Nevroloji xəstələrin diaqnostikasında MRT müayinəsinin tətbiqi

Maqnit rezonans tomoqrafiyası (MRT) nüvə maqnit rezonansı  hadisəsindən istifadə etməklə, daxili orqan və toxumaların müayinəsi  üçün tomoqrafik tibbi təsvirlərin əldə  edilməsi üsuludur. Metod, atom nüvələrinin elektromaqnit reaksiyasını ölçmək (əsasən, hidrogen atomlarının nüvələrini), daha  dəqiq desək, onların  yüksək  intensivlikli sabit maqnit sahəsində müəyyən  bir nisbətdə elektromaqnit dalğaları  ilə oyandırılmasına əsaslanır.

Maqnit rezonans tomoqrafiyasının iş prinsipi,  1946-cı  ildə  F. Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı  hadisəsinə əsaslanır. Həmin vaxtdan bu sahədə bir çox alimlər tədqiqat  işləri aparmışlar. MRT müayinə metodunun yaranmasında əsas  pay  sahibləri    Pol  Lotebur  və  Peter Mansfield hesab edilirlər ki,  bu  xidmətlərini nəzərə alaraq, 2003-cü  ildə onların  hər  ikisi  MRT metodu ilə bağlı  kəşflərinə  görə  fiziologiya və  tibb sahəsində  Nobel mükafatına  layiq görülmüşlər.

Maqnit  rezonans  tomoqrafiysı  baş beyni, onurğa  beyni  və digər daxili orqanların yüksək keyfiyyətli görüntülənməsinə imkan verir. Müasir  MRT texnologiyaları, orqanların işini qeyri-invaziv  şəkildə  tədqiq etməyi  mümkün  edir – qan axınının və  serebrospinal mayenin axın sürətini  ölçür, toxumalarda diffuziya səviyyəsini  müəyyən  edir, beyin qabığının aktivliyini, onun  konkret  sahəsinin cavabdeh olduğu orqanların  işləməsi zamanı  müşahidə edir (funksional maqnit  rezonans tomoqrafiyası – fMRT).

 

MRT-nin tətbiqi

Bəzi  elmi ədəbiyyatın məlumatlarına görə,  MRT-nin diaqnostik dəqiqliyi  91-99%,  həssaslığı  isə  97% -ə qədər ola bilər.

Tibbi  görüntülənmənin  əsas  vəzifələri,  bir qayda olaraq aşağıdakılardır:

  • orqanlardakı toxumaların, orqanların  özlərinin  və  onların sistemlərinin məkanda yerləşməsinin, forma  və quruluşunun qiymətləndirilməsi;
  • müxtəlif təbiətli  patoloji  dəyişikliklərin və  onların diferensial diaqnostikasının aparılması;
  • müalicənin, o cümlədən cərrahi əməliyyatın planlaşdırılmasında istifadə edilə biləcək diaqnostik məlumatın əldə edilmə

Şəkil 1. Sol orta beyin arteriyası  hövzəsində işemik insultun MRT  görüntüsü. Kəskin mərhələ.

 

Şüa diaqnostikasının bir metodu olaraq,  MRT  bir sıra  üstünlüklərə malikdir ki, bu da onu digər müayinə metodlarından əhəmiyyətli  dərəcədə  fərqləndirir. Onları  daha  ətraflı nəzərdən  keçirək:

MRT-nin üstün cəhətləri:

  1. MRT-nin tətbiqi zamanı,  müayinə  olunan obyektin üzərinə  ionlaşdırıcı  şüalanma və radiasiya yükü düşmür ki,  bu da göstəricilərin və  gözlənilən diaqnostik effektin tələb etdiyi qədər  lazım olan  vaxt müddəti  ərzində  müayinənin aparılmasına imkan verir. Bu zaman digər müayinə metodlarında, məsələn,  kompüter tomoqrafiyasında da istifadə edilən rentgen şüalarının tətbiqi ilə  əlaqədar  mümkün olan kanserogen və mutagen effektlər qeyd olunmur.
  2. Yüksək dəqiqliyi olan təsvirlər. Bu  xüsusiyyət,  kiçik  ölçülü  patologiyaların diaqnostikasının əsas  amillərindən  biri  olub, hətta çox kiçik  anatomik strukturları  bir-birindən və  patogen strukturlardan, orqan və toxumalardan etibarlı  şəkildə fərqləndirməyə  imkan verir.
  3. Müxtəlif növ  tomoqrafiya  müayinələrini  həyata keçirərkən,  ən  vacib parametrlərdən biri,  toxuma  kontrastı, yəni  fərqli  siqnal xüsusiyyətləri  olan  toxumalarda diaqnostik cəhətdən əhəmiyyətli  vizual  fərqlə  Bu, quruluşca  bir-birindən fərqlənən  toxumaların və  orqanların  strukturunda olan fərqləri  görməyə  və  onların  içərisində aşkar edilən  patoloji  dəyişikliklərin birmənalı  şəkildə  şərh edilməsinə imkan verir. MRT-də  əldə  edilən toxuma kontrastı, hazırda  şüalanma effektinə  əsaslanan tibbi  görüntüləmə  metodları  arasında ən yüksəyidir.
  4. MRT metodu  3-proyeksiyalıdır, yəni  müayinəni  3 proyeksiyada  həyata  keçirməyə, eləcə də  qarşıya  qoyulan  məqsədlərdən  və  tədqiqat  metodundan asılı  olaraq, kəsikləri  praktiki  olaraq  istənilən  çəp  proyeksiyada  istiqamətləndirməyə  imkan  verir  ki,  bu da  məsələn,  rentgen  şüalı  kompüter tomoqrafiyası  müayinəsində mümkün
  5. Rentgenoqrafiya və kompüter tomoqrafiyası  kimi şüa diaqnostikası  üsulları, tez-tez əlavə  məlumat  əldə  etmək  məqsədilə  kontrast  maddələrdən  istifadə Bu maddələr,  vacib  diaqnostik əhəmiyyətə  malik olmalarına  baxmayaraq,  bəzi  orqanlara  toksiki  təsirə  malik ola,  həmçinin  müxtəlif  dərəcəli  allergik  reaksiyalara (Kvinke  ödemi  və  anafilaktik şoka qədər) gətirib çıxara bilər.  MRT-də  istifadə edilən kontrast  maddələr  sito-,  hepato-  və  nefrotoksik təsirlərə  malik deyil  və  allergik reaksiyalara  səbəb  olmur  ki,  bu  da  rentgenoloji  müayinələrdə  istifadə edilən kontrast  maddələrə  nisbətən  böyük  üstünlük təşkil edir.
  6. Həmçinin, maqnit  rezonans  tomoqrafiyasının daha bir  üstünlüyü,  kompüter tomoqrafiyası  müayinəsi  nəticəsində  əldə  edilən  təsvirlərin  izahını  çətinləşdirən  sümük strukturlarından alınan artefaktların (maneələrin) olmamasıdır.

 

İstənilən diaqnostik metod kimi,  MRT-nin də öz  çatışmazlıqları  mövcuddur:

  1. MRT müayinəsi  müddəti  ərzində  tərpənməz  vəziyyətdə  qalmaq tələbi (çox  vaxt uzun  müddət).  Bu şərt, şiddətli  ağrı  sindromu  və  ya  huşsuz  vəziyyətdə  olan xəstələr  üçün  həmişə  real
  2. Ürək əzələsinin  süni  kardiostimulyatoru,  koxlear implantları, onurğa beyninin implantasiya olunmuş  stimulyatorları, oynaqları  protezləşdirilmiş (xüsusilə bud-çanaq oynağı),  insulin  nasosları  yeridilmiş  xəstələrə  MR  diaqnostikasının aparılmasının mümkün  olmaması.
  3. MRT həmçinin,  orqanizmində  metal qəlpələri, stentlər, damarlarında  klipslər, təsbitedici  skobkalar,  lövhəciklər, mil,  ferromaqnit  materiallardan  boltları  olan xəstələrdə  də  əks-göstərişdir.
  4. Nisbi əks-göstərişlərə  klaustrofobiya,  hamiləliyin  1-ci  və  3-cü  trimestri,  panik hallar, funksional  ruhi pozuntular  aid  edilə bilə
  5. Həmçinin, müayinənin qiymətinin nisbətən  yüksək olması  da müəyyən dərəcədə onun  çatışmayan cəhəti  kimi nəzərdən keçirilə bilə

 

     Əks-göstərişlər

MRT  müayinəsinin keçirilməsinə  həm nisbi (müəyyən  şərtlərlə  mümkün olan),  həm də mütləq (olduğu  halda,  tədqiqatın aparılması  mümkün olmayan) əks-göstərişlər  mövcuddur.

     Mütləq əks-göstərişlər

  • kardiostimulyatorun quraşdırılması (maqnit sahəsindəki dəyişikliklər,  ürək  ritmini imitasiya edə  bilər);
  • orta qulağın  ferromaqnit  və  ya  elektron  implantları;
  • böyük metal  implantları,  ferromaqnit  qəlpələri;
  • ferromaqnit İlizarov  aparatı.

 

Nisbi əks-göstərişlər

  • insulin nasosları;
  • sinir stimulyatorları;
  • daxili qulağın qeyri-ferromaqnit  implantları;
  • ürək klapanlarının protezləri;
  • hemostatik klipslər (beyin damarlarından başqa);
  • dekompensasiya olunmuş ürək  çatışmazlığı;
  • hamiləliyin ilk  trimestri (hazırda  maqnit  sahəsinin  teratogen  təsirinin  olmaması barədə  kifayət  qədər  sübut  yoxdur,  lakin  metod  rentgen  və  kompüter tomoqrafiyasına  nisbətən  üstünlük  təşkil edir);
  • klaustrofobiya (aparatın tunelində  panik  hücumların  baş  verməsi,  müayinənin aparılmasına  imkan  verməyə  bilər);
  • fizioloji monitorinqə  ehtiyacın olması;
  • xəstənin adekvat  olmaması;
  • xəstənin ağır / olduqca ağır  vəziyyətdə  olması;
  • metal birləşmələri  olan  boyaların  vasitəsilə  aparılmış tatuajların olması (yanıqlar yarana  bilər);
  • protezlər və  breket-sistemlər (sahənin  heterogen  artefaktlarının  yaranması mümkündür).

Protezləşdirmədə  geniş  istifadə  edilən  titan, ferromaqnit  deyil  və  MRT  üçün  praktiki olaraq  təhlükəsizdir;  titanın  birləşmələrinə  əsaslanan  boyalarla  hazırlanmış tatuajların  olması  istisnadır (məsələn,  titan-dioksid əsasında).

MRT  üçün  əlavə  bir  əks-göstəriş,  koxlear  implantların – daxili  qulaq  protezlərinin mövcudluğudur.  Ferromaqnit  materialları  olan  koxlear  implantlarda  metal  hissələr  olduğu üçün,  MRT  müayinəsi  bəzi  daxili  qulaq  protezlərinin  mövcudluğu  zaman  əks-göstərişdir.

 

MRT  müayinəsi  kontrast  maddənin  köməyilə  həyata  keçirildikdə, aşağıdakı  əks-göstərişlər  əlavə edilir:

  • hemolitik anemiya;
  • kontrast maddənin  tərkibinə  daxil  olan  komponentlərə  qarşı  fərdi  dozümsüzlük;
  • xroniki böyrək  çatışmazlığı, çünki  bu  vəziyyətdə  kontrast  maddə  orqanizmdə ləngiyə  bilər;
  • istənilən dövrdəki  hamiləlik,  çünki  kontrast  maddə  plasentar  səddən  keçir, onun  dölə  təsiri  isə  hələ  də  tam şəkildə  tədqiq  olunmamışdır.

 

Təbabətdə  MRT-nin tətbiq sahələri  çox  genişdir. Əslində, bu  üsulun tətbiq olunmadığı  təbabətin hansısa bir bölməsini tapmaq çox çətindir. MRT  həmçinin, nevrologiyada da geniş surətdə  tətbiq olunur – baş və onurğa beyinlərinin  xoş  və  bəd  xassəli şişlərlə zədələnməsinin,  baş  beyinə  metastazların, həmçinin insultların, hemorragiyaların, abseslərin, mərkəzi  sinir sisteminin autoimmun  və  infeksion  xarakterli  iltihabi  xəstəliklərinin, anadangəlmə  inkişaf  qüsurlarının aşkar edilməsi  və  müəyyən  olunmuş  patoloji  halların diferensial  diaqnostikasının aparılması. MRT  vasitəsilə,  görüntülənmə  üçün  əlçatan  olan  iri  kəllə-beyin sinirlərini  və  onurğa  beyni  sinirlərinin kökcüklərini (məsələn, fəqərəarası  disk  yırtığı  ilə sıxılmış olduqda) qiymətləndirmək  mümkündür.  Funksional  MRT,  müxtəlif  fizioloji funksiyalara,  düşüncə  proseslərinə,  həmçinin  emosiyalara  məsul  olan  beyin  şöbələrinin fəallığını  görməyə  imkan verir.

MRT-angioqrafiya – damarların  kobud  patologiyalarını – anevrizmalar, stenozlar, okklüziyalar və  inkişaf  qüsurları (damar malformasiyaları  və  digər  patologiyalar)  kimi  halları  müəyyən etmək  üçün  istifadə olunur.

MRT,  onurğa  sütununun  və  oynaqların  tədqiq  olunmasında müvəffəqiyyətlə  istifadə edilir. Onun köməyilə  iltihabi  və  degenerativ  dəyişikliklər, bağ  aparatının, oynaqların qığırdaqlarının  metastatik  və  travmatik  zədələnmələri,  fəqərəarası  disk  yırtığı, eləcə  də sümük  iliyinin  siqnal  xüsusiyyətlərinin müxtəlif mənşəli (infarkt,  ödem, şişlər, iltihab, infiltrasiya, nekroz,  piyli degenerasiya və s.) dəyişiklikləri  çox  aydın şəkildə diferensiasiya edilir.

Sümük  toxumasının tədqiqində  MRT  müayinəsi,  müəyyən  məhdudiyyətlərlə  üzləşir, çünki o, tərkibində  son  dərəcə  az  miqdarda  protonun  olması  səbəbindən,  təsvirlərdə  zəif siqnala  malik olur  və  nəticədə  demək  olar ki,  qiymətləndirilə  bilmir. Bu  vəziyyətdə rentgenoqrafiya  və  kompüter tomoqrafiyası  metodlarının  MRT –yə  nisbətən üstünlüyü vardır.

Ümumiləşdirərək, deyə  bilərik  ki, əksər  hallarda maqnit rezonans diaqnostika üsulu, özünün  qeyri-invazivliyi, sadəliyi, informativliyi, təhlükəsizliyi  və  təbabətin  müxtəlif sahələrində  geniş tətbiq olunması  səbəbindən, bir çox diaqnostik üsullar arasında  daha  böyük  üstünlüyə malikdir.

Xüsusi,  əlavə  riyazi emal olunmasını  tələb edilən  MR  müayinə  metodlarına  aid edilir:

  • mielo- və sisternoqrafiya;
  • MR-likvoroqrafiya – likvor axınının, ürək  dövriliyinə  bağlı  olan dinamiki tədqiqatı;
  • həcmli MRT – üçölçülü  modellərin qurulması;
  • MR – angioqrafiya – damar sistemini görüntüləməyə  imkan  verən  qeyri-invaziv müayinə;
  • perfuzion MRT – perfuzion xəritələrin yaradılması;
  • funksional MRT – beynin neyronal  fəallığının  xəritələrinin  yaradılması;
  • MR – spektroskopiya – baş  beynin  bir  və  ya  bir  neçə  sahəsində metabolitlərin (makromolekulların) müəyyən edilməsi;
  • diffuzion MRT – diffuzion  xəritələrin yaradılması.

 

Maqnit  rezonans angioqrafiya – damarlı  strukturlarının görüntülənməsi  metodudur. Spiral  KT-dən,  adi  və  rəqəmsal  angioqrafiyadan  və  MR-nin digər  radioloji  üsullarından fərqli  olaraq,  MR- arterioqrafiya,  kontrast  maddədən  istifadə  etmədən  qan  damarlarının görüntülənməsinə  imkan  verir.  Maqnit  rezonans  angioqrafiya (MRA),  maqnit  rezonans tomoqrafından  istifadə  etməklə,  damarların  en  kəsiyinin  əldə  edilməsi  metodudur.  Metod qan  axınının  həm  anatomik, həm  funksional  xüsusiyyətlərini  qiymətləndirməyə  imkan verir.  MRA – kontrast  maddədən  istifadə etmədən,  damar  təsvirlərini  əldə  etməyə  imkan verən,  ətrafdakı  hərəkətsiz  toxumalardan  hərəkət  edən  protonların (qan) siqnalının fərqinə əsaslanır. Daha  aydın  bir  şəkil  əldə  etmək  üçün  paramaqnetik əsaslı  xüsusi kontrast  maddələrdən (qadolinium)  istifadə  olunur.  Müayinə  zamanı  paramaqnetik  kontrast  maddədən istifadə  edildikdə, əlavə  olaraq  baş  beynin  venoz  strukturlarını  da  görüntüləmək mümkün  olur.

Bu metod,  daha  geniş  şəkildə  işemik  beyin  zədələnməsinin  diaqnostikasında  istifadə edilir.  Məlum  olmuşdur  ki,  bu  üsulla  əldə  olunan  təsvirlər,  baş  beynin  insultunun  ultra-kəskin  mərhələsində (6 saata qədər)  toxumanın  zədələnmə  ocağını  müəyyən  etməyə imkan  verən  yeganə  vasitədir. Bu  müddət  ərzində,  işemik  ödemin təsirindən  zədələnmiş toxumaların  bərpası   üçün  terapevtik  bir  pəncərə  mövcud  olur.

Perfuzion  MRT.  Serebral  perfuziyanın  MRT  təyin  edilməsi  üsulları,  MR – angioqrafiyada venoz  və  arterial  qan  axınının  öyrənilməsi  üsullarından  tamamilə  fərqlənir.  Perfuzion  MRT orqan  və  ya  toxumaların  həcminin  hər  bir  elementini təmin edən qanın  hərəkətini nəzərdən  keçirir  və  miqdarını  qiymətləndirir.  Bu  metod  serebral  qan  axınının  həcminin, yerli  serebral  qan  axınının  və  kapillyarlardan  qanın  orta  keçid  dövrünün  xəritəsini tərtib  etməyə  imkan  verir.  Perfuzion  MR  müayinəsi,  təxminən 5  dəqiqə  davam  edir və  baş  beynin şişlərinin diaqnostikasında və  serebrovaskulyar  xəstəliklərdə,  xüsusən  beynin  bu  və  ya  digər  nahiyəsində  beyin  qan  dövranı  barədə  məlumatlar  tələb olunduqda  tətbiq  edilir.

Perfuzion MRT – orqanizmin  toxumalarında qanın  keçidini  qiymətləndirmək  üsuludur. Qan  axınının  sürəti  və  həcmini, qan damarlarının divarlarının  keçiriciliyini,  venoz  axınının aktivliyini  və  sağlam  və  patoloji  dəyişilmiş toxumaları  fərqləndirən  digər  parametrləri göstərən  spesifik xüsusiyyətlər  vardır.  Onların  köməyilə  beyin  toxumalarından, qaraciyər toxumalarından və  s.  qanın  keçməsini  tədqiq  etmək  olur.  Bu  metod,  beyin  və  digər orqanların  işemiya  dərəcəsini  müəyyən  etməyə  imkan  verir.

Funksional MRT.  Funksional  MRT (fMRT),  hər  bir  xəstə  üçün  ayrı-ayrılıqda  hərəkət,  nitq,  görmə,  yaddaş  və  digər  funksiyalara  məsul  olan  beyin  nahiyələrinin  fərdi  yerini  və xüsusiyyətlərini  müəyyən  etməyə  imkan  verən  baş  beynin  qabığını  xəritələşdirmək  üçün bir  üsuldur.  Metodun  mahiyyəti  ondan  ibarətdir  ki,  beynin  müəyyən  nahiyələri  işləyərkən,  onlara  gələn  qanın  axını  güclənir.  fMRT-nin  keçirilmə  prosesində,  xəstəyə müəyyən  vəzifələri  yerinə  yetirmək  təklif  edilir, artmış  qan  axını  olan  beyin  sahələri qeydə  alınır  və  onların  təsviri  beynin  normal  MRT  şəkli  üzərinə  əlavə  edilir.

 

MR spektroskopiya.  Maqnit  rezonans spektroskopiyası (MRS) – müəyyən  metabolitlərin konsentrasiyasına əsasən,  müxtəlif  xəstəliklər zamanı  toxumalarda olan biokimyəvi dəyişiklikləri  müəyyən  etməyə  imkan  verən  bir  metoddur. MR  spektrləri  mübadilə proseslərini  xarakterizə  edən  toxumanın müəyyən  bir  hissəsində  bioloji  aktiv  maddələrin nisbi  tərkibini  əks  etdirir. Mübadilə  pozuntuları, bir qayda olaraq,  xəstəliyin kliniki təzahürlərindən  əvvəl  yaranır,  bu  səbəbdən  MR-spektroskopik  məlumatlara  əsaslanaraq, xəstəliklərə  daha  erkən  inkişaf  mərhələlərində  diaqnoz  qoymaq  olar.

MR spektroskopiyasının növləri:

  • daxili orqanların MR spektroskopiyası (in vivo);
  • bioloji mayelərin MR spektroskopiyası (in vitro).

 

Diffuzion-ölçülmüş tomoqrafiya –  radiotezlikli  protonların  hərəkət  sürətini  qeyd  etməyə əsaslanan bir maqnit-rezonans  görüntüləmə  metodudur. Bu,  hüceyrə  membranlarının tamlığını  və  hüceyrəarası  məkanların  vəziyyətini  xarakterizə  etməyə  imkan  verir. Bu  metod ilk  öncə  və  ən effektiv  şəkildə,  ən  kəskin  və  kəskin  mərhələdə  beyin qan  dövranının  işemik tipli kəskin pozulmasının diaqnostikasında istifadə edilirdi. Hal-hazırda onkoloji  xəstəliklərin diaqnostikasında fəal şəkildə istifadə olunur.

Vertikallaşdırma ilə  birlikdə  onurğa  sütununun  MRT-si (ox yüklənməsilə).  Onurğa sütununun  bel-oma  şöbəsinin müayinə  metodudur. Müayinənin  mahiyyəti  ondan  ibarətdir ki,  ilk  növbədə,  onurğa  sütununun  ənənəvi, xəstənin uzanmış  vəziyyətində   MRT  müayinəsi aparılır,  sonra  isə  tomoqraf  stolu  və  maqnitlə  birlikdə  xəstənin  vertikalizasiyası (qaldırılması)  icra  edilir. Bu  zaman  onurğa  sütununa  ağırlıq  qüvvəsi  təsir  göstərməyə başlayır,  qonşu  fəqərələr  isə,  bir-birinə  nisbətən  yerini  dəyişə  bilir  və  fəqərəarası  diskin yırtığı  daha  aydın  şəkildə  nəzərə  çarpır.  Həmçinin  bu  tədqiqat  üsulu, ən  etibarlı  fiksasiyanı  təmin  etmək  məqsədilə,  onurğa  sütununun  qeyri-sabitlik  səviyyəsini  təyin etmək  üçün  neyrocərrahlar  tərəfindən  istifadə  olunur.

 

Şəkil 2. Onurğanın bel şöbəsində fəqərəarası diskin yırtığının  MRT  təsviri.

 

Müasir  elmi  nailiyyətlər  və  kompüter  texnologiyasının tətbiqi,  virtual endoskopiya  kimi bir  metodun meydana çıxmasına gətirib çıxarmışdır. Bu  metod,  KT  və  ya  MRT  tərəfindən görüntülənən  strukturların  3-ölçülü  modelləşdirilməsini təmin  etməyə  imkan  verir.  Virtual endoskopiya  metodu,  əgər  ürək-damar  və  tənəffüs  sistemlərinin ağır  patologiyası  halında endoskopik  müayinəni  aparmaq  mümkün  deyilsə,  diaqnozun qoyulmasına  böyük  yardım göstərir.  Onun  köməyi  ilə,  patologiyanı,  məsələn  anevrizma  kimi  strukturu,  sanki kənardan  “nəzərdən keçirmək”  və  onun  digər  damarlarla  qarşılıqlı  münasibətini aydınlaşdırmaq  olar.  Bu  cür  məlumatlar  cərrahi  əməliyyatların planlaşdırmasında olduqca qiymətli  hesab  olunur.  Virtual  endoskopiya  metodu  angiologiya,  onkologiya,  urologiya  və təbabətin digər  sahələrində  öz  tətbiqini  tapmışdır.

Digər məqaləmizə keçid:

https://nevropatologiya.az/2021/08/17/bas-beynin-sisl%c9%99ri/

 

 

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2019-cu ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq