

     Miqren necə meydana gəlir və onun inkişafına nə kömək edir?

  • Miqrenoz ağrılar beyinin sərt qişasının serebral damarlarının genişlənməsinə gətirib çıxaran damar patologiyası nəticəsində baş verir. Bu damarlar qeyri-bərabər şəkildə genişlənərək, onların yaxınlığında yerləşən sinir hüceyrələrinə təzyiq göstərir.
  • Qan damarlarının daralması nəticəsində yaxın toxumalarda qan dövranı  pozulur ki, bu da  ağrı  sindromunun yaranmasına səbəb ola bilər.
  • Sistem xəstəlikləri, metabolizmin pozulması  və ya mərkəzi sinir sisteminin patologiyası da miqrenin inkişafına səbəb ola bilər.
  • Miqrenli  xəstələrin 70%-də bu xəstəliyə irsi  meyllik qeyd edilir. Onların valideynlərində də oxşar patologiyanın olması  məlum olur.

 

Miqren zamanı  ağrınin  inkişaf mexanizmi  tam olaraq tədqiq olunmamışdır, bu barədə bir neçə nəzəriyyə mövcuddur.

     Serotonin – miqrenin səbəbi  kimi.

Serotonin damarların spazmına səbəb olan və sinir impulslarının düzgün  ötürülməsi üçün vacib olan bir neyrotransmitterdir. Serotoninin səviyyəsinin kəskin artması  nəticəsində kəllədaxili damarların spazmı  yaranır ki, bunun nəticəsində də həmin spazm yaranan nahiyədə miqrenoz ağrı  meydana çıxır. Bu damarlarda ağrı reseptorları yoxdur, amma çox miqdarda serotoninin ifrazı  zamanı  orqanizm onu parçalayan maddələr istehsal etməyə başlayır. Bunun nəticəsində onların tonusu normallaşır, ancaq eyni  zamanda, daxilində ağrı  reseptorları  olan gicgah nahiyəsinin səthi damarları  genişlənir. Qan axınının zəifləməsi və damarların genişlənməsi nəticəsində ağrı  impulsları  yaranır ki, bu da miqrenoz ağrıların əmələ gəlməsinə səbəb olur.

Serotoninin səviyyəsi normallaşdıqdan sonra tutma keçib gedir. Ağrı  yaranmasının serotonin nəzəriyyəsinə görə, bu prosesdə ağrı  neyropeptidlərinin sintezinə məsul olan trigeminovaskulyar sistemin fəaliyyəti  mühüm rol oynanır. Bu, miqrenoz tutmaların adətən beyin qabığının yüksək oyanıcıllığı ilə fərqlənən insanlarda daha çox baş verməsi  faktını  izah edir.

     Hipotalamus və miqren

Hipotalamus endokrin sisteminin tənzimlənməsini  təmin edir. Beynin bu şöbəsində aclıq, susuzluq, damar tonusu və bir çox digər mərkəzlər yerləşir. Buna görə də, miqren zamanı yaranan paroksizmal baş ağrısının  hipotalamusla əlaqəli olması  və xarici  qıcıqlara reaksiya kimi meydana çıxması ehtimal edilir.

Müasir araşdırmalara görə, miqren tutmaları  hipotalamusun aktivliyinin artması  fonunda baş verir. Gələcəkdə bu kəşfi  əsas götürərək, miqrenin müalicəsi  üçün daha effektiv preparatların hazırlanması  mümkündür.

 

     Miqrenə təhrikedici amillər

  • Qida faktorları. Qidanın tərkibində olan bəzi maddələr və ya qidalanma rejiminin özü miqrenoz tutmaların yaranmasına səbəb ola bilər. Tərkibində hətta zəif miqdarda alkoqol olan şərab və ya pivə, miqrenə səbəb ola bilər. Bundan əlavə, tərkibində dad əlavələri, qlutamat natrium, aspartam və kofein olan qida məhsullarından uzaq durmaq məsləhətdir. Kofein və ya onun olmaması  miqren üçün bir risk faktorudur. Belə ki, qəhvə və ya tərkibində kofein olan məhsullardan çox istifadə edən bir şəxsdə orqanizmə daxil olan kofeinin miqdarının kəskin azalması  miqren tutmasının  inkişaf etməsinə səbəb ola bilər. Menyuda olan şokolad, sitrus meyvələri, kakao, fındıq, kifli pendirlər tərkiblərində feniletaminin və tiraminin mövcud olması səbəbindən oxşar reaksiyalar törədə bilər.

Qida vasitəsilə orqanizmə daxil olan digər provakasiya törədici maddələr:

  1. Qlüten – buğda, arpa, yulaf, çovdar və onlardan hazırlanan məhsullar (sıyıqlar, keks, tortlar, pivə);
  2. Salisilatlar – qara və yaşıl çay, nanə, ədviyyat;
  3. Nitratlar – istixana tərəvəzləri və meyvələri, göyərti (marul, ispanaq, cəfəri, kəröviz).

Bununla belə, bir çox hallarda, miqrenin inkişaf mexanizminə ərzağın özü deyil, onun qəbuledilmə tezliyi və miqdarı  təsir göstərir. Beləliklə, tutma ciddi  bir pəhrizin fonunda və ya qida qəbulundan birinin, məsələn, səhər yeməyinin  ötürülməsi  zamanı  baş verə bilər.

  • Hormonal amillər. İlk növbədə bu, qadınlar arasında geniş yayılmış menstrual miqrenə aiddir. Tutmanın inkişafına qandakı  esterogenin səviyyəsində olan dəyişikliklər təsir edir. Onu reproduktiv  üzvlərin müalicəsində tətbiq edilən əvəzedici  hormonoterapiya, oral kontraseptivlər, ovulyasiya və ya aybaşı  prosesləri törədə bilər.
  • Ətraf mühit amilləri. Mövsümi dəyişikliklər; temperaturun, atmosfer təzyiqinin və  rütubətin dəyişilməsi, bürkü  və ya şaxta, otağın havasının dəyişdirilməməsi provokativ amillər kimi çıxış edə bilər. Eyni sözləri  səs-küy, gözlənilməz gur səslər; görmə reseptorlarını qıcıqlandıran sayrışan parlaq işıqlar və flüoressent işıqlanma barəsində də demək olar.
  • Yuxu rejimi. Xüsusilə bu, yuxu miqreninə aiddir – tutma yuxusuzluq fonunda və ya həddən artıq yatmaq nəticəsində inkişaf edə bilər. Yuxuya gec getmək və ya yuxudan gec oyanmaq, saat qurşaqlarının dəyişməsi, yuxusuz gecələr – bütün bu amillər miqrenin yaranmasına səbəb ola bilər.
  • Daxili amillər. Servikal osteoxondroz nəticəsində onurğa sütununda yaranan xroniki ağrı səbəbindən miqren tutmaları meydana çıxa bilər. Bundan əlavə, daxili  provokatorlar kimi orqanizmdə maqnezium və dəmir çatışmazlığı, qanda qlükozanın səviyyəsinin kəskin azalması, anemiya çıxış edə bilər.
  • Dərman qəbulu . Hormonal preparatlardan əlavə olaraq, Rezerpin, Nitroqliserin, Ranitidin, Hidralazin, dərmanların tərkibində olan histamin də miqrenin yaranmasına səbəb ola bilər.
  • Psixofizioloji amillər. Emosional yüklənmələr; uzunmüddətli gərginlik; əsəblərin cilovlanmaması; narahatlıq və qorxu tutmaları; uzunmüddətli stressdən sonra birdən-birə rahatlanma; həm mənfi, həm də müsbət emosiyaların daxildə boğulması. Psixofizioloji provokatorlar  iddialı, bir də  özünə qarşı  həddən ziyadə tələbkar olan insanlarda miqrenin yaranmasına səbəb olur.
  • Digər amillər. Kəllənin travmaları və digər mənşəli  zədələnmələri; həddən artıq fiziki gərginlik, o cümlədən aktiv cinsi  fəaliyyət; yorğunluq; yerdəyişmə ilə bağlı  ətraf şəraitin kəskin dəyişməsi.

 

     Miqrenin  növləri

Miqren ilk öncə auralı və aurasız (sadə) olmaqla 2 növə ayrılır. Kliniki praktikada, əsasən, aşağıdakı  tip miqren növləri  tanınır:

  • Panik – bu tip miqren boğulma, titrətmə, taxikardiya, sifətin şişməsi kimi simptomlar ilə xarakterizə olunur.
  • Xroniki miqren –  tutmalarının müntəzəmliyi və onların hər növbəti baş verdiyi  zaman ağrıların intensivliyinin artması  ilə xarakterizə olunur. Xroniki miqren diaqnozunu, tutmalar 3 ay müddətində, ayda  15  dəfə təkrarlanarsa təyin etmək olar.
  • Menstrual miqrenlər – miqren tutmaları  qanda esterogenin səviyyəsindən asılıdır, buna görə də menstrual dövrlə bağlı olaraq meydana çıxır.
  • Yuxu miqreni – onun təzahürü  insanın yuxu  rejimindən asılıdır və yuxu  zamanı  və ya yuxudan oyandıqdan sonra baş verir.
  • Oftalmoplegik miqren – miqrenin bu çox nadir növü  adətən, gənc yaşlı  xəstələrdə rast gəlinir. Ağrı bir göz ətrafında cəmləşir və bir qayda olaraq, adi miqrenə  nisbətən daha az  intensivlikli olur. Bu forma qusma, ikigörmə, göz qapaqlarının enməsi və göz əzələlərinin iflici ilə müşayiət oluna bilər. Tutmalar bir neçə saatdan bir neçə aya qədər davam edə bilər.
  • Vestibulyar miqren – bu zaman epizodik başgicəllənmələri yaranır ki, onlar da həm ayrı olaraq, həm də baş ağrıları və miqrenin digər simptomları  ilə birgə inkişaf edə bilər.
  • Ailəvi  hemiplegik miqren – bu, miqrenin çox nadir irsi forması olub, müvəqqəti birtərəfli iflic, görmə ilə problemlər və başgicəllənmə törədə bilər. Bu simptomlar baş ağrısından təxminən 10-90  dəqiqə əvvəl meydana çıxır.

 

     Simptomlar

Tibbi  araşdırmalara əsasən, qadınlar daha tez-tez miqren xəstəliyinə məruz  qalırlar. Qadınlarda  ayda orta hesabla 7  tutma, kişilərdə isə  6  tutma baş verir. Qadınlarda tutmanın orta davametmə müddəti  7,5 saat, kişilərdə isə  6,5 saatdır. Qadınlarda tutmanın səbəbləri daha çоx atmosfer təzyiqinin, havanın temperaturunun dəyişməsi  və digər iqlim dəyişiklikləridirsə, kişilərdə – gərgin fiziki  iş fəaliyyətidir. Miqreni  müşayiət edən simptomlar da ayırd edilir: bu, kişilərdə daha çox fotofobiya və depressiya, qadınlarda  isə tez-tez ürəkbulanma halları  və qoxubilmənin pozulmasıdır.

  • Miqren tutmalarının baş verəcəyindən xəbər verən əlamətlər və ya prodrom – zəiflik, səbəbsiz yorğunluq hissi, konsentrasiyanın zəifləməsi, diqqətin pozulması  şəklində özünü  göstərir. Tutmalardan sonra bəzən bir postdrom – yuxusuzluq, zəiflik, dəri örtüyünün solğunlaşması müşahidə olunur.
  • Miqrenoz baş ağrısının xarakteri  digər mənşəli  baş ağrılarından fərqlənir – gicgahlardan başlayaraq, pulsasiya edən və sıxıcı  ağrı, tədricən başın bir yarısını  əhatə edərək, alın və göz nahiyələrinə yayılır.
  • Birtərəfli ağrı, tutmadan-tutmayadək növbələşərək başın gah sol, gah da sağ tərəfini  və ya  ənsə nahiyəsini  əhatə edir.
  • Miqren zamanı  həmişə bir və ya bir  neçə müşayiətedici simptomlar -fotofobiya; ürəkbulanma; qusma; səsdən qıcıqlanma; iybilmənin, görmə və diqqətin zəifləməsi müşahidə olunur.
  • Qadınlarda rast gəlinən miqren xəstələrinin 10%-də, tutmalar menstruasiya zamanı  baş verir  və başlandıqdan sonra bir və ya  iki gün davam edir. Bu xəstəliyi olan bütün qadınların 1/3-i  məhz menstrual miqrendən əziyyət çəkir.
  • Adətən uşaqlarda miqren zamanı  yanaşı  simptom kimi  yuxululuq qeyd edilir və tutmalar yuxudan sonra keçib gedir. Kişilərdə miqren ağır iş gördükdən sonra inkişaf edir. Hərəkət və ya gəzinti zamanı, ağır yük qaldırdıqda, pilləkənlə qalxanda ağrı  artır.
  • Hormonal  tarazlığa təsir edən oral  kontraseptivlərin və digər dərmanların qəbulu, eləcə də  əvəzedici  hormonoterapiya tutmaların başvermə riskini  əhəmiyyətli  dərəcədə artıraraq,  80%  hallarda  onların  intensivliyini gücləndirir.
  • Əsəbilik, narahatlıq, yorğunluq, yuxusuzluq, dərinin solğunluğu və ya əksinə – qızarmağı, narahatlıq və depressiya miqrendə yanaşı  gedən simptomlar olub, hər bir fərdi  halda özünü  göstərə və ya göstərməyə bilər.
  • Gicgah nahiyəsində arteriyalar gərgin olur və güclənmiş şəkildə pulsasiya edir, ağrı  və gərginlik hərəkət zamanı  artır. Bu səbəbdən xəstələr tutma periodunu yataq şəraitində, sakit  və  qaranlıq bir  yerdə keçirirlər ki, xarici qıcıqların sayını  minimuma endirsinlər.
  • Ürəkbulanma –  miqrenoz baş ağrılarını  digər mənşəli baş ağrılarından fərqləndirməyə kömək edən mühüm bir simptomdur. Bu əlamət həmişə tutmaları  müşayiət edir və bəzən  o qədər güclü  ifadə olunur ki, qusmaya gətirib çıxarır. Bu  zaman xəstənin vəziyyəti  subyektiv şəkildə yüngülləşir, o, bir neçə dəqiqə ərzində  özünü daha rahat hiss edir. Əgər qusma rahatlıq gətirməzsə və ağrı  bir neçə gün ərzində azalmazsa, bu, miqrenoz statusun əlaməti  ola bilər və stasionar şəraitdə müalicə tələb edir.

 

     Miqren  zamanı  auranın simptomları:

  • nitqin pozulması (bərpaolunan) – bir cümləni tələffüz etmək, fikrini ifadə etmək mümkün deyil;
  • vizual aura – gözlərin qarşısında ləkələrin, nöqtələrin, zolaqların, dumanın yaranması; obyektlərin cizgilərinin bulanıqlaşması;
  • keylik, ətraflarda iynə batması hissiyyatı, taktil hissiyyatın pozulması.

Baş ağrısı  auradan bir saat sonra və ya daha az müddət ərzində, bəzən aura zamanı  baş verir; gəzinti və digər fiziki  fəaliyyət zamanı  güclənir; birtərəfli  olur  və  ürəkbulanma, fonofobiya, fotofobiya  ilə müşayiət olunur. Tutma 4  saatdan 3 günə qədər davam edir.

 

Auralı  miqren  4 mərhələdən  ibarət olan dəqiq  bir struktura malikdir. Onların təzahür müddəti  və intensivliyi vəziyyətdən asılı olaraq dəyişir:

  • Başlanğıc əlamətlər mərhələsi: Bu mərhələ prodromal mərhələ də adlanır. Xəstələr tutmanın yaranmasını  hər kəs  üçün fərqli  olan bir simptomlar kompleksinə əsasən təyin edə bilərlər. Ən çox  yayılmış  təzahürlər yuxululuq, yorğunluq, əsəbilik və diqqətin cəmləşdirilməsinin çətinləşməsidir. Bəzi  xəstələrdə prodrom, əksinə, fəaliyyət aktivliyinin artması, yuxusuzluq, iştahın artması  ilə  özünü  göstərir. Bu mərhələdən sonra  aura başlayır. Əgər miqren aurasızdırsa, o zaman adətən, prodromal əlamətlər də qeyd olunmur.
  • Aura mərhələsi: Aura tutma başlamazdan əvvəl beyində baş verən dəyişiklikləri  əks etdirir. O, yalnız miqrenin 1/3 hallarında baş verir. Hətta eyni bir xəstədə aura, yalnız tutmadan tutmaya baş verir və həmişə eyni  şəkildə təzahür etmir. Onun əlamətləri ağrılı  keçmir, lakin xəstədə qorxuya səbəb ola bilər, xüsusən  ilk dəfə baş verdikdə. Belə ki, vizual  aura – gözün qarşısında ləkələrin və görmə şəklini  təhrif edən əyri naxışların yaranması; duman və əşyaların silinmiş təsvirləri; əşyaların  ölçü  və nisbətlərinin dəqiq müəyyən edilə bilməməsi – insanlarda narahatlıq, görmənin vəziyyəti  üçün bir təşviş hissi yarada bilər. Taktil, eşitmə, iybilmə duyğularının təhrif olunması  da  aura mərhələsi  üçün xarakterikdir. Ətraflarda keylik və iynə batması  hissi yarana bilər, bu, adətən barmaqların ucundan başlayır və tədricən, yanaqlar  və sifət  daxil olmaqla, başa qədər yayılır. Bu zaman, keylik bədənin yalnız bir yarısında – ağrı  olan tərəfə əks nahiyədə qeyd edilir. Əgər miqren tutması  zamanı  ağrı  başın sol tərəfini  əhatə edirsə, o zaman  bədənin sağ tərəfi  keyiyir və əksinə. İnsanın gündəlik fəaliyyəti ilə məşğul olmasına, işləməsinə və bəzən danışmasına mane olan diqqət və fikrinin cəmləşməsinin pozulması  yarana bilər. Mərhələnin müddəti  10 dəqiqədən yarım saatadək çəkir, bəzi  hallarda aura bir neçə saat davam edə bilər.
  • Miqrenin ağrı mərhələsi: Xəstə üçün ən çətin mərhələ olub, bir neçə saatdan 2-3  günədək davam edə bilər. Ağrının artması  sürətli  olub  10  dəqiqə ərzində  inkişaf edə bilər. Ağrının kəsilməsi  isə tədricən, bir neçə saat ərzində baş verə bilər. Bu mərhələdə ağrının  intensivliyini azaltmaq və xəstənin vəziyyətini  yüngülləşdirmək üçün, ona  üfüqi  vəziyyətdə qalmaq; hərəkətliliyini maksimal dərəcədə məhdudlaşdırmaq; başını  soyuq dəsmalla bürümək; işıqdan və gur səsdən qorunmaq lazımdır. Miqren tutmasını  dayandırmaq üçün  müalicə həkimi dərmanlar – analgetiklər və  ya triptanlar təyin edir ki, onları  da ağrı  mərhələsinin başlanğıcında qəbul etmək lazımdır.
  • Tutmadan sonrakı mərhələ: ona rahatlaşma dövrü də deyilir – xəstə prodromal mərhələsini xatırladan təəssüratlar – əsəbilik və qıcıqlanma, yorğunluq, üzgünlük, ətraflarında zəiflik kimi hisslər yaşayır. Ümumiyyətlə, bütün bu simptomlar 24 saat ərzində keçib gedir. Bu müddəti yuxuda keçirmək məsləhətdir.

Tutmaların  intensivliyinin artması, onların qısamüddətli  sakitləşmə periodundan sonra dalbadal təkrarlanması  zamanı  xəstəyə miqrenoz status  diaqnozu qoyulur. Miqrenoz status – ürək ritminin yavaşıması, beyin qişalarının qıcıqlanması, ağrının  intensivliyinin zərrə  qədər də azalması  baş vermədən davamlı  qusma halları  kimi simptomlarla xarakterizə olunur. Bu vəziyyətdə  xəstə əmək qabiliyyətini  tamamilə itirir və  həkim nəzarəti  altında stasionar şəraitdə müalicə edilməlidir.

Miqrenlə əlaqəsi  olmayan, daimi  və ya vaxtaşırı  yaranan  birtərəfli  baş ağrılarının səbəbi vaxtı itirmədən müvafiq mütəxəssis tərəfindən araşdırılmalıdır. Bu cür ağrılar beynin üzvi xəstəlikləri üçün xarakterikdir və erkən diaqnozun qoyulması, müalicənin effektivliyini  xeyli artıra  bilər.

 

     Diaqnostika

Miqrenin müalicəsi diaqnozu dəqiqləşdirmədən qətiyyən yolverilməzdir. Dəqiq diaqnoz qoyulmadan  özünümüalicə aparmaq təhlükəlidir – bu, yanlış dərman qəbulu nəticəsində meydana çıxan ağrıların yaranmasına səbəb ola bilər.

Diaqnoz qoymaq üçün həkimə xəstəliyin kliniki  mənzərəsi, anamnezi, tutmaların tezliyi  və davametmə müddəti  barəsində məlumatları  bilmək vacibdir. Çətin hallarda, həkim baş beynin və onurğanın boyun nahiyəsinin MRT-si, reoensefaloqrafiya müayinələrinin keçirilməsini tələb edə bilər.

 

     Diferensial diaqnostika

Miqrenoz baş ağrılarını  kəllədaxili təzyiqin artması, araxnoidit, araxnoidal sist, baş beynin şişləri və digər mənşəli baş ağrılarından ayırd etmək lazım gəlir. İlk növbədə isə miqrenoz baş ağrılarını  gərginlik baş ağrılarından fərqləndirmək lazımdır.

     Miqren zamanı  müşahidə edilən baş ağrısını  gərginlik baş ağrısından necə ayırd etmək olar?

  • Gərginlik baş ağrısında ağrılar daha az intensivlikli olur.
  • Ağrının xarakteri – pulsasiyaedici deyil, başı bir halqa kimi sıxan şəkildə olur. Buna “nevrastenik dəbilqəsi” də deyilir.
  • İkitərəfli baş verir.
  • Fiziki gərginlik zamanı artmır.

Gərginlik baş ağrısının yaranmasında trigger amili kimi daimi emosional gərginlik, stress, narahat  vəziyyətlərdə uzun müddət qalmaq nəticəsində baş beynin qan dövranının pozulması kimi hallar böyük rol oynaya bilər. Bu tip baş ağrısında da miqrendə olduğu kimi  fotofobiya, ürəkbulanma müşahidə edilə bilər.

 

     Müalicə

Miqrenin müalicəsində 2  yanaşma tətbiq olunur: birinci  yanaşma tutmanın qarşısının alınmasına və xəstənin vəziyyətinin yaxşılaşdırılmasına doğru yönəldilmişdirsə, ikinci  yanaşma residivin qarşısını  almaq məqsədi  daşıyır.

Tutmanı  dəf etmək üçün nevropatoloq, onların yaranma  intensivliyindən və davametmə müddətindən asılı olaraq analgetiklər təyin edir. Miqrenin davametmə müddəti  2 sutkadan artıq olmayan, zəif və orta ağırlıqlı  formalarında aşağıda sadalanan analgetiklər təyin olunur:

  • Nimesil, iltihab əleyhinə qeyri-steroid preparat kimi, tutma zamanı  xəstənin vəziyyətini yüngülləşdirmək üçün nəzərdə tutulur; xəstədə qaraciyər xəstəliyi  və ya böyrək çatışmazlığı  varsa Parasetamol tövsiyə edilmir; Aspirinin təyini qanın laxtalanmasının pozulmaları  və həzm sisteminin xəstəlikləri  zamanı  əks-göstərişdir.
  • Kodein, Fenobarbital, Parasetamol, Metamizol-natrium miqren əleyhinə nəzərdə tutulmuş kombinə edilmiş preparatların tərkibinə daxildir və  istifadələrinə çoxlu əks-göstərişlər vardır. Onlardan nəzarətsiz istifadə  olunması  dərman  mənşəli  ağrı sindromunun  yaranmasına səbəb ola bilər.
  • Tutma  müddəti 2  gündən artıq davam edərsə, onun qarşısının alınması  məqsədilə triptanlardan  istifadə olunur.
  • Köməkci  dərmanlar kimi  Domperidon və Xlorpromazin kimi psixotrop təsirləri olan preparatlar tətbiq olunur. Domperidon (Motilium) – 10 mq dozasında tabletləri, sutkada 3 dəfə, yeməkdən əvvəl daxilə təyin olunur. Xlorpromazin (Aminazin) – 25 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin olunur.
  • Botoks inyeksiyaları  hazırda yaşlılarda xroniki  miqrenlərin profilaktikası  üçün tövsiyə edilir. Botoks baş və boyun nahiyələrinə 12  həftədən bir, bir neçə inyeksiya şəklində tətbiq edilir. Bu inyeksiyalar gələcəkdə baş ağrısının simptomları  zamanı  kömək edə bilər. Botoks xroniki  miqren zamanı  ən yaxşı  effekt  verir. Digər miqren növlərində onun  effektivliyi  hələ ki, sübuta yetirilməyib. Bu  üsulun ən geniş yayılmış əlavə təsiri – baş  və boyun  ağrılarıdır.

 

Miqren əleyhinə ən müasir preparatlar olan triptanlar (Sumatriptan, Zolmitriptan, Naratriptan və s.) təqribən 20  il əvvəl sintez edilmişdir. Onlar serotonin törəmələri olub, kompleks şəklində təsir göstərir:

  • üçlü sinir – hissiyatın azaldlması, ağrıkəsici  effekt;
  • serebral damarlar – digər damarlara təsir etmədən yalnız ağrını  törədən beynin damarlarının pulsasiyasını azaldır;
  • reseptorlar  və ağrı neyropeptidləri – neyropeptidlərin miqdarını  azaldaraq, ağrını aradan qaldırır.

Aura  ilə baş verən miqren tutmaları  Papazolun dərhal qəbulu nəticəsində aradan götürülə bilər. Xəstənin vəziyyətini yüngülləşdirməyə barokamera, fərdi  olaraq isti və ya soyuq vannalar kömək edir.

 

     Miqrenoz tutmanı necə tez aradan qaldırmaq olar?

Kəskin miqren tutması  zamanı  tövsiyə edilir:

  • Ağrıkəsicilərinin, qusma əleyhinə preparatların və qeyri-steroid iltihab əleyhinə preparatların kombinə olunmuş şəkildə tətbiqi  tutmaların  40%-ə qədərinin təsirini dayandırmağa  imkan verir.
  • Zolmitriptan – 2,5 mq dozasında qəbul edilərək yüksək analgetik təsir göstərir.
  • Sumatriptan – 50 mq, lazım gələrsə 100 mq dozasında daxilə təyin edilir. Qəbuldan 4 saat sonra təsir göstərməyə başlayır, 80%  hallarda effektivdir. Preparatın qəbulundan sonra miqrenin simptomları  itmir və ya azalmırsa, tutmanı  dayandırmaq üçün onu təkrarən təyin etmirlər. Qusma ilə müşayiət olunan ağır tutmalarda, dərialtı  yolla yeridilir. Effektin sürətlə başlaması  üçün sprey şəklində tətbiq olunur.
  • Naratriptan – 2,5 mq dozasında residiv ehtimalını  azaldır və çox az əlavə təsiri vardır.
  • Erqotamin – nadir hallarda istifadə edilir, daha çox triptanlar istifadə olunur. Tərkibində Erqotamin olan preparatlar, o cümlədən qan damarlarının tərkibində olan saya əzələləri sıxır və bu səbəbdən miqren zamanı faydalıdır. Erqotaminin aşağıdakı preparatları daha çox tətbiq olunur:

Dihidroerqotamin. Bu preparat evdə icra edilə biləcək bir şəkildə: burun spreyi (Miqranal) və ya  inyeksiya yolu  ilə tətbiq olunur. Miqrenin ağır tutmaları  zamanı  1 ml 0,1%-li  məhlulu əzələ daxilinə yeridilir, lazım gəldikdə isə həmin dozada  inyeksiya təkrar edilir. Miqrenin profilaktikası məqsədilə səhər və axşam  1 tablet (2,5 mq) və ya 20 damcı  0,2%-li  məhlulu sutkada 2-3 dəfə daxilə təyin edilir;

Erqotamin dil altına qoyulan tablet və rektal şam şəklində istehsal olunur. Erqotaminin həb şəklində olan bəzi növlərinin tərkibində Kofein də olur. Təxmin olunan tutmadan bir neçə saat əvvəl 0,1%-li məhlulundan 15-20 damcı  daxilə qəbul edirlər. Həmçinin, ağrı  tutması  zamanı  dil altına 2-4 mq (2-4 tablet) qoymaq, 2 saatdan sonra  ağrı  azalmazsa  2 mq da əlavə  olaraq qəbul etmək olar. Preparatı  sutkada 10 mq-dan artıq qəbul etmək olmaz. Ağır miqren tutması  zamanı  0,5-1 ml  0,05%-li  məhlulunu əzələ daxilinə vururlar. Erqotaminin rektal formaları  triptanların rektal formalarından da effektiv təsir göstərir. Erqоtamini  venadaxili, oral və burun spreyi  şəklində də tətbiq edirlər. Erqotamin həmçinin miqrenoz statuslu və tez-tez baş ağrıları  olan xəstələr üçün də faydalı  ola bilər.

Miqrenoz status zamanı müalicə stasionarda aparılır. Vena daxilinə (damcı üsulu ilə) 50-70 mq Prednizolonun həll olan preparatı – Prednizolon hemisuksinat yeridilir. Ampulun tərkibində olan 0,025 q preparatı qabaqcadan 35-37°C  temperaturuna qədər isidilmiş 5 ml inyeksiya üçün suda həll edirlər; damcı şəklində yeridilmək üçün əldə olunmuş məhlulu 250-500 ml Natrium-xloridin izotonik məhlulunda, 5%-li Qlükoza məhlulunda və ya Poliqlükində durulaşdırırlar. Venadaxili damcı üsulu ilə həmçinin Dihidroerqotamin və Asetil salisil turşusunun inyeksion preparatı  olan Aspizol da yeridilir. Aspizolun yeni hazırlanmış məhlulunu həmçinin əzələnin dərin qatlarına da yeritmək olar. Aspizolu venadaxilinə damcı üsulu ilə yeritmək üçün onun məhlulunu 250 ml Natrium xloridin izotonik məhlulunda, 5%-li Qlükoza məhlulunda və ya Poliqlükində durulaşdırırlar. Dehidratasion dərmanlar (Furosemid), neyroleptiklər (Aminazin, Haloperidol, Tioridazin), Diazepam, antihistamin, yuxugətirici və qusmaəleyhinə preparatlar da tətbiq edirlər. Yerli anesteziya məqsədilə Bupivakain hidroxloridin 0,25%-li məhlulunu (0,1-0,2 mq/kq) 10%-li Qlükoza məhlulunda həll edib 30 dəqiqə müddətində vena daxilinə infuziyası təklif olunur. Eufillinin Qlükoza, dehidratasiyaedici və antihistamin preparatlarla birgə venadaxili inyeksiyaları yaxşı effekt verir. Miqrenoz status zamanı onurğa beyin mayesində laktatın səviyyəsinin artımı ilə əlaqədar olaraq Natrium bikarbonatın vena daxilinə damcı üsulu ilə yeridilməsi məsləhət görülür. Narkotik analgetiklər adətən effektiv olmur və tez-tez qusmanı gücləndirir (V.N. Ştok).

 

     Proqnoz

Bir çox xəstələrdə illər ötdükdən sonra miqren remisiya mərhələsinə keçə və hətta tamamilə yox ola bilər. Bu, xüsusilə menopauzadan sonra estrogenlərinin səviyyəsi aşağı  düşən yaşlı qadınlara aiddir. Ancaq bir çox hallarda ağırlaşmalar meydana gəlir.

Belə ağırlaşmalardan biri  50 yaşınadək olan insanlarda ürək xəstəliklərinin və insultların yaranma riskidir. Auralı  miqrenlər aurasız miqrendən daha təhlükəlidir, xüsusilə bu, qadınların sağlamlıq durumu  üçün əhəmiyyət daşıyır.

Miqrenli xəstələrin daimi emosional stress keçirmələri səbəbindən onların həyat keyfiyyətinin aşağı  enməsinə də xüsusi diqqət vermək lazımdır. Daimi stress xəstələrin şəxsi həyatına, əmək məhsuldarlığına mənfi  təsir göstərir. Miqreni  olan insanlar ünsiyyətdən qaçır və tez-tez panik hücumlara, narahatlığa və depressiyaya meylli olurlar.

Uzunmüddətli proqnoz hər bir xəstənin öz fərdi xüsusiyyətlərindən asılıdır. Bununla birlikdə, hər bir miqren tutmasından sonra proqnozun pisləşməsi və xronik miqrenin inkişaf riskinin artdığını  göstərən məlumatlar mövcuddur.

 

     Profilaktika

Miqreninin profilaktikası  üçün ümumi qaydalar aşağıdakılardan ibarətdir:

  • Ürək çatışmazlığı  və ya bronxial astması  olan xəstələrdə tutmaların qarşısını  almaq üçün Metaprolol, Timolol və ya digər β-blokatorlar isifadə edilir. Metaprolol (Eqilok) – 50 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin edilir. Timolol (Oftan) – 0,25%-li məhlulundan, sutkada 2 dəfə, gözə 1 damcı  damızdırmalı.
  • Valproat natrium və  Pizotifen preparatlarının tətbiqi, yuxululuğa və bədən çəkisinin artmasına səbəb olduqları  üçün məhdudlaşdırılmışdır.
  • Aspirin miqrenin profilaktikası  üçün nadir hallarda istifadə olunur, çünki  bu məqsəd üçün onun təsdiq olunmuş dozası  müəyyənləşdirilməmişdir.
  • Amitriptilin stressin səbəb olduğu miqren tutması  zamanı  ağrıları  azaltmağa kömək edir.
  • Alkoqol və nikotinin damar sisteminə olan dağıdıcı  təsiri miqren tutmasının yaranmasına və ağrı intensivliyinin artmasına səbəb olur, bu səbəbdən də miqrenin profilaktikasında zərərli  vərdişlərdən imtina olunması  böyük əhəmiyyət kəsb edir.
  • Energetik  içkilər, qəhvə və tərkibində böyük miqdarda kofein olan digər məhsullar qida rasionundan kənarlaşdırılmalıdır. Kofein insan bədəninə stimullaşdırıcı  təsir göstərir ki, bu da orqanizmi  normal vəziyyətdə olduğuna nisbətən daha ağır yüklənməyə təşviq edir.
  • Orqanizmin istirahət və bərpası  prosesinin daha da intensiv keçməsi üçün yuxu  rejiminə ciddi  nəzarət edilməlidir. Ən mühüm dövr  20:00-dan  gecə yarısına qədərdir, bu vaxt yuxuda  keçirilməlidir. Bir adam gecə saat  3-ə və ya daha uzun müddətə qədər oyaq qalarsa, onun enerji resurslarının sərf olunması  nəzərəçarpacaq dərəcədə artır  və orqanizmin gücü nəinki bərpa edilmir, əksinə, daha da tükənir.
  • Aterosklerozun inkişafına səbəb olan məhsulları – fast food; hisə verilmiş qidalar; konservantlar, aromatizatorlar və dad əlavələri qatılmış ərzaqları qida rasionunuzdan çıxarın. Onların  istifadəsi nəinki  ürək-damar sisteminin xəstəliklərinin yaranmasına səbəb olur, həm də miqrenoz tutmaya gətirib çıxara bilər.
  • Yüngül fiziki  fəaliyyət, açıq havada gəzintilər orqanizmi  məşq etdirir, onu  stressə qarşı daha  dözümlü  edir və tutmanın yaranma ehtimalını  azaldır.
  • Zehni fəaliyyətinizin intensivliyini tənzimləyin, bədəninizi  həddən artıq yükləməyin, emosional gərginliyin və sinir böhranlarının yaranmasına  imkan verməyin ki, tutmaların əmələ gəlmə ehtimalı  minimuma ensin.

 

Miqrenin müalicəsinin müasir metodları  insanların əksəriyyətinə xəstəliyin öhdəsindən gəlməyə  kömək edir. Bundan əlavə, miqren əleyhinə daim yeni vasitələr işlənib hazırlanmaqdadır.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

 https://nevropatologiya.az/2021/08/20/nsd-neyrosirkulyator-distoniya/

 

      “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 09.01.2019-cu il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq