Polineyropatiya

 

     Polineyropatiya (MKB-10 üzrə kodu: G60-G64) – periferik sinirlərin çoxsaylı  zədələnmələri ilə xarakterizə olunan ağır nevroloji  pozuntulardan biridir.  Yunan dilindən tərcümədə xəstəliyin adı  “çox sinirlərin xəstəliyi” mənasını daşıyır ki,  bu da çox dəqiq şəkildə onun mahiyyətini əks etdirir. Polineyropatiyada demək olar ki, bütün kiçik periferik sinirlər zədələnir. Xəstəliyin səbəbləri  müxtəlifdir, lakin xəstəliyin yaranma səbəbindən asılı olmayaraq, polineyropatiya əlamətləri həmişə çox oxşardır: yuxarı  və aşağı  ətrafların əzələlərinin zəifliyi (adətən, xəstə əvvəlcə ətraflarının distal nahiyələrində əzələ zəifliyi  şikayətləri  bildirir, sonra  isə proses onların bütün hissələrinə yayılır); hissiyyatın azalması (tam itməsinə qədər), həmçinin reflekslərin olmaması; səbəbi  izah edilə bilməyən güclü  ağrıların baş verməsi; ətraflarda qəribə: yanma, “qarışqa gəzməsi” hissiyyatının olması; əllərin və ayaqların ödemi; barmaqların titrəməsi – bəzən əzələlərin qeyri-iradi səyrimələri; havanın temperaturundan və fiziki gərginlik dərəcəsindən asılı  olmayan tərləmə; təngnəfəslik və taxikardiya; başgicəllənmə, tarazlıqla bağlı çətinliklər, koordinasiyanın pozulması (xüsusilə gözləri  yumduqda); yaraların gec  sağalması. Bu simptomların təzahürü  güclü  və ya zəif ola bilər. Bəzən xəstəlik uzun müddət, bir neçə il ərzində inkişaf edir, bəzən isə birdən-birə, cəmi  bir neçə həftə ərzində baş verə bilər.

     Polineyropatiya çox təhlükəlidir. Bu xəstəlik öz-özünə sağalmır və inkişaf etməkdə davam edərsə, nəticələri  çox ciddi  ola bilər. Əzələ zəifliyi  tez-tez əzələ tonusunun azalmasına və əzələ atrofiyasının yaranmasına gətirib çıxarır. Trofikanın pozulması  dəridə xoraların əmələ gəlməsinə səbəb olur. Bəzən polineyropatiyanın nəticəsi  ətrafların və ya tənəffüs orqanlarının tam  iflicinə gətirib çıxarır ki, bu da artıq  ölümcül  bir haldır. Bundan əlavə, polineyropatiyanın getdikcə şiddətlənməsi xəstənin normal həyatını  tamamilə dəyişir, ona bir çox narahatlıqlar yaşadır. İnsanlar sərbəst yerimək və  özlərinə qulluq etmək qabiliyyətini itirir, çarəsizlik, narahatlıq və depressiya meydana gəlir.

     Poloneyropatiya əhalinin təqribən 2,5%-də rast gəlinir, ahıl  yaşlı  insanlarda bu göstərici  bir qədər çoxdur –  8%-ə qədər.

     Təsnifat

     Polineyropatiyalar bir neçə meyarlara uyğun olaraq təsnif edilir.

Prosesin səbəbinə görə polineyropatiyanın növləri:

•          iltihabi;

•          toksiki;

•          allergik;

•          travmatik.

Patomorfologiyasından  asılı  olaraq aşağıdakı növlər ayırd edilir:

1.         Neyropatik polineyropatiya. Belə bir patologiya neyronun  məhv olması  səbəbindən meydana çıxır.

2.         Aksonal polineyropatiyalar. Aksonal tipli polineyropatiyada əsasən, əzələlərin və sinir hüceyrələrinin normal işləməsi  üçün vacib olan ox silindrinin nəqliyyat funksiyası pozulur. İlk növbədə patoloji  prosesə tərkibində ən uzun aksonları  olan sinirlər cəlb olunur.

     Aksonal nəqliyyat və trofik funksiyalarının pozulması  əzələdə denervasion dəyişikliklərə səbəb olur ki, bu da sonradan onun struktur dəyişikliklərinə gətirib çıxarır. Kliniki olaraq bu, ətrafların distal hissələrində  əzələ atrofiyası  və əzələ zəifliyi şəklində təzahür edir.

     Aksonal polineyropatiyaların aşağıdakı  növləri  ayırd edilir:

• Kəskin.  Tez-tez zəhərlənmələr səbəbindən baş verir. Zəhərlənmə, bir qayda olaraq, intihar məqsədini  daşıyır və ya cinayət cəhdi  kimi  törədilir. Buna görə polineyropatiya kəskin zəhərlənmənin ümumi kliniki şəklinin fonunda baş verir. Müvafiq olaraq, terapevtik tədbirlər də ilk növbədə orqanızmin detoksikasiyasına yönəldilmiş olur. Bu vəziyyətdə polineyropatiyanın klinik əlamətləri  bir neçə gündən sonra təzahür edir. Orqanizm bir neçə həftəyə bərpa olunur. Bir çox kimyəvi  maddələrlə zəhərlənmədən sonra da poloneyropatiya yarana bilər.

• Yarımkəskin.  Onların səbəbi həm sinir toxumasının toksiki zədələnməsi, həm də orqanizmdə gedən metabolik proseslər ola bilər. Bir neçə həftə ərzində inkişaf edir və bir neçə ay davam edir.

• Xroniki – bu  tip polinevropatiya uzun müddət ərzində  inkişaf edir. Bunun səbəbi  xroniki intoksikasiya (əksər hallarda etil spirti ilə) və ya sistem xəstəlikləri (şəkərlii diabet, hipotireoz, uremiya, sirroz, xərçəng, kollagenozlar və s.) olur.

3.         Demiyelinləşdirici polineyropatiyalar

     Demyelinezasiya sinir boyunca impuls keçirilməsinin sürətinin azalmasına gətirib çıxarır ki, bu da  kliniki  olaraq əzələ zəifliyi və vətər reflekslərinin erkən itməsi şəklində meydana çıxır. Əzələ atrofiyası, bir qayda olaraq, müşahidə edilmir.

    Demiyelinləşdirici polineyropatiyaların aşağıdakı  növləri  ayırd edilir:

•          Kəskin demiyelinləşdirici polineyropatiyalar

–           Giyen-Barre sindromu.  Kəskin iltihabi  demyeləşdirici poliradikuloneyropatiyadır. Çox hallarda infeksion xəstəliklərin nəticəsində inkişaf edir. İndiyə qədər xəstəliyin dəqiq səbəbi  müəyyənləşdirilməyib. Bəzi  müəlliflər bu xəstəliyi autoimmun xəstəliklərə aid edirlər. Xəstəlik üçün seqmentar demiyelinezasiya xarakterikdir.

–           Difterik polineyropatiya.  Onun səbəbi  difteriya  törədicisi  tərəfindən ifraz edilən toksindir. Toksin bəzi  kəllə-beyin sinirlərini  və digər sinirləri  zədələyir və müxtəlif pozuntularla: nitqin, udmanın, görmənin, tənəffüsün və s. pozulması  ilə müşayiət edilə bilər. Ətraflarda parezlər yaranır, hissiyyat pozulur, vətər refleksləri  itir.

–           Diabetik polineyropatiya.  Bu forma diabet xəstəliyinə tutulan insanların sayının bütün dünyada artdığına görə daha çox yayılmışdır. Şəkərli diabeti  olan  insanların təxminən yarısında  müşahidə edilir və bu xəstəliyin ilk kliniki  təzahürü  ola bilər.

•          Yarımkəskin demiyelinləşdirici polineyropatiyalar

     Onlar müxtəlif mənşəli ola bilər. Bu xəstəliklər üçün periodik remissiyalı  dalğavari gediş xarakterikdir. Bir neçə həftə ərzində inkişaf edir. Polineyropatiyaların bu növü  üçün təhrikedici amillərin olmadığını qeyd etmək lazımdır.

       •    Xroniki demiyelinləşdirici polineyropatiyalar

     Onların  inkişafının səbəbləri xroniki aksonal polineyropatiyaların  səbəblərilə eynilik təşkil edir. Yadda  saxlamaq lazımdır ki, bəzi dərman preparatlarının qəbulu da polineyropatiyaların inkişafına səbəb ola bilər.

     Son 2 proses bir-birilə sıx şəkildə əlaqəlidir. Aksonal zədələnmələr zamanı  demiyelinizasiya da müşahidə edilir, demiyelinizasiya zamanı  isə patoloji  prosesə aksonal komponentin ikincili qoşulması  baş verir.

     Polineyropatiyanın inkişaf səbəbləri

     Polineyropatiyanın inkişafının səbəbləri  artıq qeyd  olunub  və  yuxarıda qeyd olunanları yekunlaşdıraq:

     Polineyropatiyanın inkişafının əsas səbəbləri:

•          Kəskin zəhərlənmələr:

–           metil spirti;

–           dəm qazı (karbon monoksid);

–           arsen;

–           fosfor üzvi birləşmələri (karbofos, dixlofos).

•          Xroniki intoksikasiya.

•          Avitaminoz.  Daha çox B qrupu vitaminlərinin kəskin çatışmazlığı  zamanı  inkişaf edir. Bu vitaminlər sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir və onların uzunmüddətli çatışmazlığı tez-tez polyneyropatiyalara gətirib çıxarır.

•          Travmalar.  Xəsarət və ya əməliyyatlar zamanı  sinir liflərinin zədələnməsi də polineyropatiyaya səbəb ola bilər. Travmalara həmçinin onurğanın osteoxondrozu və fəqərəarası  disklərin yırtığı kimi xəstəliklər üçün xarakterik olan sinirlərin sıxılmasını  aid etmək olar.

•          Difteriya.

•          Şəkərli diabet.

•          Digər sistem xəstəlikləri:

–           qaraciyərin sirrozu;

–           uremiya;

–           kollagenozlar;

–           onkoloji  xəstəliklər;

–           hipotireoz.

•          Bəzi  dərman preparatları:

–           Amiodaron;

–           İzoniazid;

–           Metronidazol və s.

•          İrsi  amil.  Məlumdur ki, polineyropatiyaya səbəb olan bəzi  metabolik xəstəliklər irsi olaraq  ötürülə bilir.

•          Bəzən polineyropatiya demək olar ki, tamamilə sağlam olan hamilə qadınlarda müşahidə edilir. Polineyropatiya hamiləliyin istənilən dövründə rast gəlinə bilər. Hesab edilir ki, hamiləlik zamanı  meydana gələn polineyropatiyaya səbəb ananın  immun sisteminin dölə  qeyri-adekvat reaksiyası, toksikoz və  B qrupu  vitaminlərinin çatışmazlığıdır.

     Kliniki gedişi

     Polineyropatiyanın əsas simptomları  əllərdə və ayaqlarda hissiyyat pozuntuları  və  əzələ gücünün enməsi, əzələlərin atrofiyası, reflekslərin zəifləməsi və ya tam itməsi və periferik ifliclərin inkişafı  şəklində təzahür edir. Neyropatiyaların əksər növləri  üçün xarakterik olan cəhət, bu simptomların ətrafların distal hissələrində yaranaraq, sonradan tədricən proksimal nahiyələrə yayılması, eləcə də simptomların hər iki tərəfdən aşağı  və ya yuxarı  ətraflarda simmetrik olaraq inkişaf etməsidir. Polineyropatiyanın uzun müddət ərzində müalicəsiz qalması halında həm əllərin, həm də ayaqların zədələnməsi baş verə bilər.

     Ümumiyyətlə, bu xəstəliyin simptomlarının əsasında 3 növ: hissi, hərəki  və vegetativ pozuntular dayanır. Polineyropatiyanın səbəblərindən və inkişaf mexanizmindən asılı  olaraq bu və ya digər simptomlar qrupunun üstünlük təşkil etməsi və ya onların müştərək şəkildə təzahür etməsi qeyd olunur.

1.         Sensor (və ya hissi) simptomlar.  Bu simptomlar polineyropatiyanın toksiki və ya metabolik növlərini müşayiət edir və müsbət və mənfi əlamətlərə bölünür.

     Aşağıdakılara müsbət əlamətlər aiddir:

– yanma hissi;

– şiddətli ağrı sindromu;

– ağrıya kəskin həssaslığın yaranması;

– paresteziya, yəni dəri üzərində “qarışqa gəzməsi” hissiyyatı və ya müəyyən bir nahiyənin keyiməsi;

– taktil xarakterli  qıcıqlara qarşı  həssaslığın güclənməsi;

– yeriyərkən səndələmə şəklində təzahür edən və  gözləri  yumduqda və qaranlıqda güclənən sensor ataksiyasının meydana çıxması.

     Mənfi  sensor əlamətləri barmaqlarda və qarnın aşağı  hissəsində hissiyyatın zəifləməsi şəklində təzahür edir. Adətən bu cür simptomlar iltihabi demiyelinləşdirici və paraneoplastik polineyropatiyalarda, eləcə də E və B12 vitaminlərinin çatışmazlığı zamanı  müşahidə edilir.

     2.   Hərəki simptomlar.  Burada əsasən ətraflarda zəiflik hissinin yaranmasından söhbət gedir ki,  bu da adətən ayaq pəncələrindən başlayır. Tez-tez bu prosesə udlağın, başın, boynun və yuxarı  ətrafların da əzələləri  cəlb olunur, bəzən xəstənin hər iki  əli  iflic vəziyyətinə düşmüş olur. Bu simptomlar qrupuna həmçinin ağrılı  spazmlar, müxtəlif əzələ səyrimələri  və narahat ayaqlar sindromu da aid edilir. Prosesə gözün hərəki  sinirləri də qoşulduqda akkomodasiyanın spazmı  və göz almalarının hərəkətlərinin pozulması  qeyd edilir. Reflekslərin azalması  və ya tamamilə  itməsi də müşahidə olunur.

      3. Vegetativ simptomlar.  Onların meydana gəlməsi vegetativ sinir liflərinin zədələnməsinin nəticəsində baş verir. Bu simptomlar, öz növbəsində, daha 3 növə  bölünə bilər:

– visseral (və ya üzvi). Bunlara şaquli vəziyyətdən üfüqi vəziyyətə keçdikdə arterial təzyiqin aşağı düşməsi, bayılmaönü  hallar, impotensiyanın inkişafı  və sfinkterlərin işinin tənzimlənməsinin pozulması, mədə-bağırsaq traktının hərəkətliliyinin pozulması, tənəffüs sisteminin və tər ifrazının  pozulmaları, nəbzin qeyri-sabit olması, termorequlyasiyanın pozulumasını  aid etmək olar;

– vegetativ-damar.  Bu, ətrafların distal hissələrinin dərisinin temperaturunun dəyişilməsi, həmin nahiyələrin mərmər rəng alması  və ödemi şəklində təzahür edir.

– vegetativ-trofik.  Bunlara dırnaq və barmaqların deformasiyaları (barmaqların “çəkicvari” şəkil alması),  oynaqların trofiki zədələnmələrinin meydana gəlməsi, dərinin nazilməsi  və müxtəlif xoraların əmələ gəlməsi daxildir.

     Diaqnostika

     Polineyropatiyanın diaqnostikası  müəyyən çətinliklərlə bağlı ola bilər, çünki  xəstəliyin kliniki təzahürləri  müxtəlif patologiyaların simptomlarına uyğun gəlir. Yalnız xəstənin nevropatoloq tərəfindən ətraflı  müayinəsi, müxtəlif laborator və instrumental müayinə üsullarından keçməsindən sonra dəqiq diaqnozun qoyulması  mümkün olur.

     Diaqnozun qoyulması  nevropatoloqun qəbulundan başlanır. Əvvəlcə xəstə  ümumi  nevroloji baxışdan keçir, həkim zədələnmiş ətrafların müayinəsini aparır və bunun nəticələrinə əsasən hansı  əlavə tədqiqatların aparılmasına ehtiyac olduğunu  müəyyən edir. Aparılan müayinələr arasında qanın  ümumi  və biokimyəvi  analizləri, serebrospinal mayenin müayinəsi, elektroneyromioqrafiya və s. daha çox diaqnostik əhəmiyyət daşıyır. Aşağıda aparılan diaqnostik tədbirlər barədə ətraflı söhbət açılır:

•          Xəstəliyin şikayət və anamnezinin təhlili:

–           polineyropatiyanın  əlamətləri (dərinin keyləşməsi, əzələ zəifliyi və s) neçə müddətdir ki, yaranıb?

–           xəstə spirtli içkilərdən sui-istifadə edirmi?

–           xəstənin peşə fəaliyyəti hər hansı  bir kimyəvi maddə  ilə (benzin, ağır metal duzları  və s.) əlaqəlidirmi?

–           xəstədə şəkərli  diabet varmı?

–           yaxın qohumlarından birində oxşar simptomlar olubmu?

•          Nevroloji müayinə – nevroloji  pozuntuların əlamətlərinin müəyyən edilməsi:

–           hissiyyat pozuntuları;

–           hərəki  pozuntular;

–           trofikanın pozulması.

•          Sidikdə qlükozanın və zülalların  müəyyən edilməsi.

•          Qanın ümumi analizi (eritrositlərin və leykositlərin, hemoqlobinin, EÇS-in və s. təyini).

•          Qanın biokimyəvi analizi:

–           acqarına qlükozanın təyini;

–           zülal mübadiləsi məhsullarının (sidik cövhəri, kreatinin) təyini;

–           qaraciyər testləri;

–           qalxanabənzər vəzinin hormonlarının təyini.

•          Qanda müxtəlif toksinlərin müəyyən edilməsi.

•          Distal və proksimal sinirlərin stimullaşdırılması ilə aparılan neyrofizioloji müayinələr. Elektroneyromioqrafiyanın aparılması  polineyropatiyaların səbəbini (aksonopoatiya, mielopatiya və ya neyronopatiya) aşkar etməyə imkan verir.  Bu üsul  impulsların sinir lifləri  boyunca  ötürülmə sürətini qiymətləndirməyə və sinirin zədələnməsi əlamətlərini müəyyən etməyə imkan verir.

•          Serebrospinal mayenin müayinəsi: formalı  elementlərin, zülalın, oliqoklonal immunoqlobulinin səviyyəsinin təyini.

•          İmmunoloji  testlər: HİV anticisimlərin, anti-neyronal anticisimlərin (Hu, Yo), antinuklear faktorun, anti-Ro və anti-La anticisimlərin,  antineytrofil sitoplazmatik antigenə qarşı anticisimlərin və s. müəyyən edilməsi.

•          Xərçəng, limfoma və ya solitar mielomanın aşkarlanması  üçün analizlərin aparılması.

•          Molekulyar genetik testlər.

•          Sinirin biopsiyası: bu metod xüsusi  iynənin köməyilə götürülmüş sinir parçasının mikroskop altında tədqiq olunmasından ibarətdir.

•          Digər mütəxəssislərin (terapevt, endokrinoloq) müayinələri.

     Müalicə

     Polineyropatiya müstəqil olaraq yaranan bir xəstəlik deyil. Bu xəstəliyin ilk təzahürlərinin meydana çıxması  ilə, vaxtı  itirmədən onun yaranma səbəbləri aşkar edilməlidir. Beləliklə, polinevropatiyanın müalicəsi kompleks olmalı  və ilk növbədə bu problemin səbəbini  aradan qaldırmağa  yönəldilməlidir, çünki digər variantlarin heç bir effekti olmayacaqdır. Məsələn, əgər polineyropatiyanın səbəbi alkoqoldan sui-istifadədirsə, ilk növbədə spirtli içkilərin istifadəsi tamamilə tərk edilməlidir. Əgər xəstəlik şəkərli diabet mənşəlidirsə, qanda şəkərin miqdarını normal səviyyəyə salmaq lazımdır. Polineyropatiya zəhərli  maddələrin təsirindən yaranıbsa, bu maddələrlə təması  dərhal kəsmək lazımdır. Lakin müxtəlif növ polineyropatiyalar zamanı  sinir liflərində oxşar patoloji  proseslər müşahidə olunduğundan, bu vəziyyətin müalicəsinə də ümumi  yanaşmalar mövcuddur. Bu yanaşma  onunla bağlıdır ki, polineyropatiya zamanı  ya sinir lifinin miyelin qişası, ya da onun daxili oxu (akson)  məhv olur. Polineyropatiyanın əlamətlərini  aradan qaldırmaq üçün sinir lifinin quruluşunu bərpa etmək, onun qan təchizatını yaxşılaşdırmaq lazımdır. Bunu etmək üçün müxtəlif dərman vasitələrindən istifadə edilir. Müəyyən bir kimyəvi  qrupa mənsubiyyətinə və ya onların fəaliyyət istiqamətlərinə görə, dərman maddələri  aşağıdakı  qruplara bölünür:

•          metabolik dərmanlar;

•          qan axınına təsir edən vasitələr;

•          vitaminlər;

•          ağrıkəsicilər;

•          qlükokortikoidlər;

•          sinir impulsunun ötürülməsini  yaxşılaşdıran preparatlar.

     Hər bir dərman qrupu  ilə daha ətraflı  tanış olaq.

     Metabolik maddələr və qan dövranına təsir edən preparatlar

     Bu dərman preparatları  polineyropatiyanın müalicəsində ən vaciblərindən hesab edilir. Əksər hallarda bir dərmanın fəaliyyət mexanizmi yalnız metabolik effektlə məhdudlaşmır. Demək olar ki, həmişə dərman bir neçə istiqamətdə işləyir: həm azad radikallarla “vuruşur”, həm sinir lifinin qidalanmasını  yaxşılaşdırır, həm zədələnmiş sinir sahəsində qan təchizahını  artırmağa  kömək edir, həm də yaraları  sağaldır. Hər hansı  metabolik preparatı  təyin edərkən, onun tətbiqolunma şərtlərinə nəzarət etmək lazımdır, çünki  sinir liflərinin bərpası  uzun  sürən bir prosesdir. Buna görə çox vaxt dərman uzun müddət, ən azı  1 ay, bəzən isə daha  uzun vaxt ərzində istifadə  edilməlidir. İndi  isə preparatların hər biri  haqqında daha ətraflı danışaq:

     Tioktasid (Oktolipen, Alfa-lipoy turşusu, Berlition, Espa-lipon, Neyrolipon, Tioqamma) – güclü bir antioksidandır, polinevropatiyanın müalicəsində təsiri  dünya səviyyəsində tanınır. Dərmanı  1 aydan  6 aya qədər qəbul etmək lazımdır. İlk  14-20 gün ərzində preparat venadaxili infuziya şəklində (sutkada 600  mq dozasında) tətbiq edilir, sonra  onun tablet formasına keçmək lazımdır. Həmin 600  mq, amma artıq tablet şəklində, günün birinci yarısında, yeməkdən yarım saat əvvəl qəbul edilir. Müalicənin başlanmasından bir müddət sonra preparat öz təsirini göstərməyə başlayır.

     Aktovegin –  İlk günlər Aktovegin 10-50 ml dozasında, vena daxilinə damcı  üsulu  ilə tətbiq edilir (doza, polineyropatiyanın simptomlarının ağırlıq dərəcəsindən asılıdır). Adətən, venadaxili infuziyalar 10-15  gün davam edir, sonra xəstə 2-3  aydan 4 aya qədər preparatı  tablet şəklində qəbul etməkdə davam edir (sutkada 3 dəfə, 2-3 tablet). Dərmanın kompleks təsiri eyni  zamanda yalnız periferik sinirləri deyil, həmçinin baş beynin,  ətrafların damarlarının problemlərini  də həll etməyə imkan verir.

     İnstenon 3 aktiv maddədən (Heksоbendin + Etamivan + Etоfillin) ibarət kompleks bir preparatdır. O, damarları  genişləndirir, neyronları  aktivləşdirir və onların aralarında impulsların ötürülməsini yaxşılaşdırır. İnstenonun kurs müalicəsi yaxşı  effekt verir: 14 gün ərzində, hər gün əzələyə 2 ml yeridilir, sonra  isə 1 ay müddətində, sutkada 3 dəfə, 1 tablet qəbul edilir.

     Serebrolizin –  Bu, güclü neyrometabolik preparat hesab olunur. Sinir hüceyrələrində məhvolma prosesini dayandırır, onların daxilində proteinlərin sintezini artırır, onları  müxtəlif maddələrin zərərli  təsirlərindən qoruyur. Serebrolizin, bütün sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərən neyrotrofik bir təsirə malikdir. Serebrolizin, sinir hüceyrələrinin qidalanma çatışmazlığı  şəraitində sağqalma şansını  artırır. Preparatı  əzələdaxili (5 ml) və ya venadaxili (10-20 ml) 10-20 gün müddətində tətbiq etmək olar. Sonra  14-30  gün fasilə verilir və  lazım olduqda müalicə kursunu  təkrarlayırlar.

     Kalsium pantotenat –  regenerasiya proseslərini (təkcə periferik sinirlərdə deyil) stimullaşdıran bir preparatdır. 1 aylıq kurslarla,  sutkada 3 dəfə 1-2 tabletdən qəbul edilir.

     Meksidol (Meksikor, Meksiprim, Neyroks) – güclü antioksidandır. Membran səviyyəsində təsir göstərir. Sinir hüceyrələrinin membranlarının normal strukturunu bərpa etməyə kömək edir, beləliklə, onların  normal fəaliyyətini təmin edir, çünki  bütün sinir impulsları  membranlar vasitəsilə  ötürülür. Meksidol, sinir hüceyrələrinin ətraf mühitin mənfi təsirlərinə qarşı müqavimətini  artırır. Preparatın dozası, tətbiq metodu və  istifadə müddəti  nevroloji patologiyanın şiddət dərəcəsindən asılı  olaraq dəyişilə bilər. Preratın tətbiqi  5 ml  venadaxili  və ya  əzələdaxili  inyeksiyalarla başlanılır, sonra tabletlərə (125-250 mq-dan, sutkada 3 dəfə) keçilir. Müalicə kursunun ümumi müddəti  1,5-2 aydır. Parenteral qəbul zamanı  əlavə təsirlərin yaranmaması  üçün preparatın venaya damcı  üsulu ilə (Natrium xloridin 0,9%-li məhlulunda) tətbiq edilməsi məsləhət görülür.

     Sitoflavin – digər bir kompleks antioksidant preparatdır. Preparatın bir-birini tamamlayan dərman komponentləri neyronlarda enerji  metabolizmini yaxşılaşdırır, azad  radikalların fəaliyyətinə  müqavimət göstərir, hüceyrələrə qida çatışmazlığı şəraitində “sağ qalmağa” kömək edir. Müalicə üçün 25 gün ərzində yeməkdən yarım saat əvvəl sutkada 2 dəfə 2 tablet istifadə olunur.

     Aşağı  ətrafların sinirlərinin zədələnməsi zamanı  qan təchizatını yaxşılaşdırmaq üçün ən çox istifadə olunan preparat Pentoksifillindir (Vazonit, Trental). Dərman damargenişləndirici qabiliyyətinin hesabına bütün orqanizmin ən kiçik qan damarlarında belə qan dövranını  artırır. Artan qan axını  ilə, daha çox qida maddələri  neyronlara daxil olur, bu isə onların bərpa şansının artmasına gətirib çıxarır. Pentoksifilinin istifadəsi  üçün standart sxem aşağıdakılardan ibarətdir: vena daxilinə damcı  üsulu ilə 5 ml preparat  200 ml  0,9%-li Natrium xlorid məhlulunda 10  gün müddətində tətbiq edilir. Sonra 400 mq  dozasında, sutkada 2-3 dəfə  1 tablet olmaqla, 1 aya qədər qəbul edilir.

     Polineyropatiyanın müalicəsində istifadə edilən preparatlar üçün bu qayda işləyir: əlamətlərin aşağı  dərəcəsi – tablet dərman formaları. Buna görə, əgər xəstəliyin əlamətləri kəskin deyilsə, inyeksiyalardan istifadə etmədən, müalicə kursunu tabletlərlə də aparmaq olar.

     Vitaminlər

     Polineyropatiyanın müalicəsi heç vaxt vitaminlərdən istifadə olunmadan aparılmır. Bu məqsədlə B qrupu vitaminləri (B1, B6 və B12) ən effektiv hesab olunur. Qida rasionunda bu vitaminlərin çatışmazlıqları  özü-özlüyündə polineyropatiyanın simptomlarının meydana çıxmasına səbəb ola bilər. Eyni vaxtda tətbiq edilərkən, bir-birinin təsirini gücləndirərək, bu preparatlar periferik sinir qişalarının bərpasına kömək edir, ağrıkəsici  effekti verir və müəyyən dərəcədə antioksidant təsiri göstərir. Kombinə edilmiş formaların (bir preparatın tərkibinə hər 3 vitaminin daxil olduğu zaman) tətbiqi  birkomponentli  formalara  nisbətən daha məqsədəuyğundur. Bu preparatların həm inyeksiya, həm də də tablet formaları  mövcuddur. Bəzi  inyeksiya formalarının (Milqamma, Kombilipen, Kompliqam, Vitaksona, Vitaqamma) tərkibində əlavə olaraq  Lidokain də olur ki, bu da ağrıkəsici  effekti  gücləndirir. Trivitron, Neyromultivit və Neyrobion kimi preparatlar, Lidokainsiz  B vitaminlərinin “saf” kompleksidir. Müalicə zamanı  əvvəlcə vitaminlərin inyeksiya formalarından isifadə edilir, sonra  isə tablet formalarının tətbiqinə keçilir. B qrupu  vitaminləri  orta hesabla ən azı  1 ay  istifadə olunur.

     Ağrıkəsicilər

     Artıq çoxdan sübut olunmuşdur ki, polineyropatiya zamanı  müşahdə edilən ağrılarda Analgin, Pentalgin və bu qrupdan olan digər preparatlar heç bir təsir göstərmir. Ona görə də, bu xəstəlik zamanı  onların istifadəsi tamamilə faydasızdır. Polineyropatiyada ağrıkəsici  kimi antikonvulsantlar və antidepressantlar, lokal anestetiklər, opioidlər və yerli qıcıqlandırıcı maddələrdən istifadə edilə bilər.

     Ağrı  müalicəsində istifadə olunan müasir antikonvulsantlar Qabapentin (Tebantin, Neyrontin, Qabaqamma, Katena) və Preqabalindir (Lirika). Onlara  ağrıkəsici  təsir göstərməsi üçün müəyyən vaxt lazımdır, yalnız təyin edildikdən 7-14 gün keçdikdən sonra bu preparatların effekti  hiss olunmağa başlayır. Qabapentin axşam 300 mq dozada qəbul edilir. Növbəti gün – sutkada 2 dəfə 300 mq, üçüncü gündə 300 mq sutkada 3 dəfə, dördüncü gündə isə səhər və günоrta 300 mq və axşam 600 mq qəbul edilir. Beləliklə, analgezik təsirin göründüyü  vaxta qədər tədricən dozanı  artırmaq lazımdır. Həmin dozada dayanmalı  və preparat 10-14 gün müddətində qəbul edilməlidir. Sonra müalicəvi  effekt qiymətləndirilir. Əgər kifayət deyilsə, onda dozanı  artırmaq mümkündür (maksimal doza 3600 mq-dan artıq olmamalıdır). Preqabalin bu qədər uzun bir seçim tələb etmir. Preqabalinin effektiv dozası  sutkada 150-600 mq arasında dəyişir.

     Antidepressantlar arasında ən çox istifadə olunan preparat Amitriptilindir. Müalicə minimal dozadan – gecələr 10-12,5 mq  ilə başlanır və tədricən analgezik təsir əldə etmək üçün doza artırılır. Tələb olunan doza çox fərqlidir: kiməsə 12,5 mq kifayət edir, bəzilərinə isə 150 mq lazım olur. Amitriptilin orqanizm tərəfindən pis qəbul edilsə və əlavə təsirlərə səbəb olarsa, o zaman onu  Lyudomil  və ya Simbalta, Venlaksor ilə əvəz etmək olar:

–           Lyudоmil – 50 mq d○zasında drajesi, gündə 3 dəfə;

–           Simbalta – 60 mq-lıq kapsulu, gündə 1 dəfə;

–           Venlaksоr – 37,5 mq-lıq tableti, səhər və axşam daxilə təyin edilir.

     Yerli anesteziklərdən daha çox  Lidokaindən istifadə edilir. Əvvəllər bu məqsədlə onun intravenoz istifadəsi tətbiq olunurdu. Lidokainin venadaxili istifadəsi bir çox əlavə təsirlərə səbəb olduğundan, hal-hazırda onun plastır formasından (Versatis) istifadə olunur. Plastır dəriyə möhkəm şəkildə yapışdırılır, qıcıqlanma vermir, yerli  tətbiq edildiyinə görə yan təsirləri sıfıra endirilir.

     Yuxarıda göstərilən yollarla müalicə edilə bilməyən şiddətli ağrı  sindromu zamanı  opioidlərin təyin olunmasına (Tramadol) müraciət etmək lazım gəlir. Dərman asılılığına səbəb olmamaq üçün preparatı  qısa müddətə təyin etməyə çalışırlar. Gündə 2 dəfə ½ tablet ilə başlanılır (və ya yatmazdan qabaq  1 tablet). Bir həftə sonra, zəruri  hallarda, doza sutkada 2  tabletə qədər artırılır. Tramadolun analgezik təsirini  itirmədən dozasını  azaltmaq üçün Tramadol və Parasetamolun birləşməsi (Zaldiar) yaradılmışdır. 1  Zaldiar tabletinin təsiri  Tramadolun 1 tabletinə bərabərdir, 1 ədəd Zaldiar tabletinin tərkibində isə əhəmiyyətli dərəcədə kiçik miqdarda Tramadol (müvafiq olaraq 50 mq / 37,5 mq) olur.

     Polineyropatiya zamanı  ağrı  az və ya çox dərəcədə yerli  xarakter daşıyarsa, Kapsaisin kreminin (acı  bibər ekstraktı) tətbiqi məsləhət görülür. Kapsaisin ağrılı  impulsun tükənməsinə səbəb olur, yəni  başlanğıcda ağrı  güclənə bilər, sonra  isə azalır.

     Çox  vaxt ağrı  sindromunu azaltmaq üçün bir neçə dərmanın kombinasiyasından istifadə etmək lazım gəlir. Ancaq bu addımı  onların tək halda tətbiq edildikdə təsir göstərməməsi vəziyyətlərində atmaq olar.

     Qlükokortikosteroidlər

     Qlükokortikosteroidlər iltihab əleyhinə təsir göstərir, orqanizmə stresslə mübarizə aparmağa kömək edir, zülalların, yağların və karbohidratların balansını  tənzimləyir. Onlar  iltihabi prosesləri  çox effektiv şəkildə aradan qaldırır ki, bu da orqanizmin tezliklə sağalmasına gətirib çıxarır. Qlükokortikosteroid preparatları  iltihabı  aradan qaldırmaqla yanaşı, ağrıdan xilas olmaq üçün də kömək edir.

     Qlükokortikosteroidlər polineyropatiyanın ağır hallarında təyin edilir. Onların dozasının artırılması  və  azaldılması  üsulu  ilə müxtəlif müalicə sxemləri  mövcuddur. Çox ağır hallarda, bulbar və respirator pozuntuların inkişaf etməsi  ehtimalı  yarandıqda, qlükokortikoidlərin maksimal dozada tətbiqi (puls terapiya) göstərişdir. 1000 mq-dək dozada Prednizolon və ya ekvivalent dozada Metilprednizolon aşağıdakı  sxem üzrə venadaxili  damcı  üsulu  ilə tətbiq edilir: 1-ci gün – 500 mq, 2-ci gün – 1000 mq, 3-cü gün – 1000 mq. Yaxşılaşma baş verdikdə, növbəti  günlərdə məhdudlaşdırılmış və dəstəkləyici dozalara keçilir.

     Sinir impulslarının ötürülməsini yaxşılaşdıran preparatlar

     Əgər xəstəlik zamanı  hissiyyatın davamlı  pozulmaları (itməsi), əzələ zəifliyi  yaranıbsa, bu əlamətlər antixolinesteraz preparatların (neyro-muskulyar keçiriliciyi  yaxşılaşdıran preparatlar) təyin edilməsi  üçün göstərişdir. Sinir qişalarında qüsurlar olduqda belə, bu preparatlar impulsların sinirin zədələnməmiş  hissələri  boyunca ötürülməsinə kömək edir. Bunun hesabına əzələ  gücü  və hissiyyat bərpa olunur. Bu zaman digər preparatlar sinirlərin bərpasına kömək edir ki, sonradan antixolinesteraz maddələrdən istifadə etmədən də əzələ gücü və həssaslıq saxlanmış qalsın.

     Bu qrupun geniş  istifadə olunan dərmanları  Neyromidin, Amiridin, Aksamon, İpiqriksdir. Bütün bu preparatların təsiredici molekulu bir-birilə identikdir. Onların həm tablet, həm də inyeksiya  forması  vardır. Tabletlərdən daha çox istifadə olunur. Adətən müalicə kursu 30-60 gün ərzində, sutkada 2-3 dəfə 10-20 mq dozasında preparatın təyinindən ibarət olur.

     Gördüyümüz kimi, müasir təbabətdə polineyropatiyanın simptomlarına təsir göstərə bilən çoxsaylı  dərman preparatları  mövcuddur.

     Bioloji aktiv əlavələr

     Bu qrup preparatlar xəstəliyin risk amillərinə təsir etməkdə və nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

•          Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.

•          Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.

•          Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.

•          Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.

•          Doymamış yağ turşuları Omeqa-3.  Doymamış yağ turşuları miyelin qişasının qurulması üçün bir materialdır.

•          Son dövrlərdə polineyropatiyaların müalicəsində, Keltikan kompleks preparatından istifadə edilir. Bu da bioloji  aktiv qida əlavəsidir. Tərkibində Uridin monofosfat, vitamin B12, Fol turşusu vardır. Preparat  orqanizmi  periferik sinir membranlarının bərpası  üçün tikinti komponentləri ilə təchiz edir. Keltikan sutkada 1 dəfə 1 kapsul olmaqla, 20 gün ərzində tətbiq edilir.

     Plazmaferez

     Polineyropatiyanın bəzi  formalarının patogenezində autoimmun mexanizmlərin mühüm rol oynaması, onların müalicə proqramında plazmaferezin uğurla tətbiqinə tələbat yaradır. Bu üsul, polineyropatiyaların kəskin və ya xroniki-residivləşən formalarının kəskinləşməsi zamanı xüsusilə effektivdir. Sübut olunmuşdur ki, xəstəliyin ilk 7  günündə başlanılan plazmaferez, Giyen-Barre sindromunun ağır formasından əziyyət çəkən xəstələrin 60-70%-də  bərpa  prosesini  sürətləndirir. Adətən, müalicə kursu günaşırı  aparılan 3-5 seansdan ibarət olur. Götürülən plazmanın həcmi  ən azı  2,5 ± 0,5 litr olmalıdır.

     Kəskin difterik polyneyropatiya zamanı  plazmaferez xəstəliyin ilk 2 həftəsində xüsusilə effektivdir. Bu,  difteriya prosesinin yaranmasının ilk günlərində demyelinezasiyanın inkişafına difteriya toksininin miyelin qişasına birbaşa təsiri  və xəstənin qanında böyük miqdarda anticisimlərin olması ilə əlaqədardır.

     Fizioterapiya

     Müalicə prosesinin əsas tərkib hissələrindən biri də fizioterapiyadir. Fizioterapiya dərman müalicəsindən sonra başlayır. Polineyropatiyaların müalicəsində ən çox tətbiq edilən fizioterapevtik  prosedurlara daxildir:

•          onurğa beyninin və ayrı-ayrı  sinirlərin elektrostimulyasiyası;

•          maqnitoterapiya;

•          darsonvalizasiya;

•          qalvanik vannaların qəbulu;

•          parafin və ya ozokerit applikasiyaları;

•          dərman preparatlarının elektroforezi.

     Müntəzəm şəkildə aparılan fizioterapiya kursları  toxumaların oksigen və qida maddələri  ilə təminatının yaxşılaşdırılmasına, itirilmiş həssaslığın və əzələ tonusunun bərpasına, sinir ötürücülüyünün aktivləşdirilməsinə və sözün əsl mənasında xəstəni ayaq üstə qoymağa kömək edir.

     Polineyropatiyanın müalicəsində:

•          terapevtik masaj;

•          müalicəvi bədən tərbiyəsi (MBT);

•          refleksoterapiyanın da tətbiq edilməsi müsbət terapevtik effektin əldə edilməsinə böyük köməklik göstərir.

     Proqnoz

     Kəskin formaların müalicəsi vaxtında başlanarsa, proqnoz əlverişli ola bilər. Yalnız xroniki polineyropatiyanın müalicəsi  istisna təşikl edir. Bu xəstəlikdən tamamilə xilas olmaq mümkün deyil, amma onun gedişatının şiddətini azaltmaq yolları  var. Adətən, xroniki  polineyropatiyanın proqnozu  nikbin olmur. Xəstəlik müalicəyə çətin tabe olur və proqressivləşməyə meyllidir. Vaxt keçdikcə xəstə ürək-damar sistemində yaranan pozuntular səbəbindən əlil ola, hətta ölə bilər. Polineyropatiyanın bəzi  növlərinin, məsələn, autoimmun çatışmazlığından qaynaqlanan variantlarının isə hələ ki, ümumiyyətlə müalicəsi tapılmayıb. Alkoqol intoksikasiyası  və ya diabetlə bağlı  polineyropatiyaların proqnozu  ümumiyyətlə müsbətdir, lakin xəstə qanda şəkərin konsentrasiyasını  normallaşdırmalı və alkoqoldan imtina etməlidir.

     Profilaktika

     Polineyropatiyanın baş verməsi  ehtimalının aradan qaldırılması  üçün profilaktik tədbirlər bir sıra  tövsiyə və qaydalara riayət etməkdən ibarətdir. Onlar periferik sinir sisteminin zədələnməsinə və normal fəaliyyətinin pozulmasına qarşı  yönəldilən tədbirlərlə bağlıdır. Bunlar aşağıdakı tövsiyələrdir:

•          Siqaret çəkməmək.

•          Spirtli  içkilərdən istifadə etməmək.

•          Qanda qlükozanın səviyyəsini nəzarətdə saxlamaq.

•          Hipodinamik həyat tərzindən çəkinmək. Fiziki cəhətdən aktiv olmaq.

•          Artıq  çəkidən azad olmaq və piylənmənin yaranmasına yol verməmək.

•          İnfeksion xəstəliklərdən qorunmaq. Bir çox yoluxucu xəstəliklərə qarşı peyvəndlər mövcuddur – bu peyvəndlərə  laqeyd olmamaq və uşaqları da vaxtlı-vaxtında vaksinasiya etdirmək.

•          Endokrin sisteminin xəstəliklərinin profilaktikasını  və müalicəsini vaxtında aparmaq.

•          Həddindən artıq istiyə və ya soyuğa məruz qalmaqdan çəkinmək.

•          Stress doğuran hallardan qaçmaq.

•          Travmalardan  özünü  qorumaq.

•          Yuxu  rejiminin normallaşdırılması – sutkada ən azı  7 saat yatmaq.

•          Qida rasionunu sinir sistemi üçün faydalı  olan maddələrlə: B qrupu vitaminləri, E vitamini, doymamış yağ turşuları  Omega-3, kalium və kalsiumla zənginləşdirmək.

•          Ən azı  3 ildən bir nevroloqun profilaktik müayinəsindən keçmək.

•          Hər  il  ürəyin, qan damarlarının, qaraciyərin, böyrəyin, mədəaltı  vəzin, qalxanabənzər vəzin dispanser müayinəsindən keçmək.

     Polineyropatiya meydana çıxdıqda, pəhrizlə əlaqədar bir sıra təkliflərə riayət etmək vacibdir:

•          Qida rasionuna B qrupu  vitaminləri  ilə zəngin – mal və toyuq qaraciyəri, yumurta, göyərti  və tərəvəz əlavə etmək. Pivə mayasının qəbulu da çox faydalıdır.

        •    Cilalanmamış taxıl məhsullarını istehlak etmək faydalıdır – onlar qanda qlükozanın səviyyəsini azaltmağa kömək edən liflərlə zəngindir.

     Bundan əlavə, mövcud xəstəliklərdən asılı olaraq pəhriz məhdudiyyətlərinə və tövsiyələrinə riayət etmək vacibdir:

•          Diabetik polineyropatiya zamanı  Pevznerə görə  9 saylı  pəhrizə riayət etmək lazımdır.

•          Polineyropatiyanın digər növləri  üçün 12 saylı  pəhriz  tövsiyə olunur.

     Sanator-kurort reabilitasiyasının effektivliyini də unutmaq olmaz. Nevroloji  profilli sanatoriyalarda hər il  istirahət etmək çox faydalıdır.

 

Digər məqalələrimizə keçid:

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2019) kitabından (12655 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 26.07. 2018-ci il tarixində medsite.az tibbi internet saytında dərc olunmuşdur.

     Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq