Üz sinirinin nevriti

Üz sinirinin nevriti və ya Bell iflici – 7 cüt kəllə-beyin  sinirlərinin, əksər hallarda  onlardan birinin iltihabıdır. Xəstə insan üz əzələlərinə nəzarəti  və emosiyalarını göstərmək imkanını  itirir: qaşlarını  çatmaq və ya qaldırmaq, gülümsəmək, heyrətlənmək və hətta qidanı  düzgün çeynəmək imkanından məhrum olur. Xəstənin sifəti  asimmetrik və əyilmiş şəkil alır. XBT-10 üzrə kodu G 51-dir.

Üz siniri digər kəllə-beyin sinirlərinə nisbətən daha tez-tez zədələnir. Bu, onun öz gedişi boyunca  üz sümüklərinin bir neçə dar kanalından keçməsi ilə əlaqədardır. Buna görə də yüngül bir  iltihab belə xəstəliyin əlamətlərinə səbəb olan sixılma və oksigen aclığına gətirib çıxarır. Çox hallarda xəstənin sifətinin  yalnız bir tərəfində mimiki əzələlər zədələnir. Ancaq insanların 2%-də  hər iki  üz siniri  iltihaba məruz  qalır.

Üz sinirinin nevriti  geniş yayılmış bir xəstəlikdir. Hər il 100 min əhalidən 25 adam bu xəstəliyə məruz qalır. Kişilər və qadınlar ona bərabər dərəcədə həssasdırlar. Soyuq mövsümdə xəstəliyin sayının kəskin artması  müşahidə edilir. Xüsusilə şimal bölgələrində bu xəstəliyin daha geniş yayılması qeyd olunur.

Üz sinirinin nevriti  uzunmüddətli  gedişi ilə xarakterizə olunur. Xəstəliyin müalicəsinə orta hesabla stasionar şəraitində 20-30 gün sərf edilir. Tam bərpa 3-6 ay davam edəcək. Ancaq təəssüf ki, insanların 5%-də üz əzələlərinin funksiyası  bərpa olunmur. Bu hallar üz sinirinin nevritinin  beyindəki şişlər  və ya kəllə-beyin travmaları  ilə əlaqəli olması  zamanı  qeyd edilir. 10%  hallarda  isə üz sinirinin funksiyaları  bərpa edildikdən sonra residiv baş verir.

Xəstəliyin şiddəti və sağalma müddəti prosesin  sinir sisteminin hansı  nahiyəsini zədələməsi, dərinlik dərəcəsi  və müalicənin nə qədər tez başlanmasından asılıdır.

 

     Etiologiya

Alimlər xəstəliyin səbəbini  hələ ki  birmənalı şəkildə müəyyən edə bilməyiblər. Üz sinirinin iltihabı bir sıra amillərlə əlaqələndirilir:

  • Herpes simplex virusu. Bu virus insanların əksəriyyətinin bədənində  yaşayır və onun varlığına  zərər vurmur. Lakin immunitet zəiflədikdə, virus aktiv şəkildə çoxalmağa başlayır. Onun sevimli yeri  sinir lifləridirdir. Herpes virusu iltihab və sinir  ödeminə səbəb olur. Ayrıca olaraq, poliomielit, enterovirus, adenovirus və parotid viruslarının da xəstəliyə  səbəb ola biləcəyi ehtimal edilir.
  • Soyuqlama. Bədənin soyuqlaması  immunitetin azalmasına gətirib çıxarır. Üz sinirinin nevriti  vəziyyətində yerli  hipotermiya xüsusilə təhlükəlidir. Məsələn, siz  uzun zaman soyuqda qalırsınız.  Bu halda  qan damarlarının və əzələlərin  spazmı  yaranır ki, bu da son nəticədə sinirin qidalanmasının pozulmasına və iltihabına gətirib çıxarır.
  • Böyük dozada  alkoqolun qəbulu. Etil spirti – sinir sistemi üçün bir zəhərdir. Bu, yalnız baş beyinə təsir etmir, həm də sinir iltihabına səbəb olur.
  • Yüksək qan təzyiqi.  Arterial təzyiqin yüksəlməsi  kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər. Bu hal  üz sinirinin nüvəsini  zədələyə bilər. Bundan əlavə, artan təzyiq insulta səbəb ola bilər. Əgər qansızma üz sinirnin nüvəsi ətrafında baş verərsə, o da zədələnə bilər.
  • Hamiləlik.  Bu baxımdan, hamiləliyin  ilk trimestri daha çox təhlükəlidir. Bu dövrdə qadın orqanizmində başqa üzv və sistemlərə olduğu kimi, sinir sisteminə də təsir  edən  ciddi hormonal dəyişikliklər baş verir.
  • Beyin şişləri.  Bu, nevrit üçün kifayət qədər nadir bir səbəbdir, lakin onu  istisna etmək olmaz. Şiş siniri sıxır və sinir impulslarının keçirilməsini pozur.
  • Açıq  və ya qapalı  kəllə-beyin  travmaları, qulağın zədələnmələri.  Zərbə  sinir liflərinin əzilməsinə və ya qırılmasına səbəb olur. Bu nahiyəyə  maye yığılır, ödem yaranır və iltihab sinir boyunca yayılır.
  • Stomatoloqun yanlış müalicəsi.  Keçirilmiş stress, karies boşluğundan qaynaqlanan yoluxma  və ya sinir ucluğunun mexaniki zədələnməsi  iltihaba səbəb ola bilər.
  • Keçirilmiş otitlər və sinusitlər.  Vrus və ya bakteriya mənşəli  LOR xəstəlikləri, ətraf toxumalara yayıla və sinirin gicgah sümüyü kanalında sıxılmasına səbəb ola bilər.
  • Şəkərli  diabet.  Bu xəstəlik metabolik pozuntuya səbəb olur ki, bu da  iltihab ocaqlarının əmələ gəlməsinə gətirib çıxarır.
  • Ateroskleroz.  Siniri qanla təchiz edən kapillyarlar yağ düyünləri  ilə tutulur. Nəticədə, sinir hüceyrələri aclıq çəkir və məhv olur.
  • Stress və depressiya. Belə hallar sinir sistemini və bütövlükdə orqanizmin müdafiə qüvvələrini  əsaslı  şəkildə sarsıdır.
  • Dağınıq skleroz. Bu xəstəlik sinir liflərinin miyelin qişasının məhvi   və onların yerində sklerotik düyünlərin yaranması  ilə bağlıdır. Bu proses çox vaxt görmə və üz sinirlərinin iltihabına səbəb olur.

 

     Patogenez

Yuxarıda sadalanan amillər damarların  spazmına (daralmasına) gətirib çıxarır. Bu halda, qan kapillyarlarında durğunluq yaranır  və onlar genişlənir. Qanın maye komponenti  kapillyarların divarlarını  keçir və hüceyrəarası  fəzalarda toplanır. Toxumanın ödemi yaranır ki, bunun da nəticəsində venalar və limfa damarları  sıxılır və limfanın drenajı  pozulur.

Bunun nəticəsində sinirin qanla təchizatı  və qidalanması pozulur. Sinir hüceyrələri  oksigen çatışmazlığına çox həssasdır. Sinir kötüyü  şişir, onda qansızmalar yaranır. Bu, sinir impulslarının beyindən əzələlərə pis ötürülməsinə gətirib çıxarır. Beyindən gələn komandalar sinir lifləri boyu  ötürülmür, əzələlər onları  “eşitmir” və fəaliyyət göstərmir. Xəstəliyin bütün simptomları bununla bağlıdır.

 

     Simptomlar

Bu xəstəlik həmişə kəskin başlanır. Əgər üz siniri nevritinin  simptomları  tədricən inkişaf edirsə, bu zaman sinir sisteminin digər patologiyalarından şübhələnmək lazımdır.

Mimikanın pozulmasına  1-2 gün qalmış qulaq arxasında ağrılar  yaranır. Ağrı  ənsə və üz nahiyəsinə ötürülə  bilər. Bir neçə gün sonra  göz  almasında ağrılar başlayır. Yaranan bu xoşagəlməz hisslərin meydana çıxmasına sinirin ödemi səbəb olur. Üz siniri  gicgah sümüyünün daxili qulaq keçəcəyi nahiyəsindən  keçən hissəsində kompressiyaya məruz qalır.

     Sifət asimmetrik şəkil alır  və zədələnən tərəf maskanı  xatırladır. Göz yarığı  geniş açılmış olur, ağız küncü enir, alın qırışları  və burun-dodaq  büküşləri  hamarlaşır. Ağlayan, gülən, danışan zaman asimmetriya daha çox nəzərə çarpır. Beyin sifətin bir tərəfində mimiki əzələlərə nəzarət etmək imkanını  itirir.

Zədələnən  tərəfdə göz bağlanmır. Həmin tərəfdə   gözü  bağlamağa çalışdıqda, bu mümkün olmur  və göz alması  yuxarı  doğru  çevrilir. Yaranmış göz yarığında gözün  buynuz  qişası görünür (laqoftalm və ya”dovşan gözü”).  Gözün dairəvi  əzələsi  pis innervasiya  olunur. Zədələnmiş tərəfdə göz qapaqları  əzələləri  tabeçilikdən çıxır.

     Ağız  küncü aşağı enir.  Ağız, dəstəyi zədələnmiş tərəfə çevrilmiş tennis raketkasını xatırladır. Yemək zamanı  maye qida ağzın bir tərəfindən tökülür. Amma  xəstə çənəni tərpətmək və çeynəmə hərəkətləri etmək imkanını  saxlayır. Üz sinirinin yanaq şaxələri  ağzın dairəvi əzələsini idarə etmək imkanını  itirir.

     Yanaq əzələləri  idarədən çıxır.  Xəstə tez-tez yanağını  dişləyir, qida qalıqları  yanağın arxasında toplanıb qalır.  Üz siniri baş beynin siqnallarını yanaq əzələlərinə ötürə bilmir.

     Ağız quruluğu.  Xəstə daimi susuzluq və ağızda quruluq hissi keçirir, yemək zamanı  qida kifayət qədər tüpürcəklə islanmır. Lakin bəzi hallarda həddindən artıq tüpürcək  ifrazı  qeyd olunur. Tüpürcək daim ağzın aşağı  küncü  boyu axıb  tökülür. Tüpürcək vəzisi  baş beyindən pozulmuş  siqnallar alır.

     Nitq  anlaşılmaz olur.  Ağzın yarısı  səslərin artikulyasiyasında iştirak etmir. Bəzi  samit səslərin (b, s, f) tələffüzü xüsusi çətinlik törədir. Üz siniri səslərin tələffüzü  üçün məsuliyyət daşıyan  dodaq və yanaq əzələlərinin innervasiyasını  təmin edir.

     Göz almasının quruluğu.  Göz yaşı  kifayət qədər  ifraz olunmur.  Göz isə  açıq qalır və gözqırpmalarının sayı azalır. Bu, onun qurumasına gətirib çıxarır. Göz yaşı  vəzisinin fəaliyyəti pozulur, o, kifayət qədər  göz yaşı  ifraz edə bilmir.

     Gözyaşarma.  Bəzi xəstələrdə əks vəziyyət müşahidə olunur. Göz yaşı  ifrazı  güclənir  və onlar, göz yaşı  kanalına istiqamətlənmək əvəzinə, yanaqdan axır. Bunun səbəbi göz yaşı  vəzisinin aktiv fəaliyyəti, göz yaşı axınının pozulmasıdır.

     Dilin bir yarısında dadbilmə hissinin pozulması.  Üz sinirinin zədələnmiş tərəfində dilin ön 2/3  hissəsində yeməyin dadı  hiss olunmur. Buna dilin dad reseptorlarında yaranan  siqnalların baş beynə ötürülməsini təmin edən aralıq sinirinin liflərinin iltihabı  səbəb olur.

     Eşitmə həssaslığının artması.  Bir tərəfdən səslər əslində olduğundan daha güclü qavranılır. Bu hal xüsusilə aşağı  tonlara aiddir. Üz siniri  gicgah sümüyündə  eşitmə reseptorlarına  yaxın  mövqedə iltihaba  uğrayır. Üz sinirinin nüvəsi  eşitmə sinirinin nüvəsinin yaxınlığında  yerləşir. Buna görə də, onun  iltihabı  eşitmə analizatorunun fəaliyyətinə təsir göstərir.

 

Xəstəliyin əlamətlərinə görə, təcrübəli həkim üz sinirinin  zədələnməsinin  konkret topik diqnostikasını  müəyyən edə bilər.

  • beyin qabığının üz sinirinə nəzarət edən hissəsinin zədələnməsi – üzün aşağı  yarısında mimiki  əzələlərin iflici, sinir tikləri, səyrimələr qeyd olunur. Gülən  və ağlayan zaman asimmetriya nəzərə çarpmır.
  • üz siniri nüvəsinin zədələnməsi – göz almalarının məcburi  hərəkəti (nistaqm) müşahidə olunur, xəstə alnını  qırışdıra bilmir; sifətin bir yarısında keylik, udlağın və yumşaq damağın səyrimələri  qeyd edilir. Bədənin bir yarısında  hərəkətlərin koordinasiyasının pozulması  baş verə bilər.
  • üz sinirinin kəllə boşluğunda və gicgah sümüyü piramidasında zədələnməsi – mimiki əzələlərin iflici; tüpürcək vəzilərinin kifayət qədər tüpürcək  ifraz etməməsi; ağızda quruluq; dilin  ön hissəsində dadbilmənin  itməsi; birtərəfli  olaraq eşitmənin  itiləşməsi  və ya əksinə, sinir karlığı; göz almasının quruluğu qeyd olunur.

Siz də üz siniri nevritinin olmasını özünüz  təyin edə bilərsiniz. Aşağıda qeyd edilən hərəkətlərin icrası  mümkün deyilsə, dərhal  həkimə müraciət edin:

  • qaşların  çatılması;
  • alnın qırışması;
  • burunun qırışması;
  • fit çalmaq;
  • şamı  üfürmək;
  • yanaqları  şişirtmək;
  • ağzına su almaq;
  • hər iki gözü növbə ilə qırpmaq;
  • gözləri bağlamaq (zədələnmiş tərəfdə göz tam bağlanmır və əmələ gələn yarıqda gözün buynuz qişası  görünür).

Bu əlamətlər göründükdən sonra ilk saatlarda müalicəyə başlasanız, xəstəliyin  daha tez öhdəsindən gəlmək mümkündür. Həkim ilk növbədə sinir  ödemini  aradan qaldıran sidikqovucu preparatları (Furosemid) təyin edir.

     Üz sinirinin nevriti olan xəstə necə görünür?

Üz sinirinin nevriti olan insanın çox xarakterik  bir görünüşü olur. Onun sifəti  əyri  bir maskaya ​​bənzəyir.

Xəstə tərəfdən:

  • göz açıqdır;
  • aşağı göz qapağı sallanır ;
  • göz yaşı ifrazı  baş verə bilər;
  • qaşın xarici kənarı aşağı enir;
  • ağızın küncü enir, oradan tez-tez tüpürcək damcılayır;
  • ağız sağlam tərəfə dartılır;
  • yanaq əzələləri aşağı sallanır;
  • alın və burun-dodaq büküşləri hamarlaşır.

Xəstə  danışarkən  və ya  emosiyalarını  təzahür etdirərkən, xəstəliyin simptomları daha da aydın nəzərə çarpır. Sifətin zədəli tərəfi gülümsəyərkən və ya qaşlarını  qaldırarkən hərəkətsiz qalır.

 

     Diaqnoz və diferensial diaqnostika

Təcrübəli həkim əlavə tədqiqatlar olmadan diaqnozu  təyin edə bilər. Ancaq bir sıra hallarda instrumental  müayinələr  aparılmalıdır. Bu, sinirin iltihabının səbəbini müəyyən etmək üçün lazımdır. Nevritə baş beynin  şişləri, beyin  qişalarının iltihabı  da  səbəb ola bilər. İnsult zamanı da oxşar simptomlar rast gəlinə bilər.

Xəstəliyin diaqnstikasında aşağıdakı müayinə üsullarındandan istifadə edilir:

     Qanın ümumi analizi

Qanın ümumi  analizi  üçün qan barmaqdan alınır. Nevritə səbəb ola bilən bakterial  iltihabın əlamətləri:

  • EÇS-in (eritrositlərin çökmə sürəti) dərəcəsində əhəmiyyətli artım;
  • leykosit sayının artması;
  • limfositlərin  faizi azalır.

Digər simptomlar (baş ağrısı, qulaqdan çirk gəlməsi, irinli itihab ocaqları) ilə yanaşı, qan analizinin bu nəticələri  nevritə səbəb olan uzunmüddətli  otit, meningit və  digər xəstəliklər barəsində şübhələnməyə əsas verə bilər.

     Baş beynin maqnit-rezonans tomoqrafiyası (MRT)

Tədqiqat maqnit sahəsinin və hidrogen atomlarının qarşılıqlı təsirinə əsaslanır. Şüalanmadan sonra atomlar özlərindən enerji  buraxır ki, bu da həssas sensorlar tərəfindən qeydə alınır  və müayinə olunan nahiyənin təbəqələrlə şəklini  əldə etməyə imkan verir.

MRT  aşağıda sadalanan əlamətləri müəyyən etməyə imkan verir:

  • baş beynin şişləri;
  • serebral infarktın əlamətləri;
  • anormal damar inkişafı;
  • beyin qişalarının iltihabı.

MRT  müayinəsinin nəticələri  həkimə xəstəliyin inkişafına səbəb olan prosesləri dəqiq aşkar etməyə imkan verir. Bu, nevritin effektiv müalicəsi üçün vacibdir.

     Baş beynin kompüter tomoqrafiyası (KT)

Bu metod  toxumaların  qismən  rentgen şüalarını  udmaq xüsusiyyətlərinə əsaslanır. Daha dəqiq  məlumat əldə etmək üçün radiasiya bir neçə nöqtədən  həyata keçirilir.

Prosedur nəticəsində nevritə səbəb ola biləcək aşağıdakı  patologiyalar aşkarlana bilər:

  • şişlər;
  • insultun əlamətləri;
  • üz sinirinin nüvələrinə yaxın nahiyələrdə zəif qan dövranı  sahələri;
  • kəllə-beyin travmasının nəticəsi – beyin hematoması.

KT  müayinəsinin nəticəsindən asılı  olaraq həkim müalicə taktikasını  müəyyən edir: əməliyyat vasitəsilə şişin aradan qaldırılması və ya qan dövranının bərpası.

     Elektroneyroqrafiya

Elektrik cərəyanının sinirin gedişi  boyu ötürülməsinin sürətinin tədqiqi ilə məşğul olur. Sinir bir yerdə zəif elektrik impulsu ilə stimullaşdırılır və sonra onun şaxələri  üzərində 2 nöqtədə ölçülür. Alınan məlumatlar avtomatik olaraq kompüterdə qeydə alınır.

Xəstəliyin əlamətləri:

  • sinir impulslarının ötürülməsində zəifləmə –  sinirin iltihabından xəbər verir;
  • elektrik siqnalları  sinir şaxələrinin birinə ötürülmür – sinirin gedişi boyu qırılma baş verə bilər;
  • elektrik enerjisi  ilə qıcıqlanan əzələ liflərinin sayının azalması – əzələ atrofiyasının inkişafı təhlükəsi  var;
  • üzün  əzələləri  elektriklə qıcıqlanmaya zəif cavab verir – gövdədə sinir impulslarının ötürülməsi  pozulub.

 

     Elektromioqrafiya

Bu üsul əzələlərdə müstəqil olaraq yaranan elektrik cərəyanlarını (elektrik cərəyanı ilə stimullaşdırmadan) araşdırır. Bu müayinə tez-tez elektroneyroqrafiya  ilə birlikdə aparılır.

Üz sinirinin nevriti zamanı  bu cür patologiyalar aşkar olunur:

  • elektrik impulslarına əzələdən keçmək üçün daha çox vaxt tələb olunur;
  • siqnala cavab verən liflərin sayı azalır.

Müayinə zamanı  bu cür nəticələrinin alınması, sinirin zədələnməsindən xəbər verir. Bu  üsul iltihabı  aşkar edə bilmir, ancaq onun nəticələrini: əzələ  atrofiyasını  və  kontrakturaları müəyyən edir.  2-3 həftədən sonra aparılan  ikinci bir müayinə, müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.

 

    Müalicə

    Dərmanlarla müalicə

  1. Diuretiklər (Furosemid, Furon). Bədəndən sidik ifrazını  sürətləndirir. Bununla əlaqədar toxumalar  ödemdən  azad edilir. Bu, damarların sıxılmasından və sinirin  ödemindən xilas olmağa  kömək edir. Gündə  1 dəfə  1 tablet  qəbul  edilir. Sidikqovucuları  səhər saatlarında qəbul etmək məsləhətdir, çünki  onların qəbulundan sonra  6  saat müddətində diurezin sürətlənməsi qeyd edilir. Əksər diuretiklərin tətbiqi  zamanı  qanda kalium  ionlarının konsentrasiyası azaldığından, onların tətbiqi  kalium tərkibli preparatlarla (Kalium-orotat, Panangin və s.) müştərək aparılmalıdır.
  2. Qeyri-steroid  iltihab əleyhinə preparatlar (Nayz, Nurofen, Voltaren və s.). Sinir lifi boyunca  iltihabı  aradan götürür, üzdəki  və  qulaqdakı  ağrıları  azaltmağa kömək edir. 1 tabletdən gündə 2 dəfə, yeməkdən sonra  qəbul etmək lazımdır. Lazım gələrsə, müalicə həkimi dozanı  artıra bilər. Kurs 10-14 gün davam edir.
  3. Hormonal preparatlar –  qlükokortikoidlər (Deksametozon, Prednizolon). Sinir liflərindəki iltihabı, şişkinliyi  və ağrıları  aradan qaldırır. Sinir liflərindəki  impulsların keçiriciliyini yaxşılaşdıran xüsusi mediatorun  ifrazını  aktivləşdirir. Qlükokortikoidləri qəbul edən şəxslərdə əzələlərin  kontrakturası  qeyd olunmur. Deksametozonu  yemək zamanı  və ya  sonra  qəbul etmək lazımdır. İlk günlər gündəlik doza  2-3 mq təyin edilir, iltihab dayandırıldıqdan sonra doza  3 dəfə azaldılır. Müalicə kursu 10 günə qədərdir. Prednizolon  sutkada   0,5-1 mq/kq  nisbətində təyin edilir. Müalicə  2 həftə  ərzində, preparatın dozasının tədricən azalaraq  kəsilməsi  üsulu  ilə həyata keçirilir. Hormonal preparatların qəbulu səhər vaxtı, xəstələrin öz qlükokortikoidlərinin qanda  miqdarının xüsusilə aşağı olduğu zaman məsləhətdir.
  4. Antiviral preparatlar (Zoviraks, Asiklovir və s.). Üz sinirinin iltihabına səbəb olan Herpes virusunun çoxalmasını dayandırır. Gündə 5 dəfə, 0,2 q dozasında tabletləri, 1 tabletdən bərabər vaxt intervalı  ilə qəbul edilir. Preparat bir stəkan su ilə, yemək zamanı  qəbul edilsə məsləhətdir. Müalicə kursu 5 gündür.
  5. Spazmolitiklər (No-şpa, Spazmol). Damarlarda saya əzələlərin spazmını  aradan qaldırır, arteriyaları  genişləndirir, iltihablı ərazidə qan dövranını  yaxşılaşdırır, ağrını  azaldır. Gündə 3 dəfə 2 tablet qəbul edilməlidir. Müalicə kursu 2  həftəyə qədərdir.
  6. Neyrotrop preparatlar (Karbamazepin, Levomepromazin, Fenitoin). Sinir hüceyrələrinin işini yaxşılaşdırır, onlarda gedən mineral metabolizmini normallaşdırır. Ağrıkəsici  təsiri vardır. Sinir tiklərinin və  əzələ səyrimələrinin sayını  azaldır. Ümumilikdə, sinir sisteminin işini  yaxşılaşdırır. Gündə 2 dəfə, hər dəfə  az miqdarda su ilə yarım və ya bir tablet qəbul etmək lazımdır.  Müalicə kursu 10  gündür. Bu dövrdə  spirtli  içkilərin qəbulundan çəkinmək lazımdır, əks halda ciddi mənfi  reaksiyalar baş verə bilər.
  7. B qrupu (В1, В6, В12) vitaminləri. Tiamin, Piridoksin,  Riboflavin   sinir hüceyrələrinin və onların  çıxıntılarının tərkibinə daxildir. Onlar sinir sisteminin işində mühüm rol oynayır  və onları  toksinlərlə zəhərlənmədən qoruyur. Gündə  1 dəfə yeməkdən sonra 1-2  tablet qəbul etmək lazımdır. Müalicə kursu 1-2 aydır.
  8. Antixolinesteraz preparatlar (Prozerin, Qalantamin). Əzələlər boyunca  sinir impulslarının keçiriciliyini  artırır, onların tonusunu gücləndirir. Göz yaşı  və tüpürcək vəzilərinin  işini normallaşdırır. Xəstəliyin ikinci həftəsindən, gündə  1-2 dəfə yeməkdən yarım  saat əvvəl  1 tablet qəbul etmək lazımdır. Müalicə müddəti  4-6  həftədir. Əgər əzələlərin kontrakturları  yaranarsa, bu dərmanlar ləğv edilir.

 

     Bioloji aktiv əlavələr

Bu qrup preparatlar xəstəliyin risk amillərinə təsir etməkdə və nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.

 

Üz siniri nevritinin müalicəsi yalnız xəstəxanada və ya həkimin  icazəsi ilə, gündüz stasionarında aparılmalıdır. Dərmanlardan  özbaşına  istifadə edilməsi ciddi  əlavə təsirlərə səbəb ola bilər. Bundan əlavə, nevritin özbaşına müalicəsi üz əzələlərinin heç vaxt bərpa edilə bilməməsinə gətirib çıxara bilər.

 

     Fizioterapiya

Fizioterapevtik müalicə yalnız xəstəliyin başlanğıcından 7-10 gün sonra tətbiq oluna bilər!

Fizioterapiyanın növü, göstəricilər, müalicə fəaliyyətinin mexanizmi.

  • Aşağı istilik intensivlikli Ultrayüksək Tezlikli Terapiya (UYTT).  Üz sinirinin iltihabında, iltihablı  ərazidə qan dövranının və limfanın xaric olunmasının pozulması  zamanı  yaxşı effekt verir. Yüksək tezlikli elektrik sahəsi toxumalar tərəfindən qismən udulur.  Yüklü hissəciklər hüceyrələrə nüfuz edir və  bu, metabolik proseslərdə dəyişikliklərə səbəb olur. Toxumalar isinir, qidalanması  yaxşılaşır və şişkinlik azalır. Leykositlərin (iltihaba qarşı mübarizə edən hüceyrələrin) sayı  artır. Prosedurun  müddəti  8-15 dəqiqədir;  5-15 seans aparılmalıdır, günaşırı və ya hər gün.
  • Sifətin bütövlükdə və ya zədələnmiş yarısının (UB) ultrabənövşəyi şüalanması (1-2 biodoza). Şüalanma kəskin və yarımkəskin dövrlərdə (prosesin başlanğıcının  5-7-ci  günü) tətbiq edilir. Periferik sinir iltihabı  və  şiddətli ağrı  ilə müşayiət olunan sinir sisteminin xəstəlikləri zamanı  yüksək effektivliyə malikdir. Ultrbənövşəyi  şüalar hormonların, müxtəlif immun hüceyrələrinin  və immunoqlobulinin istehsalını stimullaşdırır. Beləliklə, iltihab əleyhinə  və analjezik təsirə səbəb olur. Əvvəlcə təyin olunacaq biodoza müəyyənləşdirilir. Bu, dəridə aydın sərhədləri olan qızartının əmələ gəlməsi üçün lazım olan vaxtdır (1-5 dəqiqə). Sonrakı seans vaxtı  1-2 biodozaya bərabər olur.  Müalicə kursu 5-20 prosedurdur.
  • Sifətin  zədələnmiş tərəfinə desimetriya (DMB).  Sinir sisteminin kəskin və yarımkəskin   iltihabi  proseslərində yüksək tezlikli desimetrlik elektromaqnit dalğaları  toxumaların temperaturunun  3-4°  artmasına və maddələr mübadiləsinin fəallaşmasına səbəb olur. Nəticədə damarlar genişlənir, qan təzyiqi  yaxşılaşır və zədələnmiş sinirin funksiyaları bərpa olunur. Prosedurun  müddəti 5-15 dəqiqədir. Müalicə kursu 3-15 prosedur təyin edilir.
  • Dərman maddələrinin elektroforezi (Dibazol – 0,02%, Neostiqmin – 0,1%, Nivalin, Kalium, vitamin B1). Sinir liflərində iltihabi proseslər, maddələr mübadiləsinin pozulması, əzələ kütləsinin azalması (atrofiya) zamanı  yüksək effekt göstərir. Sabit, fasiləsiz, kiçik güclü və gərginlikli elektrik cərəyanı  iltihab əleyhinə, şişkinlik əleyhinə, analjezik, sakitləşdirici təsir göstərir. Cərəyanın köməyi  ilə dərman preparatlarını  dərinin altına yeritməyə  və iltihab nahiyəsində  yüksək konsentrasiyaya nail olmaq olar. Müalicə kursu  10-20 prosedur, bir prosedurun davametmə müddəti isə 10-30 dəqiqədir.
  • Diadinamoterapiya.  Əzələlərin iflici, kontrakturalar, üzün zədələnmiş yarısında ağrılar, sinir lifinin zədələnməsi  zamanı  tətbiq olunur. İmpulslu sabit  cərəyanlar dəridən əzələ liflərinə daxil olur və onların yığılmasına səbəb olur. Bu, əzələlərin uzunmüddətli fəaliyyətsizliyini  və zəifləməsini  nəzərə alınmaqla çox vacibdir. Onlar  sinir liflərinin bərpa proseslərinə kömək edir, mayeni  xaric edir, iltihabla  mübarizə edən fermentləri aktivləşdirir. Prosedur  müddəti  10-20  dəqiqədir. Müalicə kursu, hər gün və ya  günaşırı olmaqla, 10-30 prosedurdur.
  • Parafin və ya ozokerit applikasiyaları  nevritin yarımkəskin dövründə tətbiq edilir. Üz əzələlərinin iflicində yaxşı  effektə malikdir. Bu  metodda  3  təsir  mexanizm fəaliyyət göstərir: istilik, mexaniki (təzyiq) və kimyəvi (təbii qatranların absorbsiyası). Bunun sayəsində zədələnmiş sinir liflərinin bərpası  prosesinin sürətləndirilməsi  və iltihabın təsirindən xilas olması  mümkündür.  Prosedur müddəti  40  dəqiqəyə  qədərdir. Müalicə kursu  hər gün və ya günaşırı  olmaqla, 10-20 prosedurdur.

 

Üz sinirinin nevritinin müalicəsi zamanı, xüsusən də  fizioterapevtik prosedurları  icra  etdikdən sonra xəstə özünü mütləq soyuqdəymədən gözləməlidir. Soyuqdəymə  vəziyyətin pisləşməsinə səbəb ola bilər. Prosedurlardan sonra otaqdan 15-20 dəqiqə çıxmamaq məsləhətdir. Soyuq küləkli  havalarda başı  örtmək və sifətin zədəli  tərəfini  şarf ilə bürümək  məsləhətdir.

     Akupunkturun üz  sinirinin nevritinin müalicəsində tətbiqi

 

Akupunktura  və ya  refleksoterapiya  üz siniri  nevritinin  müalicənin ən  effektiv üsullarından biri hesab edilir. Akupunktur nöqtələrinə təsir aşağıda sadalananlara kömək edir:

  • sinirin  iltihabını  aradan qaldırmağa və  sinirin bərpasını  sürətləndirməyə;
  • ağrıları  aradan qaldırmağa;
  • mimiki  əzələlərin iflicindən daha sürətli  xilas olmağa;
  • göz  və dodaqların  məcburi səyrimələrini aradan qaldırmağa.

Akupunktur sifətin zədələnmiş tərəfində əzələ tonusunu bərpa etməyə, sağlam tərəfində  isə tonusu  aşağı salmağa kömək edir. Beləliklə, sifət ilk gündən daha simmetrik olur.

Ancaq unutmayın ki,  müvəffəqiyyətli  müalicənin əsası – təcrübəli  bir mütəxəssisdir. O, lazımi  üsulları  seçməli  və həssas nöqtələr tapmalıdır. Prosedur üçün birdəfəlik iynələr istifadə olunur ki,  bu da  infeksiya ehtimalını  istisna edir.

Effektiv müalicə üçün daxili  köklənməniz çox  vacibdir. Öz  hisslərinizə diqqət yetirin. Dərinin deşilməsi zamanı  bir az ağrı  hiss edəcəksiniz. Sonra  iynələr ətrafında  istilik və ya sərinlik, təzyiq  və  qıcıqlanma hissləri cəmləşəcək. Bu, iynələrin doğru  yerlərə  yerləşdirildiyini göstərir.

Xəstəliyin ilk  günlərində iynələr  yalnız sağlam tərəfə batırılır. 5-7-ci  gündən etibarən zədəli tərəfdə akupunktur edə bilərsiniz. Bir çox adam öz şəxsi  təcrübəsindən  əmin olmuşdur ki, akupunktur  müalicə müddətini  2 dəfə (2 həftəyədək) qısaltmağa  imkan verir.

 

     Masaj

Üz sinirinin nevritinnin müalicəsində masaj  xəstəliyin ilk əlamətlərinin təzahüründən  5-7 gün sonra  tətbiq  edilməlidir. Bunun təcrübəli bir mütəxəssisə  həvalə edilməsi  daha yaxşıdır, çünki bu xəstəliyinin müalicəsində masajın tətbiqinin bəzi  xüsusiyyətləri vardır.

 

  • Masajdan əvvəl boyun əzələlərini  yumşaltmaq lazımdır. Bunun üçün, baş irəli və geri  əyilir,  dönmə və fırlanma hərəkətləri icra edilir. Bütün məşqlər çox yavaş  tempdə, 10 dəfə həyata keçirilir. Çalışmaq lazımdır ki, başgicəllənmələri yaranmasın.
  • Masajı  boyundan  və boynun arxasından başlayın. Bununla, limfatik damarları hazırlayırlar, çünki  başın üz hissəsindən əlavə limfa axını  baş verir.
  • Başın həm xəstə, həm də sağlam tərəfi  masaj edilməlidir.
  • Sifətə, məməyəbənzər çıxıntıya  və boyuna xüsusi diqqət yetirilir. Yaxalıq zonasını  da masaj edin.
  • Üz  masajı  xüsusilə ilk günlərdə səthi olmalıdır. Əks halda ağrılı  əzələ yığılmaları meydana gələ bilər.
  • Sığallayıcı  hərəkətlərlə masaja  üstünlük verilir. Yüngül  vibrasiya hərəkətləri  də yaxşı effekt  verir.
  • Hərəkətlər  limfa drenajı  xətti boyunca  aparılır.
  • Masaj  zamanı  barmaqların  hərəkətlərinin istiqaməti  çənənin,  burnun  və alının ortasından  tüpürcək vəzilərinə  doğru yönəldilməlidir. Bu hərəkətlər çoxsaylı  şəkildə təkrarlanmalıdır.
  • Limfa  düyünlərinin yerləşdiyi  yerləri  masaj  etməyin. Bu, onların iltihabına səbəb ola bilər.
  • Bu məşqləri özünüz də icra edə bilərsiniz. Bir əlininizin  baş barmağını yanağın arxasına salıb əzələləri yüngülcə dartmaq lazımdır.  Digər əlin baş və şəhadət  barmaqları  ilə yanağın əzələlərini kənardan  masaj etmək lazımdır.
  • Üz  masajından sonra  magistral kanallara limfatik axını  gücləndirmək  üçün ənsə və boyun əzələlərini  yenidən masaj etmək lazımdır.
  • Masaj  seansı  boyun əzələlərinin möhkəmləndirilməsi  üçün  hərəkətlərlə başa çatır.

Masajın müddəti 10-15 dəqiqədir. Simptomlar  tamamilə yox olana qədər masaj aparılmalıdır. Ümumiyyətlə, masaj 10-20  seans keçirilir və gələcəkdə də eyni  üsulla özünümasaj  icra edə bilərsiniz.

     Üz sinirinin nevriti zamanı gimnastika hərəkətləri

Gimnastika hərəkətlərinə başlamazdan əvvəl,  boyun  və  çiyin qurşağı  əzələlərini  rahatlamaq  üçün bir neçə məşq edin. Sonra  güzgü  qarşısında oturun və  üzün  hər  iki  tərəfinin  əzələlərini  rahatlayın. Hər bir  hərəkəti   5-6 dəfə yerinə yetirin.

  1. Qaşlarınızı  təəccüblə çatın.
  2. Qaşlarınızı  qəzəblə çatın.
  3. Aşağı  baxın və gözlərinizi  bağlayın. Əgər alinmırsa, göz qapağını  barmağınızla endirin.
  4. Gözlərinizi qıyın.
  5. Gözlərinizlə dairəvi hərəkətlər edin.
  6. Dişləri göstərmədən gülümsəyin.
  7. Üst  dodağınızı  qaldırın və  dişlərinizi  göstərin.
  8. Alt  dodağınızı  endirin  və dişlərinizi göstərin.
  9. Açıq ağızla gülümsəyin.
  10.  Başınızı  aşağı  endirin və  fınxırın.
  11.  Burnunuzu  şişirdin.
  12.  Yanaqlarınıızı  şişirdin.
  13.  Havanı  bir yanağınızdan  digərinə  ötürün.
  14.  Xəyali  bir şamı  üfürün.
  15.  Fit çalmağa çalışın.
  16.  Yanaqlarınızı  içəri  çəkin.
  17.  Dodaqlarınızı  boru şəklinə salın.
  18.  Dodaqlar bağlı  vəziyyətdə ağız bucaqlarını  endirin.
  19.  Üst dodağınızı  alt dodağınızın üstünə endirin.
  20.  Dilinizi  açıq və qapalı  ağız  vəziyyətində  sağa – sola hərəkət etdirin.

Əgər yoruldunuzsa, bir qədər istirahət edin və üz əzələlərinizi sığallayın. İdman  prosedurunun  müddəti 20-30 dəqiqədir. Hərəkətləri   gündə 2-3 dəfə təkrarlamaq lazımdır – bu, bərpa üçün mütləq vacibdir.

Gimnastikadan sonra, bir yaylıq götürün, onu diaqonal  üzrə qatlayın və  uclarını  təpənin üzərində bağlamaqla üzü  fiksə edin. Bundan sonra  xəstə tərəfdən üz əzələlərini yuxarı, sağlam tərəfdən isə aşağı çəkin.

 

     Üz sinirinin nevritinin müalicəsində  xalq təbabəti

Üz siniri nevritinin müalicəsində  xalq təbabəti  həkim tərəfindən təyin olunan müalicəni müvəffəqiyyətlə tamamlayır və sinirin bərpasını  sürətləndirir. Aşağıda ən effektiv  xalq təbabəti reseptlərindən bir neçəsini təqdim edilir.

  1. Duz və ya qumla isitmə. Bir stəkan duzu və ya saf qumu tavada və ya  mikrodalğalı  sobada isitməli. İsidilmiş qumu qalın  parçadan  toxunmuş bir çantaya doldurmalı. 1 ay ərzində, yatmazdan  əvvəl yarım saat müddətində zədələnmiş nahiyəyə söykəyin. Siz  xəstəliyin başlanmasından 1 həftə sonra bu prosedura  başlaya bilərsiniz. İsti  əzələlərin vəziyyətini yaxşılaşdırır və zədələnmiş sinirin  bərpasını  sürətləndirir.
  2. Ovuşdurma üçün 10%-li Mumiye məhlulu.  Hazır məhlulu aptekdən satın almaq olar. Məhlulun  kiçik bir hissəsi pambıq bezinə çəkilir və  sifət 5 dəqiqə ərzində  mərkəzdən qulağa doğru olmaqla masaj edilir. Sonra bir stəkan  isti süddə həll edilən 0,2 qram Mumiye  ilə  bir çay qaşığı  bal içmək lazımdır. Müalicə kursu 2  həftədir. Mumiye  periferik sinirlərin müalicəsi  üçün ən təsirli vasitələrdən biridir. Bu preparat  immun  sistemini gücləndirir və müalicə  prosesini sürətləndirir.
  3. Ovuşdurma üçün ağ akasiyanın dəmləməsi. 4 qaşıq akasiya çiçəklərinə bir  stəkan araq əlavə edin  və 1 həftə müddətində bir şüşə qabda  saxlayın. 1 ay ərzində gündə 2 dəfə ovuşdurma  üçün  dəmləmədən istifadə etmək lazımdır.
  4. Çay və kompres üçün çobanyastığı. Bir fincan qaynar su içində 3 ədəd çobanyastığı  paketi dəmləyin. 15 dəqiqə saxlayın. Çayı  için, paketlərdən isə kompres üçün  istifadə edin. Onları üzünüzə  qoyun, üstünü  isə selofan və yunlu  parça ilə  örtün. Çobanyastığı  iltihabı  aradan qaldırmağa kömək edir, spazmı  və şişkinliyi azaldır. Müalicə müddəti  ərzində  gündə 1 dəfə istifadə etmək məsləhətdir.
  5. Qara qovağın qönçələrindən hazırlanmış məlhəm. 2 qaşıq qovaq  qönçələrini (təzə və ya qurudulmuş) döğrayın  və 2 qaşıq kərə yağı  ilə qarışdırın. İsidildikdən  sonra gündə bir dəfə məlhəmi dəri  üzərinə  çəkin və yumşaq bir şəkildə ovuşdurun. Müalicə kursu  2 həftədir. Qovaq qönçələrinin tərkibində olan efir yağları  və qətranlar güclü  iltihab əleyhinə və analgezik təsirə malikdir və artıq  müalicənin 5-7-ci  günündən etibarən müsbət effekt  göstərməyə başlayır.
  6. Qızılgül ləçəklərindən çay.  Bir qaşıq təzə dərilmiş  qızılgül  ləçəklərinin üzərinə  1 stəkan qaynar  su əlavə edilir. 10  dəqiqə  ərzində dəmləyin. 20-30  gün ərzində, gündə 3 dəfə 200 ml qəbul edin. Efir  yağları  və mikroelementlər sinir sisteminin işini  gücləndirir və sinir liflərindəki impulsların keçiriciliyini yaxşılaşdırır.

 

     Cərrahi müalicə

8-10  ay  içərisində dərman vasitələrinin köməyi  ilə inkişafa nail olmaq mümkün olmadıqda, cərrahi  əməliyyat  təyin olunur. Üz siniri nevritinin cərrahi  müalicəsi yalnız xəstəliyin ilk ilində təsirlidir. Sonra  əzələlərin bərpaolunmaz  dəyişiklikləri başlayır.

Cərrahi  əməliyyat, daha çox  üz sinirinin Fallop kanalında sıxılması səbəbindən işemik nevritin yaranması  zamanı  lazım olur. Bu, orta qulaqın  uzun  sürən  iltihabı  və ya  kəllə sümüklərinin sınması  nəticəsində baş verir. Sinir travma nəticəsində qırılarsa, üz sinirinin travmatik nevriti üçün də cərrahiyyə  əməliyyat  lazımdır.

Əməliyyat üçün  göstəriş:

  • travmatik nevrit nəticəsində sinirin yaralanması;
  • konservativ müalicənin 8-12 ay ərzində təsirinin оlmaması;
  • instrumental tədqiqatların sinirin degenerasiyasını göstərməsi.

Üz sinirinin nevriti  uzunmüddətli  müalicə tələb edir, belə ki, ilk nəticələri  yalnız  10 gündən sonra görmək olar. Müalicə həkiminin  bütün təyinatlarına dəqiq riayət  olunarsa, əksər hallarda müsbət effekt  3-4  həftə ərzində reallaşır.

 

     Üz siniri nevritinin nəticələri

Nevritdən sonra sinir hüceyrələri çox yavaş  bərpa olunur; onlar stress, hipotermiya və toksinlərə son dərəcə həssas olur. Bu, müalicə prosesini çətinləşdirir. Bundan əlavə, bəzi insanlar bir neçə gün ərzində ruhdan düşürlər, çünki  onlar ilk günlər  nəzərəçarpacaq dərəcədə yaxşılaşma görmürlər. Nəticədə onlar həkimin təlimatlarına tam riayət etmir, masajı  vaxtında aparmır, təyin olunmuş dərmanların hamısını  qəbul etmirlər. Xəstələrin bu addımı  aşağıda sadalanan ciddi ağırlaşmalara səbəb ola bilər:

  1. Əzələlərin atrofiyası – əzələlərin həcminin azalması  və zəifləməsi. Bunun səbəbi, əzələlərin uzun  müddət aktiv  olmamaları  və onların trofikasının pozulmasıdır. Atrofiya dönməz bir prosesdir. Bu, xəstəliyin başlanğıcından 1 il sonra inkişaf edir. Əzələ  atrofiyasının qarşısını almaq  üçün gündəlik məşqlər aparmaq, sifəti  masaj etmək və uşaq kremi  və pixt (fır) yağı ilə üzü  ovuşdurmaq (1 çay qaşığı  krem ​​üçün 10 damla yağ) lazımdır.
  2. Üz əzələlərinin kontrakturası – zədələnmiş tərəfin əzələlərinin büzülməsi, onların elastikliyinin itirilməsi. Əzələlər toxunma zamanı  ağrılı  olur və zəif  pulsasiya edir. Sağalma  4 həftə ərzində baş vermədiyi  təqdirdə bu vəziyyət inkişaf edir. Bu vəziyyətdə, əzələlərin spazmı inkişaf edir, onlar  qısalır və sifətin xəstə tərəfi  dartılır: göz  yarığı  daralır, nazolabial qat aydın görünür. Bu ağırlaşmanın qarşısını isitmə yolu ilə (duz, ozokerit), leykoplastr yapışdırmaq və masajla  almaq olar.
  3. Üz əzələlərinin qeyri-iradi səyriməsi –   fasial  hemispazm, blefarospazm. Gözün dairəvi əzələlərinin və ya digər üz əzələlərinin insan tərəfindən  idarə olunmayan ritmik yığılmaları. Bunun səbəbi, üz sinirinin beyin əsasında pulsasiya edən qan damarları  tərəfindən sıxılmasıdır. Nəticədə, sinir boyunca  biocərəyanların keçiriciliyi pozulur  və nəzarətsiz əzələ yığılmaları  baş verir. Düzgün seçilmiş dərman preparatlarının tətbiqi hemispazmın inkişafının qarşısını  almağa kömək edir.
  4. Üzün sinkineziyası. Bu ağırlaşmaya sinir şaxəsində elektrik impulslarının izolyasiyasının pozulması səbəb olur. Nəticədə  “qısa qapanma”  meydana  gəlir və  sinir impulsları  bir nahiyədən  düzgün  inkişaf etməmiş  sinir lifləri  ilə başqa nahiyələrə  yayılır. Məsələn, çeynəmək zamanı  göz yaşı  vəzisi  qıcıqlanır və “timsah göz yaşları” görünür  və ya göz yumulduqda ağız küncü  qalxır. Bu ağırlaşmanın qarşısını  almaq üçün hər gün  özünümasaj  və gimnastika etmək lazımdır.
  5. Konyunktivit və ya keratit. Göz qapaqlarının daxili qişaları və  buynuz qişa  iltihaba uğrayır, çünki  xəstə gözünü  bağlaya bilmir. Bu vəziyyətdə göz alması  göz yaşı  ilə islanmır, quruyur, onun üzərinə  iltihaba səbəb olan toz hissəcikləri  yığılır. Bunun qarşısını  almaq üçün  xəstəlik dövründə  Sistein, Oksial  damlaları  tətbiq edilir. Gecə yatarkən, gözləri  Parin nəmləndirici məlhəmi  yaxılmış bir bandaj  ilə bağlamaq məsləhətdir.

 

     Profilaktika

Üz sinirinin nevriti  üzün eyni  tərəfində təkrarən baş verə bilər. Bu halda  xəstəliyin residivindən danışmaq lazımdır. Bu halda daha uzunmüddətli  müalicə tələb olunur və sinirin bərpa şansı daha azdır. Ancaq  önləyici  tədbirlərə əməl etməklə, residivin qarşısını  almaq olar.

Soyuqdəymədən özünüzü gözləyin.  Alimlər bunun əsas risk faktoru olduğunu sübut ediblər. Hətta kiçik yelçəkənlər də təhlükəlidir. Buna görə də, nəqliyyatda açıq pəncərənin qarşısında oturmayın,  kondisionerin  altında çox  qalmaqdan çəkinin, başınızı  yuyub  küçəyə çıxmayın və soyuq mövsümdə mütləq başınızı  örtün.

Vaxtında  virus xəstəliklərini  müalicə edin.  Əgər xəstə olduğunuzdan şübhələnirsinizsə, dərhal antiviral preparatlar : Qroprinozin, Aflubin, Arbidol qəbul edin. Burun damlalarından immunoqlobulinli  Viferon  da qəbul etmək olar. Bu, sinir hüceyrələrində virusun təkrar çoxalmasının qarşısını  almağa kömək edəcək.

Stresslərdən qaçın.  Güclü stress immunitetin qorunmasını zəiflədir və sinir sisteminin fəaliyyətini pozur. Buna görə, autotreniq, meditasiya vasitəsilə sinir gərginliyini  aradan qaldırmağı  öyrənmək lazımdır. Qlisised, yemişan və pişikotu ekstraktlarından istifadə edə bilərsiniz.

Kurortlara  gedin.  Müalicənin nəticəsini  gücləndirmək üçün kurorta getmək məsləhətdir. Quru isti  iqlim kurortları: Kislovodsk, Yessentuki, Pyatiqorsk, Zeleznovodsk bu  məqsəd üçün ideal şəkildə uyğun gəlir.

Sağlam qidalanın.  Sizin qidalanmağınız tamdəyərli  olmalıdır. Əsas məqsəd immuniteti gücləndirməkdir. Bunu etmək üçün kifayət qədər miqdarda protein məhsulları (ət, balıq, pendir, yumurta), həmçinin təzə tərəvəz və meyvələr istehlak etməliyik.

Çoxlu  vitaminlər qəbul edin.  Lazımı  miqdarda vitaminlər, xüsusilə B qrupu vitaminlərini istehlak etmək çox vacibdir. Onlar sinir hüceyrələri  vasitəsilə impulsların ötürülməsində iştirak edir və onların  membranlarının tərkibinə daxildir.

Bədəninizi  möhkəmləndirin.  Pilləli möhkəmlənmə  immun sistemini gücləndirir və hipotermiyaya davamlılıq yaradır. Günəş  vannalarının qəbulundan başlayın və ya sadəcə olaraq, qündə qaralın. Kontrastlı  duş qəbul edin: ilk həftə, soyuq və  isti su arasında temperatur fərqi  yalnız 3° olmalıdır. Hər həftə suyu daha soyuq edin.

Özünümasaj.  Bir il müddətində sifətinizi  gündə 2 dəfə masaj xətti  boyunca  10 dəqiqə masaj edin. Bir ovcunuzuzu  sağlam tərəfə, digərini isə xəstə tərəfə qoyun. Sağlam tərəfin əzələlərini aşağı  endirin, xəstə tərəfin əzələlərini  isə yuxarı  qaldırın. Bu, keçirilmiş nevritin qalıq əlamətlərindən xilas olmağa  və residivdən qaçmağa kömək  edəcəkdir.

Bütün bu tədbirlərin həyata keçirilməsi  üz sinirinin nevritinin yaranmasının və inkişafının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

 

Digər məqaləmizə keçid:

https://nevropatologiya.az/2021/08/17/bas-beynin-sisl%c9%99ri/

 

 

 

 

 

 

 

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 26.11.2018-ci ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq