Nevroloji xəstələrin diaqnostikasında KT müayinəsinin tətbiqi

     Kompüter tomoqrafiyası (KT) – rəqəmsal rekonstruksiyadan istifadə edərək bir görüntü əldə etmək üçün rentgen fotonlarının istifadəsinə əsaslanan vizualizasiya metodudur. Kompüter  tomoqrafiyası – toxumaların  təbəqələrlə  tədqiqat  üsuludur. Bu metod, müxtəlif sıxlıqlı (atomda olan elektronların sayına görə) toxumalar tərəfindən  rentgen  şüalarının  zəiflədilməsi  fərqlərinin  ölçülməsinə  və mürəkkəb  kompüter  emalına əsaslanır.

     Kompüter tomoqrafiyası  metodu, 1972-ci  ildə  bu kəşfləri  üçün  fiziologiya  və  tibb üzrə  Nobel  mükafatına  layiq  görülən  Qodfri  Haunsfild (Böyük Britaniya)  və  Allan  Kormak (ABŞ)  tərəfindən  təklif  olunmuşdur.

     Kompüter tomoqrafının əsas elementləri rentgen borusu və detektorlardır. Rentgen şüalarının mənbəyi, daxilində xəstə üçün xüsusi  çarpayı (masa) yerləşən dairəvi bir konturdur. Rentgen borusu, xəstədən keçən rentgen şüaları  buraxır. Bu şüa, detektorlar tərəfindən tutulur və 2- və ya 3-ölçülü bir təsvir əldə etmək üçün rekonstruksiya olunur.

     Skaner tərəfindən tutulan analoq məlumatları, müxtəlif alqoritmlərdən istifadə edərək, bu səviyyədə xəstənin bədəninin eninə kəsikləri olan yenidən qurulan rəqəmsal şəkildə görüntülərinə transformasiya olunur. Həkim, müayinə edilən  üzvün “kəsiklərini” görmək imkanına malik olur: cihazın parametrlərindən asılı olaraq  kəsiyin qalınlığı 1 mm-ə qədər ola bilər. Bu, diaqnostik dəqiqliyi artırır.

     Hər bir təsvir, bir qədər fərqli bir bucaq altında və fərqli bir rekonstruksiya alqoritmindən istifadə etməklə yaradılır. Təsviri formalaşdıran fərdi həcmi olan elementlər, hər birinə Haunsfild vahidi (HU) ilə ifadə olunan, müəyyən bir sıxlıq və ya zəifləmənin müvafiq olduğu 2-ölçülü piksel şəklində əks olunur.

     Hal-hazırda  rentgen  kompüter tomoqrafiyası, rentgen  şüalarının  istifadə  edilməsi  ilə  aparılan  insanın  daxili  orqanlarını  tədqiq  etmək  üçün əsas  tomoqrafiya  üsuludur.

     Kompüter tomoqrafiyası, başın müayinəsində  KT-dən, onun örtük toxumalarının, kəllə sümüyünün, beyin maddəsinin və serebrospinal maye sisteminin vəziyyətini  analiz etmək üçün istifadə edilir. Hal-hazırda  KT, neyrorentgenologiyanın patoloji proseslərin görüntüləmə metodlarının içərisində  ən geniş yayılanlardandır. Yüksək  keyfiyyətli  və  qətnaməsi olan  KT  görüntülərinin alınması  sürətinə görə,  hazırda  heç  bir  vizualizasiya üsulu, hətta  ultrasürətli MRT-skanasiya da onunla rəqabət  apara bilməz.  Eyni  zamanda,  maya  dəyərinin  aşağı  olması (MRT ilə müqayisədə) və  KT müayinəsinin sadəliyi, bu  üsulu  baş  beynin  ən  effektiv  görüntülənmə  üsulları  ilə  bir sıraya qoyur.

     Müasir dövrdə yeni nəsil kompüter tomoqraflarının köməyilə xəstələrə spiral kompüter tomorqrafiyası  müayinəsi aparılır ki, onun köməyilə müayinənin keçirilməsinə, məlumatların emal olunmasına  və rekonstruksiyaya sərf edilən vaxtın xeyli azaldılmasına nail olunmuşdur.

     KT  müayinəsində kontrast gücləndirmə.  Orqanların  bir-birindən  fərqlənməsi,  habelə  normal  və  patoloji  strukturları  bir-birindən ayırd  etmək  üçün  müxtəlif  kontrast  gücləndirmə  üsullarından (əksər  hallarda  yod  tərkibli kontrast  preparatlarının tətbiqi  ilə) istifadə olunur.

     Kontrastlı  dərman  preparatlarının  2  əsas  yeridilmə  üsulu  vardır: per oral (müəyyən rejimə  riayət  edən  xəstə  preparatın  məhlulunu  içir)  və  venadaxili (tibbi  heyət  tərəfindən icra  edilir).  Birinci  üsulun  əsas  məqsədi – mədə-bağırsaq  traktının  boşluqlu  orqanlarının kontrast  müayinəsidir;  ikinci  üsul – toxuma  və  orqanlarda  kontrast  maddənin  qan dövranı sistemi  vasitəsilə  toplanmasının  xarakterini qiymətləndirməyə  imkan  verir.  Bir  çox  hallarda venadaxili  kontrast  maddə  vasitəsilə  gücləndirilməsi  metodları, aşkar  olunmuş  patoloji dəyişikliklərin  təbiətini  aydınlaşdırmağa  imkan  verir (o cümlədən, ətrafındakı  yumşaq toxumaların  fonunda  şişlərin  dəqiqliklə,  onların  histoloji  quruluşu  barədə  fikir  yürütməyə qədər),  habelə  adi  hallarda, “nativ”  müayinə  nəticəsində  aşkarlanmayan  dəyişiklikləri görüntüləməyə  imkan  verir.

     Kompüter  tomoqrafiyasına  göstərişlər.

     Kompüter  tomoqrafiyası  təbabətdə  müxtəlif  məqsədlər  üçün  istifadə olunur:

  1. Skrinninq  testi  kimi – aşağıdakı  hallarda:
  2. Baş  ağrısı (fövqəladə  KT  tələb  edən  müştərək  amillər  istisna olmaqla).
  3. Huşun  itməsi  ilə  müşayiət  olunmayan  basin  travmaları (fövqəladə  KT  tələb  edən müştərək  amillər  istisna olmaqla).
  4. Huşitirmə.
  5. Ağciyər  xərçəngini  istisna etmək  üçün.

     Kompüter  tomoqrafiyasından  skrininq  məqsədilə  istifadə  edildikdə, tədqiqat planlaşdırılmış  şəkildə  aparılır.

  • Fövqəladə vəziyyətlərin diaqnostikası üçün – fövqəladə kompüter tomoqrafiyası:
  • Baş  beynin  fövqəladə  KT  müayinəsi – ən  çox  aparılan təcili  KT  müayinəsi, aşağıdakı  hallarda  seçim metodu  olur:
  • Birinci  dəfə  inkişaf  etmiş  qıcolma sindromu.
  • Anamnezində  qıcolma  pozuntusu  olan  qıcolma  sindromu, aşağıda  sadalananlardan ən  azı  biri  ilə  müştərək  halda  rast  gəlinərsə:
  • beynin  üzvi  zədələnməsinə  şübhəli  yanaşı  simptomlar;
  • psixi  statusda davamlı  dəyişikliklər;
  • qızdırma;
  • yaxın  vaxtlarda  baş  vermiş  travma;
  • davamlı  baş  ağrısı;
  • anamnezində  onkoloji  xəstəliyin  olması;
  • antikoaqulyantların  qəbulu;
  • ehtimal  olunan  və  ya  təsdiq  edilmiş  QİÇS;
  • qıcolmaların  xarakterinin  dəyişilməsi.
  • Başın  travması,  əgər  aşağıdakılardan  ən  azı  biri  ilə  müşayiət  olunursa:
  • huşun  itirilməsi;
  • nüfuz  edən  kəllə travması;
  • digər  travmalar (politravma);
  • qan  laxtalanmasının pozulması;
  • ocaqlı  nevroloji  çatışmazlıqlar.
  • Aşağıdakı  halların  ən  azı  biri  ilə  müşayiət  olunan  baş  ağrısı:
  • kəskin,  ani  başlanğıc;
  • ocaqlı  nevroloji  çatışmazlıq;
  • psixi  statusda davamlı  dəyişikliklər;
  • koqnitiv  pozulmalar;
  • ehtimal  olunan  və  ya  sübut  edilmiş  HİV  infeksiyası;
  • 50-dən  yuxarı  yaş  dövrü  və  baş  ağrısının  xarakterinin  dəyişilməsi.
  • Psixi  statusun, aşağıdakılardan  ən  azı  biri  ilə  müştərək  halda  pozulması:
  • baş  ağrısı;
  • ehtimal olunan  və  ya  sübut  edilmiş  HİV  infeksiyası;
  • antikoaqulyantların qəbulu;
  • xroniki  alkoqolizm;
  • arterial  təzyiqin  əhəmiyyətli  dərəcədə  yüksəlməsi;
  • əhəmiyyətli  dərəcəli  hipoventilyasiya;
  • ocaqlı  nevroloji  çatışmazlıq, o  cümlədən  anizokoriya,  bəbəklərin  nöqtəliliyi və  ya  görmə  siniri  diskinin  ödemi;
  • meningizm.
  • Damar  zədələnmələrinə (məsələn, aortanın  təbəqələşən  anevrizması) şübhə yarandıqda.
  • Boşluqlu  və  parenximatoz  orqanların  bəzi  digər  “kəskin”  zədələnmələrinə (həm əsas  xəstəlik, həm də  müalicə  nəticəsində  yaranan  ağırlaşmalar) şübhə yarandıqda.
  • Planlı  diaqnostika məqsədilə kompüterli tomoqrafiya.

     KT  müayinələrinin  əksəriyyəti  planlı  surətdə, həkim tərəfindən, diaqnozun yekun təsdiqlənməsi  üçün  aparılır. Bir  qayda olaraq, kompüter tomoqrafiyasını  aparmazdan  əvvəl, daha  sadə  müayinələr – rentgen,  USM,  analizlər  və  s.  icra  edilir.

  • Müalicənin  nəticələrinə  nəzarət  etmək  üçün.
  • Müalicəvi  və  diaqnostik  manipulyasiyalar  üçün,  məsələn,  kompüter tomoqrafiyasının nəzarəti  altında  punksiyalar  və  s.

    Əməliyyat  zamanı  hibrid  əməliyyatxanalarında  kompüter  tomoqrafiyasının  köməyilə  əldə  edilən  preoperativ  təsvirlər  istifadə  olunur.

     Hər  hansı  bir  rentgen  müayinəsinin təyin  edilməsində olduğu  kimi,  KT  müayinəsi də təyin  edilərkən,  aşağıdakı  aspektləri  nəzərə  almaq  lazımdır:

  • alternativ (şüalanması  olmayan)  üsullardan  istifadəyə  üstünlüyün  verilməsi;
  • rentgenodiaqnostik müayinələrin  yalnız  klinik  göstərişlərə  əsasən  aparılması;
  • rentgenoloji  müayinələrin  ən  az  zərərli  metodlarının seçilməsi;
  • rentgen  müayinəsindən  imtina  olunması  riski,  onun  aparılması  zamanı  şüalanma riskini  aşkar  şəkildə  üstələməlidir.

     Müayinənin  məqsədyönlüyü,  həcmi  və  növü  üzrə  son  qərar,  həkim-mütəxəssis tərəfindən  qəbul  edilir.

     Kompüter  tomoqrafiyası  müayinəsinin  keçirilməsinə  bəzi  mütləq  və  nisbi  əks-göstərişlər:

     Kontrast maddəsiz:

  • hamiləlik;
  • bədən  çəkisi  aparat  üçün  həddən  artıq  böyükdür.

Kontrast maddə ilə:

  • kontrast  maddəyə  qarşı  allergiyanın olması;
  • böyrək  çatışmazlığı;
  • ağır  şəkərli  diabet;
  • hamiləlik (rentgen  şüalarının teratogen təsirləri)
  • xəstənin  ümumi  vəziyyətinin  ağır olması;
  • bədən  çəkisinin aparat  üçün  həddən  artıq  böyük  olması;
  • qalxanabənzər  vəzinin  xəstəlikləri;
  • mieloma  xəstəliyi.

     Kompüter  tomoqrafiyanın  keçirilməsi,  həmçinin  DNT-də  yaranan  zədələnmənin  tezliyini artırır. Kompüter  tomoqrafiyası  müayinəsi  apararkən  meydana  çıxan  şüalanma  dozasının, döş  qəfəsinin  birdəfəlik  rentgen  müayinəsi  ilə  müqayisədə  150  dəfə  yüksək  olması  aşkar edilmişdir.

Şəkil 1. Baş beynin sağ yarımkürəsinə hemorragik insultun  KT  görüntüsü. Kəskin mərhələ.

     Son  zamanlarda, addım  rejimi  ilə  standart  KT  ilə  yanaşı,  tibbi  praktikada  spirallı  KT geniş  istifadə edilməyə  başlanmışdır. Son  nəsil spiral tomoqraflarda qalınlığı  cəmi  0,1 mm-ə qədər  olan  kəsikəri  və  cəmi  bir  neçə  saniyə ərzində  başın  həcmli  təsvirini  əldə  etmək  mümkündür.  Bundan  əlavə,  angioqrafiya  aparmaq  mümkün  oldu.  Bütün  baş beynin  və  boynun  yüksək  keyfiyyətli  angioqramması  ilə  birgə  angioqrafik  müayinənin, həmçinin  perfuzion  KT-nin  keçirilməsi  mümkün  olmuşdur.

     Son  iki  üsul, işemik  insultun artıq  ilk  saatlarında  beynin  zədələnmiş nahiyələri  haqqında  məlumat  əldə  etməyə  və  xəstələrin  müalicə  taktikasında  endovaskulyar trombolitik  terapiya  və  ya  konservativ  müalicəni  seçməyə  imkan  verir.

     Şəkil 2. Sol tərəfdə  böyük araxnoidal sistin  KT  təsviri.

     KT-mielosisternoqrafiya.  KT  və  mieloqrafiyanı  özündə  birləşdirən  müayinə  metodudur. Təsvirlərin  əldə  edilməsinin  invaziv  metodlarına  aiddir,  çünki  subaraxnoidal  sahəyə kontrast  maddənin  yeridilməsini  tələb  edir. Mieloqrafiyadan  fərqli  olaraq, daha  az (adətən 2  dəfə  az) miqdarda  kontrast  maddənin  sərf  edilməsinə  ehtiyac  duyulur. Bu  metoddan stasionar  şəraitdə,  baş  və  onurğa  beyinlərinin  likvor  yollarının  keçiriciliyinin  müəyyən edilməsi, okklüziya  proseslərində  və  nazal  likvoreyanın  müxtəlif  növlərində (baş  beynin qişaaltı  məkanlarının  tamlığının  pozulması  yerinin  müəyyənləşdirilməsi  məqsədilə), kəllədaxili  lokalizasiyalı  kistoz  proseslərin  diaqnostikasında  istifadə  olunur.

     KT angioqrafiyası.  KT angiografiyası, qan  damarlarının  təbəqəli  şəkilləri  seriyasını  əldə etməyə  imkan  verir;  3D-rekonstruksiya  ilə  kompüterdən  sonrakı  emal  vasitəsilə  alınan məlumatlar  əsasında, qan  damarları  sisteminin 3-ölçülü  modeli qurulur.

     Spiral  KT angioqrafiyası.  Rentgen  kompüter tomoqrafiyasının son  nailiyyətlərindən  biridir. Müayinə  ambulator  şəraitdə  aparılır. Dirsək  venasına  təqribən  100 ml  həcmində  yod tərkibli  kontrast  maddə  yeridilir. Kontrast  maddənin  yeridilmə  müddətində  tədqiq  olunan nahiyənin  skanasiyası  seriyası  icra olunur.

     KT perfuziyası.  Orqanizmin toxumalarından qan axınını  qiymətləndirməyə  imkan  verən  bir  metod olub,  o  cümlədən  baş beynindən  və  qaraciyərdən  keçən  qanın  miqdarına  nəzarət etməyə  imkan  verir.

 

Nevrozlar haqqında digər məqaləmiz:

https://nevropatologiya.az/2021/08/16/nevrozlar/

“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi). Məqalə ilk dəfə 2019-cu ildə medsite.az tibbi internet saytında dərc olunmuşdur.

                    Müəllif: Fərhad  Əhmədov.  Həkim – nevropatoloq